3.2. Dövlətin tipləri və siyasi rejimlər Dövlətlər istər keçmişdə, istərsə də, hazırki dövrdə, bir-birindən fərqlənirlər. Bu fərqlər həm prinsipial, dərin, həm də bəzən az əhəmiyyətli olsa da idarəetməyə öz təsirini göstərir. Buna görə də ayrı-ayrı tarixi dövrlərdə və hər bir konkret tarixi şəraitdə dövlətləri bir-birindən fərqləndirən əlamətləri bilmək lazımdır. Bu əlamətlər çoxdur. Lakin dövlətləri qruplaşdırmaq və onların təşkilatı formasına, idarəçiliyinə ən çox təsir göstərən əlamətləri müəyyənləşdirmək olar.
Hakimiyyət qüvvəsini daşıyanların (dövlət başçılarının) hakimiyyət qüvvəsinin mənbəyinə və müstəqillik səviyyəsinə görə (başqa sözlə müstəqil, asılı olmayan və ali mütləq) dövlətlər aşağıdakı kimi təsnifləşdirilir: Monarxiya; Aristokratik; Demokratik.
Monarxiyada ali hakimiyyət bir nəfərə məxsus olur. Hakimiyyət nəslən keçir. Ali hakimiyyət başçısı (çar, imperator, kral, sultan) öz fəaliyyətinin nəticələrinə görə təkcə allah qarşısında cavabdeh olur. Bu onunla müşayiət olunur ki, monarxa ali hakimiyyət həvalə edilməsi mərasimində dini rəhbərlər iştirak edir və ona xeyir-dua verirlər. Qədim dövlətlərdə və orta əsrlərdə dövlətçiliyin başlıca forması monarxiya olmuşdur. Hazırda monarxiya dövləti tarixi nailiyyətə çevrilmişdir. Keçən yüzilliklər ərzində o, əsaslı surətdə inkişaf etmiş, təkmilləşmiş, konstitusiyalı (konstitusiya ilə məhdudlaşdırılan), müxtəlif səviyyə və nisbətlərdə monarxiya, aristokratiya və demokratiyanı özündə birləşdirən hakimiyyət formasına çevrilmişdir. Böyük Britaniya, Belçika, Danimarka, İspaniya, Yaponiya və digər çoxsaylı inkişaf etmiş ölkələrdə monarxiya forması tarixi keçmişin qorunub saxlanması kimi mövcuddur. Lakin, monarx əsasən fəxri vəzifədir ki, o, ölkənin idarə olunmasına əhəmiyyətli dərəcədə təsir göstərmir. Monarxiya forması digər idarəetmə formaları ilə əvəz olunduqca mütləq monarxiyanı ikili monarxiya (qanunverici orqanın başçısı və monarx-icraedici orqanın başçısı) əvəz edir. Monarxiya prinsipində monarxın yuxarıdan aşağıyadək təkbaşına hökmranlığı və yerlərdə onun eyni səlahiyyətli nümayəndələrinin olması ölkənin idarə olunmasının əsas prinsipidir.
Belə hesab edilir ki, aristokratik dövlətdə ali hakimiyyət cəmiyyətin elitasına və xüsusilə onun yaxşı, ağıllı, təcrübəli, təhsilli nümayəndələrinə məxsus olur. Xüsusi (xalis) aristokratik dövlətin təşkili çətindir. Odur ki, çox hallarda elitanı monarxiya və ya demokratiya əvəz edir. Aristokratik idarəetmə forması vaxtı ilə İtaliyada - Romada təşkil olunmuşdur. Aristokratik dövlət idarəetməsinin əsas prinsipi elita tərəfındən kollektiv idarəetmənin həyata keçirilməsidir (yunan sözləri olan “aristos”-ən yaxşı və “kratos”- hakimiyyət sözlərindən əmələ gəlir “ən yaxşıların hakimiyyəti” mənası verir). Xalis aristokratik dövlət yaratmaq təşəbbüsü Yunanıstanda - Afınada olmuşdur. Eyni zamanda monarxiya, demokratiya dövründə də hakimiyyət əsasən elitanın əlində olub.
Dövlətin monarxiya və demokratiya formasında da hakimiyyət tez-tez elitanım əlində olmuşdur. Burda bilikli nəslə mənsub olanların əvəzinə “dolu pul kisəsi” həlledici rol oynamışdır. Hakimiyyətə sahib olmaq aristokratik üstquruma cəmiyyətdə aparıcı mövqe tutmaq imkanı verir. Lakin hakimiyyətdən getsə, müxalifət mövqeyinə keçsə belə onun cəmiyyətdə apancı mövqeyə malik olması dəyişmir.
Aristokratik elitanın hakimiyyəti o zaman qəbul edilir və möhkəm olur ki, xalq kütləsi bu elitanın xüsusi hüququna və xüsusi mövqeyinə inansın, bu hakimiyyəti qəbul etsin. Aristokratik hakimiyyətə kimin seçilməsi məsələsi aktualdır. Çünki hakimiyyətə daxil olanların heç də hamısı öz fiziki sağlamlığına, natiqlik qabiliyyətinə, mənəvi keyfıyyətinə görə lider olmaq tələblərinə cavab vermir. Misal olaraq, avstriyalı Hitler, gürcü Stalin, rus-tatar Lenin, hind İndira Qandi və başqalarını göstərmək olar. Bunların hər birində hansı keyfiyyətsə üstünlük təşkil edirdi, hansı keyfiyyətlərdə isə müəyyən çatışmazlıq vardı.
Demokratik cəmiyyətdə ali dövlət hakimiyyəti xalqa - həmin dövlətin bütün vətəndaşlarına məxsus olur. XX əsr və XXI əsrin müasir dövrü üçün demokratik dövlətin perspektivli olması qəbul edilmişdir. XX əsrin axırlarında və XXI əsrin keçən illəri ərzində demokratik inkişaf yolunu tutan dövlətlərin sayı sürətlə artmışdır. XX əsrin 90-cı illərinə qədər sosializm quruluşu hökmran olan dövlətlər hazırda demokratik inkişaf yolunu və demokratik dövlətçiliyi qəbul etmişlər. Demokratik dövlətdə xalq hakimiyyəti qəbul edilir və qurulur. Lakin, bu, hər bir ölkədə özünün həyata keçirilmə məntiqinə malik olur. Hələ 1787-ci ildə ABŞ-ın konstitusiyasında bu haqda yazılmışdır: “Hər bir ali hakimiyyət tipi öz dövlət idarəçiliyinin təşkili və fəaliyyəti məntiqinə malikdir”.
Ali hakimiyyətin demokratik prinsipi dövlət hakimiyyətinin və dövlət idarəçiliyinin aşağıdan yuxarıya doğru xalqın nümayəndələri və açıq dövlət qulluğu vasitəsilə qurulur. Əksər hallarda demokratik dövlət (demokratik respublika) xalqın siyasi və hüququ cəhətdən təşkili formasında olur. İnsanların hüquq bərabərliyi prinsipinə əsaslanaraq demək olar ki, məntiqi cəhətdən yalnız demokratik dövlət tipi azadlıq və həmrəyliyi təmin etmək qabiliyyətinə malikdir.
İdarəetmə formasına görə də dövlətlər bir-birindən fərqlənirlər. İdarəetmə forması dedikdə dövlət hakimiyyətinin bütün orqanlarının strukturu və qarşılıqlı münasibətlərinin, eləcə də əhali ilə onların birbaşa və dolayı əlaqələrinin təşkili üsulları nəzərdə tutulur. İdarəetmə formasına, yaxud ümumi (ali) dövlət hakimiyyətinin təşkili formasına görə parlament və prezident respublikaları mövcuddur. Qanşıq formalar da var: yarım prezident respublikası və parlament monarxiyası. Burada həlledici cəhət hakimiyyətin bölünməsi prinsipini və onun praktiki reallaşdırılması mexanizmini qəbul etməkdir.
Parlament respublikasında həlledici dövlət hakimiyyət orqanı seçkili qanunverici orqandır - yəni parlamentdir. Bu orqan öz tərkibinə daxil olan üzvlərdən birini prezident seçir və prezident hakimiyyəti formalaşdırır.
Yaxud parlament hökuməti formalaşdırır və onun başçısı parlament qarşısında hesabat verir (İtaliya, Almaniya, Bolqarıstan, Macarıstan, Hindistan). Hakimiyyətin belə formalaşması prinsipi və mexanizmi parlamentli monarxiyaya da aiddir. (Böyük Britaniya, İtaliya, Yaponiya və i.a.). Belə respublikalarda ali icraedici orqan və onun başçısı nazirlər soveti (şurası, kabineti) və onun sədri olur. Parlament respublikası prezident respublikasına nisbətən az yayılmışdır. Son illər Afrika qitəsinin bəzi dövlətlərində də bu forma tətbiq olunmağa başlamışdır. Belə respublikaların əksəriyyətində prezident - əhali tərəfındən səsvermə yolu ilə seçilmir, öz hakimiyyətini parlamentə qarşı qoya bilməz. Prezident dövlət başçısının yerini tutur və hökuməti formalaşdırır. Hökumət, parlament qarşısında hesabat verir, prezident qarşısında deyil, parlament qarşısında məsuliyyət daşıyır.
Prezident respublikasında qanunverici orqan (konqress, parlament) və icraedici hakimiyyətin başçısı (o həm də dövlətin başçısıdır) eyni qaydada ölkə əhalisi tərəfindən seçilir, öz funksiyalarında müstəqildirlər. Onlar arasında əlaqələr və qarşılıqlı münasibətlər qanunçuluğu və dövlət mənafeyini nəzərə almaqla həyata keçirilir (ABŞ, Argentina, Meksika və i.a.). Bəzi ölkələrdə prezident xüsusi statusa malikdir (Rusiya, Fransa, Azərbaycan). Bu ölkələrdə prezident bir baş hakim və qarant kimi bölünmüş dövlət hakimiyyətinin yaşamasını və qarşılıqlı fəaliyyətini təmin edir. Belə ölkələrdə hökumətin başçısı prezident tərəfindən təyin edilir və o, əsasən prezident qarşısında hesabat verir. İdarəetmənin prezident respublikası forması XX əsrin ikinci yarısından daha geniş yayılmağa başlamışdır. Konstitusiyada nəzərdə tutulan tələblərə cavab verən, adətən 35 yaşından yuxarı ölkə vətəndaşı əhali tərəfindən səsvermə yolu ilə prezident seçilə bilər. Prezident bir qayda olaraq müəyyən müddətə (4-7 il arasında) həm də ardıcıl olaraq iki dəfə seçilə bilər. Prezident xalqdan mandat alır və parlamentdən asılı olmur. Yarımprezident respublikasında (1958-ci ildə Fransada, 1996-cı ildə Rusiyada) ali hakimiyyət prezident və parlament arasında bölünür, hökumət müəyyən məsələlər üzrə prezident və parlament qarşısında hesabat verir.
Xalqın birbaşa iradəsi dövlət idarəçiliyinin demokratiya formasında daha geniş ifadə olunur. Demokratiya idarəetmənin və dövlətçiliyin müxtəlif formalarında (prezident respublikası, parlament respublikası, unitar dövlət, federativ respublika və konfederativ dövlət, dövlət-hüquqi birləşmə) həyata keçirilir. Bütün bu formalarda və hallarda ali dövlət hakimiyyət orqanı və ölkənin başçısı (hər şeydən əvvəl prezident) ümumi seçki əsasında müəyyən edilir. Dövlət hakimiyyətinin belə sistemi qanunvericilik funksiyasının yerinə yetirilməsində və icraedici orqanın idarəetməsində parlamentin rolunun güclənməsilə xarakterizə olunur. Lakin XXI əsrdə bir çox dövlətlərin demokratik inkişaf yoluna keçdiyi bir şəraitdə dövlət hakimiyyətinin president respublikası formasına keçməsi icraedicihakimiyyətin güclənməsi ilə müşayiət olunur (president və hökümət).
Demokratik idarəetmə sistemi idarəetmə qərarlarının qəbuluna kollektivin geniş miqyasda cəlb olunmasını, yaradıcı özünüidarəetməni və hakimiyyət səlahiyyətlərini həvalə olunmasını nəzərdə tutur. Müdrik Ksenofont bu idarəetmə formalarını belə xarakterizə etmişdir: Əgər idarəetmə qanunu yerinə yetirən şəxsdən irəli gəlirsə - belə quruluşu aristrokratik, əgər sərvətdən irəli gəlirsə - plutokratik, əgər hamının iradəsindən irəli gəlirsə - demokratik adlandırmaq olar.
Demokratiyanın hamılıqla qəbul olunan əsas atributları insan və vətəndaş hüquq və azadlıqlarının, çoxpartiyalılığın, seçkilərin demokratikliyinin, qanun qarşısında hamının və hər kəsin bərabərliyinin və əhalinin özünüidarə prinsiplərinin reallaşmasının təmin edilməsidir. Xalq hakimiyyətinin ən pis təzahürü -oxlokratiyadır (yunan sözüdür) yəni kütlənin hökmranlığıdır. Belə halda kutlə heç bir qanunla hesablaşmır, hüquq və mənəviyyat normalarına tabe olmur. Oxlokratiya ta qədimdən məlumdur, bu “ağır xəstəliyə” bütün xalqlar müxtəlif dövrlərdə tutulmuşlar. Adətən belə kütlələr əksər hallarda qanunçuluqda yol verilməyən vasitələrdən istifadə edir, dövlət hakimiyyətini rədd edirlər. Kütlədə bəzən məntiqə sığmayan inam olur.
Ümumi dövlət hakimiyyətinin idarəetmə formaları, quruluşu və başqa parlametləri dövlət idarəçiliyinə əsaslı surətdə təsir göstərir. Dövlətin mərkəzi orqanlarının quruluşu qalan dövlət orqanlarının quruluşunu da müəyyən edir.
Quruluşuna (dövlətin idarəetmə funksiyalarının ərazi bölgüsünə) görə dövlətlər unitar (latınca “unus”-vahid, bir deməkdir) və federativ dövlətlərə bölünürlər.
Federativ dövlətin konfederativ dövlətdən əsas fərqi ondadır ki, onun mərkəzi federal hakimiyyət orqanı olur, ümumi vətəndaşlıq, vahid pul sistemi, vahid dövlət dili və i.a. olur. Konfederativ dövlətin tərkibinə daxil olan dövlətlər özlərinin müstəqilliyini, dövlət hakimiyyətini və xüsusi idarəetmə orqanını saxlayırlar.
Unitar dövlətlər də sadə və mürəkkəb formalarda olur. Sadə formada unitar dövlət inzibati-ərazi vahidlərinə bölünür. Unitar dövlətin mürəkkəb formasında onun tərkibində bir və ya bir neçə muxtar dövlət qurumları olur. Bu baxımdan Azərbaycan orta səviyyəli mürəkkəb unitar dövlətdir. Unitar dövlətin inzibati-ərazi vahidləri yuxarıdan aşağıya doğru vahid dövlət hakimiyyəti sistemi vasitəsilə idarə olunur. Bunlarda muxtar törəmələr, eləcə də yerli özünüidarəetmə sistemləri fəaliyyət göstərə bilər. Lakin bu hakimiyyət sisteminin yuxarı pilləsindəki vahidliyi pozmur. Müxtəlif unitar dövlətlərdə inzibati-ərazi bölgüsü müxtəlif pilləli (üç və daha çox) olur.
İnzibati-ərazi vahidlərinin bir hissəsi (şəhərlər, qəsəbələr, kəndlər və i.a.) təbii olaraq yaranır, bir hissəsi rayonlaşdırma aparmaq yolu ilə dövlət tərəfındən formalaşdırılır.
Federativ dövlətlər də vahid dövlətlərdir. Lakin onların tərkibində geniş dövlət muxtariyyətləri olur. Federasiya - latın sözüdür-ittifaq, birlik mənasını verir. “Federativ dövlət” anlayışı müxtəlif dövlətlərin konstitusiyasında özünə qanuni yer tapmışdır. Hər hansı federativ dövlət mürəkkəb struktura malik olur. Federativ dövlətlərə misal olaraq Rusiya, Hindistan, Pakistan, ABŞ, Meksika, Nigeriya, Efiopiya və i.a. göstərmək olar.
Bundan başqa konfederativ dövlətlər də var. Bu, dövlətlərin müəyyən, konkret məqsədlər üçün ittifaqıdır. Belə ittifaqlar hazırda beynəlxalq ittifaqlar səviyyəsinə qalxıb. Hazırda Belorus və Rusiya, Qazaxstan, Özbəkistan, Qırğızıstan və MDB dövlətləri birliyində konfederativ elementlər var. Böyük Britaniya və Avropa Birliyi dövlətlərində bu elementlər nisbətən güclüdür.
Dövlətlər həm də hakimiyyətin yaratdığı siyasi rejimə - insan hüquq və azadlıqlarının qorunması üçün yaradılmış şəraitə və dövlət rejiminə - dövlət hakimiyyətinin həyata keçirilməsi üsul, vasitə və metodlarına görə fərqlənirlər. Dövlət rejimi ilə siyasi rejim əksər hallarda üst-üstə düşür, bir- birini tamamlayırlar. Dövlət idarəetmə rejimi adi rejim və hərbi rejimə (hərbi vəziyyətə) bölünür. Adi dövlət idarəetmə rejimi siyasi rejimi müəyyənləşdirir. Siyasi rejim dövlətin həqiqətən demokratik olub- olmadığını göstərən çox mühüm vasitədir. Aşağıdakı siyasi rejimlər var:
Despotik rejim - bura totalitar, avtoritar və avtokratik rejimlər aid edilir. Bu rejimlərdə dövlətin siyasi iradəsinin həyata keçirilməsi vasitəsi - zor, təzyiq, dövlət adından özbaşınalıq, şəxsiyyət və ümumiyyətlə insanların müstəqil fəaliyyət azadlığının məhdudlaşdırılması, hər bir insanın fəaliyyəti və davranışı üzərində nəzarət qoyulmasıdır.
Liberal rejimdə dövlət hakimiyyəti hər bir insanın hüquq və azadlığını təmin etməyi qarşıya məqsəd qoyur, öz imkanlarını onun həyata keçirilməsinə sərf etməyə çalışır. Bu rejim əksər vaxt dövlətin özündən asılı olmayan səbəblərdən siyasi şüar olaraq qalır.
Demokratik hüquqi rejimin mahiyyəti ondadır ki, hakimiyyət xalqın ümumi iradəsini ifadə edir, qanunçuluğu qoruyur. Bütün dünya ölkələrində dövlətin bu rejimə can atma meyli vardır.
Azərbaycan 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi əsasında qəbul edilmiş Konstitusiyaya əsasən unitar respublika idarəetmə forması olan demokratik dövlətdir. MDB məkanında olan başqa dövlətlər də az fərqlə belədir (hamısı prezident respublikası idarəetmə üsulu olan demokratik dövlətlərdir).
Siyasi rejimlərin formasından asılı olmayaraq onların hamısında həmin rejimin xarakterindən asılı olaraq avtoritar və demokratik rejimin az-çox əlamətləri olur. Demokratik cəmiyyətdə avtoritarizm xüsusiyyətləri monarxiyada və aristokratiyada olduğundan onunla fərqlənir ki, burada avtoritarizm zorakılıqla, təzyiqlə deyil, demokratik yolla həyata keçirilir.
Onun əlaməti hakimiyyətin aşağıdan yuxarıyadək president, regional liderlərin əlində cəmlənməsində, iqtisadiyyatda, social sferada icraedici orqanlarının rolunun artmasında, ictimai təşkilatların və parlamentin onların fəaliyyəti üzərində nəzarətinin zəifləməsində və i.a. özünü göstərir.
Həyat dəfələrlə belə bir sadə həqiqəti təsdiq etmişdir ki, hər hansı həqiqətən səmərəli idarəetmə kənardan diktaturaya oxşar görünür.Bəzən nəhəng dövlət proqramlarını geniş demokratiya ilə yanaşı, yeri gələndə ümumi mənafenin ifadəsi olan diktaturadan, avtoritarizmdən istifadə etmədən yerinə yetirmək mümkün deyil.
Beləliklə, hər hansı tarixi dövrdə, hər hansı cəmiyyətdə dövlətin təşkilinin müxtəlif tipləri bu və ya digər dərəcədə əlaqədardır. Hər hansı cəmiyyətdə dövlətin təşkili tiplərini aydın müəyyən etmək dövlət idarəçiliyinin quruluşunu və mahiyyətini bilmək üçün mühüm əhəmiyyət kəsb edir.