Xocalı faciəsi - Azərbaycanın tarixində dəhşətli soyqırımı hadisəsi
Tarixçi-alim Azad Rzayev: "Xocalı faciəsi ermənilərin nə dərəcədə vəhşi, qaniçən
olmasını dünyaya əyani şəkildə sübut etdi"
XX yüzildə Azərbaycan üç böyük faciə ilə üzləşib. Bunlardan birincisi 1918-20-ci illərdə
mövcud olmuş Azərbaycan Demokratik Cümhuriyyətinin süqutudur. Məhz tarixi taleyimizə
düşmüş dövlətçilik səviyyəsində yenidən müstəqil olmaq imkanımız davamlı şəkildə təsdiqini
tapmadı. Səmədağa Ağamalıoğlular "O olmasın, bu olsun" dedilər. Bununla da soydaşlarımız
arasında xəlqi birliyin olmadığından istifadə edən dünya bolşevizmin yurdumuzu yenidən işğal
etməsinə etinasız qaldı. 1990-cı ilin 20 yanvarında Bakıda gözümüzün qabağında imperiya
qoşunları dinc əhalini qırdılar. Bu, sovet totalitar rejiminin 70 il ərzində başımıza gətirdiyi
müsibətlərin fəlakətli sonucu idi. Xocalı faciəsi "tərəqqipərəvər bəşəriyyətin" faciələrimizə
laqeydliyinin nəticəsi kimi meydana çıxdı. Bu gün də dünya başımıza gələnlərlə bağlı çox
hallarda susqunluq göstərir.Xocalı faciəsi tarixi taleyimizdə baş vermiş çoxsaylı fəlakətlərin
hələlik sonuncusudur. Bundan sonra başımıza daha hansı fəlakətlər gələcək, bilmirik. Nə qədər
ki, azğın ruhsuz, soysuz erməni dünyanın halına çox gözəl uyuşa bilir, türkü sevməyənlər
bunlardan bizə qarşı bir alət kimi məharətlə istifadə edəcəklər, erməni, eləcə də başqa
yağılarımız Azərbaycanı parçalamaq və qəsb etmək iddialarından əl çəkməyəcəklər.
Son dövrlər Xocalı fəlakətinin dünya ictimaiyyətinə çatdırılması yönündə ardıcıl olaraq
göstərilən cəhdlərin sayı artır. Bəziləri fəlakətlərimizdən məhz ildönümü zamanı danışıldığını
bildirsələr də, hər halda Azərbaycanın başına gətirilən fəlakətlər barəsində daim dünyaya səs
salmaq gərəkdir. Görəsən, biz bunu necə edirik? Dünya bizim harayımıza necə reaksiya verir?
Ermənilər dinc əhalini qanlarına qəltan ediblər
Tarixçi-alim Azad Rzayev Xocalı faciəsinin yaranma səbəbləri, eləcə də dünyanın
başımıza gələn fəlakətlə bağlı reaksiyasına münasibət mövzusunda danışdı: "Əvvəla, bir
məsələyə diqqəti çəkmək istərdim ki, hər bir xalqın tarixində faciəli hadisələr olub. Bu cür
hadisələr müxtəlif obyektiv və subyektiv səbəblərdən baş verir. Xalqımızın tarixində son dövrlər
baş vermiş faciələrdən biri olan Xocalı faciəsi Azərbaycanın tarixinə dəhşətli bir soyqırımı
hadisəsi kimi daxil olub. Bəli, zaman keçdikcə yazıçılar, şairlər, tarixçilər, siyasətçilər bu
mövzuya qayıdacaqlar. Bu faciəyə münasibətimiz daha da aydınlaşmalı və qətiləşməlidir. Xocalı
faciəsi heç zaman yaddaşımızdan silinməməlidir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə
ermənilər dinc əhalini - uşaqları, qocaları, qadınları qanlarına qəltan etdilər. Tarixdə heç zaman
belə kütləvi qırğınlar dəstəklənməyib. Belə qətlləri törədənlər həmişə lənətlənib. Demək olmaz
ki, dünya Xocalı fəlakətindən bixəbərdir. Mərhum Çingiz Mustafayevin çəkdiyi kadrları kim
görməyib ki? Erməni xislətinə artıq hər birimizin bələdliyimiz var. Düşünürəm ki, belə bir
xislətə malik olan erməni Xocalı faciəsini fürsət tapan kimi mütləq törədəcəkdi və törətdi də.
Ermənilər bu yolla xalqımızın gözünü qorxudaraq daha böyük iddialarına nail olmaq istəyirdilər.
Xocalıda bu faciə baş verməsəydi, başqa yerdə gerçəkləşə bilərdi. Bir gecənin içərisində 613
nəfər soydaşımızın qətlə yetirilməsi əsil soyqırımıdır. Bu faciə zamanı 1375 nəfər əsir düşüb,
hələ də onlardan xəbər-ətər yoxdur. 7 ailə bütünlüklə məhv edilib. Soyqırımına bundan bariz və
dəhşətli misalı necə gətirmək olar? Soyqırım dinc, silahsız xalqın məhv edilməsidir. Xocalı
faciəsi ermənilərin nə dərəcədə vəhşi, qaniçən olmasını dünyaya əyani şəkildə sübut etdi.
Günahsız insanları qıranlara "insan" deməyə adamın dili gəlmir".
Tarixi həqiqətlər dünyaya çatdırılmalıdır
Ermənilər zaman-zaman xalqımızın başına çox fəlakətlər gətiriblər. Daim türklərin qanını
içən, xeyirxahlıq gördükləri dərəcədə xəyanətkarcasına arxadan zərbələr endirən ermənilər
dünyanı azdırmaq üçün artıq 100 ildir ki, qondarma "soyqırım" cəfəngiyyatını dünyanın beyninə
yeridir, təəssüf ki, müəyyən məqamlarda bəzi ölkələri bu iddiasına inandırır. Halbuki 1915-ci
ildə Türkiyədə "erməni genosidi" deyilən bir soyqırım olmayıb. Ermənilər özləri türkləri
qırmışdılar. Tarixçi deyir ki, "ermənilərin iddia etdikləri "soyqırım"la bağlı heç bir sübut-dəlilləri
yoxdur. Yəhudi tarixçiləri deyirlər: "Dünya ancaq alman faşistlərinin yəhudilərə qarşı
soyqırımını tanıyır. Ancaq biz elə xalqıq ki, bundan şou düzəltmirik". Hər halda bu qənaət insanı
düşünməyə vadar edir. Ermənilər isə heç nədən "soyqırım" şousu yaradır, dünya ölkələrini buna
inandırmaq istəyirlər. Hər halda dünya ölkələrinin "erməni soyqırımı" cəfəngiyyatına uyması
olduqca təəssüfedici bir haldır".
Alimin fikrincə, 20 Yanvar, habelə 1918-ci il martın 31-də ermənilərin Bakıda 10 mindən
artıq soydaşımızı qətlə yetirməsi əsl soyqırımdır: "Ermənilərin daim türklərə qarşı soyqırımı
həyata keçirməsinə dair əlimizdə çoxlu faktlar var. Xocalı faciəsi ilə bağlı çəkilmiş videolentlər,
fotoşəkillər, şahidlərin ifadələri və s. bu qəbildəndir. Biz əlimizdə olan faktları indi daha ciddi-
cəhdlə dünyaya təqdim etməliyik. Hər halda vaxtımızı itirməməliyik. Müəyyən dövrdən sonra
Xocalının canlı şahidləri həyatda olmayacaq. Bu faciənin baş verməsində günahkar olanlar dəqiq
bilinməlidir. Faciənin baş verməsinin obyektiv və subyektiv səbəblərini aşkarlamalıyıq. O
dövrkü Azərbaycan iqtidarı faciənin baş verməsinin qarşısını almaq üçün tədbirlər görməliydi.
20 Yanvar, Xocalı, eləcə də bu ərəfədə baş vermiş başqa faciəli hadisələri bir zəncirin həlqələri
kimi qəbul etməliyik".
Tarixən başqa xalqların üzünə qapımızı çox açmışıq. Həmişə başqalarını üzünə xoş
baxmışıq. Bir millət üçün bu, mənfi xüsusiyyət hesab olunmasa da, hər halda dostumuzla
düşmənimizi yaxşı tanımalıyıq. Nə qədər bu hadisələr yaddaşımızda qalacaq, başımıza gələnlər
bizi məcbur edəcək ki, bir də belə hadisələrin baş verməsinə imkan verməyək. 20 Yanvar,
ümumiyyətlə, Qarabağ hadisələri nədən baş verdi? Ona görə ki, tariximizi yaddan çıxardıq.
1918-ci il martın 31-də ermənilər tərəfindən qırğına məruz qalan minlərlə soydaşımızın qətl
edildiyi indiki Şəhidlər Xiyabanında vaxtilə Kirov adına park salınmışdı. Ermənilər özlərində
belə şeyə qətiyyən imkan verməzdilər. Belə hadisələr daim yaddaşımızda kök salmalıdır. Əgər
unutsaq, o zaman yeni-yeni faciələrə tuş gələ bilərik. Yeni nəslə tariximizi olduğu kimi başa
salmalıyıq, öyrətməliyik. Qoy bizdən sonra gələn yeni-yeni nəsillər bilsinlər ki, ermənilər
kimdirlər. Başımıza gələn çoxsaylı fəlakətlərdən təəssüf ki, bir millət olaraq dərs almamışıq.
Əlbəttə, fəlakətdən də heç bir xalq sığortalanmayıb. Təəssüf ki, bu gün Türk dünyası ölkələri
arasında birlik yoxdur. Əslində dünyada Xocalı fəlakətinin mahiyyətcə tanınmamasının əsas
səbəblərindən biri türk ölkələri arasında birliyin olmamasından qaynaqlanır.
Xocalı faciəsinin incəsənətdə ifadəsi
20 Yanvar faciəsi ilə bağlı incəsənətin demək olar, bütün sahələrində soraqlar olduğu halda
Xocalı mövzusunda hələ ki, daha çox publisistika sözünü deyib. Bu mövzuda radio-
telekanallarda, qəzet-jurnalllarda xeyli yazılar çap olunub. Ancaq faciənin "mövsümilikdən
çıxması", sözün əsl mənasında faciəvilikdən birdəfəlik qurtulmağımız yönündə düşünməyimiz
zəruridir. Azərbaycan rəssamlığında Xocalı faciəsi ilə bağlı rəssamlarımız əsərlər yaradıblar. Bu
mövzuda sərgilər təşkil edilib. Xocalı mövzusunda ən diqqətçəkən plakat tez-tez qəzet-
jurnallarda rastlaşdığımız Vaqif Ucatayın əsəridir. Xalq artisti Mərahim Fərzəlibəyov bu
mövzuda "Qırmızı qar" adlı film çəkib. Filmin ssenari müəllifi Ağarəhim Rəhimov, bəstəkarı
Cavanşir Quliyevdir. Hər il müxtəlif telekanallar bu filmi nümayiş etdirirlər. Rollarda Məleykə
Əsədova, İftixar Piriyev, Ələsgər Məmmədoğlu, Səmayə Sadıqova və başqaları çəkiliblər. Bu
mövzuda "Azərbaycanfilm" tərəfindən Oruc Qurbanovun rejissorluğu ilə "Ağrı" filmi çəkilib.
Qarabağ mövzusunda soydaşlarımızın yadında ən yaxşı qalan "Fəryad" filmidir. Bu filmdə
Xocalı ilə bağlı ştrixlər xüsusi nəzərə çarpır. "Qırmızı qar" filmini rejissoru deyir ki, "Ermənilər
qaniçən olduqları dərəcədə özlərinin yazıq obrazlarını daim dünyaya təqdim ediblər. Biz isə belə
bir faciə ilə üz-üzə qaldığımız dərəcədə hələ də bu barədə kifayət qədər dünyanı xəbərdar
etməmişik". M.Fərzəlibəyov 20 Yanvar faciəsi ilə müqayisədə Xocalı mövzusu ilə bağlı
dramaturji materialın azlığını qeyd edir: "Hər halda Xocalı mövzusunda publisistika çox iş
görüb, nəinki bədii ədəbiyyat imkanlarını az aşkarlayıb. Mən şəxsən rejissorlarımızdan bu
mövzuda əsərlər gözləyirəm".
Mərhum bəstəkar, xalq artisti Ramiz Mustafayev konkret Xocalı mövzusunda əsər
yazmasa da Qarabağ, milli azadlıq mövzusunda xeyli əsərlərin müəllifidir. Bu sıradan onun Nəbi
Xəzrinin sözlərinə yazdığı "Salatın" oratoriyasını, Məmməd İsmayılın sözlərinə yazdığı "Bu qan
yerdə qalan deyil" vokal simfonik poemasını, Hikmət Ziyanın sözlərinə yazdığı "Haqq sənlədir,
Azərbaycan" kantatasını qeyd etmək olar. Ümumiyyətlə, 90-cı illərdən üzü bəri tanınmış
Azərbaycan bəstəkarları Hacı Xanməmmədov, Vasif Adıgözəlov, Sərdar Fərəcov, Xəyyam
Mirzəzdadə və başqaları vətənpərvərlik mövzusunda xeyli mahnılar yazıblar. Tanınmış rəssam
Rza Avşar Xocalı faciəsi mövzusunda iki əsər çəkib. Faciədən az sonra yaradılmış əsərlər
"Xəzər" jurnalında çap olunub. "Xocalı" adlanan əsər (90x125) yağlı boya ilə çəkilib. Əsərdə
qara, bozumtul fon aparıcıdır. Xocalı şəhərinin üstünü qara buludlar alıb. Hiss olunur ki, rəssam
ağrını duya, göstərə bilib. Həmin gecənin dəhşəti ayın surətini qırmızı qana boyayıb. Səma ərşə
bülənd olan insan fəryadları ilə dolub. Uzaqlardan səmanın aydınlığı görünsə də, qara fon
aparıcıdır. Şəhərin halında qan və alov hakimdir. Erməni ruhsuzluğu, zəbtçiliyi, qaniçənliyi,
insansızlığı viran qoyduğu Xocalı səhnəsinin o gecəki real görüntüsünü bizə çatdırır. Artıq
səhərdir. Bu qanlı vəhşəti təbiət dondurub, olduğu kimi dünyaya göstərir. Rəssamın həmin ildə
çəkdiyi başqa bir əsər "Ekstremist" adlanır. Təxminən "Xocalı" böyüklükdə olan əsərdə mifik
obrazvari sifət insan sifətinə oxşamayan, acgöz dişləri qabaran, qara sifətli vəhşi, caynaqlı
bədheybət bir obraz olaraq təsvir olunub. Hər halda bu obraz erməni xislətinin rəssamlıqda
ifadəsi kimi anlaşıla, qəbul edilə bilər.
Yazı Mətbuat Şurası və "Xocalı Soyqırımını Tanıtma" İctimai Birliyinin Qarabağ
mövzusunun və Xocalı soyqırımının mediada təbliğinə dəstək layihəsi çərçivəsində jurnalistlər
arasında elan etdiyi müsabiqəyə təqdim olunur.
Elçin Qaliboğlu
Xalq Cəbhəsi.- 2010.- 5 fevral.- S.14.
Dostları ilə paylaş: |