Azərbaycan və İslam



Yüklə 23,36 Kb.
tarix02.01.2022
ölçüsü23,36 Kb.
#38830
AZƏRBAYCAN VƏ İSLAM


AZƏRBAYCAN VƏ İSLAM

Azərbaycanın tarixi inkişafının xüsusiyyətləri, coğrafi mövqeyi, əhalisinin etnik tərkibi burada müxtəlif dinlərin mövcudluğuna şərait yaratmışdır. Ayrı-ayrı dövrlərdə bütpərəstlik, zərdüştlük, iudaizm, xristianlıq, İslam və bir çox başqa dini cərəyanlar ölkədə bu və ya digər dərəcədə yayıla bilmiş, bir-birinə qarşılıqlı təsir göstərmişdir.

Azərbaycan İslam dininə, İslam mədəniyyətinə mənsub bir ölkədir. İslam Azərbaycanda VII əsrin ikinci yarısından etibarən dərin kök salmış, insanların davranışına, düşüncəsinə, mənəviyyat və mədəniyyətinə müəyyənedici təsir göstərmişdir. Bu təsir o qədər güclü olmuşdur ki, onilliklər boyu xalqı öz milli-mədəni köklərindən ayırmaq cəhdləri heç bir nəticə verməmiş, dövlət müstəqilliyini qazanmış ölkə yenidən İslama, bu dinin mənəvi-mədəni ənənələrinə üz tutmuşdur.

VII əsrin əvvəllərində Ərəbistan yarımadasında meydana çıxan İslam tezliklə dünyanın böyük bir hissəsində yayıldı. Azərbaycanın İslamlaşması da erkən İslam fütuhatı ilə hicrətin 18-ci ilindən başlanır. Ərəblərə məğlub olan Azərbaycanın mərzbanı İsfəndiyar ibn Fərruxzad həmin il sülh müqaviləsini bağladı. Ərdəbil, Təbriz, Naxçıvan, Beyləqan, Bərdə, Şirvan, Muğan, Arran fəth edilir, ərəblər Xəzər sahili boyu Dərbəndə kimi gəlirlər. Ərəbləri şəhərin istehkamları heyran edir və onlar Dərbəndi "Bab əl-Əbvab" adlandırırlar. Tarixçi Bəlazurinin məlumatına görə, artıq xəlifə Əli ibn Əbu Talibin hakimiyyəti dövründə Azərbaycan əhalisinin əksəriyyəti İslamı qəbul etmişdi. Şimalda bu proses bir qədər uzun çəkmişdir. Ərəblər fəth etdikləri ərazilərdə əhali üzərinə vergi qoyur, sülh müqaviləsi bağlayıb yürüşlərini davam etdirir, sonra yenə geri qayıdırdılar. Yerli əhali vergiləri verməkdən imtina etdikləri halda hücumlar başlanırdı.

İslam fütuhatı çox yerdə sülh yolu ilə, bəzi yerlərdə isə silah gücünə (ənvətən) həyata keçirilirdi. Fəth edilmiş ərazilərdə bütpərəst əhaliyə İslamı qəbul etmək təklif olunurdu, qəbul edənlər zəkat və xərac ödəyir və "evlərində otururdular", yəni müsəlmanların sırasında döyüşlərdə iştirak etmirdilər. Döyüşlərdə iştirak edənlərə hərbi qənimətlərdən pay düşürdü. İslamı qəbul etməyən yəhudi və xristianlar cizyə ödəyir və müsəlmanların himayəsi altında olurdular. İslamı qəbul etməkdən imtina edən bütpərəstlər və ya cizyə ödəmək istəməyən kitab əhli müsəlmanlarla döyüşməli olurdular. Sərhəd məntəqələrində ancaq müsəlmanlar yaşayırdılar. Bu məntəqələri möhkəmlətmək üçün Xilafətin müxtəlif vilayətlərindən gələn müsəlmanlar burada yerləşdirilir, İslamı qəbul etməyən yerli əhali isə bir qədər kənara - "rabat" adlanan yerlərə köçürülürdü. Bu dövrdə ərəb sərkərdələrinin bağladıqları sülh müqavilələrində əhalinin canı, malı və dininin toxunulmazlığı əsas şərt kimi göstərilirdi.

Azərbaycanda İslamlaşmanın birinci mərhələsi VII əsrin ortalarından VIII əsrin əvvəllərinə qədər davam edən İslam fütuhatı dövrünü əhatə edir. Bu mərhələ 705-ci ildə Alban dövlətinin süqutu və alban kilsəsinin öz müstəqilliyini itirməsi ilə bitir. Akademik Z. Bünyadovun göstərdiyi kimi, bu mərhələnin sonunda İslam Azərbaycanda hakim din olur, onu öz imtiyazlarını qorumaq üçün ilk növbədə və qeyd-şərtsiz yuxarı silk adamları qəbul edirlər. Yeni din tacir və sənətkarlar arasında da yayılır, çünki ərəblər tərəfindən onlara güzəştlər olunurdu. Bu mərhələdə məscidlər tikilmir, qədim məbədlər və İslamlaşma nəticəsində istifadəsiz qalmış kilsələr məscidlərə çevrilir, tayfa şüurunun üstünlüyü qorunub saxlanılırdı.

İkinci mərhələ VIII əsrin əvvəllərindən Qərbi İranda və İraqda Büveyhilərin hakimiyyətinəqədərki dövrü əhatə edir. Azərbaycan ərazisində müstəqil Şirvanşah Məzyədilər və Sacilər dövləti yaranır. Bütpərəstlik, zərdüştilik əhəmiyyətini itirir, iudaizm mövcudluğunu qoruyub saxlayır, Alban kilsəsi müstəqilliyini bərpa edir, lakin nüfuz dairəsi zəiflədiyindən ardıcılları erməniləşir, ayinlər erməni dilində aparılırdı. Bu dövrdə İslama mənsubluq şüuru güclənir, amma etnik köklərlə bağlılıq da qalır. Abbasilər hakimiyyətinin ilk dövründən başlanan şüubilik hərəkatı, Babək hərəkatı buna ən parlaq misaldır. Sərhəd məntəqələrində İslam təsəvvüfü təşəkkül tapır.

Üçüncü mərhələ Büveyhilərin hakimiyyəti dövrünü əhatə edir. Bu dövrdə Azərbaycanda mötədil şiəlik yayılmağa başlayır və Dərbəndə qədər gedib çıxır. Sünni hənəfi və şiə imami məzhəbləri aparıcı məzhəblər olurlar. Sufilik də özünə xeyli ardıcıllar tapır. Bu dövrün ən gözəl sufi abidələrindən biri Şirvandakı Pirsaat çayı üzərindəki xanəgahdır.

Dördüncü mərhələ Səlcuqilər dövrü ilə bağlıdır. Bu mərhələdə sünnilik bölgədə güclənir, şiəliyin mövqeləri zəifləyir. Şafii məzhəbi aparıcı məzhəb olur. Sufi təriqətləri geniş yayılır. Azərbaycan Atabəyləri və Şirvanşahlar İslamı xristianların təzyiqindən qoruya bilirlər.

Beşinci mərhələ monqol istilaları dövrünü əhatə edir. Bu dövrdə sufilik geniş yayılır. Hürufilik güclənir. Onun banisi Fəzlullah Nəimi idi. Əbülhəsən Əliyyül-Əla və şair Nəsimi hürufiliyin ən nüfuzlu nümayəndələri kimi şöhrət tapmışlar. Bu dövrdə sufi xəlvətiyyə təriqətinin ikinci piri Seyyid Yəhya Şirvani Bakuvi Xəlvəti çox məşhur olmuşdur. Ağqoyunlu hökmdarı Uzun Həsənin qardaşlarından biri xəlvətiyyə şeyxi Dədə Ömər Rövşəninin ardıcıllarından idi. İbrahim bin Məhəmməd Gülşəni XV əsrin 2-ci yarısında xəlvətiyyənin bir qolu kimi gülşəniyyə təriqətinin əsasını qoyur. Sonralar bir çox sufi təriqətləri, o cümlədən nəqşbəndiyyə Azərbaycana və Azərbaycan vasitəsilə Şimali Qafqaza nüfuz etmişdir.

Altıncı mərhələ Səfəvilərin və XVI əsrdən etibarən Osmanlıların hakimiyyəti dövrü ilə bağlıdır. Səfəvilər şiəliyi təbliğ edir və başlarına 12 şiə imamının şərəfinə 12 qırmızı zolağı olan əmmamə bağlayırdılar. Buna görə də onlar "qızılbaşlar" adlanırdılar. Çaldıranda Səfəvilərə qalib gələn Osmanlılar Azərbaycanda sünni hənəfi məzhəbini yayırdılar.

Azərbaycanın Rusiya imperiyasına ilhaq edilməsindən sonrakı dövr də ölkənin İslamlaşmasının yeni mərhələsi sayılır. Bu mərhələnin ən səciyyəvi xüsusiyyəti hökumətin müsəlman din xadimlərini ələ almaq və özünə tabe etmək məqsədilə xristianlıqdakı kilsə strukturuna bənzər İslam dini qurumu yaratmaq siyasəti ilə bağlıdır. Rus çarının 1832-ci il noyabrın 29-da Senata göndərdiyi məktubda Zaqafqaziya müsəlmanlarının dini işlər idarəsi barədə əsasnamə hazırlanması təklif olunurdu. Lakin hazırlanmış layihələrin heç biri bəyənilmədi. 1864-cü ildə həmin işi davam etdirmək üçün yeni komissiya yaradıldı, yerli şiə və sünni məzhəblərinin nümayəndələri də komissiyanın tərkibinə qatıldılar. Hazırlanan təlimatlar müsəlman ruhanilərinin vəzifələrini, hüquq və imtiyazlarını, dünyəvi hakimiyyətlə münasibətlərini tənzim edirdi. 1867-ci ilə qədər hökumətdən yalnız şeyxülislam və müfti maaş aldığı halda, həmin ildən etibarən digər yüksək rütbəli müsəlman ruhaniləri də maaş almağa başladılar. "Zaqafqaziya şiə və sünni məhəmmədi ruhanilər idarəsi haqqında Əsasnamə" Dövlət şurasının təqdimatı ilə Rusiya çarı tərəfindən 1872-ci il aprelin 5-də təsdiq edildi.

Azərbaycan Xalq Cümhuriyyəti yaranana qədər Cənubi Qafqaz müsəlmanlarının dini işləri bu iki idarə tərəfindən tənzim edilirdi. Bu dövrdə İslamı müasirləşdirmək meyilləri güclənir.

1920-ci ildə Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra şeyxülislamlıq təsisatı ləğv edilir, müsəlman din xadimləri təqiblərə məruz qalır, məscidlərin əksəriyyəti bağlanır. 1943-cü ildə faşizmə qarşı mübarizədə dinin imkanlarından istifadə məqsədilə Zaqafqaziya müsəlmanlarının dini qurumunun yaradılması məqsədəuyğun hesab edilir. Zaqafqaziya müsəlmanlarının I qurultayı 1944-cü il mayın 25-28-də Bakıda keçirilir. Bundan əlavə, 1944-cü ildən etibarən Cənubi Qafqazda müsəlmanların dini təşkilatlanmasındakı dualizm aradan qalxır. Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsi vahid mərkəz olur və şeyxülislam tərəfindən idarə olunur, müfti İdarə sədrinin müavini sayılır və sünniməzhəb müsəlmanların dini işlərini tənzim edir.

SSRİ dağıldıqdan sonra sovet məkanında mövcud olan bütün müsəlman dini təşkilatları böhrana məruz qaldığı, parçalandığı halda, Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsi öz fəaliyyət dairəsini daha da genişləndirmişdir. 1998-ci ildə Bakıda Qafqaz müsəlmanlarının 10-cu qurultayı keçirilmişdir. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Gürcüstanda və Dağıstanda da nümayəndəlikləri açılmışdır.

QMİ beynəlxalq İslam təşkilatları ilə əlaqəsini ardıcıl şəkildə təmin edir, qonşu müsəlman ölkələri ilə dini zəmində sıx əlaqələr yaradır. Bu gün QMİ öz səlahiyyətləri çərçivəsində Azərbaycanda İslam dini icmalarına rəhbərlik edir, şəriət qayda-qanunlarının düzgün yerinə yetirilməsinə nəzarət edir. 1991-ci ildə yaradılmış Bakı İslam Universiteti ruhani kadrların yetişdirilməsi sahəsində xeyli iş görür. Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsində də 1992-ci ildən ilahiyyatçı və İslamşünas mütəxəssislər hazırlanır.

Azərbaycan əhalisinin təxminən 96 faizini müsəlmanlar, 4 faizini xristianlar, yəhudilər, bəhailər, krişnalar və digər dinlərin mənsubları təşkil edirlər. Ölkə müsəlmanlarının təxminən 60-65 faizi şiə, 35-40 faizi sünni məzhəb müsəlmanlardan ibarətdir. Xristianlığın, demək olar ki, bütün cərəyanları ölkəmizdə təmsil olunmuşdur. Belə ki, Azərbaycanda pravoslav, katolik, lüteran və protestant təriqətlərin, eləcə də tarixi Alban kilsəsinin mənsubları olan xristianlar yaşayır.

Azərbaycan Respublikasında din dövlətdən ayrıdır. Bütün dini etiqadlar qanun qarşısında bərabərdir.

Hazırda ölkədə 749 dini qurum qeydiyyatdan keçmişdir. Konfessional baxımdan onların 721-i İslam, 28-i isə qeyri- İslam təmayüllüdür.

Azərbaycanda həmçinin 13 kilsə, 7 sinaqoq fəaliyyət göstərir.

2017-ci ildə dini təhsil müəssisələrinin (kollec) dövlət qeydiyyatına alınması prosesi başlayandan 10 dini təhsil müəssisəsi dövlət qeydiyyatına alınıb.

Ölkə ərazisində 748 pir və ziyarətgah fəaliyyət göstərir, onlardan 25-i Bakı-Abşeron bölgəsinin payına düşür.



Ölkə ərazisində Əshabi-Kəhf ziyarətgahı, Qafqazın ən qədim məscidi - 743-cü ildə əsası qoyulmuş Şamaxı Cümə məscidi, Bibiheybət məscid-ziyarətgah kompleksi, Gəncə “İmamzadə” kompleksi və digər çoxsaylı abidələr Azərbaycanın İslam dini-mədəni dəyərlər sisteminə əhəmiyyətli töhfəsi kimi qiymətləndirilə bilər.

Müstəqillik dövründə İslam aləmi ilə münasibətlərin qurulması və inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən birini təşkil etmişdir. Azərbaycanın ilk diplomatik missiyaları məhz müsəlman ölkələrində fəaliyyətə başlamış, dövlətimiz qısa zamanda İslam Əməkdaşlıq Təşkilatı  və ISESCO kimi müsəlman dünyasını birləşdirən qurumların fəal üzvünə çevrilmişdir.
Yüklə 23,36 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin