AZƏRBAYCAN DÖVLƏT PEDAQOJİ UNİVERSİTETİ
CƏLİLABAD FİLİALI
SƏRBƏST İŞ
FAKÜLTƏ: Pedaqoji
İXTİSAS: Azərbaycan dili və ədəbiyyat müəllimliyi
KURS: I (1-ci kurs)
QRUP:
TƏLƏBƏ:
FƏNN: Müasir Azərbaycan dili (fonetika)
MÜƏLLİM: Rövşən Qurbanov
MÖVZU: Vurğunun dilimizdəki mövqeyi (Z.Yaqubun şeirlərindən nümunələr göstərməklə)
VURĞUNUN DİLİMİZDƏKİ MÖVQEYİ (Z.YAQUBUN ŞEİRLƏRİNDƏN NÜMUNƏLƏR GÖSTƏRMƏKLƏ)
Azərbaycan dilində vurğunun üç növü var:
1. Heca vurğusu;
2. Məntiqi vurğu;
3. Həyəcanlı vurğu.
Heca vurğusu
Sözdə hecalardan birinin qalanlarına nisbətən daha qüvvətli tələffüz edilməsi vurğu adlanır. Üzərinə vurğu düşən heca isə vurğulu heca adlanır. Sözdə vurğunun yerini müəyyən etmək üçün sözü hecalara ayırmadan vurğunu əvvəl birinci, sonra ikinci, daha sonra isə üçüncü hecanın üzərində demək lazımdır.
Azərbaycan dili iltisaqi dil olduğu üçün şəkilçilər sözün son hecasına artırılır və söz şəkilçi qəbul edərkən vurğu şəkilçinin üzərinə keçir. Bunun üçün də Azərbaycan dilinin vurğusu keçici sabit vurğu hesab olunur:
Dilimizdə bir sıra şəkilçilər vardır ki, onlar sözə qoşularkən vurğu qəbul etmir. Bu şəkilçilərin bir qismi omonim şəkilçilərdir. Sözdə vurğu qəbul etməyən şəkilçi varsa, vurğu ondan əvvəlki hecanın üzərinə düşür: tələbə́sən – tələbə́siniz və s.
..Gilqamışda’n, Alpamışda’n, Manasda’n
Geri’ qalma’z dasta’n olsu’n bu’ dasta’n.
Qurta’r bizi’ bu’ həsrətdə’n, bu’ yasda’n,
Dəni’z ki’mi dalğala’n tü’rk, çalxa’n tü’rk.
Döyüşə’n tü’rk, oyana’n tü’rk, qalxa’n tü’rk!
(Z.Yaqub “Döyüşən türk, oyanan türk, qalxan türk!” şeirindən)
Z.Yaqubun şeirlərindən bir parçanı heca vurğusuna əsasən yuxarıda təhlil etdik. Təhlil zamanı da müşahidə edirik ki, Azərbaycan dilində vurğu sözlərin əsasən sonuncu hecasına düşür.
Məntiqi vurğu.
Cümlədə xüsusi məna çalarlığını ifadə etmək məqsədilə cümlə daxilində sözlərdən birinin digərinə nisbətən qüvvətli tələffüzünə məntiqi vurğu deyilir. Məntiqi vurğunun məqsədi sözün, ifadənin mənasını xüsusiləşdirmək, onu xüsusi nəzərə çarpıdmaqdır: Bacım dünən bizə gəldi. – Bacım bizə dünən gəldi.
Məntiqi vuğulu söz cümlənin müxtəlif yerlərində işlənə bilər, ancaq çox vaxt məntiqi vuğulu söz xəbərdən əvvəl işlənir.
Demək halalına haramlıq qatıb,
Tutduğu zirvədən enirsə şair.
Demək ortalıqda şeytan işi var,
Kor qalan ocaqtək sönürsə şair.
(Z.Yaqub “Şair” şeirindən)
Yollara baxmaqdan gözüm yoruldu,
Səni çağırmaqdan sözüm yoruldu.
İradə yoruldu, dözüm yoruldu,
Ey mənim inadım, sən yorulmadın.
(Z.Yaqub “Sən yorulmadın” şeirindən)
Z.Yaqubun şeirlərindən göstərdiyimiz bu nümunələri yuxarıda məntiqi vurğu cəhətdən təhlil etdik. Birinci şeir parçasında haramlıq, enirsə, şeytan, ocaqtək sözləri, ikinci şeir parçasında isə gözüm, sözüm, dözüm, sən sözləri məntiqi vurğulu sözlərdir, amma onu da qeyd etməliyik ki, məntiqi vurğunu cümlə daxilində dəyişmək onu səsləndirən şəxsdən asılıdır. Bizim tələffüzümüzə uyğun məntiqi vurğulu söz cümlənin həm əvvəlində, həm ortasında, həm axırında gələ bilər. Nümunələrdə də gördüyümüz kimi məntiqi vurğulu söz daha çox xəbərin yanında gələrək, xəbərdən əvvəl işlənir.
Həyəcanlı vurğu.
Hiss və həyacanın ifadəsi üçün cümlədə sözün, ifadənin qeyri-adi şəkildə tələffüzünə həyəcanlı vurğu deyilir. Həyəcanlı vurğu danışıq zamanı yaranan müxtəlif emosional vəziyyətləri ifadə edir. Daha çox nida cümlələrində özünü qabarıq göstərir: İşə bax! Haqlıykən olmuşam nahaq!
Yox-yox! Sazın tellərində nə susmaq var, nə lallıq var!
Hər pərdənin ahəngində bir ölümsüz halallıq var!!!
(Z.Yaqub “Saz” poemasından)
Millətin yolunda qurbandır bu baş,
Savaş istəyirəm, dəli bir savaş!
(Z.Yaqub “Bizim” rədifli şeirindən)
Z.Yaqubun şeirlərindən göstərdiyimiz bu nümunələr həyəcanlı vurğuya misal ola bilər.
ƏDƏBİYYAT
Əbdüləzəl D. Müasir Azərbaycan dili. I hissə. Fonetika, orfoepiya, orfoqrafiya. Bakı – “Şərq-Qərb”, 2007.
Xəlilov B. Müasir Azərbaycan dili. Fonetika yazı, əlifba, qrafika, orfoqrafiya, orfoepiya. Bakı, 2007.
Z. Yaqub. Seçilmiş əsərləri. İki cilddə (1-ci cild). Bakı, “Şərq-Qərb”, 2006.
https://525.az/news/31010-zelimxan-yaqubun-seirleri
Dostları ilə paylaş: |