Yazıçı, publisist, alim, maarifçi, ictimai – siyasi xadim və görkəmli bəstəkar Üzeyir Hacıbəylinin 130 illiyi
Üzeyir Hacıbəyov və ya Üzeyir Hacıbəyli (tam adı: Üzeyir bəy Əbdülhüseyn oğlu Hacıbəyov; 18 sentyabr 1885, Ağcabədi – 23 noyabr 1948, Bakı, Azərbaycan SSR, SSRİ) —azərbaycanlı bəstəkar, musiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim, müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi. Üzeyir Hacıbəyovun əsərləri dünya musiqi incilərindən hesab edilir.
Azərbaycanın əməkdar incəsənət xadimi (1935), SSRİ xalq artisti (1938), Stalin Mükafatı laureatı (1941), "Lenin Ordeni" və "Qırmızı Əmək Bayrağı" ordeni laureatı, Azərbaycan Elmlər Akademiyasının akademiki (1945), professor (1940), Azərbaycan Bəstəkarlar İttifaqının sədri (1938-1948),Azərbaycan Dövlət Konservatoriyasının rektoru (1928-1929, 1939-1948),Azərbaycan EA İncəsənət İnstitutunun direktoru (1945-1948). Azərbaycan SSR və Azərbaycan Respublikası himnlərinin bəstəkarı, müsəlman olan ilkopera müəllifi.
Üzeyir Hacıbəyov 18 sentyabr 1885-ci ildə Əbdülhüseyn bəy və Şirinbəyim xanım Hacıbəyovların ailəsində anadan olmuşdur. Üzeyirin atası Əbdülhüseyn Molla Məhəmməd oğlu Hacıbəyov öz dövrünün savadlı, ziyalı şəxslərindən biri idi. O, XIX əsrin tanınmış dövlət xadimi və şairə, Qarabağ xanlarının varisi Xurşidbanu Natəvanın mirzəsi olmuş və onun Ağcabədidəki təsərrüfatına başçılıq etmişdir. Üzeyirin anası Şirinbəyim xanım Qarabağda məşhur Əliverdibəyovlar nəslindən idi. Üzeyir Hacıbəyov ailədə üç qardaş, iki bacı olublar. Oğlanları Zülfüqar, Üzeyir və Ceyhunun gələcəkdə ədəbi və musiqi istedadının formalaşmasında ailənin böyük rolu olmuşdur.
Üzeyirdən başqa ailənin bütün uşaqları Şuşada andan olub. Evin dördüncü uşağı olan Üzeyirin Şuşada yox, Ağcabədidə anadan olmasının da öz tarixçəsi var. Üzeyir bəyin atası Əbdülhüseyn Xurşidbanu Natəvanın şəxsi mirzəsi olmaqla yanaşı, həm də xan qızının Ağcabədidə olan təsərrüfatına rəhbərlik edirdi. Ona görə də ilin çox hissəsini orda keçirirdi. Şirin xanım da Üzeyirə hamilə olarkən Ağcabədiyə gedib yoldaşına baş çəkmək, sonra yenidən Şuşaya qayıtmaq qərarına gəlir. Bacılarına baş cəkmək üçün yolunu əvvəlcə Ağdamdan salır. Ancaq bacıları onu tez buraxmaq istəmir. Şirin xanımı 8 bacının hərəsi bir az öz evində qonaq saxlayır. Ağcabədiyə gedəndə isə artıq gec olur, Şuşaya qayıda bilmir. Ona görə də gələcəyin dahisi olacaq bu oğlanı elə Ağcabədidə dünyaya gətirir. 1 aydan sonra isə dəvənin üstündə kəcavə düzəldib, Şirin xanımı Üzeyirlə birgə Azərbaycan mədəniyyətinin beşiyi olan Şuşaya gətirirlər.
Valideynləri Ağcabədidən Şuşaya köçdükdən sonra Üzeyir ilk təhsilini buradakı iki sinifli rus-türk məktəbində almışdır. Şuşanın zəngin musiqi-ifaçılıq ənənələri Hacıbəyovun musiqi tərbiyəsinə müstəsna təsir göstərmişdir. Onun ilk müəllimi Azərbaycan musiqisinin gözəl bilicisi, dayısı Ağalar bəy Əliverdibəyov olmuşdur. Üzeyir bəyin dayısı Ağalar bəy Əliverdibəyov həm də Şövkət Ələkbərovanın ilk muğamat müəllimi olmuşdur.
Üzeyir Hacıbəyov Qori seminariyasının tələbələri arasında (birinci cərgədə, solda), 1904, arxada Müslüm Maqomayev oturubdur
Üzeyir Hacıbəyov 1899-1904-cü illərdə Qori Müəllimlər Seminariyasındatəhsil almışdır. Onun dünyagörüşünün formalaşmasında seminariya böyük rol oynamışdır. Hacıbəyov seminariya illərində qabaqcıl dünya mədəniyyəti ilə yaxından tanış olmuşdur. O, burada Avropa musiqi klassiklərinin əsərlərini mənimsəmiş, skripka və baritonda çalmağı öyrənmiş, xalq mahnı nümunələrini nota köçürmüşdür. Qori seminariyasında Üzeyir Hacıbəyov gələcəkdə Azərbaycan opera musiqisində öz sözünü deyəcək Müslüm Maqomayev ilə tanış olmuşdur. Seminariya illərindən başlanan dostluq sonralar həm də qohumluğa çevrildi. Üzeyir Hacıbəyov və Müslüm Maqomayev Terequlovlar ailəsi ilə qohum oldular. Belə ki, Üzeyir Hacıbəyov Məleykə xanımla, Müslüm Maqomayev Badigülcamal xanım Terequlova ilə evləndi.
Seminariyanı bitirdikdən sonra Hacıbəyov 1904-cü ildə Cəbrayılqəzasının Hadrut kəndinə müəllim təyin edilmişdir. Hadrut kənd məktəbində rus dili, hesab, tarix və musiqidən dərs demişdir.
Hacıbəyov Rusiyada 1905-1907-ci illər inqilabı ərəfəsində Bakıya gəlmiş, Bibiheybətdə, sonralar isə "Səadət" məktəbində dərs demişdir. Üzeyir Hacıbəyov Bakıda ədəbi-publisistik fəaliyyətə başlayaraq «Həyat» qəzetində tərcüməçi işləmişdir. Həmin gündən nəşr edilməyə başlayan «İrşad» qəzetinin əməkdaşı olmuşdur. 1907-ci ildə Bakıda Azərbaycan türkcəsində "Hesab Məsələləri" və "Mətbuatda İstifadə olunan Siyasi, Hüquqi, İqtisadi və Əsgəri Sözlərin Türki-Rusi və Rusi-Türki Lüğəti"ni nəşr etdirir. Rus yazıçısı Nikolay Qoqolun «Şinel» povestini Azərbaycan dilinə tərcümə edir.
1911-ci ildə Üzeyir Hacıbəyov musiqi təhsili almaq üçün Moskvaya getmiş, Moskva filarmonik cəmiyyəti nəzdində İlyinskinin xüsusi musiqi kursunda təhsil almışdır. Moskvadan göndərdiyi satirik hekayə və felyetonlar «İqbal» qəzetində dərc olunmuşdur. Maddi ehtiyac üzundən Hacıbəyov Moskvada musiqi təhsilini yarımçıq qoyub, Bakıya qayıtmağa məcbur olmuşdur. Bəstəkar Bakıya qayıdır və burada yaradıcılıq fəaliyyətini davam etdirərək, yazdığı operaları səhnəyə qoymaqla məşğul olur.
Üzeyir Hacıbəyovla Məleykə xanım Hacıbəyova 1910-cu ildə ailə həyatı qurublar. İxtisasca rus dili müəlliməsi olan Məleykə xanım həyat yoldaşının sənətinə yaxın olmaq üçün konservatoriyanın musiqi nəzəriyyəsi şöbəsinə daxil olub. Adətən gecələr işləyən Üzeyir bəyi Məleykə xanım heç vaxt tək qoymayıb. Bu insanlar 38 il qoşa ömür sürüblər.
1918-ci ildə ermənilərin Azərbaycanda törətdiyi mart qırğını zamanı erməni daşnakları Üzeyir bəyin evini gülləbaran ediblər. Şərqin ilk operasını yazan bəstəkara qısqanclıqla yanaşan daşnaklar evin divarlarını, damını güllə yağışına tuturlar. Bu qəlpələr 1975-ci ildə bəstəkarın ev-muzeyinin açılışı ərəfəsində təmizlənib.
Sovet hakimiyyətinin ilk illərində Üzeyir Hacıbəyovun adı tez-tez xalq düşmənləri sırasında səslənməyə başlayır. 1920-ci ildə bəstəkarı güllələmək istəyirlər. Bu təhlükə sırf təsadüf nəticəsində sovuşur. Üzeyir Hacıbyovun qaynı Hənəfi Terequlovəqidəcə qatı kommunist idi. O, təhlükəsizlik idarəsi şöbə müdirlərinin birinin masasının üstündə təsadüfən haqqında güllələnmə hökmü çıxarılan 59 nəfərin siyahısında Üzeyir Hacıbəyovun da adını görür. Başılovlu Nəriman Nərimanovunyanına gedərək, vəziyyəti danışır. Nəriman Nərimanov müvafiq orqanlardan həmin siyahını tələb edir. Onları tələm-tələsik qərar çıxarmaqda günahlandıran Nərimanov bu siyahını cırıb atır. Nəriman Nərimanov bəstəkara bir müddət Bakıdan uzaqlaşmağı məsləhət görür.
1939-cu ildə Üzeyir Hacıbəyov şəkər xəstəliyinə tutulur. Uzun illər Üzeyir Hacıbəyovun şəxsi katibi işləyən yaxın qohumu Ramazan Xəlilovun dedyinə görə, bəstəkar bu xəstəliyi bədnam qonşularımızın ucbatından tapıb. Belə ki, 1939-cu ildə Moskvada ittifaq miqyasında milli musiqi alətləri ifaçılarının müsabiqəsi keçirilir. Stalinin göstərişi ilə münsiflər heyətinə Üzeyir Hacıbəyov başçılıq edirdi. Müsabiqə zamanı bəstəkar bərk əsəbiləşir, təbiətcə sakin insan olan Üzeyir bəy uzun müddət sakitləşə bilmir: Azərbaycanı təmsil edən ifaçılar arasında ermənilərin olmasına baxmayaraq, Bakı erməniləri Moskvaya məktub yazırlar və bildirirlər ki,Üzeyir Hacıbəyov millətçilik edərək qeyri-millətlərin müsabiqədə iştirakına əngəllər törədir. 30-cu illər üçün bu ittiham ən ağır ittiham idi. Molotov ona ünvanlanan ərizəyə dərkənar qoyaraq, bəstəkara göndərir: "Özünüz həll edin". Başdan-ayağa böhtan olan bu ərizə bəstəkarın əsəblərinə ciddi təsir göstərir və o, şəkər xəstəliyinə tutulur.
Üzeyir Hacıbəyov 1948-ci il 22 noyabrda vəfat etmişdir.
Üzeyir bəy Hacıbəyov bədii yaradıcılığa publisistika ilə başlamışdır. O, "Kaspi", "Həyat", "İrşad", "Tərəqqi", "Həqiqət", "İqbal","Yeni iqbal" qəzetlərində və "Molla Nəsrəddin" jurnalında "Ordan-burdan", "O yan-bu yan" və s. başlıqlar altında "Ü", "Filankəs", "Behmankəs" və s. gizli imzalarla dövrün mühüm ictimai-siyasi, maarifçilik məsələlərinə dair çoxlu məqalə, felyeton və satirik miniatürlər dərc etdirmişdir. "Molla Nəsrəddin" jurnalında Üzeyir bəy Hacıbəyov məzəli imzalardan çox istifadə etmişdir: "Adı bəy, özü Filankəs", "Anaş Qurbağa", "Tısbağa", "Qatilov", "Behmankəs", "Cin", "Xoca Lələ", "Bızbıza", "Çoban", "Əqrəb" (ehtimal olunur), "Qaf", "Beş", "İdarədən", "Lal uşaq", "Bala uşaq", "Gendən baxan", "Gendən qulaq asan", "Yalançı" və s. Gülüş, yumor onun həm insan kimi təbiətinin, həm də ədəbi yaradıcılığının, o cümlədən publisistikasının başlıca keyfiyyətlərindən idi. XX əsrin əvvəllərində Azərbaycan mətbuatının aparıcı janrlarından olan felyeton Ü.Hacıbəyovun da publisistik fəaliyyətində əhəmiyyətli yer tuturdu. Bədii və publisist tarazlığı saxlamaq etibarilə Ü.Hacıbəyovun felyetonları, oçerk və parodiyaları böyük dəyəri olan əsl sənət əsərləridir.[15]
Üzeyir Hacıbəyovun zəngin yumoristik söz yaradıcılığı vaxtı ilə dövri mətbuat səhifələrində «Ordan-burdan» ümumi başlığı altında dərc etdirdiyi yazılar xüsusi yer tutur. Ü. Hacıbəyovun «Bazar söhbəti», «Məzhəkə», «Təhsil» kimi əsərləri aşkar seçilən komponentləri ilə satirik hekayə; «Rəfiqimdən məktub», «Üçüncü dəllək», «Məclisimizin duzu» «O, heç!», «Tərəqqi və gerilik», «Ha fikir edirəm başa düşmürəm!» kimi yazıları öz publisistik əlamətləri, ictimai-siyasi məzmunu və bədii dəyəri ilə felyetondur. Müəllif əsərlərində əsasən Bakı şəhər Dumasının fərsiz deputatla-rını rüsvay edir, tutduqları siyasi mövqeyə layiq olmadıqlarını nümayişkaranə açıqlıqla onların uzlərinə vurur, fəaliyyətsiz «qlasnıları» barsız ağaclara bənzədir. Ü. Hacıbəyovun qaravəlli və satirik miniatürlərini (məsələn «Dövlət Duması», «Ata və oğul», «Moizə» və s.) böyük komedioqrafın sonrakı səhnə əsərlərinə səmərəli müqəddimə hesab etmək olar.
Bütün ömrü boyu Üzeyir bəy Azərbaycan mədəniyyətinə, musiqisinə xidmət edən bu unudulmaz şəxsiyyət 300-dən çox xalq mahnısını nota salmış, marş, kontata, fantaziya, mahnı və romanslar, kamera və xor əsərlərini yazmışdır. Üzeyir bəy Hacıbəyov həm Azərbaycan Xalq Cümhuriyyətinin, həm də sovet Azərbaycanının himnlərini müəllifi olmuşdur.
Üzeyir Hacıbəyli Azərbaycan musiqi mədəniyyəti tarixində yeni istiqamətin və milli bəstəkarlıq məktəbinin əsasını qoymuşdur. Azərbaycan musiqisi tarixində ilk opera, ilk musiqili komediya və bir sıra digər janrlarda ilk nümunələrin yaradıcısı kimi tanınmış Azərbaycan musiqisinin dərinliklərini və istiqamətlərini araşdırıb üzə çıxarmış və əsaslandırmış ilk azərbaycanlı folklorçubəstəkar və musiqişünas-alimdir. O, Azərbaycan SSRnin və müstəqil Azərbaycan Respublikası himnlərinin müəllifidir. Üzeyir Hacıbəylinin əsərləri dünya musiqi incilərindən hesab edilir.
Balakən MKS
Metodika – biblioqrafiya şöbəsi
Üzeyir Hacıbəyli – 130
“Azərbaycan musiqisinin baharı”
(metodiki məktub)
2015
Dostları ilə paylaş: |