1. Azərbaycan Respublikası Milli Məclisinin səlahiyyətləri


Hakimlərin hüquqi statusu



Yüklə 217 Kb.
səhifə10/11
tarix03.04.2022
ölçüsü217 Kb.
#54644
1   2   3   4   5   6   7   8   9   10   11
UNEC 1648924026

7. Hakimlərin hüquqi statusu

Hər bir dövlətin Konstitusiyasının daha çox diqqət yetirdiyi məsələlərdən biri məhkəmə hakimiyyətini həyata keçirən şəxslərin - hakimlərin statusu ilə bağlıdır. «Məhkəmələr və hakimlər haqqında» qanunun 92-ci maddəsinə görə hakimlər ədalət mühakiməsini həyata keçirmək üçün qanunla müəyyən edilmiş səlahiyyətlərə malik şəxslərdir.

Hakimlərin hüquqi statusu Konstitusiyada və qanunlarda əks olunmuş bir sıra prinsiplərlə müəyyən olunur. Bu prinsiplər sırasına aşağıdakılar daxildir: hakimlərin təyinatı, hakimlərin dəyişilməzliyi, hakimlərin müstəqilliyi, hakimliklə bir araya sığmayan fəaliyyətlə məşğul olmaması.

Hal-hazırda Azərbaycan Respublikasında hakimlər təyin olunurlar. Lakin bu təyinat kortəbii xarakter daşımır və hakimliyə namizədlərin müsabiqədən keçməsini nəzərdə tutur. Bu müsabiqə isə iki pillədə həyata keçirilir. Birinci pillədə hakimlər test üsulu ilə yazılı imtahandan keçirlər. İkinci pillədə isə Məhkəmə-Hüquq Şurasında hakimliyə namizədlərlə fərdi müsahibə aparılır. Qaydalara görə müsabiqəyə 5 il hüquq ixtisası üzrə işləmiş ali təhsilli hüquqşünas, ikili vətəndaşlığı və digər dövlətlər qarşısında öhdəliyi olmayan, heç bir siyasi fəaliyyət ilə məşğul olmayan, fiziki və psixi qüsurları olmayan, məhkum olunmamış şəxslər buraxılırlar.

Bundan sonra hakim vəzifəsinə müvafiq sayda namizəd təyin edilmək üçün Azərbaycan Respublikası Prezidentinə təqdim edilir. Azərbaycan Respublikası Prezidenti isə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi, Azərbaycan Respublikası Ali Məhkəməsi və Azərbaycan Respublikası Apelyasiya məhkəmələrinin hakimlərini təyin etmək üçün Azərbaycan Respublikası Milli Məclisinə təqdimat verir. Azərbaycan Respublikasının digər məhkəmələrinin hakimlərini isə Azərbaycan Respublikası Prezidenti təyin edir. Naxçıvan MR məhkəmələrinə hakim vəzifəsinə namizədlərin seçilməsində Naxçıvan MR Ali Məclisinin sədri iştirak edir. Azərbaycan Respublikasında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi hakimləri 15 il, Azərbaycan Respublikası Ali Məhkəməsi, Azərbaycan Respublikası Iqtisad Məhkəməsi, Azərbaycan Respublikası Apelyasiya Məhkəməsi, Naxçıvan MR Ali Məhkəməsi hakimləri 10 il, digər məhkəmələrin hakimləri isə 5 il müddətinə təyin edilirlər.

Müasir dövrün konstitusiyalarının hakimlərin statusu ilə bağlı nəzərdə tutduğu mühüm prinsip hakimlərin dəyişilməzliyidir. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci və «Məhkəmələr və hakimlər haqqında» qanunun 97-ci maddəsinə görə hakimlər səlahiyyət müddətində dəyişilməzdirlər. Bu prinsipə uyğun olaraq hakim vəzifəsinə təyin olunmuş şəxslər qanunla nəzərdə tutulmuş əsaslar istisna olmaqla özlərinin razılığı olmadan vəzifədən kənarlaşdırıla, daha yüksək və ya daha aşağı vəzifəyə təyin oluna bilməzlər.

Azərbaycan Respublikası Konstitusiyasının 127-ci və «Məhkəmələr və hakimlər haqqında» qanunun 100-cü maddəsinə görə hakimlər müstəqildirlər və yalnız Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına tabedirlər. Qanunun 100-cü maddəsinə görə hakimlərin müstəqilliyi onların səlahiyyəti dövründə siyasətsizləşdirilməsi, dəyişilməzliyi və toxunulmazlığı ilə, vəzifəyə təyin olunmasının, məsuliyyətə cəlb edilməsinin, səlahiyyətlərinə xitam verilməsinin və vəzifədən kənarlaşdırılmasının məhdudlaşdırılması ilə, məhkəmə hakimiyyətinin müstəqil fəaliyyət göstərməsi və ədalət mühakiməsinin qanunda nəzərdə tutulmuş qaydada həyata keçirilməsi ilə məhkəmə icraatına hər hansı şəxs tərəfindən məhdudiyyət qoyulmasının və müdaxilə edilməsinin yolverilməzliyi ilə, hakimlərin şəxsi təhlükəsizliyinin təmin edilməsi yolu ilə həyata keçirilir və onlara vəzifələrinə uyğun sosial təminatlar verilir.

Hakimlərin statusunu müəyyən edən mühüm prinsiplərdən biri hakim vəzifəsi ilə bir araya sığmayan fəaliyyətlə məşğul olmamaq hesab olunur. Azərbaycan Respublikası Konstitusiyasının 126-cı maddəsinə görə hakimlər heç bir başqa seçkili və təyinatlı vəzifə tuta bilməzlər, elmi, pedaqoji və yaradıcılıq fəaliyyətindən başqa heç bir sahibkarlıq, kommersiya və digər ödənişli fəaliyyətlə məşğul ola bilməzlər, siyasi fəaliyyətlə məşğul ola bilməz və siyasi partiyalara üzv ola bilməzlər, vəzifə maaşından, habelə elmi, pedaqoji və yaradıcılıq fəaliyyətinə görə aldığı vəsaitdən başqa məvacib ala bilməzlər.

Konstitusiyada hakimlərin statusunu müəyyən edən digər mühüm prinsip məhkəmə immunitetidir. Məhkəmə immuniteti dedikdə, məhkəmə hakimiyyətini həyata keçirən vəzifəli şəxslərin - hakimlərin toxunulmazlığı və məsuliyyətə cəlb edilməsinin qanunla nəzərdə tutulmuş xüsusi qaydada həyata keçirilməsi başa düşülür.

Azərbaycan Respublikası Konstitusiyasının 128-ci və «Məhkəmələr və hakimlər haqqında» qanunun 101-ci maddəsinə görə hakimlər toxunulmazdır. Hakimlərin toxunulmazlığı həmçinin, onların mənzillərinə, xidməti otaqlarına, nəqliyyat və rabitə vasitələrinə, poçt, teleqraf yazışmalarına, şəxsi əmlakına və sənədlərinə də şamil olunur.

Hakim cinayət məsuliyyətinə cəlb oluna, tutula, həbs edilə bilməz, onların barəsində məhkəmə qaydasında inzibati tənbeh tədbirləri tətbiq edilə bilməz, onlar axtarışa, şəxsi müayinəyə və gətirilməyə məruz qala bilməzlər. Cinayət törətməkdə şübhə edilən şəxs qismində saxlanılmış hakim şəxsiyyəti müəyyənləşdirildikdən sonra dərhal azad edilməli, bu barədə Azərbaycan Respublikası Baş prokuroruna dərhal yazılı məlumat verilməlidir. Əgər hakimlərin əməllərində cinayət tərkibinin əlamətləri varsa, onlar vəzifədən kənarlaşdırıla bilərlər. Hakimlərin vəzifədən kənarlaşdırılması təşəbbüsü ilə Azərbaycan Respublikası Prezidenti Azərbaycan Respublikası Ali Məhkəməsinin rəyi əsasında Azərbaycan Respublikası Milli Məclisi qarşısında məsələ qaldıra bilər. Hakimlər vəzifədən kənarlaşdırıldıqdan sonra Ali Məhkəmənin razılığı və Azərbaycan Respublikası Baş prokurorunun qərarına əsasən, cinayət məsuliyyətinə cəlb edilə və həbs oluna bilər.


Yüklə 217 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin