4. Azərbaycan Respublikası Prezidentinin Konstitusiya
statusunun əsasları
Müasir sivilizasiya, həyatın digər sahələrində olduğu kimi dövlət quruculuğu sahəsində də əldə edilən yeni-yeni nailiyyətlərlə xarakterizə edilir.
İdarəetmə forması kimi prezidentli respublika ilk dəfə 1787-ci il-də ABŞ-ın Konstitusiyasında təsbit edilmişdir. Lakin dövlətin funksiyalarının hakimiyyət orqanları arasında bölüşdürülməsi bir anlığa baş verməmişdir. ABŞ-da təsis olunmuş prezidentlik institutu özünün nəzəri əsasını hakimiyyətin bölgüsü nəzəriyyəsindən götürmüşdür. Hakimiyyətin bölgüsü nəzəriyyəsi də ilk dəfə XVIII əsrdə Monteskyö tərəfindən irəli sürülmüşdür. Monteskyö hakimiyyətin bölgüsü nəzəriyyəsini irəli sürərkən o nöqteyi-nəzərdən çıxış edirdi ki, «harada hakimiyyət ciddi şəkildə bölüşdürülməyibsə, orada azadlıq ola bilməz».
Müxtəlif dövlətlərdə prezidentlik institutu ayrı-ayrı dövrlərdə idarəetmə formasından asılı olaraq tətbiq olunmuşdur.
Prezidentlik institutu dövlətçiliyimizin inkişafı tarixində qısa müddəti əhatə edir. Respublikamızda prezidentlik institutu 1990-cı ilin may ayında təsis edilmişdir, sonradan, yəni 1991-ci il iyunun 26-da Azərbaycan Respublikası Ali Soveti tərəfindən «Azərbaycan Respublikası Prezident seçkiləri haqqında» qanun qəbul edilmişdir.
Respublikamız keçmiş SSRİ respublikaları içərisində prezident institutunu ilkin olaraq təsis etmişdir. Əlbəttə, prezident institutunun səmərəliliyinin artırılmasında prezidentin şəxsi keyfiyyətləri də mühüm əhəmiyyət kəsb edir.
1991-ci il oktyabrın 18-də qəbul edilmiş «Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında» Konstitusiya Aktında dövlət hakimiyyətinin hakimiyyətin bölgüsü prinsipinə əsaslanması təsbit edilmişdir. 13-cü maddənin III hissəsində deyilirdi: «Ali icra hakimiyyəti Azərbaycan dövlətinin başçısı olan Azərbaycan Respublikası prezidentinə məxsusdur».
Buradan göründüyü kimi, ali icra hakimiyyətinin dövlət başçısı - prezidentə məxsusluğu artıq hakimiyyət orqanları arasında səlahiyyətlərin dəqiq bölüşdürülməsini zəruri edirdi. Bu da öz növbəsində yeni Konstitusiyanın qəbulu ilə həyata keçirilməli idi.
Məlumdur ki, 12 noyabr 1995-ci ildə müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası referendum (ümumxalq səsverməsi) yolu ilə qəbul edildi. Konstitusiyanın 8-ci maddəsi «Azərbaycan dövlətinin başçısı» adı altında verilmişdir. Burada deyilir: «Azərbaycan dövlətinin başçısı Azərbaycan Respublikasının Prezidentidir». Həmçinin Konstitusiyanın 7-ci maddəsinin 3-cü hissəsində və 99-cu maddəsində qeyd olunur ki, «Azərbaycan Respublikasında icra hakimiyyəti Azərbaycan Respublikasının prezidentinə mənsubdur».
Prezident ölkənin daxilində və xarici münasibətlərdə dövləti təmsil edir; Azərbaycan xalqının vahidliyini təcəssüm etdirir; Azərbaycan dövlətçiliyinin varisliyini təmin edir. O, dövlət müstəqilliyinin, ərazi bütövlüyünün, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə riayət olunmasının və məhkəmə hakimiyyətinin müstəqilliyinin təminatçısıdır. Qeyd olunan bu funksiyalar dövlət başçısı üçün tarixən xarakterik olan bütün əlamətləri əhatə edir.
Bununla yanaşı, Konstitusiyaya əsasən Prezident, həmçinin, icra hakimiyyətini həyata keçirir. Deməli, Azərbaycan Respublikasında Prezident həm dövlət başçısıdır, həm də icra hakimiyyəti ona mənsubdur. Prezidentin hüquqi statusunun əsaslarını ilk növbədə onun səlahiyyətlərinin məcmusu təşkil edir.
Prezidentin səlahiyyətlərini şərti olaraq dörd qrupa bölmək olar.
I. Milli Məclisin fəaliyyəti ilə bağlı səlahiyyətlər;
II. Hökumətin fəaliyyəti ilə əlaqədar olan səlahiyyətlər;
III. Xarici siyasət, milli təhlükəsizlik və müdafiə sahəsində olan səlahiyyətlər;
IV. Müvafiq hakimiyyət strukturlarının fəaliyyətinin əlaqələndirilməsi və sair məsələlərlə bağlı səlahiyyətlər.
Dostları ilə paylaş: |