Yusif Məmmədəliyev Naxçıvan qəzasının Ordubad şəhərində anadan olmuşdur. Yusif Məmmədəliyev 1926-cı ildə Vladimir İliç Lenin adına Azərbaycan Ali Pedaqoji İnstitutunu bitirdikdən bir qədər sonra, 1928–1929-cu illərdə İrəvan Azərbaycanlı Pedaqoji Texnikumunda müəllim işləmişdir.
O, İrəvan azərbaycanlılarının ictimai həyatında da fəal iştirak etmişdir. Y.Məmmədəliyev həmin dövrdə Ermənistanda azlıqda qalan millətlərlə iş komissiyasının üzvü olmuş, kütlənin hüquqi vəziyyəti, gənclərin, xüsusən də qızların təhsilə cəlb edilməsi ilə əlaqədar mətbuat səhifələrində çıxış etmişdir.
1942-ci ildə kimya elmləri doktoru ("Aromatik karbohidrogenlərin alkilləşdirilməsi və dealkilləşdirilməsi yolu ilə toluolun sintezi" mövzusu) və professor, 1945-ci ildə Azərbaycan SSR EA-nın akademiki olmuşdur. Tam əsasla demək olar ki, Yusif Məmmədəliyev 1945-ci ildə Azərbaycan SSR EA-nı yaradanlardan biri olmuşdur. Respublikada elmin inkişafının bütöv bir dövrü bu dahi insanın adı ilə bağlıdır. 1945-ci ildə o, Azərbaycan SSR EA-nın akademiki, Rəyasət heyətinin üzvü və EA Neft İnstitutunun direktoru seçilmişdir.