Xəbər bülleteni №24



Yüklə 2,41 Mb.
tarix02.01.2022
ölçüsü2,41 Mb.
#1359

Xəbər bülleteni № 24

http://transparency.az/cnews/



Ünvan: AZ1001, Bakı, Cəfər Cabbarlı, 16, mən. 7
Tel: (+994 12) 497 81 70; 497 68 15; Fax: (+994 12) 596 20 38
E-mail: info©transparency.az

Fevral 2016
Əfv Məsələləri Komissiyasının yeni tərkibi

22.02.2016




Prezident İlham Əliyev Əfv Məsələləri Komissiyasının yeni tərkibini təsdiq edib. Sərəncama əsasən, komissiyanın katibi postu yenidən Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin əfv məsələləri sektorunun müdiri Kəmalə İsmayılovaya tapşırılıb. Ali Məhkəmənin sədrinə və baş prokurora komissiyanın iclaslarında iştirak tövsiyə olunub.

Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sədrlik etdiyi komissiyanın üzvləri bunlardır:

Ramil Usubov — daxili işlər naziri

Fikrət Məmmədov — ədliyyə naziri

Əbülfəs Qarayev — mədəniyyət və turizm naziri

Mədət Quliyev — Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi

Fuad Ələsgərov — Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri

Allahşükür Paşazadə — Qafqaz Müsəlmanları İdarəsinin sədri

Əhliman Əmiraslanov — Milli Məclisin səhiyyə komitəsinin sədri

Bəxtiyar Əliyev — Milli Məclisin deputatı

Azay Quliyev — Milli Məclisin deputatı, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri

Səttar Möhbalıyev — Milli Məclisin deputatı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri

Elmira Axundova — Milli Məclisin deputatı

Məlahət İbrahimqızı — Milli Məclisin deputatı

Aynur Sofiyeva — Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini

Rəşad Məcid — Yazıçılar Birliyinin katibi, Mətbuat Şurası İdarə Heyətinin üzvü

Əliməmməd Nuriyev — “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri

Mehdi Mehdiyev — Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri

Cəmilə Ramazanova — Azərbaycan Respublikasının əməkdar müəllimi.

Dollar və avro dəyər itirib

22.02.2016

Manat fevralın 22-də dollar və avro qarşısında möhkəmlənib. Rəsmi məzənnə ilə 100 dollar 156 manat 4 qəpiyə satılır. Ötən həftənin son iş günündə Mərkəzi Bank 100 dolları 156 manat 35 qəpiyə təklif etmişdi.

Transparency.az xəbər verir ki, bu gün 100 avroya 173 manat 36 qəpik qiymət qoyulub. Fevralın 19-da rəsmi kurs 173 manat 95 qəpik idi.

Dövlət Qulluğu Məsələləri üzrə Komissiya qanun pozuntuları aşkarlayıb

22.02.2016



Dövlət Qulluğu Məsələləri üzrə Komissiya illik hesabat yayıb. Hesabatda bildirilir ki, bəzi mərkəzi icra hakimiyyəti orqanlarının aparatlarında və yerli bölmələrində, yerli icra hakimiyyəti orqanlarında və məhkəmələrdə inzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun vakant vəzifələr olduğu halda müvafiq vəzifələrin tutulması ilə bağlı müsabiqənin və ümumi müsahibənin keçirilməsi barədə qərar qəbul edilmədiyi üzə çıxıb: “26 sentyabr, 17 oktyabr, 4 və 14 noyabr 2014-cü ildə elan edilmiş və 2015-ci ildə yekunlaşmış müsabiqələrdən müvəffəqiyyətlə keçmiş namizədlərlə bağlı qərarın qəbul edilməsi bir sıra mərkəzi icra hakimiyyəti orqanları, mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentlik və dövlət xidmətləri, məhkəmələrdə gecikdirilib. Bununla da “Dövlət qulluğu haqqında” qanunun 28.6-cı maddəsinin birinci hissəsinin tələbləri pozulub.

Dövlət qulluğuna dair qanunvericiliyin tələblərinin pozulması hallarının aradan qaldırılması ilə bağlı müvafiq tədbirlər görülüb, mərkəzi icra hakimiyyəti, apellyasiya və birinci instansiya məhkəmə orqanlarına məktub göndərilərək dövlət qulluğuna dair qanunvericiliyin düzgün tətbiqinin təmin edilməsi, bu sahədə yol verilən pozuntu və nöqsanların aradan qaldırılması xahiş edilib”.

APA-nın məlumatına görə, hesabatda qeyd olunur ki, qanunvericiliyin tətbiqi vəziyyəti öyrənilərkən bir yerli icra hakimiyyəti orqanının “Dövlət qulluğu haqqında” qanunun 28.2-ci maddəsinin və 29.2-ci maddəsinin dördüncü hissəsinin tələblərini pozması faktı müəyyən edilib və pozuntunun aradan qaldırılması məqsədilə məktub göndərilib.

Ünvanlı sosial yardım üzrə yeni sistem təqdim olunub

22.02.2016


Fevralın 22-si Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ünvanlı dövlət sosial yardımı üzrə Vahid Elektron Müraciət və Təyinat Alt Sisteminin (VEMTAS) təqdimatı olub. Rəsmi məlumata əsasən, nazir Səlim Müslümov mərasimdəki çıxışında “Elektron hökumət” portalında qurulan VEMTAS-ın ünvanlı dövlət sosial yardımının alınması üçün müraciətin edilməsinə, müraciətlərə baxılmasına, yardım təyin olunub-olunmaması barədə qərarın qəbuluna, bununla bağlı müraciət edən şəxsə məlumatın verilməsi prosesinin tam avtomatlaşdırılmış şəraitdə həyata keçirilməsinə imkan verdiyini vurğulayıb. Onun sözlərinə görə, müraciət edən ailələrə aid müvafiq məlumatların elektron qaydada əldə olunması məqsədilə nazirliyin “Elektron hökumət” portalı üzərindən ümumilikdə 20-dən artıq quruma aid informasiya resurslarına çıxış imkanlarının təmin olunacağı nəzərdə tutulur.

Nazir bildirib ki, ailələri təmsil edən vətəndaşlar ünvanlı dövlət sosial yardımının alınması üçün kompüterlər, mobil telefonlar, habelə bu məqsədlər üçün xüsusi olaraq poçt şöbələrində quraşdırılmış infoköşklər vasitəsilə “Elektron hökumət” və ya nazirliyin “Elektron xidmətlər” portallarındakı e-xidmət vasitəsilə müraciət edə bilərlər: “Bu e-müraciətlər VEMTAS vasitəsilə qəbul ediləcək və 15 iş günü müddətində araşdırılaraq elektron qaydada cavablandırılacaq. Həmin ailələrin ünvanlı dövlət sosial yardımı almaq hüquqlarına baxılması üçün lazım olan arayış və məlumatlar aidiyyəti qurumların informasiya ehtiyatlarından əldə olunacaq. Yəni bu amil sosial yardım təyinatı sahəsində kağız daşıyıcılardan istifadənin tam məhdudlaşdırılmasına səbəb olacaq. Vətəndaşların müraciət zamanı elektron qaydada “Ərizə-bəyannamə”də qeyd etdikləri məlumatlar sistemdə avtomatlaşdırılmış şəkildə yoxlanacaq. Uyğunsuzluq aşkar edilməsə, ailəyə sosial yardımın təyin olunması barədə qərar çıxarılacaq, əks halda sosial yardımın təyin olunmasından imtina ediləcək”.

Səlim Müslümov deyib ki, sosial yardımın təyin olunması barədə qərar çıxarıldığı hallarda yardımın məbləği və təyin edilmə müddəti, onun əldə edilməsi üçün plastik kartın hansı bankdan alınacağı barədə, yardım təyin olunmasından imtina olunması barədə qərar çıxarıldığı hallarda isə imtinanın səbəbləri göstərilməklə qərarın çıxarıldığı gün təmsilçinin “Ərizə-bəyannamə”də qeyd etdiyi əks əlaqə vasitələrinin birinə məlumat göndəriləcək.

Vəkil Yalçın İmanovla bağlı bəyanat yayılıb

22.02.2016

Fevralın 22-də Sivil Toplum Platforması vəkil Yalçın İmanovla bağlı bəyanat qəbul edib. Novator.az-ın məlumatına görə, bəyanatda qeyd olunur ki, Nərimanov Rayon Məhkəməsinin hakimi Turqay Hüseynov Yalçın İmanovun peşə fəaliyyəti ilə bağlı intizam məsuliyyətinə cəlb olunması üçün Vəkillər Kollegiyasına müraciət barədə qərar qəbul edib: “Yalçın İmanovun intizam məsuliyyətinə cəlb olunması tələbi onun hakimlərin və dövlət ittihamçısının verilən vəsatətlərə formal yanaşmasını söyləməsi ilə bağlıdır. Bundan əvvəl başqa vəkillərə də qarşı oxşar hallar olub. Vəkilliyə qəbul edilməyən və ya vəkillikdən uzaqlaşdırılan İntiqam Əliyev, Qurban Məmmədov, Aslan İsmayılov, Namizəd Səfərov, Lətifə Əliyeva, Elçin Namazov, Xalid Bağırov, Əlayif Həsənov, Hidayət Süleymanov və başqa 10-dan çox vəkilin adını çəkə bilərik. İnsan haqlarını qoruyan və peşə fəaliyyətini ləyaqətlə yerinə yetirməyə çalışan vəkillərə təzyiqlər davam edir və artıq sistemli şəkil alıb”.

Bəyanatda bildirilir ki, Azərbaycanda müstəqil vəkil birlikləri yoxdur, vəkillik bütünlüklə Vəkillər Kollegiyasının inhisarındadır: “Vəkillərə basqıların, habelə vəkillik qurumunun vəkilliyə qəbulla bağlı tətbiq etdiyi sərt qaydaların nəticəsidir ki, Azərbaycan adambaşına düşən vəkil sayına görə inkişaf etmiş Avropa ölkələrindən, hətta Cənubi Qafqaz dövlətlərindən geri qalır. Azərbaycanda hər 10 min vətəndaşa heç 1 vəkil də düşmür. Qonşu Gürcüstanda hər 10 min nəfərə 8, Ermənistandasa 4 vəkil xidmət göstərir. İnkişaf etmiş ölkələrdə — İsraildə 10 min nəfərə 50, Türkiyədə 11, ABŞ-da isə 300 amerikalıya 1 vəkil düşür.

Bu gün Azərbaycan ölkəyə xarici investisiya cəlb etmək istəyir, ancaq bunun zəmanətlərindən biri müstəqil məhkəmə sistemidir. Peşəkar və müstəqil vəkil kontingenti olmadan heç bir xarici investor bizim məhkəmə sisteminə etibar edib ölkəyə vəsait yatırmaz.

Bu kriteriyaları əsas götürərək biz — Sivil Toplum Platformasının üzvləri vətəndaşlarımıza müraciət edir, onları güclü vətəndaş olmaq naminə vəkillərimizi dəstəkləməyə çağırırıq. Səlahiyyətli dövlət rəsmilərinə də üzərlərində ölkə konstitusiyasının və götürülmüş beynəlxalq öhdəliklərin tələblərini icra etmək məsuliyyətinin olduğunu xatırladırıq”.

Sivil Toplum Platformasını fevralın 10-da bir qrup vətəndaş cəmiyyəti nümayəndəsi, vəkil və jurnalistlər yaradıb. Platforma problemləri diskussiya masasına çıxarmaq, ətraflı müzakirələr keçirmək və konkret nəticələr əldə etmək məqsədilə təsis olunub.

Nazirlik vəzifəli şəxsə 6 min manat cərimə kəsib

22.02.2016


Fevralın 20-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Bakının Mir Cəlal küçəsindəki 41 saylı binanın yaxınlığında ağacların kəsilməsi ilə bağlı şikayət daxil olub. Nazirliyin mətbuat xidmətinin məlumatına görə, şikayət yerində araşdırılıb. Araşdırma zamanı 3 ədəd şam ağacının Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfat Birliyinin Binəqədi sahəsi rəisinin göstərişi əsasında qanunsuz kəsildiyi bilinib. Binəqədi rayon yaşıllaşdırma sahəsinin rəisi Maşallah Məmmədov vəzifəli  şəxs qismində 6 min manat məbləğində cərimə edilib.

İlham Əliyev İranın Radio-Televiziya Şirkətinə müsahibə verib

22.02.2016

Prezident İlham Əliyev İran İslam Respublikasının Radio-Televiziya Şirkətinə müsahibə verib. O, İrana gözlənən səfərinə toxunaraq deyib: “Mənim İrana rəsmi səfərim İran İslam Respublikasının prezidenti Həsən Ruhaninin dəvəti əsasında baş tutacaq. Biz İran prezidenti ilə bundan əvvəl dörd dəfə görüşmüşük. Həm mənim 2014-cü ilin aprelində İran İslam Respublikasına, həm də cənab Həsən Ruhaninin həmin ilin noyabrında Azərbaycan Respublikasına rəsmi səfərləri zamanı ölkələrimiz arasında ikitərəfli münasibətlərin bütün aspektləri üzrə səmimi müzakirələr aparılıb, siyasi, iqtisadi, humanitar və digər sahələrdə əlaqələrin inkişafına xidmət edən bir çox sənədlər imzalanıb.

İndiki səfər çərçivəsində də regionda və dünyada baş verən hadisələr, cərəyan edən proseslər, ikitərəfli siyasi, iqtisadi, sosial, mədəni əlaqələrin geniş spektri üzrə müzakirələr aparılacaq və bir sıra sənədlər imzalanacaq. Əminəm ki, bu səfər dost və qonşu İran dövləti ilə Azərbaycan arasındakı mövcud əlaqələrin inkişafı və yeni keyfiyyət pilləsinə yüksəlməsi üçün etibarlı zəmin yaradacaq”.

İki ölkə arasında ticarət dövriyyəsinin vəziyyəti ilə bağlı sualı cavablandıran prezident deyib: “Hazırkı ticarət dövriyyəsi bizim mövcud potensialımızdan qat-qat aşağı səviyyədədir. Əlbəttə, ticarət əlaqələrindəki bu vəziyyəti aradan qaldırmaq, ikitərəfli əməkdaşlığı daha da inkişaf etdirmək istiqamətində tədbirlər görüləcək.

Qlobal iqtisadiyyatda müşahidə olunan mənfi meyllərin təsirini azaltmaq və dinamik inkişaf meylini qoruyub saxlamaq üçün Azərbaycanda geniş iqtisadi islahatlar daha sürətlə davam etdirilir. Hazırda geniş investisiya və özəlləşdirmə proqramları üzərində iş aparılır, həm yerli, həm də xarici iş adamları üçün biznes mühiti daha da yaxşılaşdırılır. Hesab edirik ki, bu, iranlı iş adamlarının Azərbaycanda fəaliyyəti üçün də yeni imkanlar yaradacaq. Eyni zamanda Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə müştərək dövlət komissiyası fəal işləyir və onlar bir sıra yeni təkliflərlə çıxış edib. Hazırda həmin təkliflər nəzərdən keçirilir.

Son illər Azərbaycan və İran Şimal-Cənub nəqliyyat dəhlizinin çox önəmli tərəfdaşına çevriliblər. Biz ölkənin tranzit imkanlarının genişləndirilməsi üçün zəruri tədbirlər həyata keçirərək nəqliyyat infrastrukturumuzu ən müasir standartlara uyğun yenidən qurmuşuq. Əminik ki, İran və Azərbaycan Astarası arasında dəmir yolunun istifadəyə verilməsi Şimal-Cənub nəqliyyat dəhlizini önəmli dərəcədə canlandıracaq. Ümumiyyətlə, nəqliyyat-kommunikasiya dəhlizləri bütün iştirakçı ölkələr, o cümlədən bizim üçün böyük iqtisadi və geosiyasi əhəmiyyət kəsb edir. Həmin dəhlizlər bir tərəfdən beynəlxalq yük daşımalarında dövlətlərimizin çəkisini böyük dərəcədə artıracaq, digər tərəfdən isə iqtisadi sahədə ikitərəfli əməkdaşlıq əlaqələrimizi gücləndirəcək”.

Xəbəri “Trend” yayıb.

Yanvar ayı üzrə makroiqtisadi göstəricilər

22.02.2016




Dövlət Statistika Komitəsi 2016-cı ilin yanvar ayı üzrə makroiqtisadi göstəriciləri açıqlayıb. Transparency.az-ın məlumatına görə, açıqlamada bildirilir ki, 2016-cı ilin yanvar ayında ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fiziki şəxslər 4 milyard 11,2 milyon manatlıq və ya əvvəlki ilin yanvar ayına nisbətən 3,3 faiz az ümumi daxili məhsul istehsal edib: “Bunun əsas səbəbi neft-qaz sənayesində, tikintidə, nəqliyyat sektorunda məhsul və xidmətlər istehsalının azalması olub. Ümumi daxili məhsulun əhalinin hər nəfərinə düşən həcmi 418,3 manata bərabərdir”.

Açıqlamaya əsasən, sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 0,3 faiz artıb, neft sektorunda isə 3,5 faiz azalıb: “Kənd təsərrüfatının ümumi məhsulu 1,8 faiz, o cümlədən bitkiçilik məhsulları istehsalı 4,7 faiz, heyvandarlıq məhsulları istehsalı 1,7 faiz artıb. 2016-cı ilin yanvar ayında əsas kapitala 880,7 milyon manat məbləğində vəsait yönəldilib. İstifadə olunmuş vəsaitin 772 milyon manatı və ya 87,6 faizi məhsul istehsalı obyektlərinin, 65,7 milyon manatı (7,5 faizi) xidmət sahələri üzrə obyektlərin, 43 milyon manatı (4,9 faizi) isə ümumi sahəsi 133,7 min kvadratmetr olan yaşayış evlərinin tikintisinə sərf olunub. Əsas kapitala yönəldilmiş vəsaitlərin 251,3 milyon manatını və ya 28,5 faizini daxili sərmayələr təşkil edib.

Maliyyə Nazirliyinin operativ məlumatlarına əsasən, 2015-ci ildə dövlət büdcəsinə 17 milyard 153,2 milyon manat vəsait daxil olub, büdcədən 17 milyard 786,8 milyon manat vəsait xərclənib. Büdcənin icrasında yaranmış 633,6 milyon manatlıq kəsir ümumi daxili məhsulun 1,2 faizi səviyyəsindədir.

Mərkəzi Bankın məlumatlarına görə, kreditlərin həcmi 2015-ci il yanvar ayının 1-i ilə müqayisədə 17,1 faiz artıb. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 6,9 faizini təşkil edib. Əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği 2016-cı il yanvar ayının 1-nə 9 milyard 473,9 milyon manat olub” (Ətraflı).

Qazaxıstanda iki jurnalist korrupsiya ittihamı ilə tutulub

22.02.2016



Qazaxıstan Jurnalistlər İttifaqı İdarə Heyətinin sədri, Milli Mətbuat Klubunun prezidenti Seytkazı Matayev fevralın 22-də korrupsiya cinayətində şübhəli bilinərək tutulub. Novator.az xəbər verir ki, Korrupsiyaya Qarşı Milli Büronun Almatı Departamenti Seytkazı Matayevi büdcə vəsaitini mənimsəməkdə və vergidən yayınmaqda şübhəli bilir. İttihama görə, o, 2011-2015-ci illərdə dövlət siyasətinə informasiya dəstəyi və mətbu orqanlarda materialların yerləşdirilməsinə ayrılmış 300 milyon təngəni (844 min dollardan çox) mənimsəyib.

Eyni iş üzrə KazTAQ informasiya agentliyinin baş direktoru Aset Matayev də tutulub.

Nazir: “İmtahanın forması və məzmunu dəyişməlidir”

22.02.2016



Təhsil naziri Mikayıl Cabbarov ANS-in “Hesabat” verilişinə müsahibə verib. Edu.gov.az-ın məlumatına görə, nazir deyib ki, Azərbaycanda insan kapitalının formalaşdırılması üçün aparılan siyasət təhsil sahəsini də əhatə edir: “İlk növbədə xaricdə təhsil üzrə dövlət proqramını qeyd etmək istəyirəm. 2007-ci ildə qəbul edilən proqram artıq o dövrdə bilik iqtisadiyyatını, dünyada dəyişən iqtisadi modeli nəzərə alaraq Azərbaycanın gələcəyinin ilk növbədə keyfiyyətli kadrların hazırlığından ibarət olduğunu ortaya qoymuşdu. Bu günə qədər xaricdə təhsil proqramı üzrə 3500-dən çox şəxsə təqaüd verilib. Min nəfərdən çox şəxs məzun olub. Onların 60 faizi özəl sektorda, 40 faizi dövlət qulluğunda çalışır. Bunun üçün onlara xüsusi imtiyazlar yaradılıb. Həmin məzunlar imtahan vermədən dövlət qulluğuna qəbul olunurlar.

Təbii ki, bu, yeganə istiqamət deyil. Əgər ölkə təhsilinə nəzər salsaq, biz iki il bundan öncə savadlı, bacarıqlı, hazırlıqlı tələbələrdən ibarət SABAH proqramına start vermişik. Burada da eyni məqsədləri düşünmüşük. Yeni insan necə olmalıdır və yeni iqtisadiyyatda hansı keyfiyyətləri axtarırıq? Bilikli, biliklərini gündəlik həyatında və peşəkar fəaliyyətində tətbiq edə bilən və kreativ, qeyri-standart düşüncəyə malik olan insanlar. Bu, bugünkü postmodern adlanan dövrün və iqtisadiyyatın tələbidir. Çalışırıq ki, SABAH qruplarında belə tələbələrin seçilməsinə, yetişməsinə nail olaq.

Peşə təhsili səviyyəsində də analoji proseslər gedir. Müasir Azərbaycan Peşəkarları brendi adı altında keçirdiyimiz layihələr buna misal ola bilər. Artıq bir neçə ilk peşə-ixtisas təhsili müəssisəsində gerçəkləşən bu layihənin əsas fərqli cəhəti odur ki, biz bunu həm özəl sektor, həm də dövlətə məxsus olan şirkətlərlə birlikdə həyata keçiririk.

Nəhayət, ümumi təhsil sahəsindən danışsaq, deyə bilərik ki, artıq Azərbaycanda yeni məzmunlu tədris həyata keçirilir. Başqa sözlə, tənqidi təfəkkürü, kreativ düşüncəni inkişaf etdirən, qeyri-standart düşüncə və komandada çalışmaq imkanları, vərdişləri aşılayan bir təhsil sisteminə qədəm qoymuşuq”.

Ali məktəblərə qəbul imtahanları ilə bağlı sualı cavablandıran nazir deyib ki, test imtahanı sisteminin əsas üstünlükləri insan faktorundan asılılığının minimal olması, qiymətləndirmə prosesində nəticələrin müəyyən mənada insan faktorundan asılı olmayaraq həyata keçirilməsidir: “Bu, Azərbaycan kontekstində böyük üstünlükdür. Bununla da obyektivlik təmin edilir. Digər tərəfdən imtahanın yığcam olması bir gün ərzində təhsil proqramının məzmununun qiymətləndirilməsidir. Yeni şəraitdən, şərtlərdən, tələblərdən danışırıqsa, gələcəkdə evolyusiya olmalıdır. Biz istərdik ki, zəruri kompetensiyalar qiymətləndirmədə əks olunsun. Bu gün test imtahanının forması əmək bazarında tələb olunan müasir, uğurlu məzun üçün tələb olunan bir sıra bilik və komptenesiyaları ölçmək qabiliyyətinə malik deyil. Nədir bu? Nitq, ritorika, yazı vərdişləri, qeyri-standart, hər hansı seçim variantları ilə məhdudlaşmayan tənqidi düşüncə tərzini özündə əks etdirən sualların olması.

Bir tərəfdən qeyd etdik ki, imtahanın qısa olması üstünlükdür. Amma digər tərəfdən təbii olaraq bunun bir çatışmazlığı da var. Faktiki olaraq məzunun gələcəyi, taleyi 3 saatlıq bir imtahanda həll olunur. O imtahan ildə bir dəfə keçirilir. Dünyada başqa qiymətləndirmə sistemləri də mövcuddur. Onlardan ən məşhurları GMAT, SAT, əgər dil biliyinin qiymətləndirilməsindən danışırıqsa, TOEFL, İELTS kimi imtahanları misal göstərə bilərik. Onların hansısa bir hissəsi test imtahanı şəkilində keçirilə bilər, amma bütün imtahan test deyil, burada oxu, yazı vərdişləri, fikri ifadə etmək də yer alır. Bu istiqamətdə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə ilə faydalı müzakirələrimiz gedir. Növbəti iki-üç ildə düşünmürəm ki, imtahanın forma və mahiyyətində hər hansı dəyişiklik gözləməliyik. Amma ondan sonrakı dövrdə mənə belə gəlir ki, imtahanın forması və məzmunu dəyişməlidir.

Bunun başqa zəruri səbəbi də oradan qaynaqlanır ki, yeni tədris məzmunu ilə oxuyan məzunlarımız 3 ildən sonra məktəbi bitirirlər, əgər belə demək olarsa, onların tədrisi, bilikləri testlə ölçülə bilməz. Onlara məktəbdə aşıladığımız biliklərin qiymətləndirilməsi fərqli alətlər tələb edir. Biz hazırda qiymətləndirmə standartları adlanan bir fəaliyyəti həyata keçiririk. Həmin o yeni qiymətləndirmə standartları hazırlanmalıdır. Burada qorxulu bir şey yoxdur. Əgər biz yaxın ölkələri götürsək, məsələn, Rusiyada bu sistemi vahid dövlət imtahanı adlandırırlar. Həmin imtahanlar da bütün tələbələr üçün eyni vaxtda keçirilir. Obyektivliyi və bizim üçün zəruri olan digər amilləri önə çəkmək şərti ilə deyək ki, həmin imtahanların test hissəsi yoxdur. Ənənəvi yoxlama işi formatında keçirilir. Mən yenə deyirəm, belə bir qərar bir gün, bir il ərzində qəbul oluna bilməz, olunmamalıdır. Çünki bəzi faktorlara, ilk növbədə insan faktorunun qiymətləndirmə prosesinə təsirinin istisna olunmasına və tam minimuma endirilməsinə xüsusi diqqət yetirməliyik”.

Külli miqdarda vergidən yayınma işləri barədə məlumat yayılıb

22.02.2016


Vergilər Nazirliyi iki müəssisədə külli miqdarda vergidən yayınma barədə açıqlama yayıb. Transparency.az-a verilən məlumata görə, istintaq zamanı “Bakı Elektriktökmə” Açıq Səhmdar Cəmiyyətində 370 min manat vergini dövlət büdcəsinə ödəməkdən yayınma faktı aşkar edilib: “ASC-də 29 dekabr 2005-ci ildən 17 sentyabr 2012-ci ilə qədər sədr vəzifəsində işləyən Şamil Məmmədov Vergi Məcəlləsinin tələblərini pozaraq vergi orqanına təqdim etdiyi bəyannamələrə bilərəkdən təhrif olunan məlumatlar daxil edib, bəyannamə təqdim etməməklə ümumilikdə 308,3 min manat məbləğində vergini dövlət büdcəsinə ödəməkdən yayındırıb.

Şamil Məmmədovun külli miqdarda vergidən yayınma maddəsi ilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilməsi haqqında qərar qəbul edilib. Lakin o, istintaqdan gizləndiyinə görə ittiham elan etmək mümkün olmayıb, barəsində axtarış elan edilib. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 2016-cı il fevralın 11-də Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin əməkdaşları Şamil Məmmədovu tutaraq istintaqa cəlb edib, həmin gün ona külli miqdarda vergidən yayınma maddəsi ilə təqsirləndirilən şəxs qismində ittiham elan olunub.

Şamil Məmmədovun az ağır cinayət əməli törətdiyi, azadlıqda qalarsa istintaq və məhkəmə orqanlarından qaçıb gizlənməyəcəyi, eyni zamanda dövlət büdcəsinə ödəməkdən yayındırdığı vergilərdən 50 min manat məbləğində olan hissəni könüllü olaraq dövlət büdcəsinə ödədiyi nəzərə alınıb, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib”.

Digər cinayət işi “ES Qrup Konstrakşn” MMC-də baş verən vergidən yayınma halları üzrə başlanıb. Nazirliyin məlumatına görə, 70,6 min manat məbləğində vergini dövlət büdcəsinə ödəməkdən yayındırma faktı üzrə istintaq aparılıb: “İstintaq zamanı müəyyən edilib ki, müəssisənin direktoru Elçin Səfərov cəmiyyətin qeydiyyatda olduğu vergi orqanına təqdim etdiyi bəyannamələrə gəlirlər və xərclər barədə qəsdən təhrif olunan məlumatları daxil etməklə cinayət əməli törədib.

Departament 2015-ci il dekabrın 7-də Elçin Səfərovun təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilməsi barədə qərar qəbul edib, lakin olduğu yer müəyyən edilmədiyi və istintaqa cəlb olunmadığı üçün ona ittiham elan etmək mümkün olmayıb, barəsində axtarış elan edilib. Elçin Səfərov bu il fevralın 11-də tutularaq müvəqqəti saxlanılması üçün Yasamal Rayon Polis İdarəsinə təhvil verilib. Cinayət işi üzrə dayandırılan icraat təzələnib və şəxsə Cinayət Məcəlləsinin külli miqdarda vergidən yayınma maddəsi ilə ittiham elan olunub”.

Neft Fondu bir gündə 177 milyon 450 min dollar satdı

22.02.2016

Fevralın 22-də Mərkəzi Bankın növbəti hərracı təşkil edilib. Transparency.az rəsmi məlumata əsasən bildirir ki, Dövlət Neft Fondu 200 milyon ABŞ dollarını hərraca çıxarıb, 13 banka 177 milyon 450 min ABŞ dolları satılıb.

Bu il Dövlət Neft Fondu bazara daha bir neçə dəfə valyuta təklif edib. Yanvarın 13-də fond 200 milyon, 15-də 300 milyon, 18-də 193 milyon 896 min dollar həcmində vəsait satıb. Bu, 693 milyon 896 min ABŞ dolları edir.

Mərkəzi Bank dolların satış kursunu qaldırıb

23.02.2016



Fevralın 23-də Mərkəzi Bank dolların satış kursunu qaldırıb. Rəsmi məzənnə ilə 100 dollar 156 manat 12 qəpiyə təklif olunur. Ötən gün kurs 156 manat 4 qəpik idi.

Avronun satış kursu isə bu gün aşağı salınıb. Transparency.az xəbər verir ki, 100 avro 173 manat 36 qəpikdən 172 manat 40 qəpiyə enib.

100 Rusiya rublu fevralın 23-də 2 manat 8 qəpiyə satılır.

Nazirliyin nişanı dəyişdi, devizi yox

23.02.2016

İqtisadiyyat Nazirliyinin yeni loqotipi (nişanı), devizi və tanınma rəngi təsdiq edilib. Rəsmi məlumata görə, dairəvi formadakı loqotipdə Azərbaycanın dövlət bayrağının rəngləri əks olunub. Dairənin içində iqtisadiyyata dair 3 hissədən ibarət dişli çarxın təsviri və qızılı rəngli qrafik elementlər (bina, qurğu və tikililər) əksini tapıb.

Nazirliyin devizi — mərhum prezident Heydər Əliyevin “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir!” ifadəsi isə dəyişməyib.

Azərbaycan prezidentinin 15 yanvar 2016-cı il sərəncamı ilə İqtisadiyyat və Sənaye Nazirliyi İqtisadiyyat Nazirliyi adlandırılıb. Digər sərəncamla Şahin Abdulla oğlu Mustafayev iqtisadiyyat naziri təyin olunub.

Şahin Mustafayev adı son üç ildə ikinci dəfə dəyişdirilən (2013-cü ilədək İqtisadi İnkişaf Nazirliyi idi) quruma 2008-ci ildən rəhbərlik edir.

“Brendi”və “Tünd alkoqollu içkilər” standartları təsdiqlənib

23.02.2016

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi AZS 851-2016 “Brendi”və AZS 852-2016 “Tünd alkoqollu içkilər” dövlət standartlarını təsdiqləyib. Komitənin məlumatında bildirilir ki, “Brendi” standartına görə, brendi şərabçılıq məhsulu şəffaf, çöküntüsüz, kənar hissəciklərsiz, kənar dadsız və iysiz olmalıdır. Brendidə etil spirtinin həcm payı yol verilən kənara çıxmalar nəzərə alınmaqla 40%-dən az olmamalı, invert şəkər hesabı ilə şəkərlərin kütlə qatılığı yol verilən kənara çıxmalar nəzərə alınmaqla ən çoxu 20 q/dm3 olmalıdır.

Brendi doldurulmuş butulkaların ağzı məhsulun keyfiyyətini, təhlükəsizliyini, eləcə də bağlanmanın hermetikliyini təmin edən qapaqlarla bağlanmalıdır. Markalanma zamanı brendinin yaşının “ulduzlar”la göstərilməsinə icazə verilir. Brendi 5 dərəcədən yuxarı temperaturda və havanın nisbi nəmliyi 85%-dən yuxarı olmayan şəraitdə, birbaşa günəş şüaları düşməyən yerdə saxlanmalıdır.

“Tünd alkoqollu içkilər” standartı rektifikasiya olunmuş etil spirti və su qarışığına xüsusi dad və ətir verilməsi üçün nəzərdə tutulmuş ərzaq təyinatlı xammalların və məhsulların, habelə inqrediyentlərin əlavə olunması yolu ilə alınmış tünd alkoqollu içkilərə şamil edilir. Standarta əsasən, tünd alkoqollu içkilər şəffaf (reseptura ilə nəzərdə tutulmuş qeyri-şəffaf içkilər istisna olmaqla) və çöküntüsüz olmalıdır.

Butulkalara və digər istehlak qablarına doldurulmuş tünd alkoqollu içkilərdə istifadəsi reseptura ilə nəzərdə tutulmuş bitki, meyvə, giləmeyvə hissəcikləri və digər əlavələr ola bilər. Tünd alkoqollu içkilərdə istifadə olunan xammalların və əlavələrin səciyyəvi xüsusiyyətləri (rəngi, dadı və ətri) aydın hiss olunmalıdır. Həmçinin tərkibində dubil və rəngləyici maddələri olan inqrediyentlərsiz tünd alkoqollu içkilərin zəmanətli saxlanma müddəti 12 aydır. Tərkibində brendi, protein, ətirlənmiş gavalı şirəsi, suxari, qara istiot, qırmızı istiot, dubil və rəngləyici maddələrin miqdarı çox olan inqrediyentli tünd alkoqollu içkilərin zəmanətli saxlanma müddəti isə 4 aydır.

Azərbaycan nefti 35 dollardan yuxarı qalxıb

23.02.2016




Dünya birjalarında neftin qiyməti artır. Fevralın 23-də “Layt” markalı neftin bir barreli 1,24 dollar bahalaşaraq 31,33 dollar, “Brent” markalı neftin bir barrelinin qiyməti 0,73 dollar artaraq 34,13 dollar olub.

AZƏRTAC xəbər verir ki, “AzəriLayt” markalı neftin bir barreli 2,16 dollar bahalaşıb və 35,42 dollara satılır.

Əhalinin gəlirləri 12,1 faiz artıb

23.02.2016



Dövlət Statistika Komitəsi əhalinin gəlirləri ilə bağlı hesabat yayıb. Transparency.az-ın məlumatına görə, hesabatda bildirilir ki, 2016-cı ilin yanvar ayında Azərbaycan əhalisinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 12,1 faiz artaraq 3 milyard 80,6 milyon manata çatıb. Gəlirlərin əhalinin hər nəfərinə düşən həcmi isə 321,2 manat olub.

Bütün icbari və könüllü haqlar ödənildikdən sonra əhalinin sərəncamında 2 milyard 780,6 milyon manat və ya əhalinin hər nəfərinə orta hesabla 290 manat vəsait qalıb.

Başqa bir statistikaya görə, ilin ilk ayında ölkədə 4 milyard 11,2 milyon manatlıq ümumi daxili məhsul istehsal edilib, onun əhalinin hər nəfərinə düşən həcmi 418,3 manat və ya 264,5 ABŞ dolları olub.

2015-ci ildə baş vermiş yol-nəqliyyat hadisələrinin statistikası

23.02.2016

Dövlət Statistika Komitəsi bildirir ki, 2015-ci ildə ölkənin avtomobil yollarında 2220 yol-nəqliyyat hadisəsi baş verib və bu hadisələr nəticəsində 3159 nəfər zərər çəkib. 2014-cü ilə nisbətən hadisələrin sayı 15,7 faiz, zərərçəkənlərin sayı isə 16,9 faiz azalıb. Zərərçəkənlərin 2265 nəfəri müxtəlif dərəcəli bədən xəsarəti alıb, 894 nəfəri isə həlak olub.

Qəzaların əsas hissəsi (1934-ü) yaşayış məntəqələrinin payına düşüb. Bütün yol-nəqliyyat hadisələrinin 41,6 faizi nəqliyyat vasitələrinin və piyadaların iştirakı ilə, 22,5 faizi bir nəqliyyat vasitəsinin iştirakı ilə, 35,9 faizi bir neçə nəqliyyat vasitəsinin iştirakı ilə baş verib və 2014-cü ilə nisbətən hadisələrin sayı müvafiq olaraq, 6,6 faiz, 23,6 faiz və 19,7 faiz azalıb.

İl ərzində sərxoş sürücülərin nəqliyyat vasitələrini idarə etməsi zamanı ölümlə və ya bədən xəsarətinin alınması ilə nəticələnən 55 hadisə baş verib, nəticədə 97 nəfər zərər çəkib.

Dövr ərzində yol-hərəkəti qaydaları əleyhinə 2,5 milyon və ya 2014-cü illə müqayisədə 7,5 faiz çox inzibati xəta aşkarlanıb. Qaydaların pozulmasına görə 88,5 milyon manat məbləğində cərimələr ödənilib.

Daşınmaz əmlakın qiymətləndirilməsi xidməti ilə bağlı rəsmi açıqlama yayılıb

23.02.2016



Fevralın 23-də Əmlak Məsələləri Dövlət Komitəsi açıqlama yayıb. Açıqlamada qeyd olunur ki, komitə vətəndaşlara, fiziki və hüquqi şəxslərə ölkə ərazisində mülkiyyət növündən asılı olmayaraq daşınmaz əmlakın qiymətləndirilməsi xidməti göstərir: “Bu xidmətdən istifadə etmək üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq ərazi idarələrinə müraciət etmək kifayətdir. Müxtəlif müraciətlər əsasında bütün növ daşınmaz əmlakların bazar qiymətlərinin müəyyənləşdirilməsi həyata keçirilir.

Dövlət başçısının 4 may 2015-ci il fərmanı ilə bütün ölkə ərazisində mülkiyyət növündən asılı olmayaraq daşınmaz əmlakın qiymətləndirilməsini aparmaq və bu sahədə nəzarəti həyata keçirmək Əmlak Məsələləri Dövlət Komitəsinə həvalə edilib. Qiymətləndirmə işlərini Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin peşəkar qiymətləndiriciləri həyata keçirir. Proses milli və beynəlxalq qiymətləndirmə standartlarının tələblərinə uyğun şəkildə aparılır. Reyestr Xidmətində bütün növ daşınmaz əmlaklar barədə atributiv bazar məlumatlarını özündə ehtiva edən Bazar Məlumatları Bankı yaradılıb. Bu baza son 10 il ərzində bütün ölkə ərazisində rəsmi dövriyyədən keçmiş (notarial qaydada təsdiq edilən alğı-satqı müqaviləsi əsasında dövlət reyestrində rəsmi qeydiyyatdan keçmiş) daşınmaz əmlakları ehtiva edir. Bu bankda 400 mindən artıq daşınmaz əmlak barədə məlumatlar toplanıb. Özəl qiymətləndiricilər həyata keçirilən qiymətləndirmə işlərinin ekspertizasını da aparır.

Xidmətdə daşınmaz əmlakın qiymətləndirilməsi ilə bağlı həyata keçirilən bütün əməliyyatlar üçün ödənişlər Tarif (qiymət) Şurasının 31 iyul 2009-cu il qərarı ilə təsdiq edilmiş tariflərə uyğun olaraq tənzimlənir. Bu əməliyyatlara qiymətləndirmənin aparılması, məlumat bankından məlumatların verilməsi, ekspertizanın aparılması aiddir. İstənilən hüquqi və fiziki şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq ərazi idarələrinə müraciət edərək yeni yaradılmış bu xidmətdən yararlana bilər”.

Prokuror jurnalisti döyənlərə cəza istədi

23.02.2016

Fevralın 23-də Bakı Ağır Cinayətlər Məhkəməsi jurnalist Rasim Əliyevin ölümündə təqsirləndirilən şəxslərin işi üzrə prosesi davam etdirib. APA-nın məlumatına görə, hakim Eldar İsmayılovun sədrlik etdiyi prosesdə dövlət ittihamçısı çıxış edib. O, Elşən İsmayılov və Arif Əliyevə 14 il, Camal Məmmədova 12 il, Samir Məmmədov və Kənan Mədətova 11 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası istəyib.

ANN.TV-nin reportyoru olmuş Rasim Əliyevi ötən il avqustun 8-də bir qrup şəxs döyüb. Jurnalist bir gün sonra xəstəxanada keçinib. Hadisə ilə bağlı “Qəbələ” klubunun futbolçusu Cavid Hüseynov, onun bibisi oğlu və daha 4 nəfər həbs olunub.

Bakı Şəhər Prokurorluğunda aparılan istintaq müəyyən edib ki, Cavid Hüseynov avqustun 6-da “Facebook” səhifəsində onu tənqid edən Rasim Əliyevə zəng vuraraq təkzib vermək tələbi qoyub. Bundan sonra Cavid Hüseynovun bibisi oğlu Elşən İsmayılov da Rasim Əliyevə zəng vuraraq təkzib verməsini tələb edib və bu zəmində aralarında mübahisə yaranıb. Elşən İsmayılov Rasim Əliyevdən qisas almaq məqsədilə özünə yaxın olan Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayevdən ibarət qrup yaradaraq avqustun 8-i Bayıl qəsəbəsində onunla görüşüb. Onlar Rasim Əliyevə çoxsaylı ağır dərəcəli bədən xəsarətləri yetirib hadisə yerindən qaçıblar. Bakı Kliniki Tibbi Mərkəzə çatdırılmasına və üzərində müalicə və əməliyyat aparılmasına baxmayaraq Rasim Əliyevin həyatını xilas etmək mümkün olmayıb və o, avqustun 9-u orada vəfat edib.

Kənan Mədətov, Camal Məmmədov, Samir Mustafayev, Elşən İsmayılov, Arif Əliyev zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilirlər. Rasim Əliyevə məxsus mobil telefonun oğurlanaraq sındırılması epizoduna görə Arif Əliyevə və Elşən İsmayılova oğurluq ittihamı da irəli sürülüb.

Cavid Hüseynov Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin törədilməsi və hazırlanmasını bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilir. Onun işi ayrıca icraata ayrılıb.

Qəbul imtahanlarının vaxtı açıqlanıb


23.02.2016


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası builki imtahanların tarixlərini açıqlayıb. Qurumun yaydığı məlumatda bildirilir ki, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə ərizə qəbulu (I-IV qruplar) aprelin 1-dən başlayır, 28-də bitir. Jurnalistika ixtisasını seçən abituriyentlər həmin müddətdə qeydiyyatdan keçməlidir.

V qrup üzrə ərizə qəbulu mayın 3-dən 17-dək aparılacaq.

Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə elektron qeydiyyat I qrup üzrə 15-30 aprel, V qrup üzrə 6-19 may arasında olacaq.

Əvvəlki illərin məzunları II və III qruplar üzrə mayın 15-də, I və IV qruplar üzrə mayın 22-də imtahan verəcək.

Bu ilin məzunları üçün I və IV qruplar üzrə iyulun 15-də, II və III qruplar üzrə iyulun 23-də imtahan günüdür.

Jurnalistika ixtisasını seçən abituriyentlər iyulun 29-da qabiliyyət imtahanı verəcək.

Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanı V qrup üçün 15 iyul-5 avqust, I qrup üçün 25 iyul-5 avqust müəyyən edilib.

Ətraflı

Milli Məclis 2016-cı ilin dövlət büdcəsini yenilədi

23.02.2016



Fevralın 23-də Milli Məclis 2016-cı ilin dövlət büdcəsinə dəyişikliklər edib. Yeniliyə görə, icmal büdcənin gəlirləri 15 milyard 738,6 milyon manat nəzərdə tutulur, bu da təsdiq edilmiş büdcəyə nisbətən 981,5 milyon manat və ya 5,9 faiz azdır. Azalma əsasən bir barrel xam neftin qiymətinin təsdiq edilmiş proqnozla müqayisədə 2 dəfə aşağı götürülməsi nəticəsində Dövlət Neft Fondunun gəlirlərinin 3 milyard 230,3 milyon manat düşməsi hesabınadır.

Dövlət və icmal büdcələrin hesablanması zamanı xam neftin satış qiyməti bir barrel üçün 25 ABŞ dolları götürülür. 2016-cı il üçün dövlət büdcəsinin dəqiqləşdirilmiş gəlirləri 16 milyard 822 milyon manat proqnozlaşdırılır, bu da təsdiq olunmuş proqnozla müqayisədə 2 milyard 256 milyon manat və ya 15,5 faiz çoxdur.

2016-cı ildə Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 7 milyard 10 milyon manat daxilolma proqnozlaşdırılır (41,7 faiz). Bu, 2016-cı il üzrə təsdiq olunmuş proqnozdan 408 milyon manat və ya 6,2 faiz çoxdur.

Dövlət büdcəsi gəlirlərinin 1 milyard 810 milyon manatı və ya 10,7 faizi Gömrük Komitəsinin xətti ilə daxilolmaların payına düşəcək. Bu, təsdiq olunmuş büdcədə nəzərdə tutulduğundan 220 milyon manat və ya 13,8 faiz çoxdur.

2016-cı ildə dövlət büdcəsi gəlirlərinin 45,3 faizi Dövlət Neft Fondunun transferti hesabına formalaşacaq.

Yenilənmiş dövlət büdcəsində xərclər 18 milyard 459 milyon manatdır. Kəsirin yuxarı həddi 1 milyard 673 milyon manat hesablanıb.

Ziyafət Əsgərov Məhkəmə-Hüquq Şurasının üzvü təyin edildi

23.02.2016




Parlamentin 23 fevral iclasında Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov Məhkəmə-Hüquq Şurasının üzvü təyin edilib. APA-nın məlumatına görə, müzakirə zamanı deputat, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev təyinata etiraz edərək deyib ki, hakimiyyətin bir qanadına digər hakimiyyət qanadının nümayəndəsinin təyin olunması düzgün deyil: “Bu, konstitusiya pozuntusudur. Ziyafət Əsgərov sədrin birinci müavin kimi Milli Məclisin işinin təşkili ilə məşğul olmalıdır: “Məhkəmə-Hüquq Şurasının üzvləri hakimlərdən ibarət olmalıdır. Biz mütləq Məhkəmə-Hüquq Şurası qanununa yenidən baxmalıyıq”.

Sədr Oqtay Əsədov, deputatlar Siyavuş Novruzov və Əli Hüseynli isə çıxış edərək bildiriblər ki, bu təyinatda heç bir konstitusiya pozuntusu yoxdur və Ziyafət Əsgərovun Məhkəmə-Hüquq Şurasında təmsil olunması hüquq sahəsində islahatlara dəstəkdir”.

Transparency.az bildirir ki, Məhkəmə-Hüquq Şurası vakant hakim vəzifələrinə hakim olmayan namizədlərin seçilməsinin təşkili, hakimlərin fəaliyyətinin qiymətləndirilməsi, onların iş yerinin dəyişdirilməsi, vəzifədə irəli çəkilməsi, intizam məsuliyyətinə cəlb edilməsi funksiyalarını həyata keçirən orqandır.

2005-ci ilin fevral ayından fəaliyyətə başlayan Məhkəmə-Hüquq Şurasının bu günədək 13 üzvü vardı: Fikrət Məmmədov, ədliyyə naziri (sədr); Ramiz Rzayev, Ali Məhkəmənin sədri; Fuad Ələsgərov, Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri; Rafael Qvaladze, Konstitusiya Məhkəməsinin hakimi; Şəlalə Məmmədova, Ali Məhkəmənin hakimi; Şahin Yusifov, Ali Məhkəmənin hakimi; Rizvan Səfərov, Bakı Apellyasiya Məhkəməsinin hakimi; Ramiz Süleymanov, Naxçıvan Ali Məhkəməsinin sədri; Azər Cəfərov, ədliyyə nazirinin müavini; Namiq Əsgərov, baş prokurorun müavini; Xəqani Tağıyev, Salyan Rayon Məhkəməsinin sədri; İlham Əhmədov, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hakimi; Ramiz İbrahimov, Vəkillər Kollegiyasının üzvü, 4 saylı hüquq məsləhətxanasının müdiri.

Parlament prezidentin etirazı ilə razılaşdı

23.02.2016




Fevralın 23-də Milli Məclis prezident İlham Əliyevin “Valyuta tənzimi haqqında” qanunda dəyişikliklərə etirazına baxıb. Etiraz qəbul olunub.

“Valyuta tənzimi haqqında” qanuna dəyişikliklərə Milli Məclis yanvarın 19-da səs vermişdi. Layihə prezident İlham Əliyevin təşəbbüsü olmuşdu. Transparency.az bildirir ki, əsas dəyişikliyə əsasən, qanunun icbari yığımı nəzərdə tutan maddəsi yeni redaksiyada verilmişdi. Yenilik bəzi kateqoriya şəxslər istisna olmaqla rezident və qeyri-rezident fiziki və hüquqi şəxslərin Azərbaycandan kənara xarici valyuta köçürməsi üçün əməliyyat məbləğinin 20 faizi miqdarında icbari yığımın tam məbləğdə dövlət büdcəsinə ödənilməsini nəzərdə tuturdu.

Rəsmi məlumata görə, dövlət başçısı “Valyuta tənzimi haqqında” qanuna dəyişiklikləri sahibkarların və investorların çoxsaylı müraciətlərini nəzərə alaraq imzalamayıb.

Ekspert Mərkəzi Bankın dollar-manat siyasətini yanlış sayır

23.02.2016

“Mərkəzi Bank məhdudlaşdırma siyasətindən genişləndirmə siyasətinə keçməlidir”. Transparency.az-ın məlumatına görə, iqtisadçı ekspert Vüqar Bayramov belə yazır. Ekspert Mərkəzi Bankın dollar-manat siyasətindəki son addımlarını yanlış saydığını vurğulayaraq yazır ki, qurum ilk devalvasiyadan bəri zəruri islahatlar yolu tutmayıb: “Ötən iki-üç ayda Mərkəzi Bankın siyasəti dollarlaşma prosesinin qarşısının alınması deyil, sürətlənməsinə hesablanıb. Dollarla depozitlərin payı ümumi əmanət portfelində 85 faizi keçib. Bu, əmanətlərin valyuta strukturu baxımından çox kritik həddir.

Üzən valyuta rejiminə keçmək istəyən Mərkəzi Bank əslində manata təzyiq səbəbindən prosesi yubatmağa çalışır. Yanvarın 25-dən sonra manatın dollara məzənnəsi möhkəmlənir, nəticədə ötən ilin sonu və bu ilin əvvəlində yüksək kursla dollar alanlar daha çox ziyan etməmək üçün xarici valyutanı manata çevirir. Halbuki real üzən məzənnəyə keçməyən Mərkəzi Bank vaxtında qara bazarın yaranmasına və vətəndaşların yüksək məzənnə ilə dollar almasına imkan verməməli idi. Manatın məzənnəsində yanvarın 25-dən sonra müşahidə edilən möhkəmlənmələr psixoloji faktorla bağlı olsa da, əhalinin dollar təklifi də diqqətdən yayınmamalıdır. Amma ev təsərrüfatlarının milli valyuta tələbi hesabına bu prosesin nə qədər davam etdirilə bilməsi sual altındadır. Çünki müəyyən müddət sonra büdcə xərcləmələri manat təklifini, idxal isə dollar tələbini artıracaq”.

Ekspert Mərkəzi Bankın devalvasiyadan sonrakı siyasətinin manata inam üzərində qurulmadığını, dollarlaşma prosesinə dəstək verdiyini yazır: “Banklardakı əmanətlərin dollara indeksasiyası ilə bağlı təklifimiz birinci devalvasiyadan öncə verilsə də, Mərkəzi Bank hələ də bu istiqamətdə bir addım atmayıb. Bu, evlərdə saxlanan manatın banklara yönəlməsinə, milli valyutaya təzyiqin azalmasına xidmət edə bilərdi. Amma qurumun son bir ildəki siyasəti manata təzyiqi artırmaq üzərində quruldu. Manat bazasını son bir ildə inzibati metodlardan istifadə etməklə 2 dəfə azaldan bank “az manat, dollara az tələb” prinsipi ilə vətəndaşları, xüsusən də biznesi milli valyutasız qoyub. Dəfələrlə qeyd etdiyimiz kimi, məhdudlaşdırıcı siyasətdən genişləndirmə siyasətinə keçid olduqca vacibdir. Artıq manatın məzənnəsi dünya bazarı ilə də əlaqəsini itirib. Bivalyuta səbətinə malik olan Mərkəzi Bank dolların son günlər qlobal valyuta bazarında möhkəmlənməsinə baxmayaraq manatı ABŞ puluna nisbətən möhkəmləndirir. Deməli, 2016-cı ildə manatın məzənnəsində neftin dünya bazar qiyməti istisnasız əsas faktor olacaq”.

Ən yaşamalı şəhərlərin adları açıqlanıb

23.02.2016

“Mercer” konsaltinq şirkəti dünyada ən yaşamalı şəhərlərin reytinqi açıqlayıb. Novator.az xəbər verir ki, reytinq cədvəlində birinci yeri Avstriyanın paytaxtı Vyana tutur.

Vyana 17-ci dəfədir ən yaşamalı şəhərlər sırasında birinci yerdə dayanır.

Siyahıda sonrakı yerlərdə Sürix (İsveçrə), Oklend (Yeni Zelandiya), Münhen (Almaniya) və Vankuver (Kanada) gəlir.

“Mercer” konsaltinq şirkətinin təhlilinə görə, yaşamaq üçün ən pis şəhər İraqın paytaxtı Bağdaddır.

Reytinq cədvəli tərtib olunarkən əsas meyarlar kimi sabitlik, səhiyyə, təhsil, cinayətkarlığın səviyyəsi, asudə vaxtın təşkili, nəqliyyat vəziyyəti, ümumilikdə 10 meyar götürülüb.

Azərbaycan-İran sənədləri imzalanıb

23.02.2016




Fevralın 23-də Tehrana səfər edən dövlət başçısı İlham Əliyev İran prezidenti Həsən Ruhani ilə təkbətək görüş keçirib. Sonra geniş tərkibdə danışıqlar olub.

AZƏRTAC xəbər verir ki, geniş tərkibdə görüşün ardınca bu sənədlər imzalanıb:

“Azərbaycan Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti arasında fövqəladə halların nəticələrinin aradan qaldırılması, məhdudlaşdırılması və təsirinin azaldılması sahəsində əməkdaşlıq haqqında Saziş”;

“Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında gömrük məsələlərində qarşılıqlı inzibati yardım haqqında Saziş”;

“Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında baytarlıq və heyvan sağlamlığı sahəsində əməkdaşlıq haqqında Saziş”;

“Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında elektrik enerjisinin satışı haqqında Çərçivə Sazişi”;

“Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Azərbaycan və İran dəmir yollarının əlaqələndirilməsi haqqında Çərçivə Sazişi”;

“Azərbaycan Dəmir Yolları” QSC ilə İran İslam Respublikasının Dəmir Yolları arasında Azərbaycan-İran dövlət sərhədində Astara çayı üzərində dəmir yolu körpüsünün tikintisi haqqında Müqavilə”;

“Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə İran İslam Respublikasının Qadın və Ailə Məsələləri üzrə Vitse-Prezidentliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”;

“Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə İran İslam Respublikasının Səhiyyə və Tibbi Təhsil Nazirliyi arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”;

“Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə İran İslam Respublikasının Kooperasiya, Əmək və Sosial Rifah Nazirliyi arasında Anlaşma Memorandumu”;

“Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə İran Milli Neft Şirkəti arasında Anlaşma Memorandumu”;

“Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə Qədir İnvestisiya Şirkəti arasında Anlaşma Memorandumu”.

Sənədlərin imzalanması mərasimi başa çatdıqdan sonra Həsən Ruhani və İlham Əliyev mətbuata bəyanatlarla çıxış ediblər.

Qanunsuz pensiya təyinatına görə cinayət işi açılıb

23.02.2016



Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsinin bir qrup əməkdaşının saxta məhkəmə qətnamələri əsasında təyinatlar aparması barədə material Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırılıb. Baş Prokurorluğun mətbuat xidməti bildirir ki, araşdırmalar zamanı 2003-2013-cü illər ərzində 85 rayon sakininə övladlığa götürmə və pensiya stajlarının artırılmasına dair saxta məhkəmə qətnamələri əsasında pensiya təyinatları aparıldığı üzə çıxıb.

Fakta görə Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 320.1-ci (rəsmi sənədləri, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlama və ya satma) maddələri ilə iş başlanıb. Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Müharibə əlilləri və şəhid ailələrinə yeni evlər verildi

23.02.2016

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Qazax rayonunda 8, Ağstafa rayonunda 4 yeni fərdi yaşayış evini Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin istifadəsinə verib. Rəsmi məlumat fevralın 23-də yayılıb.

Evlərin təqdim olunması tədbirlərində əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov, Qazax və Ağstafa icra hakimiyyətlərinin məsul şəxsləri, əlil ictimai birliklərinin, yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər. Tədbirdə çıxış edən Natiq Məmmədov deyib ki, ilin əvvəlindən 22 nəfər Qarabağ müharibəsi əlili və şəhid ailəsinin mənzillə təminatı həyata keçirilib.





Tehran bəyanatları

24.02.2016


“Hər iki ölkədə çox ciddi iqtisadi islahatlar aparılır, biznes mühiti yaxşılaşır. Belə olan halda qarşılıqlı sərmayə qoyuluşu üçün yeni imkanlar yaranacaq”. Fevralın 23-ü Tehranda İran prezidenti Həsən Ruhani ilə birgə brifinq keçirən dövlət başçısı İlham Əliyev belə deyib.

Həsən Ruhani jurnalistlərə deyib ki, İlham Əliyevin səfəri İrana qarşı nüvə sanksiyalarının aradan qaldırılması və bu barədə razılaşmanın icraya başlamasından sonraya təsadüf edir: “Bu da iki ölkə arasında münasibətlərin daha geniş spektrdə inkişaf etməsinə səbəb olacaq. İki ölkə arasında müştərək iqtisadi komissiyanın son iki ildəki fəaliyyəti bizi çox sevindirir. Onların gərgin əməyinin nəticəsində bu gün iki ölkə arasında on bir sənəd imzalanır (Azərbaycan-İran sənədləri imzalanıb). Bu sənədlərin imzalanması ölkələrimiz arasında münasibətlərin daha da dərinləşməsinə xidmət edir.

Biz bu gün keçirdiyimiz həm təkbətək, həm də geniş tərkibdə görüşlərdə ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni və digər sahələrə aid məsələləri bir daha nəzərdən keçirdik. Həmin görüşlərdə iki ölkə arasında tranzit daşımaları, o cümlədən Şimal-Cənub nəqliyyat dəhlizi çərçivəsində əməkdaşlıq sahəsində fikir mübadiləsi apardıq. Eyni zamanda 2016-cı ilin sonunadək Astara-Astara dəmir yolu xəttinin birləşdirilməsi barədə razılığa gəldik, bu da iki ölkənin iqtisadi münasibətlərində yeni bir səhifənin açılmasına səbəb olacaq.

Biz ölkələrimiz arasında energetika və neft-qaz sahələrində əməkdaşlıqla bağlı geniş fikir mübadiləsi apardıq. Xəzər dənizinin enerji ehtiyatlarından birgə istifadə barədə fikir mübadiləsi etdik, həmçinin iki ölkə arasında bank və sığorta sahəsində əməkdaşlıq məsələlərini nəzərdən keçirdik. Eyni zamanda Araz, Ənzəli və Maku azad iqtisadi-ticarət zonalarında birgə fəaliyyət ilə bağlı fikir mübadiləsi apardıq. Biz iki ölkə arasında siyasi, iqtisadi münasibətlərin inkişafı ilə yanaşı xalqlarımızın gediş-gəlişinin asanlaşdırılması, ölkələrimizin elmi mərkəzləri arasında əməkdaşlığın genişləndirilməsi, o cümlədən mədəniyyət sahəsində əlaqələrin daha da dərinləşdirilməsi məsələlərini müzakirə etdik. Xalqlarımızın gediş-gəlişinin asanlaşdırılması istiqamətində fikir mübadiləsi çərçivəsində dəniz nəqliyyatı ilə də get-gəlin artırılması barədə ətraflı söhbət etdik”.

AZƏRTAC-ın məlumatına görə, İlham Əliyev imzalanan sənədlərin icrasının iki ölkənin əlaqələrini daha da gücləndirəcəyini vurğulayıb. O qeyd edib ki, Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması işində çox önəmli addımlar atılıb: “Bu yolun istifadəyə verilməsi nəticəsində biz qitələri gözəl nəqliyyat infrastrukturu ilə birləşdirəcəyik. Azərbaycanın üzərinə düşən vəzifə bu ilin sonuna qədər icra ediləcək və biz dəmir yolumuzu İran sərhədinə qədər çəkəcəyik.

Neft-qaz sektorunda çox gözəl perspektivlər var. İran Azərbaycanın neft-qaz yataqlarına investisiyalar qoyur. Biz gələcək əməkdaşlıq haqqında çox gözəl fikir mübadiləsi apardıq. Xəzər dənizində yerləşən neft-qaz yataqlarının birgə işlənməsi məsələsi də müzakirə olundu və yaxşı nəticələr gözlənir. Xəzər dənizi bizim ümumi sərvətimizdir, bundan sonra da əməkdaşlıq, təhlükəsizlik və sülh dənizi olmalıdır.

Energetika sahəsində çox gözəl işlər görülür və gözəl perspektivlər var. Bu sahədəki əməkdaşlıq ancaq İran-Azərbaycan əməkdaşlığı ilə məhdudlaşmır. Qonşu ölkələr də bu layihəyə qoşula bilərlər və belə olan halda bu, gözəl transmilli, regional layihəyə çevriləcək.

Qarşılıqlı sərmayə qoyuluşu üçün çox gözəl imkanlar var. Hər iki ölkədə hazırda çox ciddi iqtisadi islahatlar aparılır, biznes mühiti yaxşılaşır. Belə olan halda qarşılıqlı sərmayə qoyuluşu üçün yeni imkanlar yaranacaq. Maliyyə, bank, sığorta, turizm, əczaçılıq sektorlarında da gələcək fəaliyyət üçün gözəl imkanlar var”.

Fevralın 23-də İlham Əliyev İran İslam Respublikasının ali rəhbəri Seyid Əli Xamneyi ilə də bir araya gəlib. Görüşdə iki ölkə arasında əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb, regionda təhlükəsizliyin və sabitliyin təmin olunmasında birgə səylərin vacibliyi vurğulanıb. Həmin gün İlham Əliyevin İrana rəsmi səfəri başa çatıb.

Dolların rəsmi satış kursu 1 manat 56 qəpikdən aşağı düşüb

24.02.2016


Dolların rəsmi satış kursu 1 manat 56 qəpikdən aşağı düşüb. Fevralın 24-də Mərkəzi Bank 1 dolların məzənnəsini 1,5593 manat müəyyən edib. Transparency.az bəzi başqa valyutalar üzrə məzənnələri də diqqətə çatdırır:

1 avro – 1,7179 manat

1 Rusiya rublu – 0,0204 manat

1 türk lirəsi – 0,5295 manat

1 gürcü larisi – 0,6282 manat

100 İran rialı – 0,0052 manat

1 ingilis funt sterlinqi – 2,1797 manat

1 İsveçrə frankı – 1,5701 manat.

“Amnesty İnternational” Azərbaycana nə qiymət verdi?

24.02.2016



“Amnesty İnternational” beynəlxalq insan haqları təşkilatı 2015-2016-cı illər üzrə hesabat açıqlayıb. Hesabatda deyilir ki, 2015-ci ildə 98 ölkədə insanlar işgəncələrə və pis rəftarın başqa formalarına məruz qalıb, 30 ölkə qaçqınları zorla gəldikləri yerlərə qaytarıb, 18 ölkədə müharibə cinayətləri törədilib.

“Azadlıq” radiosunun məlumatına görə, 160 ölkəni əhatə edən hesabatın Azərbaycana aid bölümündə vətəndaş cəmiyyəti və fərqli siyasi düşüncə üzərinə hücumların davam etdiyi vurğulanır: “Azı 18 vicdan məhbusu hələ də dəmir barmaqlıqlar arxasında qalıb. Azərbaycan hakimiyyəti müstəqil jurnalistləri və fəalları istər ölkə daxilində, istərsə də xaricdə təqib edir, beynəlxalq insan haqları təşkilatlarının nümayəndələrinin ölkəyə buraxılmaması və ya ölkədən qovulması halları var”.

Hesabatda noyabrın 1-də keçirilmiş parlament seçkisindən də söz açılır və bildirilir ki, hakimiyyətin təzyiq və təqiblərinə məruz qalan müxalifətin boykotu şəraitində hakim Yeni Azərbaycan Partiyası rahat qələbə qazanıb, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu seçkinin monitorinqindən imtina edib: “Bu müddət ərzində “Human Rights Watch” və “Amnesty İnternational” təşkilatlarının nümayəndə heyətlərinin ölkəyə girişinə icazə verilməyib. Sentyabr ayında Avropa Parlamentinin siyasi məhbusları azad etməyə çağıran qətnaməsinin qəbulundan sonra hökumət Avropa Komissiyasının Bakıya səfərini ləğv edib. Oktyabr ayında Avropa Şurası Azərbaycanda insan haqları məsələləri ilə məşğul olan müştərək qrupdan çıxıb”.

Sənəddə qeyd olunur ki, hesablarının dondurulması və üzvlərinin mühakimələri ucbatından aparıcı QHT-lərin fəaliyyəti qeyri-mümkün olub, bir neçə QHT rəhbəri həbsxanalara salınıb və ya mühacirət etməyə məcbur edilib.

Hesabatda deyilir ki, Azərbaycanda bütün əsas media vasitələri hökumətin nəzarətində qalır, müstəqil media qurumları isə qısnama, hədə, təqib və bağlanma təhdidləri ilə üzləşirlər. Qeyd olunur ki, hökumət xaricdə fəaliyyət göstərən jurnalistlərin və siyasi fəalların qisasını onların qohumlarından alır: “Fevralın 13-ü Berlində prezident İlham Əliyevin əleyhinə piketdə iştirak etmiş bloqçu Tural Sadıqlının qardaşı Elgiz Sadıqlı narkotik maddə ittiham ilə həbs olunub, beynəlxalq hiddətdən sonra azad edilib. “Meydan TV”nin xaricdə yaşayan direktoru Emin Millinin qayını Nazim Ağabəyov iyulun 23-də narkotik maddə ittihamı ilə həbs olunub. Onun başqa bir qohumu Polad Abdullayev də tutulub, lakin bir neçə gündən sonra sərbəst buraxılıb. Amma bundan əvvəl Emin Millinin bütün qohumları ondan imtina etdikləri barədə məktub yazıblar.

İyul ayında mühacirətdə yaşayan jurnalist, Türkiyədən yayımlanan “Azərbaycan saatı” teleproqramının aparıcısı Qənimət Zahidin üç qohumu polisə müqavimət və narkotik maddə ittihamları ilə tutulub. Oktyabr ayında “Meydan TV”nin mühacirətdə olan redaktoru Günel Mövludun qardaşları həbs edilib”.

Hesabatında deyilir ki, Azərbaycanda sərbəst toplaşmaq azadlığı qaba şəkildə pozulur.

Neftin qiymətində enmə var

24.02.2016

Dünya birjalarında neftin qiyməti düşüb. Nyu-York birjasında “Layt” markalı neftin bir barreli 0,25 dollar ucuzlaşaraq 31,08 dollar, London birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 1,42 dollar azalaraq 32,71 dollar olub.

“AzəriLayt” markalı neftin bir barreli isə 1,88 dollar ucuzlaşaraq 33,54 dollara satılır.

Xəbəri fevralın 24-də AZƏRTAC yayıb.

Bir ildə dollar 98,8 faiz, avro 79 faiz bahalaşıb

24.02.2016

Fevralın 24-də Mərkəzi Bank 2015-ci il üzrə pul siyasəti icmalını açıqlayıb. Transparency.az-ın məlumatına görə, icmalda qeyd olunur ki, 2015-ci ildə Mərkəzi Bank qlobal iqtisadiyyatda, o cümlədən dünya enerji bazarlarında və tərəfdaş ölkələrdə baş verən proseslərin Azərbaycan iqtisadiyyatına mənfi təsirlərinin güclənməsi şəraitində fəaliyyət göstərib: “2015-ci il qlobal iqtisadi artımın zəifləməsi, dünya əmtəə qiymətlərinin kəskin ucuzlaşması, bir sıra ölkələrdə valyuta ehtiyatlarının azalması və məzənnələrin qeyri-sabitliyi ilə xarakterik olub. Neftin dünya qiyməti son onilliyin ən aşağı səviyyəsinə enib.

Uzunmüddətli xarakter daşıyan xarici şokların güclənməsi milli iqtisadiyyatın dayanıqlığının möhkəmləndirilməsi çağırışlarını daha da aktuallaşdırıb. Yüksək neft qiymətləri dövründə valyuta bazarında yaranmış balansın dəyişməsi və tərəfdaş ölkələrdə baş verən silsilə devalvasiyalar məzənnə siyasətinə və məzənnə rejiminə yenidən baxılması zərurətini yaradıb. Məzənnə siyasəti və məzənnə rejimi üzrə tədiyyə balansının tarazlaşdırılmasına, ölkənin strateji valyuta ehtiyatlarının qorunmasına və milli iqtisadiyyatın rəqabət qabiliyyətinin gücləndirilməsinə xidmət edən qərarlar qəbul edilib”.

İcmalın pul və məzənnə siyasətinə dair hissəsində qeyd olunur ki, 2015-ci ildə valyuta bazarında xarici valyuta təklifi əhəmiyyətli dərəcədə azalıb, xarici valyutaya tələb isə kəskin artıb. Hesabata görə, 2015-ci ildə Mərkəzi Bank 8,4 milyard ABŞ dolları həcmində valyuta satıb və ilin sonuna xarici valyuta ehtiyatlarının həcmi 5 milyard dollara enib.

İcmalda bildirilir ki, 2015-ci il ərzində ABŞ dolları manata qarşı 98,8 faiz, avro isə 79 faiz bahalaşıb.

Hərrac yarımçıq yekunlaşdı

24.02.2016

Mərkəzi Bank fevralın 24-də keçirdiyi valyuta hərracına 30 milyon ABŞ dolları çıxarıb. Rəsmi məlumata görə, hərracda 14 bank iştirak edib, məcmu tələb 66,760 milyon ABŞ dolları olub. Mərkəzi Bank sifarişlərin 44,9 faizini təmin edə bilib.

Transparency.az bildirir ki, bu, son bir ayda Mərkəzi Bankın keçirdiyi 14-cü hərracdır. Əvvəlki 13 hərracda satılan vəsaitin ümumi həcmi 545 milyon 488 min ABŞ dolları olub.

Ümid Avropa Məhkəməsinə qaldı

24.02.2016



Fevralın 24-də Ali Məhkəmə hüquq müdafiəçisi İntiqam Əliyevin şikayətinə baxıb. Şikayətdə İntiqam Əliyevə bəraət hökmünün çıxarılması istənib. Hakim Gülzar Rzayevanın sədrliyi ilə keçirilən prosesdə şikayət təmin olunmayıb. Xəbəri Azadliq.org yayıb. Vəkil Cavad Cavadlı bildirib ki, Ali Məhkəmənin qərarını alan kimi Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edəcək.

İntiqam Əliyev 2014-cü il avqustun 8-dən həbsdədir. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İntiqam Əliyev vergidən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, qanunsuz sahibkarlıq, mənimsəmədə təqsirli bilinərək 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi İntiqam Əliyevin şikayətini təmin etməyib, birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb.

“Göy qurşağı”nda 53 mənzil istifadəyə verildi

24.02.2016

Fevralın 24-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 53 mənzili Qarabağ müharibəsi və 20 Yanvar əlillərinin, şəhid ailələrinin istifadəsinə verib. Nazirliyin məlumatında bildirilir ki, mənzillər Abşeron rayonunun Məmmədli kəndindəki “Göy qurşağı” yaşayış kompleksindən tender yolu ilə satın alınaraq təmir edilib.

Yeni mənzil sahiblərinin 12-si Qarabağ müharibəsi əlili, 4-ü 20 Yanvar əlili, 37 nəfəri isə şəhid ailəsidir. Məlumata görə, müharibə əlilləri və şəhid ailələri üçün paytaxtda və ayrı-ayrı rayonlarda çoxmənzilli yaşayış binaları da inşa olunur.

Nazirliyin son bir ayda 75 nəfər müharibə əlili və şəhid ailəsini mənzillə təmin etdiyi bildirilir.





DSMF-nin yeni büdcəsi

24.02.2016


Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il üçün yeni büdcəsi bəlli olub. Rəsmi məlumata görə, fondun gəlir və xərcləri 3 milyard 307,4 milyon manat proqnozlaşdırılır, bu da 2016-cı ilin təsdiq olunmuş proqnoz göstəricisinə nisbətən 228,8 milyon manat və ya 7,4 faiz çoxdur. Artımın 82,8 milyon manatı və ya 36,2 faizi məcburi dövlət sosial sığorta haqları, 146 milyon manatı və ya 63,8 faizi dövlət büdcəsindən ayırmalar (transfert) hesabına təmin ediləcək.

2016-cı il üçün yeni büdcədə əhaliyə ödənişlər 3 milyard 239 milyon manat nəzərdə tutulur, bu da təsdiq olunmuş proqnoz göstəricisinə nisbətən 7,6 faiz və ya 227,8 milyon manat çoxdur.

Əmək pensiyalarının ödənişi xərcləri 3 milyard 136,1 milyon manat olmaqla 2016-cı il üçün təsdiq olunmuş proqnoz göstəricisinə nisbətən 7,3 faiz və ya 212,5 milyon manat artımla proqnozlaşdırılır. Xərc artımında yaşa görə əmək pensiyasının baza hissəsinin 110 manat təyin edilməsi ilə bağlı olaraq bütün növ əmək pensiyalarının baza hissəsinin və baza hissəsinə əlavələrin yenidən hesablanması, müəyyən kateqoriyadan olan hərbi qulluqçu və xüsusi rütbəli şəxslərin vəzifə maaşlarındakı artıma müvafiq qulluq stajına görə əmək pensiyalarına əlavələrin artırılması, eləcə də əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi xərclərinin dürüstləşdirilməsi nəzərə alınıb.

Yeni büdcədə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlərin bütün növləri üzrə də artım nəzərdə tutulub. Müavinətlərin ödənişi xərcləri 102,9 milyon manat olmaqla 2016-cı il üçün təsdiq olunmuş proqnoz göstəricisinə nisbətən 17,5 faiz və ya 15,3 milyon manat artımla nəzərdə tutulub.

Pensiya və müavinətlərin əhaliyə çatdırılması, bank əməliyyatlarının aparılması üzrə xidmət haqqı xərclərində 0,9 milyon manat və ya 4,5 faiz artım nəzərdə tutulub, bu istiqamət üzrə xərclər 20,1 milyon manat ilkin məbləğə qarşı 21 milyon manat həcmində proqnozlaşdırılıb.

ÜDM-in əhalinin hər nəfərinə düşən həcmi: bizdə və dünyada

24.02.2016

Dövlət Statistika Komitəsinin yanvar hesabatına görə, Azərbaycanda istehsal edilən ümumi daxili məhsulun əhalinin hər nəfərinə düşən həcmi 265 ABŞ dollarına yaxın olub. Ötən ilin yekununda isə bu göstərici 3680 dollara yaxın idi.

İkinci devalvasiyadan öncə Azərbaycan Beynəlxalq Valyuta Fondunun hesabatında 185 ölkə arasında 83-cü yerdə gəlirdi və ölkədə ümumi daxili məhsulun əhalinin hər nəfərinə düşən həcmi 6 min 576 dollar göstərilirdi.

Bəs dünya ölkələrində bu göstərici necədir? Transparency.az bildirir ki, Beynəlxalq Valyuta Fondunun 2015-ci il hesabatına əsasən, Lüksemburq ümumi daxili məhsulun əhalinin hər nəfərinə düşən həcminə görə 50 öncül arasında birinci yerdə durur. Bu ölkədə ümumi daxili məhsulun əhalinin hər nəfərinə düşən həcmi 96 min 269 dollardır.

İkinci yerdə İsveçrə gəlir. İsveçrədə ümumi daxili məhsulun əhalinin hər nəfərinə düşən həcmi 84 min 70 dollar həcmində qərarlaşır.

Üçüncü sırada 81 min 603 dollarla Qətər dayanır.

İlk onluqdakı digər ölkələrdə ümumi daxili məhsulun əhalinin hər nəfərinə düşən həcmi belədir:

Norveç – 80 min 749 dollar

ABŞ – 56 min 421 dollar

İslandiya – 54 min 331 dollar

Sinqapur – 53 min 604 dollar

Danimarka – 52 min 822 dollar

Avstraliya – 52 min 454 dollar

İsveç – 49 min 582 dollar.

50 öncül ölkə arasında keçmiş SSRİ məkanından Estoniya və Litva da var. Estoniyada ümumi daxili məhsulun əhalinin hər nəfərinə düşən həcmi 17 min 562 dollardır və ölkə 41-ci sırada qərar tutur. Litva 14 min 560 dollarla 49-cudur.

Azərbaycanın qonşularına gəlincə, Rusiya Beynəlxalq Valyuta Fondunun siyahısında 185 ölkə arasında 74-cüdür. Bu ölkədə ümumi daxili məhsulun əhalinin hər nəfərinə düşən həcmi 8 min 184 dollardır.

Türkiyə siyahıda 67-cidir (9 min 680 dollar). İran 95-ci yerdə gəlir (4 min 983 dollar). Gürcüstan 120-ci (3 min 87 dollar), Ermənistan 127-ci (2 min 819 dollar) sıradadır.

Xarici valyutada kreditləri necə cilovlamalı?

24.02.2016

Xarici valyutada ipoteka və istehlak kreditləri qadağan edilməlidirmi? İqtisadçı ekspert Samir Əliyev bu məsələ ilə bağlı rəy və təkliflərini yayıb. Transparency.az-ın məlumatına görə, ekspert prosesin bir neçə qonşu ölkədə başladığını, Azərbaycanda da mövzunun aktuallaşdığını vurğulayır: “Fevralın 28-dən Qırğızıstanda ipoteka və istehlak kreditlərinin xarici valyutada verilməsi qadağan edilir. Oxşar addımlar bu və ya digər şəkildə Rusiyada, Belarusda, Qazaxıstanda da atılıb. Bu tip qadağaların səbəbi aydındır: milli valyutaların dəyərsizləşməsi valyuta krediti götürən müştərilərin ödəmə qabiliyyətini çətinləşdirir, bankların aktivlərini pisləşdirir, iqtisadiyyatın dollarlaşması isə ölkənin xarici təzyiqlərə müqavimətini azaldır.

Azərbaycanda 2015-ci ilin sonuna xarici valyutada olan kreditlərin həcmi 10,7 milyard manat olub, bunun da 3 milyard manatı istehlak kreditlərinin payına düşüb. Həmin vəsaitin müəyyən hissəsi indidən ümidsiz borc sayıla bilər. Amma valyuta kreditlərinin ödənməməsi çox ciddi məsələdir və həllini tapmalıdır. Problemin bankların və əhalinin üstünə atılması düzgün deyil. Çünki bunun fəsadları təkcə bank sektoru üçün deyil, ümumilikdə ölkənin makroiqtisadi sabitliyi üçün ağır nəticələrə gətirib çıxara bilər”.

Ekspert ölkədə xarici valyuta ilə kreditə qadağanın nə qədər səmərəli olacağını proqnozlaşdırmağı müşkül sayır: “Çünki ortada vətəndaşların, bankların və ölkə iqtisadiyyatının mənafeyinə təsir edəcək mətləblər var. Məsələyə ancaq mövcud problemin həlli kontekstində baxmaq olmaz. Problem həm dərindir, həm də təcili həll tələb edir. Hər bir halda hökumətin qarşısında duran vəzifə iqtisadiyyatın dollarlaşmasını səngitmək və valyuta kreditləşməsinin payının azaldılması istiqamətində səyləri gücləndirməkdir. Bunun üçün iqtisadi alətlərlə yanaşı inzibati mexanizmlərdən istifadə edilə bilər. Ancaq metodlar yalnız qadağalara köklənməməli, daha yumşaq formada seçilməli, yəni müəyyən məhdudiyyətlərə əsaslanmalıdır”.

Qadağa tətbiq etməzdən öncə ekspert bəzi məhdudiyyət imkanları nəzərdə keçirməyi tövsiyə edir:

- xarici valyutada gəlirləri olmayan müştərilərə valyuta kreditlərinin verilməsinin müvəqqəti qadağan edilməsi;

- fiziki və hüquqi şəxslərdən cəlb edilmiş və xarici valyutada olan vəsaitlər üzrə məcburi ehtiyat normasının 0,5%-dən 5%-ə qaldırılması;

- xarici valyutada kredit verilməsinə qadağanın ancaq ipoteka kreditlərinə şamil edilməsi;

- risk dərəcəsi üzrə ölçülmüş aktivlərin hesablanmasında xarici valyutada verilmiş istehlak kreditlərinə daha yüksək əmsalın tətbiqi (bu əmsal 2 dəfə artırıla bilər) və bununla da kapitala tələbatın artırılması;

- ölkə daxilində istifadə edilən kredit kartları üçün ancaq milli valyutada kreditlərin ayrılması;

- aktivlərin təsnifləşdirilməsi zamanı xarici valyutada olan aktivlər üzrə keyfiyyət meyarlarının sərtləşdirilməsi;

- milli valyutada olan kreditlərin faiz dərəcələrinə Mərkəzi Bankın tətbiq etdiyi yuxarı həddi götürməli (hazırda istehlak kreditləri üzrə 29%, mikrokreditlər üzrə 25%-dir), əvəzində xarici valyutada olan kreditlər üzrə daha da endirməli (bu hədd mikrokreditlər üçün 17-18%, istehlak kreditləri üçün 20% ola bilər).

Samir Əliyev məhdudlaşdırıcı tədbirlərin tətbiqi zamanı xüsusi halların nəzərə alınmasını vacib sayır: “İxracatçı şirkətlər və xarici valyutada gəlirləri olan şəxslər fərqləndirilməlidir. Hansısa məhdudiyyəti tətbiq etməzdən öncə Mərkəzi Bank bankları və digər kredit qurumlarını zəruri manat vəsaiti ilə təmin etməlidir. Hər bir halda addımlar kompleks şəkildə atılmalıdır. Ayrı-ayrı tədbirlər problemi nəinki həll edə bilməz, hətta daha da dərinləşdirər. Mərkəzi Bank prosesə hərtərəfli yanaşmalı, milli valyutanın sabitliyini təmin edəcək addımlara üstünlük verməlidir”.

Dollar, avro və rubl bahalaşıb

25.02.2016



Fevralın 25-də dolların rəsmi satış kursu 1 manat 56 qəpiyi ötüb. Ötən gün Mərkəzi Bank 1 dolların məzənnəsini 1,5593 manat müəyyən etmişdi, indi isə rəsmi kurs 1,5624 manatdır.

Transparency.az bildirir ki, avro da bahalaşıb. Fevralın 24-də 1 avro 1,7179 manata təklif olunub, bugünkü satış kursu isə 1,7236 manatdır.

1 Rusiya rublu fevralın 25-i ilə (0,0204 manat) müqayisədə cüzi bahalaşaraq 0,0205 manat olub.

Ermənistan hökumətinə 3 yeni nazir gəldi

25.02.2016


Ermənistanda hakim Respublika Partiyası ilə Daşnaksütun Partiyası arasında uzunmüddətli əməkdaşlıq razılaşması imzalanıb. Fevralın 24-ü Respublika Partiyasının sədri, prezident Serj Sərkisyanın iqamətgahında imzalanan razılaşma əsasında Daşnaksütun Partiyasına 3 nazir, 2 qubernator postu verilir.

Transparency.az-ın məlumatına görə, həmin gün axşam Serj Sərkisyan Karen Çşmarityanı iqtisadiyyat naziri postundan çıxararaq onun yerinə daşnak Arsvik Minasyanı təyin edib. Digər daşnak Levon Mkrtçyan elm və təhsil naziri postunda Armen Aşotyanı əvəzləyib.

Daşnaklara verilən postlardan biri də ərazi idarəçiliyi və inkişaf naziri kürsüsüdür. Fevralın 19-da Ermənistan parlamenti hökumətin strukturunda dəyişiklik edib, Fövqəladə Hallar və Ərazi İdarəçiliyi Nazirliyi bölünüb. Yeniliyə əsasən, Fövqəladə Hallar Nazirliyi bərpa olunub, eyni zamanda Ərazi İdarəçiliyi və İnkişaf Nazirliyi yaradılıb.

Serj Sərkisyanın 24 fevral sərəncamları ilə əvvəlki fövqəladə hallar və ərazi idarəçiliyi naziri Armen Yeritsyan fövqəladə hallar naziri olub, daşnak David Lokyan isə ərazi idarəçiliyi və inkişaf naziri postu alıb.

Şirak və Araqatsotn vilayətlərinin qubernatoru vəzifələrini isə daşnaklardan Ovsep Simonyan və Qaqik Gözəlyan tutacaq.

Qiymətləri təsdiqlənmiş dərman vasitələrinin sayı 5651-ə çatdı

25.02.2016

Qiymətləri təsdiqlənmiş daha 1940 dərman vasitəsi fevralın 25-dən yeni qiymətlərlə satılır. İqtisadiyyat Nazirliyinin rəsmi məlumatına görə, bununla da Tarif (qiymət) Şurasında qiymətləri təsdiqlənmiş və yeni qiymətlərlə satışda olan dərman vasitələrinin sayı 5651-ə çatıb.

İndiyədək qiyməti təsdiqlənmiş dərman vasitələrinin həm tərkib üzrə, həm də ticarət adına görə ümumi siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet səhifəsində yerləşdirilib.

Azərbaycan-İran sazişində nələr var?

25.02.2016

İqtisadiyyat Nazirliyi xəbər verir ki, prezident İlham Əliyevin İran İslam Respublikasına 23 fevral səfəri zamanı “Araz çayı üzərində “Xudafərin” və “Qız qalası” hidroqovşaqlarının və su-elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında” sazişin mətni razılaşdırılıb. Sənədi Azərbaycan-İran hökumətlərarası komissiyasının həmsədrləri — Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevlə İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi imzalayıblar.

Rəsmi açıqlamaya görə, sazişdə Azərbaycan və İranın suverenliyi və ərazi bütövlüyünə hörmət prinsipləri bəyan edilir, BMT qətnamələrinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsinin zəruriliyi, hər iki tərəfin “Xudafərin” və “Qız qalası” hidroqovşaqları boyu bütün su və enerji ehtiyatlarına bərabər hüquqları vurğulanır.

Sənəddə həmçinin hidroqovşaqların və su-elektrik stansiyalarının tikintisinin başa çatdırılması, eləcə də Azərbaycanın ərazi bütövlüyü bərpa edilənədək İranın hidroqovşaqlarda və su-elektrik stansiyalarında su və enerji ehtiyatlarının qorunmasını və istismarını təmin etməsi və tərəflərin bu obyektlərdən bərabər əsaslarla yararlanması əks olunub.

Sazişə əsasən, tikinti işlərinə nəzarət və istismar prosesində azərbaycanlı mütəxəssislər iştirak edəcək.



Yeni xidmət haqqında ilkin hesabat yayılıb

25.02.2016

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Tibbi-Sosial Ekspert Komissiyalarında aparılmış sonuncu müayinəyə dair məlumatın verilməsi” elektron xidməti ilə bağlı açıqlama yayıb. Qeyd olunur ki, qısa müddət ərzində e-xidmətdən 16585 istifadə qeydə alınıb.

Nazirliyin açıqlamasına görə, istənilən şəxs “Tibbi-Sosial Ekspert Komissiyalarında aparılmış sonuncu müayinəyə dair məlumatın verilməsi” e-xidmətini seçib müvafiq bölmələrdə yalnız şəxsiyyəti təsdiq edən sənədin nömrəsini və doğum tarixlərini göstərib aidiyyəti məlumatı rahat şəkildə ala bilir. Bu zaman vətəndaşa keçirilmiş sonuncu müayinənin nəticəsi və növbəti əlillik müayinəsinin nə zaman keçiriləcəyi (əlillik müddətsiz təyin edilibsə, o zaman onun müddətsiz olması) ilə bağlı məlumat verilir.

Əlillik müayinəsinin nəticəsi barədə məlumatı nazirliyin 142 — “Çağrı mərkəzi”nə zəng etməklə daha asan əldə olunmasına da imkan yaradılıb. Tibbi-Sosial Ekspert Komissiyalarında əlilliyinin və ya sağlamlıq imkanları məhdudluğunun müayinəsi aparılmış istənilən vətəndaş “Çağrı mərkəzi”nə zəng edərək 0 düyməsini yığdıqdan sonra özünün şəxsiyyət vəsiqəsinin nömrəsini və doğum tarixini daxil edib aparılmış müayinənin nəticəsi (hansı tarixdə və neçənci dərəcə əlillik qrupunun təyin olunması, əlilliyin nə qədər müddətə müəyyən edilməsi) barədə məlumat ala bilər.

Yanvarda sənaye məhsullarının istehsalçı qiymətləri 2,8 faiz artıb

25.02.2016

Dövlət Statistika Komitəsi sənaye məhsullarının istehsalçı qiymətləri haqqında açıqlama yayıb. Transparency.az-ın məlumatına görə, açıqlamada qeyd olunur ki, yanvar ayında mədən sənayesi üzrə istehsalçı qiymətləri 2,8 faiz, emal sənayesi üzrə 3 faiz artıb, su təchizatı, tullantıların təmizlənməsi və emalı və elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələri üzrə isə qiymətlərdə dəyişiklik baş verməyib. Ümumilikdə sənaye məhsullarının istehsalı əvvəlki ayla müqayisədə 2,8 faiz bahalaşıb.

Mədən sənayesində istehsalçı qiymətləri xam neft və təbii qaz hasilatı üzrə 2,8 faiz yüksəlib, daş, qum, çınqıl, duz və digər mədən sənayesi məhsullarının hasilatı üzrə 0,2 faiz azalıb.

Ay ərzində emal sənayesində istehsal kimya sənayesi üzrə 20,1 faiz, tütün məmulatlarının istehsalı üzrə 15,1 faiz, qida məhsullarının istehsalı üzrə 8,5 faiz, içki istehsalı üzrə 5,8 faiz, metallurgiya sənayesi üzrə 5,1 faiz, toxuculuq sənayesi üzrə 3,1 faiz, ağac emalı və ağacdan məmulatların istehsalı üzrə 2,1 faiz, kompüter və elektron avadanlıqlarının istehsalı üzrə 1,1 faiz, tikinti materiallarının istehsalı üzrə 0,9 faiz, neft məhsullarının istehsalı üzrə 0,8 faiz, geyim istehsalı üzrə 0,6 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı üzrə 0,5 faiz, elektrik avadanlıqlarının istehsalı üzrə 0,3 faiz bahalaşıb, poliqrafiya fəaliyyəti üzrə istehsal isə 0,4 faiz ucuzlaşıb. Emal sənayesinin digər fəaliyyət növləri üzrə istehsalçı qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Rusiyada gecikdirilən əməkhaqqı borcu bir ayda 21% artıb

25.02.2016

Rusiyada 2016-cı il fevralın 1-nə gecikdirilən əməkhaqqı borcu yanvar ayında 760 milyon rubl (21%) artaraq 4 milyard 332 milyon rubla çatıb. Fevralın 25-də Federal Statistika Xidməti belə məlumat yayıb. Novator.az bildirir ki, komitənin hesabatına görə, gecikdirilən əməkhaqqı borcu yanvarın 1-nə 3 milyard 572 milyon rubl olub.

Statistika qurumunun məlumatında deyilir ki, fevralın 1-nə işçilərə gecikdirilən əməkhaqqı borcu olan təşkilatların sayı yanvar ayı (463) ilə müqayisədə artıb (525).

Fevralın 1-nə təşkilatların əməkhaqqı borcu olduğu işçilərin sayı ilin əvvəlindən 8 min 371 nəfər artaraq 65 min 904 nəfərdən 74 min 275 nəfərə yüksəlib.

Hakimiyyətdə qadınlar

25.02.2016

Dövlət Statistika Komitəsinin hesabatına görə, Azərbaycan əhalisinin (9 milyon 705,6 min nəfər) 50,2 faizi qadınlardır. Bəs Azərbaycanın hakimiyyət sistemində – qanunverici, icra, məhkəmə orqanları və yerli özünüidarə qurumlarında qadınlar necə təmsil olunur?

Ölkənin 125 nəfərlik parlamentində 20 qadın deputat var. Onlardan biri – Bahar Muradova Milli Məclis sədrinin müavini və komitə sədridir. Qanunverici orqanda təmsil olunan digər 19 qadın bunlardır: Ülviyyə Həmzəyeva, Mehriban Əliyeva, Aytən Mustafayeva, Məlahət İbrahimqızı, Sədaqət Vəliyeva, Dilarə Cəbrayılova, Sevinc Fətəliyeva, Zeynəb Xanlarova, Elmira Axundova, Jalə Əliyeva, Gövhər Baxşəliyeva, Sahibə Qafarova, Sona Əliyeva, Sevinc Hüseynova, Qənirə Paşayeva, Ülviyyə Ağayeva, Kamilə Əliyeva, Aqiyə Naxçıvanlı (həm də komitə sədridir), Flora Qasımova.

Hökumətin üst qatı olan Nazirlər Kabineti, mərkəzi icra hakimiyyəti orqanları sistemində 47 yüksək vəzifəli şəxs arasında 2 qadın yer alır. Hicran Hüseynova Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə, Məleykə Abbaszadə isə Tələbə Qəbulu üzrə Dövlət Komitəsinə sədrlik edir.

Prezident Administrasiyası və ona bağlı qurumlarda 5 qadın yüksək statuslu vəzifə sahibidir. Dilarə Seyidzadə Prezident Katibliyinin rəhbəri, Fatma Abdullazadə Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin, Səadət Yusifova siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri postunu tutur. Əfv Məsələləri Komissiyasının katibi (Kəmalə İsmayılova) və prezidentin 1 köməkçisi (Cəmilə Abbasova) qadındır.

Ölkədə yalnız bir qadın icra başçısı vəzifəsində çalışır: İradə Gülməmmədova. O, Abşeron Rayon İcra Hakimiyyətinin başçısıdır. Vaxtilə daha 4 qadın icra başçısı olub: Dilrubə Camalova – Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı (1993-2000); Sədaqət Qəhrəmanova – Əli Bayramlı (indiki Şirvan) Şəhər İcra hakimiyyətinin başçısı (1995-2005); Səmayə Piriyeva – Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı (1999-2000); Fidumə Hüseynova – Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı (2003-2005).

Konstitusiya Məhkəməsinin 9 üzvündən 1-i (Südabə Həsənova) qadındır.

Hazırda 14 üzvü olan Məhkəmə-Hüquq Şurasının 1 üzvü – Şəlalə Məmmədova qadındır. O, Ali Məhkəmənin Mülki Kollegiyasına rəhbərlik edir.

2002-ci ildə yaradılmış ombudsman institutuna həmin vaxtdan qadın rəhbərlik edir: Elmira Süleymanova.

Dövlət Statistika Komitəsinin 2015-ci ildə açıqladığı son hesabata görə, dövlət qulluğunda çalışanlar arasında qadınların xüsusi çəkisi 27,7 faiz olub. Həmin hesabatda qadınların məşğul əhalinin ümumi sayındakı xüsusi çəkisi 48,4 faiz göstərilir.

Yerli özünüidarə qurumlarına gəlincə, 2014-cü ilin dekabrında keçirilmiş son seçkilərdə 9439 qadın bələdiyyədə təmsil olunmaq hüququ qazanıb. Bu, ümumi üzvlərin 35 faizi deməkdir. 2009-cü ilədək qadınların bələdiyyələrdə təmsilçilik faizi 4, 2014-cü ilədək təxminən 27 faiz olub.

Yeri gəlmişkən, Azərbaycanın ən qədim siyasi təşkilatı olan Müsavat Partiyasının nizamnaməsi bütün seçkili kollegial orqanlarda yerlərin ən azı 25 faizinin qadınlar üçün ayrılmasını nəzərdə tutur.

Büdcədə yenilik Neft Fondunu təhlükəyə atır

25.02.2016

İqtisadçı ekspert Rövşən Ağayev 2016-cı ilin büdcəsinə dəyişiklikləri şərh edib. Transparency.az-ın məlumatına görə, ekspert yazır ki, icmal büdcə göstəriciləri qanunverici qaydada təsdiqlənmir: “İcmal büdcəyə dövlət büdcəsi, Sosial Müdafiə Fondunun büdcəsi, Neft Fondunun büdcəsi və Naxçıvan Muxtar Respublikasının büdcəsi daxildir. Məsələ bundadır ki, Maliyyə Nazirliyi büdcənin izahı ilə bağlı hazırladığı bütün sənədlərdə icmal büdcənin gəlirləri, xərcləri və kəsiri haqda məlumat verir. Amma məsələn, qanunvericilikdə icmal büdcənin kəsirinin tənzimlənməsinə dair hər hansı hüquqi müddəa yoxdur. Vəziyyət dəyişməlidir: Büdcə Məcəlləsi qəbul edilməli, Dövlət Neft Fondunun büdcəsinin təsdiqlənməsi və onun icrasına nəzarət səlahiyyəti prezidentdən parlamentə keçməlidir.

Parlamentin isə dövlət büdcəsi haqqında deyil, icmal büdcə haqqında 3 illik qanunların qəbulu praktikasına keçməsi çox mühümdür. Bəlkə bu yolla büdcənin ortamüddətli planlaşdırmasına peşəkar yanaşmanı təmin etmək mümkün olar.

Büdcə qanunvericiliyi icmal büdcənin kəsirinə mütləq limit qoymalıdır. Yeni büdcə dəyişikliyindən sonra icmal büdcənin kəsiri 2016-cı il üçün proqnozlaşdırılan ümumi daxili məhsulun (ÜDM) 16%-nə çatır, icmal büdcə üçün 8,8 milyard manat kəsir proqnoz edilir. Bu, həddən artıq yüksək göstəricidir. Müqayisə üçün deyim ki, Avropa İttifaqına üzv dövlətlərin büdcə kəsiri üçün hədd ÜDM-ə nisbətən 3% müəyyən edilib.

Büdcə qanunvericiliyi Neft Fondundan büdcəyə transfertlərin həcminə, icmal büdcə vasitəsilə daxili və xarici borclanmanın ÜDM-ə nisbətinə mütləq limitlər tətbiq etməlidir. Əks halda neftin qiymətlərinin artmadığı şəraitdə yaxın 2-3 ildə Neft Fondunun xarici aktivlərinin daxili istifadə hesabına sürətlə tükənməsinin, büdcə təminatlı borcların kəskin artımının şahidi olacağıq. Belə ssenari yaxın onillikdə ölkənin maliyyə sistemi və makroiqtisadi vəziyyəti üçün ciddi problemlər vəd edir.

Yəqin ki, yaxın günlərdə hökumət fondun büdcəsini dəyişəcək. Amma artıq icmal büdcənin göstəricilərindən aydın olur ki, Neft Fondunun büdcəsinin kəsiri 7 milyard manatdan az olmayacaq. Fondun cari gəlirlərinin hesablanması üçün istifadə olunan göstəricinin səviyyəsi – xam neftin qiyməti 50 dollardan 25 dollara endirilib. 2015-ci ilin dekabrında təsdiqlənən layihədə fondun büdcə gəlirləri 6,7 milyard manat (1,05 manat/1 dollar məzənnəsi ilə 6,3 milyard dollar), xərcləri 8,2 milyard manat (7,8 milyard dollar), kəsir isə 1,5 milyard manat (1,4 milyard dollar) təsdiqlənmişdi.

Lakin neftin qiymətinin iki dəfə azaldığı şəraitdə icmal büdcənin gəlirlərinin təxminən 5 milyard manat artırılması fondun kəsirini əhəmiyyətli dərəcədə genişləndirir. Gözlənilən dəyişikliyə əsasən, fondun 2016-cı il büdcəsinin kəsiri 4 milyard dollardan az olmayacaq. Bu kəsir ya devalvasiya, ya da fondun xarici aktivlərinin əridilməsi hesabına təmin ediləcək. Hər iki addım iqtisadiyyat üçün yaxşı perspektiv vəd etmir”.

3 inzibati-iqtisadi məhkəməyə yeni sədrlər təyin edilib

26.02.2016




Prezident İlham Əliyev inzibati-iqtisadi məhkəmələrin hakim və sədrlərinin təyinatı haqqında sərəncam imzalayıb. Məhkəmə-Hüquq Şurasının təkliflərini nəzərə alan dövlət başçısı Rəşid Şükür oğlu Rzayevi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hakimi və sədri vəzifəsindən çıxararaq 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hakimi və sədri təyin edib.

Çingiz Adil oğlu Bəşirov Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin hakimi vəzifəsindən 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hakimi və sədri postuna keçirilib.

Usaməddin Hidayət oğlu Osmanov isə Şəki İnzibati-İqtisadi Məhkəməsinin sədri təyin olunub.

Dolların məzənnəsi dəyişməyib, avro bahalaşıb

26.02.2016

Fevralın 26-da manatın dollara rəsmi məzənnəsi dəyişməz qalıb. Mərkəzi Bank 1 dolları ötən gün olduğu kimi 1,5624 manata təklif edir.

Transparency.az-ın məlumatına görə, avro bir qədər bahalaşıb. Fevralın 24-də 1 avro 1,7236 manat idi, Mərkəzi Bankın bugünkü satış kursu isə 1,7282 manatdır.

Digər valyutalar üzrə rəsmi məzənnə fevralın 26-da belə müəyyənləşib:

1 ingilis funt sterlinqi – 2,1881 manat

1 İsveçrə frankı – 1,582 manat

1 Rusiya rublu – 0,0207 manat

1 türk lirəsi – 0, 5339 manat.

Neftin 26 fevral qiymətləri

26.02.2016

Dünya birjalarında neftin 26 fevral qiymətləri açıqlanıb. Nyu-Yorkun NYMEX birjasında “Layt” markalı neftin bir barreli 33,05 dollara, Londonun İCE birjasında “Brent” markalı neftin bir barreli 35,12 dollara satılır.

AZƏRTAC xəbər verir ki, “AzəriLayt” markalı neftin bir barreli 0,78 dollar bahalaşaraq 34,42 dollar olub.

Elman Rüstəmov devalvasiya gözləmir

26.02.2016




Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov Novruz bayramı ərəfəsində devalvasiya olacağı barədə yayılan xəbərlərə münasibət bildirib. APA-nın məlumatına görə, fevralın 26-da jurnalistlərə açıqlama verən Elman Rüstəmov deyib ki, şayiələrin əsası yoxdur: “Son zamanlar Azərbaycan manatı xarici valyutalar qarşısında möhkəmlənir. Digər tərəfdən dövlət büdcəsində neftin qiymətinə yenidən baxıldı. Həmçinin müşahidə edirik ki, son zamanlar neftin qiyməti yüksək olmasa da, sabit qalıb. Ölkənin xarici ticarət balansı ilə bağlı vəziyyət də inkişafa doğru gedir. Üzən məzənnəyə keçiddən sonra manatın kursunda problem müşahidə olunmur. Bütün bunlar onu deməyə əsas verir ki, növbəti devalvasiya barədə iddiaların heç bir əsası yoxdur”.

Transparency.az xatırladır ki, 2015-ci ildə Azərbaycan manatı iki dəfə devalvasiyaya uğrayıb. Fevralda manatın dollara rəsmi məzənnəsi 78 qəpikdən 1 manat 5 qəpiyə qaldırılıb, dekabrda isə Mərkəzi Bankın qərarı ilə manat üzən məzənnə rejiminə keçirilib və dollar qarşısında rəsmi kurs 1 manat 55 qəpik olub. Hazırda kurs 1 manat 57 qəpiyə yaxındır.

Fevralın 23-də Milli Məclis 2016-cı ilin dövlət büdcəsinə dəyişikliklər edib. Yeniliyə görə, büdcənin hesablanması zamanı xam neftin satış qiyməti bir barrel üçün 50 dollardan 25 dollara endirilib. Hazırda Azərbaycan neftinin bir barreli 34 dollardan bir qədər bahadır.

Yanvarda sərmayənin 84,9 faizi 6 ölkənin payına düşüb

26.02.2016


Bu ilin yanvar ayında Azərbaycana 880,7 milyon manat sərmayə qoyulub. Dövlət Statistika Komitəsi bildirir ki, sərmayənin ümumi həcmində müəssisə və təşkilatların vəsaitləri 761,4 milyon manat, bank kreditləri 58,3 milyon manat, büdcə vəsaitləri 17,2 milyon manat, büdcədənkənar fondların vəsaitləri 11,5 milyon manat, əhalinin şəxsi vəsaitləri 30,8 milyon manat, digər vəsaitlər 1,5 milyon manat olub.

Daxili mənbələrdən yönəldilmiş vəsaitin həcmi ümumi sərmayənin 28,5 faizini təşkil edib.

Yanvarda xarici müəssisə və təşkilatlar ölkəyə 629,4 milyon manat vəsait yönəldib. Dövlət Statistika Komitəsindən AZƏRTAC-a deyiblər ki, vəsaitin 534,2 milyon manatı (84,9 faiz) Böyük Britaniya, Türkiyə, İsveç, Malayziya, Rusiya və İran sərmayədarlarının payına düşüb.

Ombudsmanın illik məruzəsində nələr var?

26.02.2016

Milli Məclis martın 4-də ombudsmanın 2015-ci il üzrə illik hesabatını müzakirə edəcək. APA məruzənin bəzi məqamları ilə bağlı məlumat yayıb. Qeyd olunur ki, ötən il Ombudsman Aparatı hüquq və azadlıqların məhkəmə təminatı sahəsini əhatə edən 1982 müraciət alıb: “Məhkəmə-Hüquq Şurasının korrupsiya və digər neqativ halları aradan qaldırmaq üzrə həyata keçirdiyi tədbirlər çərçivəsində 200-dək hakim barədə intizam icraatı başlanıb, kobud qanun pozuntularına və fəaliyyətlərinin qiymətləndirilməsi nəticələrinə görə 70-dən çox hakim məhkəmə sistemindən kənarlaşdırılıb.

Hüquq və azadlıqların məhkəmə təminatı hüququnun pozulması ilə bağlı şikayətlər içində tərəflərinə bərabərliyinə və çəkişmə prinsipinə əməl edilməməsi, məhkəmə iclası zamanı bəzən tərəflərin vəsatətlərinə və sübut kimi təqdim etdikləri sənədlərə diqqət verilməməsi, qərarların icraya vaxtında yönəldilməməsi, hakimlərin məhkəmə qərarlarının icrasına nəzarət etməməsi kimi məsələlər də var”.

Hesabata əsasən, vətəndaş müraciətlərinə baxılmasında nöqsanlara yol verdiyinə görə 34 ədliyyə işçisi ciddi intizam məsuliyyətinə cəlb olunub.

İllik məruzədə bildirilir ki, ötən il pozuntulara yol vermiş 388 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edilib: “Aşkar edilmiş hüquq pozuntuları, o cümlədən maliyyə əyintiləri ilə əlaqədar hüquqi qiymət verilməsi üçün 65 material prokurorluğa göndərilib.

Ədliyyə orqanları ilə bağlı 1009 müraciətdə məhkəmə qərarlarının icra edilməməsi və ya uzun müddət icrasız qalması, süründürməçiliyə yol verilməsi, icra məmurlarının vətəndaşlarla münasibətdə etik davranış qaydalarını pozması kimi hallar göstərilib”.

Məruzəyə əsasən, 2015-ci ildə Daxili İşlər Nazirliyində aparılmış təhqiqat nəticəsində 10 fakt üzrə 14 əməkdaş intizam məsuliyyətinə cəlb olunub: “Kobud rəftara görə 3 fakt üzrə 4 əməkdaşdan biri tutduğu vəzifədən azad edilib, iki nəfərə şiddətli töhmət, biri nəfərə isə töhmət elan olunub. Polis əməkdaşlarının xidməti fəaliyyəti ilə bağlı olan 7 fakt üzrə intizam məsuliyyətinə cəlb edilmiş 10 əməkdaşdan biri tutduğu vəzifədən azad edilib, 4-nə şiddətli töhmət, 5-nə isə töhmət verilib.

Ümumilikdə insan hüquq və azadlıqlarının pozulması ilə 284 fakt üzrə 369 əməkdaş intizam məsuliyyətinə cəlb edilib. Onlardan 126-sı vətəndaşlarla kobud rəftar, 56-sı polisə əsassız gətirmə və saxlama, 68-i sürücülərin hüquqlarının pozulması, 6-sı əsassız cinayət məsuliyyətinə cəlb etmə, 3-ü əcnəbilərin və vətəndaşlığı olmayanların hüquqlarının pozulması, 26-sı isə digər faktlardır. Onlardan 46 nəfər daxili işlər orqanlarında xidmətdən xaric edilib, 32 əməkdaş tutduğu vəzifədən çıxarılıb, 291 əməkdaş barəsində isə intizam tədbirləri görülüb”.

2002-ci ildə yaradılmış ombudsman institutuna həmin vaxtdan Elmira Süleymanova rəhbərlik edir.

24 banka 50 milyon dollar satılıb

26.02.2016



Fevralın 26-da Mərkəzi Bankın növbəti valyuta hərracı keçirilib. Rəsmi məlumata görə, 24 banka 50 milyon ABŞ dolları məbləğində vəsait satılıb.

Transparency.az bildirir ki, iki gün öncəki valyuta hərracına 30 milyon ABŞ dolları alınmışdı. Bu il keçirilən daha 13 hərracda satılan vəsaitin ümumi həcmi isə 545 milyon 488 min ABŞ dolları olub.

Artur Rasizadə baş nazirlərin ağsaqqalıdır

26.02.2016



Fevralın 26-da Azərbaycanın baş naziri Artur Rasizadənin 81 yaşı tamam olub. 1935-ci ildə doğulan Artur Rasizadə 1996-cı il noyabrın 26-dan baş nazirdir (2003-cü ilin avqustundan noyabrınadək olan dövrü çıxmaqla; həmin müddətdə o, baş nazirin birinci müavini işləyib).

Transparency.az bildirir ki, Artur Rasizadə Azərbaycana qonşu ölkələrin baş nazirləri arasında ən yaşlı şəxsdir.

Ermənistanın baş naziri Ovik Abramyan Artur Rasizadədən 21 yaş cavandır. Onun 58 yaşı var.

Türkiyənin baş naziri Əhməd Davudoğlu 57, Rusiyanın baş naziri Dmitri Medvedyev 50 yaşdadır.

Gürcüstana 48 yaşlı Georgi Kvirikaşvili baş nazirlik edir.

Keçmiş SSRİ məkanının ən böyük ölkələrindən olan Ukraynanın baş naziri Arseni Yatsenyukun 41 yaşı var.

Avropa İttifaqının aparıcı ölkələrinə gəlincə, Almaniya hökumətinin başında 61 yaşlı Angela Merkel durur.

Fransanın baş naziri Manuel Valsın 53, Böyük Britaniyanın baş naziri Devid Kemeronun 49, İtaliyanın baş naziri Matteo Renzinin 41 yaşı var.

Asiya ölkəsi İsrailin baş naziri Benyamin Netanyahu 66 yaşdadır.

Şimali Amerika ölkəsi Kanadada isə baş nazir Castin Tryudonun 44 yaşı var.

Bal standartı təsdiqlənib

26.02.2016

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi AZS 849-2016 “Bal” dövlət standartını təsdiq edib. Rəsmi məlumata görə, standart emala verilən və bilavasitə istifadə üçün nəzərdə tutulan bütün bal növlərinə və sənayedə tətbiqi üçün və ya digər qida məhsullarının inqrediyenti kimi istifadəsi üçün nəzərdə tutulan bal növlərinə aiddir.

Standarta əsasən, satışa buraxılan təmiz balın tərkibində baldan başqa heç bir digər yeyinti inqrediyenti, o cümlədən qida əlavələri və ya başqa əlavələr, həmçinin heç bir kənar maddə, onun emalı prosesində və saxlanması nəticəsində digər elementlərin təsirindən əmələ gələn iy, dad, qarışıqlar olmamalıdır. Bal fermentasiya və qıcqırmaya məruz qalmamalıdır.

Balı onun əsas tərkibinin dəyişəcəyi və ya keyfiyyətinin aşağı düşəcəyi qədər qızdırmaq və ya emal etmək olmaz. Habelə balın kristallaşmasına təsir etmək məqsədi ilə kimyəvi və ya biokimyəvi emalı tətbiq etmək olmaz və bal insan sağlamlığı üçün təhlükə yarada biləcək miqdarda ağır metallardan azad olmalıdır.

Dərman bazarında tənzimləmə effekt verirmi?

26.02.2016

-ci il iyulun 13-ü Nazirlər Kabinetinin iclasında çıxış edən prezident İlham Əliyev dərman preparatları bazarında qiymətlərin süni şəkildə qaldırıldığını, başqa ölkələrlə müqayisədə Azərbaycanda bəzi dərmanların bir neçə dəfə baha satıldığını vurğulamışdı. Bu çıxışdan sonra hökumət dərman vasitələrinin qiymətlərinin tənzimlənməsinə başlayıb. İyulun 30-dan bəri Tarif (qiymət) Şurası 5651 dərman vasitəsinin yeni qiymətlərini təsdiqləyib. Qiyməti təsdiqlənmiş dərman vasitələrinin siyahısı Tarif (qiymət) Şurasının internet səhifəsində yerləşdirilib. Rəsmi məlumata görə, bu həftəyədək qiymətləri tənzimlənmiş dərman vasitələrinin ümumilikdə 60%-nin qiymətləri endirilib.

Dərman bazarında tənzimləmə gözlənən effekti verirmi? Tibb elmləri doktoru, professor Adil Qeybulla Transparency.az-ın sualına cavabında deyib ki, inzibati yanaşma problemləri aradan qaldırmaq yolu deyil, dərman bazarında təxirəsalınmaz kompleks tədbirlər həyata keçirilməlidir: “Tarif Şurasının müdaxiləsindən sonra dərman bazarında xaotik durum yaranıb. Bəzi dərmanlar yoxa çıxıb, bəzilərinin keyfiyyət parametrlərində fərqlər var. Tarif Şurasının verdiyi qərarlar sahibkarların maraqlarına da xidmət etməlidir. Bu maraq nəzərə alınmadığı üçün bazarda mənfi tendensiyalar baş alıb gedir. Məcburi ucuzlaşmadan sonra keyfiyyətinə güvəndiyimiz preparatlar bazardan yoxa çıxıb. Keyfiyyət aşağı düşüb, qıtlıq yaranıb, yaranacaq da.

Dərman bazarı monopoliyadadır. Bu monopoliyaya rəhbərlik edən şirkətlər bazarda istədiyi kimi rəftar edir. Ona görə heç bir inzibati qərar uğurlu deyil. Problemlər mövcud situasiyadan qaynaqlanır, qərarlar uzunömürlü olmur, heç bir perspektivə xidmət etmir. Tarif Şurasının tədbirləri müvəqqəti xarakter daşıyır, dərman bazarında isə qiymətlərin tənzimlənməsi istiqamətində konkret addımların atılmasına ehtiyac var.

Prosesə necə başlamalı? Dünya bu istiqamətdə hansı yolla gedirsə, Azərbaycan da onu seçməlidir. Bəzi ümumi dərman preparatları icbari tibbi sığorta paketinə əlavə edilməlidir ki, əhali ondan yararlana bilsin. İslahat odur ki, əhalinin bütün təbəqələri ayrı-ayrı kateqoriyalar üzrə sığortalanır. Sığorta ilk növbədə doğuş və təxirəsalınmaz yardımı, həmçinin bəzi vacib müayinələri əhatə etməlidir. Bu gün şəkərli diabet, vərəm, onkoloji xəstəliklər, talassemiya üzrə bəzi dövlət proqramları var. Proqramlar bütün vətəndaşların ondan fayda görə bilməsi üçün əslində icbari tibbi sığortanın tərkibində olmalıdır. Bu, sosial müdafiənin mühüm bir elementidir. Bütün bu işlərin görülməsi üçün mütəxəssislər dəvət edilməli, ümumi komissiya yaradılmalı, məsələ sistem şəklində həllini tapmalıdır. Yəni icbari tibbi sığortanın təsdiqi, dərman bazarının qaydaya salınması, dərman maddələrinin dövlət reyestrinin, dövlət farmakologiyasının yaradılması şərtdir. Eyni zamanda Dünya Səhiyyə Təşkilatının reyestrinə daxil olan dərmanların ölkəyə idxalına icazə verilməsi təxirəsalınmaz tədbirlərdəndir”.

“Neft daşları”nda itkin düşənlərdən birinin meyiti tapılıb

26.02.2016



-ci il dekabrın 4-də “Neft daşları”ndakı 501 saylı özüldə faciə baş vermiş, güclü tufan nəticəsində dalğalar estakada döşəməsini üstündəki yaşayış köşkü ilə birlikdə dənizə atmış, 3 nəfər itkin düşmüşdü.

Fevralın 21-də Xəzər dənizinin Neftçala ərazisində meyit aşkar edilib. DNT analizinin nəticələri fevralın 26-da bilinib. SOCAR-ın məlumatına görə, ekspertlərin rəyinə əsasən, meyiti tapılan şəxs 501 saylı dəniz özülündə baş vermiş qəzada itkin düşən neftçi, şirkətin Nəqliyyat İdarəsinin əməkdaşı Xudaverdiyev Cavad Xudaverdi oğludur.

Ötən il dekabrın 4-də qasırğa zamanı Xəzərdəki “Günəşli” yatağının 10 saylı dərin dəniz özülündə də faciə baş verib. Özüldə sualtı qaz xəttinin dayaq borusu qırılıb, boru kəməri zədələnib və şiddətli yanğın olub, 30 nəfər itkin düşüb, indiyədək 12 nəfərin meyiti tapılıb.

Kasıbdan da kasıb: Rusiyada 19 milyondan çox belə adam var

26.02.2016


2015-ci ildə Rusiyada aylıq gəliri yaşayış minimumuna belə çatmayanların sayı 19 milyonu keçib. Onların 60-70%-i uşaqlı ailələrdir. Novator.az-ın məlumatına görə, Rusiyanın əmək və sosial müdafiə naziri Maksim Toplin fevralın 26-da belə açıqlama verib.

Rusiyada yaşayış minimumu, ehtiyac meyarının həddi 9673 rubldur (200 manat).

Nazir qeyd edib ki, 2015-ci il ərzində gəliri yaşayış minimumundan az olan adamların sayı 3 milyon nəfər artıb.

Toplin 2016-cı ildə ölkədə işsizliyin ümumi həddinin 6,3% artacağını da vurğulayıb.

Buğda ununun, çörəyin istehsalının və satışının ƏDV-dən azad edilməsi barədə açıqlama

26.02.2016




Vergilər Nazirliyi buğda ununun, çörəyin istehsalının və satışının 2016-cı il yanvarın 1-dən 1 il müddətinə əlavə dəyər vergisindən (ƏDV) azad edilməsi barədə açıqlama yayıb.

Açıqlamada deyilir: “19 yanvar 2016-cı il tarixli qanunla Vergi Məcəlləsinə yeni 164.1.27-ci maddə əlavə edilərək buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı 2016-cı il yanvarın 1-dən 1 il müddətinə ƏDV-dən azad edilib. Bununla əlaqədar Vergilər Nazirliyi bildirir ki, 1 yanvar 2016-cı ildən başlayaraq buğdanın idxalına və satışına, buğda ununun və çörəyin istehsalına və satışına ƏDV-nin tətbiqi dayandırılır. 1 yanvar 2016-cı ilədək alınmış buğdaya, buğda ununa və çörəyə görə ödənilmiş və büdcəyə ödəmələr müəyyən edilərkən əvəzləşdirilmiş ƏDV məbləğləri yenidən hesablanmalı, dövlət büdcəsinə bərpa edilməli və həmin ƏDV məbləğləri bu malların dəyərinə aid edilməlidir.

2016-cı ilin yanvar ayının 1-dən fevral ayının 19-dək ƏDV ödənilməklə alınmış mallara görə bağlanmış müqavilələrdə dəyişiklik edilməklə buğdanın, buğda ununun və çörəyin satışının ƏDV-dən azad olunması göstərilməli, onların qiymətlərinə müvafiq dəyişikliklər edilməli, əvəzləşdirilmiş və hesablanmış ƏDV məbləğləri vergi tutulan dövriyyənin dəqiqləşdirilməsi yolu ilə yenidən hesablanmalıdır. Dəqiqləşdirmələr qiymətləndirmə bazasında dəyişiklik baş verdiyi hesabat dövründə, yəni 2016-cı ilin fevral ayının ƏDV bəyannaməsində aparılmalıdır.

Vergi Məcəlləsinin 159.8-ci maddəsinin müddəalarına əsasən, ƏDV-dən azad edilən, lakin ƏDV tətbiq etməklə aparılan əməliyyatlar ƏDV-nin vergitutma obyekti sayıldığı üçün 1 yanvar 2016-cı ildən ƏDV tətbiq edilməklə buğdanın, buğda ununun və çörəyin satışı həyata keçirildiyi halda bu əməliyyatlar ƏDV-nin vergitutma obyekti sayılır”.

Mərkəzi Bank dolları bahalaşdırıb

29.02.2016



Mərkəzi Bank fevralın 29-da manatın dollara rəsmi məzənnəsini dəyişib. 1 dollar ötən həftənin son iş günündə 1,5624 manata təklif edilib, indi isə kurs 1,5655 manatdır.

Transparency.az-ın məlumatına görə, avro ucuzlaşıb. Fevralın 26-da 1 avro 1,7282 manat olub. Mərkəzi Bankın bugünkü satış kursu isə 1,7118 manat səviyyəsində müəyyənləşib.

Bakıda Cənub Qaz Dəhlizi sammiti keçirilir

29.02.2016




Fevralın 29-u Bakıdakı “Four Seasons” otelində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin ikinci toplantısı işə başlayıb. Prezident İlham Əliyev toplantıda iştirak edir.

İclasa “Cənub” qaz dəhlizinin iştirakçısı olan ölkələrin energetika nazirləri və müxtəlif qurumların təmsilçiləri, o cümlədən Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç, Türkiyənin energetika və təbii sərvətlər naziri Berat Albayrak, ABŞ Dövlət Departamentinin enerji ehtiyatları bürosunun xüsusi nümayəndəsi və əlaqələndiricisi Amos Hokşteyn, Böyük Britaniyanın enerji və iqlim dəyişikliyi departamentinin beynəlxalq enerji məsələləri şöbəsinin baş direktoru Edmund Hosker, İtaliya Nazirlər Şurasının dövlət katibi Klaudio De Vinçenti və digər şəxslər qatılıb.

AZƏRTAC xəbər verir ki, üç plenar sessiya və dəyirmi masanın keçiriləcəyi iclasın sonunda Azərbaycanın energetika naziri Natiq Əliyev və Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç mətbuata bəyanatlarla çıxış edəcəklər.

Konstitusiya Məhkəməsi Əmək Məcəlləsinin bəzi normaları ilə bağlı qərardad qəbul edib

29.02.2016


Konstitusiya Məhkəməsinin Palatası Xətai Rayon Məhkəməsinin müraciətinə dair qərardad qəbul edərək Əmək Məcəlləsinin 70 “ç”, 72-ci və 79-cu maddələrindəki normalar arasında güman olunan ziddiyyətlərə aydınlıq gətirib.

Qərardadda qeyd edilir ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda işəgötürən əmək müqaviləsini ləğv edə bilər.

Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Əmək Məcəlləsinin 72-ci maddəsi işçinin əmək vəzifələrini kobud şəkildə pozması hallarını nəzərdə tutur. Həmin maddənin “ç” bəndinə görə, işçinin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir.

Əmək Məcəlləsinin 79-cu maddəsində əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallar göstərilib. Həmin maddənin 1-ci hissəsinə görə, hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin, yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərlə əmək müqaviləsinin ləğvi qadağan edilir.

Konstitusiya Məhkəməsinin Palatası göstərilənlərə əsasən belə nəticəyə gəlib ki, hamilə və öhdəsində 3 yaşınadək uşağı olan qadınlarla əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsi ilə xitam verilməsinə qadağanın qoyulması Əmək Məcəlləsinin hər hansı bir maddəsinə zidd kimi təfsir edilə bilməz. Belə ki, qanunverici bu güzəştli normanı müəyyən edərkən ana və uşağın sağlamlığının mühafizəsi, hüquqlarının müdafiəsi, onların maddi və sosial təminatlarının gücləndirilməsi, eləcə də, bəzi kateqoriya işçilərin sağlamlığının qorunması və ailələrinin sosial müdafiəsinin möhkəmləndirilməsi mövqeyindən çıxış edib.

Konstitusiya Məhkəməsinin Palatası qərara alıb ki, müraciətdə göstərilən məsələnin həll edilməsi zamanı məhkəmələr Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş sosial yönümlü dəyərləri nəzərə almaqla müvafiq nəticə müəyyən edə bilərlər. Konstitusiya Məhkəməsi Palatasının Qərardadında əks olunan hüquqi mövqe analoji işlərin həllində digər məhkəmələr üçün istiqamət müəyyən edə bilər.

Mart ayının hava proqnozu

29.02.2016

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, mart ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi günlərdə isə bir qədər yüksək olacağı gözlənir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi ərazilərdə isə iqlim normasından bir qədər çox olacağı ehtimalı var.

Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 5-8 dərəcə isti (gecələr 4-9 dərəcə isti, bəzi günlərdə 0-2 dərəcə şaxta, gündüzlər 10-15 dərəcə isti, bəzi günlərdə 19-24 dərəcəyədək yüksələcək) olacağı gözlənir, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir.

Orta aylıq temperatur digər bölgələr üzrə belə proqnozlaşdırılır:

Naxçıvan Muxtar Respublikasında 5-9 dərəcə isti (gecələr 3-8 dərəcə isti, bəzi günlərdə 3-8 dərəcə şaxta, gündüzlər 11-16 dərəcə isti, bəzi günlərdə 20-25 dərəcəyədək yüksələcək);

Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında 1-3 dərəcə isti (gecələr 3-8 dərəcə isti, bəzi günlərdə 4-9 dərəcə şaxta, gündüzlər 8-13 dərəcə isti, bəzi günlərdə 18 dərəcəyədək yüksələcək);

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında 5-7 dərəcə isti (gecələr 3-8 dərəcə isti, bəzi günlərdə 0-4 dərəcə şaxta, gündüzlər 10-15 dərəcə isti, bəzi günlərdə 18-23 dərəcəyədək yüksələcək);

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarında 4-6 dərəcə isti (gecələr 3-8 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta, gündüzlər 8-13 dərəcə isti, bəzi günlərdə 17-22 dərəcəyədək yüksələcək);

Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında 7-9 dərəcə isti (gecələr 4-9 dərəcə isti, bəzi günlərdə 0-3 dərəcə şaxta, gündüzlər 10-15 dərəcə isti, bəzi günlərdə 20-25 dərəcəyədək yüksələcək);

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında 5-8 dərəcə isti (gecələr 3-8 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta, gündüzlər 10-15 dərəcə isti, bəzi günlərdə 20-25 dərəcəyədək yüksələcək).

Ekspert Dövlət Gömrük Komitəsinin iradlarına cavab verdi

29.02.2016

İqtisadçı Qubad İbadoğlu Dövlət Gömrük Komitəsinin fevralın 24-də yaydığı məlumata münasibət bildirib. Komitə məlumatda bildirib ki, bəzi mətbuat orqanlarında ölkənin xarici ticarət əlaqələrinə dair göstəriciləri digər dövlətlərin uyğun göstəriciləri ilə müqayisə olunur, göstəricilər arasında olan fərqlər barədə düzgün olmayan rəy formalaşdırılır: “Məsələnin mahiyyətinə varmadan, xarici ticarət göstəricilərinin formalaşdırılmasının mənbələrini, xarici ticarətin gömrük statistikasının metodologiyasını bilmədən rəsmi statistika göstəricilərinə şübhə ilə yanaşmaq düzgün deyil”.

Transparency.az bildirir ki, Qubad İbadoğlu qurumun məlumatındakı bəzi məqamlara diqqət çəkərək komitəni ictimaiyyətə kifayət qədər açıq olmamaqda suçlayır: “Dövlət Gömrük Komitəsi (DGK) iddia edir ki, Azərbaycanda müşahidə olunan hal Çin, Rusiya və digər MDB dövlətləri üçün də xarakterikdir. Qurum bu məqsədlə bütövlükdə MDB məkanı, Rusiya, Çin kimi gömrük statistikası beynəlxalq standartlara keçid dövrünü yaşayan ölkələrin 10-15 il bundan əvvəlki dövrdə qarşılaşdığı problemlərə istinad edir. Bununla da Azərbaycanın hazırkı problemlərini 10-15 il əvvəl həmin ölkələrdə qeydə alınan problemlərlə eyniləşdirir, bizdə hələ də bu sahədə inkişaf olmadığını təsdiq edir.

Bir çox ölkələrdə, hətta Rusiyada hökumət güzgü statistikası metodologiyası ilə müntəzəm tədqiqatlar aparmaqla gömrük statistikasına nəzarət edir, onun hər il dürüstləşdirilməsinə çalışır. Azərbaycanda isə DGK və digər dövlət orqanları özləri bu işi görmək və eləcə də bu sahənin tədqiqatçılarına minnətdar olmaq əvəzinə ekspertlərin bu istiqamətdəki tədqiqatlarına arqumentsiz cavablar yazmaqla məşğuldurlar. Əgər DGK bundan əvvəlki bəyanatlarında ekspertləri mənbə göstərməməkdə ittiham edirdisə, sonuncu məlumatda digər ölkələrin köhnə dövrləri xarakterizə edən statistik məlumatlarını təsvir etməklə özünə haqq qazandırır.

Qurumun məlumatında qeyd olunur ki, ölkənin ixracı və idxalı onunla xarici iqtisadi əlaqələrdə olan başqa bir ölkənin idxal və ixracına bərabər olmayanda onun nəticələrini hər ilin sonunda dəqiqləşdirib müəyyən edir, fərqlərin yaranma səbəblərini müvafiq ölkələrlə birlikdə işçi qrupu səviyyəsində müzakirə edir, araşdırır. Bəs onda DGK niyə bu istiqamətdə apardığı araşdırmaların nəticələrini dərc etmir? Əminəm ki, aparılan araşdırmanın nəticələri dərc olunsa, tapıntıların ekspertlərin əldə etdiyi nəticələrdən fərqlənmədiyini görəcəyik”.

Ekspert şərhində komitənin statistik uçot və qeydiyyat işini aparmasına diqqət çəkir: “Qurum qeyd edir ki, xarici ticarətin gömrük statistikası BMT və Avropa İttifaqının Statistika Xidmətinin metodoloji göstərişləri əsasında beynəlxalq standartlara uyğun aparılır. Elə biz də ona görə bu araşdırmanı davam edirik. Çünki əslində beynəlxalq standartlara uyğun olan gömrük statistikaları arasında qəbul edilən fərq 10 faizdən yuxarı olmamalıdır. Deməli, burda fərq yaradan başlıca amil statistik uçot və qeydiyyat işinin düzgün qurulmamasıdır. Əgər belə olmasaydı, idxalın aşağı düşdüyü dövrdə gömrük ödənişlərinin artımı müşahidə olunmazdı. Məlumatda yazılır ki, xarici ticarətin gömrük statistikasında idxal malın mənşə ölkəsi, ixrac təyinat ölkəsi üzrə aparılır. Bu metodoloji izahla razılaşaraq qeyd etməliyəm ki, belə hallar avtomobillərin və digər bu tip malların idxalı üçün xarakterikdir. Amma komitənin məlumatına görə, tədqiqat aparılan 2015-ci ildə Azərbaycana xaricdən gətirilən avtomobillərin sayı 2,4 dəfə azalıb. Bu azalma tendensiyası davam etməsəydi, bəlkə də bu amilin təsiri xüsusilə də Gürcüstan və Avropa İttifaqı ölkələri ilə ticarətdə əhəmiyyətli olardı.

Komitə fərq yaradan amillərdən biri kimi idxal olunan malın statistik dəyərinin CİF (malın dəyəri, sığorta və daşınma xərcləri), ixrac olunan malın statistik dəyərinin FOB (bortdan azad) ticarət şərtləri əsasında müəyyən edilməsini göstərir, amma özü də bilir ki, bu fərq bəzən bir neçə yüz milyon dollarla və ya 10 faizlərlə ifadə oluna bilməz. Elə bu və ya digər səbəbdən də ayrı-ayrı ölkələrin gömrük statistikaları arasında qəbul edilən fərq 10 faizdən yuxarı deyil. Əgər yuxarıdırsa, deməli, başqa səbəblər var. Əvvəllər 15 əsas ticarət tərəfdaşımız olan ölkələrlə idxal əməliyyatları üzrə güzgü metodologiyası əsasında apardığımız tədqiqatlara istinadla xatırlada bilərik ki, iki ölkənin göstəriciləri arasında fərq 2008-ci ildə 2,55 milyard dollar və ya 46,6 faiz, 2009-cu ildə 1,75 milyard dollar və ya 36,3 faiz, 2010-cu ildə 3,75 milyard dollar və ya 74,5 faiz, 2011-ci ildə 3,71 milyard dollar və ya 51,8 faiz, 2012-ci ildə 4,82 milyard dollar və ya 64,9 faiz, 2013-cü ildə 5,02 milyard və ya 62,3 faiz, 2014-cü ildə isə 4,94 milyard dollar və ya 69,5 faiz olub. Təhlil olunan 2008-2014-cü illər ərzində kənarlaşma məbləği 10,6 milyard dollar, kənarlaşma faizi isə orta hesabla 58 faiz təşkil edib. Göründüyü kimi, illər üzrə göstəricilərin hər birində və ümumilikdə yaranmış fərq 10 faizlik qəbul edilə bilən həddən 5-6 dəfə yüksəkdir.

2015-ci ildə məlumatlarına çıxış olan yalnız 3 ölkənin (Gürcüstan, Rusiya və Türkiyə) göstəriciləri əsasında fərq 1,6 milyard dollar təşkil edib. Digər ölkələrin məlumatlarına çıxış imkanı yaranan kimi yenidən 15 ölkə üzrə 2015-ci ilin göstəriciləri əsasında yaranmış fərqlə bağlı açıqlamalar olacaq”.

Qubad İbadoğlu komitənin daha bir arqumentinə cavab kimi kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların ölkəyə idxalı ilə yaranan fərq məqamına toxunur: “Azərbaycanda kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların idxalı dövriyyəsi çox cüzidir. Çünki bizdə fiziki şəxsə ölkəyə qeydiyyatsız gətirdiyi mallar üçün yol verilən hədd çox aşağıdır. İdxal və ixracın gömrük rəsmiləşdirilmə vaxtının fərqli olmasının nəticələrə təsiri İran istisna olmaqla çox zəifdir, çünki bu yalnız dekabr ayının sonunu və yanvarın əvvəlini xarakterizə edən bir neçə gün ərzində qeydiyyata təsir göstərə bilər. Tərəfdaş ölkələrlə aparılan idxal-ixrac əməliyyatları zamanı malların gömrük dəyərinin hesablanmasında bir-birindən fərqlənən üsulların və müxtəlif metodologiyaların tətbiqi sahəsində isə deyilənlərlə razılaşmaq olar. Çünki başqa ölkələrdə gömrük dəyəri əsasən invoys qiymətləri əsasında, Azərbaycanda isə DGK-nın özünün öz xidməti istifadəsi üçün təsdiq etdiyi qiymət siyahısı ilə həyata keçirilir. Bir çox hallarda illərlə yenilənməyən, mənşə ölkənin bazar konyunkturasındakı dəyişiklikləri çevik şəkildə nəzərə almayan bu qiymət cədvəli idxalçılardan əlavə gömrük rüsumları və əlavə dəyər vergisi almağa xidmət edir. Əslində həmin sənədi ya Nazirlər Kabineti, ya da İqtisadiyyat Nazirliyi qəbul etməli və mütəmadi yeniləməlidir”.

Qubad İbadoğlu şərhində bildirir ki, Dövlət Gömrük Komitəsi məlumatında malın statistik dəyərlərinin müxtəlif valyuta məzənnələri ilə hesablanmasını arqument kimi səsləndirib. Ekspert bu məqamı da şərh edib: “Bizim idxalatımızın valyuta tərkibi demək olar bircinslidir, çünki əməliyyatlar əsasən sərbəst dönərli valyutalarla (SDV) aparılır. Komitənin məlumatına görə, 2015-ci ildə SDV ilə hesablaşmaların ixracda payı 94,31 faiz, idxalda payı isə 81,29 faiz təşkil edib. Odur ki, bu amilin təsiri ilə də ciddi fərq yarana bilməz.

Azərbaycanda idxal göstəricilərinin xüsusilə də böhran dövründə dürüstləşdirilməsi çox əhəmiyyətlidir. Çünki bu, dövlət büdcəsində gömrük ödənişlərinin ciddi artımına və büdcə kəsirinin azalmasına xidmət edə bilər. Fevralın 23-də büdcənin dürüstləşdirilməsi zamanı komitənin yığımlarının 13,8% və ya 220 milyon manat artırılması reallığa uyğun gəlmir. Azərbaycanda idxal göstəricilərinin dürüstləşdirilməsi ilə bağlı tədqiqatlar göstərir ki, bu mənbədən ödənişləri ən azı 30 faiz artırmaq mümkündür”.

23 bank 60 milyon ABŞ dolları aldı

29.02.2016




Fevralın 29-da Mərkəzi Bankın növbəti valyuta hərracı keçirilib. Rəsmi məlumata görə, 23 bankın qatıldığı hərracda 60 milyon ABŞ dolları məbləğində vəsait satılıb.

Transparency.az bildirir ki, bu il keçirilən hərraclarda Mərkəzi Bankın satdığı vəsaitin ümumi həcmi 685 milyon 488 min ABŞ dollarına çatıb.

Bu il Dövlət Neft Fondu da bir neçə hərrac təşkil edib. Həmin hərraclarda 871 milyon 346 min ABŞ dolları məbləğində vəsait alınıb.

İlham Əliyev nazirlərin toplantısında çıxış edib

29.02.2016


AZƏRTAC Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin ikinci toplantısından yeni məlumat yayıb. Toplantı fevralın 29-u Bakıda keçirilir. Prezident İlham Əliyev toplantıda deyib ki, Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsi Azərbaycan, Gürcüstan, Türkiyə və digər ölkələr arasında səmərəli əməkdaşlığı daha da genişləndirəcək. “Enerji təhlükəsizliyi bu gün dünya siyasətində, beynəlxalq təşkilatların gündəliyində mühüm yer tutur” deyən dövlət başçısı Azərbaycanın bütün öhdəliklərinə sadiq olduğunu, ölkənin hər zaman bazar iqtisadiyyatı prinsiplərini daha da inkişaf etdirdiyini bildirib, bir məqamı da vurğulayıb ki, enerji əməkdaşlığı siyasi tələb məsələsi ola bilməz və bu məsələ hər hansı siyasi formatdan azad olmalıdır.

Prezident Azərbaycanın layihə üzvləri arasında güclü əməkdaşlıq qurduğunu və bu əməkdaşlığın iqtisadiyyatın digər sahələrində də uğurlara imkan yaradacağını deyib, enerji əməkdaşlığının Avropa İttifaqı ilə əlaqələrdə mühüm rol oynadığını bildirib.

Cənub Qaz Dəhlizi layihəsinin icrası zamanı yubanmalara, maneələrə yol verilməməsinin vacibliyinə diqqət çəkən dövlət başçısı bütün maneələri dəf etmək üçün hökumətlərin səylərini birləşdirməsinin zəruriliyini vurğulayıb. İlham Əliyev TANAP layihəsinin icrasının fəal mərhələdə olduğunu deyib, Trans-Adriatik layihəsinin də vaxtında həyata keçiriləcəyinə əminliyini ifadə edib. “Cənub Qaz Dəhlizi layihəsi XXI əsrin tarixi layihəsidir” deyən dövlət başçısı layihənin reallaşmasına verdikləri töhfələrə görə hökumətlərə minnətdarlıq edib.

Səhiyyə Nazirliyi şəkərli diabet üzrə tədbirlər planı təsdiqləyib

29.02.2016


Səhiyyə Nazirliyi şəkərli diabet üzrə 2016-2020-ci illər üçün dövlət proqramı çərçivəsində tədbirlər planı təsdiqləyib. Rəsmi məlumata görə, sənəddə yer alan tədbirlər sırasına şəkərli diabet xəstələrinin vahid elektron registrinin və məlumat bazasının, dərman preparatlarının təmini məqsədilə kompüter proqramının təkmilləşdirilməsi, şəkərli diabetin fəsadlarının profilaktikası üçün tibb müəssisələrində təlim məktəbləri şəbəkəsinin genişləndirilməsi, şəkərli diabet xəstələrinin insulin və digər şəkər salan dərman preparatları, özünənəzarət vasitələri ilə davamlı təmin edilməsi, pompa ilə təmin edilən uşaqların monitorinqi və onlara ləvazimatların verilməsi, şəkərli diabet xəstəliyinin kompensasiya mərhələsinin müəyyən edilməsi məqsədilə tibb müəssisələrinin qlükozalaşmış hemoqlobinin təyini üçün avadanlıq və reaktivlərlə təmin edilməsi, şəkərli diabetin diaqnostikası və müalicəsi üzrə klinik protokolların hazırlanması və tətbiqi daxildir.

Eyni zamanda “diabetik pəncə” kabinetlərinin bölgələrdə yaradılması, şəkərli diabetə düçar olmuş uşaq və gənclər üçün yay düşərgələrinin təşkili, onların tibb işçiləri və tibbi ləvazimatla təmin edilməsi, şəkərli diabetin profilaktikası, diaqnostikası və müalicəsi üzrə mütəxəssislərin hazırlanması, bölgələrdə şəkərli diabetin fəsadlarının profilaktikası və müalicəsinə həsr olunmuş konfransların keçirilməsi (endokrinoloqlar, cərrahlar, oftalmoloqlar, nevropatoloqlar, ginekoloqların iştirakı ilə), şəkərli diabetin profilaktikası, diaqnostikası və müalicəsi üzrə mütəxəssislərin hazırlanması, şəkərli diabetlə mübarizə üzrə mütəxəssislərin beynəlxalq konqres, konfrans və simpoziumlarda iştirakını təşkil etmək də tədbirlər planda yer alıb.

Tədbirlər planına əsasən, ilkin səhiyyə xidməti müəssisələrində çalışan tibb işçiləri üçün şəkərli diabetin aşkarlanması və müalicəsi üzrə treninqlər təşkil ediləcək, bu xəstəliyin profilaktikasına dair populyar ədəbiyyat, bukletlər, vərəqlər, plakatlar çap ediləcək, kütləvi informasiya vasitələri ilə şəkərli diabetin profilaktikasına dair məlumatlar veriləcək.

Səhiyyə Nazirliyinin məlumatına görə, hazırda 208 mindən çox şəkərli diabet xəstəsi, daim dövlət hesabına dərman və özünənəzarət vasitələri ilə təmin olunur.

Ermənistan iqtisadiyyatına dair statistik rəqəmlər açıqlanıb

29.02.2016



Ermənistan Milli Statistika Xidməti 2015-ci ilin yekunları ilə bağlı hesabat yayıb. Novator.az-ın məlumatına görə, hesabatda qeyd olunur ki, ötən il Ermənistan iqtisadiyyatı 3% artıb. Bu, dövlət büdcəsindəki proqnozdan 1,1% azdır.

Açıqlamaya əsasən, Ermənistanın ümumi daxili məhsulu (ÜDM) 2015-ci ildə 10,56 milyard dollara yaxın həcmdə olub. Adambaşına ÜDM 3 min 515 dollar həcmində qərarlaşıb. Büdcədə proqnoz 3 min 610 dolar idi.

Ötən il Ermənistanda 3,7% inflyasiya gedib.

Milli Statistika Xidməti qeyd edir ki, 2015-ci ildə iqtisadi artıma əsasən kənd və meşə təsərrüfatı, balıqçılıq sahəsində 11,4% artım təkan verib. Sənayedə, o cümlədən energetika sahəsində 6,3% artım qeydə alınıb.

Manata inamı necə qaytarmalı?

29.02.2016



İqtisadçı ekspert Vüqar Bayramov dollarla təklif edilən kreditlərin həcmini məhdudlaşdırmağın mümkün olduğunu yazır. Transparency.az-ın məlumatına görə, ekspert bir neçə addım təklif edir: “Manatla kredit vermək üçün bankların cəlb etdiyi vəsaitlərin valyuta strukturu dəyişdirilməlidir. Yəni bank manatla nə qədər çox vəsait cəlb edərsə, o qədər də çox milli valyuta ilə kreditlər təklif edəcək. Bu isə Mərkəzi Bankın mərkəzləşdirilmiş kreditlərinin həcminin artırılması ilə mümkündür.

Əvvəla, qurum bankları daha çox kreditlə təmin etməklə onlara həm daha ucuz borclanmaq, həm də manatla kredit təklif etmək imkanı yaratmalıdır. Bu halda bankların manat bazası genişləndiyi üçün milli valyuta ilə daha çox kreditlər təklif edə biləcək. Amma təəssüf ki, məzənnə və inflyasiya təzyiqindən ehtiyatlanan baş bankda kommersiya banklarını manatsız saxlamaq prinsipi hələ də davam edir.

İkincisi, mərkəzləşdirilmiş kreditlər şəffaf və açıq şəkildə bölüşdürülməlidir. Bütün banklara bu vəsaitlərə baryersiz çıxış imkanı verilməlidir”.

Ekspertin qənaətinə görə, növbəti addım manatla əmanətlərin indeksasiya olunmasıdır: “Təəssüf ki, Mərkəzi Bank dollarlaşmanın qarşısını alacaq bütün islahatlardan kənar durmağa çalışır. Halbuki zamanında indeksasiya sisteminin tətbiq edilməsi milli valyutaya təzyiqi ciddi şəkildə azaldardı. Bu mexanizmin tətbiqi vətəndaşlara öz depozitlərini milli valyutada saxlamaq imkanı verəcək. Çünki hələ də bir çoxlarında pulu dollar, yoxsa manatla saxlamaqda qərarsızlıq var. İndeksasiya bu qərarsızlığı aradan qaldıra bilər. Bu zaman indeksasiya ilə bağlı potensial və ya virtual xərcləri dövlət qarşılayır. Banklarda manatla yerləşdirilən əmanət dollara indeksasiya edilir. Müqavilə üzrə müddət başa çatdıqdan sonra əmanətçi manatla olan pulunu götürərkən milli valyuta dəyərdən düşərsə, yaranan fərqi məhz indeksasiya olunduğu üçün dövlət qarşılayır. Yəni manat dollara nisbətən ucuzlaşarsa, fərq qarşılanır, dəyər qazanarsa, əmanətçi dollarla ifadədə daha çox qazanır.

İndeksasiya banklarda olan əmanətlərə tətbiq edildiyindən və evdə saxlanan pulları əhatə etmədiyindən banklardakı depozitlərin də həcminin artmasına gətirib çıxaracaq. Vətəndaşların əksəriyyəti öz pullarını evdə deyil, banklarda saxlamağa üstünlük verəcək. Bu isə manatla əmanətlərə marağı artırar, vətəndaş pulunu bankda milli valyutada saxlamaqda maraqlı olar. Nəticədə banklara cəlb edilən milli valyutanın həcmi artar, banklar manatla daha çox kredit təklif etmək imkanı qazanar”.

Mərkəzi Bank ehtiyatların əriməsindən çəkinir

29.02.2016

“Mərkəzi Bankın hərraca tələbdən az dollar çıxarması valyuta ehtiyatlarının psixoloji həddi aşması qorxusudur”. Transparency.az-ın məlumatına görə, iqtisadçı ekspert Samir Əliyev belə yazır. Ekspertin hesablamalarına görə, qurumun fevral ayı üzrə valyuta ehtiyatında təxminən 370 milyon dollara yaxın azalma olacaq: “Mərkəzi Bankın qalan ehtiyatı 4 milyard dollara yaxınlaşacaq. Qurumun son günlər hərraca tələbdən az dollar çıxarmasının da səbəbi valyuta ehtiyatlarını psixoloji həddən — 4 milyard dollardan aşağı düşürməməkdir. Mərkəzi Bank valyuta satışını azaldandan bankların tələbində artım müşahidə edilir”.

Bu il keçirilən hərraclarda Mərkəzi Bankın satdığı vəsaitin ümumi həcmi 685 milyon 488 min ABŞ dollarına çatıb.



Dövlət Neft Fondu da bu il bir neçə hərrac təşkil edib. Həmin hərraclarda 871 milyon 346 min ABŞ dolları məbləğində vəsait alınıb.

Yüklə 2,41 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə