Zərdab rayon Mədəniyyət və Turizm Şöbəsi Mərkəzləşdirilmiş Kitabxana Sistemi Metodika və biblioqrafiya şöbəsi



Yüklə 31,64 Kb.
tarix30.11.2016
ölçüsü31,64 Kb.
#522
Zərdab rayon Mədəniyyət və Turizm Şöbəsi

Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Metodika və biblioqrafiya şöbəsi

sohrab tahir ii fexri xiyabanda defn olunacaq

Ömrü nağıla bənzəyən şair: Söhrab Tahir -90

( Metodik tövsiyələr)

Zərdab- 2016

Söhrab Tahir-90

1926 - 2016

Həyat və yaradıcılığı:

Azərbaycanın xalq şairi, nasiri, publisisti Söhrab Tahir Əbülfəz oglu 6 avqust 1926-cı ildə İranın Astara şəhərərində sənətkar ailəsində anadan olmuşdur. Şair “Səadət” və “Şapur” orta məktəblərində 9-cu sinfədək təhsil almışdır. Lakin ailənin maddi imkanları aşağı olduğuna görə şair təhsilini davam etdirə bilməmiş, atası ilə birgə “İran İngilis neft şirkəti” ndə işləməyə məcbur olmuşdur. Sovet ordusunun İrana yeridilməsindən sonra, Söhrab Tahir xalq hərəkatında aktiv yer almışdır.

1946-cı ildə Söhrab Tahir təhsil almaq üçün Bakıya gələrək Bakı Tibb İnsititunun stomatoloq və feldşerlik fakultəsində təhsil alır.

O, 1952- 1957-ci illərdə ADU-nun filologiya fakultəsində təhsilini davam etdirir. S.Tahir 1959-1961-ci illərdə isə Moskvada Maksim Qorki Adına Ali Ədəbiyyat kurslarında müdavim olmuşdur.

1962-1966-cı illərdə Azərbaycan Demokrat Firqəsinin Bakı komitəsində birinci katib,“1967- 1973 –cü illərdə Azərbaycan” qəzeti və jurnalı redaksiyalarında bədii şöbələrdə müdir, “Səhər” ədəbi-tarixi jurnalında isə redaktor müavini, 1984-cü ildən isə “Azərbaycan” jurnalında redaktor vəzifəsinə işləmişdir. Azərbaycan Yazıçılar Birliyi idarə heyətinin, “literaturnıy Azerbaydjan” jurnalı redaksiya heyətinin, “Yazıçı” nəşriyyatının bədii şurasının, Azərbaycan Ədəbiyyat Fondu idarə heyətinin pleniumunun üzvü, Azərbaycan Yazıçılar Birliyi şeir şurasının sədri (1986-1991) olmuşdur.

1991-ci ildə Bədii ədəbiyyatı təbliğat birosu idarə heyətinin sədri təyin edilmişdir. İnqilabi, ədəbi içtimai fəaliyyətinə görə Təbrizdə “21 Azər” medalı və bir sıra medallarla, Azərbaycan Ali Soveti Rəyasət heyətinin Fəxri Fərmanı ilə təltif edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 23 may 1998-ci il tarixli, 709 nömrəli Fərmanı ilə ona “Xalq şairi” fəxri adı verilmişdir. 2006-cı ildə isə S.Tahir Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Şöhrət” ordeninə layiq görülmüşdür. 2010-cu ildə Rusiya Yazıçılar ittifaqı və onun Moskva şəhər təşkilatı nəznində fəaliyyət göstərən Yazıçı-tərcüməçilər ittifaqının qərarı ilə Beynəlxalq V.V. Mayakovski ordeni ilə təltif edilmişdir. Onun kitablarından, “Qırılan zəncirlər” (1965), “Mən səni görmüşəm” (1965), “Burdan bir atlı keçdi” (1972), “Azad qardaşım var” (1973), “Mənim yolum (1975)”, “Döyüş lövhələri” (1980), “Ölümdən güclü həyatdan uca (1981)”, “Qonşu qızın məktubları” (1985), “Vətənlə sevgi arasında” (1986), “İki dəfə yox olmuş adam” (1988), “Əmanət” (1991), “Seçilmiş əsərləri” (2005), “Ata” (2009) çox cildli kitabı və s. nəşr olunmuşdur.

Ümumiyyətlə, şairin 50-dən çox kitabı Bakıda, Moskvada, Berlində, Tehranda, Təbrizdə işıq üzü görüb. AMEA Şərqşunaslıq İnstitunun böyük elmi işçisidir. 1993- cü il mart ayından Yeni Azərbaycan Partiyasının üzvüdür. S.Tahir 1996-cı ildən Azərbaycan Yazıçılar Birliyinin Ağsaqqallar Şurasının üzvü, Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin prezidenti, 2002-ci ildən isə Azərbaycan İçtimai-Siyasi Universitetinin müəllimi olmuşdur. S.Tahirin yaradıcılığı aşağıdakı çap olunmuş əsərlərdən ibarətdir.

1. 1500-dən çox şeir.

2. 57 poema.

3. 18 roman.

4. 5 povest.

5. 75 hekayə.

6. 2 pyes.

7. 800-dən çox ədəbi, elmi, publisistik məqalələr.

8. Esse. Fəlsəfi traktat və ssenarilər.

9. Kitablara, elmi əsərlərə yazdığı müqəddimə və rəylər.

10. Azərbaycan Yazıçılar Birliyinə daxil olmaq üçün 50-dən çox gənc qələm sahibinə zəmanət vermişdir.

Xalq şairi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Söhrab Əbülfəz oğlu Tahiri 2016-cı il mayın 4- də ömrünün 90-cı ilində vəfat etmişdir.

Görkəmli şairimiz Söhrab Tahirin anadan olmasının 90 illik yubileyi ilə əlaqədar olaraq kitabxanalarda bir sıra tədbirlər; kitab müzakirəsi, oxucu konfransı, rəsm və şeir müsabiqəsi, ədəbi-bədii gecə, kitab sərgisi, dəyirmi masa, məlumat həftəsi və sair tətbirlər keçirilə bilər.

Tədbirləri aşağıdakı başlıqlar altında:” Dərdi Araz şairim”, “Bu tayın Şəhriyarı”, “Ömrü nağıla dönən şair”, “Yolu Vətən olan şair”, “Vətənlə sevgi arasında”, “Döyüşdən yaranan poeziya”, “İki tayın şairi”, “Poeziyamızın Ərk qalası”, “Ədəbiyyatımızın mürşüdü-S.Tahir”, “Mən sükut etmişəm, məqam gəzirəm, Mənim sükutum da mübarizədir”, “Araz sahilində bitən tənha palıd”, “Ədəbiyyatımızın dərdli şairi”, “Gözümdə bir gilə yaş gətirmişəm, Urmiyə gölündən yadıgar sənə”, “Azadlıq yolçusu şair”, “Cənubla Şimalın canlı körpüsü”, “Heç vaxt vətən eşqim ikiləşmədi” və s. başlıqlar altında keçirmək olar.

Bu şairi sevdirmək, yaradıcılığını gənc nəslə və şagirdlərə tanıtmaq və eyni zamanda oxucularda mütailə vərdişi aşılamaq məqsədi daşıyır. S. Tahirin 90 illik yubileyi ilə əlaqədar kitabxanada kitab sərgisi təşkil etmək məqsədəuyğundur. Sərgiyə müxtəlif başlıqlarlar verilə bilər. “Dərdi Araz şairim”, “Bu tayın Şəhriyarı”, “Ömrü nağıla dönən şair”, “Yolu Vətən olan şair”və sair.Sərgiyə şairin müxtəlif illərdə çəkilmiş foto şəkli, bundan başqa S.Tahirin kitabları və digər şairlərin S.Tahir haqqında dövri mətbuatda yazdığı materiallar qoyulmalıdır. Görkəmli şəxslərin şair haqqında söylədikləri sitatlar və şeir parçaları da sərgidə öz əksini tapmalıdır. Məsələn: “İki bölünməkdən elə qorxmuşam,

Çöpü də ikiyə bölmərəm daha”

S.Tahir

2.Söhrab Tahir nadir şairdir, onun şeirləri dəhşətdir.

Xalq şair M. Araz

3. Mən təzə şair tapmışam. Arazı gümüş telli saza bənzədib, onu çalır, dərdlərini bəyan edir, adı Söhrab Tahirdir.

Xalq şairi B. Vahabzadə

Söhrab Tahirin 90-illik yubileyi ilə əlaqədar kitabxanalarda keçiriləcək tədbirlərdən biri də, “Mən özüm də azadlığın vətəndaşı olmuşam!” adlı şeir müsabiqəsidir. Kitabxanaçı ilk öncə şairin bir neçə şeir kitabını, eləcə də seçilmiş əsərlərini məktəblilərə təqdim edir. Nəfis şəkildə nəşr olunmuş kitablar hər kəs tərəfindən rəğbətlə qarşılanır. Məktəblilər müəyyən etdikləri şeiri əzbərləyərək təyin edilmiş tarixdə kitabxanaya gəlirlər. Qonaqlar və münsiflər heyəti öz yerini aldıqdan sonra kitabxanaçı hər kəsi salamlayaraq tədbirə keçid alır. O, ilk olaraq S.Tahirin həyat və yaradıcılığından, onun ömür yolundan, əsərlərindən və kitablarından söhbət açır. Kitabxanaçı: Çağdaş cənubi Azərbaycan şeirinin bayraqdarlarından biri olan S.Tahir dünyanın döyüşkən, inqilabi poeziyasının, ömrü mühacirətdə keçmiş qüdrətli nümayəndələri sırasında dayanır. Güneyli-Qüzeyli Azərbaycanın ədəbi ənənələrinin müştərək özülü üzərində yüksələn şairin yaradıcılığı poetik mübarizə yolu kimi doğma vətəndən didərgin düşmüş yüz minlərlə soydaşın acı, nisgilli, ömürlüyüdür. S.Tahirin kitablar toplusunda şairin vətəndaşlıq, içtimai ruhlu şeirləri cəmlənmişdir. Güney Azərbaycanın taleyindən doğan mübariz əhvallı həmin şeirlərlə yanaşı müxtəlif mövzulu poetik parçaların da yer aldığı kitablarda müəllifin ikili taleyindən gələn bir mövzu əlvanlığı, sevinclə göz yaşının görüşlə ayrılığın, xoşbəxtliklə ömürlük dərdin sıx-sıx qovuşması, bir-birini təmizləməsi və tamamlaması var... S.Tahir sözləri o qədər işıqlıdır ki... O qədər işıqlı ki, bu işıqlı sözlərin hərəkəti, cazibəsi, saflığı onun yazdığı hər şeyə haqq qazandırır. Gəlin biz də bu cazibədən, bu saflıqdan bəhrələnərək pay alaq. S.Tahir yaradıcılığının zirvəsinə iştirakçıların söyləyəcəyi şeirlərlə ucalaq... Gəlin nəğməkar şairimizin şeirlərini dinləyək. Kitabxanaçı söhbəti bitirdikdən sonra birinci iştirakçı “Şəhriyar” adlı şeiri qiraətli bir şəkildə deməyə başlayır.

Ikinci iştirakçı şairin “Savalan” adlı şeirini demək üçün səhnəyə yaxınlaşır.

Qayalardan sallanaram,

Salxım-şüşə buz kimi,

Quzu olub daşlarını

Yalayaram duz kimi,

Sən buluddan yaşmaq tutsan

Bir nişanlı qız kimi,

Dağıdaram buludları

Qılnc kimi, gürz kimi,

Savalanım, Savalan.

Üçüncü iştirakçı isə “Azərbaycanım” şeirini deməyə başlayır.

Mən bir inqilabam, mənim yanımda

Sən udma sözünü, Azərbaycanım!

Niyə kədərlisən, niyə susursan

De mənə düzünü, Azərbaycanım!

Təbriz öz oğlundan azadlıq umar,

Çəkilsin ömrümdən daha toy-tumar,

Bir-bir sapa keçir, sən as boynuma

Azadlıq közünü, Azərbaycanım!

Dördüncü iştirakçı şairin “Birlik” adlı şeirini deməyə başlayır.

Birləşək! Dünyada güclər birləşib,

Qalalar birləşib, bürclər birləşib.

Birləşib dünyada dili ayrılar,

Torpağı ayrılar, eli ayrılar.

Alıblar dünyadan öz haqlarını,

Behişt eləyibdir torpaqlarını. Tədbirin sonunda münsiflər heyəti qalibləri müəyyənləşdirir. Sonra qaliblər və digər iştirakçılara mükafat verilir.

Kitabxanada şairdən bəhs edən “Həsrətin ilk pıçıltısı vətəndir” başlıqlı oxu konfransı da keçirmək olar. Konfransda yuxarı sinif şagirdləri, oxucular, ədəbiyyat müəllimləri bir sözlə, S. Tahir qəlminə vurğun olan hər kəs iştirak edə bilər.

Kitabxanaçı ilk öncə qonaqları salamlayır və S. Tahirin ömür yollarından və qələmindən ağ səhifələrə yağan əsərlərindən söhbət açır. Sonradan isə konfrans iştirakçıları şair haqqında məruzələr edirlər.

Yubileylə əlaqədar kitabxanada Söhrab Tahirin yaradıcılığından bəhs edən sual-cavab gecəsi də, təşkil etmək olar. Tədbirin əvvəlində kitabxanaçı şair haqqında məlumat verir .Sonra kitabxanaçı suallarını oxuculara ünvanlayır.

Qeyd etmək lazımdır ki , kitabxanalarda ədəbiyyatın təbliğinin forma və metodları müxtəlifdir. Kitabxana işçiləri bu metodlardan istifadə edərək Söhrab Tahirin 90 illik yubileyini layiqincə qeyd etməlidirlər.

Metodik vəsaitə ədəbiyyat siyahısı da əlavə olunur.

Ədəbiyyat:

Əsərləri Latın qrafikası ilə:

Seçilmiş əsərləri : poeziya. - Bakı : Şərq-Qərb, 2005. - 271 s. ; 21 sm. -.

Ata : poema-epos. V cild. II kitab. - Bakı : Şirvannəşr, 2009. - 372 s.

Ata : poema-epos. VI cild. III kitab. - Bakı : Şirvannəşr, 2009. - 560 s

Kiril qrafikası ilə: Döyüş lövhələri : şeirlər və poemalar. - Bakı : Yazıçı, 1980. – 142 s.

Əmanət : povestlər. - Bakı : Gənclik, 1991. - 424 s.

Qırılan zəncirlər : şeirlər və poemalar. - Bakı : Azərnəşr, 1965. - 200 s

Qonşu qızın məktubları. İki dəfə yox olmuş adam : Romanlar. - Bakı : Yazıçı, 1988. - 383 s.

Qonşu qızın məktubları : povest və roman. - Bakı : Gənclik, 1985. - 272] s.

Mən səni görmüşəm : şeirlər və poemalar. - Bakı : Gənclik, 1967. - 119 s.

Mənim yolum : şeirlər və poemalar. - Bakı : Gənclik, 1975. - 126 s.

Ölümdən güclü, həyatdan uca : hekayələr. - Bakı : Gənclik, 1981. - 172 s.

Vətənlə sevgi arasında : şeirlər və poemalar. - Bakı : Yazıçı, 1986. - 342 s.

HAQQINDA

Arzumanlı V. Bölünmüş vətənin bütövlük rəmzi : Söhrab Tahir - 80 // Ədəbiyyat qəzeti. - 2006. - 2 iyun. - S.4.

Arzumanlı V. Qəlbi cavan, ömrü dastan Söhrab Tahir : S. Tahirin-80 yaşı // Azərbaycan. - 2006. - №5. - S.190-192.

Əsədova İ. Azərbaycanın istiqlaliyyəti ömrümün amalı olub : Söhrab Tahir-85 // Mədəniyyət. - 2011. - № 38.

Gülayə. Boş qalan yerlərdən gözlərim qorxub : Söhrab Tahir yaradıcılığı haqqında // Kaspi. - 2014. - 11-13 oktyabr. - № 166. - S. 24.

Hüseynoğlu S. Heç vaxt vətən eşqin ikiləşmədi : xalq şairi Söhrab Tahirə : şeir // Ədəbiyyat qəzeti. - 2016. - 9 aprel. - № 13. - S. 27.

Xəlilzadə F. Arazla baş-başa dayanan poeziya : Söhrab Tahir - 80 // Azərbaycan. - 2006. - 27 may. - S.7. Xəlilzadə F. Yer üzünün gəzəri Savalan : Söhrab Tahir // Kaspi. - 2014. - 24 may. - № 89. - S. 17.

Söhrab Tahir - 85 / Azərbaycan Yazıçılar Birliyi // Ədəbiyyat qəzeti. - 2011. - 27 may. - № 19. - S. 5. Söhrab Tahiri : [nekroloq] // Azərbaycan : qəzet. - 2016. - 5 may. - № 96. - S. 9.

Ülvi A. Həsrətinin ilk pıçıltısı Vətəndir... : Söhrab Tahir - 80 // Xalq qəzeti. - 2006. - 17 may. - S.7.

Yusifli V. Söhrab əmi... : Azərbaycanın xalq şairi Söhrab Tahir haqqında // Ədəbiyyat qəzeti. - 2015. - 14 mart. - № 16/17. - S. 13

Tərtib etdi: Metodika və biblioqrafiya şöbəsinin müdiri : G. Qasımova
Yüklə 31,64 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin