Sərbəst iş №1 Mövzu: Kulturologiya bir elm kimi Fakültə



Yüklə 31,25 Kb.
tarix31.03.2023
ölçüsü31,25 Kb.
#91808
Kult 1


Azərbaycan Hava Yolları”
Qapalı Səhmdar Cəmiyyəti
Milli Aviasiya Akademiyası

Sərbəst iş № 1

Mövzu: Kulturologiya bir elm kimi
Fakültə: Hava nəqliyyatı
Ixtisas: Aerokosmik mühəndislik
Qrup: 2132a
Tələbə: Mustafayev Nicat
Müəllim: Baş müəllim Südabə Mehdiyeva


Bakı-2023

Kulturologiya elmi və onun tarixi kökləri
Kulturologiya - ümumbəşəri və milli mədəni proseslərin obyektiv qanunauyğunluqlarını, insanların maddi və mənəvi həyatının mühüm hadisələrini özündə ehtiva edir. Bu elm insanların maddi maraq və tələbatlarının yaranıb formalaşdığı ilkin şərtləri və amilləri öyrənir, mədəni dəyərlərin artırılması və gələcək nəsillərə ötürülməsini həyata keçirir. Bu elmi zamanın özü yaratmışdır. Bir çox dünyəvi elmləri, o cümlədən, tarix, fəlsəfə, sosiologiya, etnoqrafiya, arxeologiya, etika, estetika və s. özündə birləşdirən kulturologiya təbii ki, bu elmləri zaman-zaman öz süzgəcindən keçirmiş, müxtəlif dövrlərdə onlardan lazımınca faydalanmışdır. Kulturologiya özündə çox mühüm olan həyat layihələrini açıqlayan, eyni zamanda mədəni cəmiyyətin əsas komponentlərini özündə əks etdirən və insanşünaslığa xidmət edən nəhəng bir elm sahəsidir.
Bu gün dünyada kulturologiya elmi haqqında fikirlər mübahisəlidir. İstər Şərqdə, istərsə də Qərbdə müxtəlif alim və tədqiqatçılar arasında bu elm haqqında yekdil bir fikir və ideya mövcud olmasa da, mübahisəli-müqayisəli nəzəriyyələr və kulturoloji baxışlar bu elmi daha dərindən, hərtərəfli anlamağa imkan yaradır. Üst Paleolit dövründən - yəni “Homo Sapiyens”in (“Ağıllı insan”ın) meydana gəlməsindən başlayaraq ta bu günə qədər insanlar böyük bir kulturoloji mənəvi-əxlaqi dəyərlər məcmusu yaratmış və bu toplum mənəvi irs şəklində nəsildən-nəslə ötürülərək kulturologiya tarixini daha da zənginləşdirmişdir.
Şifahi ənənədən gələn qədim türk mif, əfsanə, rəvayət və nağılları, dastanları, mövsüm və mərasim nəğmələri Oğuznamələr,”Kitabi-Dədə Qorqud”, “ Manas”, “Bilqamıs”, “Altunyarıq”, “Maday Kara” sırasından olan bahadırlıq dastanları; habelə yazılı təcrübənin “Divani lüğatit-turk” (Mahmud Qaşğarlı), “Qutadğu bilik” (Balasaqunlu Yusif Has Xacib),” Ətabətul-həqayir” (Əhməd Yuğnəki),”Divani-Hikmət (Əhməd Yəsəvi) və s. kimi örnəkləri kulturologiya elminin zəngin ənənəyə və tarixi bir kökə malik olmasını bir daha təsdiqləyir.
Filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadə yazır: ”Ən qiymətli milli sərvət olan istedadla yaradılmış sənət əsəri yalnız bir millətə yox, bütün millətlərə məxsusdur. Homer, Firdovsi, Nizami, Şekspir, Bethoven, Bax, Ü.Hacıbəyov, Mikelancelo hər biri öz millətlərinin və bəşəriyyətindir”.
Tanınmış kulturoloq-alim Kamal Abdulla “Mifdən yazıya və yaxud Gizli Dədə Qorqud” əsərində mifoloji aləmdən - mədəni dünyaya və oradan da mədəniyyətə doğru tarixi bir inkişafı maraqlı faktlarla kulturoloji aspektdən təhlil edərək yazır: «Mifoloji dünyadan mədəni dünyaya - yazı mədəniyyətinin çiçəkləndiyi zamana keçid qədim dünya insanı üçün təbii inkişaf idi - sadədən mürəkkəbə, yekrənglikdən çoxrəngliliyə, psixoloji yüklənmələrə doğru gedən bir inkişaf! Amma bu keçid prosesini bir nöqtə kimi almaq da doğru deyil. Mif qurtardı, avtomatik şəkildə Mədəniyyət başladı... Mif və yazı arasındakı münasibətlər təkcə şifahi və yazılı başlanğıclar arasındakı münasibətlər deyil. Bu münasibətlər insan ağzı ilə insan beyni arasındakı münasibətlərdir. Deyim və düşüncə, seyrçilik və analiz, kortəbii inam və təcrübədən gələn şübhə arasındakı münasibətlər idi”.
Müxtəlif tipli qəbir abidələri : daş qutu qəbirlər, torpaq qəbirlər, kurqanlar, küp qəbirlər, taxta qutu, katakomba və onlardan əldə edilmiş materiallar məhz bizə qədim insanların adət - ənənələri, dünyagörüşləri, dini inancları və s. haqqında geniş kulturoloji məlumatlar verir. Doğru deyiblər ki,”keçmişini bilməyən, bu gününü başa düşməz”.
Maraqlıdır ki, qədim Daş dövründə meydana gəlmiş ənənəvi xüsusiyyətlər bütün sonrakı dövrlərdə də bu və ya digər formada özünü büruzə vermişdir. Bu da ondan irəli gəlir ki, insan heç zaman öz yaratdığını unutmamış, onu yaşatmaq və gələcək nəsillərə çatdırmaq üçün layiqli varislər yetişdirmişdir. Mənəvi sərvətlərin qorunmasında varislik prinsipi böyük rol oynamışdır. Xalqımızın möhtəşəm kulturoloji abidələrindən sayılan Qobustan qayaları üzərindəki təsvirlərin çoxu, eramızdan əvvəlki dövrlərə aiddir. Bu abidə üzərində qədim tariximizi əks etdirən və yaşadan çoxlu sayda şəkillər və kulturoloji təsvirlər vardır.
Kulturologiya tarixi müxtəlif cəmiyyətlərdə və ictimai-iqtisadi formasiyalarda mədəni həyatı öyrənir, əsas mədəni-tarixi tiplərin nailiyyətlərini və xüsusiyyətlərini aydınlaşdırmağa səy edir. Kulturoloqların mühüm vəzifəsi isə ən uzaq keçmişdə yaşamış insanların mədəni həyatını və qloballaşan müasir dövrün sosial-mədəni tendensiya və proseslərini düzgün və hərtərəfli təhlil etməkdir. Qeyd edək ki, kulturologiyanın obyektləri canlı insanlar, mədəniyyətin yaradıcı və daşıyıcıları, həmçinin mədəni hadisələr, proseslər və müəssisələrdir.
Kulturologiya - mədəniyyəti, sivilizasiyanı, onun tarixini, insanla mədəniyyətin qarşılıqlı əlaqəsini və qarşılıqlı təsirini öyrənir, insanın həyatda öz yerini tapmasında səmərəli rol oynayır. Kulturologiya bir tərəfdən mədəniyyəti, mədəniyyət tarixini, insanla mədəniyyətin qarşılıqlı əlaqəsini, digər tərəfdən isə insanın ona təsirini və əks-təsirini öyrənir.
Kulturologiya dünyaya, sosial reallığa, mədəni-mənəvi aləmə, insanın oradakı yeri və roluna bir küll halında baxır. Bu elm eyni zamanda universal dəyərləri, keçmişin mənəvi irsini, cəmiyyətin mövcud bədii-mənəvi komponentlərini real gerçəklik baxımından təhlil edir. Kulturologiya dünyada gedən qlobal prosesləri, həm də xalqımızın mənəvi-əxlaqi dəyərlərinin qorunub saxlanılmasını, inkişaf etdirilməsini və gələcək nəsillərə çatdırılmasını öz qarşısına bir məqsəd və vəzifə kimi qoyur. Kulturologiya həm də müxtəlif sivilizasiyaların biri-birinə münasibətini, insan faktorunun təbiətə, istehsala, ətraf mühitə və s. amillərlə qarşılıqlı əlaqəsini araşdırır və onun inkişaf meyillərini öyrənir.
Kulturologiya insanın ictimai şüuru və yaradıcılığı əsasında formalaşan bir anlam olsa da o, həm də hər bir yaradıcı fərdin meydana gətirdiyi yenilikləri, oxşar yaradıcılıqların daima təkrarlanan mənəvi mühitidir. Bu mühit həm yaradıcılığa, həm də milli mentalitetin inkişafına təsir edən müxtəlif amillərlə zəngindir. Məhz bu zənginliklər isə bu gün cəmiyyətdə mübahisə doğuran “mədəniyyətşünaslıq” və ya “kulturologiya” kimi anlamların yaranmasına, onların ictimai şüurda möhkəm yer tutmasına zəmin yaradır.

Yüklə 31,25 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin