“ kafedrası Mövzu: “Dövlət və bələdiyyə idarəetməsi” kursunun predmeti və vəzifləri



Yüklə 0,54 Mb.
səhifə13/57
tarix19.05.2023
ölçüsü0,54 Mb.
#117554
1   ...   9   10   11   12   13   14   15   16   ...   57
referat 3390

3.3. Dövlətin ictimai funksiyaları
Cəmiyyət həyatının müxtəlif sahələrində dövlətin əsas vəzifələrinin yerinə yetirilməsi üzrə fəaliyyətinin başlıca istiqamət və sahələrini onun funksiyaları adlandırmaq olar. Dövlətin funksiyaları onun ictimai həyatda, cəmiyyətin idarə olunması sistemində yerini və rolunu müəyyən edir.
Dövlətin fəaliyyət sahələri geniş və çoxsahəlidir, getdikcə genişlənir və daha çoxsahəli olur. Dövlətə olan ictimai münasibət, onun ictimai funksiyaları və fəaliyyət sahələrinin genişliyi onun idarəçilik funksiyalarını və sahələrini müəyyən edir. Başqa sözlə, dövlətin rolu artdıqca, ictimai funksiyaları və fəaliyyət sahələri genişləndikcə onun idarəetmə funksiyaları da genişlənir. Bu baxımdan müasir dövr əvvəlki bütün dövrlərdən əsaslı surətdə fərqlənir. Sənaye inqilabına qədər dövlətin fəaliyyət sahələri məhdud idi və o, cəmiyyətin idarə olunmasında elə bir əhəmiyyətli rol oynamırdı. Sənayeləşmə, ictimai əmək bölgüsünün, urbanizasiya proseslərinin, şəhərlərin inkişafı, xarici əlaqələrin genişlənməsi tələb etdi ki, cəmiyyətin bir çox məsələlərinin (ölkədə vətəndaş həmrəyliyinin təmin edilməsi, təhsil, qocalara qayğı, uşaqların tərbiyəsi, xarici ölkələrlə münasibətlərin tənzimlənməsi və i.a.) həllini dövlət öz üzərinə götürsün.
XIX əsrin axırlarından başlayaraq dövlətin funksiyaları, onun həll etdiyi vəzifələr sürətlə genişlənməyə başladı. XX əsrdə meydana çıxan obyektiv səbəblər və amillər dövlətin rolunun daha da artmasına, ictimai proseslərdə onun fəal iştirakına gətirib çıxardı. Bu səbəb və amillərə misal olaraq aşağıdakıları göstərmək olar:

  • Rəqabətin inkişafı və bazarın dövlət tənzimlənməsinə daha böyük ehtiyac yaranması; Dövlət tənzimlənməsinin olmadığı şəraitdə bazarda inhisarçılıq yaranır, sahibkarların hüquq bərabərliyi pozulur, iqtisadiyyatın inkişafı ləngiyir və durğunluq meylləri yaranır.

  • Cəmiyyətin sosial strukturunun dəyişməsi, dövlət qayğısına ehtiyacı olan əhalinin, yaşlı insanların xüsusi çəkisinin artması, sosial bərabərsizliyin dərinləşməsi. Dövlət məcburiyyət qarşısında qalır ki, maddi nemətlərin bölgüsünə və yenidən bölgüsünə diqqət yetirsin, əhalinin azgəlirli təbəqəsinə qayğı göstərsin.

  • Elm, mədəniyyət, təhsil və səhiyyənin inkişafına dövlət köməyinə tələbatın artması. Elmi-texniki tərəqqi, informasiya cəmiyyətinə keçid, yüksək texnologiyaların tətbiqi böyük xərclər hesabına başa gəlir və dərhal mənfəət vermədiyinə görə xüsusi investorların buna marağı olmur.

  • Təbii sərvətlərin azalması, bəzən isə tamamilə tükənməsi onların istifadəsinin dövlət tərəfindən tənzimlənməsi və istifadəsinin birinci növbədə ümummilli problemlərin həllinə yönəldilməsi vəzifələrini qarşıya qoyur.

  • Ekoloji mühitin çirklənməsi onun sağlamlaşdırılması vəzifəsini qarşıya qoyur, bu da öz növbəsində dövlət büdcəsindən çoxlu xərclər və ümummilli xarakterli qərarlar qəbul edilməsini tələb edir.

  • Antisosial, kriminal fəaliyyətin müxtəlif növ və formalarının artması və cəmiyyətə böyük ziyan vurması dövləti məcburiyyət qarşısında qoyur ki, cinayətkarlıqla, terrorizm və narkobizneslə mübarizə üçün xüsusi aparat yaratsın və maliyyələşdirsin.

  • Dövlətin cəmiyyət həyatına müdaxiləsinin genişlənməsində onun maliyyə imkanlarının, ümumi daxili məhsulda dövlət gəlirləri və xərclərinin xüsusi çəkisinin artması da mühüm rol oynayır: XX əsrin ikinci yarısında, xüsusilə son illərdə dünyanın inkişaf etmiş ölkələrində dövlət xərclərinin ÜDM-də xüsusi çəkisi daim artır. Məsələn: ABŞ, Yaponiya və İspaniyada dövlət xərclərinin ÜDM-də xüsusi çəkisi 30-35%, Niderland, Norvec və Isveçrədə 60%-ə qədər təşkil edir. Bu xərclər əsasən elmə, təhsilə, səhiyyə, sosial təminata və ölkənin müdafıəsinə yönəlmişdir.

Demokratik cəmiyyətdə dövlətin rolunun artmasını tələb edən başqa səbəbləri də göstərmək olar. Lakin, elə bu göstərilənlər də belə bir mühüm nəticəni təsdiq etməyə imkan verir ki, vətəndaş cəmiyyəti, bazar iqtisadiyyatı tənzimləyiciləri hələlik bu cəmiyyətdə ortaya çıxan çoxsaylı sosial, iqtisadi, siyasi və digər problemlərin həllini təmin edə bilmirlər. Bütün bunlar dövləti məcburiyyət qarşısında qoyur ki, cəmiyyət həyatının müxtəlif sahələrinə təşkiledici və tənzimləyici təsir göstərsin, cinayətkarlığa, narkobiznesə qarşı mübarizə üçün xeyli qüvvə və vəsait sərf etsin. Bu səbəblərdən də müasir dövrdə dövlətin cəmiyyət həyatının müxtəlif sahələrinə müdaxiləsi genişlənir. Xüsusilə ictimai məhsulun yaradılması, milli müdafıə, ictimai təhlükəsizlik, elmi bilik, vətəndaşların sosial müdafıəsi, hüquq və azadlığına təminat verilməsi, ümumi rifahın təmin edilməsi məsələlərinin həlli dövlətin birbaşa müdaxiləsi olmadan mümkün deyil.
Dövlətin funksiyalarında onun iradəsi, hakimiyyəti və fəaliyyəti reallaşdırılır. Müxtəlif dövlətlərin funksiyaları eyni deyil, az-çox fərqlidir, hətta eyni bir dövlətin funksiyaları ölkənin inkişaf səviyyəsindən asılı olaraq dəyişir. Dövlətin funksiyaları onun sosial təbiətindən, formasından (quldarlıq, feodal, kapitalist dövləti) və tipindən (demokratik, aristokratik və monarxiya) çox asılıdır. Bununla yanaşı, dövlətlər ümumi funksiyalar da yerinə yetirirlər, başqa sözlə, dövətlərin funksiyaları bir-birindən fərqlənsələr də onlarda oxşar ümumi cəhətlər də vardır.
Dövlətin funksiyalarını onun ayrı-ayrı strukturlarının (məhkəmə, hökumət, xarici işlər nazirliyi, yerli icra hakimiyyət orqanları və i.a.) funksiyalarından ayırmaq lazımdır. Ayrı-ayrı dövlət orqanlarının funksiyaları daha konkret və məhdud xarakter daşıyır və dövlətin ümumi funksiyalarının tərkib hissəsini təşkil edir.
Elmi ədəbiyyatda dövlətin funksiyalarını müxtəlif formalarda təsnifləşdirmək təşəbbüsləri var: Məsələn, əsas və qeyri-əsas funksiyalar. Əsas funksiya dövlətin əsas vəzifəsilə (məs: ölkənin müdafiəsinin təşkili - bunun üçün dövlət silahlı qüvvələri yaradılır) əlaqədardır. Qeyri-əsas funksiya (baxmayaraq ki, mühüm əhəmiyyət kəsb edir) məs: rabitə sisteminin təşkili, təbii fəlakətlə mübarizə və i.a., yaxud daimi (müəyyən hüqüq qaydalarının təmin olunması və i.a.) və müvəqqəti, keçici funksiyalar (məsələn, “soyuq müharibə” dövründə SSRİ-də raket-nüvə sənayesi yaratmaq vəzifəsi qarşıya çıxmışdı). Nəhayət, ümumi xarakterli, dövlətin təbiətindən asılı olmayan funksiyaları (məs. ölkənin müdafiəsi funksiyası) və sosial xarakterli funksiyalar, bunlar dövlətin tarixi tipindən və inkişaf səviyyəsindən asılıdır. (məs. sosialist mülkiyyətinin qorunması başqa tip dövlətlərdə yoxdur).
Dövlət hakimiyyətinin əsas mərkəzi vəzifəsi öz ərazisində yaşayan insanların xoşbəxt həyatını, hərtərəfli inkişafını təmin etməkdən ibarətdir. Dövlət mövcud iqtisadi inkişafa və müdafıəyə təminat verməlidir. Dövlətin bu ümumi vəzifəni-funksiyanı yerinə yetirməsi ölkədaxili və xarici amillərdən asılıdır. Beləliklə dövlətin funksiyalarını başlıca olaraq daxili və xarici (beynəlxalq arenada) funksiyalar formasında təsnifləşdimək hamılıqla qəbul edilir.
Hazırda elmi, tədris-metodiki ədəbiyyatlarda müasir dövlətin aşağıdakı daxili funksiyaları yerinə yetirdiyi göstərilir: siyasi, sosial, iqtisadi. Ədəbiyyatlarda bəzən dövlətin ideoloji, ekoloji, hüquq-mühafizə funksiyaları da ayrıca qeyd olunur. Lakin, hüquq-mühafızə və ideoloji funksiyalar siyasi funksiyanın, ekoloji funksiya isə sosial funksiyanın tərkib hissəsi kimi izah oluna bilər.
Dövlətin siyasi funksiyasında onun insanların xüsusi, kollektiv və ictimai həyat və fəaliyyətini qaydaya salması və təkmilləşdirməsi ifadə olunur.Başqa sözlə, dövlət öz sərhədləri daxilində mövcud olan özünə uyğun cəmiyyətin əmin-amanlıq şəraitində qorunub saxlanması və ahəngdar inkişafı, dövlətin vahidliyi və müstəqilliyinin saxlanması funksiyasını yerinə yetirir.
Dövlət bu funksiyanı qanun çərçivəsində yerinə yetirir. Dövlət bu məqsəd üçün bəzən danışığa, kompramisə gedir. Dövlət bütövlükdə cəmiyyətin nailiyyətidir və siyasi partiyalarla, kollektivlərlə, bəzən ayrı-ayrı şəxslərlə birləşib bir sinifın, qrupun, siyasi təşkilatın mənafeyini müdafiə edib digərini müdafıə etməyə bilməz. Beləliklə, dövlət özü ilə siniflər, qruplar arasında, eləcə də əhalinin ayrı-ayrı təbəqələri və insanlar arasındakı münasibətləri qanun çərçivəsində tənzim edir ki, bu münasibətlər lazımi çərçivədən çıxmasın, qanun dairəsində olsun, narazılığa, ictimai partlayışa, siniflərin bir-birinə qarşı durmasına gətirib çıxarmasın.
Dövlət sosial funksiya yerinə yetirir, yəni özünün bütün ərazisində yaşayan hər bir insanın, vətəndaşın hüquq və azadlığını, layiqli həyat şəraitini təmin edir. Dövlətin sosial funksiyası öz mahiyyətinə görə insanın təkrar istehsalı və inkişafı üçün şərait yaratmaqdan ibarətdir (normal doğum, təhsil, tərbiyə, maddi təminat və i.a.). Dövlətin sosial funksiyası insanın hüquq və azadlığının konstitusiya ilə, qanunlarla və digər normativ-hüquqi aktlarla rəsmiləşdirilməsi, qəbulu və elan edilməsilə başlanır. Lakin, bunlar sosial funksiyanın həyata keçirilməsi üçün kifayət deyil. Dövlət bu sahədə fəaliyyətini özünün bu istiqamətdə real tədbirlərilə tamamlamalıdır. Insan nə qədər azad və təminatlı olursa-olsun dövlətlə bağlıdır, bu bağlılıq onu vətəndaşa çevirir, bununla da ona möhkəmlik və sabahkı günə ümid verir. Odur ki, heç kim dövətin müdafiə, qayğı sistemindən kənarda qalmamalıdır.
Dövət qanun qarşısında insanların bərabərliyini təmin etməli, mədəniyyətin, mütərəqqi adət-ənənələrin inkişafına, şəxsiyyətin təhsil almasına və mənəvi inkişafına şərait yaratmalıdır. İnsanların azadlıq və hüquqlarının təmin olunması cəmiyyətdə adamlarla əməkdaşlıq və qarşılıqlı münasibət şəraitində həyata keçirilir. İnsanlar (istər təminatlı, istər yoxsul olsun, fərqi yoxdur) mütəşəkkil cinayətkarlıqdan və başqa çoxsaylı cınayətlərdən mühafızə olunmalıdırlar. Eyni zamanda, dövlət ölkədə konstitusiya ilə rəsmiləşdirilmiş sosial ədaləti mühafızə etməli, əhalinin imkansız qruplarına (yoxsul, şikəst, qoca, kimsəsiz) maddi və mənəvi yardım göstərməlidir.
Dövlətin mühüm daxili funksiyalarından biri onun iqtisadi funksiyasıdır. Dövlətin bütün digər funksiyalarının yerinə yetirilməsinin əsasında onun iqtisadi funksiyasının reallaşdırılması durur. Əhalinin rifah halının yaxşılaşması, müstəqilliyin, təhlükəsizliyin, siyasi sabitliyin təmin olunması, elmi- texniki tərəqqinin inkişafı əsaslı surətdə dövlətin iqtisadi funksiyasının yerinə yetirilməsindən asılıdır.
Bazar iqtisadiyyatına keçidlə əlaqədar olaraq dövlətin iqtisadiyyatın inkişafında roluna və iqtisadi funksiyasına aid fıkirlər də bir-birindən fərqlənir. Dünya praktikasında bazar münasibətləri şəraitində dövlətin iqtisadiyyatın inkişafında roluna (iqtisadi funksiyasına) aid iki bir-birinə zidd konsepsiyalar mövcuddur. Birinci konsepsiya ingilis alimi D.Keyns tərəfindən hazırlanmışdır və dövlətin iqtisadiyyatın idarə olunmasına geniş müdaxiləsini nəzərdə tutur, digər elmi-iqtisadi konsepsiya (M.Fridmen, F.Xayek) bu müdaxiləni kəskin surətdə məhdudlaşdırmağı məqsədəuyğun hesab edir.
Dövlətin iqtisadi funksiyası öz mahiyyətinə görə iqtisadi fəaliyyət üçün dövlət tərəfindən lazımi şəraitin yaradılması və qaydaların müəyyən edilməsi, işlənib hazırlanması və onun həyata keçirilməsini təmin etməkdən ibarətdir. Bunlar aşağıdakılarda ifadə olunur:

  1. Dövlət ölkə iqtisadiyyatınıb inkişafı mənafeyini müdafıə və təmin edən sahibkar kimi çıxış edir. O, ayrı-ayrı istehsal sahələri və regionların inkişafını planlaşdırır, məqsədli proqramlar, uzunmüddətli inkişaf proqnozlarının işlənib hazırlanmasını və həyata keçirilməsini təşkil və təmin edir. Azad rəqabəti təmin edir, özünü doğrultmayan inhisarçılığa qarşı mübarizə aparır, müəssisə və sahələrin inkişafını maliyyələşdirir, yeni müəssisələrin tikintisini təşkil edir.

  2. Dövlət ölkədə olan bütün əsas istehsal sahələrinin, müəssisələrin fəaliyyətini əlaqələndirir, iqtisadi və inzibati metodlardan istifadə etməklə onları tənzim və idarə edir.

  3. Bütün təsərrüfat subyektlərinin iqtisadi davranış və fəaliyyət qaydalarını, hüquqi-normativ aktlarını işləyib hazırlayır, onların tətbiqinə nəzarət edir. Bu qanunlar və hüquqi-normativ aktlar vasitəsilə dövlət müxtəlif mülkiyyət formalarının toxunulmazlığını və fəaliyyətinə bərabər şərait yaradılmasını təmin edir.

Dövlətin ideoloji funksiyası totalitar, avtoritar rejim və ya vahid bir dinin hakimliyi şəraitində onda ifadə olunur ki, o, hakim rejimi, hakim bir dinin təlimini müdafıə edir. Məs: Sovet dövründə marksizm-leninizm ideyalarını, Çində Mao Tzedun ideyalarını müdafıə edirdi. İranda, Səudiyyə Ərəbistanında islam dinini müdafıə edir. Müasir demokratik dövlətlər ideoloji plüralizm qaydalarını müəyyən edirlər. Lakin, bu o demək deyil ki, dövlət ideologiyaya əhəmiyyət vermir. Dövlət bir çox cəhətdən, o cümlədən maddi cəhətdən qabaqcıl, öz mənafeyinə uyğun gələn ideologiyanı, ümumbəşəri mədəniyyəti müdafıə edir, onların inkişafını həvəsləndirir, insanlığa xas olmayan ideyalara qarşı mübarizə aparır, onların təbliğini qanunla qadağan edir, bu qanunu pozanları cəzalandırır və i.a.
Müasir dövrdə dövlətin xarici funksiyasına bir qayda olaraq aşağıdakılar aid edilir: dövlətin dünya birliyinə inteqrasiyası, ölkənin müdafıəsi, müasir dövrün qlobal problemlərinin həllində başqa dövlətlərlə əməkdaşlıq, dünyada sülhün müdafıəsində fəal iştirak etmək. Dövlətin başqa dövlətlərlə inteqrasiyası öz ifadəsini hamı üçün ümumi problem məsələləri birlikdə həll etmək, birgə siyasi, təsərrüfat və başqa fəaliyyət üçün dövlətlərin müxtəlif birliklərinin yaradılmasında tapır. Bir çox dövlətlərin yaratdıqlan birliklər həmin dövlətlərin ayrılıqda hər birindən yüksəkdə duran təşkilat xarakteri alır və burada federalizmin elementləri təzahür edir.
Ölkənin müdafiəsi, o cümlədən başqa dövlətlər və ya onların birlikləri tərəfindən təcavüzün qarşısını almaq, dünya birliyinin kollektiv fəaliyyətinə qoşulmaq və ya fərdi fəaliyyət əsasında həyata keçirilir. Müasir qlobal problemlərin həllində əməkdaşlıq çox müxtəlif xarakter daşıyır (ekologiya, terrorçuluqla, narkotik maddələrin yayılması ilə, aclıqla mübarizə). Dünyada sülh, əmin-amanlıq şəraitinin qorunub saxlanması yalnız dünya birliyinin kollektiv vəzifəsi deyil, həm də hər bir dövlətin fərdi vəzifəsidir. Dövlət öz funksiyalarının həyata keçirilməsi üçün müxtəlif formalardan (qanunvericilik, idarəetmə, məhkəmə, nəzarət) və metodlardan (iqtisadi, inzibati, ideoloji vasitələr) istifadə edir.

Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin