Heca haqqında
Tələffüz edilərkən sözlərin asanlıqla bölünə bildiyi hissələri heca adlanır. Sözdəki hecaların sayı saitlərin sayına bərabər olur. Məsələn, he-sab, şi-ka-yət, is-ti-ra-hət, kö-mək-çi və s. Heca bir saitdən də ibarət ola bilər: məsələn, a-na, ü-rək, Na-i-lə və s. Lakin Azərbaycan dilinə məxsus sözlərdə, əsasən, hecalar bir, iki və ya üç samit səsli olur. Sait səslə bitən heca açıq heca adlanır. Məsələn, al-ma, hə-kim, ma-ğa-za və s. Samit səslə bitən heca isə qapalı heca adlanır. Məsələn, hə-yat, qə-ləm, sev-gi və s.
Hecaların quruluşu aşağıdakı kimidir:
Azərbaycan dilində, adətən, samit səs özündən sonrakı saitin yaratdığı hecaya daxil olur: hə-rə-kət, da-ya-na-caq.
Sözün ortasında üç samit səs yanaşı gələrsə, adətən, bunlardan ikisi əvvəlki saitə, üçüncüsü isə sonrakı saitə qoşulur: dü-rüst-lük, xoş-bəxt-lik. Bəzi hallarda isə bu cür sözlərdə iki sait arasında gələn üç samitdən birincisi əvvəlinci hecaya, qalan ikisi isə sonrakı saitə qoşulmuş halda hecalanır: sen-tyabr, ok-tyabr, ak-tyor.
İki samit səs saitlərin əhatəsindədirsə, bunlardan birinci samit əvvəlki hecaya, ikinci samit isə sonrakı hecaya daxil edilir: dəf-tər, Təb-riz.
Qoşasamitli sözlərdə samitlərin hər biri ayrı-ayrı hecalarda işlənir: gül-lə, ad-dım, toq-qa.
Sözlərin daxilində yanaşı gələn dörd samitdən ikisi əvvəlki saitə, digər ikisi isə sonrakı saitə qoşulur: eks-press, trans-krip-si-ya.
Orta məktəb dərsliklərində və elmi əsərlərdə vurğunun əsas 3 növü göstərilir. 1) heca vurğusu, 2) məntiqi vurğu, 3) həyəcanlı vurğu.
Biz bu yazıda heca vurğusu haqqında öz fikirlərimizi bildirmək istəyirik. Məlumdur ki, Azərbaycan dilinə dair bütün dərslik və elmi nəşrlərdə heca vurğusuna təxminən belə bir tərif verilir; "Sözdə hecaların birinin o birilərinə nisbətən qüvvətli deyilməsinə heca vurğusu deyilir".
Daha sonra bütün Azərbaycan dili kitablarında göstərilir ki, dilimizdə heca vurğusu, əsasən, sözün son hecasının üzərinə düşür. Məsələn; ana, çiçək, məktəb, Azərbaycan, iməcilik, azadlıq, vətən, yeddi, səkkiz və s. Bizcə, bu fikir doğru deyildir. Belə ki Azərbaycan dilində vurğu heç vaxt sözün axırına düşmür. Bayaqkı sözləri bir də nəzərdən keçirək: ana, məktəb, yeddi, səkkiz və s. Məgər bu sözlərdə ikinci hecalar ("na", "təb", "di", "kiz") birinci hecalara nisbətən qüvvətli deyilir? Xeyir! Həmin sözlərdəki hecaların hər ikisi eyni intonasiya ilə, eyni ahənglə deyil, yəni adi, normal tonla deyilir. Biz "ton" terminini ona görə xüsusi olaraq qeyd edirik ki, "Müasir Azərbaycan dili" dərsliyində (I hissə, Ə.Dəmirçizadə, Bakı - 2007, Şərq-qərb nəşriyyatı) daha düzgün olaraq heca vurğusu məhz tonun artması hadisəsi ilə izah olunmuşdur. Həmin dərslikdə yazılıb: " Heca vurğusu . Tonun artması və ya gücünün çoxalması ilə sözdə heca düzəldən hissənin foneyik boyasıdakı dəyişiklik heca vurğusu adlanır" (səh. 124). Bizcə, bu tərif çox düzgündür. Lakin təəccüblü burasındadır ki, elə həmin dərsliyin özündə də göstərilir ki, Azərbaycan dilində heca vurğusunun əsas mövqeyi, yəni təhkim olunduğu məqam sözün sonuncu hecasıdır" (səh. 125). Və misal olaraq yenə də ata, oğul, yaşayış, tələbə və s. sözləri verilir. Çox qəribədir! Məgər həmin sözləri tələffüz edəndə "ton artır?"
Azərbaycan dilində vurğunun son hecaya düşməməsini və beləliklə, Azərbaycan dilinin əsasən vurğusuz dil olduğunu əsaslandırmaq üçün başqa faktlar və sübutlar da gətirə bilərəm. Vurğuya dair bütün yazılarda göstərilir ki, dilimizdə "keçici sabit vurğu" mövcuddur. Bizcə, "keçici" və "sabit" sözləri özləri bir yerdə işlənə bilməz! Çünki bunlar bir-birinə əks anlayışları ifadə etdirirlər! Azərbaycan dilində vurğunun "keçici sabit vurğu" olduğunu sübut etmək üçün aşağıdakı misallar gətirilir. Məs; kitab, kitablar, kitablarım; çiçək, çiçəklərim, çiçəklərdən və s.
Fikrimizcə, bu misallarda olmayan şeyi olmayan şeyin üzərinə keçirirlər! Çünki bunların hamısı eyni tonla deyilir və deməli, vurğu ümumiyyətlə yoxdur. Əgər həmin sözlərdə vurğu olsaydı onlar mexaniki olaraq sonrakı hecaların üzərinə keçə bilməzdi! Məs: traktor, traktorlar; mebel, mebellər və s. Azərbaycan dilində sözlərin, əsasən, vurğusuz olmasını şərtləndirən əsas cəhət, bizcə, ahəng qanunudur! Ahəng qanunu olan yerdə vurğu olmaz! Bu məsələni sübut etmək üçün, "ahəng qanunu" məsələsini diqqətlə nəzərdən keçirmək lazımdır. Məlumdur ki, iltisaqi dillərdə, o cümlədən Azərbaycan dilində ahəng qanunu var. Ahəng qanunu nəyə deyilir? Orta məktəb kitablarında və abutiriyent hazırlığı üçün tədris vəsaitlərində ahəng qanunun tərifi belə verilir: sözdə eynicinsli saitlərin bir-birini izləməsinə ahəng qanunu deyilir. Yəni ahəng qanununa, əsasən, dilimizdəki sözlərdə qalın saitlərdən sonra qalın, incə saitlərdən sonra incə sait gəlir. Məs.: ana, ata, nənə, yeddi, səkkiz və s.
Lakin məktəbdir, yazaraq, sürətlə, igidcəsinə və s. sözlərdə həqiqətən vurğu var, çünki indi həqiqətən də "təb", "ar", "ət", "gid" hecaları digərlərinə nisbətən qüvvətli deyilir.
Beləliklə, mənim fikrimcə, Azərbaycan dilində olan "vurğu qəbul etməyən şəkilçilər" ifadəsi dəyişdirilərək bu cür verilməlidir: "vurğu yaradan"(əmələ gətirən) şəkilçilər". Vurğu qəbul edən şəkilçiləri isə, "vurğu yaratmayan (əmələ gətirməyən) şəkliçlər" adlandırmaq lazımdır. Məsələn: "kitablar", "dəmirçi", "evə" sözlərində "lar", "çı", və "ə" şəkilçiləri "vurğu qəbul edən yox", "vurğu yaratmayan (əmələ gətirməyən) şəkilçilər" kimi təqdim olunmalıdır.
Beləliklə, həmin şəkliçilər vurğu yaradıb-yaratmamasına, funksiyasına görə 2 yerə ayrılmalıdır. 1) vurğu yaradan (əmələ gətirə) şəkilçilər 2) vurğu yaratmayan (əmələ gətirməyən) şəkilçilər.
Azərbaycan dilinin əsas fonetik qanunu olan ahəng qanunu haqqında yuxarıda qeyd etdiyim mülahizəyə əsaslanaraq (yəni ahəng qanunu geniş mənada götürsək), məncə, ahəng qanunu fonetik təhlil zamanı sözün yazılışı üzərində deyil, tələffüzü üzərində aparılmalıdır. Çünki "ahəng" anlayışı, yəni səslərin həmahəngliyi tələffüzə aid məsələdir. Nəzərə almaq alzımdır ki, türk dilləri yaranarkən əvvəl şifahi şəkildə ahəng qanunu əsasında yaranıb. Yazı isə sonrakı hadisədir. Yəni ahəng qanununun mövcudluğu yazılı dildən əvvəl, şifahi dildə qərarlaşıb.
Dostları ilə paylaş: |