6. Azərbaycan Respublikasının məhkəmə sistemi: məhkəmə müdafiə hüququ və məhkəmə üsulunun formaları
Konstitusiya hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin II hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər. Hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır (Azərbaycan Respublikası Konstitusiyası, maddə 62).
Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin I hissəsinə görə məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə məhkəmələr həyata keçirir, o cümlədən məhkəmə hakimiyyəti konstitusiya, mülki və cinayət məhkəmə icraatı vasitəsilə və qanunla nəzərdə tutulmuş digər vasitələr ilə həyata keçirilir.
Göründüyü kimi konstitusiya icraatı ədalət mühakiməsinin bir forması kimi qəbul edilir və Konstitusiya Məhkəməsi tərəfindən həyata keçirilir.
Hüquq ədəbiyyatında ədalət mühakiməsinə verilən anlayış əsasında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ədalət mühakiməsini həyata keçirməsini təsdiqləmək olar:
Ədalət mühakiməsi məhkəmələr tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi də Azərbaycan Respublikası məhkəmə sisteminə daxil olan ali instansiyadır.
Ədalət mühakiməsi məhkəmə iclaslarında həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi də onun səlahiyyətinə aid edilmiş işlərə məhkəmə iclaslarında baxır.
Ədalət mühakiməsi Azərbaycan Respublikası Konstitusiyasında və digər qanunvericilik aktlarında müəyyən edilmiş demokratik prinsiplər əsasında həyata keçirilir.
Ədalət mühakiməsi qanunla müəyyən edilmiş prosessual qaydada həyata keçirilir.
«Konstitusiya Məhkəməsi haqqında» qanunun 40-cı maddəsinə görə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində icraat aşağıdakı 2 üsulla həyata keçirilir:
a) Konstitusiya məhkəmə icraatı;
b) xüsusi Konstitusiya icraatı.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində baxılan Konstitusiya işləri üzrə konstitusiya məhkəmə icraatı aşağıdakı növlərdə həyata keçirilir: Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinə (III his., 1-6-cı və 8-ci bənd.) əsasən AR qanunlarının, AR Prezidentinin fərman və sərəncamlarının, AR Milli Məclisin qərarlarının, AR Nazirlər Kabinetinin qərar və sərəncamlarının, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının AR Konstitusiyasına uyğunluğu; AR qüvvəyə minmiş dövlətlərarası, hökumətlətarası müqavilələrin AR Konstitusiyasına və qanunlarına uyğunluğu; qanunvericilik, icra və məhkəmə hakimiyyətləri arasında səlahiyyətlər bölgüsü ilə bağlı mübahisələrin həlli üçün verilmiş sorğularla əlaqədar işlərin icraatı; qanunverici, icra və məhkəmə hakimiyyəti orqanları arasında səlahiyyətlər bölgüsü ilə bağlı mübahisələrlə əlaqədar sorğular üzrə işlərin icraatı.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində baxılan konstitusiya işləri üzrə xüsusi konstitusiya icraatı aşağıdakı növlərdə həyata keçirilir: Azərbaycan Respublikası Konstitusiyasını və qanunlarının şərh edilməsi üçün verilən sorğularla əlaqədar işlərin icraatı; Azərbaycan Respublikası Prezidentinin səhhətinə görə öz səlahiyyətlərini icra etmək qabiliyyətini, tamamilə, itirdiyi barədə məlumatı aydınlaşdırmaq üçün Azərbaycan Respublikasının Milli Məclisinin müraciəti ilə əlaqədar işlərin icraatı; Azərbaycan Respublikası Prezidentinin istefa ərizəsinə baxılması ilə əlaqədar işlərin icraatı; Azərbaycan Respublikası Prezidentinin vəzifədən kənarlaşdırılması məsələsi ilə əlaqədar işlərin icraatı; Azərbaycan Respublikasının Milli Məclisi deputatları seçkilərinin nəticələrinin yoxlanılması və təsdiqi ilə əlaqədar işlərin icraatı; yeni seçilmiş Azərbaycan Respublikasının Milli Məclisinin ilk iclasının keçirilməsi vaxtının təyin edilməsi ilə əlaqədar olan işlərin icraatı; Azərbaycan Respublikası Milli Məclisinin və ya Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikası Konstitusiyasının mətnində dəyişikliklər edilməsi haqqında təkliflərinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəyinin çıxarılması ilə əlaqədar işlərin icraatı.
Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 66-cı maddəsinə görə ədalət mühakiməsinin bir forması olan cinayət mühakimə icraatını aşağıdakı məhkəmələr həyata keçirir: rayon (şəhər) məhkəmələri, hərbi məhkəmələr, ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası məhkəməsi, ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası hərbi məhkəməsi, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi, Azərbaycan Respublikası Apelyasiya Məhkəməsi, Azərbaycan Respublikası Ali Məhkəməsi.
Azərbaycan Respublikasında ümumi və ixtisaslaşdırılmış məhkəmələrin icraatına aid edilən mülki, cinayət və digər işlər üzrə ali məhkəmə orqanı Azərbaycan Respublikasının Ali Məhkəməsidir. O, qanunla müəyyən edilmiş prosessual qaydalarda ümumi və ixtisaslaşdırılmış məhkəmələrin işinə nəzarəti həyata keçirir, məhkəmələrin praktikasına aid məsələlər üzrə izahatlar verir.
Dostları ilə paylaş: |