duymuşdum.
Doktor gülümsəyib dedi:
- Qəribə bir fantaziya! Demək, sizin zənninizcə, mən casusam?
- Bəli, mən belə güman edirəm... Yanına sınanmaq üçün
qoyulduğum adam casusdur, yoxsa doktor bunun məndən ötrü fərqi
yoxdur.
- Amma, məni bağışlayın... Siz qəribə adamsınız!
Doktor, yatağın yanındakı kürsüdə əyləşib başını məzəmmətlə
yırğaladı.
- Yaxşı, tutaq ki, siz haqlısınız, - dedi. – Fərz edək ki, mən sizi
polisin əlinə vermək üçün sizdən söz alıram. Bunun nəticəsində sizi
həbs edib məhkəməyə verirlər. Lakin məhkəmədə və ya həbsxanada
gününüz buradakından pismi keçəcək? Sizi sürgün etsələr və hətta
katorqaya göndərsələr, bu fligeldə oturmaqdan pismi olar? Zənnimizcə,
pis olmaz... Bəs nədən qorxursunuz?
Bu sözlər, deyəsən, İvan Dmitriçə təsir etdi. O, sakitcə yatağa
oturdu.
Axşam saat beşə işləyirdi. Andrey Yefimıç adətən bu vaxtlar öz
otaqlarında gəzinər və Daryuşka, pivə içmək vaxtı deyilmi, deyə ondan
soruşardı. Hava sakit və aydın idi.
Doktor:
- Nahardan sonra bir az gəzmək üçün evdən çıxmışam və
gördüyünüz kimi, sizin yanınıza gəlmişəm, - dedi. – Bayırda bahar
havası var.
İvan Dmitriç soruşdu:
- İndi hansı aydır? Martdırmı?
- Bəli, martın axırıdır.
- Bayır palçıqdır?
- Xeyr, bir qədər yox. Bağda artıq cığırlar açılıbdır.
İvan Dmitriç yuxudan təzəcə durmuş adam kimi, qızarmış gözlərini
silərək dedi:
- Belə gündə adam faytona minib şəhər kənarına seyrə çıxaydı,
sonra da evə, ilıq havalı rahat kabinetə qayıdaydı... və başının ağrısını
qabiliyyətli bir həkimə müalicə etdirəydi... Çoxdan bəridir ki, mən
insana layiq bir həyat keçirmirəm. Bura isə çox murdar yerdir!
Dözülməz dərəcədə murdardır!
O dünənki həyəcanından sonra yorğun və əzgindi, həvəssiz
danışırdı. Barmaqları titrəyirdi, üzündən başının bərk ağrıdığı bəlli
olurdu.
Andrey Yefimıç dedi:
- İlıq və rahat kabinetlə bu palata arasında heç bir fərq yoxdur.
İnsanın rahatlığı və firavanlığı onun xaricində deyil, daxilindədir.
- Necə yəni?
- Adi bir adam yaxşı və ya pis bir şeyi xaricdən, yəni fayton və
kabinetdən gözləyir, zəkalı bir adam isə bunu özündə görür.
- Bu fəlsəfəni təbliğ etmək üçün Yunanıstana getməyiniz
məsləhətdir, ora ilıqdır və havası narınc qoxusu verir, bu fəlsəfə buranın
iqliminə uyğun gəlməz. Diogen haqqında mən kiminlə danışırdım?
Sizinləmi?
- Bəli, dünən mənimlə danışırdınız.
- Diogenin kabinetə və isti otağa ehtiyacı yox idi; ora onsuz da
istidir. Çəlləyin içində otur, zeytun və portağal yeyib ləzzət çək! Amma
Rusiyada yaşamaq ona qismət olsaydı, nəinki dekabrda, hətta may
ayında da evdən bayıra çıxmazdı. Soyuq ona bir toy tutardı ki...
- Xeyr. Soyuğu və ümumiyyətlə, hər bir ağrını hiss etməmək olar.
Mark Avreli deyib ki, “ağrı – ağrı haqqında canlı bir təsəvvürdür. Bu
təsəvvürü dəyişmək üçün iradənə güc ver, onu kənara at, şikayət eləmə
- ağrı öz-özünə yox olar”. Bu, doğru fikirdir. Filosof və ya sadəcə
təfəkkürlü, zəkalı bir adam məhz bununla fərqlənir ki, iztiraba həqarətlə
baxır. O, həmişə razıdır və heç bir şeyə heyrət etmir.
- Demək, mən əzab çəkdiyim, narazı olduğum və insan rəzalətinə
heyrət etdiyim üçün axmağam.
- Siz nahaq belə danışırsınız. Əgər siz dərindən düşünsəniz, bizi
həyəcana gətirən bütün xarici aləmin nə qədər boş, əhəmiyyətsiz
olduğunu duyarsınız. Həyatı dərk etməyə çalışmaq lazımdır. Həqiqi
nemət də məhz bu dərk etməkdir.
İvan Dmitriç üz-gözünü turşudub dedi:
- Dərk etmək... Xarici, daxili... Bağışlayın, mən bunları başa
düşmürəm. – O, ayağa qalxaraq acıqla doktora baxdı və: - Mən ancaq
onu bilirəm ki, Allah məni isti qandan və əsəblərdən ibarət olaraq
yaratmışdır! – dedi. – Üzvi toxuma isə, yaşamaq qabiliyyətinə malik
olduqda, hər bir qıcıqlanmadan hərəkətə gəlməlidir. Mən özüm də
hərəkətə gəlirəm! Ağrıya çığırtı ilə və göz yaşı tökməklə, alçaqlığa –
qəzəblə, rəzilliyə - nifrətlə cavab verirəm. Məncə, bunun özü elə həyat
deməkdir. Orqanizm nə qədər alçaq olursa, o qədər az həssas olur və
qıcıqlanmaya daha zəif cavab verir; əksinə, orqanizm nə qədər yüksək
olursa, o qədər də həssas olur və həyata, mühitə qarşı münasibətini daha
qəti göstərir. Bunu bilməmək olarmı? Özünüz doktorsunuz, amma belə
boş şeylərdən xəbəriniz yoxdur! Əzab və əziyyətə nifrət etmək, həmişə
razı qalmaq və heç bir şeyə təəccüb etməmək üçün, bax, bu dərəcəyə
çatmaq lazımdır, - deyə İvan Dmitriç piy bağlamış kök mujikə işarə etdi,
- və ya gərək şiddətli iztirablara dözərək özünü elə möhkəmlədəsən ki,
hər cür həssaslığı itirəsən, yəni başqa sözlə, yaşamaqdan əl çəkəsən.
Bağışlayın, mən nə aliməm, nə filosof, - deyə İvan Dmitriç əsəbi halda
sözünə davam etdi, - və bunlardan heç başım çıxmır. Mühakimə etməyə
halım yoxdur.
- Əksinə, çox gözəl mühakimə edirsiniz.
- Özünüzü bənzətdiyiniz stoistlər çox gözəl adamlardır, ancaq
onların nəzəriyyəsi hələ iki min il bundan qabaq donub qaldı, bir qarış
belə irəliləmədi və irəliləməyəcəkdir də, çünki bu nəzəriyyə əməli və
həyati deyildir. Bu, yalnız öz həyatını hər cür nəzəriyyələri təhlil və
təshih etməklə keçirən azlıq arasında müvəffəqiyyət qazana bildi,
əksəriyyət isə bunu anlamırdı. Sərvətə və həyat rahatlığına laqeydlik,
iztirablara və ölümə nifrət təbliğ edən nəzəriyyə isə böyük əksəriyyət
üçün tamamilə anlaşılmazdır, çünki bu əksəriyyət heç vaxt var-dövlət,
həyat rahatlığı görməmişdir; bu əksəriyyət üçün iztiraba nifrət etmək,
həyatın özünə nifrət etmək deməkdir, çünki insanın bütün varlığı aclığı,
soyuğu, həqarəti, itkini və ölüm qarşısında Hamlet qorxusunu hiss
etməkdən ibarətdir. Bütün həyat da bu hadisələr üzərində qurulmuşdur:
həyatdan usanmaq olar, ona nifrət etmək olar, lakin ona həqarətlə
baxmaq yaramaz. Bəli, təkrar edirəm ki, stoist təliminin heç vaxt
gələcəyi ola bilməz, halbuki, gördüyünüz kimi, mübarizə, ağrıya qarşı
həssaslıq və qıcıqlanmaya cavab vermək qabiliyyəti əzəl vaxtdan
indiyədək tərəqqi etməkdədir.
İvan Dmitriç birdən fikrinin izini itirib dayandı və təəssüflə alnının
tərini sildi. Sonra:
- Mühüm bir şey deyəcəkdim, heyif ki, unutdum, - dedi. – Nə
deyəcəkdim? Aha, yadıma düşdü: stoistlərdən biri yaxın bir dostunu
azad etdirmək üçün, özünü bir qul kimi satmışdı. Görürsünüzmü,
demək, stoist də qıcıqlanmaya cavab verirmiş, çünki yaxın dostunun
yolunda canından keçmək kimi alicənab bir hərəkət üçün qəzəblənmiş
rəhmli bir qəlb lazımdır. Mən öyrəndiklərimin hamısını bu həbsxanada
unutmuşam, yoxsa yenə də bir şey xatırlardım. Həzrət İsanı götürək. İsa
həqiqi varlığa ağlamaq, gülümsəmək, kədərlənmək, acıqlanmaq, hətta
qüssələnməklə cavab verirdi; o, iztirabları təbəssümlə qarşılamır və
ölümə nifrət bəsləmir, o, bu fəlakətdən yaxa qurtarmaq üçün Gefsiman
bağında ibadət eləyirdi.
İvan Dmitriç gülüb oturdu.
- Tutaq ki, insanın rahatlığı və firavan dolanması xarici mühitdən
deyil, onun daxilindən asılıdır, - dedi. – Tutaq ki, iztiraba nifrət
bəsləmək və heç bir şeyə heyrət etməmək lazımdır. Lakin siz bunu nəyə
əsasən təbliğ edirsiniz? Siz alimsiniz? Filosofsunuz?
- Xeyr, mən filosof deyiləm, lakin bunu ağıllı fikir olduğu üçün hər
kəs təbliğ etməlidir.
- Yox, mən bilmək istəyirəm ki, niyə siz dərk etmək, iztiraba nifrət
bəsləmək və sairədə özünüzü səlahiyyətli hesab edirsiniz? Məgər siz
ömrünüzdə iztirab çəkməmisiniz? İztirabın nə olduğunu bilirsiniz?
Bağışlayın, sizi heç uşaqlıqda qamçı ilə döyüblər?
- Xeyr, mənim ata-anam fiziki cəzaya nifrət edirdilər.
- Məni isə atam rəhmsizcəsinə döyərdi. Atam yorğun, əzgin və sərt
xasiyyətli bir məmur idi, burnu uzun, boynu sarı idi. Lakin gəlin sizin
barənizdə danışaq. Bütün ömrümüz boyu sizə heç kəs barmağının ucu
ilə belə toxunmamış, heç kəs sizi qorxutmamış, döyməmişdir, siz öküz
kimi sağlamsınız, atanızın qanadı altında böyümüş və onun hesabına
oxumuşsunuz, sonra birdən-birə işi az, maaşı çox olan qulluğa
girmisiniz. İyirmi ildən artıq yanacağı, işığı, qulluqçusu olan havayı
mənzildə yaşamısınız və istədiyiniz kimi, istədiyiniz qədər işləmək,
hətta heç işləməmək hüququna malik olmusunuz. Siz təbiətcə tənbəl,
lırt bir adamsınız, ona görə də həyatınızı elə qurmağa çalışıbsınız ki,
sizi heç bir şey narahat eləməsin və yerinizdən dəbərtməsin. İşlərinizi
feldşerə və ya başqa yaramaz adamlara təhvil verib, özünüz isti və sakit
bir yerdə oturmusunuz, vaxtınızı pul toplamaqla, kitab oxumaqla,
cürbəcür yüksək mənasızlıqları düşünməklə və (İvan Dmitriç doktorun
qırmızı burnuna baxdı) sərxoşluq sərxoşluq etməklə keçirmisiniz.
Xülasə, həyatı görməmisiniz, onu əsla tanımırsınız, həqiqətlə isə yalnız
nəzəri cəhətdən tanış olmusunuz. İztiraba nifrət bəsləməyinizin və heç
bir şeyə heyrətlənməmənizin səbəbi isə olduqca sadədir: mənasız
fikirlər və qayğılar, həyata, iztirablara və ölümə xaricən və daxilən
nifrət bəsləmək, həyatın mahiyyətini dərk etmək cəhdləri, həqiqi nemət
– bütün bu fəlsəfə Rusiya tənbəlləri üçün ən əlverişli bir şeydir.
Məsələn, siz bu mujikin öz arvadını döydüyünü görürsünüz. Niyə
müdaxilə edəsiniz? Qoy döysün, onsuz da hər ikisi gec-tez öləcəkdir;
həm də döyən adam öz şapalaqları ilə, döydüyü adamı yox, özünü
təhqir edir. Sərxoşluq etmək axmaq, ədəbsiz bir hərəkətdir, lakin içsən
də öləcəksən, içməsən də. Görürsən, bir arvad gəlib diş ağrısından
şikayət edir... Nə olsun ki? Ağrı, ağrını təsəvvür etməkdir və bir də
dünyada xəstəliksiz yaşamaq olmaz, hamımız öləcəyik, ona görə də
arvadı başından rədd elə, o sənin düşünməyinə və araq içməyinə mane
olur. Gənc bir oğlan nə eləmək, nə cür yaşamağı öyrənmək üçün
yanınıza məsləhətə gəlir; başqası cavab verməzdən əvvəl bir az
düşünərdi, sizin isə cavabınız hazırdır: həyatı dərk etməyə və ya həqiqi
neməti əldə etməyə çalış. Əcəba, bu fantastik “həqiqi nemət nə olan
şeydir? Əlbəttə, buna cavab yoxdur. Bizi burada barmaqlıq arxasında
saxlayır, canımızı çürüdür, bizə əzab verirlərsə, bu çox gözəl və ağıllı
işdir, çünki bu palata ilə isti, rahat kabinet arasında heç bir fərq yoxdur.
Əlverişli fəlsəfədir; görüləcəkbir iş yox, vicdanın təmiz, özünü də bir
alim kimi hiss edirsən... Xeyr, cənab, buna fəlsəfə, təfəkkür, geniş baxış
demək olmaz, bu tənbəllik, sehrbazlıq, sayıqlamadır. Bəli!- deyə İvan
Dmitriç yenə acıqlandı. – İztiraba nifrət edirsiniz, amma barmağınız
qapı arasında qalsa elə bağırarsınız ki, boğazınız yırtılar!
Andrey Yefimıç həlimcəsinə gülümsəyərək dedi:
- Bəlkə bağırmaram...
- Bəli, inandıq. Məsələn, sizi iflic vursa, ya, tutaq ki, axmaq və
alçaq bir adam, öz mövqeyindən və rütbəsindən istifadə edərək, sizi
camaat qarşısında təhqir etsə və siz ona cəza verilməyəcəyini bilsəniz,
adamları başından eləyib həyati idraka və həqiqi nemətə doğru
yönəltmənin nə olduğunu anlarsınız.
Andrey Yefimıç zövqündən güldü və əllərini ovuşduraraq dedi:
- Bu çox maraqlıdır. Sizin ümumiləşdirməyə olan meyliniz məni
heyrətə salır, mənə indicə verdiyiniz xarakteristika misilsizdir. Etiraf
etməliyəm ki, sizinlə apardığım söhbət mənə böyük zövq verir. Mən
sizi dinlədim, indi də xahiş edirəm məni dinləyəsiniz.
XI
Bu söhbət təqribən bir saat daha davam etdi və görünür, Andrey
Yefimıça dərin təsir bağışladı. Bundan sonra o hər gün fligelə gəlməyə
başladı. Oraya səhərlər və nahardan sonra gəlirdi və çox vaxt İvan
Dmitriçlə söhbəti qaranlıq düşənədək davam edirdi. İvan Dmitriç
əvvəllər ondan qaçır, onun gizli bir niyyətdə olduğundan şübhələnir və
ondan zəhləsi getdiyini açıq bildirirdi, sonra isə ona öyrəşib öz qaba
rəftarını təvazökar- kinayəli bir əlaqəyə çevirdi.
Bir azdan sonra bütün xəstəxanaya şayiə yayıldı ki, doktor Andrey
Yefimıç 6 №- li palataya gəlib- getməyə başlayıb. Heç kəs- nə feldşer,
nə Nikita, nə də xəstə baxıcıları doktorun oraya nə üçün getdiyini, nə
üçün orada saatlarla oturduğunu, nə barədə danışdığını və nə üçün
resept yazmadığını heç cür başa düşmürdü. Doktorun hərəkətləri adama
qəribə gəlirdi. Mixail Averyanıç çox vaxt onu evdə tapmırdı, halbuki
qabaqlar heç belə ittifaq düşməzdi. Daryuşkanın da ovqatı təlx idi;
çünki dostları pivəni daha vaxtında içmir və bəzən hətta nahara da
gecikirdi.
Bir dəfə iyunun axırlarında, doktor Xobotov bir iş üçün Andrey
Yefimıçın yanına gəlmişdi; onu evdə tapmadı, həyətə çıxıb axtarmağa
başladı; həyətdəkilər dedilər ki, doktor ruhi xəstələrin yanına gedib
Xobotov fligelə girib dəhlizdə durdu və belə bir söhbət eşitdi.
- Bizim əqidəmiz müxtəlifdir, siz məni öz məsləkinizə sarı cəlb edə
bilməzsiniz, - deyə İvan Dmitriç əsəbi halda danışırdı. – Siz həyatla
bilmərrə tanış deyilsiniz və ömrünüz uzunu heç vaxt iztirab
çəkməmisiniz,
mən
isə
anadan
olduğum
gündən indiyədək
arasıkəsilməz əzab çəkmişəm, ona görə də açıq deyirəm: mən özümü
sizdən yüksək və hər bir cəhətcə məlumatlı hesab edirəm. Mənim
başıma ağıl qoymayın.
Andrey Yefimıç dediklərinin anlaşılmadığını təəssüf edərək sakitcə
dedi:
- Mən sizi heç də öz etiqadıma cəlb etmək iddiasında deyiləm. İş
bunda deyil, dostum. Məsələ onda deyil ki, siz iztirab çəkmisiniz, mən
yox. İztirab və sevinc keçicidir. Bunlardan əl çəkək. İş ondadır ki, siz
və mən fikirləşirik, bir-birimizdə düşünmək və mühakimə etmək
qabiliyyəti olduğunu görürük; bu hal, əqidələrimiz nə qədər müxtəlif
olursa-olsun, bizi həmrəy edir. Bilsəniz, dostum, ümumi səfihlik,
korazehinlik, kütlük zəhləmi nə qədər tökübdür və hər dəfə sizinlə
söhbət eləməkdən nə qədər xoşlanıram! Siz ağıllı adamsınız, mən
sizdən zövq alıram.
Xobotov qapını bir verşok qədər aralayıb palataya baxdı; başında
kalpak olan İvan Dmitriçlə doktor Andrey Yefimıç yataqda yan-yana
oturmuşdular. Dəli üz-gözünü qırışdırır, diksinir və ya rəşə ilə xalatına
bürünürdü, doktor isə, başını aşağı dikib, sakitcə oturmuşdu, üzü
qırmızı, qüssəli idi, onda bir acizlik ifadəsi vardı. Xobotov çiyinlərini
qısıb gülümsündü və Nikitanın üzünə baxdı. Nikita da çiyinlərini çəkdi.
Ertəsi gün Xobotov feldşerlə birlikdə fligelə gəldi. Hər ikisi
dəhlizdə durub içəridə gedən söhbəti dinləməyə başladı.
Xobotov fligeldən çıxarkən dedi:
- Bizim qoca, deyəsən, çox qorxub.
Sergey Sergeiç təmiz silinmiş çəkmələrin bulamasın deyə,
gölməçələrin kənarı ilə üsulluca keçərək:
- Pərvərdigara, biz günahkar bəndələrinin günahından keç! – deyə
ah çəkdi. – Sözün düzü, hörmətli Yevgeni Fyodorıç, mən bunu çoxdan
gözləyirdim.
XII
Bu əhvalatdan sonra Andrey Yefimıç hər tərəfində əsrarəngiz şeylər
müşahidə etməyə başladı. Mujiklər, xəstə baxıcıları və xəstələrona rast
gəldikdə sualedici nəzərlə ona baxır və sonra pıçıldaşırdı. Nəzarətçinin
qızı Maşaya xəstəxana həyətində rast gəlməyi sevən doktor, indi də,
qızın başını sığallamaq üçün təbəssümlə ona yaxınlaşdıqda, nədənsə qız
ondan qaçırdı. Poçt müdiri Mixail Avreyanıç dinlərkən əvvəlki kimi
“Tamamilə doğrudur demir, anlaşılmaz bir pərtliklə “hə-hə” deyə
mızıldayır, dalğın-dalğın və kədərlə ona baxırdı, nədənsə o öz dostuna
araq və pivəni tərgitməyi məsləhət görməyə başlamışdı, lakin mərifətli
adam olduğundan, o bunu açıq söyləmirdi, eyhamla deyirdi: gah
misilsiz adam olan bir nəfər batalyon komandirindən, gah da yaxşı bir
polk keşişindən danışırdı, bunlar çox içməkdən xəstələnmişdilər, lakin
içkini tərgidən kimi tamamilə sağalmışdılar. İş yoldaşı Xobotov iki-üç
dəfə Andrey Yefimıçın yanına gəlmişdi; o da spirtli içkiləri tərgitməyi
məsləhət görürdü və heç bir bəhanə olmadan bromlu kalium içməyi
məsləhət görürdü.
Avqust ayında Andrey Yefimıç bələdiyyə rəisindən bir məktub aldı.
Rəis çox mühüm bir məsələ üçün onun gəlməsini xahiş edirdi. Andrey
Yefimıç təyin olunmuş vaxtda bələdiyyə idarəsinə, orada qoşun rəisini,
qəza məktəbinin ştat nəzarətçisini, bələdiyyə idarəsi üzvünü, Xobotovu
və kök, sarışın bir cənab gördü, bu axırıncını Andrey Yefimıça həkim
sifətilə təqdim etdilər. Polyak familiyası çətin tələffüz edilən bu həkim
şəhərin otuz verstliyində olan at zavodunda yaşayırdı, indi yolüstü
şəhərə gəlmişdi.
- Burada sizin işinizə dair bir ərizə var, - deyə hamı bir-birilə
görüşüb stol başına oturduqdan sonra bələdiyyə idarəsinin rəisi, Andrey
Yefimıça müraciət etdi. – Yevgeni Fyodoriç deyir ki, baş korpusda
aptekin yeri darısqaldır, onu fligellərdən birinə köçürmək lazımdır.
Əlbəttə, bu, düzələn şeydir, ancaq əsas odur ki, fligeli təmir etmək
lazım gələcəkdir.
Andrey Yefimıç bir az düşündükdən sonra dedi:
- Bəli, təmirsiz keçinmək mümkün olmayacaq. Məsələn, apteki
küncdəki fligelə köçürtsək, buna, məncə, azı beş yüz manat pul sərf
etmək lazımdır. Bu, səmərəsiz xərcdir.
Bir az susdular.
Andrey Yefimıç sakit səslə sözünə davam etdi:
- Mən hələ on il əvvəl rəsmi məlumat vermişdim ki, bu xəstəxana
hazırkı halında, şəhərin vəsaitini nəzərə aldıqda, onun üçün bəzəkdən
başqa bir şey deyil. Xəstəxana qırxıncı illərdə tikilmişdir, lakin o
vaxtlar vəsait imkanı bambaşqa idi. Şəhərimiz lazımsız tikililərə və
artıq vəzifələrə çox böyük məbləğlər sərf edir. Mənim zənnimcə, başqa
qayda olsaydı, bu pullara iki nümunəvi xəstəxana saxlamaq olardı.
Bələdiyyə idarəsinin rəisi cəld dedi:
- Nə olar, gəlin təzə qayda qoyaq!
- Bu xüsusda öz rəyini demək şərəfi mənə artıq nəsib olmuşdur: tibb
işlərinin zemstvo ixtiyarına verilməsini məsləhət görmüşəm.
Sarışın həkim:
- Bəli, bəd olmaz, pulları zemstvoya verin o da oğurlasın, - deyə
güldü.
Bələdiyyə idarəsinin üzvü də gülərək:
- O daha ümumi qaydadır, - deyə onunla razılaşdı.
Andrey Yefimıç əzgin və tutqun bir baxışla sarışın həkimə baxıb
dedi:
- Ədalətli olmaq lazımdır.
Yenə susdular. Çay gəldi. Nədənsə bərk pərtləşmiş qoşun rəisi əlini
stolun üstündən Andrey Yefimıçın əlinə yavaşca toxundurub dedi:
- Bizi lap yaddan çıxarmısınız ha, doktor. Amma orası var ki, siz
rahibsiniz; kart oynamırsınız, qadınları xoşlamırsınız. Bizimlə oynamaq
sizi darıxdırır.
Hamı qanacaqlı bir adam üçün bu şəhərdə yaşamağın nə qədər
qüssəli olduğundan danışmağa başladı. Nə ağıllı-başlı teatr var, nə
musiqi var, bir neçə gün bundan əvvəl klubda düzəldilmiş rəqs
gecəsində iyirmi nəfər xanım olduğu halda, yalnız ikicə kavaler vardı.
Gənclər rəqs etmir, ya bufetin ətrafında hərlənir, ya da kart oynayırdılar.
Andrey Yefimıç yavaşca, heç kəsə baxmadan, danışmağa başladı ki,
təəssüf olsun, şəhərlilər öz həyat energiyasını, öz qəlbini və ağlını kart
oynamağa və dedi-qoduya sərf edirlər, vaxtlarını maraqlı söhbətlə və
mütaliə ilə keçirtməyi bacarmır, ağlın verdiyi zövqdən istifadə etmək
istəmirlər. Yalnız ağıl maraqlı və gözəldir, qalan nə varsa xırda,
əhəmiyyətsiz və alçaq şeylərdir. Xobotov öz iş yoldaşlarına diqqətlə
qulaq asırdı. Birdən o soruşdu:
- Andrey Yefimıç, bu gün ayın neçəsidir?
Cavab aldıqdan sonra, o sarışın həkim, öz bacarıqsızlığını duya-
duya imtahan edən adamlar kimi, Andrey Yefimıçdan bu günün adını ,
ildə neçə gün olduğunu və 6 №-li palatada doğrudanmı qəribə bir
peyğəmbər yaşadığını soruşmağa başladı.
Sonuncu suala cavab verərkən Andrey Yefimıç qızarıb dedi:
- Bəli, o, xəstədir, ancaq çox maraqlı gəncdir.
Ona daha heç bir sual vermədilər.
Andrey Yefimıç dəhlizdə paltosunu geyərkən, qoşun rəisi əlini onun
çiyninə qoydu və köksünü ötürərək dedi:
- Biz qocaların istirahət etmək vaxtı çatıbdır.
Andrey Yefimıç bələdiyyə idarəsindən çıxarkən, bu adamların onun
əqli qabiliyyətini yoxlamaq üçün təyin edilmiş bir komissiya olduğunu
anladı. Ona verilən sualları xatırlayıb qızardı və nədənsə, ömründə ilk
dəfə təbabət elminə bərk yazığı gəldi. Həkimlərin indicə onu tədqiq
etdiklərini xatırlayıb düşündü: “Pərvərdigara, bunlar ki, hələ bu yaxında
Dostları ilə paylaş: |