Turkish Daily News



Yüklə 143,18 Kb.
Pdf görüntüsü
tarix07.09.2017
ölçüsü143,18 Kb.
#29204

«Azerbaijan Focus».-2009.-№1(1).-S.137-142.

AZƏRBAYCAN BEYNƏLXALQ FOKUSDA

Cem Oğuz

"Turkish Daily News" qəzetinin siyasi analitiki

1991-ci il oktyabrın 18-də Azərbaycan Ali Soveti müstəqillik bəyannaməsini qəbul etdi. Sovet lideri Mixail



Qorbaçova  qarşı  Moskvada  uğursuz  dövlət  çevrilişindən  iki  ay  sonra  qəbul  edilən  bu  bəyannamə  dekabrda

ümumxalq  referendumunda  təsdiq  olundu.  Postsovet  məkanında  gərgin  tarixi  hadisələrlə  zəngin  keçid  dövründə

Azərbaycanın  qazandığı  azadlıq  nədənsə  dünya  ictimaiyyətinin  diqqətini  özünə  cəlb  edə  bilmədi.  Lakin

Ermənistanla müharibə nəticəsində ərazisinin təqribən 20 faizi işğal altında qalan Azərbaycanın adı xüsusilə Qərb

mediasında cəbhə xəttindən gələn xəbər başlıqlarında önə çıxdı. Ümumiyyətlə, ötən əsrin sonuncu onilliyində enerji

məsələlərinin beynəlxalq siyasətin prioritetinə çevrilməsi Azərbaycanı daha da məşhurlaşdırdı.

Əslində  Azərbaycanın  hamıya  yaxşı  bəlli  olan  zəngin  neft  və  qaz  ehtiyatlarına  malik  olmasını  xüsusi

vurğulamağa  ehtiyac  da  yoxdur.  Bu  sərvətlərin  əhəmiyyəti  hətta  pop  mədəniyyətində  etiraf  olunur.  1999-cu  ildə

Ceyms  Bond  silsiləsindən  "Dünya  kifayət  etmir"  adlı  bədii  filmdə  məşhur  Bakı-Ceyhan  boru  kəməri  layihəsi

ətrafında  cərəyan  edən  hadisələrə  də  toxunulmuşdur.  Filmin  çəkilişi  Xəzər  dənizindən  neft  ixracı  üçün  zəruri

marşrutların  müzakirələrilə  üst-üstə  düşmüşdür.  Təbii  ki,  müasir  dünyada  enerji  təhlükəsizliyi  və  enerji  təchizatı

baxımından  Azərbaycanın  əhəmiyyətinin  qeyd  edilməsi  vacibdir.  Müəyyən  ölkələr  Avropanın  artan  enerji

ehtiyaclarını  bütünlükdə  AB  dövlətlərinə  təsir  etmək  üçün  yeni  siyasi  alət  kimi  sınaqdan  keçirməyə  başladılar.

Həmçinin  Yaxın  Şərq  və  xüsusilə  İran  körfəzi  kimi  nəhəng  bir  regionda  davam  edən  qeyri-sabitlik  Azərbaycanı

Qərbin etibarlı tərəfdaşına çevirir.

Ermənistanın işğal etdiyi Azərbaycan əraziləri

Əlbəttə,  hər  bir  ölkənin  xarici  siyasətində  mühüm rol  oynayan  ciddi  amillər  mövcuddur.  Məhz  Azərbaycan

timsalında belə amillərdən ən mühümü və problemlisi bu dövlətin Ermənistan tərəfindən işğal olunmuş əraziləridir.

Əslində bu, yalnız münaqişəli tərəflərin problemi deyil. Onun ciddi regional fəsadları var. Ən başlıcası da odur ki,

bu  problem  ən  yaxşı  halda  Şərqlə  Qərb,  yaxud  Avropa  ilə  Asiya  arasında  faydalı  körpü  kimi  Cənubi  Qafqazın

strateji əhəmiyyətini azaldır.

Təəssüf  ki,  15  ildən  artıq davam  edən  erməni  işğalına  beynəlxalq  ictimaiyyətin  laqeyd  və  bəzən  də  riyakar

yanaşması  Ermənistanın  mövqeyindəki  barışmaz  inadkarlığı  daha  da  artırır.  Zənnimcə,  bu  laqeyd  və  ikiüzlü

davranışın  bəzi  təzahür  formalarını burada  nəzərdən  keçirməyimiz  vacibdir.  Çünki  hər  hansı fərdlər  və  dövlətlər

arasındakı istənilən münaqişə yalnız güzəşt əsasında həll edilə bilər.

Hazırda  erməni  xalqının  dəyişiklik  və  kompromis  arzusu  aydın  sezilir.  Fevralda  keçirilmiş  prezident

seçkilərindən  sonra  küçə  nümayişləri  bu  fenomeni  dəqiq  əks  etdirir.  Nəticələr  elan  olunandan  bir  neçə  gün  sonra

Levon  Ter-Petrosyanın  başçılığı  altında  erməni  müxalifəti  seçkilərin  saxtalaşdırıldığını  elan  etdi.  Seçkilərin

həqiqətən saxtalaşdırılıb-saxtalaşdırılmadığı barədə fikir yürütmək, müəllif də daxil olmaqla heç bir kənar şəxsin işi

deyil.  Bu  məsələni  qaldırmaqla  diqqətinizi  səslənən  bəyanatların,  təşkil  edilən  küçə  nümayişlərinin  beynəlxalq

ictimaiyyət tərəfindən necə qarşılandığına yönəltmək ümidindəyəm.

İlk günlər hadisələr həm Qərb mediasının, həm də Qərb dövlətlərinin özünün diqqətini cəlb etsə də bu maraq

tezliklə  yoxa  çıxdı.  Halbuki,  seçkiqabağı  təbliğat  kampaniyası  ərəfəsində  Ter-Petrosyanın  səsləndirdiyi  fikirlər

böyük əhəmiyyət kəsb edirdi. Çünki ilk dəfə erməni siyasətçisi açıq şəkildə özünütənqid və özünütəhlil təşəbbüsü

ilə çıxış edirdi. Onun regionun gələcəyi, Ermənistanın Türkiyə və Azərbaycanla münasibətləri haqqında bəyanatları

həqiqətən ümidverici səslənirdi. O, müsahibələrində belə bir fikri müdafiə edirdi ki, "mövcud (erməni) hökumətin

cinayətkar  siyasəti  Azərbaycanın  mövqeyini  daha  da  sərtləşdirdi  və  o,  kompromis  axtarmayacaq".  Bu  prosesin

beynəlxalq ictimaiyyət və xüsusilə Qərb ölkələrinin dəstəyinə ehtiyacı var idi. Ən azı bu, ermənilərin kompromisə

razılığına vacib işarə idi.

Aradan xeyli vaxt keçdi. Zaman dəyişdikcə siyasi hadisələrə də dəyişkən qiymətlər verilir. İndi o vaxtdan bəri

nə baş  verdiyini kimsə mənə izah edə bilərmi? Kim indi heç olmasa ədalət naminə Ter-Petrosyanın etirazını yada

sala  bilər?  Azad  və  ədalətli  seçkilərlə  bağlı  olaylara  həssaslıqla  yanaşan  beynəlxalq  ictimaiyyət  Ermənistandakı

dramatik hadisələrə niyə gözlərini yumdu və qulaqlarını da qapadı? Bu məqamda icazənizlə çox bəsit və sadəlövh

bir sual vermək istəyirəm: əgər bu, Ermənistan yox, hər hansı digər keçmiş  sovet respublikası olsaydı, əziz qərbli

dostlarımız hadisələrə qədim çin fəlsəfəsinin "eşitmədik, görmədik, bilmədik" prinsipi ilə yanaşa bilərdilərmi?

Düşünürəm  ki,  mənim  məyusluğumu  azərbaycanlı  siyasətçilər  daha  gözəl  başa  düşür  və  mənə  şərik  də

çıxırlar. Region firavanlıq məkanı əvəzinə, qeyri-sabitlik zonasına çevrilmişdir. İcazə verin, bununla bağlı sizə bir

əhvalat  danışım.  Yanvarda  Azərbaycana  səfərim  zamanı  bir  Azərbaycan  rəsmisi  ilə  söhbətdə  Ermənistanda

 Bu məqalədəki fikirlər əsasən 23 may 2008-ci ildə Bakıda keçirilmiş "Azərbaycan-2008: modemləşməyə doğru gedən yollar" mövzusuna



həsr edilmiş beynəlxalq konfransdakı çıxışdan qaynaqlanır.

prezident  seçkiləri  və  xüsusilə  də  Levon  Ter-Petrosyanın  seçilmə  ehtimalı  haqqın-  da  nə  düşündüyünü  bilmək

istəyirdim.  Çox  sadə,  qısa  və  aydın  bir  cavab  aldım: -  "İstərdim  ki,  o  seçilsin".  Sonra  o,  Azərbaycan  büdcəsinin

təqribən  onda  birinin  hərbi  məqsədlərə  xərcləndiyini,  lakin  bu  pulların  azərbaycanlıların  hər  gün  üzləşdikləri

problemlərin çözülməsinə sərf olunması istədiyini əlavə etdi. Bu, ümidverici düşüncə tərzi deyilmi?

Tam əminəm ki, sağlam düşüncəli erməni dostlarımız da eyni fikirdədirlər. Bir düşünün: Ermənistanın əhalisi

3  milyondur,  amma  bu  insanların  1,2  milyonu  xaricə  köçüb.  Bu  gün  Türkiyədə  qanunsuz  işləyən  ermənilərin

sayının 60 mini keçdiyi söylənilir. Görəsən, bu tənəzzülün arxasında hansı səbəblər dayanır? Bu, barışmaz erməni

mentalitetinin qaçılmaz nəticəsi deyilmi?

Türkiyənin mövqeyi

ABŞ-ın hörmətli strateqlərindən biri xarici siyasətdə dəyişikliyi bir dəfə belə təsvir etmişdi: "xarici siyasətdə

radikal  dəyişiklik  hərbi  təyyarə  daşıyan  nəhəng  gəminin  qəfil  manevrini  xatırladır.  Nə  qədər  tələssə  də,  onun

dönməsi uzun vaxt tələb edir. Bunun o qədər də tez baş verəcəyini gözləməyin".

Bildiyiniz  kimi,  Ankaranın  Ermənistanla  sərhədlərini  bağlamasını qərbli  dostlarımız  davamlı olaraq  tənqid

edirlər. Bu məqam hətta üzvlük ərizəsilə bağlı Avropa Birliyinin hər bir sənədində öz əksini tapır. Soruşurlar ki, nə

üçün Türkiyə Azərbaycanı israrla dəstəkləyir və Azərbaycanla Dağlıq Qarabağ Türkiyə siyasətinin tərkib hissələrini

təşkil  edir.  Onların  dediyinə  görə,  xüsusilə  Türkiyənin  Avropa  Birliyinə  üzv  olmağa  can  atdığı  bir  vaxtda

Ermənistanla sərhədləri açmaq daha real olmazdımı?! Mən belə suallarla tez-tez rastlaşsam da, onların çox sadəlövh

olduğunu düşünürəm. Bu, bir növ nə üçün ABŞ İsraili dəstəkləyir sualına bənzəyir. Bizim erməni dostlarımız isə öz

növbəsində  canfəşanlıqla  Türkiyənin  rəsmi  orqanlarını "Avropada  son  qapalı sərhədi  saxlamaqla  ermənilərin  öz

hüquqlarını müdafiə  etdiklərinə  və  keçmişlərini  danmadıqlarına  görə  Ermənistana  qarşı  təzyiq  və  cəza  aləti  kimi

istifadə etməkdə " ittiham edirlər. Buna görə onlar Ermənistanla sərhədlərin açılması üçün Qərb ölkələrinin təzyiq

göstərməsini istəyirlər.

Türkiyə  baxımından  erməni  təcavüzü  öncə  və  başlıca  olaraq  bir  əxlaq  məsələsidir.  Bundan  başqa  yaddan

çıxarmayaq  ki,  Ankara  1993-cü  ilin  aprelində  sərhədləri  bağlamaq  qərarı  ilə  həm  Ermənistanın  Türkiyə  ilə

sərhədlərinin  tanınmasındakı  iddialı  mövqeyinə,  həm  də  ki,  Dağlıq  Qarabağ  münaqişəsində  Azərbaycana  qarşı

təcavüzünə birmənalı cavab verdi. Türkiyənin birtərəfli qaydada gözlənilmədən belə addım atması Ermənistan üçün

Günəşin qəfil tutulmasından və nə vaxt açılacağının isə naməlum sonsuzluğadək uzanmasından xəbər verən üzücü

bir məqam idi.

Türklərin böyük əksəriyyəti Türkiyənin birtərəfli qaydada sərhədləri açmasını kiçik Kipr adasındakı vəziyyəti

xatırladan və keçmişdə yunan kiprlilərinin lideri Tasos Papadopulosun barışmaz yanaşma kimi səciyyələndirdiyi bir

vəziyyətlə  nəticələnəcəyindən  ehtiyat  edirlər.  Onlar  düşünürlər  ki,  Türkiyə-Ermənistan  münasibətlərinin

normallaşması  ilə  səciyyələnəcək  belə  bir  qərar  Qarabağ  münaqişəsinin  həlli,  yaxud  ermənilərin  işğal  etdiyi

Azərbaycan ərazilərinin  qaytarılması baxımından  erməni  rejiminin  kompromisə  ehtiyac  olmadığı inamını daha  da

möhkəmlədəcəkdir.  Odur  ki,  türklərin  əksəriyyəti  Qərb  ölkələrindən  -  Avropa  Parlamentində,  yaxud  ABŞ

Konqresində  əyləşənlərdən  ermənilərin  "soyqırım"  iddialarında  özlərini  fədakar  tərəfdaş  kimi  göstərdikləri

həssaslıq  və  çılğınlığı  Azərbaycan  torpaqlarının  işğalı  məsələsində  də  nümayiş  etdirəcəklərini  gözləyirlər.  Onlar

soruşurlar  ki,  nə  üçün  bizim  qərbli  müttəfiqlərimiz  "işğal",  yaxud  "Böyük  Ermənistan"  kimi  yasaq  mövzuların

sərbəst  müzakirə  oluna  biləcək  şəraitin  yaradılmasında  nə  erməni  ictimaiyyətinə  kömək  edə,  nə  də  erməni

siyasətçilərini "hər iki tərəf üçün əlverişli" variantın tapılmasına cəhd göstərməyə məcbur edə bilmədilər?

Demokratiya

Fikrimi  yekunlaşdırmazdan  öncə  istərdim  ki,  demokratiya  sahəsində  nailiyyətlərlə  bağlı  əksər  qərbli

dostlarımızın  Azərbaycan  da  daxil  olmaqla  bir  çox  inkişaf  etməkdə  olan  ölkələrə  yanaşma  tərzləri  üzərində

dayanım.  Bu  məsələ  dərhal  ABŞ-ın  İraq  təcrübəsini  yada  salır.  Buş  hökumətindəki  mühafizəkarlar  İraqla  bir

laboratoriya, yaxud istədikləri kimi yaza biləcəkləri ağ kağız kimi rəftar edə biləcəklərini zənn etmişdilər. Onlar elə

düşünürdülər ki, İraq xalqının həqiqi daxili dinamikası ilə hesablaşmayaraq qısa  bir vaxtda İraqda demokratiya və

azad  bazar  iqtisadiyyatını yuxarıdan  inqilabla,  yaxud  sosial  mühəndisliyin  bir  hissəsi  kimi  həyata  keçirmək  olar.

L.Pol  Bremerin  "İraqda  bir  ilim"  başlıqlı memuarlarında  ABŞ  işğalının  çoxsaylı,  unudulmaz  epizodlarından  biri

haqqında məlumat verilir.

2003-cü ilin mayında Bremer ABŞ prezidentinin nümayəndəsi kimi İraqa gəlir və iyulda Prezident Buş  onu

konsulun  müavini  vəzifəsinə  -  müvəqqəti  koalisiya  hökumətinin  başçısı  təyin  edir.  O,  bir  qrup  gənc,  həvəskar

köməkçiləri ilə birlikdə dərhal "İraqı yenidən bir yerə toplamaq" işinə başlayır.

Bu,  çətin  iş  idi.  Gündəlik  təsərrüfat  işləri  və  xüsusilə  təhlükəsizlik  məsələləri  təcili  tədbirlərin  görülməsini

tələb  edirdi.  Yeni  İraqa  müasir  iqtisadiyyat  gərək  idi.  O,  iqtisadi  məsələlər  üzrə  baş  məsləhətçisi  Piter

MakFersondan  nüfuzlu  iraqlılara  azad  bazar  iqtisadiyyatının  əsaslarını  öyrədə  bilib-bilməyəcəkləri  barədə  rəyini

soruşur.  Onun  Miçiqan  ştatının  universitetindən  olan  dostu  Piter  hər  halda  bir  maarifçi  idi.  Beləliklə,  iraqlılar

arasında kifayət qədər məşhurlaşan ikiaylıq iqtisadiyyat seminarları başladı.



Sizcə, bu seminarların nəticəsi nə oldu? Mən sadəcə inanıram ki, İraq həqiqətən azad bazara - ən azı növbəti

hücumlarını həyata keçirmək üçün terrorçuların lazım olan hər bir şeyi ala biləcəkləri bazara çevrildi.

Mən qərbli müttəfiqlərimizin demokratik normalar, yaxud insan hüquqları ilə bağlı həssaslığına da hörmətlə

yanaşıram. Başa düşürəm ki, bu problemlərin heç birinə inkişaf  etməkdə olan ölkələrin liderlərinin etdikləri  kimi,

bəhanələrlə, yaxud boyun qaçırmaqla yanaşmaq olmaz. Bununla belə, hər hansı bir ölkədə təkamül pro- sesini  də

unutmaq olmaz.

Bir  tərəfdən  bəhanələr,  digər  tərəfdən  müvafiq  ölkələrin  həqiqi  daxili  dinamikası arasında  incə  fərq  xəttini

necə  çəkəcəklər?  Bu  müstəsna  əhəmiyyətli  sual  dərhal  adamın  yadına  jurnalistika  sahəsində  ədəbiyyatdakı qədər

mühüm  və  valehedici  iz  buraxmış  britaniyalı  yazıçı  Corc  Orvelin  İkinci  Dünya  Müharibəsi  dövrünə  aid

pamfletlərini salır.  O, 1944-cü ildə "Tribun" üçün yazdığı baş  məqalədə bu sənədlərlə  bağlı çox  sanballı bir  faktı

qeyd etmişdi. Əslində onun pamfletlər toplusu siyasi baxışın bütün tərəflərini, eyni təfəkkürlə əhatə edirdi. Əfsus

ki,  heç  kim  həqiqət  axtarışında  deyildi.  Hər  kəs  problemləri  ədalət,  yaxud  düzgünlüyə  məhəl  qoymadan  ortaya

qoyurdu.  Ən  sadə  və  açıq-aydın  görülən  amillərə  belə  onları  görmək  istəməyənlər  əhəmiyyət  vermirdilər.  Belə

təfəkkür  tərzi  insanları  qərəzli  fikirlərə  sövq  edirdi.  Məsələn,  elə  düşünülürdü  ki,  pasifistlər  müharibəyə  əngəl

törətməklə  obyektiv  olaraq  nasistlərə  kömək  etmişdilər.  Yaxud  bir  halda  ki,  Sovet  İttifaqını  tənqid  etmək  nasist

Almaniyasına kömək etmək anlamına gəlir, trotskiçilər bu məntiqlə obyektiv olaraq Hitlerin agentləri kimi ittiham

olunurdular. Pasifistlərin, yaxud trotskiçilərin faşizmə qarşı çıxması faktı isə mətləbə aid edilmirdi.

Orvel  əvvəl-axır  xəbərdarlıq  etmişdi  ki,  "əgər  siz  insanların  motivlərinə  məhəl  qoymursunuzsa,  onların

əməllərini  əvvəlcədən  görməkdə  böyük  çətinlik  çəkəcəksiniz".  Axı  opponentlər  də  necə  olursa-olsun,  ədalətli

şəkildə eşidilməyə layiqdir. Orvelə görə ən vacibi kimlərin dürüst olub-olmadığını aydınlaşdırmaq idi.

Mən  1993-cü  ildən  bəri  Azərbaycana  səfərlər  edirəm  və  etiraf  etməliyəm  ki,  indi  baş  verən  intensiv

dəyişikliyin  əvvəllər  heç  vaxt  şahidi  olmamışam.  Ölkə  hər  cəhətdən  dəyişir.  Hər  bir  dövlətdə  olduğu  kimi,

Azərbaycanda  da  tənqid  olunmalı  problemlər  var.  Eyni  zamanda  tənqid  edərkən  yadda  saxlamaq  lazımdır  ki,

Azərbaycan  Respublikası hələ  gəncdir  və  daha  çox  vaxta  ehtiyac  duyur.  Bununla  bağlı Prezident  İlham  Əliyevin

yaxşı bildiyi və Orvelin də vaxtilə qeyd etdiyi dəlillər məndə Azərbaycanın gələcəyi ilə bağlı nikbinlik hissi yaradır.

O, həqiqətən də, ədalətli şəkildə eşidilməyə layiqdir...



Yüklə 143,18 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin