Xəritələrin tərtibi



Yüklə 15,49 Kb.
tarix24.04.2023
ölçüsü15,49 Kb.
#101896
Xəritələrin tərtibi


Xəritələrin tərtibi
Bizə qədər gəlib çatmış məlumatlara əsasən ən qədim kartoqrafik təsvirlər bizim eramızdan xeyli əvvəl Babilistanda və Misirdə yaranmışdır. Hələ ibtidai icma quruluşu dövründə yaşayan insanlar öz ərazilərini ani bir baxışla görmək və həmin ərazi haqqında olan bilik və məlumatlarını başqalarına (gələcək nəsillərə) vermək üçün, ərazini və onun üzərində olan obyektləri qayalar və ağac qabıqları üzərində natural şəkillərlə təsvir edirdilər.
E.ə. 4000-ci ildə mərmər üzərində işlənmiş Babilistan şəhərinin xəritəsi dünyada ən qədim xəritədir.
Kompasın icadı, gəmiçiliyin inkişafı və yeni qitələrin kəşfi xəritələrin əhəmiyyətini daha da artırdı və xəritəçiliyin inkişafına təkan verdi.
Bu dövrdə türk dənizçilərinin əsərləri dünya xəritəçiliyinə böyük töhvələr vermişdir. Məlum olan ən qədim türk xəritəsi Qaşqarlı Mahmudun 1074–cü ildə yazdığı “Divani lüğət-it türk” adlı əsərindəki dünya xəritəsidir. Daha sonra 1456-cı ildə türk dənizçisi İbrahim Mürsəl tərəfindən hazırlanmış Aralıq dənizinin xəritəsini, 1513-cü ildə Admiral Piri Rəisin 21 vərəqdən ibarət dünya xəritəsini və Admiral Seydi Əli Rəisin “Miratül Memalik” adlı coğrafiya kitabının içindəki Bəsrə körfəzi və Hind okeanının rəngli xəritələrini qeyd etmək olar.
İlk dəfə həqiqi miqyasa və istinad məntəqələrinə dayanan topoqrafik xəritələr holland geodezisti Snelliusun təklifi və Kassininin köməyi ilə Fransada 1750-ci ildə 1/86400 miqyasda hazırlanmışdır.
Ərazinin ilk dəfə horizontallarla göstərilməsi 1846-cı ildə İsveçrəli bir mühəndis tərəfindən həyata keçirilmişdir və bu günə qədər istifadə edilir.
Müasir xəritələr digər təsvir vasitələrindən (kino, rəsm, fotoşəkil və s.) fərqləndirən əsas xüsusiyyətlər bunlardır:
1) xəritə riyazi qanun üzrə tərtib olunur;
2) xəritə şərti-simvolik təsvirdir;
3) xəritə ümumiləşdirilmiş ( generalizasiya edilmiş ) təsvirdir.
Xəritənin riyazi qanun üzrə tərtib olunması o deməkdir ki, Yer üzərində götürülmüş hər bir nöqtəyə xəritədə ancaq bir nöqtə uyğun gəlir və bu nöqtələrin koordinatları arasında funksional əlaqə vardır.
Xəritə şərti-simvolik təsvirdir dedikdə xəritənin “əlifbası “ – ayrı-ayrı anlayışları və sözləri əvəz edən işarə və simvollar nəzərdə tutulur.
Xəritə kiçildilmiş təsvir olduğu üçün, Yer üzərində olan bütün obyektləri xəritədə göstərmək mümkün deyildir. Əks təqdirdə bizi maraqlandıran əsas obyektləri ikinci dərəcəli obyektlərdən ayırmaq mümkün olmaz. Məsələn, xəritədə çayın və sahil xəttinin bütün əyriləri göstərilmir. Bu əyrilərdən bəziləri isə hətta böyüdülmüş şəkildə təsvir olunur. Beləliklə, kartoqrafik ümumiləşdirmə (generalizasiya) ancaq xəritələrə xas olan xüsusi bir üsuldur.
Xəritə yer səthinin tamamilə və ya bir hissəsinin, riyazi üsulla istənilən miqyasda kiçildilmiş, şərti işarələrlə müstəvi üzərinə cızılmış təsviridir.
Xəritədə əsasən dənizlər, göllər, çaylar, meşələr, dağlar və başqa təbii, həmçinin süni obyektlər – yollar, bəndlər, su kanalları, yaşayış məntəqələri və s. təsvir edilir. Bütün xəritələrdə coğrafi koordinatlar göstərilir. Bütün təbii və süni obyektlər şərti işarələrlə təsvir edilir. Lakin, bütün obyektləri xəritədə təsvir etmək mümkün deyil.Əgər yer səthindəki bütün obyektləri xəritə üzərində təsvir etmiş olsaydıq, bu halda ən ideal xəritə alına bilərdi. Lakin bu cür xəritəni almaq heç cür mümkün deyil. Məsələn, 1/25000 miqyaslı xəritənin 4x4 sm-lik bir kvadratı 1 km2–ə bərabərdir və bu sahədə bütün uyğun obyektləri yerləşdirmək mümkün deyil.
Xəritə, ərazidəki bütün obyektləri əks etdirə bilməz, yalnız ən vacib və lazımlı obyektlər xəritədə göstərilir. Xəritənin məzmunu onun miqyasından və istifadə məqsədindən asılıdır. 1/25000 miqyaslı xəritənin məzmunu eyni sıxlıqla 1/100000 miqyaslı xəritədə göstərilə bilməz və əksinə, 1/100000 miqyaslı xəritənin şərti işarələri 1/25000 miqyaslı xəritədə tamamilə göstərilməlidir.
Xəritə yer səthinin relyefi, yaşayış məntəqələri, yollar, bitki örtüyü və başqa obyektlərin şaquli və üfüqi vəziyyəti haqqında anlayışları əhatə edir. Xəritədə eyni zamanda ərazidəki dəyişikliklər, təbii yüksəkliklər göstərilir. Xəritələr Silahlı Qüvvələrdə, onların strateji, taktiki və arxa cəbhə fəaliyyətində həyata keçiriləcək planların araşdırılmasında geniş tətbiq edilir.
Xəritə üzərindəki obyektlərin oxunmasını asanlaşdırmaq, onları həqiqi görünüşlərinə uyğun olaraq vermək üçün topoqrafik şərti işarələr müxtəlif rənglərlə təsvir edilir. Bu rənglər xəritənin tipləri və məqsədinə görə müxtəlif ola bilər. Bunu aşağıda göstərilən misaldan görmək olar:
(1) 1/100 000 və daha böyük miqyaslı xəritələrdə istifadə olunan şərti işarələr və onların rəngləri:
(a) Qara: Xəritənin çərçivəsi və çərçivə aralığındakı yazılar, yol işarələri, dəmir yolları və bunlara aid süni tikililər, trianqulyasiya məntəqələri və yüksəklik qiymətləri, elektrik və rabitə xətləri, süni yarmalar və doldurulmuş yerlər, yaşayış məntəqələri, təpə və silsilə adları, bütün ictimai obyektlər (məktəblər, məscidlər və s.), kənar məlumatların yazıları, daşlıqlar, qayalıqlar, qayalıq ərazilərin horizontalları və s.
(b) Mavi: Su ilə əlaqədar bütün süni və təbii obyektlər və onların adları: göl, dəniz, su anbarı, gölməçələr, su kanalları, su yolları, quyular (bunlardan əlavə 1/250000 miqyaslı xəritədə qrid xətləri də mavi göstərilir), zona (dilim) kənarının qonşu vərəqlərə aid qrid xətləri və bunlara aid məlumatlar, daimi qar altında olan ərazilərin horizontalları.
(c) Yaşıl: Təbiətdə yaşıl olan bütün obyektlər (meşələr, bağlar və s.).
(d) Qırmızı: Yolların daxili rəngləri, yaşayış məntəqələri, xüsusi binalar, dəniz fənərləri, xəritənin məxfilik dərəcəsi, horizontallar, onların yazıları, yarğanlar, barxanlar və s.
(2) 1/250000 miqyaslı xəritələrdə tətbiq olunan rənglər aşağıdakı fərqlər istisna olmaqla 1/100.000 və daha böyük miqyaslı xəritələrdə istifadə olunan rənglərin eynidir.
(a) Grid xətləri mavi rəngdədir.
(b) Bənövşəyi rəng 1/250000 miqyaslı müştərək əməliyyat xəritələrində (JOG seriyalı) istifadə olunur və aerodromları, hava naviqasiya məlumatlarını, elektrik xətlərini, normal maqnit inhiraf əyrilərini göstərmək üçün tətbiq edilir.
(c) 1/ 250000 miqyaslı müştərək əməliyyat (JOG HAVA) xəritələrində hipsometrik rəng şkalasını göstərən başqa rənglər də istifadə edilir.
Yüklə 15,49 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin