1. Azərbaycan Respublikası Milli Məclisinin səlahiyyətləri


Milli Məclis deputatının hüquqi statusu



Yüklə 217 Kb.
səhifə4/11
tarix03.04.2022
ölçüsü217 Kb.
#54644
1   2   3   4   5   6   7   8   9   10   11
UNEC 1648924026

2. Milli Məclis deputatının hüquqi statusu

Məlum olduğu kimi, hakimiyyətin bölgüsünə əsasən, qanunverici hakimiyyət parlamentin əlində cəmləşir. Parlament üzvləri müxtəlif dövlətlərdə müxtəlif cür adlandırılır. Azərbaycanda isə parlamenti (Milli Məclisi) Azərbaycan Respublikasının deputatları təşkil edir. «Deputat» termini serb sözü olub hərfi mənası «elçi göndərilmiş» deməkdir. Deputatların əsas vəzifəsi qanunvericilik prosesində iştirak etmək və qanunda göstərilmiş funksiyaları həyata keçirməkdir. Belə ki, Russo deyirdi: «Deputat xalqın nümayəndəsi hesab olunmalıdır. O, seçicilərin müvəkkil olunmuş, səlahiyyətli nümayəndəsidir». Yəni xalq deputatı seçir və o, xalqın ümumi iradəsinə uyğun hərəkət etməlidir. Bu fikirdən «imperativ mandat» prinsipi meydana gəlir ki, bu, deputatın hüquqi statusunu müəyyən edir. Bu prinsipə görə, deputat onu seçən şəxslərin - seçicilərin qarşısında məsuliyyət daşıyır. Əgər deputat onların mənafeyinə uyğun hərəkət etməzsə, seçicilər onu geri çağıra bilər. Əslində imperativ mandat məqsədəuyğun deyil. Çünki parlamentdə qanun qəbul olunarkən deputat heç də bütün seçicilərin ayrı-ayrılıqda mənafeyini nəzərə ala bilməz.

Başqa bir prinsip «azad mandat» prinsipidir. Bu prinsip alman hüquqşünasları tərəfindən irəli sürülüb. Mahiyyəti ondan ibarətdir ki, hansı dairədən seçilməsindən asılı olmayaraq deputat bütün xalqın nümayəndəsidir. Yəni, deputat konkret seçicilərin deyil, xalqın mənafeyini təmsil edir.

Əksər dövlətlərdə, o cümlədən Azərbaycanda da azad mandat prinsipi tətbiq olunur.



Deputatın səlahiyyət müddəti, adətən seçkilərdən sonra başlanır. Azərbaycan Respublikası Konstitusiyanın 84-cü maddəsinə görə, deputatın səlahiyyət müddəti Azərbaycan Respublikası Milli Məclisinin çağırışının səlahiyyət müddəti ilə məhdudlaşır. Milli Məclisin hər çağırışının səlahiyyət müddəti 5 ildir. Deputatlıqdan çıxanların yerinə yeni seçkilər keçirilərsə, yeni seçilən deputatın səlahiyyət müddəti deputatlıqdan çıxanın qalan səlahiyyət müddəti ilə məhdudlaşır. 87-ci maddəyə görə, deputatların səlahiyyətləri Milli Məclisin yeni çağırışının ilk iclas günü bitir. Milli Məclisin deputatlıqdan çıxanların yerinə yeni seçkilər Milli Məclisin səlahiyyət müddətinin bitməsinə 120 gündən az müddət qalarsa, keçirilmir. Milli Məclis 83 deputatın səlahiyyətləri təsdiq olunduqda səlahiyyətli hesab olunur.

«Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında» 1996-cı il 17 may tarixli Qanunun 4 və 5-ci maddələrində deputatın səlahiyyətləri və fəaliyyət formaları göstərilir. Qanuna görə deputatın aşağıdakı səlahiyyətləri var:

  • Milli Məclisin iclaslarında iştirak etmək;

  • Milli Məclisin orqanlarına seçmək və seçilmək;

  • qanunvericilik təşəbbüsünü həyata keçirmək;

  • deputat sorğusu vermək;

  • məlumat almaq və yaymaq;

  • toxunulmaz olmaq;

  • Konstitusiya ilə müəyyən edilmiş hallarda şahid qismində ifadə verməkdən imtina etmək;

- vəzifəli şəxslər tərəfindən təxirə salınmadan qəbul edilmək.
Qanuna görə deputat aşağıdakı formalarda fəaliyyət göstərir:

  1. Milli Məclisin iclaslarında iştirak edir;

  2. komissiyaların işində iştirak edir;

  3. Milli Məclisin sədrinin, komissiyaların tapşırıqlarını yerinə yetirir;

  4. deputat sorğuları verir;

  5. seçicilərlə iş aparır.

Konstitusiyanın 89-cu maddəsinə görə, Milli Məclisin deputatı aşağıdakı hallarda mandatdan məhrum edilir:

  • seçkilər zamanı səslərin düzgün hesablanmadığı aşkar olunduqda;

  • Azərbaycan Respublikası vətəndaşlığından çıxdıqda və ya başqa dövlətin vətəndaşlığını qəbul etdikdə;

  • cinayət törətdikdə və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduqda;

  • dövlət orqanlarında vəzifə tutduqda, din xadimi olduqda, sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə məşğul olduqda (elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla);

  • özü imtina etdikdə.

Deputat öz səlahiyyətlərini daimi icra edə bilmədikdə və qanunda nəzərdə tutulmuş digər hallarda onların səlahiyyətləri itirilir. Bu haqda qərarın qəbul olunma qaydası qanunla müəyyən olunur. Belə ki, 1996-cı il 17 may tarixli qanuna görə bu barədə intizam komissiyası rəy verir. Rəyə Milli Məclis növbəti iclasında baxır. Milli Məclis bu məsələyə bir qayda olaraq səlahiyyətlərinin itirilməsi qaldırılan deputatın iştirakı ilə baxır. Tələb olunan səs çoxluğu ilə bu haqda qərar qəbul olunur.

Deputatlıq fəaliyyətinin təminatlarından danışdıqda birinci növbədə immunitet indemniteti qeyd etmək lazımdır. İmmunitet dedikdə, deputatın toxunulmazlığı başa düşülür. Konstitusiyanın 90-cı maddəsinə görə, səlahiyyət müddəti ərzində deputatın şəxsiyyəti toxunulmazdır. Deputat səlahiyyət müddəti ərzində cinayət başında yaxalanma hallarından başqa, cinayət məsuliyyətinə cəlb edilə bilməz, tutula bilməz, onun barəsində məhkəmə qaydasında inzibati tənbeh tədbirləri tətbiq edilə bilməz, axtarışa məruz qala bilməz, şəxsi müayinə edilə bilməz. Azərbaycan Respublikası Milli Məclisinin deputatı cinayət başında yaxalanarkən tutula bilər. Belə olduqda Azərbaycan Respublikası Milli Məclisinin deputatını tutan orqan bu barədə dərhal Azərbaycan Respublikasının Baş prokuroruna xəbər verməlidir.



Azərbaycan Respublikası Milli Məclisinin deputatının toxunulmazlığına yalnız Azərbaycan Respublikası Baş prokurorunun təqdimatına əsasən Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə xitam verilə bilər. Nizamnamədə göstərilir ki, bu barədə təqdimata Milli Məclis onun daxil olduğu vaxtdan 7 gün müddətində baxır, təqdimat intizam komissiyasına göndərilir və komissiyada bu məsələyə baxılır. Komissiya təqdimata dair rəy qəbul edir. Rəydə deputat toxunulmazlığına xitam verilib-verilməməsi barədə intizam komissiyasının qənaəti söylənilir. İşə həmin deputatın iştirakı ilə baxılır. Tələb olunan səs çoxluğu ilə deputat toxunulmazlığına xitam verilir.

İndemnitet termini iki mənada başa düşülür:

Birinci mənada, indemnitet - deputatın öz fəaliyyətinə, səsverməyə və söylədiyi fikrə görə məsuliyyət daşımaması və şahid qismində ifadə verməkdən imtina etməsidir. Bu, Konstitusiyanın 91-ci maddəsində öz əksini tapıb.

İkinci mənada, indemnitet - deputatın fəaliyyətinə görə əmək haqqı almasıdır. Əmək haqqının məbləği Milli Məclisin qərarı ilə müəyyən olunur.



Milli Məclisin Daxili Nizamnaməsinin 45-ci maddəsində deputatın parlamentdaxili məsuliyyətə cəlbolunma əsasları göstərilir:

  1. Milli Məclis və onun komissiyalarının iclaslarının aparılmasına mane olduqda;

  2. Milli Məclis və onun komissiyalarının iclaslarında çıxış edənlərin sözünü kəsdikdə;

  3. Milli Məclis və onun komissiyalarının iclaslarında sakitliyi və iş qaydasını pozduqda;

  4. Milli Məclis və onun komissiyalarının iclaslarında insanın şərəf və ləyaqətini alçaldan kobud, təhqiramiz sözlərə və hərəkətlərə yol verdikdə;

  1. deputat adına xələl gətirən hərəkətlər etdikdə;

  1. Milli Məclis və onun komissiyalarının iclaslarında üzürsüz səbəbdən iştirak etmədikdə.

Bu əsaslara görə aşağıdakı intizam tədbirləri tətbiq oluna bilər:

  1. xəbərdarlıq;

  2. sözkəsmə;

  3. iclas salonundan çıxarma;

  4. töhmət;

  5. deputat səlahiyyətlərinin itirilməsi.

1996-cı il 17 may qanununda deputatın müalicə olunması və istirahət etməsi üçün iki aylıq əmək haqqı məbləğində pul təminatı nəzərdə tutulur. Qanuna görə deputat, səlahiyyət müddəti qurtardıqdan sonra işə düzələnədək bir il müddətində deputatın əmək haqqının 80%-i məbləğində pul təminatı alır. Səlahiyyət müddəti qurtardıqdan sonra təqaüd yaşına çatmış deputat, əmək haqqının 80%-dən az olmayan məbləğdə təqaüd alır. Qanuna əsasən deputatın dövlət icbari sığortası nəzərdə tutulur.


Yüklə 217 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin