Azərbaycan Dövlət İqtisad Universiteti
Sərbəst İş: №8
Fakultə: İnformatika və idarəetmə
İxtisas: Menecment
Qrup: 526
Tələbə: Kərimov Mahir
İşçilərin əmək fəliyyətinin stimullaşdırılması
Əmək fəaliyyətinin stimullaşdırılması anlayışını geniş və dar mənada başa düşmək olar. Sözün geniş mənasında əmək sferasında işçilərin davranışına nəticə etibarilə təsir edən bütün daxili və xarici amilləri stimullaşdırmanın toplusu hesab etmək olar. Lakin bununla yanaşı başqa amillərdən fərqli olaraq stimul birbaşa deyil, vasitəçilik qaydasında işçilərin fəaliyyətinə təsir göstərir. Stimullaşdırma prosesi öz sferasında tələbat, mənafe, motivləşdirmə və sair məsələləri daxil edir. Bununla belə stimullaşdırma yuxarıda göstərilənlərin və digər xarici şəraitin və işçinin daxili strukturunun (bir şəxsiyyət kimi) ona təsir edən amillərin qarşılıqlı təsiri zəruriyyətindən meydana çıxır; stimullaşdırmadan ona görə də əmək fəaliyyətinin idarə olunması üçün mühüm bir vasitə kimi istifadə olunur.
Çünki əmək situasiyasının vəziyyəti onun çoxcəhətliliyi işçinin fəaliyyətini bu və ya digər qaydada və istiqamətdə stimullaşdırmağı tələb edir. Çünki, əməyin ödənilməsinin müxtəlif sistemlərindən tutmuş əməyin məzmununa qədər ayrı-ayrı stimullaşdırıcı amillər işçilərin əmək fəaliyyətinin artırılmasına eyni dərəcədə təsir göstərmirlər; yalnız işçiyə, şəxsiyyətə daha əhəmiyyətli olan, necə deyərlər, bugünkü gün üçün daha əhəmiyyətli olan amil, onun üçün sövqedici bir vasitəçiyə çevrilir və beləliklə də bu, işçidə müəyyən maraq doğurur, həm də fəaliyyət motivlərini formalaşdırır. Burada obyektiv və subyektiv amillər işçinin timsalında özünün dialektik vəhdətini təmin etmiş olur. Lakin bu vəhdətlik bəzilərinin fikirləşdiyi kimi eklektik qaydada deyil, üzvi vəhdətlik halında təşəkkül tapır. Üzvi vəhdətlik indiki halda o deməkdir ki, əmək fəaliyyəti ilə bağlı olan bu proseslər, ünsürlər qarşılıqlı olaraq bir-birinə nüfuz edir, hətta biz deyərdik ki, bir-birinin mahiyyətinə daxil olur. Burada ən çətin məsələ həmin keçid prosesini, mərhələsini, hüdudunu müəyyən etməkdir. Bu proses stimul üçün ideal əşyavi fenomen yaradır və eyni zamanda bir sosial xassə kimi çıxış edir. Stimullaşdırmanın zəruriyyəti insan fəaliyyətinin öz məzmunundan, obyektiv reallığın mövcudluğundan və istehsal proseslərinin səmərəli təşkilində insan amilinin rolunun artırılması zəruriyyətindən irəli gəlir. Ona görə də insandan kənar mənafe olmadığı kimi stimul da yoxdur. Stimul mənafelərin dərk edilməsinin mürəkkəb amilləri ilə bağlıdır. Ona görə də mənafelərin dərk edilməməsi məsələləri kortəbii, idarəolunan və olunmayan istiqamətdə təzahür edə bilər, ona görə də hər hansı bir işçi və əmək kollektivi, bəzən özləri üçün stimullaşdırıcı vasitələri düzgün seçməyə də bilər, həm də burada qeyri-düzgünlük yalnız ictimai mənafelərlə ziddiyyət təşkil etməsi mənasında deyil, özlərinin mənafeləri baxımından da ola bilər, çünki əmək fəaliyyətində konkret mənafe və stimulların subyektiv-psixoloji fenomeni də meydana çıxa bilər. Demək, heç də stimullaşdırmanın psixoloji aspekti rolunu inkar etmək də olmaz. Sosial idarəetmə birinci növbədə insanların idarə edilməsi olduğuna görə stimullaşdırma sosial proseslərin tənzimlənməsinin, idarə olunmasının universal prinsipi və atributudur. Digər tərəfdən isə stimul və motivdən fərqli olaraq stimullaşdırma idarəetmə subyektinin fəaliyyət növlərindən biridir, həm də idarəetmə vasitəsidir.
Stimullaşdırma, onun bilavasitə bağlı olduğu əməyin kəmiyyət və keyfiyyət tərəfi, onların qarşılıqlı halda ölçülməsi və qiymətləndirilməsi sosioloji tədqiqatların ən mühüm obyektidir. Burada maddi tələbat, maddi maraq, ailələrin ümumi gəlirində əmək, haqqının xüsusi çəkisi, real əmək haqqının dinamikası mühüm əhəmiyyətə malikdir.
Stimullaşdırma vasitələrinin optimal variantlarının seçilməsində həm kollektiv rəhbəri və həm də işçilər maraqlı olmalıdır. Kollektiv rəhbərliyin stimullaşdırma vasitələri bir mühüm iqtisadi metod kimi istifadə olunur, ayrı-ayrı işçilər üçün isə bu stimul onların müəyyən tələbatlarının reallaşmasına xidmət edir. Ona görə stimullaşmanın təşkili məsələlərinə ciddi fikir vermək tələb olunur. Elə etmək lazımdır ki, bu işçilərin əməyinin son uğurlu nəticələri üçün işçilərin marağının güclənməsinə xidmət edə bilsin. Bu baxımdan stimullaşdırma işçinin əmək fəaliyyəti və davranışının tənzimlənməsi sistemində mühüm yer tutmalıdır.
Stimullaşdırma çoxcəhətli bir prosesdir və ona görə də əmək, istehsal fəaliyyətinin bütün istiqamətləri ilə bu və ya digər formada ( birbaşa və dolayı ) əlaqədar olur. Bu baxımdan stimullaşdırma həm də müəyyən funksiyaları icra edir: onun təbiətində, məzmununda müəyyən funksiyaları vardır: a) iqtisadi funksiya, b) sosial funksiya, c)sosial-psixoloji funksiya.
Qeyd etmək lazımdır ki, bu funksiyalar istər özlərinin bir-birinə münasibətləri baxımından, istərsə də işçilərə, əmək kollektivlərinə təsiri cəhətdən müstəqil əhəmiyyətə malikdirlər. Bununla belə bu funksiyalar real həyatda bir-biri ilə üzvi şəkildə bağlıdırlar. İqtisadi funksiya istehsalın səmərəsinin artmasına, əmək məhsuldarlığının yüksəldilməsinə xidmət edir və müəssisə daxili təsərrüfatçılığının iqtisadi mexanizmi ilə bilavasitə əlaqədardır. Sosial funksiya işçinin kollektivdəki sosial-iqtisadi vəziyyəti, onun əmək bölgüsü sistemində tutduğu mövqe və bundan asılı olaraq onların fəaliyyətinə kompleks sosial tədbirlər və vasitələr qaydasında təsir göstərmək, tələbatlarını ödəmək, qabiliyyətlərini inkişaf etdirməklə bağlıdır. Sosial-psixoloji funksiya stimullaşdırma sisteminin işçilərin daxili aləminin formalaşması ( tələbat, dəyərlər, meyillər, motivlər ), onun sayəsində işçidə əməyə münasibətin bu və ya digər münasibətlər tipinin formalaşdırılmasıdır. Sosial-psixoloji funksiya mənəvi, tərbiyəvi funksiya ilə üzvi şəkildə bağlıdır.
Dostları ilə paylaş: |