Sosial xidmət haqqında



Yüklə 95,65 Kb.
Pdf görüntüsü
tarix28.04.2017
ölçüsü95,65 Kb.

Sosial xidmət haqqında 

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU 



 

Bu  Qanun  Azərbaycan  Respublikası  Konstitusiyasının  94-cü  maddəsinin  I 

hissəsinin  16-cı  bəndinə  uyğun  olaraq,  Azərbaycan  Respublikasında  çətin  həyat 

şəraitində  yaşayan  şəxslərə  sosial  xidmət  göstərilməsi  sahəsində  dövlət  siyasətinin 

hüquqi,  iqtisadi  və  təşkilati  əsaslarını  müəyyən  edir  və  bu  sahədə  yaranan 

münasibətləri tənzimləyir. 



1-ci fəsil 

ÜMUMİ MÜDDƏALAR 

Maddə 1. Əsas anlayışlar 

1.0. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 

1.0.1.  sosial  xidmət  -  çətin  həyat  şəraitində  yaşayan  şəxsin  (ailənin)  sosial 

problemlərinin  aradan  qaldırılması  və  ictimai  həyatda  digər  insanlarla  bərabər 

iştirak imkanlarının yaradılması istiqamətində həyata keçirilən kompleks tədbirlər

1.0.2. çətin həyat şəraiti - şəxsin (ailənin) sosial xidmətə götürülməsi üçün əsas 

yaradan  və  həyat  fəaliyyətini  obyektiv  surətdə  pozan,  təkbaşına  aradan  qaldıra 

bilmədiyi hal; 

1.0.3.  sosial  xidmət  göstərən  subyektlər  -  sosial  xidmətə  tələbatın 

müəyyənləşdirilməsi  və  sosial  xidmət  göstərilməsi  sahəsində  fəaliyyət  göstərən 

dövlət  hakimiyyəti  orqanları,  hüquqi  və  fiziki  şəxslər  (sosial  xidmət  müəssisəsi, 

sosial işçi, sosial xidmətçi); 

1.0.4.  sosial  xidmət  müəssisələri  -  mülkiyyət  növündən  və  təşkilati-hüquqi 

formasından asılı olmayaraq əhaliyə sosial xidmət göstərilməsi sahəsində fəaliyyəti 

həyata keçirən hüquqi şəxslər; 

1.0.5. sosial işçi - bu Qanunla müəyyən olunmuş qaydada sosial xidmətə olan 

tələbatı qiymətləndirən və müəyyən edən, eləcə də sosial xidmət göstərən şəxs; 

1.0.6. sosial xidmətçi - sosial-məişət xidmətləri göstərən şəxs; 

1.0.7.  sosial  xidmətə  götürülmüş  şəxs  (ailə)  -  çətin  həyat  şəraiti  ilə  əlaqədar 

sosial xidmət göstərilən şəxs (ailə); 

1.0.8. ahıl - yaşı 70-ə çatmış şəxs; 

1.0.9. sosial xidmətin göstərilməsi üzrə standartlar - normativ hüquqi aktlarla 

sosial xidmət göstərilməsinin keyfiyyətini və həcmini müəyyən edən şərtlər; 

1.0.10.  sosial  yadırğama  (dezadaptasiya)  -  şəxsin  (ailənin)  sosial  mühitə 

uyğunlaşma qabiliyyətinin itirilməsi; 

1.0.11.  sosial  məhrumiyyət  (deprivasiya)  -  şəxsin  (ailənin)  əsas  həyati 

tələbatlarını müstəqil şəkildə ödəmək imkanlarının məhdudlaşması və (və ya) ondan 

məhrum olması; 

1.0.12.  sosial  mühit  -  şəxsin  (ailənin)  yaşaması,  formalaşması  və  fəaliyyət 

göstərməsi üçün iqtisadi, sosial, siyasi və mənəvi şərtlərin məcmusu. 



Maddə 2. Sosial xidmət haqqında Azərbaycan Respublikasının 

qanunvericiliyi 

Sosial  xidmət  haqqında  Azərbaycan  Respublikasının  qanunvericiliyi 

Azərbaycan  Respublikasının  Konstitusiyasından,  bu  Qanundan,  Azərbaycan 

Respublikasının  tərəfdar  çıxdığı  beynəlxalq  müqavilələrdən  və  digər  normativ 

hüquqi aktlardan ibarətdir. 



Maddə 3. Qanunun əhatə dairəsi 

Bu Qanun sosial xidmətə ehtiyacı olan Azərbaycan Respublikası vətəndaşlarına, 

Azərbaycan  Respublikasında  daimi  yaşayan  əcnəbilərə  və  vətəndaşlığı  olmayan 

şəxslərə şamil olunur. 



Maddə 4. Sosial xidmətin məqsədi 

Sosial  xidmətin  məqsədi  vətəndaşların  həyat  səviyyəsini  ağırlaşdıran,  sosial-

psixoloji  vəziyyətini  çətinləşdirən,  cəmiyyətdən  təcrid  olunmasına  gətirib  çıxaran 

halların  qarşısını  almaqdan,  çətin  həyat  şəraitinin  əmələ  gəldiyi  hallarda  ehtiyacı 

olan şəxslərə sosial xidmətin göstərilməsini təmin etməkdən ibarətdir. 

Maddə 5. Sosial xidmət sahəsində dövlət siyasətinin əsas prinsipləri 

5.0. Sosial xidmət sahəsində dövlət siyasətinin əsas prinsipləri aşağıdakılardır: 

5.0.1. insan hüquq və azadlıqlarına riayət olunması; 

5.0.2.  humanizm,  könüllülük,  məxfilik,  tolerantlıq,  ünvanlılıq,  ədalətlilik  və 

əlçatanlıq; 

5.0.3. diskriminasiyaya və stiqmatizasiyaya yol verilməməsi;  

5.0.4.  çətin  həyat  şəraitində  olan  şəxslərin  (ailələrin)  sosial  xidmətə 

götürülməsində bərabər imkanların təmin edilməsi; 

5.0.5. sosial inteqrasiya və əhalinin yaşayış keyfiyyətinin yaxşılaşdırılması; 

5.0.6. ictimai iştirakçılığın təmin olunması. 



Maddə 6. Sosial xidmət sahəsində dövlətin vəzifələri 

6.0. Sosial xidmət sahəsində dövlətin vəzifələri aşağıdakılardan ibarətdir: 

6.0.1.  sosial  xidmət  sahəsində  dövlət  siyasətinin  formalaşdırılması  və  həyata 

keçirilməsi,  o  cümlədən  həmin  sahədə  normativ  hüquqi  aktların  və  dövlət 

standartlarının qəbul edilməsi; 

6.0.2.  sosial  xidmətə  ehtiyacı  olan  şəxslərə  sosial  xidmətin  göstərilməsi 

sahəsindəki  fəaliyyətdə  bələdiyyələrin,  qeyri-hökumət  təşkilatlarının,  hüquqi  və 

fiziki şəxslərin iştirakının dəstəklənməsi; 

6.0.3. vahid sosial xidmət təsnifatının hazırlanması;  

6.0.4. sosial xidmətin təmin edilməsi üçün zəruri infrastrukturun və şəraitin, o 

cümlədən maddi-texniki bazanın yaradılması və inkişaf etdirilməsi; 

6.0.5. sosial xidmətə ehtiyacı olan şəxslərə (ailələrə) sosial xidmətin bu Qanunla 

müəyyən  edilmiş  forma  və  növləri  üzrə  sosial  xidmət  göstərilməsinin  təmin 

edilməsi; 

6.0.6.  sosial  xidmət  sahəsində  beynəlxalq  əməkdaşlığın  inkişaf  etdirilməsi  və 

təcrübə mübadiləsinə şərait yaradılması; 

6.0.7. sosial xidmət sahəsində digər tədbirlərin həyata keçirilməsi. 

2-ci fəsil 


ÇƏTİN HƏYAT ŞƏRAİTİNDƏ OLAN ŞƏXSƏ (AİLƏYƏ) SOSİAL XİDMƏT 

GÖSTƏRİLMƏSİNİN TƏŞKİLİ 

Maddə 7. Şəxsin (ailənin) çətin həyat şəraitində hesab edilməsinin əsasları 

7.1. Şəxs (ailə) aşağıdakı əsaslardan azı biri olduqda çətin həyat şəraitində hesab 

edilir: 

7.1.1.  uşaqların  valideynlərini  itirməsi  və  ya  valideyn  himayəsindən  məhrum 

olması; 

7.1.2. uşaqların sağlamlıq imkanlarının məhdud olması;  

7.1.3.  yetkinlik  yaşına  çatmayanların  baxımsızlığı  və  ya  sosial  təhlükəli 

vəziyyətdə olması; 

7.1.4. xəstəlik, əlillik və ya ahıllıqla əlaqədar özünəqulluq qabiliyyətinin, habelə 

şəxsə (ailəyə) qulluq və köməklik göstərə biləcək əmək qabiliyyətli qohumların və ya 

qanuni  nümayəndələrin  olmaması.  Xəstəlik,  əlillik  və  ya  ahıllıqla  əlaqədar 

özünəqulluq  qabiliyyəti  olmayan  şəxslərə  qulluq  və  köməklik  göstərə  biləcək 

qohumların  olmaması  müvafiq  icra  hakimiyyəti  orqanının  təsdiq  etdiyi  qaydada 

müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir; 

7.1.5.  şəxsin  ictimai  təhlükəli  xəstəliyə  tutulmasına  görə  həyat  fəaliyyətinin 

məhdudlaşması;  

7.1.6. insan alverinin qurbanı olması; 

7.1.7. məişət zorakılığından zərər çəkməsi; 

7.1.8. müəyyən yaşayış yerinin olmaması; 

7.1.9.  valideynlərini  itirməsi  və  ya  valideyn  himayəsindən  məhrum  olmasına 

görə  sosial  xidmət  müəssisələrində  yaşamış  şəxslərin,  həmin  müəssisələri  tərk 

etdikdən sonra yaşayış yerinin olmaması; 

7.1.10.  şəxsin  sosial  yadırğama  (dezadaptasiya)  və  sosial  məhrumiyyət 

(deprivasiya) vəziyyətində olması. 

7.2.  Bu  Qanunun  7.1-ci  maddəsində  nəzərdə  tutulmuş  əsaslar  üzrə  şəxsin 

(ailənin) çətin həyat şəraitində olmasını təsdiq edən sənədlərin siyahısı müvafiq icra 

hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 

Maddə 8. Çətin həyat şəraitində olan şəxsin (ailənin) hüquqları  

8.0. Çətin həyat şəraitində olan şəxsin (ailənin) aşağıdakı hüquqları vardır: 

8.0.1.  bu  Qanunun  7-ci  maddəsi  ilə  müəyyən  olunmuş  əsaslar  olduqda  sosial 

xidmət  göstərən  subyektlər  tərəfindən  təqdim  edilən  sosial  xidmətdən  bu  Qanuna 

uyğun olaraq istifadə etmək

8.0.2. sosial xidmət göstərilməsi üçün müraciət etmək; 

8.0.3.  sosial  xidmət  göstərilməsinin  mümkünlüyü,  qaydası  və  şərtləri,  sosial 

xidmətin forma və növləri, habelə öz hüquq və vəzifələri barədə məlumat almaq; 

8.0.4. sosial xidmətə olan tələbatın müəyyən edilməsi və qiymətləndirilməsində 

iştirak etmək;  

8.0.5.  sosial  xidmətə  olan  tələbatın  xarakteri  nəzərə  alınmaqla  sosial  xidmət 

göstərən müəssisəni seçmək; 

8.0.6.  sosial  xidmət  göstərilməsinə  razılıq  vermək  və  ya  sosial  xidmət 

göstərilməsindən imtina etmək; 



8.0.7. sosial xidmət göstərən subyektlər tərəfindən şərəf və ləyaqətlərinə hörmət 

olunmasını  və  humanist  münasibət  bəslənməsini  tələb  etmək,  habelə  onların 

hərəkətlərindən  (hərəkətsizliyindən)  inzibati  qaydada  və  (və  ya)  məhkəmə 

qaydasında şikayət etmək; 

8.0.8. sosial xidmət müəssisələrində sanitariya-gigiyena tələblərinə cavab verən 

şəraitlə təmin olunmaq;  

8.0.9. sosial xidmət müəssisələrində daxili intizam qaydalarını pozmamaq şərti 

ilə dini ayinlərin icrası üçün ayrıca yerlə təmin olunmaq

8.0.10. kütləvi informasiya vasitələri ilə təmin olunmaq; 

8.0.11. şəxsi xarakterli məlumatların konfidensiallığının təmin olunmasını tələb 

etmək. 

Maddə 9. Çətin həyat şəraitində olan şəxsin (ailənin) vəzifələri 

9.0. Çətin həyat şəraitində olan şəxsin (ailənin) vəzifələri aşağıdakılardır: 

9.0.1.  sosial  xidmət  göstərilməsinə  tələbatın  müəyyən  edilməsi  və  qərar  qəbul 

edilməsi üçün tam və düzgün məlumatları vermək; 

9.0.2.  sosial  xidmət  göstərilməsinə  təsir  göstərən  dəyişikliklər  barədə  sosial 

xidmət göstərən subyektləri dərhal məlumatlandırmaq; 

9.0.3. sosial xidmət müəssisələrinin daxili intizam qaydalarına əməl etmək

9.0.4. qanunda nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək. 



Maddə 10. Sosial xidmət göstərilməsi üçün müraciət edilməsi  

10.1.  Çətin  həyat  şəraitində  olan  şəxs  sosial  xidmət  göstərilməsi  üçün  yaşayış 

yeri  üzrə  müvafiq  icra  hakimiyyəti  orqanına  ərizə  və  ərizəyə  əlavə  olunmaqla,  bu 

Qanunun  7-ci  maddəsində  nəzərdə  tutulmuş  müvafiq  əsası  təsdiq  edən  digər 

sənədlərlə müraciət edir. Çətin həyat şəraitində olan ailəyə sosial xidmət göstərilməsi 

üçün ailənin yetkinlik yaşına çatmış üzvlərindən biri müraciət edə bilər.  

10.2. Çətin həyat şəraitində olan şəxsin (ailənin) maraqları  çərçivəsində şəxsin 

valideynləri, digər qanuni nümayəndəsi (qəyyumu, himayəçisi), bələdiyyələr, qeyri-

hökumət  təşkilatları,  habelə  həmin  şəxsin  razılığı  ilə  digər  şəxslər  sosial  xidmət 

göstərilməsi üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edə bilər. 

10.3.  Dövlət  hakimiyyəti  orqanları,  bələdiyyələr  çətin  həyat  şəraitində  olan  və 

sosial  xidmətə  ehtiyacı  olan  şəxslərin  müəyyən  edilməsi  və  bu  şəxslərin  sosial 

xidmətə  götürülməsi  üçün  onlar  barəsində  məlumatları  müvafiq  icra  hakimiyyəti 

orqanına göndərirlər.  

10.4.  Bu  Qanunun  10.2-ci  və  10.3-cü  maddələrinə  uyğun  olaraq  çətin  həyat 

şəraitində  olan  şəxsə  (ailəyə)  sosial  xidmət  göstərilməsi  barədə  digər  şəxslərin 

müraciətləri  zamanı  bu  Qanuna  uyğun  olaraq  sosial  xidmət  göstərilməsi 

istiqamətində zəruri tədbirlər həyata keçirilir. 



Maddə  11.  Sosial  xidmətlərə  olan  tələbatın  qiymətləndirilməsi  və 

müəyyənləşdirilməsi qaydası 

11.1. Sosial xidmətin göstərilməsi çətin həyat şəraitində yaşayan şəxsin (ailənin) 

sosial  xidmətlərə  olan  tələbatının  sosial  işçi  tərəfindən  qiymətləndirilməsi  və 

müəyyən edilməsi əsasında həyata keçirilir. 



11.2. Sosial xidmətlərə tələbatın qiymətləndirilməsi və müəyyən edilməsi üçün 

meyarlar aşağıdakılardır: 

11.2.1. sosial yadırğama (dezadaptasiya); 

11.2.2. sosial məhrumiyyət (deprivasiya); 

11.2.3. uğursuz sosial mühit. 

11.3.  Sosial  xidmətin  göstərilməsi  barədə  müraciət  müvafiq  icra  hakimiyyəti 

orqanına daxil olduğu gündən sonra 5 iş günü ərzində şəxsin (ailənin) sosial xidmətə 

olan  tələbatının  qiymətləndirilməsi  və  müəyyənləşdirilməsi  üçün  sosial  işçiyə 

ünvanlanır. Sosial işçi ərizənin daxil olduğu gündən sonra 10 iş günü ərzində şəxsin 

(ailənin) 

sosial 

xidmətə 


olan 

tələbatının 

qiymətləndirilməsini 

və 


müəyyənləşdirilməsini həyata keçirir. 

11.4.  Sosial  işçi  tərəfindən  sosial  xidmətin  formasını,  növünü,  sosial  xidmətin 

göstərilməsi  yeri  və  müddətini  özündə  əks  etdirən  sosial  xidmətə  olan  tələbatın 

qiymətləndirilməsi  və  müəyyənləşdirilməsi  üzrə  hesabat  və  şəxsə  (ailəyə)  sosial 

xidmət göstərilməsinə dair fərdi plan hazırlanır. 

Maddə  12.  Şəxsin  (ailənin)  sosial  xidmətə  götürülməsi  və  ya  ondan  imtina 

edilməsi barədə qərar  

12.1.  Şəxsə  (ailəyə)  dövlət  büdcəsinin  vəsaiti  hesabına  sosial  xidmətin 

göstərilməsi  və  ya  sosial  xidmətin  göstərilməsindən  imtina  edilməsi  barədə  qərar 

sosial  işçi  tərəfindən  hesabatın  təqdim  edildiyi  gündən  sonra  5  iş  günü  ərzində 

müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  qəbul  edilir.  Şəxsə  (ailəyə)  dövlət 

büdcəsinin  vəsaiti  hesabına  sosial  xidmətin  göstərilməsi  və  ya  sosial  xidmətin 

göstərilməsindən  imtina  edilməsi  barədə  qərar  3  iş  günü  müddətində  ərizəçiyə 

təqdim  edilir  (göndərilir).  Sosial  xidmətin  göstərilməsindən  imtina  barədə  qərarda 

imtinanın  səbəbləri  göstərilməlidir.  Ərizəyə  əlavə  olunan  sənədlərin  əsli  müraciət 

edən şəxsə qaytarılır. 

12.2.  Şəxsin  (ailənin)  sosial  xidmətə  götürülməsindən  imtina  üçün  əsaslar 

aşağıdakılardır:  

12.2.1. bu Qanunun 7-ci maddəsində göstərilən əsaslardan azı birinin olmaması;  

12.2.2. təqdim edilmiş məlumatların və sənədlərin düzgün olmaması.  

12.3.  Dövlət  büdcəsinin  vəsaiti  hesabına  sosial  xidmətin  göstərilməsi  barədə 

qərar qəbul edildiyi gündən şəxs (ailə) sosial xidmətə götürülür.  

12.4.  Şəxsə  sosial  xidmətin  göstərilməməsinin  onun  həyat  və  sağlamlığı  üçün 

ciddi təhlükələr yaradacağı hallarda şəxs dərhal müvəqqəti sosial xidmətə götürülür. 

Şəxsin  sosial  xidmətə  götürülməsi  barədə  qərar  qəbul  edildikdə  müvəqqəti  sosial 

xidmətin müddəti dayandırılmır və şəxs daimi sosial xidmətə götürülür.  

12.5.  Çətin  həyat  şəraitində  olan  şəxslərə  (ailələrə)  dövlət  büdcəsinin  vəsaiti 

hesabına göstərilən sosial xidmətin zəmanət verilmiş həcmi müvafiq icra hakimiyyəti 

orqanı tərəfindən müəyyən edilir.  

12.6. Bu Qanunun 12.7-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, 

sosial xidmət şəxsin (ailənin) yaşayış yeri üzrə göstərilir.  

12.7.  Şəxsin  (ailənin)  zorakılığa  məruz  qaldığı  və  ya  sosial  yadırğama 

(dezadaptasiya),  habelə  sosial  məhrumiyyət  (deprivasiya)  təhlükəsi  yarandığı 

hallarda sosial xidmət yaşayış yerindən asılı olmayaraq göstərilir. 



Maddə  13.  Çətin  həyat  şəraitində  olan  şəxsin  (ailənin)  sosial  xidmət 

müəssisəsinə yerləşdirilməsi 

13.1. Məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş, özünün 

əsas həyati tələbatını müstəqil təmin edə bilməyən çətin həyat şəraitində olan şəxslər 

onlara  baxmağa  borclu  olan  əmək  qabiliyyətli  qohumlarının  və  ya  qanuni 

nümayəndələrinin həmin şəxslərə qulluq edə bilməyəcəkləri barədə ərizələri olduğu 

hallarda,  müvafiq  icra  hakimiyyəti  orqanının  qərarına  əsasən  dövlət  sosial  xidmət 

müəssisəsinə  yerləşdirilə  bilər.  Şəxsin  dövlət  sosial  xidmət  müəssisəsinə 

yerləşdirilməsi zamanı bu Qanunun 8-ci  maddəsində müəyyən olunmuş hüquqları 

nəzərə alınır. 

13.2.  Çətin  həyat  şəraitində  olan  şəxslərin  (ailələrin)  dövlət  sosial  xidmət 

müəssisələrinə  yerləşdirilməsi  qaydası  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən 

müəyyən edilir. 



3-cü fəsil 

SOSİAL XİDMƏT GÖSTƏRƏN SUBYEKTLƏR 

Maddə 14. Sosial xidmət sahəsində fəaliyyət göstərən fiziki şəxslər  

14.1. Ali təhsili və uyğun peşə hazırlığı olan şəxslər sosial işçi qismində sosial 

xidmət sahəsində peşəkar fəaliyyətlə məşğul olmaq hüququna malikdirlər. 

14.2.  Ümumi  orta  təhsili  olan  şəxslər  sosial  xidmətçi  qismində  fəaliyyətə  cəlb 

oluna bilər. 

Maddə 15. Sosial işçinin hüquqları və vəzifələri 

15.1.  Sosial  xidmət  göstərilməsi  ilə  əlaqədar  sosial  işçilərin  hüquqları 

aşağıdakılardır: 

15.1.1.  işə  qəbul  olunarkən  işəgötürənin  vəsaiti  hesabına  tibbi  müayinədən 

keçmək; 

15.1.2. peşə hazırlığı səviyyəsinin yüksəldilməsi və təkmilləşdirilməsi məqsədi 

ilə işəgötürənin vəsaiti hesabına əlavə təhsil almaq; 

15.1.3. xidməti vəzifəsini yerinə yetirərkən işəgötürənin vəsaiti hesabına zəruri 

geyim  və  avadanlıqlarla  təmin  olunmaq,  nəqliyyat  xərcləri  üçün  müvafiq  icra 

hakimiyyəti orqanının müəyyən etdiyi məbləğdə pul kompensasiyası almaq; 

15.1.4. zəruri məlumatların əldə edilməsi üçün sorğu göndərmək; 

15.1.5. qanunda nəzərdə tutulmuş digər hüquqlara malik olmaq.  

15.2.  Sosial  xidmət  göstərilməsi  ilə  əlaqədar  sosial  işçilərin  vəzifələri 

aşağıdakılardır: 

15.2.1.  sosial  xidmətin  göstərilməsini,  sosial  xidmətə  olan  tələbatın 

qiymətləndirilməsi  və  müəyyənləşdirilməsini  həyata  keçirmək,  sosial  xidmətə 

götürülən şəxsə (ailəyə) sosial xidmət göstərilməsinə dair fərdi planı tərtib etmək; 

15.2.2.  çətin  həyat  şəraitində  olan  şəxsin  (ailənin)  problemlərinin  həllinə  və 

aradan qaldırılmasına yardım etmək; 

15.2.3. sosial xidmətlərin göstərilməsi sahəsində qanunvericiliyə və peşə etikası 

normalarına əməl etmək;  


15.2.4.  sosial  xidmətlərin  sosial  xidmətin  göstərilməsi  üzrə  standartların 

tələblərinə uyğun olmasını təmin etmək; 

15.2.5. xidmət göstərdikləri şəxslərin hüquqlarına, şərəf və ləyaqətinə hörmətlə 

yanaşmaq; 

15.2.6.  sosial  xidmət  göstərdikləri  şəxslərə  münasibətdə  ayrı-seçkiliyə,  qeyri-

insani və ya ləyaqəti alçaldan rəftara yol verməmək; 

15.2.7.  sosial  xidmət  göstərdikləri  şəxsləri  hüquqi,  sosial,  tibbi  və  digər 

təminatlar,  qanunda  təsbit  olunmuş  sosial  müdafiə  tədbirləri  və  çətin  həyat 

şəraitində olan şəxsin (ailənin) rifahının yaxşılaşdırması üçün mövcud olan imkanlar 

haqqında məlumatlandırmaq; 

15.2.8.  öz  vəzifələrini  yerinə  yetirərkən  əldə  etdikləri  məlumatların 

konfidensiallığını təmin etmək; 

15.2.9. qanunda nəzərdə tutulmuş digər vəzifələri həyata keçirmək. 

15.3.  Bu  Qanunun  15.1-ci  maddəsində  (15.1.4-cü  maddə  istisna  olmaqla) 

nəzərdə  tutulmuş  hüquqlar  və  15.2-ci  maddəsində  (15.2.1-ci  və  15.2.7-ci  maddələr 

istisna olmaqla) nəzərdə tutulmuş vəzifələr sosial xidmətçiyə də şamil edilir. 



Maddə 16. Sosial xidmət sistemi 

Sosial  xidmət  sistemi  sosial  xidmət  sahəsində  fəaliyyət  göstərən  müvafiq  icra 

hakimiyyəti  orqanından,  dövlət,  bələdiyyə  və  özəl  sosial  xidmət  müəssisələrindən, 

sosial  işçilərdən  və  sosial  xidmətçilərdən,  eləcə  də  öz  vəsaitləri  və  ya  cəlb  edilmiş 

vəsaitlər  hesabına  sosial  xidmət  göstərən  qeyri-hökumət  təşkilatlarından, 

könüllülərdən  ibarətdir.  Respublika  Qızıl  Aypara  Cəmiyyətinin  strukturları  bu 

sistemin tərkib hissəsidir. 

Maddə 17. Sosial xidmət müəssisələri 

17.1. Çətin həyat şəraitində olan şəxslərə sosial xidmətin ayrı-ayrı formalarına 

və  növlərinə  uyğun  sosial  xidmətin  göstərilməsi  məqsədilə  qanunla  müəyyən 

edilmiş  qaydada  sosial  xidmət  müəssisələri  (ahıllar,  əlillər  və  sağlamlıq  imkanları 

məhdud  olan  uşaqlar  üçün  internat  evləri,  psixonevroloji  internat,  insan  alveri 

qurbanları üçün yardım mərkəzləri, penitensiar müəssisələrdə cəza çəkməkdən azad 

edilmiş  şəxslər  üçün  sosial  adaptasiya  mərkəzləri,  günərzi  qayğı  mərkəzləri, 

yetkinlik yaşına çatmayanlar üçün ixtisaslaşdırılmış sosial reabilitasiya müəssisələri, 

sosial-psixoloji  yardım  mərkəzləri,  müvəqqəti  sığınacaqlar,  peşə  istiqamətləndirmə 

mərkəzləri,  palliativ  yardım  mərkəzləri,  hospislər,  icma  əsaslı  reabilitasiya 

mərkəzləri,  himayədar  ailə,  kiçik  qrup  evləri,  müvəqqəti  qayğı  xidmətləri,  sosial 

mağazalar  və  yeməkxanalar  və  digər  müəssisə  və  xidmətlər)  yaradılır  və  fəaliyyət 

göstərir.  

17.2.  Xeyriyyəçilik  məqsədilə  sosial  xidmətlərə  vəsait  ayıran  fiziki  və  hüquqi 

şəxslər və bu fəaliyyəti ödənişsiz şərtlərlə həyata keçirən sosial xidmət müəssisələri 

üçün qanuna uyğun olaraq güzəştlər müəyyən edilə bilər. 



4-cü fəsil 

SOSİAL XİDMƏTİN FORMALARI VƏ NÖVLƏRİ 

Maddə 18. Sosial xidmətin formaları  

18.0. Sosial xidmətin formaları aşağıdakılardır: 

18.0.1. evdə (səyyar) sosial xidmət; 

18.0.2. yarımstasionar (günərzi) sosial xidmət; 

18.0.3. stasionar sosial xidmət; 

18.0.4. sosial-məsləhət yardımı. 

Maddə 19. Evdə (səyyar) sosial xidmət 

19.1.  Evdə  (səyyar)  sosial  xidmət  əmək  qabiliyyətli  qohumları  və  ya  qanuni 

nümayəndələri ilə eyni yaşayış məntəqəsində yaşamayan və sosial xidmətə ehtiyacı 

olan  tənha  ahıllara,  ahıl  ər-arvadlara,  əlillərə  və  sağlamlıq  imkanları  məhdud 

uşaqlara,  xəstəliyin  terminal  (son)  mərhələsində  olan  şəxslərə  müvafiq  icra 

hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada göstərilir.  

19.2. Evdə (səyyar) sosial xidmətə aşağıdakılar aiddir: 

19.2.1.  dərman  vasitələrini,  zəruri  ərzaq  və  əsas  tələbat  mallarını  almağa 

köməklik göstərilməsi; 

19.2.2.  istirahətin  təşkil  olunmasında,  qida  qəbul  edilməsində  və  digər  məişət 

xidmətlərinin göstərilməsində köməklik edilməsi; 

19.2.3.  tibbi  və  psixoloji  yardım  almaqda  köməklik  göstərilməsi,  tibb  və  təhsil 

müəssisəsinə müşayiət olunması; 

19.2.4. yaşayış şəraitinin sanitariya-gigiyena tələblərinə uyğunlaşdırılması; 

19.2.5. hüquqi məsləhət alınmasına köməklik göstərilməsi; 

19.2.6. əlillərə və 18 yaşadək sağlamlıq imkanları məhdud uşaqlara reabilitasiya 

xidmətinin göstərilməsi. 

Maddə 20. Yarımstasionar (günərzi) sosial xidmət 

Yarımstasionar  (günərzi)  sosial  xidmət  özünün  əsas  həyati  tələbatını  müstəqil 

təmin edə bilən və aktiv hərəkət qabiliyyəti olan ahıllara və əlillərə, o cümlədən çətin 

həyat şəraitində olan yetkinlik yaşına çatmayanlara gündüz və ya gecə vaxtlarında 

sosial-məişət,  tibbi,  mədəni  və  başqa  xidmətlər  göstərilməsindən,  asudə  vaxtın 

səmərəli təşkil olunmasından, onların münasib əmək fəaliyyətinə cəlb olunmasından 

ibarətdir. 

Maddə 21. Stasionar sosial xidmət 

21.1. Stasionar sosial xidmət, bu məqsədlə yaradılmış müəssisədə sosial xidmət 

göstərilən şəxslərin (ailələrin) fiziki durumuna və səhhətinə uyğun həyat şəraitinin 

yaradılmasından,  tibbi  və  sosial  reabilitasiya  tədbirlərinin  həyata  keçirilməsindən, 

qulluğun təşkilindən ibarətdir. 

21.2. Sosial xidmət müəssisəsində yaşayan ailənin üzvləri ayrıca yaşayış sahəsi 

ilə təmin olunurlar. Sosial xidmət müəssisəsinin rəhbərliyi müəssisədə yaşayan çətin 

həyat şəraitində olan şəxslərin (ailələrin) şəxsi və qiymətli əşyalarının mühafizəsini 

təmin edirlər.  

1.3. Stasionar sosial xidmətə ehtiyacı olan psixi pozuntusu olan şəxslər qanunla 

müəyyən edilmiş qaydada xüsusi stasionar müəssisələrdə yerləşdirilirlər. 

Maddə 22. Sosial-məsləhət yardımı  


22.1.  Sosial-məsləhət  yardımının  məqsədi  çətin  həyat  şəraitində  olan  şəxslərin 

(ailələrin) cəmiyyətə inteqrasiyasını təmin etməkdən ibarətdir. 

22.2. Sosial-məsləhət yardımına aşağıdakılar aiddir: 

22.2.1. qohumlarından və ya qanuni nümayəndələrindən ayrı yaşayan və sosial-

məsləhət yardımına ehtiyacı olan şəxslərin (ailələrin) müəyyənləşdirilməsi; 

22.2.2.  çətin  həyat  şəraitində  olan  şəxslərin  (ailələrin)  problemlərinin  həllinə 

dövlət  orqanlarının,  bələdiyyələrin  və  qeyri-hökumət  təşkilatlarının  cəlb  olunması 

məqsədilə zəruri tədbirlərin görülməsi; 

22.2.3. sosial xidmət üzrə məsləhətlərin verilməsi. 

Maddə 23. Sosial xidmətin növləri  

23.0. Təyinatından asılı olaraq sosial xidmətlər aşağıdakı növlərə bölünür: 

23.0.1.  sosial-məişət  xidmətləri  –  şəxslərin  (ailələrin)  məişət  şəraitinin,  yaşayış 

vəziyyətinin yaxşılaşdırılmasına yönəlmişdir; 

23.0.2. 

tibbi-sosial 

xidmətlər 

şəxslərin 



sağlamlıq 

vəziyyətinin 

yaxşılaşdırılmasına yönəlmişdir; 

23.0.3.  sosial-psixoloji  xidmətlər  -  şəxslərin  cəmiyyətə  adaptasiyası  məqsədilə 

psixoloji vəziyyətinin reabilitasiyasını nəzərdə tutur; 

23.0.4. sosial-pedaqoji xidmətlər - yetkinlik yaşına çatmayanların inkişafındakı 

geriliklərin  və  davranışındakı  pozuntuların  profilaktikasına,  onlarda  müsbət 

maraqların  yaranmasına,  o  cümlədən  asudə  vaxtlarının  təşkilinə  və  ailədə 

tərbiyəsinə dəstəyə yönəlmişdir; 

23.0.5.  sosial-iqtisadi  xidmətlər  –  şəxslərin  həyat  səviyyəsinin  qorunmasına  və 

möhkəmlənməsinə yönəlmişdir; 

23.0.6.  sosial-hüquqi  xidmətlər  -  hüquqi  yardım  göstərilməsi,  şəxslərin 

hüquqlarının qorunmasına yönəlmişdir; 

23.0.7.  palliativ  xidmətlər  –  müalicəsi  mümkün  olmayan  şəxslərin  və  onların 

ailə  üzvlərinin  fiziki,  psixoloji,  mənəvi  və  digər  problemlərinin  müəyyən  edilməsi, 

qiymətləndirilməsi və bu şəxslərə yardımın göstərilməsinə yönəlmişdir. 



5-ci fəsil 

SOSİAL XİDMƏTİN MALİYYƏLƏŞDİRİLMƏSİ VƏ SOSİAL XİDMƏT HAQQI 

Maddə 24. Sosial xidmətin maliyyələşdirilməsi 

Sosial  xidmət  qanunla  müəyyən  edilmiş  qaydada  dövlət  büdcəsinin  vəsaiti, 

ödənişli  əsaslarla  sosial  xidmət  göstərilməsindən  əldə  olunan  vəsaitlər,  hüquqi  və 

fiziki şəxslərin ianələri, qrantlar, eləcə də qanunda nəzərdə tutulmuş digər mənbələr 

hesabına maliyyələşdirilir. 

Maddə 25. Sosial xidmət haqqının ödənilməsi 

25.1. Sosial xidmət müəssisələrində və evlərdə sosial xidmət ödənişsiz, qismən 

ödənişli və tam ödənişli əsaslarla göstərilir. 

25.2.  Çətin  həyat  şəraitində  olan  şəxslərə  (ailələrə)  dövlət  sosial  xidmət 

müəssisələrində  və  evlərdə  sosial  xidmət  zəmanət  verilmiş  həcmdə  ödənişsiz 

göstərilir.  



25.3.  Dövlət  sosial  xidmət  müəssisələrində  və  evlərdə  qismən  ödənişli  və  tam 

ödənişli  şərtlərlə  sosial  xidmətin  göstərilməsi  qaydası  və  sosial  xidmət  haqqının 

məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. 

25.4.  Ödənişli  sosial  xidmətlər  çətin  həyat  şəraitində  olan  şəxs  (ailə)  ilə  sosial 

xidmət göstərən subyektlər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. 

25.5. Bələdiyyə sosial xidmət müəssisələri gəlir əldə etmək məqsədi güdmür və 

sosial xidmət haqqı sosial xidmət göstərilməsi ilə bağlı xərclərin, əməkdaşların əmək 

haqlarının  və  digər  cari  xərclərin  həcminə  uyğun  olaraq  bələdiyyə  tərəfindən 

müəyyənləşdirilir. Özəl sosial xidmət müəssisələrində sosial xidmət haqqı müəssisə 

ilə sosial xidmətə götürülmüş şəxs arasında bağlanmış müqavilə ilə müəyyən edilir. 



Maddə 26. Sosial xidmət sahəsində dövlət sifarişlərinin verilməsi  

Sosial  xidmət  sahəsində  dövlət  sifarişləri  müvafiq  icra  hakimiyyəti  orqanı 

tərəfindən  müəyyən  olunmuş  qaydada  bələdiyyələrə,  fiziki  və  hüquqi  şəxslərə,  o 

cümlədən qeyri-hökumət təşkilatlarına verilə bilər. 



6-cı fəsil 

YEKUN MÜDDƏALARI 

Maddə 27. Sosial xidmət sahəsində könüllü fəaliyyət  

Sosial  xidmət  sahəsinə  könüllü  fəaliyyətin  iştirakçılarının  (könüllü  fəaliyyətin 

təşkilatçılarının  və  könüllülərin)  cəlb  edilməsi  “Könüllü  fəaliyyət  haqqında” 

Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. 



Maddə 28. Sosial xidmət göstərilməsinə nəzarət 

Sosial  xidmət  göstərən  subyektlər  tərəfindən  göstərilən  sosial  xidmətin 

keyfiyyətinə,  səmərəliliyinə,  dövlət  standartlarının  tələblərinə  əməl  olunmasına 

nəzarət müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 



Maddə  29.  Sosial  xidmət  haqqında  qanunvericiliyin  pozulmasına  görə 

məsuliyyət 

29.1. Bu Qanunun pozulması ilə nəticələnən aşağıdakı hallar məsuliyyətə səbəb 

olur: 

29.1.1.  dövlət  tərəfindən  göstərilən  sosial  xidmətə  olan  tələbatın 



qiymətləndirilməsi,  müəyyən  edilməsi  və  qərar  qəbul  edilməsi  üçün  düzgün 

olmayan məlumatların verilməsi; 

29.1.2.  bu  Qanuna  uyğun  dövlət  tərəfindən  sosial  xidmət  göstərilməsinin 

dayandırılmasına  təsir  göstərən  dəyişikliklər  barədə  sosial  xidmət  göstərən 

subyektlərin məlumatlandırılmaması; 

29.1.3. sosial xidmətə tələbatı olmayan şəxsin qanunsuz və ya əsassız olaraq bu 

Qanuna  uyğun  dövlət  tərəfindən  sosial  xidmətə  götürülməsi  və  ya  sosial  xidmət 

göstərilməsi  üçün  əsaslar  olduqda  şəxsin  sosial  xidmətə  götürülməsindən  imtina 

edilməsi; 

29.1.4.  sosial  xidmətin  göstərilməsi  və  ya  sosial  xidmətin  göstərilməsindən 

imtina  barədə  qərar  haqqında  bu  Qanunla  müəyyən  olunmuş  müddətdə  müraciət 


edən  şəxsə  rəsmi  məlumatın  verilməməsi  və  ya  sosial  xidmətdən  imtina  barədə 

qərarda imtinanın səbəblərinin göstərilməməsi; 

29.1.5.  sosial  xidmət  göstərilməsi  ilə  bağlı  əldə  edilən  məlumatların 

konfidensiallığının təmin edilməməsi; 

29.1.6.  sosial  xidmətin  göstərilməsinin  keyfiyyətini,  həcmini  və  şərtlərini 

müəyyən edən tələblərin pozulması. 

29.2.  Bu  Qanunun  tələblərini  pozan  şəxslər  qanuna  uyğun  olaraq  məsuliyyət 

daşıyırlar. 



Maddə 30. Qanunun qüvvəyə minməsi  

30.1. Bu Qanun dərc edildiyi gündən üç ay sonra qüvvəyə minir.  

30.2. Bu Qanunun qüvvəyə mindiyi gündən “Ahıllara sosial xidmət haqqında” 

Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan  Respublikasının  Qanunvericilik 

Toplusu, 2001-ci il, № 8, maddə 518; 2007-ci il, № 5, maddə 401) ləğv edilir. 

 

İlham ƏLİYEV, 



Azərbaycan Respublikasının Prezidenti 

 

Bakı şəhəri, 30 dekabr 2011-ci il 



№ 275-IVQ 

 

Kataloq: research -> library -> files -> Azerbaijan
research -> Qonaqpяrvяrlik tяdqiqatlarы Beynяlxalq jurnal
research -> 2017 university of queensland development fellowships c1 research-industry capacity area plan
research -> Learn About Your Health
research -> Research your Way to Good Health with the Internet What Kind of Health Information is on the Internet?
research -> A genome-wide crispr screen in Toxoplasma Identifies Essential Apicomplexan Genes
research -> Revised january 30, 2009 a tangled web
research -> 6000 – 7000 species Ectothermic Pulmonary respiration
research -> The Misdiagnosis Of Bipolar Disorder As Major Depression In The Primary Care Setting Nasa Valentine, md
research -> Solid Pollen Germination Medium (pgm): (Zhengbio Yang laboratory, University of California, Riverside)
Azerbaijan -> Könüllü fəәaliyyəәt haqqında Azəәrbaycan Respublikasının Qanunu Maddəә Qanunun məәqsəәdi

Yüklə 95,65 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə