№-li palata I



Yüklə 427,51 Kb.
Pdf görüntüsü
səhifə5/6
tarix14.01.2017
ölçüsü427,51 Kb.
#5556
1   2   3   4   5   6

psixiatriyanı keçib imtahan veriblər. Bəs bu cəhət, nadanlıq haradandır? 

Bunlar ki, psixiatriyadan heç bir şey başa düşmürlər!”. 

      O, ömründə ilk dəfə özünü təhqir olunmuş hesab etdi və acığı tutdu. 

      Mixail  Averyanıç  həmən  günün  axşamı  onun  yanına  gəldi.  Poçt 

müdiri  salamlaşmadan  ona  yanaşıb  əllərindən  tutdu  və  həyəcanlı  bir 

səslə dedi: 

      - Əziz dostum, mənim sizə bəslədiyim səmimi hörmətə inandığınızı 

və  məni  dost  saydığınızı  sübut  edin...  –  O,  Andrey  Yefimıçın 

danışmasına  mane  olaraq  həyəcanla  davam  etdi:  -  Dostum!  Mən  sizi 

mərifətli  və  alicənab  olduğunuza  görə  sevirəm.  Məni  dinləyin,  əzizim. 

Elmin  qaydaları  həkimləri  məcbur  edir  ki,  həqiqət  sizdən  gizlətsinlər, 

lakin mən həqiqi bir əsgər kimi açıq-aşkar deyirəm: siz xəstəsiniz. Məni 

bağışlayın,  dostum,  amma  bu  həqiqətdir,  bunu  ətrafdakıların  hamısı 

artıq çoxdan müşahidə ediblər. Bu saat doktor Yevgeni Fyodorıç mənə 

dedi ki, Andrey Yefimıç, öz sağlamlığını qorumaq üçün istirahət etmək 

və  əylənmək  lazımdır.  Tamamilə  doğrudur!  Gözəl  təklifdir!  Bu 

günlərdə  mən  məzuniyyət  alıb,  havanı  dəyişmək  üçün  başqa  yerə 

gedəcəyəm.  Mənimlə  dost  olduğunuzu  sübut  edin,  bir  yerdə  gedək! 

Keçmişləri, cavanlığımızı yada salaq. 

      Andrey Yefimıç düşünərək dedi: 

      - Mən özümü tamamilə sağlam hesab edirəm. Gedə bilməyəcəyəm. 

İzin verin, dostluğumu sizə başqa yolla sübut edim. 

      Bir  səbəb  olmadan,  kitabsız,  Daryuşkasız,  pivəsiz  başqa  bir  yerə 

getmək  iyirmi  il  ərzində  qurulmuş  bir  qaydanı  birdən-birə  pozmaq,  - 

belə  bir  ideya  ilk  dəqiqədə  ona  vəhşi  və  fantastik  göründü.  Lakin 

bələdiyyə  idarəsindəki  söhbəti  və  oradan  evə  qayıdarkən  əhvalının 

pozulduğunu xatırladı və axmaq adamların onu dəli hesab etdikləri bir 

şəhərdən az bir müddətə başqa bir yerə getmək fikri xoşuna gəldi. 

      - Siz axı hara getmək fikrindəsiniz? – deyə soruşdu. 

      -  Moskvaya,  Peterburqa,  Varşavaya...  Varşavada  mən  beş  il 

yaşamışam. Həyatımın ən xoşbəxt illərini orada keçirmişəm. Nə gözəl 

şəhərdir! Gedək mənimlə, əzizim! 

 

                                                    XIII 



 

      Bir  həftədən  sonra  Andrey  Yefimıça  təklif  etdilər  ki,  istirahətə 

getsin, yəni istefa versin. Bu təklif ona çox da, təsir etmədi. Bir həftə də 

keçdikdən  sonra  o,  Mixail  Averyanıçla  bərabər  poçt  tarantasına  minib 



ən  yaxında  olan  dəmiryol  stansiyasına  getdi.  Günlər  sərin  və  aydın 

keçirdi, göy üzü mavi, üfüqlər şəffaf idi. Stansiyayadək iki yüz verstlik 

yolu iki günə getdilər və yolda iki dəfə gecələdilər. Poçt stansiyalarında 

pis  yuyulmuş  stəkanlarda  çay  verdikdə  və  ya  atları  gec  qoşduqda, 

Mixail Averyanıç hirsindən qızarır, bütün vücudu ilə əsir və “Sus! Çox 

danışma!”  deyə  bağırırdı.  Tarantasda  oturarkən  isə,  bir  dəqiqə  belə 

susmaq  bilmədən,  öz  Qafqaz  və  Polşa  səyahətindən  nağıl  edirdi.  Nə 

qədər  başına  macəralar  gəlmiş,  nə  qədər  xoş  təsadüflər  olmuşdu!  O, 

ucadan  danışır  və  danışarkən  gözlərində  elə  bir  heyrət  ifadəsi  əmələ 

gəlirdi  ki,  adam  onun  yalan  danışdığını  zənn  edirdi.  Bundan  başqa,  o, 

nağıl  edərkən,  nəfəsini  Andrey  Yefimıçın  üzünə  verir  və  qəhqəhə  ilə 

güləndə  ağzını  onun  qulağına  tuturdu.  Bu,  doktorun  xoşuna  gəlmir, 

onun düşünməyinə və fikrini toplamağa mane olurdu. 

      Dəmir  yolu  ilə,  qənaət  üçün,  üçüncü  klasda,  papiros  çəkməyənlərə 

məxsus  vaqonda  gedirdilər.  Sərnişinlərin  yarısı  yuxarı  təbəqədən  olan 

adamlar  idi.  Mixail  Averyanıç  çox  çəkmədən  sərnişinlərin  hamısı  ilə 

tanış  oldu.  O,  skamyadan-skamyaya  keçərək,  belə  biabırçı  yollarla 

getməyə dəyməz, - deyə ucadan danışırdı. – Hər yerdə dələduzlar yuva 

salıblar!  At  belində  getmək  bundan  min  dəfə  yaxşıdır:  bir  gündə  yüz 

verst yol getdikdən sonra özünü sağlam və gümrah hiss edirsən. Qıtlığa 

gələndə,  qıylığın  səbəbi  odur  ki,  Pinsk  bataqlıqlarını  qurudublar. 

Ümumiyyətlə,  qayda-qanunsuzluq  həddini  aşıbdır.  O  özündən  çıxır, 

ucadan  danışır  və  başqalarını  danışmağa  qoymurdu.  Bu  tükənməz 

boşboğazlıq,  uca  qəhqəhələr  və  ifadəli  hərəkətlər  Andrey  Yefimıçı 

yorurdu.  “Hansımız  dəliyik?”  –  deyə  təəssüflə  düşünürdü.  –  Heç  bir 

şeylə  sərnişinləri  narahat  etməməyə  çalışan  mənmi,  yoxsa  özünü 

buradakıların hamısından ağıllı və yaraşıqlı sayan və buna görə də heç 

kəsə dinclik verməyən bu xudpəsəndmi? 

      Moskvada  Mixail  Averyanıç  paqonsuz  zabit  sürkutu  və  qırmızı 

qaytanlı şalvar geydi. O, küçədə hərbi furajkada və şineldə gəzdiyi üçün 

soldatlar  ona  təzim  edirdilər.  Andrey  Yefimıça  indi  elə  gəlirdi  ki,  bu, 

vaxtilə  malik  olduğu  ağalıq  sifətlərindən  yaxşılarını  bilmərrə  unutmuş 

və  xarabalarını  mühafizə  etmiş  bir  adamdır.  O,  heç  lazım  olmadığı 

halda  belə,  ona  xidmət  göstərilməsini  sevirdi.  Kibrit  qutusu  stol  üstə 

olduğu  halda,  o  özünü  görməməzliyə  vurub,  lakeyə  bağırır,  kibrit 

gətirilməsini  əmr  edirdi,  qulluqçu  qızın  qabağında  köynək-tumanda 

gəzməkdən  utanmırdı,  lakeylərin  hamısını,  qocaları  belə  “sən”  deyə 

çağırır,  acıqlananda  onları  axmaq  və  səfeh  adlandırırdı.  Bu  cür  rəftar 

Andrey Yefimıça ağayana, lakin iyrənc görünürdü. 


      Mixail  Averyanıç  öz  dostunu  əvvəlcə  İverski  kilsəsinə  apardı.  O, 

ürəkdən  dua  edir,  gözlərindən  yaş  axıdaraq  səcdəyə  düşürdü,  duanı 

oxuyub qurtardıqdan sonra isə dərin bir ah çəkib dedi: 

      - Adamın etiqadı olmasa da, dua eləyəndən sonra, nədənsə, təskinlik 

tapır. Siz də dua eləyin, əzizim. 

      Andrey Yefimıç pərt oldu və əyilib təsviri öpdü. Mixail Averyanıç 

isə  dodaqlarını  şişirtdi  və  başını  yırğalayaraq,  pıçıltı  ilə  dua  oxudu, 

gözləri yenə yaşardı. Sonra Kremlə gedib tras-puşkaya və tsar-kolokola 

tamaşa  etdilər  və  hətta  əlləri  ilə  də  onlara  toxundular. 

Zamoskvoreçyenin  mənzərəsini  seyr  etdilər.  Spasitel  kilsəsini  və 

Rumyantsev muzeyini ziyarət etdilər. 

      Naharı  Testovun  restoranında  elədilər.  Mixail  Averyanıç  saqqalını 

tumarlayaraq xörəklərin adlarına xeyli baxdı və restoranlarda özünü öz 

evindəki kimi sərbəst hiss edən bir qarınqulu kimi dedi: 

      - Görək bu gün bizi nəyə qonaq edəcəksiniz, mələk! 

 

                                                    XIV 



 

      Doktor  gəzir,  baxır,  yeyir,  içir,  lakin  bircə  şey  hiss  edirdi:  Mixail 

Averyanıçın  hərəkətləri  onun  zəhləsini  tökmüşdü.  Öz  dostundan 

qaçmaq,  gizlənmək  istəyirdi,  dostu  isə  onu  gözdən  qoymamağa  və 

mümkün  qədər  çox  əylənməyə  çalışırdı.  Tamaşa  ediləcək  bir  şey 

olmayanda  onu  öz  söhbətləri  ilə  əyləndirirdi.  Andrey  Yefimıç  iki  gün 

dözdü,  üçüncü  gün  xəstə  olduğunu  və  buna  görə  də  bütün  günü  evdə 

qalacağını bildirdi. Dostu da onun xatiri üçün evdə qalacağını söylədi. 

Doğrudan da dincəlmək lazımdır, yoxsa bu qədər gəzməyə ayaq davam 

gətirməz. Andrey Yefimıç divana uzanıb üzünü divanın söykənəcəyinə 

çevirdi  və  canını  dişinə  tutub  dostunun  boşboğazlığını  dinləməyə 

başladı;  dostu  qızğın-qızğın  danışaraq  inandırırdı  ki,  Fransa  gec-tez 

Almaniyanı  darmadağın  eləyəcək,  Moskvada  dələduz  adamlar  çoxdur 

və atın zahirindən onun yaxşı-yamanlığını təyin etmək olmaz. Doktorun 

qulaqları səs salırdı, ürəyi şiddətlə döyünməyə başlamışdı, bununla belə 

ədəb  gözləyərək  dostunun  çıxıb  getməsini  və  ya  susmasını  xahiş  edə 

bilmirdi. Xoşbəxtlikdən Mixail Averyanıç nömrədə oturmaqdan darıxdı 

və nahardan sonra gəzməyə çıxdı. 

      Andrey  Yefimıç  tək  qalıb  istirahət  hissinə  daldı.  Divanda 

qımıldanmadan  uzanmaq  və  otaqda  tək-tənha  olduğunu  düşünmək  nə 

qədər  xoşdur!  Tənhalıq  olmadan  həqiqi  səadət  mümkün  deyil.  İblis, 

yəqin,  başqa  mələklərin  bilmədiyi  təkliyi  arzuladığı  üçün,  Allaha 



xəyanət etmişdir. Andrey Yefimıçın son günlər ərzində gördüklərini və 

eşitdiklərini  düşünmək  istəyirdi,  lakin  Mixail  Averyanıç  heç  cür  onun 

başından çıxmırdı. 

      “Axı o, dostluğundan, alicənablığından  məzuniyyət götürüb buraya 

gəlmişdir,  -  deyə  doktor  təəssüflə  düşünürdü.  –  Bu  dostluq 

qəyyumluğundan  daha  pis  şey  yoxdur.  Bunca  xoşdil,  səxavətli,  nəşəli 

olduğu halda yenə darıxdırıcı adamdır. Dözülməz dərəcədə cansıxıcıdır. 

Həmişə  ağıllı  və  gözəl  sözlər  danışan  bunun  kimi  adamlara  yaxından 

baxdıqda küt olduqları anlaşılır”. 

      Bundan  sonrakı  günlərdə  Andrey  Yefimıç  özünü  xəstəliyə  vurub, 

nömrədən  bayıra  çıxmırdı.  Dostu  onu  öz  söhbəti  ilə  əyləndirməyə 

başlayanda  o,  üzünü  divanın  söykənəcəyinə  tutub  darıxırdı,  dostu 

olmayanda  isə  bu  vəziyyətdə  uzanıb  istirahət  edirdi.  Buraya  gəldiyi 

üçün  özünə  və  gündən-günə  daha  boşboğaz  və  şitəngi  olan  dostuna 

acığı tuturdu, öz fikirlərini ciddi, yüksək bir tonda qurmağa heç cür nail 

ola  bilmirdi,  o  öz  xırdaçılığına  acıqlanaraq  düşünürdü:  “Məni,  İvan 

Dmitriç  deyən  kimi,  həqiqət  əlinə  alır.  Ancaq  bu  boş  şeydir...  Evə 

qayıdaram, yenə hər şey köhnə qayda ilə gedər...”. 

      Peterburqda da eyni vəziyyət oldu: o, bütün günü nömrədən bayıra 

çıxmayıb divanda uzanırdı, yalnız pivə içmək istəyəndə ayağa dururdu. 

      Mixail Averyanıç hey onu Varşavaya getməyə tələsdirirdi. 

      Andrey Yefimıç yalvarıcı bir səslə deyirdi: 

      -  Əziz  dostum,  mənim  orada  nə  işim  var?  Siz  tək gedin,  mənə  isə, 

izn verin evə gedim! Xahiş edirəm! 

      Mixail Averyanıç etiraz edərək dedi: 

      -  Heç  cür  əl  çəkən  deyiləm!  Varşava  misilsiz  bir  şəhərdir.  Orada 

mən beş il bəxtiyar həyat keçirmişəm. 

      Andrey Yefimıç dediyinə israr etmək iradəsi çatmadığından, canını 

dişinə  tutub  Varşavaya  getdi.  Burada  da  nömrədən  bayıra  çıxmır, 

divanda  uzanır  və  özünə,  dostuna  və  rusca  başa  düşmək  istəyən 

lakeylərə  acığı  tuturdu.  Mixail  Averyanıç  isə,  həmişəki  kimi  sağlam, 

gümrah  və  nəşəli  olub  səhərdən  axşama  qədər  şəhəri  gəzir  və  köhnə 

tanışlarını axtarırdı. Bir neçə dəfə o, hətta evdə də yatmamışdı. Bir dəfə 

gecəni  harada  isə  keçirdikdən  sonra,  səhər  tezdən  çox  həyəcanlı  bir 

halda evə qayıtdı, rəngi bərk qızarmışdı, saçları dağınıqdı. Uzun zaman 

otağı  o  küncdən-bu  küncə  gəzdi,  nə  isə  dodaqaltı  mızıldadı,  sonra 

birdən-birə dayanıb dedi: 

      - Namus hər şeydən vacibdir! 



      Bir  qədər  də  gəzdikdən  sonra  ikiəlli  başını  qucaqladı  və  faciəli  bir 

səslə dedi: 

      - Bəli, namus hər şeydən vacibdir! Bu Babil şəhərinə gəlmək fikrinə 

düşdüyüm  dəqiqəyə  lənətlər  olsun!  Əziz  dostum,  -  deyə  doktora 

müraciət  etdi,  -  mənə  nifrət  edin!  Pullarımın  hamısını  qumara 

qoymuşam! Xahiş edirəm, mənə beş yüz manat borc verin! 

      Andrey  Yefimıç  beş  yüz  manat  sayıb  dinməz-söyləməz  dostuna 

verdi.  Mixail  Averyanıçın  rəngi  hələ  də  utandığından  və  qəzəbindən 

qırmızı  idi,  ağızucu  mənasız  bir  and  içərək,  şapkasını  geydi  və  bayıra 

çıxdı. İki saatdan sonra qayıdıb kresloya sərildi və ucadan bir ah çəkib 

dedi: 

      -  Namus  xilas  edildi!  Gedək,  dostum,  daha  bu  mənhus  şəhərdə  bir 



dəqiqə  belə  qalmaq  istəmirəm.  Burada  dələduzlar,  Avstriya  casusları 

doludur! 

      Dostlar öz şəhərlərinə qayıtdıqda artıq noyabr ayı idi, küçələri qalın 

qar  örtmüşdü.  Andrey  Yefimıçın  yerini  doktor  Xobotov  tutmuşdu,  o 

hələ  köhnə  mənzilində  olurdu,  Andrey  Yefimıçın  gəlib  xəstəxanadakı 

mənzilini boşaldacağını gözləyirdi. Aşpaz qadın adlandırdığı kifir qadın 

fligellərin birində yaşayırdı. 

      Şəhərə  yeni  bir  xəstəxana  dedi-qodusu  yayılmışdı.  Deyirdilər  ki, 

həmin kifir qadın nəzarətçi ilə savaşmışdır və nəzarətçi onun qabağında 

diz çökərək üzr istəyir. 

      Andrey Yefimıç gələn kimi özünə yeni mənzil axtarmalı oldu. 

      Poçt müdiri ona qorxaqcasına dedi: 

      - Bağışlayın, soruşmağa cəsarət eləyirəm, dostum, vəsaitdən-zaddan 

nəyiniz var? 

      Andrey Yefimıç dinməz-söyləməz pullarını sayıb dedi: 

      - Səksən altı manat. 

      Mixail Averyanıç doktoru anlamayaraq pərt halda dedi: 

      - Mən o barədə soruşmuram. Mən bilmək istəyirəm ki, ümumiyyətlə 

nə kimi bir vəsaitə maliksiniz? 

      -  Mən  də  sizə  cavab  verdim  ki,  səksən  altı  manat!..  Bundan  başqa 

heç nəyim yoxdur. 

      Mixail  Averyanıç  doktoru  namuslu  və  nəcabətli  bir  adam  hesab 

edirdi,  bununla  belə  onun  heç  olmasa  iyirmi  minə  qədər  pulu  güman 

edirdi. İndi isə Andrey Yefimıçın çox yoxsul olduğu və yaşamağa heç 

mümkünü  olmasığını  bilib,  nədənsə,  birdən-birə  ağladı  və  dostunu 

qucaqladı. 

 


                                                    XV 

 

      Andrey  Yefimıç  meşşanın  Belovanın  üçpəncərəli  evində  yaşayırdı. 



Evin mətbəxdən başqa üçcə otağı vardı, küçəyə pəncərəsi olan iki otağı 

doktor tutmuşdu, üçüncü otaqda və mətbəxdə isə Daryuşka və üç uşağı 

ilə  bərabər  Belova  olurdu.  Bəzən  ev  sahibəsinin  yanına  oynaşı  gəlirdi, 

bu,  sərxoş  bir  mujik  idi,  gecələr  səs-küy  salır,uşaqları  və  Daryuşkanı 

qorxudurdu. Bu mujik gələndə mətbəxdə oturub araq istəyir və hamının 

yerini dar edirdi,  ona görə doktor ağlayan uşaqlara  yazığı gəlib, onları 

öz yanına alır və döşəmə üstə yatırdırdı, bu hal ona böyük zövq verirdi. 

      Doktor  qabaqkı  kimi  saat  səkkizdə  durur  və  çay  içəndən  sonra  öz 

köhnə  kitab  və  jurnallarını  oxuyurdu.  Təzələrini  almağa  mümkün  yox 

idi.  Kitablar  köhnə  olduğundanmı  və  ya  bəlkə  şərait  dəyişdiyindənmi, 

mütaliə  əvvəlki  kimi  onu  cəlb  etmir  və  yorurdu.  Vaxtı  boş  keçməsin 

deyə,  kitabları  üçün  müfəssəl  kataloq  düzəltmişdi,  onların  kötüklərinə 

nömrə yapışdırardı, bu mexaniki və zəhmətli iş ona mütaliədən maraqlı 

gəlirdi. Yeknəsəq və zəhmətli iş onun fikirlərini anlaşılmaz bir surətdə 

oxşayırdı,  o  heç  bir  şeyin  fikrini  çəkmirdi,  vaxt  da  sürətlə  gəlib 

keçirdi.Hətta  mətbəxdə  oturub  Daryuşka  ilə  kartof  soymaq  və  ya  darı 

arırmaq  ona  maraqlı  gəlirdi.  Şənbə  və  bazar  günləri  kilsəyə  gedirdi. 

Divar dibində durub gözlərini süzür, nəğməyə qulaq asır və atası, ailəsi, 

universitet,  din  haqqında  düşünürdü;  özünü  sakit,  kədərli  hiss  edirdi, 

sonra kilsədən gedərkən ibadətin belə tez qurtardığına heyifsilənirdi. 

      O,  söhbət  etmək  üçün  iki  dəfə  xəstəxanaya,  İvan  Dmitriçin  yanına 

getmişdi.  Lakin  İvan  Dmitriç  hər  dəfə  onu  çox  həyəcanlı  və  qəzəbli 

qarşılamışdı; Andrey Yefimıçdan ona rahat buraxmasını xahiş etmişdi, 

çünki boçboğazlıq çoxdan bəri onun zəhləsini tökmüşdü, o deyirdi  ki, 

çəkdiyi  olmazın  əziyyətlər  qarşısında  bu  əclaf  və  alçaq  adamlardan 

yalnız  bircə  mükafat  istəyir  –  onu  təkbaşına  dama  salsınlar.  Olmaya 

bunu  da  ona  çox  gördülər?  Andrey  Yefimıç  hər  iki  dəfə  onunla 

xudahafizləşərkən  gecəniz  xeyrə  qalsın  deyəndə,  o,  donquldanıb 

demişdi: 

      - 


İzalə 

ol 


başımdan!  

      İndi  Andrey  Yefimıç  iki  yol  arasında  qalmışdı;  bilmirdi  ki,  bir  də 

onun yanına getsin, ya yox? Getməyi arzu edirdi. 

      Əvvəllər Andrey Yefimıç nahardan sonra otaqları gəzib düşünürdü, 

indi  isə  nahar  zamanından  axşam  çayınadək  divanda  üzü  divara 

uzanaraq xırda-xuruş fikirlərə dalırdı və bu fikirlərə heç cür qalib gələ 

bilmirdi.  İyirmi  ildən  artıq  xidmət  qarşısında  ona  nə  bir  təqaüd,  nədə 


birdəfəlik maddi yardım göstərmədikləri ona bərk təsir etmişdi. Əlbəttə, 

o,  namusla  işləməmişdi,  lakin  təqaüdü,  namuslu  oldu-olmadı,  hər  bir 

qulluqçu alır. Müasir ədalət məhz bundan ibarətdir ki, rütbə ilə, ordenlə 

və təqaüdlə insanın əxlaqi keyfiyyəti və qabiliyyəti deyil, ümumiyyətlə 

hər  cür  xidmət  təltif  edilir.  Bəs  nə  üçün  təkcə  o,  istisna  təşkil  etsin? 

Pulu  heç  yox  idi.  Dükanın  qabağından  keçməyə  və  ev  sahibəsinin 

gözünə  görünməyə  utanırdı.  Pivə  üçün  artıq  otuz  iki  manat  borc 

yığılmışdı.  Meşşan  Belovaya  da  borclu  idilər.  Daryuşka  köhnə 

paltarlardan  və  kitablardan  satır  və  ev  sahibəsinə  yalan  söyləyirdi  ki, 

guya doktor bu yaxınlarda böyük pul alacaqdır. 

      Yığmış olduğu min manatı səyahətə xərclədiyinə heyifsilənirdi. Bu 

min  manat belə gündə onun üçün böyük iş  görərdi! Adamlar onu dinc 

qoymurdular. Xobotov öz xəstə iş yoldaşını hərdənbir yoluxmağı özünə 

borc  bilirdi.  Andrey  Yefimıç  onun  hər  şeyindən:  tox  sifətindən,  pis, 

təvazökar 

danışığından,  “iş  yoldaşı”  deməsindən,  uzunboğaz 

çəkmələrindən  zəhləsi  gedirdi,  ən  iyrənc  şey  də  o  idi  ki,  o  Andrey 

Yefimıçi  müalicə  etməyi  özünə  borc  bilirdi  və  doğrudan  da  onu 

sağaltmaqda olduğunu güman edirdi. Hər dəfə gələndə özü ilə bir şüşə 

bromlu kalium və ravənd həbi gətirirdi. 

      Mixail  Averyanıç  da  öz  dostunu  yoluxmağı  və  onu  əyləndirməyi 

özünə  borc  bilirdi.  Hər  dəfə  Andrey  Yefimıçın  yanına  gələndə  saxta 

açıq-saçıqlıqla  danışır,  zorla  qəhqəhə  çəkir  və  doktoru  inandırmağa 

başlayırdı  ki,  şükür  Allaha,  bu  gün  rəngi  durudur,  bundan  sonra  halı 

daha  yaxşı  olacaq.  Bundan  belə  nəticə  çıxarmaq  olardı  ki,  o  öz 

dostunun  halını  ümidsiz  hesab  edir.  Varşavada  aldığı  borcu  hələ 

qaytarmadığı  üçün  bərk  xəcalət  çəkirdi,  ona  görə  də  özünü  o  yerə 

qoymayaraq,  daha  ucadan  qəhqəhə  çəkir  və  gülməli  söhbətlər  edirdi. 

Danışdığı lətifələr və hekayələr istər Andrey Yefimıça, istərsə də özünə 

indi tükənməz və darıxdırıcı görünürdü. 

      Andrey  Yefimıç  həmişə  onun  hüzurunda  divana  uzanıb  üzünü 

divara çevirir cə canını dişinə tutub dostunun boşboğazlığını dinləyirdi, 

qəlbi acıqla dolurdu və hər dəfə dostu gedəndən sonra bu acıq getdikcə 

artır və sanki boğazını tıxayırdı. 

      Xırda fikirləri başından qovmaq üçün tez düşünməyə başlayırdı ki, 

o özü də, Xobotov da, Mixail Averyanıç da gec-tez məhv olub gedəcək 

və özlərindən sonra heç bir iz-əsər buraxmayacaqlar.  – Əgər  milyon il 

bundan sonra fəzada yer kürəsi yanından bir ruh uçub keçsə, ehtimal ki, 

yerdə gil və çılpaq qayalarından başqa heç bir şey görməyəcəkdir. Hər 

şey  –  mədəniyyət  də,  əxlaq  qanunu  da  –  məhv  olub  gedəcək  və  hətta 



yerində alaq otları da bitməyəcəkdir. Daha dükançıdan xəcalət çəkmək, 

vecsiz  Xobotovla,  Mixail  Averyanıçla  dostluq  etmək  nə  deməkdir? 

Bütün bunlar boş və mənasız şeylərdir. 

      Lakin  bu  cür  mühakimələr  daha  kömək  etmirdi.  Yer  kürəsinin 

milyon  il  sonrakı  halını  təsəvvürünə  gətirən  kimi,  çılpaq  qayalığın 

arxasından  uzunboğaz  çəkməli  Xobotov  və  ya  gərgin  bir  surətdə 

qəhqəhə  çəkən  Mixail  Averyanıç  görünür  və  hətta  onun  xəcalətli 

pıçıltısı  da  eşidilirdi:  “Varşavada  aldığım  borcu,  əzizim,  bu  yaxında 

verəcəyəm... Arxayın ol”. 

 

                                                    XVI 



 

      Bir  dəfə  Mixail  Averyanıç  nahardan  sonra  dostunun  yanına  gəldi; 

Andrey  Yefimıç  divanda  uzanmışdı.  Elə  bu  zaman  Xobotov  da 

təsadüfən  gəldi,  özü  ilə  bromlu  kalium  gətirmişdi.  Andrey  Yefimıç 

yerində ağır-ağır dikəldi və əllərini divana dayayaraq oturdu. 

      Mixail Averyanıç sözə başladı: 

      -  Bu  gün,  dostum,  rəngin  dünənkinə  nisbətən  xeyli  durulmuşdur. 

Qoçaq adamsınız! Vallah, qoçaqsınız! 

      Xobotov əsnəyə-əsnəyə dedi: 

      -  Əlbəttə,  sağalmaq  lazımdır.  Söz  yox  ki,  bu  üzüntü  sizi  təngə 

gətiribdir. 

      Mixail Averyanıç nəşə ilə dedi: 

      - Sağalmağınıza söz ola bilməz. Hələ yüz il də yaşayacağıq! Bəs nə! 

      - Yüz il olmasa da, heç olmasa iyirmi il yaşayarıq, - deyə Xobotov 

təsəlli verdi. – Eybi yoxdur, əzizim, ruhdan düşməyin... Bu qədər qüssə 

çəkdiniz, yetər. 

      Mixail Averyanıç: 

      -  Biz  hələ  özümüzü  göstərəcəyik  –  deyə  qəhqəhə  çəkdi.  –  Hələ 

özümüzü göstərəcəyik! Gələn il, Allah qoysa, Qafqaza gedərik və oranı 

başdan-başa at belində gəzərik – hop-hop! Hop! Qafqazdan qayıdanda 

da,  ölməsək,  sağ  qalsaq,  toy  elərik.  –  Mixail  Averyanıç  hiyləgərcəsinə 

göz  vurdu.  –  Sizi,  bizim  əziz  dostumuz,  evləndirərik...  Bəli 

evləndirərik... 

      Andrey  Yefimıç  birdən  səbr  kasasının  dolduğunu  hiss  etdi;  ürəyi 

bərk-bərk  döyünməyə  başladı.  Cəld  yerindən  durub  pəncərəyə  yanaşdı 

və: 


      -  Bu  bayağılıqdır!  –  dedi.  –  Məgər  bayağı  danışdığınızı 

anlamırsınız? 



      O,  yumşaq  və  nəzakətlə  danışmaq  istəyirdi,  lakin  iradəsinə  zidd 

olaraq  yumruqlarını  düyünlədi  və  başından  yuxarı  qaldırıb  rəşəli  bir 

səslə bağırdı: 

      -  Məni  rahat  buraxın!  –  Rəngi  pul  kimi  qızarmışdı,  bütün  bədəni 

əsirdi. – Rədd olun Buradan! İkiniz də rədd olun! 

      Mixail  Averyanıç  və  Xobotov  ayağa  qalxdılar  və  əvvəlcə  ona 

heyrətlə, sonra isə qorxu ilə baxmağa başladılar. Andrey Yefimıç yenə 

bağırırdı: 

      - Hər ikiniz rədd olun! Kütün biri kütlər! Mənə sənin nə dostluğun 

lazımdır, nə də dərmanın, kütün biri küt! Nə qədər bayağılıq! Nə qədər 

rəzillik! 

      Xobotov  və  Mixail  Averyanıç  karıxmış  halda  bir-birinə  baxdılar, 

dal-dalı  çəkilib  dəhlizə  çıxdılar.  Andrey  Yefimıç  bromlu  kalium 

şüşəsini  qapıb  onların  dalınca  tulladı,  şüşə  cingilti  ilə  kandara  dəyib 

qırıldı. Sonra omların dallarınca yüyürüb ağlar səslə bağırdı: 

      - Rədd olun buradan! Cəhənnəm olun başımdan! 

      Qonaqlar çıxıb gedəndən sonra Andrey Yefimıç titrətmə-qızdırmalı 

adam kimi əsərək, divana uzandı və uzun zaman: 

      - Küt adamlar! Axmaqlar! – deyə təkrar etdi 


Yüklə 427,51 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin