Trablisdə türklərlə italyanlar arasında olan hərbi təsvir edir



Yüklə 298,83 Kb.
səhifə1/3
tarix24.04.2017
ölçüsü298,83 Kb.
#15713
  1   2   3

www.cafarcabbarli.org


U L D U Z

5 pərdəli faciə


Trablisdə türklərlə italyanlar arasında olan hərbi təsvir edir.

İŞTİRAK EDƏN ŞƏXSLƏR


Ramiz

Ulduz


Xalid

Haris


Əbdürrəhman

Şəmsə


Şüeyb

İzzət paşa

Senusi

Ənvər


Cinner

Yavər


Bir nəfər zabit

Ərəb


BİRİNCİ PƏRDƏ
İstanbul ətrafında, dağlar arasında bir mağara. Haris ayaqda, Ulduz isə rahatsız oturmuş.
U l d u z. Ah! Neyçün bu Ramiz gəlib çıxmadı? Axşamdan getmişlər, səhərə yaxındır, hələ bu vaxta qədər gəlməmişlər. Allah, görəsən başlarına nə gəldi...

H a r i s. Niyə bitablıq edirsən, gələrlər. Tutaq ki, gəlmədilər, nə etməli?

U l d u z. Ox, Haris! Öylə sözü söyləmə. Mənim ürəyim çatlamaq dərəcəsinə gəlir.

H a r i s. Ulduz! Ramiz bir quldurdur. Quldurun diriliyi təhlükə deməkdir. Hər dəqiqəsində bir ölüm qorxusu var. Bu gün deyilsə sabah, o biri gün. Axırda ya vurulacaq, ya tutulacaqdir. Sən ki, bir şey olmadan böylə bitablıq göstərirsən, vurulmasını eşidəndə nə edərsən?

U l d u z. Özümü öldürərəm! Mənim bütün yaşadığım onun üçün deyilmi? Mən ancaq onun üçün yaşayıram büsbütün. Onsuz bir dəqiqə, nəfəs almaq belə istəmirəm. Ah, hələ də gəlib çıxmadılar. Yarəbb, sən Ramizi əsirgə! (Dinləyir.) Deyəsən bayırdan səs gəlir. Bəlkə gəldilər (Gedir.)

H a r i s. Ax! Ulduz, sənin yaşadığın Ramiz üçündür, mənim də yaşadığım sənin üçündür. Niyə Ramiz sənin kimi bir mələyi qucar da, mən yox, niyə? Haris insan deyilmi? Yox, yox! Ulduz mənim olacaq! Mən belə bilirəm ki, Ramiz ya vurulub, ya tutulub ki, bu vaxta qədər gəlmədi. İndi tədbir etməli. Onun üçün də Ulduzu... (Ulduz üzgün giriyor.)

U l d u z. Allah, niyə bu Ramiz gəlmədi? Heç bu qədər mənzildən ayrıldığı görünməmişdi.

H a r i s. Ulduz, niyə böylə səbirsizlik edirsən? Ramiz və yoldaşları məscidə ibadətə getməyiblər ki, mütləqən gələcəklərini gözləyirsən. Ramiz oğurluğa getmiş. Bəlkə də vurulmuş.

U l d u z. Xayır! Ramiz quldurluğa getməmiş, Ramiz məzlumları müdafiəyə getmiş. Bir də 'Vurulmuş" sözünü tez-tez deməkdən qəsdin nədir? Məni daha da əzaba salmaqmı istəyirsən? Yoxsa, doğrudan da böylə bir xəbər bilirsən?

H a r i s. Qəsdim səni həmişə, hər şeyə sakit ürəklə baxmağa öyrəşdirməkdir. Yoxsa, böyləliklə, Ramizə bir şey olursa, özünü itirib bəlaya salarsan. Başqa bir Ramizlə yaşamaq mümkün ikən...

U l d u z. Bəsdir... Bir də mənim yanımda böylə sözləri söyləmə, anlayırmısan? Ramizə bir şey olursa, mən də özümü öldürərəm.

H a r i s. Bax, Ulduz, mən bunun üçün də deyirəm. Sənə yazığım gəlir. Mən istəyirəm Ramizdən başqa da sən diriliyini fəda edəcək bir nəfərin olduğunu biləsən. Ona bir qəza üz vərəndə...

U l d u z. Səhv edirsən, çəkil nəzərimdən, iblis! Sən Ramizə, öz yoldaşına xəyanət etmək istəyirsən? Haqq üçün çalışanlara heç bir şey olmaz. Çəkil! Niyə baxırsan gözlərimə? İndi anladım. Sən burada qalmağa layiq deyilsən!

H a r i s. Ulduz, mənim sözlərimi xəyanət sanma. Sən bu dağlar arasında, maneələr içində, mən vətənimdə böyük bir qəbilə rəisi, zəngin bir adamam. Bu incə vücudu...

U l d u z. Çəkil! Uzaqlaş deyirəm sənə, alçaq! (Gedir.)

H a r i s. Yox, olmadı. Daha burada qalmaq olmaz. Ramiz bilərsə, məni öldürər. Yəqin Ulduz dediklərimi ona deyəcək. Ancaq Ramizin bu qədər gec gəldiyindən vurulmuş bilirəm. Ona görə də söz açdım. Hər halda başlandisa bitməli! (Bir şey görmüş kimi tələsik getmək istərkən, Əbdürrəhman girir.)

Ə b d ü r r ə h m a n. Haris, buradasan? Niyə bu Ramiz gəlmədi? Qorxuram, bir şey olmasın...

H a r i s. Əbdürrəhman, gəl sənə bir neçə söz deyəcəyəm.

Ə b d ü r r ə h m a n. Dinləyirəm.

H a r i s. Əbdürrəhman, sən ərəbsən, deyilmi?

Ə b d ü r r ə h m a n. Atam ərəb imiş, özüm də ona oxşar bir şeyəm.

H a r i s. Zarafatı burax, dinlə, sözüm var. Sən ərəbsən, mən də ərəbəm. Burada tək ikimiz, dörd yanımız türklərdir. Onların bir millətdaşını incitdiklərini görürsənsə, kömək edərmisən?

Ə b d ü r r ə h m a n. Məzlum kim olursa-olsun müdafiə edərəm.

H a r i s. Xüsusən, bir ərəb olursa?

Ə b d ü r r ə h m a n. Mən "xüsusi" bilmərəm. Məzlum hanki millətdən olursa, məzlumdur. Ona kömək edilməlidir.

H a r i s. Öylə isə dinlə, Əbdürrəhman. Sən bilirsən ki, mən böyük bir qəbilə rəisiyəm. Şeyx İdris kimi bütün Yəmən diyarına hakim bir şəxs mənim dayımdır. Mən Benqazidə olurdum. Fəqət bir hadisə məni müvəqqəti oradan çıxıb, istanbula gəlməyə məcbur etdi.

Ə b d ü r r ə h m a n. Onlar keçib. Bir şey deyəcəydin?

H a r i s. Dinlə, mən İstanbula gəldim. Səni mən uşaqlıqdan tanıyırdım. Səninlə görüşdüm. Sən məni bu quldur mağarasına gətirdin. İdi iki aydır ki, buradayam.

Ə b d ü r r ə h m a n. Bura quldurlar mağarası deyil. Burada olanlar zülmə qarşı özləri cəza vərib, hökumət tərəfindən təqib olunanlardır. Onlar bir müdafieyi-məzluman heyəti düzəltmişlər. Ona görə də bura haqq tərəfdarlannm mağarasıdrr.

H a r i s. Nə olursa-olsun, adi quldurlar mağarasıdır. Bizə quldur deyirlər, deyilmi?

Ə b d ü r r ə h m a n. Bu onunçundur ki, burası əvvəl, doğrudan da, quldurlar yuvası idi. Biz də gəlib onlara qoşulduq. Fəqət Ramiz gələndən sonra işlər büsbütün dəyişdi. Bura gələn bir məzluma zülm etdiyimizi gördünmü? Həmişə zalımları əzib, məzlumları daldaladığımızı görmürmüsən? Xalqın sözünə nə baxırsan?

H a r i s. Hər halda biz ikimiz burada ərəbik. Bizim başçımız Ramiz və bütün yoldaşlarımız türklərdir. Biz, bir şey olursa ikimiz təbii bir-birindən kömək istəməliyik.

Ə b d ü r r ə h m a n. Burada hamı yoldaşdır. Birinə gərək olan köməyi hamı etməlidir. Tutaq ki, ikimiz köməkləşməliyik. İndi nə olmuş? Bir şeyə ehtiyacın varsa, gözlərim üstə.

H a r i s. Əbdürrəhman, Ulduz, sərkərdəmizin sevgilisi məni sevir. Mən də onu. Bu vaxta qədər də ancaq onun üçün burada qalmışam.

Ə b d ü r r ə h m a n. Necə, Ulduzmu? Ulduz sənimi? Sevirmi dedin? Xayır, xayır səhv etmisən! O, hər kəsi sevər, hər kəsi gülər üzlə, şirin sözlə qarşılar. Ancaq sənin gözlərinə başqa görünmüşdür.

H a r i s. Mən uşaq deyiləm ki, sevir deyirəm sənə. Hətta...

Ə b d ü r r ə h m a n. Qətiyyən! Səhv etmisən. Ya da yalan deyirsən. Ulduzmu? Sənimi? Yuxu görürəm? Sən bilirsənmi kimdir Ulduz? O, bir paşa qızıdır. Ramiz bir mülazım. Bunlar bir-birini sevmişlər. Paşa qızını təbii mülazımə vərməzdi. Bir də həmin bu Ulduz sultan saraylarında şahzadələr tərəfindən həsrəti çəkilərkən, getmədi. Xalqın quldur dediyi bu məxluqun arasına Ramizlə bərabər gəlməyə razı olmuş. Bu quldurlar, heyvanlar gəzə bilməyən dağların arasında, mağarada tək Ramizin xatiri üçün yaşayır və bu diriliyindən də razıdir. Atasını, anasını, adını, diriliyini belə tək Ramizə fəda edən bir qız, indi sənimi sevir deyirsən? Qətiyyən!..

H a r i s. Əbdürrəhman, Ulduz kim olubsa-olub, fəqət sözlərimə inanmalısan. Əbdürrəhman, zahir batinin tərsini göstərən bir güzgüdür.

Ə b d ü r r ə h m a n. Ürəyini də gördük! Öz əmrinin, öz yoldaşının hərəminə xəyanət kimi namussuzluq edirsən, alçaq.

H a r i s. Əbdürrəhman!

Ə b d ü r r ə h m a n. Yetər, sus! Artıq bilirik, yoldaşına xəyanət edən bir xaini bu mağara qəbul etməz! Ərəbliyin təəssübü olaraq sənə dəymirəm. Sübhə kimi bu mağaranı tərk etməlisən. Yoxsa itlər kimi səni həlak edərəm. (Gedir.)

H a r i s. Bu da baş tutmadı. Fəqət işlər çətinləşdi. (Düşünür, birdən.) Ha, ha, ha! Sən də get Ramizə şikayətə. Mən özümü itirmərəm. Ulduzu alacağam, vəssalam! (Bayırdan səs gəlir.) Aha, deyəsən Ramiz gəlir. Mən hələlik gedim. Sonra (gedir).

R a m i z (qapıdan). Haydı, qardaşlar! Sübhə az qalib. Gediniz yatınız, dadlı yuxular! (Ramiz, Xalid girirlər.) Ox! Bu gün özümdən nə qədər razıyam. Yoruldunmu?

X a l i d. Təbii, əfəndim! Bu qədər çalışdıqdan sonra insan yorulmazmı?

R a m i z. Mən heç yorulmadım. Yazıq Tofiqin ağlayaraq sevdiyilə qucuşması və sevincindən dili tutulub təşəkkür ərz edərək, ayağıma yıxılıb öpməsini görüncə, bədənim titrədi, ağladım. Ox, bir zamanlar mən də onun kimi sevdiyimdən zorla ayrılmişam. Ona görə onu çox gözəl anlayırdım. Gecə-gündüz bu yolda çalışarsam, yorulmaram. Əcəba, Ulduz nərədə? Sevincimdən özümü o qədər itirmişəm ki, içəri girib Ulduzu görməmişəm. Hələ də haraya getdiyini sormuram. Xalid, baxsana, Ulduz nərədədir? (Xalid gedir.) Nə etməli? Hər şey bir qorxu yaradır. Diriliyimizə böylə, hər dəqiqəsi bir əzab, hər əzabı bir sevinc, hər sevinci bir göz yaşı. Əcəba, Ulduz nərəyə getmiş olsun? Görüm nə oldu. (Çıxarkən Xalid girir.) Nə oldu? Xalid, gördünmü?

X a l i d. Xayır, əfəndim. Əbdürrəhman ilə getdiyini deyirlər.

R a m i z. Ehtimal ki, mənim gec gəlməmdən narahat olub, məni axtarmağa getmiş. Yazıq Ulduz! Doğrudan da mənim ona çox yazığım gəlir. Hələ dünən ana qoynundan ayrılan bu qızcığaz, bu dağlar, qayalar arasında yaşayır, daimi bir əzab, qorxu, təhlükə içində çarpışır, inciyir. Onun bu halını görəndə, mənim ciyərim parçalanır. Fəqət nə etməli? Ox, İzzət paşa, İzzət paşa! Məni də bədbəxt edib, dağlara, daşlara saldm, öz qızını da! Ah, hələ də Ulduz gəlmədi. Ürəyim darıxır. Başma bir şey gələcəyindən qorxuram. Xalid, yorğun olsan da bir gör yoldaşlardan kim varsa, birini onları axtarmağa göndər. Zəhmət də olursa, amma...

X a l i d. Xoşdur, əfəndim! (Gedir.)

R a m i z. Yazıq Ulduzun mənim üçün bu qədər inciməsi məni sıxır. Saraylarda prinslər həsrət ikən o, bu quldur adi daşıyan xarabaya gəlmiş, quldur adlanan bir kütlə ilə yaşayır. Ox, quldur! Bu çirkin ad mənim vicdanımı didir, parçalayır. Mən dünən kim idim? Açıq alınlı bir əsgər! Bu gün kiməm? Qaraüzlü bir quldur! Nə qədər də çirkin bir ad! Nə qə­dər məzlumlara kömək edirəm, zalımları sıxıram, zənginlərdən alib, yoxsullara verirəm, yalnız Ulduzumun xatiri üçün bu mağarada qalıramsa da bu mənfur adın üzərimdə olduğunu düşünəndə varlığım inləyir, müəzzəb olur. (Xalid girir.)

X a l i d. Göndərdim, əfəndim! Doğrumudur deyirdilər, harayasa getmək istəyirmişsiniz?

R a m i z. Xalid, bu mənfur quldur adını üzərimdə gəzdirə bilmirəm!

X a l i d. Biz ki, həmişə məzlumlara kömək edirik. Qoyun nə deyəcəklərsə desinlər.

R a m i z. Əməlimizə baxan varmı? İnsanlara mələklər qədər məhəbbət, peyğəmbər qədər yaxşılıq edirsən, yenə bizə quldur deyirlər. Namuslu bir adama bir dəfə quldur dedilərmi - həmişəlik vicdan əzabına düşməsi üçün yetər. Nə etməli, hara getməli? Ah, İzzət paşa, İzzət paşa! Əcəba, bu Ulduz niyə gəlib çıxmadı? Yoxsa yazığı tutdular? Aman Allah, bağrım çatladı! Ardınca gedəcəyəm!

H a r i s (girir). Ya əmir! Bir neçə kəlmə sizinlə xəlvəti danışmaq istəyirəm.

R a m i z. Söyləyiniz! Nə işdir? Mənim ki, Xaliddən, bəlkə yoldaşlarımızın heç birindən gizli bir işim yoxdur.

H a r i s. Ya əmir, sözlərim son dərəcə gizlidir.

X a l i d. Əfəndim, mən onsuz da yoruldum. Müsaidə vərərsiniz, gedərəm.

R a m i z. Çoxgözəl, hələlik! (Xalid gedir.) Söyləyiniz, yoxsa Ulduzdan bir xəbər gətirdiniz?

H a r i s. Doğru zənn etdiniz, Ulduzdan!

R a m i z. O yazıq Ulduz tutulmuşmu? Yox, yox, bu saat bütün İstanbulu alt-üst edib ya Ulduzu xilas edərəm, ya özümü öldürərəm. Söyləyiniz! Ulduz nərədə?

H a r i s. Ya əmir, söyləyəcəyəm. Ulduzun tutulması, ya bədbəxt olmasi haqqında deyil... Sizin... Sizin... (Susur.)

R a m i z. Söyləyiniz? Söyləyiniz, nə olmuş? Bağrım çatladı!

H a r i s. Ya əmir, siz bilirsiniz ki, mən ərəbəm. Bilirsiniz ki, ərəblər öz əmirlərini nə qədər sevirlər. Xüsusən, sizin kimi mərhəmətli bir əmiri! Əlavə, bir neçə aydır mən sizinlə çörək yedim. Yoldaş oldum. Deyəcəyim söz sizin üçün arzu olunmayan və mənə qəzəbinizi tutdura biləcək bir söz isə də, sizə olan məhəbbətim və yoldaşlıq vəzifəm məni açıq söyləməyə məcbur edir.

R a m i z. Nəhayət, söyləyəcəkmisiniz? Və ya məni əzab və intizar altında öldürmək istəyirsiniz?

H a r i s. Ya əmir! Ulduz... (İblisanə bir səslə geri çəkilir və cəsarət etmirmiş kimi susur.)

R a m i z. Nə olmuş? Ulduz vurulmuşmu?

H a r i s. Xayır!

R a m i z. Tutulmuşmu? Təhlükədəmi?

H a r i s. Ya əmir, xayır!

R a m i z. Büsbütün sərbəstmi?

H a r i s. Əvət, ya əmir!

R a m i z. Şükür, yarəbbi! Nəhayət, söyləyiniz nə olmuş?

H a r i s. Ya əmir, Ulduz... Ox, cəsarət etmirəm, daha doğrusu, sizə əzab vermək istəmirəm. Bağışlayınız...

R a m i z. Bu nə tərəddüd?! Vallah bir qədər də söyləməsəniz, dəli olacağam.

H a r i s. Söyləməyə cəsarət etmirəm. Qoyun bu söz mənim ürəyimdə qalsın.

R a m i z. Aman Allah, bağrım çatladı. Məni əzab içində öldürməkmi istəyirsən? Nəhayət söyləsənə, hökm edirəm!

H a r i s. Ya, əmir, Ulduzdan... Ulduzdan əminmisiniz?

R a m i z. Anlamayıram, açıq söyləyiniz. Nə demək istəyirsiniz?

H a r i s. Ya əmir, Ulduz başqasını sevir!

R a m i z. Necə? Ulduz başqasını sevir dedin?!

H a r i s. Əvət, ya əmir! (Ramiz acıqlı.)

R a m i z. Sus, məlun! Yoxsa, bu saat vücudunu dünya üzündən yox edərəm.

H a r i s. Əvət, ya əmir! Həqiqət acı olar! Mən əvvəldən bunu bilir və demək istəmirdim.

R a m i z. Yarəbb! Ulduz da mənə xəyanət edərmi? Of... Ulduz... Ulduz...

H a r i s. Bu acı həqiqət sizi acıqlandıracağını və məni dinləməyəcəyinizi bilirdim. Fəqət mənim sizə olan məhəbbətimi, bu qara həqiqəti dinləməsəniz də...

R a m i z. Həqiqətmi? Söylə! Söylə! (Üzülür.)

H a r i s (kənara). Özünü itirdi. Sillə bərk tutmuş! Ya əmir! Acıqlanacaqsınız deməyim.

R a m i z (üzgün). Söylə!.. Söylə dinləyirəm!

H a r i s. Ya əmir, Ulduz sizin hərəminiz... Sizin hərəminiz başqasıyla müaşiqə və müailə...

R a m i z (sözünü kəsir). Bəsdir! Allah eşqinə sus, zalım! Mənim həyatımı qırdın, yetər! Ah, Ulduz! Yolunda çirkin quldur adınnnı üzərimə götürüb, bu vicdan əzabı ilə dağlara-daşlara düşən, bədbəxt Ramizi... Söylə! Kiminlə?

H a r i s. Əbdürrəhman ilə.

R a m i z. Yarəbb! İkinci zərbə! Göz bəbəyim kimi sevdiyim bir adam! Əbdürrəhman özünü mənə mələklər kimi məsum, peyğəmbərlər qədər də doğru göstərən bir adam! Əbdürrəhman... Böylə bir adamın da xəyanətini görəndən sonra, insanlara etibar qalarmı?

H a r i s. Ya əmir, Əbdürrəhman ərəbdir. Mən də ərəbəm. Bilirsiniz ki, ərəblər nə qədər mütəəssib olar, bir-birini saxlarlar. Görünüz nə qədər sizə məhəbbətim var ki, öz həmcinsimin, bir ərəbin xəyanətini gizləməyib sizə deyirəm. Mən bu işin qabağını almaq üçün hər ikisi ilə mücadilədə oldum, mümkün olmadı. Budur, Ulduzun Əbdürrəhman ilə haraya getdiyini bilmirsiniz. Ehtimal ki, gəlib, sizi axtarmağa getdiklərini söyləyəcəklər. Amma...

R a m i z (sözünü kəsir). Yetər! Ox, bədbəxt Ramiz! Tək onun üçün yaşadığın bir qız da - Ulduz da sənə xəyanət edir! Sənin müqəddəs məhəbbətini canavarlar kimi çamurlara çırpıb tapdalayır. Artıq niyə yaşayırsan, öl! Ramiz, öl!..

H a r i s (sükutdan sonra). Ya əmir! Dünyada etibar yox. İnsan bu gün bir cürdür, yarın bir cür. Bu gün doğru və yarın xain. Bu gün birinin yolunda diriliyini fəda etmək dərəcəsinə gələr, yarın həmin adamın diriliyini yox etməyə çalışar. Bu gün sevər, yarın usanar. Bu gün söz verir, yarın unudur və ya qaçır. Bu gün birinə vurulur, yarın o birinə. Dildə bir, ürəkdə başqa. Sözdə bir, işdə başqa...

R a m i z. Yetər, yetər! Artıq mənimki vəzdən keçmiş. Əbdürrəhman... Ah, Ulduz! Ulduz...

H a r i s (tərəfə). Bitdi. Ölümdən qurtardım. Ox nişana sancıldı!

Ulduz (gələrək və gülərək). Əbdürrəhman, çox razıyam. Get, rahat ol. Ramizin divanını mən edərəm.

H a r i s. Ya əmir, mən gedim. Gördünüzmü nə dedi? Sizin həyatınız üçün də qorxuram. (Haris getmək istərkən, Ramiz əli ilə onu dayandırır. Haris gizlənirmiş kimi bir küncə çəkilir. Ulduz onu görməz, sevinərək Ramizə doğru yönəlir və məsumanə bir səslə.)

U l d u z. Ramiz, niyə belə gec gəldin? Bilmirsən ki, yazıq Ulduz sənsiz əzab çəkir?

R a m i z. Əzabıni çəkirsiniz, yoxsa başqaları ilə sevişirsiniz, müaşiqədəsiniz?

U l d u z. Bu nə sözdür (baxınır, Harisi görür). Anlamadım, ah! Paşa qızı ikən yolunda quldurlar mağarasına gəlməyə razı olduğum bir adam, bir xainin sözü ilə məndən şübhə edir! Daim bir əzab, qorxu, məşəqqət içində - bu da son mükafat! Ölüm! Ölüm! Böylə dirilikdən gözəldir!

R a m i z. Söylə, Əbdürrəhmanla haraya getmişdin?

U l d u z. Özün ki, bilirsən, sormaya nə lüzum?

R a m i z. Əbdürrəhmanı sevirmisən?

U l d u z. Sevirəm!

R a m i z. Bəs məni? Məni sevirmidin?

U l d u z. Bir tərəfli, bir rəngli həyat insanı usandırır. Bir zamanlar səni sevirdim. O qədər sevirdim ki, hətta vəhşilər kimi dağlara, çöllərə düşməyə razı oldum. İndi isə usandım. Ancaq onu sevirəm!

R a m i z. Yetər! Yarəbbi, Ramizin güllələr parçalamayan ürəyini bir qadının sözləri iləmi parçalayacaqsan? Of, qadınlar! Əbdürrəhman...

U l d u z. O müqəssir deyil. Mən onu sevirəm! O isə mənim məhəbbətimi rədd edir.

R a m i z. Bəsdir! Get, sevdiyini də al, istədiyiniz yerə gediniz. Get, artıq mənim gözümə toxunma!

U l d u z. Mən bir mülazımə qulmu yarandım ki, ona itaət edim. Səninlə burada oldumsa, onunla da burada olmaq istəyirəm.

R a m i z. Ox, alçaq qadın! Söyləməyə, cəsarət də mi edirsən? (Qalxır boğazından tutur, əli boşalır, buraxır.) Ox, Ulduz, Ulduz! Yarəbbi, mənim ki, bütün diriliyim, bütün yaşayışım ona bağlıdır! Haris, apar öldür! Ancaq o vücuda yara vurma!

H a r i s. Ya əmir, zəhər ilə (kəndinə). Zəhər əvəzinə bihuşdan. Məst olurkən və onunla birbaş vətənim Trablisə! İstədiyim də bu! Gedək!

U l d u z. Ha, ha, ha! Ərlər, ərlər! Ürəyinizdə o qədər saflıq yox ki, bu böhtana qiymət qoysun. Mənim saf məhəbbətimi unudub, küçələrdə gəzinən ərsizlər kimi məhəbbətimi üzümə çırpırlar! Böylə bir mühitdə yaşamaq ölümdən gözəlmi? Haşa! Ölürəm. Sevdiyim tərəfindən son mükafat! Gedək, gedək xain! (Gedirlər.)

R a m i z. Ah, Ulduz! Məhəbbət deyə bəslədiyim alovlu, yandırıcı hisslərin sonu bumu? Mənim ki, bütün diriliyim sənin üçün idi. Zalım, indi sən ölüməmi getdin? Sus, ey mənim ürəyim, niyə çırpınırsan? Niyə döyünürsən? Niyə inləyirsən? Sənin məhəbbətini təhqir etdilər. Səni sevmirlər! Ey qara divarlar! Niyə gülməyirsiniz? Bədbəxtliyəmi? Yox, yox, ağlayırsınız, Ulduzuma yasmı saxlayırsınız? Haris, cəllad, yırtıcı! Necə də qıyıb o zəif vücudu öldürəcək! O bir zamanlar sevgilə çırpınan ürəkciyi susduracaq! O, isti bədəni soyudacaq! Allah, Allah, mənim ki, bütün varlığım onun üçün idi. Ah, Ulduz, Ulduz! Bu daşürəkli kobud insanın əlində ölmək üçünmü məni sevirdin? Ulduz! Yox, qoymaram! Bəlkə yeni sevgi onu xoşbəxt edəcək, bu mənə bəsdir! Qoymaram! (Getmək istəyir, durur.) Artıq vaxt keçmiş, bitdi. Artıq mənim də qalmağım yersiz! (İntihar.) Oh, yararsız, rəzil bir quldur özünü öldürmüş! Ulduz!.. (Xalid girir.)

X a 1 i d. Əfəndim, Əhməd Rəhmi gəlmiş. Tofiqi sevdiyilə İstanbuldan yola saldığını söyləyir. (Sükut.) Əfəndim, Əhməd Rəhmi deyir ki, bu gün İtaliya hökuməti hökumətimizə elani-hərb edib. Trablisi işğal etmişlər. İki qarauzer bizi xəbərsiz bombardıman etmişlər. Deyir, Trablisdə əsgərimiz az, göndərməyə yol yox, düşmən qüvvətli. Bu gün şəhərdə camaat bərk həyəcanda imiş.

R a m i z. Tapdım, Xalid! Yoldaşları oyat, yanıma çağır, sözüm var. (Xalid gedir.) Gözəl təsadüf, ölüm arayırdım, iştə ölüm! Üzərimdə olan çirkin quldur adını silmək, igid bir əsgər kimi düşmənlərlə çarpışıb vətənim üçün ölmək! Pak əsgərə yaxşı bir ölüm arayırdım. Budur istədiyim ölüm. Könüllü gedəcəyəm!

X a l i d (daxıl olur). Gəldilər, əfəndim! (Yoldaşlar gəlir.)

R a m i z. Qardaşlar! Özünüz bilirsiniz, mən çoxdan bir əsgərə yaraşmayan bu çirkin quldur adından əzab çəkirdim və çirkin bir ad ilə söylənirdim. Artıq, qardaşlarım, mən bu adı çəkmək istəmirəm! İtaliya hökumətimizə elani-hərb etmiş. Mən səadətlə ölməyin yolunu buldum! Vətən yolunda ölmək kimi böyük bir səadəti mən çoxdan gözləyirdim. Vaxt gəlmiş, mən gedirəm. Qardaşlar, Özünüzə başçı seçin.

X a l i d. Əfəndim, vətən yolunda ölməyə mən də gedirəm!

Ə b d ü r r ə h m a n. Trablis sizdən əvvəl mənim vətənimdir. Mən sizdən də əvvəl gedirəm!


Səslər.

Mən də gedirəm! Mən də! Mən də gedirəm! Mən də!


R a m i z. Əbdürrəhman! Səndəmi buradasan? Haydı, qardaşlar! Madam ki, hamınız vətən uğrunda ölmək istəyirsiniz, gedək! Əlvida, ey qara divarların arasında, quldur adı altında didilib Ulduzumun qoynunda olduğum üçün bəxtiyar olduğum mağara! Haydı qardaşlar, gedək!
Pərdə düşür

İKİNCİ PƏRDƏ


Benqazi. Zəngin bir ərəb evi. Ulduz və Şəmsə.
U l d u z. Ax, Şəmsə! O zaman mənim bütün varlığım titrəyirdi. Müsibət və əzab məni boğurdu. Bu çirkin adın üzərimə atılması, daha doğrusu, Ramizin buna inanmış kimi görünməsi bir iti xəncər kimi bağrıma yerləşdi. Mən onu təhqir etməyə çalışırdım. İstəyirdim məni öldürsün. Sonradan işi anlayıb peşman olacağını bilirdim. Günahına görə illər uzunu vicdan əzabı çəkməsini istəyirdim. Əbdürrəhmanı sevirəm deyincə, o... yazıq ildırım vurmuşlar kimi çırpınıb: "Bəs mən" deyə bağırdı. Şəmsə, bu səs mənim qulağımda hələ də cingildəyir! Ox, bu səsdə həm qəzəb, həm də göz yaşı duyulurdu.

Ş ə m s ə. Öylə adamın mən ətini didərdim! Fəqət yazıq özünü itiribmiş. Əhvalatı desəydin, yəqin anlardı. Kişilərə hərəmlərinin xəyanət xəbərindən acı bir şey olmaz.

U l d u z. Kim desə, Ramiz bunu etməməli idi. Çünki yolunda nə qədər əzab çəkdiyimi bilirdi. Özümdən çox sevdiyim bir adamdan da böylə bir şey görəndə ölüm istədim. O da öldürmək istədi. Əli varmadı. Məni öldürməyi qardaşıva tapşırdı. Yazıq son sözündə dayanmayıb, "ancaq o vücuda yara vurma" - dedi. Qardaşın mağaradan çox uzaq, istəkanda bir əcza verdi. Mən zəhər bilib sevgilim tərəfindən son mükafat - deyə son qətrəsinə qədər içdim. Demə, əcza zəhər deyil, bihuşdarı imiş. Ayılınca özümü onun əsiri və vətənimdən çox uzaqda gördüm ki, axırı buraya gəldik.

Ş ə m s ə. Ulduz, o mənim ögey qardaşımdır. O, qədər qansızdır ki, hiylələrindən şeytan da qurtarmaz. O mənim dogma qardaşımın yerində əmir olmaq üçün onu öldürdü. Sonradan müvəqqəti buradan qaçdı. Mən ondan qardaşımın qamm almaq istəyirəm. Ancaq o qədər xəbisdir ki, fürsət verməyir. Heç bir şey məni onu öldürməkdən daşındıra bilməz. Ancaq səni o qədər sevmişəm ki, azad edərsə, hətta o qandan böylə keçməyə hazıram.

U l d u z. İndi mən tərsliyimdən peşman olduğum kimi, onun da olduğunu bilirəm. Hələ özünü öldürməsindən qorxuram. Ox, indi düşünürəm, mənəm müqəssir. Mən bədbəxt öz sevgilimi zəhərli ilanlar kimi ürəyindən sancdım. Ah, bir də Ramizi görsəydim, barı üzr istəməyə...

Ş ə m s ə. Ulduz, mən səni onun əlindən qurtarmağa bütün qüvvəmlə çalışaram. Bunun üçün nə qədər qorxunc yol olsa, hətta onu öldürmək böylə lazım gələrsə, çəkinmərəm. Onsuz da ürəyimdə qardaş dağı... hər halda qorxma! Mən ərəb qızıyam, dediyimi elərəm!

U l d u z. Mənim ki, burada səndən başqa kimsəm yoxdur. Mən hara, İstanbul hara, Benqazi hara! Bir gümanım sənə, bir də əlac olmazsa özümü öldürməkdir!

Ş ə m s ə. Ulduz, ərəb qızları ərləri qədər mətin və igid olarlar! İndi türklərlə italyanlar müharibə etdikləri üçün İstanbuldan buraya bir çox könüllü gəldiyini eşitdim. Sən get, rahat ol. Mən adam göndərib bəlkə Ramizi tanıyan bir adam tapdırıb xəbər bildim. Ancaq sən çox üzülmə!

U l d u z. Get, bacı! Səni and verirəm Allaha, bəlkə Ramizdən bir xəbər bildirəsən. Ox, ömrümün sonuna qədər sənə qul olaram. Qul, zəncirlənmiş qul! (Şəmsə gedir.) Ox, yazıq, bir bacı kimi mənim üçün çalışır. Fəqət o da gücsüz! Ox, Ramiz haradadır? Bir dəqiqə aynhğma, inciməsinə razı olmadığm Ulduz əzablar içində! Gəl, sevdiyini azad et! (Ötəki evə keçir, Haris girir.)

H a r i s (oraya diqqətlə baxır). İzzət paşa... Ulduzun atası... Könüllü... İstanbul quldurları... Əbdürrəhman... Ulduz... Şəmsə... (İblisanə bir düşüncə ilə kəsmə-kəsmə dinəndən sonra, birdən bir şey bulmuş kimi qəti.) Burada da qalmaq olmaz! Benqazi qorxuludur. Getməliyəm. (Əlin çalır, ərəblərdən gəlir. Əmr edir.) Yoldaşı qalsın, özünü tək buraxın! Artıq bayırdan içəri, içəridən bayıra keçməyi buraxmamalısınız. Yoxsa... Çağır! (Ərəb dinməz əyilib çıxır.) Yəqin dayımdan məktub gətirmişlər. (Şüeyb girib baş endirir.)


Yüklə 298,83 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin