MÜNDƏRİcat fond haqqinda əsas göSTƏRİCİLƏR İdarəetmə VƏ ŞƏffafliq



Yüklə 307,56 Kb.
səhifə1/5
tarix29.11.2016
ölçüsü307,56 Kb.
#435
  1   2   3   4   5



MÜNDƏRİCAT
1. FOND HAQQINDA

2. ƏSAS GÖSTƏRİCİLƏR

3. İDARƏETMƏ VƏ ŞƏFFAFLIQ

3.1. Neft Fondunun idarə edilməsi

3.2. Şəffaflıq və hesabatlılıq

4. ÖLKƏ İQTİSADİYYATI VƏ NEFT FONDU

4.1.Makroiqtisadi inkişaf

4.2.Neft Fondunun gəlirləri

4.3.Neft Fondunun xərcləri

5. İNVESTİSİYALAR

5.1. İnvestisiya strategiyası

5.2. Neft Fondunun investisiya portfeli

5.3. Neft Fondunun gəlirliliyi

5.4. Risklərin idarə edilməsi

6. NEFT FONDUNUN 2013-CÜ İL BÜDCƏSİNİN İCRASI

7. NEFT FONDUNUN KONSOLİDASİYA EDİLMİŞ MALİYYƏ HESABATLARI

ƏLAVƏ

  1. FOND HAQQINDA

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) ümummilli lider Heydər Əliyevin 29 dekabr 1999-cu il tarixli 240 nömrəli Fərmanı ilə təsis edilmişdir. Neft Fondu neft və qaz ehtiyatlarına dair sazişlərin həyata keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının əldə etdiyi gəlirlərin toplanmasını, səmərəli idarə edilməsini, gələcək nəsillər üçün saxlanmasını təmin edən xüsusi qurumdur.

Neft Fondu ayrıca idarəetmə strukturuna malik hüquqi şəxs qismində yaradılmış xüsusi məqsədli dövlət qurumudur. Neft Fondunun Əsasnaməsi 2000-ci ildə təsdiq edilmişdir.

Neft Fondunun yaradılması fəlsəfəsinin əsasını neft sərvətlərinin nəsillər arasında ədalətli bölüşdürülməsinin təmin edilməsi təşkil edir.

Fondun missiyası

Neft Fondunun missiyası tükənən təbii sərvətlərdən əldə olunan gəlirlərin toplanması və Azərbaycan xalqının bugünkü və gələcək nəsillərinin daimi gəlir mənbəyinə çevrilməsi, ümummilli əhəmiyyətli layihələrin birbaşa maliyyələşdirilməsi və təbii sərvətlərin birgə istismarına dair beynəlxalq statuslu müqavilələrdə təmsilçiliyi təmin etməkdən ibarətdir.

Fondun vəzifələri

Neft Fondunun fəaliyyəti ölkə qarşısında aşağıdakı mühüm vəzifələrin həllinə yönəlmişdir:



  1. Ölkədə makroiqtisadi sabitliyin qorunması, maliyyə-vergi intizamının təmin edilməsi, neft gəlirlərindən asılılığın azaldılması və qeyri-neft sektorunun inkişafının təmin edilməsi;

  2. Ölkənin sosial-iqtisadi tərəqqisi naminə mühüm ümummilli layihələrin maliyyələşdirilməsi;

  3. Neft və qazın bərpa edilməyən təbii ehtiyat olduğunu nəzərə alaraq, onlardan əldə edilən gəlirin nəsillər arasında bərabər bölüşdürülməsi və gələcək nəsillər üçün ehtiyat vəsaitin toplanması.

Fondun hüquqi əsasları

Fondun hüquqi fəaliyyəti Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikasının Prezidentinin fərman və sərəncamları, Azərbaycan Respublikası Dövlət Neft Fondunun Əsasnaməsi və daxili prosedur qaydalarına əsaslanır.

Fondun maliyyələşmə və vəsaitlərinin xərclənməsinə dair prosedur qaydaları Azərbaycan Respublikası Dövlət Neft Fondunun Əsasnaməsi və “Azərbaycan Respublikası Dövlət Neft Fondunun (büdcə) gəlir və xərclər proqramının tərtibi və icrası qaydaları”nda aydın şəkildə müəyyən olunmuşdur. “Azərbaycan Respublikasının Büdcə Sistemi haqqında” Qanunda nəzərdə tutulduğu kimi, Neft Fondunun xərcləri icmal dövlət büdcəsinin, yəni dövlət büdcəsinə daxil olan və dövlət büdcəsindən kənar fondların birgə büdcəsinin tərkib hissəsidir. İcmal dövlət büdcəsinin xərcləri isə hər il ölkə parlamenti tərəfindən baxılaraq təsdiq edilir. Beləliklə, hər bir vətəndaş öz seçdiyi millət vəkili vasitəsilə Neft Fondunun büdcəsinin müzakirəsində iştirak edir. Bu Qanuna uyğun olaraq, Fond yalnız öz büdcəsi ilə nəzərdə tutulan xərcləri həyata keçirə bilər.

Fondun investisiya və risklərin idarə olunması siyasəti “Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalar”a (İnvestisiya Qaydaları) və hər il Müşahidə Şurası tərəfindən baxıldıqdan sonra Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq olunan “İnvestisiya Siyasəti”nə əsaslanır. “ARDNF-nin İnvestisiya Siyasəti”nə əsasən Fondun investisiya qərarları risklər nəzərə alınmaqla gəlirliliyin maksimumlaşdırılması məqsədinə əsaslanır. “İnvestisiya Qaydaları”na əsasən Neft Fondu öz investisiya qərarlarını tam müstəqil şəkildə qəbul edir.

Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2004-cü ildə təsdiq edilmiş “Neft və qaz gəlirlərinin istifadə olunması üzrə uzunmüddətli Strategiya”da vəsaitlərin aktiv şəkildə, o cümlədən iqtisadiyyatın qeyri-neft sektorunda, “insan kapitalı”nın inkişafında, ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi və digər bu kimi istiqamətlərdə istifadə olunması nəzərdə tutulur. Neft Fondu bu Strategiyanın həyata keçirilməsində əsas aparıcı rollardan birini daşıyır.



Bizim dəyərlərimiz: Hörmət, kollektiv iş, inam, şəffaflıq

Yarandığı gündən etibarən Dövlət Neft Fondu Azərbaycanın, eləcə də dünyanın bir çox təşkilatları, maliyyə qurumları, bankları ilə sıx əməkdaşlıq edir. Fond əməkdaşlıq etdiyi bütün təşkilatlarla münasibətlərini hörmət, kollektiv iş, qarşılıqlı inam, şəffaflıq prinsipləri əsasında qurur.


Hörmət

Neft Fondu əməkdaşları, digər beynəlxalq təşkilatlar, maliyyə qurumları, dövlət orqanları, xarici menecerlər, ictimaiyyət ilə işgüzar əlaqələrini qarşılıqlı hörmət və inam üzərində qurur. Fond daxilində əməkdaşların yüksək peşəkarlığının və qarşılıqlı münasibətlərinin inkişaf etdirilməsində hörmət ən önəmli faktorlardan biridir. Fond əməkdaşlıq etdiyi bütün təşkilatların və şəxslərin qərarlarına hörmətlə yanaşır.



Kollektiv iş
Neft Fondunun həm Azərbaycanda, həm də beynəlxalq arenada yüksək uğur və nüfuz qazanması kollektiv iş və birgə səy nəticəsində əldə edilmişdir. Uğurlu iş münasibətlərinin qurulması, hər bir fərdin uğurunun qiymətləndirilməsi və qeyd edilməsi, komanda əməyinin dəyərləndirilməsi Neft Fondunda uğurlu kollektiv iş prinsiplərinin yaranması üçün müsbət zəmin yaratmışdır.
İnam
Neft Fondu bütün tərəfdaşlarının inam və etimadını qazanmaq məqsədilə fəaliyyətində daim etik standartlara və düzgünlüyə riayət edir. Fond tərəfdaşlarından da qarşılıqlı və etibarlı tərəfdaşlıq prinsiplərinə əməl edilməsini gözləyir.
Şəffaflıq
Neft Fondu yüksək ixtisaslaşmış qurum olaraq fəaliyyətini şəffaflıq prinsipi və kriteriyaları əsasında qurur. Tərəfdaş təşkilatlarla, işçilər və xarici menecerlər ilə birlikdə şəffaflıq prinsiplərinə əsaslanan, müasir standartlara uyğun fəaliyyət göstərən Fond Azərbaycanda və beynəlxalq aləmdə etibarlılıq və şəffaflıq nümunəsi olan qurum kimi yüksək dəyərləndirilir.


  1. ƏSAS GÖSTƏRİCİLƏR





3. İDARƏETMƏ VƏ ŞƏFFAFLIQ

3.1.Fondun idarə edilməsi
Müşahidə Şurası
Dövlət Neft Fondunun fəaliyyətinə ümumi nəzarət dövlət orqanlarının və ictimai təşkilatların nümayəndələrindən təşkil edilmiş Müşahidə Şurası tərəfindən həyata keçirilir. Şura Fondun illik büdcə layihəsini, illik hesabat və maliyyə hesabatını auditor rəyi ilə birlikdə nəzərdən keçirir və rəy verir. Müşahidə Şurasının üzvləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq olunur. Müşahidə Şurasının fəaliyyəti ictimai (əvəzi ödənilmədən) əsaslarla həyata keçirilir.
Müşahidə Şurasının tərkibi aşağıdakı üzvlərdən ibarətdir:
Artur Rasi-Zadə

Azərbaycan Respublikasının Baş naziri



Valeh Ələsgərov

Azərbaycan Respublikasının Milli Məclis sədrinin müavini



Vahid Axundov

Azərbaycan Respublikasının İqtisadi siyasət məsələləri üzrə Dövlət müşaviri



Samir Şərifov

Azərbaycan Respublikasının Maliyyə naziri



Şahin Mustafayev

Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye naziri



Elman Rüstəmov

Azərbaycan Respublikasının Mərkəzi Bankının sədri


2013-cü ildə Müşahidə Şurasının 2 iclası keçirilmişdir. Müşahidə Şurasının 25 iyul 2013-cü ildə keçirilmiş iclasında Fondun 2012-ci ildə fəaliyyəti haqqında illik hesabat və maliyyə fəaliyyətinin auditinin nəticələri, Neft Fondunun 2012-ci il büdcəsinin icrası barədə hesabat müzakirə edilərək məqbul hesab edilmiş və müvafiq qərar qəbul edilmişdir.
Eyni zamanda 30 sentyabr 2013-cü il tarixində Müşahidə Şurası tərəfindən iclas keçirilmədən sorğu yolu ilə Neft Fondunun 2013-cü il üçün büdcəsinə dəyişikliklər barədə qərar qəbul edilmişdir.
29 noyabr 2013-cü il tarixində Müşahidə Şurasının növbəti iclası keçirilərək Neft Fondunun 2014-cü il üçün büdcə layihəsinə, o cümlədən Fondun vəsaitinin istifadə edilməsinin əsas istiqamətlərinə (investisiya siyasəti daxil olmaqla) və Fondun idarə edilməsi ilə bağlı illik xərclər smetasının layihələrinə baxılmış və Fondun büdcə layihəsinin təsdiq edilmək üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi barədə qərar çıxarılmışdır.

İcraçı direktor
Neft Fondunun fəaliyyətinə operativ rəhbərliyi Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin edilən İcraçı direktor həyata keçirir.
Neft Fondunun İcraçı direktoruna Fondu qanuni olaraq təmsil etmək, işçiləri vəzifəyə təyin etmək və vəzifədən azad etmək, Fondun işini təşkil etmək, Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq olunmuş Qaydalara uyğun olaraq Fondun vəsaitlərinin idarə edilməsi və yerləşdirilməsi üzrə sərəncam vermək səlahiyyətləri verilmişdir. İcraçı direktor Neft Fondunun illik büdcəsini, Neft Fondunun vəsaitinin istifadə edilməsinə dair illik proqramını hazırlayır və təsdiq olunmaq üçün Azərbaycan Respublikası Prezidentinə təqdim edir.
İcraçı direktorun müavini

İcraçı direktorun müavini Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir. İcraçı direktorun müavini İcraçı direktorun həvalə etdiyi vəzifələri yerinə yetirir və bunun üçün şəxsən məsuliyyət daşıyır.



Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 23 iyul 2013-cü il tarixli 3014 nömrəli Sərəncamı ilə İsrafil Məmmədov Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı direktorunun müavini vəzifəsinə təyin edilmişdir.

Fondun təşkilati strukturu
Neft Fondunun valyuta aktivlərinin ildən-ilə artması Fondun işçi heyətinin, xüsusilə də investisiya portfelinin idarə edilməsini təmin edən peşəkar mütəxəssislərin sayının artırılması zərurətini yaratmışdır. Bu zərurətdən irəli gələrək, Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə 2013-cü ildə Neft Fondunun ştat vahidlərinin sayı 110 nəfərdən 160 nəfərə qədər artırılmışdır. Yeni ştat vahidlərinin sayına uyğun olaraq Fondun təşkilati strukturunda dəyişikliklər edilmişdir.
Neft Fondu tərəfindən həyata keçirilən xarici maliyyə bazarlarında investisiya fəaliyyəti Fondun tərkibində fəaliyyət göstərən üç ofis – Ön, Orta və Arxa ofislər vasitəsilə aparılır. Ön və orta ofislərin funksiyalarını İnvestisiya və Risklərin idarə edilməsi departamentləri həyata keçirir.
İnvestisiya departamenti (Ön ofis)
İnvestisiya departamenti maliyyə bazarlarındakı vəziyyəti təhlil edərək investisiya strategiyasının hazırlanmasını və mövcud strategiyaya uyğun olaraq sabit gəlirli qiymətli kağızlar, pul bazarı alətləri, səhmlər, daşınmaz əmlak, qızıl və müxtəlif valyutaların alqı-satqısını həyata keçirir. Departamentdə 3 şöbə fəaliyyət göstərir:

  •   Sabit gəlirli qiymətli kağızlar və pul bazarları üzrə şöbə;

  •   Səhmlər və alternativ investisiyalar üzrə şöbə;

  •   Daşınmaz əmlak üzrə şöbə.


Risklərin idarə edilməsi departamenti (Orta ofis)

Risklərin idarə edilməsi departamenti Fondun investisiya siyasəti və vəsaitlərin strateji bölüşdürülməsi (VSB) ilə əlaqədar təhlil və təkliflərin hazırlanması, seçilmiş VSB-yə uyğun bençmarkın seçilməsi və ya kompozit bençmarkın qurulması, “risk büdcəsi” - bençmarkdan mümkün kənarlaşmalar üzrə təkliflərin hazırlanması işini həyata keçirir. Eyni zamanda, risklərin ölçülməsi və idarə edilməsi, gəlirliliyin hesablanması və gəlirlilik maddələrinə görə bölüşdürülməsi, İnvestisiya departamenti tərəfindən həyata keçirilən investisiya fəaliyyətinin və Fondun investisiya portfelinin müvafiq qaydalara uyğun olmasına nəzarət, hesablamalar və araşdırmaların həyata keçirilməsi, modelləşdirmə və xarici menecerlərin fəaliyyətinə nəzarət funksiyaları da bu departamentdə həyata keçirilir. Departamentdə 2 şöbə fəaliyyət göstərir:

• Risklərin və gəlirliliyin ölçülməsi şöbəsi;

• Xarici menecerlərə nəzarət / Təhlil şöbəsi.


Hesablaşmalar departamenti (Arxa ofis)

Arxa ofisin funksiyalarını Fondun Maliyyə və əməliyyatlar müdiriyyəti nəzdində fəaliyyət göstərən Hesablaşmalar departamenti həyata keçirir.


Hesablaşmalar departamentində əqdlərin müəyyən edilmiş norma və qaydalara uyğunluğu yoxlanılır, əqdlərin verifikasiyası və icrası təmin edilir, eləcə də hesabların açılmasına dair sənədləşmə işləri həyata keçirilir, nağd vəsaitlər və əqdlər bank çıxarışları ilə, xarici menecerlərin əməliyyatları kastodial bankın məlumatları ilə gündəlik və aylıq olaraq tutuşdurulur.
Büdcə proqnozlaşdırma və layihələr departamenti
Büdcə proqnozlaşdırma və layihələr departamenti Fondun gəlir və xərcləri haqqında proqnozların hazırlanması, Fondun büdcə fəaliyyətinin təşkili, iqtisadi təhlil, strateji araşdırma və makroiqtisadi modelləşdirmənin aparılması, Fondun Müşahidə Şurasının fəaliyyətinin təşkili və Fondun vəsaiti hesabına həyata keçirilən layihələrin maliyyələşdirilməsinin təşkili istiqamətində fəaliyyəti həyata keçirir. Təşkilati struktur dəyişikliyinə əsasən Büdcə proqnozlaşdırma və layihələr departamentinin tərkibində Büdcə və proqnozlaşdırma şöbəsi və layihələr şöbəsi yaradılmışdır.
Sxem 3.1. Neft Fondunun təşkilati strukturu

c:\users\uhasanova\desktop\struktur.jpg

Etik davranış qaydaları

2013-cü ilin dekabr ayında qüvvəyə minmiş və özündə bir çox peşəkar biznes qaydalarını (Konfidensial informasiya ilə iş qaydaları, korrupsiyanın qarşısının alınması, korporativ dəyərlər, ətraf mühit və s.) birləşdirən Etik davranış qaydaları hər təşkilatda olduğu kimi Neft Fondunda da mühüm əhəmiyyət kəsb edir.

Fondun yüksək ixtisaslı kadrlardan formalaşmış kollektivi komandada işləmək, təşəbbüskar və yeni ideyalar üçün açıq olmaq, gənc və yeni kadrlara kömək etmək və təcrübəsini onlarla bölüşmək və s. peşəkar keyfiyyətlərə malikdir, hansı ki, bu məqamlar da etik davranış qaydalarının ayrılmaz tərkib hissəsidir. Bunlar da Neft Fondunun həm Azərbaycanda, həm də Azərbaycandan kənarda uğur əldə etməsinə təkan verən əsas amillərdəndir.

3.2. Şəffaflıq və hesabatlılıq

Yaradıldığı gündən etibarən şəffaflıq və hesabatlılıq Neft Fondunun fəaliyyətinin əsas prinsiplərindən birini təşkil edir. Neft Fondu tərəfindən şəffaflığın təmin edilməsi ilk növbədə Fondun maliyyə fəaliyyəti haqqında hesabatının müstəqil beynəlxalq nüfuzlu auditor tərəfindən yoxlanılması vasitəsilə həyata keçirilir. Neft Fondunun 2013-cü il üzrə maliyyə fəaliyyətinin auditi “Prays Voter Haus Kupers” şirkəti tərəfindən keçirilmişdir.


Dövlət Neft Fondunun ictimaiyyətlə əlaqələri 2007-ci ildə qəbul edilmiş Neft Fondunun İnformasiya Siyasətinə uyğun olaraq qurulur. Neft Fondunun İnformasiya siyasəti “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, Fondun ictimaiyyətlə əlaqələrinin düzgün koordinasiya edilməsini, effektli idarə edilməsini, ictimaiyyətin Fondla bağlı informasiya ehtiyaclarının ödənilməsini və Fondun şəffaf dövlət təşkilatı imicinin qorunmasını və inkişaf etdirilməsini təmin etmək məqsədi ilə hazırlanmışdır.
İctimaiyyət Neft Fondunun aktivləri, həyata keçirilən layihələr, gəlirlər və xərcləri, investisiya fəaliyyəti, Fondun İcraçı direktorunun işgüzar səfərləri, Fondda keçirilən müxtəlif tədbir və görüşlər barədə pres-relizlər vasitəsilə məlumatlandırılır.
Neft Fondu şəffaflığın təmin olunması məqsədilə gəlir və xərcləri haqqında rüblük məlumatları, fəaliyyəti barədə illik hesabatları, Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün (MHŞT) tətbiqi barədə məlumatları mətbuatda və Neft Fondunun internet səhifəsində (www.oilfund.az) mütəmadi olaraq dərc etdirir.
Neft Fondunun fəaliyyəti ilə bağlı ictimaiyyətə dəqiq məlumatların çatdırılması məqsədi ilə media nümayəndələri üçün mətbuat konfransları təşkil edilir. Fondun İcraçı direktorunun bir çox nüfuzlu yerli və beynəlxalq KİV-ə müsahibələri təşkil edilir.
Neft Fonduna daxil olan müxtəlif şifahi və yazılı sorğular “İnformasiya əldə etmək” haqqında Qanunda nəzərdə tutulmuş vaxt çərçivəsində və sahibi olduğumuz informasiyanın təmin edilməsi şərtilə cavablandırılır.
Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü sahəsində fəaliyyət

Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) hasilat sənayesində şəffaflığın və hesabatlılığın təmin edilməsinə yönəldilmiş bir təşəbbüsdür. Təşəbbüs 2002-ci ilin sentyabrında Yohannesburqda Böyük Britaniyanın baş naziri Toni Bleyer tərəfindən bəyan edilib. 2003-cü il iyunun 17-də Londonda keçirilmiş MHŞT üzrə I beynəlxalq konfransda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan hökumətinin MHŞT-yə qoşulması qərarını və hasilat sənayesində şəffaflığın təmin olunmasına yönəldilmiş beynəlxalq səyləri dəstəklədiyini bəyan etmişdir. Azərbaycan MHŞT-nin tətbiqində pilot ölkə olmağı könüllü olaraq öz üzərinə götürmüşdür.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 noyabr 2003-cü il tarixli Sərəncamı ilə MHŞT üzrə Komissiya yaradılmışdır. Neft Fondunun İcraçı direktorunun sədrlik etdiyi Komissiyanın tərkibinə Xarici İşlər, İqtisadiyyat və Sənaye, Energetika, Maliyyə, Vergilər, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Dövlət Statistika Komitəsinin, Dövlət Neft Şirkətinin nümayəndələri, eləcə də Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfiri daxil edilmişdir.

MHŞT şirkətlər, hökumətlər, sərmayəçilər və vətəndaş cəmiyyəti təşkilatları tərəfindən dəstəklənən könüllü təşəbbüsdür. Dövlətlərin MHŞT-yə qoşulması və şirkətlərin bu prosesdə iştirakı ictimai həyatda, dövlət idarəçiliyində və biznes mühitində yerli və beynəlxalq səviyyədə şəffaflıq standartları və hesabatlılığa riayət olunmasını təmin edir. MHŞT hesabatlılığın genişlənməsinə, yüksək templi iqtisadiyyat və siyasi sabitlik ilə təmin edilmiş dövlət idarəçiliyinin formalaşmasına təkan verir. Bu da öz növbəsində neft, qaz və digər mədən sənayesi sektorları sahəsində gəlirlər ətrafında olan mübahisələrin qarşısını almağa köməklik edir.

2004-cü il noyabrın 24-də MHŞT üzrə Komissiya, yerli və xarici neft və qaz şirkətləri və qeyri-hökumət təşkilatlarının Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası arasında MHŞT-nin Azərbaycanda tətbiqinə dair Qarşılıqlı Anlaşma Memorandumu imzalanmışdır. Memorandumda nəzərdə tutulmuş mexanizmə uyğun olaraq Azərbaycan hökuməti Təşəbbüs üzrə hesabatlarını açıqlayır. Memoranduma əsasən hökumətin və şirkətlərin hesabatlarını təhlil edərək tutuşdurmaq üçün beynəlxalq nüfuzlu audit şirkəti seçilir. Audit şirkətinin seçilməsi məqsədilə müsabiqə keçirilir və onun qalibi Memorandum tərəflərinin nümayəndələrindən ibarət MHŞT üzrə Çoxtərəfli qrup (ÇQ) tərəfindən müəyyən edilir.

Azərbaycanın hasilat sənayesində fəaliyyət göstərən bütün yerli və xarici şirkətlər, o cümlədən dövlət müəssisələri MHŞT-nin tətbiqi prosesinə qatılmışdır. Hökumət MHŞT-nin tətbiqi prosesinin işlənib hazırlanması, monitorinqi və qiymətləndirilməsində vətəndaş cəmiyyətinin də fəal iştirakını təmin etmişdir.

2013-cü ildə Neft Fondu MHŞT-nin həyata keçirilməsi istiqamətində fəaliyyətini davam etdirmişdir.

26-27 fevral 2013-cü ildə Norveçin Oslo şəhərində MHŞT üzrə Beynəlxalq İdarə Heyətinin 22-ci iclası keçirilmişdir. MHŞT üzrə beynəlxalq İdarə Heyətinin üzvü, MHŞT üzrə Hökumət Komissiyasının sədri, Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı direktoru Şahmar Mövsümovun başçılıq etdiyi nümayəndə heyəti iclasda iştirak etmişdir. 

7 may 2013-cü il tarixində Əfqanıstanın MHŞT üzrə Çoxtərəfli qrup üzvlərindən ibarət nümayəndə heyətinin Bakıya səfəri həyata keçirilmişdir. Səfər zamanı nümayəndə heyəti MHŞT üzrə Komissiyanın sədri Ş. Mövsümov və MHŞT üzrə Katibliyin nümayəndələri ilə görüşmüş, Azərbaycanın hasilat sənayesindən əldə olunan gəlirlərinin idarə olunması və şəffaflığın təmin olunması sahəsində Azərbaycanın təcrübəsini öyrənmişlər.


23-24 may 2013-cü il tarixlərində Avstraliyanın Sidney şəhərində MHŞT üzrə VI Qlobal Konfrans, Beynəlxalq İdarə heyətinin 23 və 24-cü iclasları və Milli Sərgi keçirilmişdir. Ş. Mövsümov növbəti iki il müddətinə MHŞT üzrə İdarə Heyətinə yenidən üzv seçilmişdir.
Konfransda MHŞT üzrə yeni Standart qəbul edilmişdir. “MHŞT Standartı” 2011-ci ildə MHŞT üzrə Parisdə keçirilmiş V Qlobal Konfransda qəbul edilmiş “MHŞT Qaydaları” adlı sənədi əvəz edir.
VI Qlobal Konfrans çərçivəsində keçirilmiş MHŞT üzrə Milli Sərgidə Azərbaycan nümayəndələri də iştirak etmişdirlər.
6 iyun 2013-cü il tarixində MHŞT-nin Azərbaycanda tətbiqi üzrə 2012-ci ili əhatə edən hesabat dərc olunmuşdur.

10 iyun 2013-cü il tarixində MHŞT üzrə Komissiya Mur Stefens audit şirkəti tərəfindən yoxlanılmış Azərbaycan Respublikası Hökumətinin mədən hasilatı sənayesində əldə etdiyi məcmu daxilolmaları barədə növbəti (on yeddinci) hesabatını (2012-ci il üzrə) açıqlamışdır. Hesabata eyni zamanda hasilat sənayesində fəaliyyət göstərən şirkətlərin təqdim etdikləri fərdi hesabatların təhlili əsasında audit şirkətinin verdiyi rəy də daxildir.


23 sentyabr 2013-cü il tarixində Çoxtərəfli qrupun iclasında Mədən Sənayesində Şəffaflığın Artırılması üzrə QHT Koalisiyası MHŞT üzrə 17-ci hesabat (2012-ci il üzrə) - hökumətin hesabatı və Müstəqil Mühasiblərin Rəyi ilə bağlı öz rəyini açıqlamışdır.
25 sentyabr 2013-cü il tarixində Azərbaycan Respublikası Dövlət Neft Fondu və ATƏT-in Bakı ofisinin təşkilatçılığı ilə Azərbaycanın hasilat sənayesində fəaliyyət göstərən yerli və xarici şirkətlərə, QHT Koalisiyasının üzvlərinə MHŞT Standartı üzrə təlim proqramı keçirilmişdir.
26 sentyabr 2013-cü il tarixində ARDNF-nin təşkilatçılığı ilə Azərbaycanın MHŞT-yə qoşulmasının 10 illiyinə həsr olunmuş “Azərbaycan MHŞT daxilində 10 il. Tarixdən yeni pilləyə” mövzusunda beynəlxalq konfrans keçirilmişdir.
3 dekabr 2013-cü il tarixində Azərbaycanın Sidneydə qəbul edilmiş MHŞT Standartına uyğun hazırlanmış 2014-cü il üçün İş planı Çoxtərəfli qrup iclasında qəbul edilmişdir.
2013-cü ildə Çoxtərəfli qrupun 8 görüşü keçirilmişdir. Görüşlər zamanı MHŞT-nin Azərbaycanda tətbiqinə dair aktual məsələlər müzakirə edilmiş və müvafiq qərarlar qəbul olunmuşdur.
Suveren Fondların Beynəlxalq Forumu
Suveren Fondların Beynəlxalq Forumu (SFBF və ya Forum) Suveren Fondların Beynəlxalq İşçi Qrupunun 2009-cu il aprelin 5-6-da Əl-Küveyt şəhərində keçirilmiş iclasında yaradılmışdır. SFBF könüllü qrup olub, əsas məqsədi Suveren Fondların ümumi maraqlarına dair məsələlər ətrafında fikir mübadiləsi aparmaq və Santyaqo Prinsipləri və Suveren Fondların fəaliyyətinin anlaşılmasını asanlaşdırmaqdır.
Azərbaycan Respublikası Dövlət Neft Fondu SFBF-nin aktiv üzvüdür və davamlı olaraq Forumun iclaslarında iştirak edir. Təsadüfi deyil ki, SFBF-nin ilk görüşü 2009-cu il 8-9 oktyabr tarixlərində Azərbaycan hökuməti və Neft Fondunun təşkilatçılığı ilə Bakı şəhərində keçirilmişdir.
SFBF-nin beşinci illik iclası 2013-cü ilin 2-3 oktyabr tarixlərində Norveçin Oslo şəhərində keçirilmişdir. Forum, Norveçin Maliyyə Nazirliyinin təşkilatçılığı ilə keçirilən görüşdə 2012-ci ilin sentyabr ayında Meksikada üzərinə götürdüyü öhdəliklərlə bağlı irəliləyiş əldə etmişdir. Belə ki, Santyaqo Prinsiplərinin tətbiqində əldə olunmuş nailiyyətlər nəzərdən keçirilmiş, Forumun idarəetmə strukturu ilə bağlı razılıq əldə olunmuş, eləcə də xarici menecerlərin seçilməsi və onların fəaliyyətinə nəzarət, investisiyaların idarə olunması sahəsində ən son tendensiyalar, gəlirliliyin aşağı olduğu mühitdə vəsaitlərin bölüşdürülməsi, korporativ idarəetmə və səhmdar hüquqlarının icrası da daxil olmaqla bir çox məsələlər ətrafında müzakirələr aparılmışdır.
Santyaqo Prinsiplərinin 24-cü prinsipinə əsasən Neft Fondu bu prinsiplərin tətbiqi ilə bağlı ilk hesabatını 2011-ci ilin may ayında ictimaiyyətə açıqlamışdır və hesabat illik əsasda nəzərdən keçirilir. Hesabat ilə ətraflı şəkildə Əlavə -də tanış olmaq olar.

Yüklə 307,56 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin