Torpaq; uğrunda ölən varsa vətəndir



Yüklə 21,39 Kb.
tarix07.03.2017
ölçüsü21,39 Kb.
#10484
Eroziya; torpağın xərçəng xəstəliyi
Azərbaycan torpaqlarının eroziya problemi və mühafizə üsulları
“Torpaq; – uğrunda ölən varsa vətəndir” bu müqəddəs deyim, eləcədə bu torpaq bu vətən babalarmızın yadigarıdır bizlərə. Zaman-zaman igid azəri oğulları öz qanları ilə təsdiqləyib bu sözləri. Istər yeraltı, istərdə yerüstü sərvətlərilə, yüksək məhsuldarlıqlı, bərəkətli torpaqlarımiz bir “yağlı tikə” kimi hər zaman düşmənlərimizin diqqət mərkəzində olub. Lakin bu torpağın yetirdiyi igid oğul və qizları qanları hesabına olsada vətənimizi göz-bəbəyi kimi qoruyaraq bizlərə ötürmüşdür. Təsüflə qeyd etməliyik ki, bizlər bu ənənəni davam etdirə bilmirik. Torpaqlarımızın 20 %-i erməni işğalçiları tərəfindən işğal olunduğu bir vaxtda yerdə qalan hissənin 50 %-ni bu və ya digər şəkildə eroziya problemi “işğal” edib. Məsələ burasındadır ki, qüdrətli ordumuzun sayəsində 20 % torpaqlarımızın erməni işğalçılarından çox yaxın zamanda geri qaytarilacağını bildiyimiz halda eroziya üzərində qələbə demək olarki mümkünsüzdür. Bu gözəgörünməz “düşmən”lə mübarizə artıq qlobal problemə çevrilib

İlk öncə eroziya anlayışı haqda məlumat vermək istərdik. Eroziya termini latınca “eresio” sozünden götürülüb, mənası yuyulma, dağılma deməkdir. Ümumilikdə eroziya anlayışı geniş məna kəsb edir. Torpaqla bərabər bir çox sahələrdə tibbdə, texnologiyada, sosilogiyada və s. işlənir. Eroziya müasir dövrümüzdə torpağın ən mühüm problemlərindən sayılır. Hətta bəzi mütəxəssislər torpaq erozisyasını xərçəng xəstəliyi ilə müqayisə edirlər. Bu da təsadüfi deyildir. Belə ki, hələ də eroziyanın qarşısını tam şəkildə almaq mümkün deyildir. Eroziya nədir? Onun törətdiyi fəsadlar torpağa necə təsir edir? Bütün bu suallara aydınlıq gətirmək üçün eroziya prosesi haqda məlumatlara nəzər yetirək. Adından da göründüyü kimi eroziya prosesi nəticəsində torpaqlarının yuyulub dağılması, elmi dillə desək deqrodasiyası baş verir. Ümumilikdə eroziyanın iki forması vardır. Su eroziyası və külək eroziyası. Su eroziyası əsasən mayili sahələrdə suyun yuma qüvvəsinin təsiri nəticəsində yaranır. Əsasən dağlıq ərazilərdə sel sularının torpağı yumasını aydın şəkildə görmək olar. Hətda bəzən yuyulma o qədər dərin olur ki, ərazidə yarğanlar, dərələr əmələ gəlir. Respublikamızda bu problemin öyrənilməsilə K.Ə.Ələkbərov, Ə.Ə.İbrahimov, Q.H.Həsənov, Q.Ş.Məmmədov və digər görkəmli alimlər məşğul olmuşdur.

Respublikamızda eroziya təhlükəli ərazilər arsında Böyük Qafqazın yaylaqları daha təhlükəlidi. Bu da həmin ərazinin mayilliyinin yüksək, sel sularının çox olması ilə əlaqədardır. Eroziyanın yaranmasında insanın təsərrüfat fəaliyyəti və ana təbiətə lüzumsuz müdaxilə əsas rol oynayır. Buna misal olaraq yaylaqlarda iri və xırda buynuzlu heyvanlarin nizamsız səkildə yamaclara çıxarılmasını göstərmək olar. Belə ki, hər hektara iki-üç baş iri buynuzlu və beş-altı xırda buynuzlu heyvan norma olduğu halda, sürü halında otladıqda heyvan ləpirlərinin su ilə yuyulması baş verir ki, bu da eroziya prosesinin sürətlənməsinə gətirib çıxarır. lakin insanların eroziya prosesinin sürətlənməsinə təsiri bununla bitmir. Meşələrin qırılması, yanğınların nəticəsində bitki örtüyünün məhv olması, səhralaşma və s. insanın yaratdığı suni problemlər səbəb olur.

Qeyd etdiyimiz kimi eroziya prosesi təbii proses olub təbiətdə ardı kəsilmədən gedir. Bu prosesə insan müdaxiləsi olduqda isə həddən artıq sürətlənmə baş verir. Sadə bir misala nəzər yetirək. Əgər balta dəyməmiş meşə ilə örtülü olan yamaclardan ildə bir hektardan 5-10 kq torpaq yuyulursa, onda prosesin bu cür intensivliyi nəticəsində torpağın 20 sm yuyulması üçün 200-400 min il tələb olunur. Eyni zamanda hər il 1 hektar ərazidə 1-5 ton torpaq bərpa olunur. Belə halda müxtəlif torpaq-iqlim zonalarında 20 sm qatın əmələ üçün 2000-4000 il vaxt tələb olunur (M.N.Zaslavski, 1979). Deməli, təbii səraitdə bitki ilə yaxşı örtülmüş yamaclardakı torpaqların yuyulması, adətən onların formalaşmasına nisbətən çox yavaş gedir.

Əvvəldə qeyd etdiyimiz kimi eroziyanın 2-ci növü külək eroziyasıdır. Buna defilyasiya da deyirlər. Eroziyanın bu növü su eroziyasından fərqli olaraq dağlıq ərazidə deyil, düzən sahələrdə baş verir. Eroziyanın bariz nümunəsi torpaqların küləklə sovrulmasıdır. Külək eroziyası toz fırtınası və gündəlik deflyasiya şəklində baş verir. Toz fırtınaları 3-20 ildən bir təkrərlanır. Onlar əkin ilə birlikdə torpağın 15-20 sm -ə qədər üst qatını aparmaqla torpaqları dağıdır və təsrrüfatlara böyük ziyan vurur. Toz fırtınası zamanı torpağın iri hissəcikləri kiçik məsafələrə aparılır, müxtəif maneələr tərəfindən və relyefin alçaq hissələrində tutulub saxlanılır. Torpağın ən kiçik hissəcikləri isə hava suspenziyası şəkilində sovrulma mənbəyindən on, yüz və hətta min kilometr məsafələrə aparılır.

Bu gün eroziya probleminin belə qorxunc şəkil almasında meşələrmizin kütləvi şəkildə qirilaraq məhv edilməsi əsas rol oynuyur. Məlumdur ki, vaxtilə Azərbaycanın nəyinki dağlıq əraziləri hətta düzən əraziləri də meşələrlə örtülü olmuşdur. Təsadüfi deyilki, böyük təbiətşünas alim, marifpərvər Həsən bəy Zərdabi Muğan və Mil düzlərinin vaxtilə meşələrlə örtülü olduğunu, burada bulaqların və kanalların olduğunu göstərərək 1899-cu ildə “Kaspi” qəzetində dərc etdirdiyi “Zaqafqaziya bozqırlarının meşələşdirilməsi” adlı məqaləsində yazır: “Təsüflər olsun ki, bizim vilayətin tarixi, xüsusən onun topoqrafiyası naməlum qaranlıqlarala örtülüdür və ona görə qədimdə olan meşələrimiz barədə ətraflı danışmağa mümkünatımız yoxdur. Lakin Muğan, Mil və Şirvan bozqırlarında köhnə suvarma kanallarının, qədim şəhər və kəndlərin qalıqları, eləcədə Mil düzünün bəzi yerlərində indiyədək qalmış bir sira ağaclar onu göstərir ki, burada həyat vaxtilə bulaq kimi qaynayırdı, ucaboy ağaclar bitirdi”

Ədəbiyyatlara isdinad edərək verdiyimiz bu məlumatlar eroziyanın qlobal problem olduğunu açıq şəkildə göstərir. Bu gün dünya əhalisinin yüksək artımı nəticəsində ərzaq məhsullarının azalması kənd təsərrüfatının daha da önəmli etmişdir. Belə bir şəraitdə respublikamızın ərazisində olan əkinə yararlı torpaqların eroziyadan qorunması vacib əhəmiyyət kəsb edir. Eroziya prosesinin qarşısını almaq mümkün olmasa da ləngitmək və yaxud da təbii sürətində saxlamaq olur. Bunun üçün nə etmək lazımdır? Ana təbiətimizi bu bəladan qorumaq üçün üzərimizə hansı vəzifələr düşür? Bunun üçün kompleks tədbirlər kimi aşağıdakıları həyata keçirmək məqsədəuyğundur.

Torpaqların suyun və küləyin təsirindən dağılmaqdan qorunması üçün görülən tədbirlər sistemində torpağın düzgün becərilməsi böyük əhəmiyyət kəsb edir. Onun üsulları əksər hallarda müxtəlif olur. Yuyulmanı və axını azaltmaq üçün işlərini ilk növbədə torpağın sukeçiriciliyinin və sututumunun artması istiqamətində aparmaq lazımdır. Buna görə dərin yumşaltma yağıntıların axımına qarşı mübarizədə mühüm üsullardan biridir. Torpağın bərkiməsi isə güclü yamac axımının əmələ gəlmə təhlükəsini artırır. Torpaqların yuyulmaqdan qorunması üçün mühüm üsul yamaclarda torpağın kontur şəklində becəriməsidir. Lakin bu üsul torpağın sovrulmasının azalmasına əhəmiyyətli təsir edə bilmir. Belə ki, əvvəla məlum olduğu kimi, hava axınları yerin horizontalına yalnız perpendikulyar istqamətdə hərəkət etmir, ikincisidə torpağın sovrulması əksərən yamaclarda deyil, düzən ərazilərdə baş verir. Dik yamaclarda dincə qoyulmuş torpaqları şumlayanda şiddətli eroziya prosesi müşahidə olunur və bir sıra hallarda leysan yağışlar düşdükdə torpaq daha çox yuyulur. Bunu nəzərə alaraq dincə qoyulmuş torpaqlardan istifadə etdikdə və ya əkilmiş sahəni yumşaltdıqda şumlanmamış zolaqlar saxlamaq lazımdır. Burada zolaqların eni 10-30 m götürülə bilər. Saxlanılmış ot zolaqları yamacın yuxarısından gələn su axını qəbul edərək torpaqların yuyulub dağılmasını azaldır, zolaqlar arasında becərilən kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını artırır.

Torpaq eroziyası ilə mübarizə probleminin həllində hər şeydən əvvəl onun baş verməsinə səbəb olan amilləri aradan qaldırmaq lazımdır. Yamaclarda torpaqların su-fiziki xassəllərini yaxşılaşdırmaq və bununla da yağış sularının tamamilə torpağa hopmasını təmin etmək üçün bitki örtüyü olmayan sahələrdə mədəni bitkilər əkmək, mineral və üzvi gübrələrdən geniş istifadə etmək lazımdır. Bununla əlaqədar olaraq torpağın struktru və su sızdırması yaxşılaşır, düşən yağıntılar torpağa hopur, səthi su axının əmələ gəlməsi və torpaqların yuyulması müşahidə edilmir. Eroziyanin

Qarşısının alınmasında bitkilərin rolu çox böyükdür. Burada çoxillik bitkilər daha effektiv nəticə verir. Birillik bitkilərdən isə eroziyaya qarşı mübarizədə ən çox əhəmiyyət kəsb edən payızlıq buğda, payızlıq arpa, və başqa əkilən dənli bitkilərdir. Onlar payızda yazın əvəllərində torpağı eroziyadan qismən qoruyur, may ayından iyul ayına qədər olan müddətdə isə yaxşı mühafizəedici örtük əmələ gətirirlər.

Respublikamızda mühüm problemlərdən biridə külək eroziyasının qarşısının alinmasıdır. Xüsusən Abşeron yarmadası üçün xarakterik olan eroziyanın bu növündə əsas məsələ qum sovrulmalarının qarşısının alınmasıdır. Beləki, ərazidə olan açıq qum təpəcikləri külək vasitəsilə sovrularaq, yaşayış məntəqələrini, dəmir və şose yolları, suvarma kanallarını, əkin və bağ sahələrini və s örtürki, buda insanların yaşam tərzinə mənfi təsir edir. Sovrulmanin qarşısini almaq üçün həmin təpəciklərin səthini nazik gil qatı, bitim emulsiyası və ya neft tullantıları ilə örtmək mümkündür. Bundan başqa komleks tədbir kimi, qum vələmiri, çayır, biyan, dəvətikanı, kalış və s ərazi üçün xarakterik olan bitkilərdən istifadə etmək mümkündür

Bütün qeyd olunanları ümumiləşdirərək bu nəticəyə gəlmək olar ki, müasir dövrdə yer kürəsində ərzaq çatışmamazlığını nəzərə alaraq eroziya probleminə qarşı mübarizə üsulları dövlətin nəzarətində olmali və başlica olaraq cəmiyyətdə kütləvi marifləndirilmə işləri aparılmalıdır. Möhtərəm prezidentimiz cənab İlham Əliyevin “regionların iqtisadi inkişafı” adlı dövlət proqramını təsdiqləməsi, kənd təsərüfatının inkişafı baxımından məsələni dahada önəmli edir.



Dayandur TAĞIYEV
“Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi birgə müsabiqəyə təqdim etmək üçün”
Yüklə 21,39 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin