Dövlət millətin hüquqi təcəssümüdür. Millətin yetkinliyi dövlətçilik mənasında onun hüquqi mədəniyyətindədir. Millətin varlığı dövlətin suverenliyində öz təzahürünü tapmalıdır, lakin dövlət hakimiyyətinə qəsdlər millətin mənafeyinə qarşıdır. Məhz idarəetmə nöqteyi-nəzərindən dövlət ictimai hakimiyyətin, yəni cəmiyyətin hakim iradəsinin xüsusi halıdır. İctimai sistemin idarə olunması dövlət idarəetməsində öz ifadəsini tapır. İctimai idarəetmə sistemi - sosiumun varlığını təmin edən və konkret ərazi və əlaqələr çərçivəsində həyata keçirilən kompleks prosedurlar və qaydalar sistemidir. Belə sistem xüsusi qaydada təsisatlanmış mərkəz vasitəsilə idarə olunur. Bir çox halda bu mərkəzin nüvəsini məhz dövlət təşkil edir.
Eyni zamanda dövlətin ikinci mənası ictimai idarəetmə sisteminin hüquqi təzahürüdür. İctimai idarəetmə sisteminin mərkəzi olan dövlət təsisatlar, səlahiyyətlər, norma və simvollar məcmusu kimi təyin edilir.
“Dövlət idarəçilik sistemi” anlayışı ictimai idarəetmə sistemində müxtəlif səpkilərdə təyin edilə bilər və yuxanda qeyd edilən elmi sahələrin təməl anlayışlarının rolu olduqca əhəmiyyətlidir. Belə anlayışlar sırasında siyasi sistem, hakimiyyət və siyasi rejim anlayışlarına diqqət yetirmək məqsədəuyğundur.
İctimai sistemin bir komponenti kimi siyasi sistem ictimai sistemdə müxtəlif qrup maraqlarının ictimai nemətlərin bölünməsi qaydaları və nəticələri uğrunda siyasi hakimiyyətə yiyələnmək vasitəsilə əmələ gələn qarşılıqlı münasibətlər sistemidir. Dövlət bir idarəetmə üsulu və vasitəsi kimi, bir çox ictimai qrupların ixtiyarında olanda, onlara digər qruplara nisbətən üstünlüklər verilmiş olur. Əgər dövlət idarəçilik sisteminin formalaşması belə meyllərin təsiri altında baş verirsə, onda sistemin strukturu və vəzifələrindəki çatışmamazlıqlar dövlətin sonrakı fəaliyyətində özünü büruzə verməyə başlayır. Və əksinə - bu proses tam konstitusion və demokratik qaydada həyata keçiriləndə, onda sistemə xas olan siyasi dəyərlər və ənənələr onu möhkəmləndirir. İlk növbədə alimlər ənənəvi və müasir cəmiyyətlərin siyasi sistemlərini fərqləndirirlər: dövlət-millət, imperiya, fraqmentar siyasi sistemlər, patrimonial sistemlər (yəni imperiya tipli cəmiyyətin və fraqmentar sistemin qoşması), totalitar dövlət, icma tipli sistem, inteqrativ sistem.
Bütün bu siyasi sistem və siyasi rejim növlərinin nəzəri-metodoloji cəhətdən öyrənilməsinin əhəmiyyəti ondan ibarətdir ki, dövlət idarəçilik sistemi yaradılarkən, onun hansı mühit və şərtlərə təsadüf etməsi onun tarixi perspektivlərini xeyli dərəcədə aydınlaşdırmış olur.
Dövlət - idarəetmə sisteminin subyekti kimi həmişə:
bütün vətəndaşların tələbatlan, maraq və amallarının ifadəçisi olmalıdır və bu istəklərin təmin olunmasına səylər göstərməlidir;
öz tarixi ərazilərində yaşayan xalqların mənliyini təmsil edən bütün amillərin təkrar istehsalına yönəlmiş ideallar, dəyərlər və ənənələrin daşıyıcısı kimi çıxış etməlidir;
cəmiyyətin etibarlı və davamlı forması olaraq, onun ictimai və legitim (yəni normativ qaydada ifadə olunmuş) hakim qüvvəsi kimi çıxış etməli və vətəndaşların həyati fəaliyyətində azadlıq, ədalət və qanunçuluğun təminatçısı olmalıdır;
ictimai yeniləşmələr dinamikasına uyğunlaşmalı, öz vətəndaşlarının təşəbbüskarlığı və yaradıcılığına arxalanmalı və ölkənin taleyinə tarixi yanaşmanı özündə kəsb etməlidir.
Qeyd edilən amillər dövlət idarəçiliyinin sistemlilik keyfiyyətlərinin müxtəlif parametrləri kimi çıxış edirlər.
4.2. Dövlət quruculuğu - dövlət idarəetmə sisteminin formalaşması prosesi kimi Dövlət idarəçilik sisteminə verilmiş təriflərdən görünür ki, sosial sistemin bir növü kimi dövlət idarəçilik sisteminin mühüm şərtləri sayılan onun elementlərinin sosial subyekt olması, mühitin isə bütün ictimai sistemdən ibarət olmasıdır. Buna görə, sistemin yaranması səbəbləri çox güman ki, onun formalaşması və inkişaf prosesinə təsir edir və onun əsas parametrlərini təyin edir. İdarəçilik sisteminin təriflərinin təhlili nəticələrinə əsaslanaraq sistemin formalaşmasının üç mümkün yolu təyin edilmişdir:
Digər proseslərin (məsələn, imperiyanın dağılması nəticəsində törəmə dövlətlərin yaranma prosesi) nəticəsində sistemin təbii təkamül yolu ilə əmələ gəlməsi;
Dövlətin mövcud idarəetmə sisteminə idarəetmə obyekti və mühit dəyişkənliyinə cavab olaraq strukturların və mexanizmlərin düşünülmüş, məqsədyönlü ardıcıllıqla islah edilməsi;
Idarəetmə subyektinin fəaliyyətində yaranmış problemlərlə bağlı olaraq (məsələn, bürokratlaşma və ya səmərəsizlik) idarəetmə yarımsisteminin yenidən qurulması və nəticə kimi idarə olunan obyektlərlə münasibətlərin və əlaqələrin yeniləşdirilməsi.
Əgər dövlət millətin hüquqi təcəssümü kimi başa düşülürsə, onda dövlətin suverenliyi millətin varlığının zəruri amili kimi qəbul edilməlidir. Dövlətin Veber tərifi bu anlayışa xas olan güc işlətmə inhisarçılığı və legitimlik kimi əlamətlərini birmənalı şəkildə qeyd edir.
İdarəetmə nəzəriyyəsi mövqeyindən yanaşdıqda dövlət ictimai hakimiyyətin təşkili və həyata keçirilməsinin xüsusi halıdır. Buna görə, əvvəlcə “İctimai idarəetmə sisteminin formalaşması” anlayışını təyin etmək zəruridir, sonra isə belə sistemin mümkün mövcudluq formalarına baxıla bilər. İctimai idarəetmə sistemi təsisatlınmış mərkəz ətrafında təşkil olunan və sosiumun müəyyən ərazidə varlığını təmin edən ixtisaslaşmış subyektlər və idarəedici təsir proseslərinin məcmusudur. Sistemin mərkəzi koordinasiya fəaliyyəti və idarəetmə funksiyalarının böyük hissəsini öz üzərinə götürür. Mərkəzin təsisatlanması (institutlaşması) üç münasibətdə təzahür edir: o, hüquqi institutdur, sosial institutdur və təşkilati institutdur. Eyni zamanda, sistemin mərkəzi - iyerarxiyaya əsaslanan və daxili struktura malik olan yarım sistemdir.
Konkret şəraitdə cəmiyyətin növündən asılı olaraq daha çox söhbət idarəetmə orqanlarının iyerarxiyası (avtoritar və ya inzibati amirlik sistemləri), sosial əlamətlər və statuslar iyerarxiyası (qəbilə, etnokratik və ya qohum-klan sistemi), ümumiləşmiş normalar iyerarxiyası (hüquqi və ya ideokratik sistem) haqqında gedə bilər. Konkret olaraq, burada söhbət yalnız iyerarxik əlaqələrin təşkilinin aparıcı prinsipindən gedir. Onlar bütün sistemlərdə mövcuddurlar, lakin fərqli sistemlərdə bir-birindən fərqli rol oynayırlar. Belə ki, idarəetmə orqanlarının iyerarxiyası hər bir dövlət idarəetmə sistemi üçün mütləqdir. Dövlət - ictimai idarəetmə sisteminin növlərindən biri kimi çıxış edir. Onun üçün sistemin təsisatlanmış mərkəzinin konkret ərazidə ictimai idarəetməni tam nəzarətdə saxlamaq, mümkün olduğu qədər onu birbaşa həyata keçirmək meylləri səciyyəvidir.
Beləliklə, mərkəz ictimai idarəetmənin digər subyektlərinə ekspansiyanı (təsir dairəsinə salınmasını) həyata keçirə bilər. Son həddə isə bu, bütün ictimai idarəetmə sistemi ilə qovuşmaqla nəticələnə bilər. Belə xarakterli quruculuq prosesi dövlətin Yakobian - maarifçi ideal modelidir və sonralar bu, totalitar rejimlərin təcrübəsində öz ifadəsini tapmışdır. Sistemin əlamətdar xassəsi kimi sosiumun varlığı üçün dövlətin vacib olmayan sahələrə müdaxilə etməsini göstərmək olar. Bu mənada dövlətləşmə prosesi (ərazi çərçivələri dəyişməz qaldığı halda) və dövlətin əmələ gəlmə proseslərini (idarəçilik ekspansiyası getdikcə bütün ərazini əhatə edir) fərqləndirmək lazımdır. Bunlardan birincisi bir ictimai idarəetmə sisteminin variantlarına aiddir, ikincisi isə yeni sistemin formalaşmasını göstərir. Əks istiqamətdə baş verən proseslər idarəetmənin dövlətsizləşməsi (dövlətin fraqmentləşməsi və dezinteqrasiyası) və müvafiq olaraq dövlətin parçalanması və süqutu, ərazi bütövlüyünün pozulması proseslərini özündə əks etdidir. Sonuncu halda yeni yaranmış ərazilərdə müstəqil idarəetmə sistemlərinin formalaşması mümkündür.
Dövlətin ikinci mənasında başa düşülən ictimai idarəetmə sisteminin hüquqi ifadəsinin oxşar sistemlərlə qarşılıqlı münasibətlər və təsirlər çərçivəsində qurulması xüsusi əhəmiyyətə malikdir. Başqa sözlə, hüquqi mənada dövlət təklikdə yarana bilməz, yalnız digər dövlətlərlə eyni zamanda və ya onların ardınca yarana bilər və bu prosesdə tipoloji cəhətdən oxşar idarəetmə sistemləri formalaşır. Misal olaraq, MDB ölkələrinin idarəetmə sistemlərinin oxşar cəhətlərini göstərmək olar.
Dövlət ictimai idarəetmə sisteminin mərkəzi hakimiyyət və idarəetmə fəaliyyətinin yeganə subyekti deyildir (totalitar dövlət və dövlət-millət formalarını istisna etməklə). İctimai idarəetmə sisteminin digər subyektləri özünün fəaliyyətlərini mərkəzin sanksiyası və onun zəmanətləri ilə həyata keçirməklə yanaşı, bir çox hallarda isə həmin mərkəzdən müstəqil çıxış edirlər (bu müstəqilliyin ən qısa və dolğun təsviri “müstəqil formalaşma - məxsusi resurslar-məxsusi səlahiyyətlər” klassik üçlüyü çıxış edir). Belə müstəqil subyekt-institutlar üç kateqoriyadan birinə aid ola bilərlər. Birincisi, bu, ictimai idarəetmənin ərazi subyektləridir. İkincisi, bu, ictimai idarəetmə sisteminin sahə və ya funksional institutlarıdır ki, onlar mərkəzə qarşı nisbi müstəqilliyə malik olurlar. Nəhayət, bunlar ictimai hakimiyyət funksiyasını ötürmə və ya zəbtetmə yolu ilə həyata keçirməyə qadir olan ictimai və özəl institut və təşkilatlar ola bilərlər.
Mərkəzin və “periferiyanın” (əyalətin) münasibətlərinin əsas məzmununu daha ümumi sayılan hakimiyyətin ərazi bölgüsü məsələsi təşkil edir. Bu məsələ və sahə bölgüsü məsələsi sonrakı fəsillərdə öyrənilir.
Öz növbəsində dövlət idarəçilik sistemi fəaliyyət prosesində cəmiyyətin siyasi sisteminə təsir göstərir, onun inkişafı və təkmilləşməsinə çalışır. Aydın olur ki, hər bir dövlətin idarəetmə sistemi müvafiq cəmiyyətin siyasi sistemi ilə səciyyələnir, mühit rolunu oynadığına görə dövlət idarəetmə sisteminin formalaşmasına və fəaliyyət göstərməsinə təsir edir. Bununla belə, bu iki sistem bir-birindən nisbətən müstəqildirlər və idarəetmə (o cümlədən, siyasi idarəetmə) vəzifəsindən fərqli olan başqa vəzifələr də daşıyırlar.
Siyasi sistemi və dövlət idarəçilik sistemini birləşdirən mühüm amil dövlətdir. Bir tərəfdən dövlət siyasi sistemin mərkəzi elementi (yarım sistemi), digər tərəfdən idarəçilik sisteminin əsas idarəetmə subyekti kimi çıxış edir. Bu əlaqənin digər amilləri də mövcuddur və onların rolu müxtəlif hakimiyyət və idarəetmə sistemlərində fərqlidir. Bunlardan əsas olanlarını nəzərdən keçirək.
Dövlət-millət. Qərbi Avropada orta əsrlərdən başlayaraq oxşar və bir-birinə daima təsir göstərən siyasi sistemlər formalaşmışdır. Bunların arasındakı bir sıra əhəmiyyətli fərqlərə baxmayaraq, yerdə qalan dünyaya qarşı götürdükdə, ictimai idarəetmənin təşkilinin müasir avropa variantları bu ümumi model çərçivəsində birləşdirilə bilərlər. Dövlət-millət (dövlətləşmiş millət və ya dövləti olan millət) - abstrakt nəzəri konstruksiyadır, Veberin təbirincə “ideal tipdir”. Konkret Avropa dövlətləri bu və digər dərəcədə bu modelə yaxınlaşırlar. Zənn etmək olar ki, bu abstrakt modelə Fransa, Danimarka və Böyük Britaniya krallığından ayrı götürülən İngiltərə bu modelə daha yaxındırlar. Bununla belə dövlət-millət çərçivəsində elə siyasi sistem modeli formalaşır ki, onun sabit əlamətlərini bir çox milli dövlətlər üçün ümumi saymaq olar.
Bu günə qədər bu, ən çox öyrənilmiş model olmaqla yanaşı XX-ci əsrin sonundan başlayaraq dövlət-millət özünün ən ciddi böhranını keçirir və yaxın gələcəkdə yalnız tarixə məxsus olacaqdır. Beləliklə, dövlət-millət ictimai idarəetmənin təşkili modelinin varlığının şərtləri və xarakterik cəhətləri aşağıdakılardır: