Ɔ İnsan resurslarının sərbəst hərəkəti Yuxarıda adını çəkdiyimiz “Azərbaycan Respublikası ilə Türkiyə
Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım
haqqında” Müqavilənin 18-ci maddəsində qeyd olunur ki, tərəflər milli
qanunvericiliklərinə uyğun olaraq vətəndaşlarının bir-birinin ölkələrinə
gediş-gəlişinin asanlaşdırılması, bir tərəfin vətəndaşının digər tərəfin
ölkəsində yaşamasının, daşınmaz əmlak əldə etməsinin, əmək fəaliyyəti
ilə məşğul olması və sosial müdafiəsinin təmin olunması üçün tədbirlər
görəcək.
Əslində, məsələ daha geniş qoyulub və fikrimizcə, məsələyə daha geniş
prizmadan yanaşsaq, ölkələrimiz arasında əmək (işçi) resurslarının sərbəst
hərəkəti barədə anlaşmanın imzalanmasına ehtiyac var. Başa düşürük ki,
hazırkı məqamda bunun reallaşması olduqca çətin məsələdir, lakin artıq
bu barədə düşünməyə və çalışmağa başlamaq lazımdır. Bu baş verərsə, hər
iki ölkənin vətəndaşları qarşılıqlı olaraq ixtisaslarına uyğun və əməkhaqqı
gözləntilərinə cavab verən işlər üzrə həm Azərbaycanda, həm də Türkiyədə
rahat şəkildə işləyə bilərlər. Əslində, bu zaman Azərbaycanın əldə etdikləri
Türkiyənin əldə etdiklərindən daha çox olacaq. Türkiyə iqtisadiyyatı
miqyasına görə Azərbaycan iqtisadiyyatından dəfələrlə böyükdür. Nəticədə
işçi axınında balansın Azərbaycanın xeyrinə müsbət olacağı aydındır.
Digər tərəfdən, bu, Azərbaycana qısa müddət ərzində xidmət, turizm,
telekommunikasiya, səhiyyə, sənayenin müxtəlif sahələri və kənd təsərrüfatı
üzrə peşəkar kadrlar əldə etməyə imkan verəcək.