Xəbər bülleteni №37



Yüklə 259,75 Kb.
səhifə1/4
tarix15.03.2017
ölçüsü259,75 Kb.
#11352
  1   2   3   4
Xəbər bülleteni № 37

http://transparency.az/cnews/



Ünvan: AZ1001, Bakı, Cəfər Cabbarlı, 16, mən. 7
Tel: (+994 12) 497 81 70; 497 68 15; Fax: (+994 12) 596 20 38
E-mail: info©transparency.az

İyul 2016

Kerri Azərbaycan və Ermənistan prezidentləri ilə danışıb

01.07.2016

http://transparency.az/cnews/wp-content/uploads/2016/07/con-kerri-1.jpgAzərbaycan prezidentinin mətbuat xidməti bildirir ki, iyunun 30-da ABŞ-ın dövlət katibi Con Kerri ölkə başçısı İlham Əliyevə zəng edib. Söhbət zamanı son vaxtlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində görülmüş işlər müzakirə olunub, qeyd edilib ki, Vyana və Sankt-Peterburq görüşlərindən sonra danışıqlar prosesinə yeni dinamika verilib. Con Kerri və İlham Əliyev bağlı danışıqlar prosesinin perspektivlərini də müzakirə ediblər.

Telefon danışığı zamanı Azərbaycan-ABŞ ikitərəfli münasibətləri ətrafında fikir mübadiləsi aparılıb.

Transparency.az-ın məlumatına görə, həmin gün Con Kerri Ermənistan prezidenti Serj Sərkisyana da zəng vurub və ATƏT-in Minsk qrupu çərçivəsində aparılan Dağlıq Qarabağ danışıqlarını müzakirə edib.

1988-ci ildə başlayan yeni Qarabağ savaşında Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarını işğal edib. 1994-cü ilin mayında elan olunan atəşkəsdən bəri ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan sülh danışıqları heç bir nəticə vermir. Minsk qrupunun 11 üzvü var: Rusiya, Fransa, ABŞ (hər üçü həmsədr), Belarus, Almaniya, İtaliya, İsveç, Finlandiya, Türkiyə, Ermənistan, Azərbaycan.

Bu il mayın 16-sı Avstriyanın paytaxtı Vyanada Azərbaycan və Ermənistan prezidentləri görüşüb. Görüş ABŞ-ın dövlət katibi Con Kerri, Rusiya xarici işlər naziri Sergey Lavrov, Fransanın Avropa məsələləri üzrə dövlət katibi Harlem Desirin vasitəçiliyi ilə baş tutub.

Görüşdə güc tətbiqi riskini azaltmaq üçün tərəflər arasında qısa zamanda ATƏT-in araşdırıcı mexanizmi üzərində işin başa çatdırılması, eyni zamanda ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsinin mövcud ofisinin səlahiyyətlərinin genişləndirilməsi barədə razılıq əldə edilib.

İyunun 20-si İlham Əliyevlə Serj Sərkisyan Sankt-Peterburq şəhərində Rusiya prezidenti Vladimir Putinin vasitəçiliyi ilə görüşüblər.

Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin görüşünün yekunlarına dair birgə bəyanatında qeyd olunur ki, dövlət başçıları Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müntəzəm əlaqələrin mühüm əhəmiyyət daşıdığını qeyd edərək ATƏT-in Minsk qrupunun işini tamamlayacaq bu formatda görüşləri davam etdirmək barədə razılığa gəliblər. Dövlət başçıları münaqişənin nizamlanmasında inkişafa şərait yaratmağa imkan verən bir sıra məsələlərdə qarşılıqlı anlaşmanın əldə olunduğunu ifadə ediblər.

Bəyanatda qeyd olunur ki, Azərbaycan və Ermənistan prezidentləri münaqişə zonasında sabitliyə nail olmağa yönəlmiş Vyana razılaşmalarına sadiq qalırlar. Təmas xəttində son vaxtlar müşahidə olunan sakitlikdən məmnunluqlarını ifadə edən Azərbaycan və Ermənistan prezidentləri sülh prosesini irəlilətməyə əlverişli mühit yaratmaq üçün münaqişə zonasında beynəlxalq müşahidəçilərin sayını artırmağa şərtləşiblər.

Azərbaycan və Ermənistan prezidentləri vaxtaşırı bir araya gəlib Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanması məsələsinə baxırlar. Bu tip görüşlərin ümumi sayı iyunun 20-də 53-ə çatıb. Bunun 21-i İlham Əliyevlə Serj Sərkisyanın görüşləridir.

Dollar və avroda yüksəliş

01.07.2016



merkezi bank
İyulun 1-də ABŞ dolları və avronun rəsmi kursu yuxarı doğru dəyişib. Transparency.az-ın məlumatına görə, Mərkəzi Bank 1 dolların məzənnəsini 1,5394 manatdan 1,5425 manata, 1 avronun kursunu 1,709 manatdan 1,7119 manata qaldırıb.

Rusiya rublunun rəsmi kursunda isə yenilik olmayıb. 1 rubl ötən gün olduğu kimi 0,0241 manata satılır.

İyulun 1-dən Belarus rublunun denominasiyası aparılıb, əsginazlardan dörd sıfır ixtisar edilib. Azərbaycanın Mərkəzi Bankı bu gün 100 Belarus rublunu 0,7674 manata dəyişir.

Digər valyutaların rəsmi məzənnəsi belə müəyyən olunub:

1 gürcü larisi – 0,662 manat

1 ingilis funt sterlinqi – 2,0566 manat

1 türk lirəsi – 0,5352 manat.

Qiymətləri təsdiqlənən dərmanların sayı artıb (Ümumi siyahı)

01.07.2016

derman 1Tarif Şurasının 30 iyun iclasında daha 2557 dərman vasitəsinin qiyməti təsdiqlənib. Economy.gov.az-ın məlumatına görə, bununla ticarət adı, təsiredici maddəsinin adı, dozası, farmasevtik forması, ticarət qablaşdırması, qablaşdırma miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla topdan və pərakəndə satış qiyməti təsdiqlənən dərman vasitələrinin sayı 9632-yə çatıb (Siyahı). Bu, dövlət qeydiyyatına alınmış dərman vasitələrinin 99%-ni təşkil edir.

7300 dərman vasitəsi təsdiq edilmiş qiymətlərlə artıq satışdadır, digər 2332 dərman vasitəsinin yeni qiymətləri isə bu il sentyabr ayının 1-dən qüvvəyə minəcək. Qiymətləri təsdiq edilməyən dövlət qeydiyyatına alınmış dərman vasitələri sentyabrın 1-dən satıla bilməz.

Rəsmi məlumatda qeyd olunur ki, qiymətləri yeni tənzimlənmiş 2557 dərman vasitəsinin də qiymətləri əhəmiyyətli dərəcədə aşağı salınıb. Dərmanların 29%-nin qiyməti mövcud qiymətlərlə müqayisədə 2 dəfədən çox, 11%-nin qiyməti 3 dəfədən çox düşüb. Ümumilikdə dərmanların 90%-nin qiyməti endirilib.

Türkiyəyə təyyarə bileti almış şəxslərə biletləri geri qaytarmaq imkanı verilib

01.07.2016

teyyare 1
AZAL-ın Türkiyə istiqamətindəki iyulun 5-nə qədər olan uçuşlarına öncədən bilet əldə etmiş sərnişinlərə biletləri geri qaytarmaq imkanı verilib. Qərar İstanbulun Atatürk Hava Limanında baş vermiş terror aktı ilə əlaqədar qəbul olunub.

AZƏRTAC-ın məlumatına görə, “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski deyib ki, sərnişinlər aldıqları aviabileti iyulun 15-nə kimi istədikləri tarixə pulsuz dəyişdirə və ya cəriməsiz qaytara bilərlər.

İyunun 28-i axşam saat 10 radələrində 3 terrorçu İstanbulun hava limanında əvvəl camaatı gülləyə tutub, sonra özlərini partladıb. İŞİD-in törətdiyi terror aktında 43 nəfər həlak olub.

Müəllimlərin işə qəbulu 4 mərhələdə həyata keçiriləcək

01.07.2016

tn-yeni
İyulun 1-dən Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qeydiyyatına başlanıb. Namizədlər iyulun 17-dək miq.edu.az saytında qeydiyyatdan keçməlidir. Müsabiqədə yalnız ali və orta ixtisas təhsili müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli təhsil sənədi (diplom) almış işləməyən şəxslər, eləcə də müəssisələrdə müddətli əmək müqaviləsi ilə işləyən müəllimlər iştirak edə bilərlər.

4 mərhələdə (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə) təşkil edilən müsabiqəyə qatılan namizədlər vakansiya seçimini müsabiqənin test mərhələsindən sonra edə biləcəklər. Müsabiqənin hər hansı mərhələsində namizədin elektron ərizədəki məlumatları düzgün doldurmadığı müəyyən edilərsə, onun nəticələri ləğv edilir. Hər hansı bir səbəbdən göstərilən vaxtda test imtahanında və ya müsahibədə iştirak etməyənlər üçün təkrar imtahan və müsahibə keçirilmir.

Keçmiş SSRİ-də 100 manat neçəyədir?

01.07.2016



manat 1Keçmiş SSRİ məkanında 100 Azərbaycan manatına nə dəyər verilir? Transparency.az Mərkəzi Bankın iyulun 1-nə olan məzənnə cədvəlinə əsasən buna nəzər salıb.

SSRİ-yə dağıldığı 1991-ci ilə qədər 15 respublika daxil olub: Estoniya, Latviya, Litva, Moldova, Belarus, Ukrayna, Rusiya, Azərbaycan, Ermənistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan, Türkmənistan.

Estoniya, Latviya, Litva avro işlədir. Hazırda 100 manat 58,4 avroyadır.

100 manata 4149 Rusiya rublu, 151 gürcü larisi, 1610 Ukrayna qrivnası düşür.

Mərkəzi Bankın rəsmi kursu ilə götürəndə 100 manata 21 min 739 Qazaxıstan təngəsi, 1300 Belarus rublu, 1284 Moldova leyi, 4386 qırğız somu, 190 min 529 özbək somu, 506 tacik somonisi, 218 yeni türkmən manatı almaq olar.

Rəsmi kursu verilməyən erməni dramına gəlincə, 100 manat 30 min 962 dram eləyir.

Tacikistanda yaxın qohumlar arasında nikah qadağan olundu

01.07.2016



tacikistan 2
Tacikistanda yaxın qohumlar arasında nikahı qadağan edən qanun qüvvəyə minib. Novator.az xəbər verir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqda qanuna edilən dəyişikliyə əsasən, bundan sonra yaxın qohumlar — xala, bibi, dayı, əmi uşaqları və nəvələri arasında nikah bağlamaq yasaq olunur.

Yeni qanun evlənmək istəyənləri nikahdan əvvəl pulsuz tibbi müayinədən keçməyə və qan verməyə də məcbur edir. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqanlara (VVAQ şöbələrinə) tibbi arayış təqdim etməyən cütlüklərin nikahını qeydə almaq qadağan olunur.

Tacikistan Səhiyyə Nazirliyinin məlumatına görə, ölkədə 30 mindən çox əlil uşaq var, onların əksəriyyəti yaxın qohumlar arasında nikahdan doğulanlardır.

Çexiya prezidenti Avropa İttifaqı və NATO ilə bağlı referenduma çağırdı

01.07.2016

milosh zeman 1
Çexiya prezidenti Miloş Zeman ölkəsinin Avropa İttifaqında və NATO-da qalıb-qalmaması ilə bağlı referendum keçirməyə çağırıb. Ölkə konstitusiyasına əsasən, Çexiya prezidentinin referendum təyin etmək hüququ yoxdur.

Novator.az-ın məlumatına görə, iyulun 1-də referendum çağırışı yayan Miloş Zeman deyib ki, özü ölkəsinin Avropa İttifaqı və NATO-da qalmasına səs verərdi: “Mən ölkənin Avropa İttifaqından çıxmasını istəyənlərlə razılaşmıram. Ancaq onların öz rəyini referendumda bildirmələri üçün əlimdən gələni edəcəm. Bu, NATO-da qalıb-qalmamaq məsələsinə də aiddir”.

Çexiya Avropa İttifaqına 2004-cü ildə, NATO-ya 1999-cu ildə qoşulub.

İyunun 23-də Böyük Britaniyada ölkənin Avropa İttifaqında qalıb-qalmamasını müəyyənləşdirən referendum keçirilib. Referenduma qatılanların 51,9%-i Britaniyanın Avropa İttifaqından çıxmasına səs verib.

1957-ci ildə əsası qoyulmuş Avropa İttifaqının daha 26 üzvü var: Almaniya, Avstriya, Belçika, Bolqarıstan, Danimarka, Estoniya, Finlandiya, Fransa, Xorvatiya, İrlandiya, İspaniya, İsveç, İtaliya, Kipr, Latviya, Litva, Lüksemburq, Macarıstan, Malta, Niderland, Polşa, Portuqaliya, Rumıniya, Slovakiya, Sloveniya, Yunanıstan.

1949-cu ildə yaradılmış NATO-ya hazırda 28 ölkə daxildir: ABŞ, Kanada, Türkiyə, İslandiya, Almaniya, Belçika, Norveç, Bolqarıstan, Böyük Britaniya, Çexiya, Danimarka, Estoniya, Fransa, Xorvatiya, İspaniya, İtaliya, Latviya, Litva, Lüksemburq, Macarıstan, Niderland, Polşa, Portuqaliya, Rumıniya, Slovakiya, Sloveniya, Yunanıstan, Albaniya.

Konstitusiya Məhkəməsi prezident seçkisinin nəticəsini ləğv etdi

01.07.2016



avstriya - sechki 1İyulun 1-də Avstriya Konstitusiya Məhkəməsi prezident seçkisinin ikinci turunun yenidən keçirilməsinə qərar verib. Novator.az-ın məlumatına görə, mayın 22-də keçirilmiş ikinci turun nəticələri uduzan tərəfin iddiası əsasında ləğv olunub.

Avstriyada prezident seçkisinin ikinci turunu 50,3% səslə Yaşıllar Partiyasından iqtisadçı professor Aleksandr Van der Bellen udub. Radikal millətçi, Azadlıq Partiyasının namizədi Norbert Hofer 49,7% səslə kifayətlənib.

Seçkinin nəticəsindən şikayət verən Azadlıq Partiyası səslərin sayılması zamanı çoxlu qanun pozuntusunun olduğunu iddia edib. Şikayətə görə, 573 min 275 bülletenin hesablanmasında qüsurlar olub.

72 yaşlı Aleksandr Van der Bellen 1970-ci illərdə Sosial Demokrat Partiyasına qoşulub, daha sonra Yaşıllar Partiyasını seçib. 1994-2012-ci illərdə Avstriya parlamentinin aşağı palatasının, 2012-2015-ci illərdə Vyana Şəhər Məclisinin üzvü olub.

45 yaşlı Norbert Hofer aviasiya mütəxəssisidir. 2006-cı ildən parlamentin üzvü olan Norbert Hofer 2013-cü ildən spikerin müavini postunu tutub.

Avstriya prezidenti 6 il müddətinə seçilir. Eyni şəxs dalbadal iki dəfədən artıq prezident ola bilməz.

İndiyədək gənc sahibkarlara 355,3 milyon manat güzəştli kredit verilib

01.07.2016

İyulun 1-i Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin və Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin təşkilatçılığı ilə “Gənclər arasında sahibkarlığın təşviqi: yeni çağırışlar və perspektivlər” mövzusunda tədbir keçirilib. Tədbirdə İqtisadiyyat, Kənd Təsərrüfatı, Əmək və Əhalinin Sosial Müdafiəsi, Mədəniyyət və Turizm nazirliklərinin, Gənclər Fondunun, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, Azərbaycan Arıçılar Assosiasiyasının nümayəndələri, eləcə də xalq sənətkarlığı, arıçılıqla məşğul olan sahibkarlar iştirak edib.

Rəsmi məlumata görə, iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov çıxışında deyib ki, sahibkarlıq fəaliyyətinə, gənclərin məşğulluğunun artırılmasına dəstək məqsədilə indiyədək 5100-dən çox gənc sahibkara 355,3 milyon manat güzəştli kredit verilib, bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 15300-dən çox yeni iş yerinin açılması imkanı yaradır.



tedbir 1

tedbir 2

Sərnişindaşıma fəaliyyəti göstərən şirkət planlarını açıqlayıb

01.07.2016

Bakıda sərnişindaşıma fəaliyyəti göstərən “Xaliq Faiqoğlu” MMC iyulun 1-də yeni təmir mərkəzi istifadəyə verib. Tədbirdə çıxış edən şirkət rəhbəri Faiq Seyidov təmir mərkəzində 50-yə yaxın yeni iş yerinin yaradıldığını bildirib.

Qeyd olunub ki, müasir diaqnostik və təmir cihazları ilə təchiz edilmiş mərkəzdə əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət edilməklə şirkətin istismarında olan avtobuslara gündəlik baxış və servis göstəriləcək. Burada avtobusların təmizlənməsi, o cümlədən salonların dezinfeksiyası həyata keçiriləcək. Mərkəzdə çalışan təcrübəli mütəxəssislər xarici ölkələrdə təlim və ixtisasartırma kurslarında dəfələrlə iştirak ediblər. Təmir mərkəzinin inzibati binasında sürücülərin xəttə çıxmazdan əvvəl həkim müayinəsindən keçmələri üçün xüsusi otaq, dispetçer, ehtiyat hissələrinin saxlandığı anbar və ofis otaqları mövcuddur.

AZƏRTAC-ın məlumatına görə, qeyd olunub ki, Bakı Nəqliyyat Agentliyinin sərnişindaşıma sahəsində həyata keçirdiyi islahatlarda yaxından iştirak edən “Xaliq Faiqoğlu” şirkəti paytaxta yeni iritutumlu avtobuslar gətirməyi nəzərdə tutub. Şirkətin istismarında olan 18, 61, 65, 79, 85 və 96 saylı marşrut xətlərində isə iyulun sonunadək “Bakıkart” sistemi tətbiq olunacaq.



avtobus

Manatın ucuzlaşmasını necə dayandırmaq olar?

01.07.2016

vuqar bayramovİqtisadçı ekspert Vüqar Bayramov manatın ucuzlaşmasının qarşısını almaq üçün təkliflər verib. Transparency.az-ın məlumatına görə, ekspert yazır ki, dolların son bir ayda möhkəmlənməsi fonunda həm biznesin, həm də əhalinin xarici valyutalara tələbi artır: “Son hərraclarda banklar hətta yarım milyard dollarlıq sifarişlə çıxış edirlər. Dollar sifarişlərinin strukturu göstərir ki, bankların yüksək məbləğdə xarici valyuta istəməsi satışa çıxarılan valyutanın həcminin az olması ilə də bağlıdır”.

Dövlət Neft Fondu həftədə iki dəfə valyuta hərracına qatılır və son vaxtlar hər dəfə 50 milyon dollar satır. 2016-cı ilin hərraclarında fondun satdığı valyutanın həcmi 2 milyard 357,4 milyon dollardır. Mərkəzi Bankdan isə bu il 685,4 milyon dollar həcmində valyuta alınıb.

Vüqar Bayramov yazır ki, hərraca çıxarılan 50 milyon dollar sifarişlərin məbləğlərinə uyğun olaraq müəyyən faiz intervalı daxilində bölünür: “Məsələn, 6 milyon dollar tələbi olan bank hərraca 30 milyon dollar sifarişlə gedir. Yəni bankların əksəriyyəti çox istəyir ki, heç olmasa azı ala bilsin. İndiki məqamda Mərkəzi Bankı bazara intervensiya etməklə dollara olan tələbi azalda bilər. Sifarişlə tələb arasında fərq manat təklifini artırır.

Hərrac olmayan günlər məzənnəni dəyişməməklə kursu uzun müddət tənzimləmək mümkün deyil. Mərkəzi Bank növbəti hərraclara satıcı qismində çıxıb birinci mərhələdə 300 milyon dollar təklif etməklə tələbi normallaşdırmağa çalışmalıdır. Əks halda dolların möhkəmlənməsi davam edəcək”.

Ekspert növbəti təklif kimi məzənnə marjının azaldılmasını təklif edir və baş bankı bununla bağlı qərar qəbul etməyə çağırır: “Valyuta bazarında mövcud məzənnə siyasətinin liberal üzən valyuta rejimi olmadığını müəyyənləşdirmək çətin deyil. Rəsmi məzənnə ilə bazar kursu arasındakı 4 faizlik marjın iqtisadi baxımdan modelləşdirildiyini söyləmək də mümkünsüzdür. Bu marj bəzi kommersiya banklarına məzənnəyə spekulyativ təsir imkanları verir. Mərkəzi Bank tələbi normalaşdıra bildiyi halda marjın 2 dəfə azaldılması barədə qərar qəbul edə bilər. Bununla yanaşı gələcəkdə məzənnə siyasətinin liberallaşdırılması ilə mərhələli islahatlar həyata keçirilməlidir.

Kommersiya banklarının dollar sifarişi ilə xarici valyuta satışı arasındakı qarşılıqlı asılılığının monitorinq edilməsinə də ehtiyac var. Maliyyə Bazarlarına Nəzarət Palatası belə monitorinqin nəticələrinə əsasən bazar iqtisadiyyatı prinsipləri daxilində xarici valyuta üzrə tələb-təklifə təsir edə bilər.

Mərkəzi Banka inamın artırılması istiqamətində islahatların aparılmasına da ehtiyac var. Milli valyutaya inam Mərkəzi Banka güvənin formalaşmasından keçdiyi üçün qurumla bağlı institutsional yeniliklər və kadr islahatlarının aparılması məqsədəuyğundur”.

Son bir ayda 1 ABŞ dolları 1,4918 manatdan 1,5425 manata qədər bahalaşıb.

Cəbhə bölgəsində yeni hərbi hissə

01.07.2016



herbi hisse 1
Cəbhə bölgəsində yeni tikilən hərbi hissənin açılışı olub. Müdafiə Nazirliyinin rəhbərliyi hərbi şəhərciyin ərazisindəki qərargah, əsgər yataqxanaları, yeməkxana, qazanxana-camaşırxana kompleksi, ərzaq anbarı, tibb məntəqəsi, sıra meydanı və digər obyektlərə baxış keçirib.

Mod.gov.az-ın 1 iyul məlumatına görə, şəxsi heyət qarşısında çıxış edən müdafiə naziri general-polkovnik Zakir Həsənov deyib ki, ordunun silahlanmasına ən müasir, aparıcı dövlətlərin istehsalı olan yeni silahlar, sursatlar, avadanlıq və texnikalar qəbul edilir: “Silahlı Qüvvələrin sosial bazası möhkəmlənir, şəxsi heyət üçün yeni şəhərciklər istifadəyə verilir. Onlara xidməti yüksək səviyyədə təşkil etmək üçün bütün şərait yaradılır. Artıq bu il bir neçə hərbi hissənin açılışını həyata keçirmişik. Bunların hamısı torpaqlarımızn işğaldan azad ediməsi vəzifəsinin yerinə yetirilməsi üçün Silahlı Qüvvələrin döyüş hazırlığının yüksək səviyyədə olması məqsədilə görülən işlərdir. Biz prezidentin və Azərbaycan xalqının etimadını doğrultmaq üçün əlimizdən gələni edib torpaqları işğaldan qısa bir müddətdə azad edəcəyik”.

Valyuta ehtiyatı azalıb, pul bazası artıb

01.07.2016



dollar 1İyulun 1-nə olan hesabata görə, Azərbaycan Mərkəzi Bankının 4 milyard 283,9 milyon ABŞ dolları həcmində rəsmi valyuta ehtiyatı var. Transparency.az xəbər verir ki, iyun ayında valyuta ehtiyatı 0,4 milyon manat azalıb. Ötən ayın 1-də valyuta ehtiyatı 4 milyard 284,3 milyon dollar idi. AZƏRTAC valyuta ehtiyatının 2015-ci ilin müvafiq dövrünə nisbətən 4 milyard 236,3 milyon dollar azaldığını bildirir.

Mərkəzi Bankın hesabatına əsasən, pul bazasında 47,8 milyon manat artım var. İyunun 1-nə pul bazasının həcmi 7 milyard 641,6 milyon manat idi. Hazırda bu göstərici 7 milyard 689,4 milyon manata çatıb.

Silahlı Qüvvələrə Yardım Fondunun nə qədər vəsaiti var?

04.07.2016



ordu 1
Azərbaycanın Müdafiə Nazirliyi Silahlı Qüvvələrə Yardım Fonduna iyulun 1-dək daxil olmuş vəsaitin məbləğini açıqlayıb. Transparency.az bildirir ki, hesabata görə, fonda 74,8 milyon manat, 212,3 min ABŞ dolları, 3,5 min avro və 5 min rubl yığılıb.

Əvvəlki ayla müqayisədə manat və avro hesabında artım qeydə alınıb. İyunun 1-dək fondda 74,2 milyon manat, 3,2 min avro vəsait vardı.

Prezidentin 17 avqust 2002-ci il fərmanı ilə yaradılmış fondun maliyyə mənbəyi Azərbaycanın ərazisində fəaliyyət göstərən hüquqi və fiziki şəxslərdən könüllülük əsasında daxil olan maliyyə vəsaiti və qanunvericiliklə qadağan olunmamış digər daxilolmalardır.

Mərkəzi Bank dolların kursunu dəyişməyib

04.07.2016

amb 1Azərbaycan Mərkəzi Bankı iyulun 4-də ABŞ dollarının kursunu dəyişməz saxlayıb. 1 dollar ötən həftənin son iş günündəki kimi 1,5425 manata təklif olunur.

Avro və rublda isə bahalaşma var. Transparency.az-ın məlumatına görə, 1 avronun rəsmi məzənnəsi 1,7119 manatdan 1,7176 manata, 1 rublun kursu isə 0,0241 manatdan 0,0242 manata qalxıb.

Digər valyutalar bu qiymətə satılır:

1 gürcü larisi – 0,662 manat

1 ingilis funt sterlinqi – 2,0489 manat

1 türk lirəsi – 0,5324 manat.

Ötən il Azərbaycan manatı iki dəfə devalvasiyaya uğrayıb və dollar qarşısında 78 qəpikdən 1 manat 55 qəpiyə qalxıb. Son bir ayda isə 1 ABŞ dolları 1,4918 manatdan 1,5425 manata qədər bahalaşıb.

İl yarımda DİN 80 mindən çox ərizə və şikayət araşdırıb

04.07.2016

ramil usubov 1Daxili İşlər Nazirliyi 2015-ci ildə və bu ilin ötən dövründə 80 mindən çox ərizə və şikayət araşdırıb, rəhbərlik və struktur xidmətlər paytaxtda və ölkənin müxtəlif bölgələrində 7 minə yaxın şəxsi qəbul edib. İyulun 2-si Daxili İşlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayında Azərbaycan polisinin yaranmasının 98-ci ildönümü ilə bağlı mərasimdə çıxış edən daxili işlər naziri general-polkovnik Ramil Usubov belə deyib.

Nazirliyin mətbuat xidmətinin məlumatına əsasən, Ramil Usubov deyib ki, 1988-ci ildən bəri Ermənistanın hərbi təcavüzünə qarşı döyüşlərdə Daxili İşlər Nazirliyinin 1695 əməkdaşı və hərbi qulluqçusu şəhid olub, 1710 nəfəri isə yaralanıb, 67 nəfər Milli Qəhrəman adına, 1143 nəfər orden və medallara layiq görülüb.

Ramil Usubov qeyd edib ki, müstəqillik illərində cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi vəzifələrini yerinə yetirərkən 99 əməkdaş və hərbi qulluqçu həlak olub, 2613 nəfər xəsarət alıb.

Daxili işlər naziri bildirib ki, 2004-cü ildə qəbul edilmiş dövlət proqramı əsasında nazirliyin strukturunun və normativ hüquqi bazasının təkmilləşdirilməsi, maddi-texniki təchizatının yaxşılaşdırılması, şəxsi heyətin sosial müdafiəsinin və demokratik cəmiyyətdə polisin rolu haqqında məlumatlandırma işinin gücləndirilməsi üzrə əhəmiyyətli işlər görülüb: “Ötən dövrdə daxili işlər orqanları və Daxili Qoşunlar üçün 395 sosial obyekt tikilib, şəxsi heyətin vəzifə və rütbə maaşları əhəmiyyətli dərəcədə artırılıb, nəqliyyat parkı tam yenilənib, texniki və xüsusi vasitələrlə təchizat beynəlxalq standartlar səviyyəsinə yüksəlib”.


Yüklə 259,75 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin