BAKI BİZNES UNİVERSİTETİ
Tələbə-Abbasov Fərid
İxtisas-Sosial iş
Qrup-821
Fənn-Sosial iş nəzəriyyəsi
Mövzu- Azərbaycanda sosial sfera anlayışı
PLAN:
Giriş
§1.Sosial sfera və onun təsnifatı
§2.Dövlətin sosial sferada rolu. Sosial siyasət
§3.Müasir menecmentin sosial sfera ilə qarşılıqlı əlaqəsi
Nəticə
İstifadə olunmuş ədəbiyyat
GİRİŞ
Hazırda Azərbaycan bazar iqtisadiyyatına əsaslanan demokratik cəmiyyət yaradılmasına istiqamətlənmiş sosial-iqtisadi islahatların növbəti mərhələsindədir. Respublika dünyada cərəyan edən iqtisadi münasibətlərin qloballaşması və postsənaye cəmiyyətinin formalaşması, elmi-texniki potensialın sosial yönümünün dəyişməsi, bilavasitə insan üçün “işləyən”, onun rifahının yaxşılaşmasına xidmət edən texnoloji istiqamətlərin və texnikanın yeni nəsillərinin qabaqlayıcı templərlə inkişafı proseslərinin aparıcı tendensiyaya çevrildiyi sivil dünya təsərrüfat əlaqələrinə getdikcə daha sıx inteqrasiya edir.
Ölkəmiz müstəqillik əldə edəndən sonra sosial sahədə və iqtisadi inkişafda möhtəşəm müvəffəqiyyətlər qazanmışdır. XX əsrin 90-cı illərinin ortaları – XXI əsrin birinci onilliyi müddətində məqsədli dövlət proqramlarının reallaşdırması respublika iqtisadiyyatının əhəmiyyətli dərəcədə inkişafını və şaxələndirilməsini, diversifikasiyasını həyata keçirməyə imkan vermişdir.
Azərbaycanın bundan sonra da qarşılaşacağı məsələləri həll etməyə və yaranan çağırışlara cavab verməyə qabil olması üçün islahatların yüksək tempinin qorunub saxlanması zəruridir. Bizə belə gəlir ki, institusional və mədəni dəyişikliklərlə, insan kapitalının inkişafı ilə əlaqədar uzunmüddətli inkişaf amilləri gələcək yüksəlişin əsas mənbəyi ola bilər.
İqtisadiyyatın inkişafında yaranmış müsbət meyllər və bu artımın obyektiv nəticəsi kimi, əhalinin rifahının yaxşılaşması davamlı xarakter daşıyır və respublikada inkişafın yeni paradiqmasına keçid zərurəti yaradır. Bu şəraitdə insan artıq inkişafın amili deyil, onun əsas məqsədi və mənası olur. Bu, təkcə sənayenin modernləşdirilməsi zərurətini deyil, həm də insan potensialının inkişafını təmin edən sahələrin modernləşdirilməsi zərurətini ön plana çəkməyi nəzərdə tutur. Perspektivdə məhz insan potensialı Azərbaycanın dünyanın qabaqcıl ölkələri sırasına keçməsində aparıcı rolu oynamalıdır ki, Azərbaycan Prezidenti İ.Əliyev bu məqamı bir imperativ kimi dəfələrlə qeyd etmişdir.
Bu gün sosial siyasətin təkmilləşdirilməsinə, sosial sferaya aid sahələrdə islahatların aparılmasına, əhalinin sosial müdafiəsi sisteminin təkmilləşdirilməsinə, sosial qütbləşmənin nizama salınmasının yeni mexanizmlərinin axtarışına əsaslanaraq, həyatın yüksək keyfiyyətinin təmin edilməsi, qabaqcıl sosial standartlara və zəmanətlərə keçid məsələsi gündəmdədir.
Dostları ilə paylaş: |