1 azərbaycan-tüRKİYƏ ƏlaqəLƏRİ son 20 İLDƏ: UĞurlar və İmkanlar



Yüklə 2.88 Kb.
PDF просмотр
səhifə1/17
tarix23.07.2017
ölçüsü2.88 Kb.
  1   2   3   4   5   6   7   8   9   ...   17

1
AZƏRBAYCAN-TÜRKİYƏ ƏLAQƏLƏRİ SON 20 İLDƏ: UĞURLAR VƏ İMKANLAR
Azərbaycan Respublikasının 
Prezidenti yanında 
Strateji Araşdırmalar Mərkəzi 
Azərbaycan-Türkiyə 
İş Adamları Birliyi
Bakı - 2011

2
AZƏRBAYCAN-TÜRKİYƏ ƏLAQƏLƏRİ SON 20 İLDƏ: UĞURLAR VƏ İMKANLAR
Azərbaycan-Türkiyə əlaqələri son 20 ildə: 
uğurlar və imkanlar (məqalələr toplusu)
Layihənin müəllifləri:
SAM | Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi
ATİB | Azərbaycan-Türkiyə İş Adamları Birliyi
Layihənin koordinatorları:
Cavid VƏLİYEV
Rəşad RƏSULLU
Kənan ASLANLI
Kitabda son iyirmi ildə Azərbaycan və Türkiyə arasında əlaqələrin müxtəlif tərəflərini 
əks etdirən məqalələr toplanmışdır. Məqalələrdə əks etdirilən fikirlər müəlliflərin 
şəxsi mülahizələridir, SAM və ATİB-in rəsmi mövqeyi ilə üst-üstə düşməyə bilər.
Kitab Azərbaycan  və Türkiyə  arasında  münasibətlərin inkişaf  tarixi,  meyilləri və 
perspektivləri ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
Kitabla bağlı fikir və tövsiyələrini bildirmək istəyən oxucular SAM və ya ATİB-ə 
müraciət edə, həmçinin aşağıdakı elektron ünvanlardan biri ilə əlaqə saxlaya bilərlər: 
info@sam.gov.az və ya office@atib.az 
ISBN: 978-99-5281-700-3
© SAM, 2011
© ATİB, 2011

3
AZƏRBAYCAN-TÜRKİYƏ ƏLAQƏLƏRİ SON 20 İLDƏ: UĞURLAR VƏ İMKANLAR
Mündəricat
 
Ɔ
Ön sözlər 
 
Azərbaycan-Türkiyə: dostluq, qardaşlıq və strateji tərəfdaşlıq 
Elnur ASLANOV 
 
Son iyirmi ildə Azərbaycan və Türkiyə əlaqələrinə qısa baxış
Hulusi KILIÇ 
 
 
Ɔ
Məqalələr 
 
Regional hadisələrin Türkiyə-Azərbaycan münasibətlərinə təsiri
Cavid VƏLİYEV
 
Parlamentlərarası əlaqələr: nailiyyətlər və perspektivlər
Qənirə PAŞAYEVA 
 
Azərbaycan-Türkiyə iqtisadi əlaqələri: əsas trendlər və nailiyyətlər
Rəşad RƏSULLU, Kənan ASLANLI 
 
Azərbaycan-Türkiyə enerji münasibətləri: çağırışlar və perspektivlər
Gülmira RZAYEVA
 
Azərbaycan və Türkiyə arasında texniki yardım layihələri: 
TİKA nümunəsi
Salih POLAT, Abbas HÜMMƏTOV   
 
Azərbaycanla-Türkiyə arasında təhsil əlaqələri 
Qulu NOVRUZOV
 
Hərbi-texniki sahədə Azərbaycan-Türkiyə əməkdaşlığı (1991-2011)
Yəhya MUSAYEV 
 
Azərbaycan və Türkiyə ortaq tarix doktrinası: 
erməni iddialarına qarşı yeni platformanın yaradılması
Hatəm CABBARLI
 
Azərbaycan və Türkiyə QHT-ləri arasında əlaqələr 
Araz ASLANLI 
5
9
15
45
61
83
97
111
123
131
147

4
AZƏRBAYCAN-TÜRKİYƏ ƏLAQƏLƏRİ SON 20 İLDƏ: UĞURLAR VƏ İMKANLAR

5
Azərbaycan-Türkiyə: dostluq, qardaşlıq və strateji tərəfdaşlıq
Qədim  tarixi  köklərə  malik  olan  Azərbaycan-Türkiyə  münasibətləri 
bu  gün  birgə,  qarşılıqlı  səylər  və  sarsılmaz  iradə  əsasında  inkişaf  etdiri-
lir. Ümummilli lider Heydər Əliyevin səsləndirdiyi “bir millət iki dövlət” 
ifadəsi  yeni  dövrdə  iki  dövlət  arasında  olan  münasibətlərin  səciyyəvi 
xüsusiyyətlərinin  çox  gözəl  təcəssümüdür.  XX  əsrin  əvvəllərində  baş 
verən  hadisələrə  nəzər  salsaq  görərik  ki,  azərbaycanlılar  və  türklər  hər 
zaman  çiyin-çiyinə  dövrün  çətinliklərinə  sinə  gərib,  ağır  sınaqlardan  al-
nıacıq  çıxıblar.  Birinci  Dünya  müharibəsi  zamanı  Çanaqqala  döyüşündə 
azərbaycanlı könüllülər türk qoşunları ilə birgə vuruşaraq, böyük rəşadət 
göstəriblər. Vaxtilə Bakını işğal edən erməni daşnaqları bolşeviklərin xeyir-
duası ilə 1918-ci ilin martında azərbaycanlılara qarşı soyqırımı törədib, on 
minlərlə soydaşımızı qətlə yetiriblər. Qubada tapılan kütləvi məzarlıqdakı 
insan cəsədlərinin qalıqları Azərbaycanın digər bölgələrində də bu cür mis-
li  görünməmiş  vəhşiliyin  həyata  keçirilməsindən  xəbər  verir.  Məhz  belə 
çətin anlarda Nuru Paşanın rəhbərliyi altında Qafqaz İslam Ordusu qardaş 
Azərbaycanın köməyinə gəlib. 
Artıq  həmin  dövrdə  geosiyasi  maraqların  diqqət  mərkəzində  olan 
Azərbaycan  beynəlxalq  sistemin  əsas  aktorlarının  dünyada  hegemonluq 
siyasətində mühüm strateji məntəqəyə çevrilmişdi. Zaman dəyişir, vasitələr 
Dr. Elnur ASLANOV
Prezident Administrasiyasının
Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri
Azərbaycan-Türkiyə: 
dostluq, qardaşlıq və strateji tərəfdaşlıq
Ön söz

6
Azərbaycan-Türkiyə: dostluq, qardaşlıq və strateji tərəfdaşlıq
dəyişir. Lakin strateji düşüncələr hər zaman olduğu kimi obyektiv amillərə, 
o  cümlədən  dövlətin  yerləşdiyi  coğrafi  mövqeyə,  malik  olduğu  torpağın 
xüsusiyyətlərinə, təbii sərvətlərinə bağlıdır. Keçən əsrin əvvəlindən bu günə 
qədər uzun zaman keçməsinə baxmayaraq, Azərbaycan strateji əhəmiyyətini 
saxlayıb və hazırda regional siyasətin təyin edilməsində birbaşa iştirak edir.
1991-ci  ildə  Sovetlər  Birliyi  dağıldıqdan  sonra  Azərbaycan-Türkiyə 
münasibətlərinin yeni mərhələsi başlayıb. Hər iki dövlət arasında tarixi və 
etnik  köklərin  vahidliyinə  bağlı  olan  təbii  yaxınlaşma,  ümumi  maraqlar 
ətrafında  səylərin  birləşdirilməsi  müasir  qloballaşan  dünyada  mövcud  və 
potensial çağırışların aradan qaldırılmasına və gələcəyin möhkəm təməllər 
üzərində qurulmasına imkan yaradıb. Eyni zamanda, yeni dünya nizamında 
ədalətin əsas meyar kimi qəbul edilməsi, hər iki dövlətin siyasi fəaliyyətinin 
nail olmaq istədiyi əsas məqsədlərdən birinə çevrilib. 
Sirr deyil ki, Azərbaycan ərazisinin 20%-i qonşu Ermənistan tərəfindən 
işğal  edilib.  Dünya  birliyinin  bu  məsələdə  tutduğu  “ikili  standart”  möv-
qe  beynəlxalq  sülh  və  təhlükəsizliyə  zərbə  olmaqla  yanaşı,  Ermənistan-
Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini ləngidir, 
Ermənistanı  davamlı  surətdə  təcavüzkar  siyasət  yürütməyə  təşviq  edir. 
Beynəlxalq hüquq təcavüzkar dövlətin cəzalandırılmasını tələb edir. Çün-
ki heç bir dövlət digər dövlətin ərazi bütövlüyünə və siyasi müstəqilliyinə 
hərbi müdaxilə edə bilməz. Qardaş Türkiyənin 1993-cü ildə atdığı addımlar 
təqdirəlayiqdir. Ermənistan tərəfindən Azərbaycan ərazisinin  bir hissəsinin 
işğal  edilməsinə  cavab  olaraq  rəsmi  Ankaranın  təcavüzkar  dövlətlə 
sərhədlərini  bağlaması  leqal  bir  addımdır  və  Ermənistanı  beynəlxalq  hü-
ququn prinsip və normalarına boyun əyməyə vadar etmək məqsədi güdür. 
Dünya  birliyi  bundan  ibrət  dərsi  götürməli,  Ermənistana  qarşı  təsirləri 
gücləndirməlidir.  Bu,  bəşəriyyətin  gələcəyi  üçün  bir  zərurətdir.  Çün-
ki Azərbaycanın  ərazi  bütövlüyünə  qarşı  digər  bir  dövlətin  hərbi  gücdən 
istifadə etməsinə beynəlxalq birliyin laqeyd münasibəti hüquqi prinsip və 
normaların aliliyinə əsaslanan mövcud dünya nizamının pozulmasına, uzun 
illər ərzində dünya dövlətlərinin çətin səyləri nəticəsində əldə edilən uğur-
ların,  hüquqi  mexanizmlərin  sual  altına  alınmasına  təkan  vermiş  olur  və 
zərərli presedentin yaranmasına gətirib çıxarır. Bu məsələ Azərbaycan və 
Türkiyə tərəfindən beynəlxalq təşkilatlarda dəfələrlə qaldırılıb. Bu faydalı 
əməkdaşlıq çərçivəsinə Azərbaycan və Türkiyə parlament nümayəndələrinin 
multilateral çərçivələrdə sıx əməkdaşlıq fəaliyyətlərini də əlavə etmək olar. 
Tarix  siyasətçilər  tərəfindən  yazılmır,  tədqiqatçılar  tərəfindən  araşdı-
rılıb gələcək nəsillərə ötürülür. Lakin biz qarşımızda erməni təbliğat ma-

7
Azərbaycan-Türkiyə: dostluq, qardaşlıq və strateji tərəfdaşlıq
şınının  yalan  və  iftiralarını,  tarixi  məlumatları  saxtalaşdırmaq  cəhdlərini 
görürük. Ermənistan hakimiyyət orqanlarının vaxtaşırı səsləndirdiyi və heç 
bir tarixi reallığa əsaslanmayan bəyanatları onların yaxşı qonşuluq siyasəti 
prinsipindən nə dərəcədə uzaq olmasını və cılız düşmənçilik hisslərinin gi-
rovuna çevrildiyini göstərir. Biz erməni rəhbərliyini daha rasional olmağa 
və gələcəyi düşünməyə çağırırıq. 
Mövcud qloballaşan dünyada ən optimal çıxış yolu regional əməkdaşlığın 
gücləndirilməsi,  qarşılıqlı  faydalılıq  prinsipi  əsasında  yeni  siyasi  və  iqti-
sadi  münasibətlərin  qurulmasındadır.  Azərbaycan  və  Türkiyə  arasında 
münasibətlərin inkişaf tendensiyası buna ən gözəl nümunədir. 2011-ci ilin 
noyabrına qədər olan məlumatlara görə, iki qardaş ölkə arasındakı ümumi 
ticarət dövriyyəsi 1,4 milyard dollar təşkil edib. İl ərzində türk iş adamla-
rının Azərbaycan iqtisadiyyatına yatırdığı investisiyanın həcmi 2 milyard 
dolları keçib. Bu gün bir sıra Azərbaycan şirkətləri, o cümlədən Azərbaycan 
Dövlət Neft Şirkəti (ARDNŞ) Türkiyə iqtisadiyyatının müxtəlif sahələrinə 
vəsait yatırır və öz fəaliyyət sferalarını genişləndirir. ARDNŞ-in yatırdığı 
vəsaitin həcmi təqribən 5 milyard dollar təşkil edir.
Hərbi sahədə əməkdaşlıq 2010-cu il avqustun 16-da imzalanan “Stra-
teji  tərəfdaşlıq  və  qarşılıqlı  yardım  haqqında”  Müqavilədən  sonra  yeni 
mərhələyə  qədəm  qoyub.  Qeyd  etmək  lazımdır  ki,  hərbi  silah  və  sursa-
tın  birgə  istehsalı  dinamik  inkişaf  edən  qarşılıqlı  münasibətlərin  məntiqi 
nəticəsidir. Bu, Azərbaycanın hərbi sənaye kompleksinin inkişafına təkan 
verəcək və ölkənin hərbi qüdrətinin artmasına kömək edəcək. 
Hər iki dövlət arasında mövcud siyasi və iqtisadi münasibətlər onları 
regional  geosiyasətin  əsas  aktorlarına  çevirmişdir.  Həyata  keçirilən  ener-
ji layihələri Azərbaycanın dəstəyi və fəal iştirakı sayəsində mümkün olub. 
Türkiyədən keçən neft və qaz kəmərləri vasitəsilə Azərbaycan həm ener-
ji  resurslarını  dünya  bazarına  çıxarır,  həm  də  Mərkəzi Asiya  ölkələrinin 
təbii  sərvətlərinin  daşınması  üçün  tranzit  rolunu  oynayır. Azərbaycan  və 
Türkiyə arasında qarşılıqlı inam və etibar, dostluq və qardaşlıq belə qlobal 
layihələrin həyata keçirilməsinə imkan verən əsas amildir. Onlar Avropanın 
enerji təhlükəsizliyinin mühüm elementləridir. 
Bakı-Tbilisi-Qars  dəmiryolu  xəttinin  çəkilməsi  və  yaxın  gələcəkdə 
istifadəyə  verilməsi  tarixi  İpək  Yolunun  bərpa  edilməsini  və  regionun 
yeni nəqliyyat dəhlizinə çevrilməsini nəzərdə tutur. Regionun gələcək in-
kişafı üçün zəruri olan bu layihə iki tərəf arasında daşınmalarda mövcud 
çətinlikləri aradan qaldıracaq. 
Bu gün çoxsaylı azərbaycanlı tələbə kontingenti Türkiyə Respublika-

8
Azərbaycan-Türkiyə: dostluq, qardaşlıq və strateji tərəfdaşlıq
sının müxtəlif təhsil ocaqlarında oxuyurlar. Türkiyəyə təhsil almağa gedən 
tələbələrin sayı durmadan artır. Təhsil sahəsində əlaqələrin genişlənməsi isə 
öz növbəsində hər iki ölkənin gəncləri arasında sıx və faydalı münasibətlərin 
formalaşmasına rəvac verir. Bir-birilə mütəmadi əlaqə saxlayan gənclərin 
gələcəkdə hər iki ölkənin həyatında qərarverici gücə çevriləcəyini nəzərə 
alsaq,  bu  münasibətlərin  Azərbaycan-Türkiyə  əməkdaşlığının  gələcəyi 
üçün nə qədər böyük əhəmiyyət daşıdığı məlum olar. 
Azərbaycan-Türkiyə  münasibətlərində  iki  ölkənin  media  qurumları 
arasındakı əlaqələr xüsusi bir istiqamət təşkil etməkdədir. Bir sıra Türkiyə 
telekanallarının  Bakıda  fəaliyyət  göstərən  nümayəndəlikləri  ölkəmizin 
ictimai-siyasi  həyatının  ətraflı  işıqlandırılmasında  yaxından  iştirak  edir. 
Bütün bu nailiyyətlər hər iki tərəfi daha sıx və səylə fəaliyyət göstərməyə 
həvəsləndirir. 
Eyni  zamanda,  son  illər  ərzində  hər  iki  dövlətin  beyin  mərkəzləri 
arasında  sıx  əməkdaşlıq  əlaqələri  də  qurulub.  Belə  əməkdaşlığın  bariz 
nümunəsi  Azərbaycan  Respublikasının  Prezidenti  yanında  Strateji  Araş-
dırmalar Mərkəzi ilə Türkiyənin bir sıra beyin mərkəzləri, xüsusilə Xari-
ci  İşlər  Nazirliyi  yanında  Strateji Araşdırmalar  Mərkəzi  ilə  aktiv  surətdə 
həyata keçirilən birgə layihələrin sayının durmadan artmasıdır. Bu isə vahid 
ekspert  məkanının  qlobal  çağırışlara  qarşı  ümumi  fəaliyyət  strategiyası-
nın  formalaşması  üçün  zəmin  yaradır.  Elmi  münasibətlərin  və  əlaqələrin 
təkmilləşdirilməsi bundan sonra da yüksələn xətt üzrə davam etməli, yeni 
uğurların əldə edilməsi üçün birgə səylər daha da artırılmalıdır. 
Azərbaycan-Türkiyə münasibətlərini qısa bir məqalə çərçivəsində əhatə 
etmək  qeyri-mümkündür.  Bu  kitab  da  belə  bir  çağırışlara  cavab  vermək 
missiyasını üzərinə götürür və hər iki dövlət arasında mövcud əlaqələrin 
müxtəlif sahələrdə inkişaf xüsusiyyətlərini araşdırır. 

9
Son iyirmi ildə Azərbaycan və Türkiyə əlaqələrinə qısa baxış
 
Ɔ
Giriş 
Soyuq  müharibənin  başa  çatması  beynəlxalq  əlaqələrdə  bir  çox  an-
layışın  yenidən  müəyyənləşməsinə  və  bəzi  ölkələrin  strateji  baxımdan 
əhəmiyyətinin nəzərdən keçirilməsinə gətirib çıxarıb. Bu çərçivədə Cənubi 
Qafqaz dünya siyasətində maraq oyadan bölgələrdən biri olub. Bu bölgə 
istər vəd etdiyi fürsətlər, istərsə də soyuq müharibə illərinin siyasi və hərbi 
şərtləri fonunda müxtəlif anlaşılmazlıqların və qarşıdurmaların ortaya çıx-
ması ilə hər zaman gündəmdə qalıb. Bununla yanaşı, qloballaşan dünya-
da  artan  enerji  tələbatının  ödənilməsi  baxımından  bölgə  ölkələrinin  həm 
mənbə,  həm  də  tranzit  ölkələr  kimi  önə  çıxması,  eyni  zamanda  strateji 
nəqliyyat xətlərinin kəsişdiyi nöqtənin bu regionda yerləşməsi beynəlxalq 
münasibətlərdə Cənubi Qafqaza yönələn nəzərləri daha da artırıb. 
Artan  siyasi,  iqtisadi  və  akademik  maraqlar  çərçivəsində,  region-
da  meydana  gələn  hadisələrin  təhlilində  beynəlxalq  əlaqələrin  realist 
nəzəriyyələrinə  və  törəmə  dünyagörüşlərinə  tez-tez  müraciət  edilir.  Bu 
nəzəriyyələr və dünyagörüşlər həm region ölkələri arasındakı əlaqələri, həm 
də digər ölkələrin bölgəyə istiqamətlənmiş siyasətlərini “böyük bir oyun” 
içərisində, ölkələrin sadəcə maraq mərkəzli hərəkət etmələri fərziyyəsi ilə, 
strateji və geosiyasi ünsürləri xüsusilə vurğulayaraq izah edir.
Hulusi KILIÇ
Türkiyə Respublikasının Azərbaycandakı 
fövqəladə və səlahiyyətli səfiri
Son iyirmi ildə Azərbaycan və Türkiyə 
əlaqələrinə qısa baxış
Ön söz

10
Son iyirmi ildə Azərbaycan və Türkiyə əlaqələrinə qısa baxış
Haqqında  bəhs  edilən  nəzəriyyə  və  dünyagörüşlər    bir  çox  hadisənin 
təhlilində müxtəlif üstünlüklər versə də, Türkiyənin regiona istiqamətlənmiş 
siyasəti,  xüsusilə  də  Türkiyə  ilə  Azərbaycan  arasındakı  əlaqələrin  şərhi 
üçün kifayət deyil. 
Xalqlar arasında soy bağına, ortaq dilə, mədəniyyətə və ənənələrə sahib 
olan bu iki qardaş ölkə - Türkiyə ilə Azərbaycan arasındakı əlaqələrin 20-ci 
ildönümünü qeyd etdiyimiz 2011-ci ildə ölkələr arasındakı münasibətlər istər 
hökumət, istərsə də xalqlar çərçivəsində əhatəli və köklü bir səviyyəyə çatıb, 
hətta bütün sahələr üzrə əlaqələr gün keçdikcə sürətlə inkişaf edir və güclənir. 
Bu  çərçivədə  Türkiyə  ilə  Azərbaycan  arasındakı  əməkdaşlıq  klassik 
mənfəət  əlaqələrindən  kənar,  “xüsusi”  bir  mahiyyətə  sahibdir.  Haqqında 
bəhs edilən xüsusi bağı əks etdirmək üçün Türkiyə ilə Azərbaycan arasın-
dakı əlaqələrin tarixi miqyası və diplomatik münasibətlərin qurulması ilə 
ikitərəfli əlaqələr və beynəlxalq səviyyədə həyata keçirilən əməkdaşlıq haq-
qında bəzi məqamlar aşağıda qeyd olunur. 
 
Ɔ
Tarixi miqyas və diplomatik əlaqələrin qurulması
Türkiyə ilə Azərbaycan arasındakı yaxın əlaqələr, əsasən, ortaq tarix və 
köklərimizə əsaslanır. Qardaşlıq əlaqələrinin təbii nəticəsi olaraq Türkiyə 
Cümhuriyyəti  1991-ci  ildə,  tam  71  il  sonra  müstəqilliyini  yenidən  bərpa 
edən Azərbaycan Respublikasını 1991-ci il noyabrın 9-da tanıyan ilk ölkə 
olub. Aramızdakı yaxın əlaqə və qardaşlıq münasibətlərinə təkcə XX əsr 
ərzində  baxdığımız  zaman  1918-ci  ildə  qardaş  Azərbaycanın  respublika 
olaraq  elan  olunmasını  və  1918-ci  il  sentyabrın  15-də  Nuru  Paşanın  ko-
mandanlığında olan Qafqaz İslam Ordusununun Bakını bolşevik və erməni 
işğalından xilas etməsini xatırlayırıq. 
O dövrdə Azərbaycanın Anadoluda yaşayan qardaşlarına münasibətini 
ifadə  etmək  üçün  Məmmədəmin  Rəsulzadənin  bu  sözlərini  xatırla-
maq  kifayətdir:  “Kiçik Türkiyə  xalqı  ilə  böyük Türkiyə  xalqı  arasındakı 
münasibət iki qardaş münasibəti qədər səmimidir...”. Mustafa Kamal Ata-
türk isə “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” demişdir.
Azərbaycan türkləri sovet rejimində öz mədəniyyətini və dilini qoruyub 
və çətin şərtlər altında Türkiyə ilə əlaqələrini davam etdirməyə çalışıblar. 
İki ölkənin iftixar mənbəyi olan və ortaq tarixdən qaynaqlanan ənənələri, 
köklü mədəniyyəti, dili bu uzun həsrət dövründə iki xalqı birləşdirən bağı 
meydana gətirib. 
Türkiyə  Cümhuriyyəti  Azərbaycanı  hər  vaxt  xüsusi  bir  maraqla 
müşahidə  edib,  məsələn, Azərbaycan  xalqının  müstəqillik  mübarizəsində 

11
Son iyirmi ildə Azərbaycan və Türkiyə əlaqələrinə qısa baxış
1990-cı ildə yaşanan “20 yanvar qırğını” Türkiyədə ictimaiyyəti ayağa qal-
dırıb, media, universitet ictimaiyyəti, hökumət və sıravi vətəndaşlar Bakı-
da yaşanan insanlıq dramını kəskin şəkildə qınayıb və Azərbaycan xalqına 
dəstəklərini bəyan ediblər. 
Amma  bu  kədərli  hadisələr  qardaş  xalqın  müstəqilliyə  olan  həsrətini 
soyuda  bilməyib  və  Azərbaycan  Milli  Məclisi  1991-ci  il  avqustun  30-
da müstəqilliyini elan edib. Bu qərar 1991-ci il oktyabrın 18-də qüvvəyə 
minib. Azərbaycan Milli Məclisi 1991-ci il oktyabrın 29-da bütün dünya 
dövlətlərini və Birləşmiş Millətlər Təşkilatını ölkənin müstəqilliyini tanı-
mağa dəvət edib.
Türkiyədən müstəqil Azərbaycanı ziyarət edən ilk heyət Xarici İşlər Nazir-
liyi nümayəndələrindən təşkil olunub və 1991-ci il sentyabrın 12-14-də Bakıya 
rəsmi səfər edilib, görüşlər keçirilib. Heyət Türkiyəyə qayıtdıqda Azərbaycanı 
ilk  tanıyan  ölkənin  Türkiyə  olması  istiqamətində  hökumətə  hesabat  təqdim 
edib.  Belə  ki,  1991-ci  il  noyabrın  9-da  o  dövrün  Baş  naziri  Məsud Yılmaz 
Azərbaycanın müstəqilliyinin Türkiyə tərəfindən tanındığını bildirib. Qafqaz və 
Orta Asiya respublikalarının tanınmasında tələsik davranılmaması üçün edilən 
təzyiqlərə baxmayaraq Türkiyə Azərbaycanı tanıyan ilk ölkə olub.
1991-ci  il  dekabrın  30-da  Türkiyə  Cümhuriyyəti  Bakı  Baş  konsullu-
ğunun səfirlik səviyyəsinə yüksəldilməsi haqqında qərar verib və iki ölkə 
arasında “Diplomatik əlaqələrin qurulmasına dair” Protokol 1992-ci il yan-
varın 14-də imzalanıb. Bununla da Bakıda ilk səfirliyi Türkiyə açıb.
1923-cü  ildə  respublikanın  elan  edilməsi  ilə  müstəqilliyinə  qovuşan 
Türkiyə qardaş türk respublikalarına ehtiyacı həmişə duymuş və müstəqillik 
əldə etdikdən sonra ortaq dil, mədəniyyət və tarixi bağları olan Azərbaycana 
imkan çərçivəsində kömək və dəstək verməyi özünün siyasi və mənəvi bir 
vəzifəsi bilmişdir. 
 
Ɔ
İkitərəfli əlaqələr və beynəlxalq sahədə əməkdaşlıq
20  il  ərzində  Türkiyə  ilə  Azərbaycan  arasında  bütün  səviyyələrdə  bir 
sıra səfərlər həyata keçirilib. Bu səfərlər zamanı ikitərəfli əlaqələrin inkişafı-
na yönəlik çoxlu sayda razılaşma əldə olunub. Türkiyə qardaş Azərbaycanın 
güclənməsi və beynəlxalq səviyyədə layiq olduğu hörməti qazanması üçün hər 
cür dəstək verib və səy göstərib. Təsadüfi deyil ki, Azərbaycan xalqının ulu 
öndəri Heydər Əliyev bu həmrəyliyi “Bir millət, iki dövlət” fikri ilə ifadə edib.
Keçən  vaxt  ərzində  Türkiyə  və  Azərbaycan  siyasi,  hərbi,  iqtisadi, 
mədəni, ictimai olmaqla bütün sahələrdə ortaq addımlar atıb, əsasən, regio-
nal miqyasda effektiv nəticələr verən əhəmiyyətli layihələri həyata keçirib.

12
Son iyirmi ildə Azərbaycan və Türkiyə əlaqələrinə qısa baxış
Türkiyə  ilə Azərbaycanın  xarici  siyasətlərində  birlikdə  hərəkət  etmə, 
həmrəylik  içərisində  olma  qanunu  hər  zaman  istiqamətverici  xüsusiyyət 
daşıyıb. Türkiyə qardaş Azərbaycanın torpaqlarının işğal edilməsinə reak-
siya olaraq Ermənistanla sərhədləri bağlayıb. İkitərəfli əlaqələr baxımından 
bir dövlətin başqa bir dövlət üçün üçüncü bir dövlətlə sərhədini bağlaması 
münasibətlərin bənzərsiz olduğunun və başqa ölkə əlaqələri ilə müqayisə 
edilə bilməyəcəyinin göstəricisidir.
İki  ölkənin  daha  sıx  əməkdaşlıq  etdiyi  əsas  mövzulardan  biri  Dağlıq 
Qarabağ problemidir. Türkiyə Azərbaycanın müstəqillik əldə etdikdən son-
ra  qarşı-qarşıya  qaldığı  Dağlıq  Qarabağ  probleminin  ilk  gündən  etibarən 
yaxın təqibçisi olub, Azərbaycanın haqlı mövqeyini beynəlxalq sahədə və 
ikitərəfli görüşlərdə gündəmə gətirməyə səy göstərib.
Dağlıq Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində 
həll edilməsi və işğal edilən Azərbaycan torpaqlarının qaytarılması Qafqaz-
da əhatəli barış və sabitliyin ən əhəmiyyətli ünsürünü təşkil edir. Qafqazda 
istiqrarlı sülh, sabitlik və xalqlar arasında inamın yenidən bərpa edilməsi 
Türkiyənin  prioritetli  hədəfidir.  Bu  mənada,  Dağlıq  Qarabağ  məsələsi 
bölgənin təhlükəsizliyi, sabitliyi və inkişafı baxımından böyük bir maneə 
olub, problemin beynəlxalq hüquq qayda və qanunları çərçivəsində həlli və 
Azərbaycan torpaqlarının qısa müddətdə işğaldan azad edilməsi lazımdır.
Türkiyə  ilə  Azərbaycan  arasında  bütün  sahələrdə  operativ  qarşılıqlı 
müşavirə və ünsiyyət mövcuddur. 2010-cu il avqustun 16-da Türkiyə Res-
publikanın  Prezidenti  cənab Abdullah  Gülün Azərbaycana  səfəri  zamanı 
“Strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında” Müqavilənin imzalan-
ması ənənəvi ortaqlığın, həmrəyliyin, əzm və möhkəmliyin təbii nəticəsidir.
Strateji  əməkdaşlıq  səviyyəsində  olan  əlaqələrin  daha  da 
möhkəmlənməsini  təmin  etmək  məqsədilə  2010-cu  ildə  keçirilən  Türk-
dilli  Ölkələrin  Dövlət  Başçılarının  İstanbul  Sammiti  zamanı  Türkiyə-
Azərbaycan  Ali  Strateji  Əməkdaşlıq  Şurasının  yaradılmasına  dair  ortaq 
fikir yaranıb. Şuranın ilk toplantısı 2011-ci il oktyabrın 25-də Azərbaycan 
Respublikasının Prezidenti cənab İlham Əliyev ilə Türkiyə Respublikasının 
Baş naziri cənab Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə İzmirdə keçirilib. İki 
qardaş ölkədən 10 nazirin iştirak etdiyi toplantıda 20-yə yaxın sənəd imza-
lanıb, ikitərəfli əlaqələr geniş müzakirə olunub. 
İqtisadi sahədəki əlaqələr hər keçən il daha sürətlə inkişaf edib, güclənən 
ikitərəfli  münasibətlər  Bakı-Tbilisi-Ceyhan  neft  boru  xətti  və  Bakı-Tbilisi-
Ərzurum təbii qaz boru xətti layihələri ilə fərqli özəllik qazanıb. 2013-cü ildə 
istifadəyə verilməsi planlaşdırılan Bakı-Tbilisi-Qars dəmiryolu xətti Avrasiya 
miqyasında əhəmiyyətli bir nəqliyyat şəbəkəsi olacaq. Son olaraq, Ali Strateji 
  1   2   3   4   5   6   7   8   9   ...   17


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə