Xix əsrin I yarısında tarixi fikir və tarix elmi yeni, maarifçiliyin inkişaf etdiyi tarixi şəraitdən daha yaxşı şəraitdə inkişaf edirdi



Yüklə 106 Kb.
tarix20.11.2023
ölçüsü106 Kb.
#163990
növüQaydalar
MÜHAZİRƏ MƏTNİ


XIX əsrin I yarısında tarixi fikir və tarix elmi yeni, maarifçiliyin inkişaf etdiyi tarixi şəraitdən daha yaxşı şəraitdə inkişaf edirdi. Böyük Fransa inqilabı Fransada köhnə qaydaları dəyişdi, digər avropa ölkələrində feodalizmə, dolayı yaxud da birbaşa güclü zərbə vurdu. Sənaye inqilabı bu dövrün ən mühüm hadisəsi idi. XVIII əsrin sonlarında İngiltərədə başlayan bu “inqilab” daha sonra Şimali Amerikanın və Avropanın digər ölkələrində inkişaf etdi. Sənaye inqilabı ilk olaraq o dövrün kapitalizmi üçün uyğun olan texniki baza yaratdı. Buna görə də Avropada feodal – zadəgan irticasının müvəqqəti siyasi qələbəsinə baxmayaraq, XIX əsrin I yarısında hər yerdə kapitalist münasibətləri yüksəlirdi. Bununla yanaşı XIX əsrin I yarısında Avropa və Amerikada burjua dəyişiklikləri və burjua inqilabları üçün zəmin yaranmışdı. Bir çox ölkələrdə hələ də yarımfeodal və feodal qaydalar güclü idi, mütləqiyyətçi və yarımmütləqiyyətçi rejimlər isə saxlanırdı. Əksər ölkələrdə burjua inqilablarının başa çatmamasə, ardıcıl birjia islahatlarının zəruriliyi burjuaziyanı o dövrün mütərəqqi ictimai – siyasi və mədəni – ideya hərəkatına cəlb edirdi. Belə tarixi şəraitdə ictimai fikrin maarifçilik cərəyanı tükənmişdi. Əsrin başlanğıcında avropa mədəniyyətində tədricən yeni, geniş, ideya və bədii mahiyyətcə zidd – romantizm cərəyanı formalaşırdı. Romantizm bədii yaradıcılığın bütün sahələrinə nüfuz edərək, cəmiyyət haqqında elmlərə və ictimai fikrə güclü təsir göstərirdi. Belə mədəni axında, XIX əsrin ortalarınadək tarixçünaslıqda üstün mövqe tutan romantik istiqamət təşəkkül tapdı. Tarixşünaslıqda romantik cərəyanla yanaşı, Maarifçilik ənənəsini inkişaf etdirən klassik formada cərəyan və məktəblər də mövcud idi. Onlar romantizmin verdiyi yenilikləri qəbul etməyə bilməzdilər, lakin onun təsiri mövcud şəraitdə məhdud idi. Maarifçi rasionalist tarixi – sosioloji fikrin böhranı və yeni cərəyanların əmələ gəlməsi Fransa inqilabının təsiri və nəticələri ilə sıx bağlı gedirdi. O nəinki kəskin ideya mübarizəsi, eyni zamanda ictimai, o cümlədən tarixi – sosioloji fikirdə də gərginlik yaradırdı. İnqilabın əleyhdarları və tərəfdarları bu və ya digər şəkildə inqilabın səbəblərini, nəticələrini və tarixdə onun yerini aydınlaşdırmalı idilər. O dövr üçün vacib məsələləri qarşıya qoyan inqilab, ictimai fikri real tarixi təcrübə ilə zənginləşdirdi. Bir nəslin gözü qarşısında çoxəsrlik monarxiyalar yıxıldı, çox tələsik siyasi partiyalar yarandı və iflasa uğradı, siyasi formalar və dövlətlərin sərhədləri dəyişdi. XIX əsrin I onilliyinin tarixçiləri, XVIII əsr mütəfəkkirlərinin belə malik olmadıqları bu yeni dünyəvi – tarixi təcrübənin böyük əhəmiyyətini kəskin surətdə hiss edirdilər. Zəmanəsinin ən görkəmli fransız liberal tarixçilərindən biri O. Tyerri yazırdı: “Bizlərdən hər birimiz – XIX əsr adamları, üsyanlar və işğallar, imperiyaların süqutu, sülalələrin devrilməsi və restavrasiyası, demokratik inqilablar və onları əvəz edən irticalar haqqında Velli, Mabli, hətta Volterin özündən belə daha çox bilirik”. İnqilabın və sonrakı irticanın tarixi təcrübəsinin dərk edilməsi publisistləri, filosofları, müxtəlif istiqamətli tarixçiləri Maarifşilik dövrü üçün xas olan cəmiyyətin və onun tarixinin izahı üsullarına yenidən baxmağa vadar etdi. Maarifçilərin ictimai ideyalarının əməli sınağı olan Fransa inqilabı bir çox sahədə onların əhəmiyyətini və gücünü göstərdi. Onun gedişatında maarifçilik ideyaları, dünyanın bir çox ölkələrində sonrakı burjua islahatları üçün nümunə olan konstitusyon və hüquqi sənədlərdə həyata keçirilirdi. Lakin inqilabın təcrübəsi Maarifçilik ideyalarının ictimai məhdudluğunu açıq surətdə göstərdi. Təcrübə onların real sosial mahiyyətinin tarixi hüdudlarını aşkara çıxardı: Maarifçiliyin idrakın humanist hökmranlığı, azadlığın təntənəsi və ümumi xoşbəxtlik vədləri burjuaziyanın xudbin ağalığı çıxdı.
Nəhayət o dövrün ictimai fikri sənaye inqilabı, ondan irəli gələn texniki çevriliş və çox böyük sosial tərəqqi kimi ən mühüm hadisələri nəzərə almaya bilməzdi. Bu proseslərin təsiri tamamilə 50-60-cı illərin tarixşünaslığında özünü göstərirdi. XIX əsrin birinci yarısında yeni tarixi təcrübə nəinki yalnız filosoflar və iqtosadşılar, hətta tarixçilərin diqqət mərkəzində idi.
Tarixşünaslıqda romantik cərəyanların son dərəcə müxtəlif tərkibliliyi ona hər şeyi qavrayan xarakteristikasını vermək cəhdlərini çox çətinləşdirirdi. Yenə də romantik tarixşünaslığın onu maarifçilikdən fərqləndirən bir sıra ümumi xüsusiyyətlərini ayırmaq mümkün idi.
Tarixilik romantik tarixşünaslığın başlıca pozitiv xüsusiyyətidir. XIX əsrin elmi təfəkkürünün fərqləndirici əlaməti olan tarixilik, ictimai hadisələrin genezis təhlilini, yəni onların inkişafını yaradıldığı andan ən yüksək mərhələyədək və tənəzzülədək öyrənilməsini tələb edidri. Tarixiliyin müəyyən etdiyi təmayül maarifçilərin tarixi fikirlərinə də xas idi, lakin o maarifçilərin mücərrəd – rasionalist və mexaniki təfəkkür üsulları ilə zəifləyirdi. Nəticədə bəşəriyyət tarixində bütün dövrlər, hər şeydən öncə orta əsrlər dövrü pozitiv tarixi mahiyyətdən məhrum edilmiş oldu. Romantik tarixşünaslıq orta əsrlərin bu rəyinə yenidən baxdı. Onun üçün məhz mövcud dövrün tarixinə diqqətli maraq xüsusiyyəti, onun bəzi nümayəndələri üçün isə sözü gedən dövrün ideallaşdırılması xarakterik idi.
Tarixilikdən irəli gələn romantik tarixşünaslığın xarakterik xüsusiyyəti ondan ibarət idi ki, tarixi prosesin “orqanik” (təbii) inkişafı bütün bəşəriyyətin qlobal inkişafında deyil, ayrı-ayrı xalqların və ölkələrin konkret tarixində üzə çıxırdı. Əgər maarifçilər müxtəlif xalqların tarixində öncə ümumi, universal olanı axtarırdılarsa, romantik tarixşünaslıq isə hər bir milli tarixin xüsusi, orijinal, özünəməxsus xüsusiyyətlərini aşkara çıxarmağa cəhd edidrilər. Öz fəlsəfi əsaslarına görə idealist olan romantik tarixşünaslıq bu xüsusiyyətləri hər millətin “milli ruhu”na xas olan əlamətlərlə əlaqələndirirdi. Buna müvafiq olaraq milli mədəniyyətin və milli dövlətçiliyin inkişafı baş verirdi. Hələ maarifçilər Moteskyö və Volter tərəfindən rasionalist metodologiya çərçivəsində irəli sürülmüş “milli ruh” ideyası geniş təkmilləşdirilə bilmədi və sonradan başqa mahiyyət kəsb etməyə başladı. Tarixə mücərrəd-rasionalist yanaşmanı dəf etməyə çalışan romantik tarixşünaslıq hər bir tarixi dövrün özünəməxsus xüsusiyyətlərinin onun milli və coğrafi hüdudları çərçivəsində təsvir edilməsinə böyük əhəmiyyət verirdi. Tarixçi – romantiklər keçmişdəki insanların mənəvi xarakterinin təkrarolunmaz xüsusiyyətlərini, məişətini, geyimlərini və s. bərpa etmək istəyirdilər.
XIX əsrin ikinci yarısının ictimai fikrində tarixiliyin təntənəsi, “əsrin elmi”nə çevrilən tarix elminin təsirinin və ictimai rolunun yüksəlməsinə gətirib çıxardı. 1823-cü ildə O. Tyerri fəxrlə yazırdı: “Məhz tarix XIX əsrə öz damğasını vuracaq, necəki fəlsəfə elmi XVIII əsrə öz damğasını vurmuşdu”. Tarixçilərin əsərlərinin tədricən ixtisaslaşması və tarixşünaslığın, elmi biliklərin xüsusi sahəsi kimi “zərif dilşünaslıq”dan ayrılması prosesi bununla bağlı idi.
Romantizmin tarixşünaslığa daxil etdiyi yeni xüsusiyyətlər müxtəlif ölkələrin və istiqamətlərin tarixçilərinin yaradıcılığında müxtəlif şəkildə əks etdirilirdi.
FRANSA XIX əsrin birinci yarısında Fransada tarixi inkişafın əsas mahiyyəti burjua cəmiyyətinin möhkəmlənməsindən ibarət idi. O dövr Fransası üçün xarakterik olan ənənəvi sosial – iqtisadi strukturun (xırda kəndli və sənətkar istehsalı, manufakturaların müxtəlif formaları) nisbətən davamlılığı və onlarla çulğalaşmış şəkildə ölkədə inkişaf edən sənaye inqilabı, bununla bağlı sosial tərəqqi baş verirdi. Bu prosesin nəticələri XIX əsrin 30 – 40-cı illərində xüsusilə nəzərə çarpacaq dərəcədə idi.
Sosial – siyasi proseslərin inkişaf etdiyi bu əyyamda (napoleon imperiyasının süqut etməsindən sonra) iki dövr fərqlənirdi. 1815 – 1830-cu illər, Burbonlar monarxiyasının restavrasiyası zamanı aparıcı rolun liberallara məxsus olduğu zadəgan və klerikal irticası əleyhinə ictimai – siyasi hərəkat genişlənirdi. 1830-cu illər inqilabından sonra ideya – siyasi mübarizəsi İyul burjua monarxiyası çərçivəsində gedirdi. İndi söhbət burjuaziyanın tam hökmranlığını əldə etmək üçün siyasi sistemi ölkənin sənaye – kapitalist istehsalının ehtiyaclarına uyğunlaşdırmaqdan gedirdi.
XIX əsrin birinci yarısında Fransada sosial – siyasi mübarizədə burjua qaydalarının öz daxili ziddiyyətlərinin inkişafı ilə bağlı tendensiyalar da maneəyə çevrilmişdi.
XIX əsrin birinci yarısında Fransada tarixi şəraitin bütün bu xüsusiyyətləri Fransa ictimai fikrinin və ictimai elminin, o cümlədən tarix elminin inkişafında iz buraxmışdı.
RESTAVRASİYA DÖVRÜNDƏ TARİX ELMİNİN İNKİŞAFI.
XIX əsrin birinci onilliyində (xüsusilə Restavrasiya dövründə) inqilab dövründə zəifləyən tarixə ictimai maraq əhəmiyyətli dərəcədə artdı. 1806 – 1808-ci illər qanununa uyğun olaraq təşkil edilmiş orta və ali təhsilin yeni dövlət sistemində tarix öz yerini tutdu.
Liseylərdə tarixin tədrisinə başlanıldı; yeni universitet sistemi çərçivəsində yaradılmış “filologiya fakultələri” nəzdində tarix kafedraları yaradıldı. Napoleon dövründə ali elmi təsisatlar çərçivəsində, yəni Milli institutda tarix və qədim ədəbiyyat bölmələri ayrıldı. 1816-cı ildə kitabələr Akademiyası bərpa edildi. 1821-ci ildə arxivçilərin hazılanması üçün “Xartiya məktəbi” təşkil edildi.
Nəhayət, Restavrasiya illərində tarixi abidələrə, onların qiyməti və mühafizəsinin zəruriliyinə diqqət artdı. 1819-cu ildən illik dövlət büdcəsinə milli tarix abidələrinin saxlanılması üçün xüsusi pul ayrılmışdı. Birinci imperiyanın avtoritar rejimi dövründə tarix elmi durğunluq vəziyyətində idi. Rəsmi tarixşünaslıqda yeganə yol verilə bilən, birinci konsulun və imperatorun xeyirxah, xilaskar hakimiyyətini Makedoniyalı İskəndərin və Böyük Karlın əməlləri ilə müqayisə edərək tarixi əsaslandırmaqdan ibarət olmuşdur. Doğrudur, artıq bu illərdə romantizm mədəniyyətinin bərqərar olması ilə əlaqədar olaraq tarixin fikirdə mühüm tərəqqi baş vermişdi, lakin bu dəyişiklik tarizşünaslıqdan daha çox bədii ədəbiyyat sahəsində özünü biruzə verirdi.
Tarix elminin vəziyyətində dönüş Restavrasiya dövründə baş verdi. Məhz bu dövrdə tarix Fransada “əsrin elmi”nə çevrilir. Bu dönüş “romantik idrak” üçün xarakterik olan tarixi keçmişə gərgin maraqla və bu illərdə tarix elminin malik olduğu müstəsna xüsusiyyətlə bağlı idi. Tarix zadəgan irticası və liberal burjuaziyanın başlıca siyasi – ideya qarşıdurması meydanına çevrildi, tarixdə əsas problem isə burjua institutlarında, ictimai həyat normalarında, siyasi dortrinalarda təcəssüm etdirilmiş Fransa inqilabı və onun irsinə münasibət haqqında məsələ ön plana çəkilmişdi. Onlara qarşı qalxan zadəgan irticasının nəzəriyyəçiləri qədim əyyamlara və ənənələrə müraciət edirdilər. Öz növbəsində Fransa inqilabı və onun işğallarının qanuniliyini müdafiə edən liberal siyasətçi və tarixçilər təbii hüquqların mücərrəd əsaslarına deyil, tarixə müraciət edərək, onda inqilabın və liberal təsisatların tarixi köklərini tapmaq istəyirdilər. bütövlükdə bu dövrün tarixi təfəkkürü və tarixşünaslığı siyasiləşdirilmiş və “ideyalaşdırılmışdı”. XIX əsrin birinci yarısı görkəmli fransız tarixçilərinin əksəriyyəti bilavasitə siyasətə, bir qismi isə dövlət fəaliyyətinə cəlb edilmişdi.
ROMANTİK TARİXŞÜNASLIĞIN YARANMASI. Romantizmin sosial – psixoloji və nəzəri mənbələri fransız mədəniyyətində bədii və ideya hərəkatı kimi, Maarifçilik dövrünün axırlarında yetişmişdi.
Sözün həqiqi mənasında romantik cərəyan fransız mədəniyəti, ictimai fikri və o cümlədən tarixi təfəkküründə bilavasitə Fransa inqilabının təsiri altında XVIII əsrin sonu – XIX əsrin əvvəllərində formalaşdı. İlk əvvəl romantik tarixi təfəkkür Fransa inqilabına qarşı açıq ifadə edilən ənənəvi irtica istiqamətində yaranmışdı. Franzıs mütəxəssislərindən biri qeyd edirdi: “İlk romantizm ilahiyyatçı və son dərəcə ifrat ideyalara məmuniyyətlə meyl edən əksinqilabçı kimi təsvir edilir”. Fransada onun ən görkəmli nümayəndələri inqilabı “barrikadaların o biri tayında” keçirən nəsilə mənsub idilər və zadəgan mühacirləri içərisindən çıxmışdılar. İfrat royalizmin ideoloqları olan J. de Mestr və L. De Bonaldın əsərlərində buna uyğun ardıcıl baxışlar əks olunmuşdu.
Publisist, siyasi xadim, dini filosof, ömrünün uzun illərini mühacirətdə keçirən qraf Jozef de Mestr (1753 – 1821) klerikal – monarxik hərəkatın ideoloqlarından və ilhamvericilərindən biri idi. mühacirətdə olarkən o, Fransa inqilabı əleyhinə yönəldilmiş “Fransa haqqında mülahizə” traktatını 1796-cı ildə dərc etdirir. De Mestr maarifçilərin ictimai ideyalarının əsasında duran insana baxışlarını qəti şəkildə rədd edirdi. Ona insan təbiəti haqqında bədbin, yəni insanlar pisdirlər kimi təsəvvürlər məxsus idi. De Mestrin fikrincə buna görə də “şər, ədalətsizlik dünyanın qanunudur, cəmiyyətdə onun qaçılmaz izi isə qətl, müharibələr, cinayətlərdir. Cəmiyyətin idarə olunması üçün kilsənin və dövlətin rəddedilməz hakimiyyəti, qəddarlıq və zorakılıq, inkvizisiya və cəllad tələb olunur”. De Mestrin fikrincə ən yaxşı dövlət idarə üsulu kralın, zadəganların köməyi ilə idarə edəcəyi qeyri – məhdud hakimiyəti idi. O, papanın qüsursuzluğu haqqında yanlış fikirdə olaraq iddia edirdi ki, guya dünyada kraldan yüksəkdə duran hakimiyyət papada təcəssüm edilən katolik kilsəsinin hakimiyyətidir.
Fransa inqilabının qəti əleyhdarı olan de Mestr cəmiyyətin və dövlətin “idrak” ruhunda yazılmış qanunların və konstitusiyanın köməyilə dəyişdirilməsini ümumiyyətlə qeyri – mümkün hesab edirdi. “Dövlət yazılmış konstitusiyalara əsaslanmır. Işin mahiyyəti xalq ruhundadır ; öz tarixləri boyunca insanlar xurafat, adətlər və ənənələr kimi insanlar üzərində onların iradəsindən və düşüncəsindən asılı olmayaraq hökmranlıq edən qara və güclü qüvvələrə itaət edirlər.
De Mestrin tarixi baxışları dini – probidensialist xarakter daşıyırdı. Fransa inqilabını da o bu nöqteyi – nəzərdən dərk edirdi. Ancaq, Mestr guman edirdi ki, inqilab şeytan əməlidir, inqilab Allahın gunaha batmış fransızları düçar etdiyi cəzadır. Inqilabın konkret səbəblərini o, kilsə dini inamını və bütün köhnə qaydaları sarsıdan tənqidi fikirin, fəlsəfənin və XVII – XVIII əsrlər elmlərinin inkişafında görürdü. De Mestr dağıdıcı fəlsəfənin mənbəyinin Reformasiyada, Lüterin və Kalvinin təlimlərindən başladığını iddia edirdi.
Publisist, ifratmontan qruplaşmasının rəhbərlərindən biri, vikont Lui de Bonaldın baxışları da de Mestrin görüşlərinə çox yaxın idi. “İdrak və tarix əsasında təsis edilmiş vətəndaş cəmiyyətində siyasi və dini hakimiyyətin nəzəriyyəsi” onun mühacirətdə yzdığı ən başlıca əsəri idi. Bonalda görə, ictimai qaydalar üç əsasa istinad edir – dinin hökmranlığı, silki bərabərsizlik, mütləq monarxiya. Qeyri – məhdud monarxiya, hər şeyin monarxik qurulduğu dünyanın ümumi qanunlarından irəli gəlir: dünyanı Allah idarə edir, insanı – ruhu, ailəni – ata. Monarxiyaya qarşı hər cürə qəsd cisimlərin təbiətinə hücumdur. Bonald parlamentli İngiltərəni ən geridə qalmış ölkə hesab edirdi.
Mestr kimi Bonaldda şəxsiyyətin, insan hüquqlarının və ictimai müqavilənin maarifçi konsepsiyasını kəskin tənqid edirdi. Bonald sübut etməyə çalışırdı ki, dövlət insanların şüurlu iradəsindən asılı olmayaraq mövcuddur, ictimai quruluş insanın fizioloji quruluşu kimi təbiətin zərurətindən doğur; cəmiyyətin sabitliyi “insanların hüquqları” ilə deyil, adətlər və təcrübə ilə təmin olunur.
Bonald hesab edirdi ki, inqilaba qədər Fransa son 14 əsrlik tarixi boyunca mükəmməl konstitusiyalı monarxiyaya malik olmuşdur, “fransız xalqı isə əvvəllər heç olmadığı qədər xaşbəxt idi”1. Fransa inqilabını mümkün edən bu “dönüklüyün”, “günahın” mənbəyini axtarıb taparaq o, bu sədaqətsizliyi Maarifçilik ideyaları və XVII əsrin təbii hüquqlar nəzəriyyəsi ilə əlaqələndirirdi.
Fikirləri tarixi-siyasi publisistikaya yad olmayan, fransız ədəbiyyatında romantizmin banisi sayılan görkəmli yazıçı Fransua Rene de Şatobrianın (1768 – 1848) əsərləri tarixşünaslığa böyük təsir göstərmişdi. Burbonların tərəfdarı olsa da onlardan fərqli olaraq o, 1814-cü ilin nisbətən mötədil konstitusiyalı Xartiyasının tərəfdarı idi. Şatobrian gənclik illərində fəlsəfi və siyasi azadfikirlilik mühitində formalaşsa da inqilab illərində bu mövqeyindən qəti şəkildə geri çəkildi.
1Bonald L. Considerations sur la Revolution française. P., б.д. [ 1907 (?)]. P. 97.
Londonda mühacirətdə olduğu müddətdə o, 1797-ci ildə Parisdə dərc edilən “Qədim və yeni inqilablar haqqında tarixi, siyasi və əxlaqi təcrübə” əsərini yazdı. Bu hələ XVIII əsrin “fəlsəfi” traktatları ruhunda yazılmış, lakin Maarifçilik və Fransa inqilabı əleyhinə yönəlmiş əsər idi. Əsərdəki tarixi baxışlar skeptisizm ruhunda ifadə olunmuşdu. O, insanların əbəs yerə çıxmağa cəhd etdikləri qapalı dairə ilə labüd, qaçılmaz (fatal) hərəkət kimi təsvir edilirdi. Belə ki, Fransa inqilabı da həqiqətdə heç nə vermədi, onda antik tarixdə olanların təkrarı müəyyən edilirdi. Şatobrian o dövrün inqilaba düşmən publisistikası üçün adi, lakin maarifçilik ideyalarının real həyatından qoparılmış, Fransa inqilabının əsas qüsurlarına uyğun olaraq mücərrəd fikir irəli sürdü. Məsələn, yakobinçilər insanın özünün, onun xüsusiyyətlərinin və təsisatlarının mükəmməlləşdirilməsi kimi yalançı ideyanı həyata keçirməyə cəhd göstərərək, bunun üçün misilsiz cinayətlər törətdilər.
Şatobrianın tarixi fikirə daha böyük təsir göstərən əsərləri, məhz romantik mədəniyyət istiqamətində yazmış olduğu əsərləri oldu. Bunlar, onun 1802-ci ildə yazmış olduğu “Xristianlığın dahisi” yarıbelletristik traktatı və bədii əsərləri, xüsusilə də 1809-cu ildə yazdığı, erkən xristianlıq dövrünə aid saxta tarixi poeması olan “Məzlumlar” əsəri idi. Orta əsr adətlərini, ənənələrini xeyirxah, şəfqətli “başqasının dərdinə şərik olmaq” ruhu ilə dolub daşan səhnələrlə təsvir edən Şatobrian, ifadəli, canlı tarixi təsvir üsulunun başlangıcını qoydu və tarixi ədəbiyyatda “yerli kolorit” romantik prinsiplərini tətbiq etdi.
Şatobrianın əsərləri müasirlərinin diqqətini Fransanın orta əsrlər tarixinə yönəltdi. Şatobrian Maarifçilərdən miras qalan bu dövrə birtərəfli mənfi münasibəti dağıtmağa çalışırdı. O, sübut etməyə çalışırdı ki, xristianlıq mədəniyyətə “səmərəli” təsir göstərmişdi. Onun əsərləri “keçmiş əziz zamanlar” haqqında nostalji hisslərlə dolu idi. Şatobrian “dahi xristianlığın” hökmranlıq etdiyi orta əsrlərdə ictimai və siyasi quruluşun əbədi itirilmiş idealını görürdü.
Restavrasiya dövründə ətrafında mühafizəkar – zadəgan və liberal tarixşünaslıq arasında kəskin mübahisə gedən əsas problemləri qraf F. D. Monlozye (1755 – 1838) daha aydın surətdə qoydu. “Fransa monarxiyası haqqında onun bünövrəsi qoyulandan bizim günlərədək” (1814 – 1821) tarixi – siyasi elmi əsərlər silsiləsində Monlozye, qraf Bulenvilin hələ XVIII əsrin əvvəllərində xülasə edilmiş zadəgan tarixi konsepsiyasını inkişaf etdirdi. Monlozye güman edirdi ki, hər bir dövlətin yaranmasının zəruri ilkin zəmini istiladır, onun qaçılmaz nəticəsi isə – iki xalq, qalib və məğlub arasında ardıcıl mübarizədən ibarətdir. Belə ki, Qalliyanın alman işğalından orta əsrlər Fransasının ictimai – siyasi quruluşu meydana gəldi, zadəganların – istilaçıların nəsillərinin, əsl qədim fransız xalqı hesab edilən frankların hökmranlığı bərqərar oldu. Lakin bu qaydalar əleyhinə XII əsrdən, daha dəqiq desək, kommunal hərəkat dövründən başlayaraq digər xalq – azad edilmiş qulların, təhkimlilərin nəsillərindən törəyən və zadəganların anadangəlmə hüquqlarına qəsb edən üçüncü təbəqə, burjuaziya mübarizə aparırdı. Bu qəsbin müvəffəqiyyətli sonluğu isə Fransanın normal, təbii yüksələn ictimai quruluşunu darmadağın edən Fransa inqilabı oldu. Birinci imperiyanın süqutunu və Monlozye koalisiyası qoşunlarının Fransaya soxulmasını frank istilasına bənzər yeni istila hesab edirdi. O Fransanı yenidən dirçəltməli, zadəganların çoxdankı, ən köhnə mövqelərini bərpa etməli idi.
Monlozye ilə polemika, Restavrasiya dövrünün görkəmli liberal tarixçilərindən biri olan O. Tyerrinin tarixi baxışlarına təsir göstərmişdir.
RESTAVRASİYA DÖVRÜ TARİXÇİLƏRİNİN LİBERAL MƏKTƏBİ. XIX əsrin 20-ci illərində Fransada ictimai – siyasi mübarizənin nəzərə çarpacaq dərəcədə canlanması müşahidə olunurdu. Burbonlar monarxiyasının daha da aşkar surətdə zadəgan və klerikal irtica istiqamətində təkamül etməsi liberal müxalifətin güclənməsinə səbəb olurdu. Elə məhz bu dövrdə Avropada yeni inqilabi dalğa yüksəlməyə başladı: İspaniyada, Portuqaliyada, Neapolitan krallığında, Pyemontda, Fransanın ictimai fikrində canlı əksini tapan burjua inqilabları baş verdi.
Belə bir şəraitdə ictimai və elmi fəaliyyət meydanına romantik istiqamətli yeni tarixçilər çıxmağa başladı, O. Tyerri, F. Gizo, F. Minye, A. Tyer və digər tarixçilərin nümunəsində Restavrasiya dövrünün məşhur liberal tarix məktəbi təşəkkül tapdı. B. Q. Reizov qeyd edirdi: “Bir onillik ərzində bütöv bir nəslin (zaman anlamında) gücü hesabına yeni tarix elmi və onun şah əsərləri yarandı”2.
Yeni məktəbin tarixçiləri gənc olduqları üçün son dərəcə kəskin müasirlik hissinə malik idilər və publisist və jurnalist kimi çıxış edərək liberal mətbuatda iştirak edirdilər. Onların çıxışları geniş ictimai əks – səda doğururdu. 1819-cu ildə dərc edilən iki cildlik “Kromvelin tarixi” əsərinin müəllifi A. F. Vilmenin Sorbondakı, tarix fəlsəfəsi kursunu qiraət edən V. Kuzenin, F. Gizonun mühazirələrinə iki minədək insan toplaşırdı; bu mühazirələr stenoqramlarla dərc edilir və kitabça şəklində burxılırdı.
Bu tarixçilər öz yaradıcılığında bir sıra məsələlərə münasibətdə maarifçilikdə burjua istiqamətli tarixi fikir ənənələrini davam etdirirdilər. Onlar maarifçiliyin kəskin antifeodallığını, tarixi optimizmini, bəşər tarixinin mütərəqqi xarakterdə inkişafına əminliyini mənimsəmişdilər. Onlar üçün tarixə yanaşmada rasionalizm elementləri də yad deyildi.
Lakin bütövlükdə liberal məktəb üçün elmi təfəkkürdə tarixilik və cəmiyyətin təbii inkişafı haqqında təsəvvür xarakterik idi. “Nümayəndəli idarəetmə”ni, yəni burjua konstitusiyalı monarxiyasını müdafiə etməklə, onlar orta əsrlər tarixində burjuaziyanın və onun maraqlarına uyğun olan siyasi təsisatların yaranmasını və genezisini aşkara çıxarmağa cəhd edirdilər. Bu məsələdə onlar romantizm yolu ilə gedirdilər, baxmayaraq ki, onların əksəriyyəti tərəfindən romantizm ideyaları məhdud çərçivədə mənimsənilmişdi.
Restavrasiya dövrü liberal tarixçilərinin tarixi təfəkkürün inkişafına qoyduqları ən mühüm xəzinə, tarixdə ictimai siniflərin burjua konsepsiyasının və sinfi mübarizənin tədqiq edilməsi olmuşdur. “Restavrasiya dövrü tarixçiləri,
2Реизов Б. Г. Французкая романтическая историография. Л., 1956. С.7.

  • F. Engels yazırdı, – Tyerridən başlayaraq Gizo, Minye və Tyerədək daima sinfi mübarizə faktını, orta əsrlərdən başlamış Fransa tarixinin izahının açarı kimi göstərənlər sırasına daxildir”3.

Bu məktəbin tarixçilərini narahat edən əsas mərkəzi problem Fransa inqilabı və daha geniş anlamda özlüyündə burjua inqilabları problemi idi. Baxmayaraq ki, elmə sonralar daxil edilən bu anlayışı onlar heç işlətməmişdilər. Onu dərk etmək üçün onlardan bir qrupu, O. Tyerri və F. Gizo inqilabın uzaq tarixi köklərini axtarıb tapmaq arzusu ilə orta əsrlərin tədqiqinə qapıldılar, digərləri – F. Minye və A. Tyer isə məhz Fransa inqilabının tədqiqinə müraciət etdilər. Erkən burjua inkişafı və konstitusiyalı – monarxiya idarəetmə yoluna qədəm qoymuş İngiltərə tarixi, liberal məktəb tarixçilərinin qızğın marağına səbəb oldu. Onların XVII əsr İngiltərə inqilabına xüsusi diqqət yetirdikləri, bu inqilaba həsr etmiş olduqları silsilə əsərlər və sənədli nəşrlərdə öz əksini tapmışdı.
Restavrasiya dövrü tarixçiləri məktəbinin banilərindən biri də Oqüsten Tyerri (1795 – 1856) olmuşdur. 1817 – 1820-ci illərdə o, daha sonralar “Tarixi tədqiqatların on ili” məcmuəsində birləşmiş olan məqalələr silsiləsi ilə çıxış etdi. 1825-ci ildə Tyerrinin 20-ci illərdə ən başlıca əsəri olan “İngiltərənin normanlar tərəfindən istila edilməsi tarixi”, 1827-ci ildə isə – onun “Fransa tarixi haqqında məktublar” əsəri dərc edildi.
Bu məktəbin görkəmli tarixçiləri içərisində daha çox Tyerriyə tarixə romantik yanaşma xüsusiyyəti xas idi. O, 20-ci illərin məqalələrində “tarixi islahat bayrağı” qaldırmaqla tarixin, XVIII əsr maarifçilik rasionalizmi ruhunda “mücərrəd şərhi” metoduna qarşı mübarizəyə başlamışdı. Tyerri, keçmişin “zamanın ruhuna” bədii təxəyyül və intuisiyanın köməyi ilə nüfuz etməklə, göstərilən dövrün “dərdinə şərik olmaqla”, təkrarolunmaz, özünəməxsus üslubda canlandırılmasını, hər bir tarixçinin mühüm vəzifəsi hesab edirdi.
3 Маркс К., Энгельс Ф. Соч. 2-е изд. Т. 21. С.308.
Bununla belə Tyerri rasional idrak metodlarını və bəzi tarixi qanunauyğunluqların onların əsasında bərqərar edilməsi zəruriliyini qətiyyən rədd etmirdi. Tyerri gənclik illərində (1814 – 1817) sosial – utopist Sen – Simonun şagirdi və katibi olmuşdur. Onlar arasında əlaqənin kəsilməsinə baxmayaraq, Tyerrinin bir sıra tarixi baxışlarının mühüm tərəfləri məhz Sen – Simonun təsiri ilə bağlı idi: cəmiyyətin siniflərə və onların mübarizələrinə bölünməsi konsepsiyası, tarix elminin sosial tarix kimi dərk edilməsi, yəni cəmiyyət tarixi, xalqlar tarixi. O yazırdı: “Müasir yazarların əsərlərində tapdığımız Fransa tarixi ölkənin, millətin, xalqın əsl tarixi deyil. Vətəndaşların tarixi, təbəələrin tarixi, xalqın tarixi bizə əskik çatırılır”.4
Tyerri tarixi təfəkkür tarixinə “fransız tarixşünaslığında “sinfi mübarizənin” atası” kimi daxil olmuşdur.5 Onun – müxtəlif təbəqələr, müxtəlif xalqlar yaxud “irqlər” bəhsindəki sinfi mübarizə ideyası, özünün Fransa tarixi konsepsiyasının əsasında dururdu, Fransa tarixinin yaranmasını isə o almanların Qalliyanı işğalı ilə əlaqələndirirdi. Istila nəticəsində Fransa ərazisində iki barışmaz düşmən “irqlər”, iki xalq – zadəganların əcdadları olan istilaçı franklar və üçüncü təbəqənin əcdadları olan əsarət altına alınmış qallo – romalılar meydana çıxdı. Onların mübarizəsi ölkənin sonrakı tarixinə nüfuz etdi. Bu tarixin ən böyük dönüş nöqtəsi XII əsrin “kommunal inqilabları” və XVIII əsrin Fransa inqilabı oldu. Mübarizə Restavrasiya dövründən başlayaraq yenidən təzələndi və bu mübarizənin sonu üçüncü təbəqənin zəfəri olmalı idi.
XI – XII əsrlərdə şəhər kommunalarının feodallar əleyhinə mübarizəsi
Tyerrinin ən çox sevdiyi mövzu idi. O bu dövrü “əsl sosial inqilab” və XVIII əsr Fransa inqilabının tarixi müqəddiməsi hesab edirdi.
4 Thierry Aug. Dix ans d`etudes historigues. P., 1883. P. 234.
5 Маркс К., Энгельс Ф. Соч. 2-е изд. Т. 28. С. 321.




Yüklə 106 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin