1. Azərbaycan Xanlıqları və onların yaranma səbəbləri


Cənubi Azərbaycan xanlıqları



Yüklə 32,93 Kb.
səhifə2/2
tarix03.03.2022
ölçüsü32,93 Kb.
#53364
1   2
Azərbaycan xanlıqlarının yaranmasını şərtləndirən amillər. Cənub xanlıqları.

2.Cənubi Azərbaycan xanlıqları:

Ərdəbil xanlığı.

XVIII əsrin 40-cı illəri - XIX əsrin əvvəllərində Cənubi Azərbaycan ərazisində (indiki İran) mövcud olmuş xanlıq. Ərazisi TalışQaradağTəbrizMarağa və Gilan xanlıqları ilə hüdudlanırdı. Mərkəzi Ərdəbil şəhəri idi.

XVIII əsrin ortalarında yaranmış xanlıqlardan biri də Ərdəbil xanlığı olmuşdur. LənkəranQaradağQarabağSərab və Gilan xanlıqları ilə həmsərhəd olan xanlığın mərkəzi Ərdəbil idi. Xanlığın əsasənı Şahsevən tayfasından olan Bədir xan qoymuş və dövləti siyasi cəhətcə möhkəmləndirmişdi. Xanlığı feodal əyanlarından ibarət divanxana idarə edirdi. Mahallarda idarəçilik işləri bəylər, naiblər, kəndlərdə kətxudalar tərəfindən aparılırdı. Xanlığın 3 min nəfərlik daimi qoşunu var idi. Bədir xanın oğlu Nəzərəli xan Şahsevənın dövründə (1747-1783) zəndlər və qacarlarla münasibət kəskinləşmişdi. Nəzərəli xan Şahsevən nikah diplomatiyası vasitəsilə qarabağlı İbrahim xanla dostluq əlaqələri yaratmişdi. Talış xanlığı ilə də mehriban qonşuluq münasibətində idi.

Qubalı Fətəli xan 1784-cü ilin mayında hücum edərək Ərdəbili və Meşkini tutdu. Bu hadisə Fətəli xanın düşmənlərinin, xüsusiləRusiyanın narazılığına səbəb oldu. Ona görə də Fətəli xan Ərdəbili tərk etməli oldu.

Nəzərəli xanla şərik hakimiyyətə malik olan Nəsir xanın (1763-1808) dövründə, 1797-ci ildən etibarən xanlıq müstəqilliyini itirərək Qacarlardan asılı vəziyyətə düşmüşdü. Xanlığın fəaliyyətinə 1808-ci ildə Qacarlar sülaləsi tərəfindən son qoyulmuşdu.
Marağa xanlığı

Şərqdən Miyana, şimaldan Təbriz xanlığı, qərbdən Urmiya gölü, cənubdan Ərdalan xanlığı ilə həmsərhəd Azərbaycanın cənub xanlığı.

Marağa vilayəti I Şah Abbasın hakimiyyəti dövrundə Azərbaycanın məşhur ellərindən biri Cavanşir tayfasının Müqəddim adlı qoluna mənsub idi. Həmin vilayətin ərazisi səfəvi dövlətinə hərtərəfli qulluq göstərən müqəddim Mir ağa xan Soltanın soyurqalına verilmişdir. Bu dövrdən etibarən Mir Ağa xan Soltanın nəsli növbə ilə Marağa vilayətində hakim olmuşlar. XVIII əsrin 20-ci illərində (1724-cü ildən sonra) Azərbaycanın bir sıra vilayətləri, ocümlədən Marağa Osmanlı qoşunlarının işğalına məruz qaldığı bir dövrdə həmin yerlər osmanlı Teymur paşanın hökmranlığı altında idi. Nadir Qulu xan Azərbaycana qoçun çəkdiyi ərəfədə baş Vəkil Həsən Əli olmaqla müqəddim tayfası üsyan qaldırıb Nadir şahın köməyi ilə Marağanı türklərdən azad etdi. Nadir Qulu xan Marağaya gəldikdən sonra tayfa başçısı (iri feodal) Əbdürrəzaq Müqəddimi vilayətə hakim (1730) təyin etdi. Lakin az sonra o, Nadir Qulu xanın xəyanətindən ehtiyat edərək ailəsi ilə Bağdada qaçdı. Marağa vilayətinin idarəsi Həsənəli bəy Vəkilə (1737) tapşırıldı. Həsənəli bəy Vəkilin vəfatından (1744) sonra onun yerini Nadir şahın rəsmi fərmanı əsasında oğlu Əliqulu xan Müqəddim tutdu. Nadir şahın ölümündən sonra Əliqulu xan Müqəddim hər cür asılılığa son qoyaraq Marağanı müstəqil xanlıq, özünü də hakim elan etdi.



Maku xanlığı

Nadir şahın ölümündən sonra Azərbaycanda yaranan xanlıqlardan biri. Mərkəzi Maku şəhəri idi. XoyQaradağNaxçıvanİrəvan xanlıqları və Osmanlı imperiyası ilə hüdudlanırdı. Maku əyaləti Səfəvi hökmranlığı dövründə Çuxursəd bəylərbəyliyinə daxil olan yarımmüstəqil sultanlıqdan ibarət idi. Onu bayat tayfasından olan nəsli hakimlər idarə edirdi. Maku xanlığı öz ətrafında 30 kəndi birləşdirirdi. Xanlığın banisi Bayat tayfasından Əhməd Sultan idi. O, xanlığın idarəsi və möhkəmləndirilməsi üçün bəzi tədbirlər gördü. Vaxtilə Nadir Şahın Xorasandakı sərkərdələrindən biri idi. Nadir şahın öldürülməsindən sonra onun arvadlarından biri ilə evlənir. Onun və oğlu Hüseyn xanın haqqında məlumat azdır. Xanlığın içində anklav olaraq Ayrımlı tayfasının 30 kənddən ibarət olan öz Avacıq xanlığı da var idi. Xanın ölümündən sonra torpaqlar oğlanları Həsən və Hüseyn xan arasında bölündü. Həsən xan İrəvanlı Məhəmməd xan Qacardan asılılığa düşdü. Hüseyn xanın Mahmudi və Əbaqiyyə mahalları Osmanlılar tərəfindən tutuldu, lakin bu mahalları tezliklə geri ala bildi. Əli xanın dövründə xanlıq möhkəmlənməyə nail oldu. Hüseyn xanın oğlu Əli xan hamının qibtə etdiyi bir xan olaraq tanınırdı. Əli xan daha sonra İslam dinindən çıxaraq Babın təlimini qəbul etmişdi. Bu xətt Hacı İsmayıl xanın zamanında da davam etdirildi. Teymur Paşa xan 1877-1878-ci illərdə xanlığı gücləndirdi. O, rus generalı Alxazovun Naxçıvan dəstələrilə birgə Təbriz üçün təhlükə yaradan Şeyx Übeydullanın dəstəsini məğlubiyyətə uğratdı. Ona yerli xalq "Azərbaycan Padşahı" ləqəbi vermişdi. Xanlığın son nümayəndəsi Murtuzaqulu xan isə 1922-ci ildə devrildi.

Mərənd xanlığı

1747–1828-ci illərdə mərkəzi Mərənd şəhəri olmaqla Azərbaycan xanlıqlarından biri olmuşdur. Şimaldan Gərgər mahalı, şərqdən Qaradağ xanlığı, cənubdan Təbriz xanlığı, qərbdən Xoy xanlığı ilə həmsərhəd idi. Xanlığın yaradıcısı Məhəmmədrza xandır. Məhəmmədrza xan Nadir şah Qırxlı-Avşarın ölümündən sonra Mərəndin hakimi olmuşdu. Hakimiyyət uğrunda əslən Yekan mahalından olan Mir Qılınc Baba xanın törəmələri ilə Xoydan olan Dünbili elinin nümayəndələri mübarizə aparırdılar.
Qaradağ xanlığı

1747-ci ildə yaranmış və Cənubi Azərbaycanda (indiki İran ərazisində) feodal dövlət olmuşdur. Mərkəzi Əhər şəhəri idi. Qərbdən Xoy xanlığı, şərqdən Talış xanlığı, şimaldan Naxçıvan xanlığıQarabağ xanlığıCavad xanlığı, cənubdan isə Təbriz və Ərdəbil xanlıqları ilə həmsərhəd idi. Qaradağlı tayfası Səfəvilərin hakimiyyətə gəlməsində fəaliyyət göstərdiyindən I Şah İsmayıldan başlayaraq Qaradağ vilayətinin idarəsinə nail ola bilmişdi. XVI əsrdən XIX əsrin əvvəllərinədək Qaradağ vilayətinin idarəsi irsi olaraq müəyyən nəsil üzrə olmuşdu. Onlar həm də ruhani səlahiyyətlərinə malik idi. XVIII yüzilin əvvəllərində Səfəvi sülaləsi zəiflədiyindən hakim Kazım xan mərkəzi hakimiyyətə tabeçilikdən çıxmış, şah Sultan Hüseynin ehtiramına layiq görülən rus A.Volınskini Əhərə qoymamışdı. Nadir mərkəzi hakimiyyətə tabe olmayan xanın gözlərini çıxartdırmışdı. Nadirin ölümündən sonra Qaradağ xanlığı müstəqilləşmiş, Kazım xan Qaradağ xanı olmuşdu. Kazım xan XVIII yüzilin ortalarında Qarabağ, Gəncə və Naxçıvan xanları ilə birlikdə Şəki xanlığına qarşı ittifaqa qoşulmuşdu. Bu ittifaq məqsədinə nail ola bilməmişdi. Qaradağ xanı Qarabağ xanlığına, Kərim xan Zəndə (1761), sonra isə Ağa Məhəmməd Qacara (1791) tabe olmuşdu. Qaradağ xanı Abbasqulu xan XIX yüzilin əvvəllərində Pavel Sisianova məktub yazaraq Rusiyaya sadiq qalacağını bildirmiş, lakin 1804-1813-cü illər rus-İran müharibəsində Rusiyaya qarşı çıxmışdı.

Qəzvin xanlığı

1747-ci ildə yaranmış və Cənubi Azərbaycanda (indiki İran ərazisində) feodal dövlət olmuşdur. Mərkəzi Qəzvin şəhəri idi. Qərbdən Ərdəlan, şərqdən Xalxal, cənubdan Kərəc və Həmədan xanlıqları ilə həmsərhəd idi. Qəzvin hakimi Pənah xan Əmmərlu çoxsaylı bir qoşun tərtib edib şahlıq həvəsinə düşmüşdü. İlk öncə Təbrizi alıb, paytaxt etmək istəyirdi. Qoşunla gəlib, Təbrizin 6 ağaclığında oturaq etdi. Azad xan Əfqan Fətəli xan Araşlı-Avşara göstəriş verdi ki, 4 min nəfərlik qoşunla onu dəf etsin. Fətəli xan böyük şücaətlə, şəhamətlə onu yenib, darmadağın etdi.
Sərab xanlığı

Cənubi Azərbaycan ərazisində (indiki İran ərazisində) kürd xanlıq. (XVIII əsrin 40-cı illəri – XIX əsrin əvvəlləri). Ərazisi Şimaldan Savalan dağı, Ərdəbil və Qaradağ xanlıqları, qərbdən Təbriz xanlığı, cənubdan İran İraqı (İraq-i Əcəm) və şərqdən Ərdəbil xanlığı ilə həmsərhədd idi. Xanlığın banisi kürd Şəqaqi tayfa başçısı Əli xan (1747-1786) olmuşdur. O vilayətdə istiqlaliyyət qazandıqdan sonra,onun daxili vəziyyətini nizama saldı. Əli xan Şəqaqi eyni zamanda dağılmaqda olan şəhər qala divarlarını bərpa etdi və möhkəmləndirdi. Xanlığı daxilən möhkəmləndirdikdən sonra,o,öz torpaqlarını qonşu vilayətlər hesabına genişləndirmək qərarına gəldi. Lakin Məhəmmədhəsən xan Qacarın tarix səhnəsində görünməsi və onun Azərbaycanı özünə tabe etmək məqsədi ilə gördüyü hərbi tədbirlər Əli xan Şəqaqiyə öz planını həyata keçirməyə imkan vermədi.

Əli xan Şəqaqi xanlığı müdafiə etmək məqsədi ilə dörd minlik Şəqaqi atlısı ilə Məhəmmədhəsən xanın qarşısına çıxdı. İki qoşun arasında gedən qanlı mübarizə Məhəmmədhəsən xanın məğlubiyyəti ilə nəticələndi. O,üç yüz nəfərdən artıq tələfatdan sonra Sərabdan geri çəkilməyə məcbur oldu. Bu hadisə Sərab xanlığının möhkəmlənməsinə və Əli xanın daha da şöhrətlənməsinə səbəb oldu. O,xanlığın sərhədlərini möhkəmləndirdikdən sonra ərazisini genişləndirmək məqsədi ilə hətta demək olar ki,başsız qalan İran dövlətinin ərazisinə qoşun çəkməyə başladı. Sadıq xan xanlığın idarə sistemini nizama saldı, müdafiəsini təşkil etdi. İran tərəfdən təhlükəni nəzərə alaraq xan titulu verdiyi qardaşı Əli bəyi Zəncana hakim təyin etdi. Sadıq xan Təbrizi ələ keçirdi. Lakin Urmiya, Qarabağ və başqa xanlıqlardan kömək alan Nəcəfqulu xan Dünbuli Sadıq xanı geri çəkilməyə məcbur etdi. Sərab xanlığının ərazisi Qacarlar dövlətinin tərkibinə qatıldı.



Təbriz xanlığı

XVIII əsrin ortalarında keçmiş Təbriz bəylərbəyiliyinin mərkəzində Təbriz xanlığı yaranır. Xanlığın əsasını Əfşar tayfasından olan Əmiraslan xan qoymuşdur. Xanlığın mərkəzi də Təbriz şəhəri olmuş, XoyNaxçıvanQaradağSərab və Marağa xanlıqları ilə sərhədlənmişdi. Əmiraslan xan qısa bir zamanda Təbriz, Xalxal, Ərdəbil və Azərbaycanın bir sıra cənub əyalətlərini özünə tabe edir. Təbriz uğrunda mübarizəyə qoşulanların çox olması bu şəhərə tez-tez hücumlara, şəhərin əldən-ələ keçməsinə səbəb olur. Nadir şahın qardaşı oğlu İbrahim Mirzə güclü ordu ilə Təbrizə hücum edərək şəhəri ələ keçirir. Lakin Məşhəd və İsfahanda baş vermiş üsyan xəbərini eşidib Məşhədə qayıdır və döyüş zamanı həlak olur. Bundan sonra Fətəli xan Əfşar Təbrizi tutur və şəhərin idarəsini Nəcəfqulu xan Dünbiliyə tapşırır. Urmiya xanlığının süqutundan sonra Təbriz tam müstəqil xanlığa çevrilir. 1780-cı ildə isə xanlığın fəaliyyətinə son qoyulmaqla ərazisi Xoy xanlığına birləşdirilir. Təbriz xanlığı inzibati cəhətdən Təbriz, Güney və Mərənd mahallarına bölünürdü. İlk dövrlərdə Xalxal və Ərdəbil mahalları da xanlığın tərkibində olmuşdur. Mahalları naiblər, kəndləri isə kətxudalar idarə edirdilər. Xanlığın 10 minə qədər hərbi qüvvəsi var idi. Dövləti qeyri-məhdud səlahiyyətləri olan xan idarə edirdi. Təbriz şəhəri yenə mühüm sənət, ticarət və mədəniyyət mərkəzi olaraq qalırdı. Naiblər yerlərdə xanın dayaqları hesab olunurdular. Şəhər məmurları da naib vəzifəsi daşıyırdılar. Bundan başqa şəhər məmurları sırasına qalabəyi, darğa və gecə qarovulunun başçısı olan əsasbaşı da daxil idi. Naib təsərrüfatı idarə edir, vergilərin vaxtında yığılması üçün xanın qarşısında məsuliyyət daşıyır, mükəlləfiyyətlərin yerinə yetirilməsini tələb edirdi. Təbriz şəhəri qədim ticarət və sənətkarlıq mərkəzi kimi öz şöhrətini saxlamışdı. Burada çoxlu bacarıqlı ustalar yaşadığından digər Azərbaycan şəhərlərinə ustalar buradan dəvət olunurdu. XVIII əsrin 70-ci illərində Azərbaycanda olmuş rus səyyahı S.Qmelinin məlumatına görə şamaxılı Məhəmməd Səid xan şəhərdə ipəkçiliyi bərpa etmək üçün Təbrizdən Şamaxıya yüzə qədər usta dəvət etmişdir.
Urmiya xanlığı

1747 və 1868/1869-cu illər arasında, mərkəzi Urmiya şəhəri olmaqla, Cənubi Azərbaycanın qərbində yerləşmiş ən nüfuzlu xanlıqlardan biri. Xanlığın əsasını Nadir şah Əfşarın əmisi oğlu, Əfşar tayfasından olan Fətəli xan Əfşar qoymuşdu. O, hətta Nadir şahın sərkərdəsi olan Azad xanı da öz tərəfinə çəkə bilmişdi. Bundan sonra, o, mərkəzləşdirmə siyasətini həyata keçirməyə başladı. İlk olaraq Təbrizə hücum etdi, Təbriz asılı hala salındı və Təbrizi paytaxt etdi. Daha sonra Xoy xanı Şahbaz xan da Fətəli xanla ittifaq bağlamağa məcbur oldu. Bundan sonra isə Qaradağ, Marağa və Sərab xanlıqları Urmiya xanlığından asılı vəziyyətə salındı. O,1751-ci ildə Azad xanı onunla ittifaqdan imtina edən İrəvan xanlığı üzərinə göndərdi. İrəvan xanı Mir Mehdi Kartli çarı II İraklidən kömək istədi.

II İrakli Qazax və Borçalı azərbaycanlılarından topladığı ordunu Mir Mehdi xana köməyə göndərdi. Azad xan geri oturduldu. Beləliklə, Fətəli xan Əfşar Maku və Ərdəbil xanlıqları istisna olmaqla, bütün Cənubi Azərbaycan xanlıqlarına öz hakimiyyətini yaya bilmişdi. Urmiya xanlığının hökmdarı Fətəli xan Əfşar Nadir şah Əfşarın ən yaxın adamlarından biri idi və Əfşarlar tayfasına mənsub idi. Fətəli xan Əfşar Cənubi Qafqazın tutulması və İranda ali hakimiyyət uğrunda mübarizəyə də xüsusi əhəmiyyət verirdi. Bu məqsədlə müxtəlif xanlıqlara müttəfiqlik haqqında müraciətnamələr göndərildi. İrəvan xanlığına hücum uğursuz olduqda hücum istiqaməti Gürcüstana yönəldi. Çar II İrakli məğlub edildi.

Fətəli xan İranda ali hakimiyyət uğrunda mübarizə aparan Kərim xan Zəndin üzərində qalib gəldikdən sonra hakimiyyətini Mərkəzi və Qərbi İrana yaya bildi (1752). İranın şimalında möhkəmlənən Məhəmmədhəsən xan Qacarla mübarizə çə­tin oldu. Məhəmmədhəsən xan onun Kərim xan Zəndlə müharibəsindən istifadə edərək Gilanı tutan Fətəli xanı oranı tərk etməyə məcbur etdi. Bununla kifayətlənməyərək Təbrizi, sonra isə Urmiyanı tutdu (1757). Yalnız Məhəmmədhəsən xanın öldürülməsilə asılılıqdan qurtulmaq mümkün oldu (1759). Fətəli xan Təbrizə qayıtdı və hakimiyyətini möhkəmləndirdikdən sonra Qarabağa hücum etdi və onu asılı vəziyyətə saldı (1759).

Məhəmmədhəsən xandan sonra İranda başlıca qüvvəyə çevrilən Kərim xan Zənd Urmiyanı 1763-cü ildə 9 ay mühasirədə saxlayır. Nəhayət Urmiya xanlığını tutan Kərim xan Zənd Fətəli xan Əfşarı Şiraz qonaqlığında edam etdirir.

Kərim xan Zəndin ölümü ilə xanlıq yenidən müstəqil siyasət yeritməyə başladı. Bu zaman Məhəmmədhəsən xan Qacarın oğlu Ağa Məhəmməd xan Urmiyalı Əli xanı yanına çağırıb gözlərini çıxartdı. Ağa Məhəmməd xanın çəkilməsindən sonra İmamqulu xan hakim seçildi. O, Sərablı Əli xan Şəqaqi ilə Xoylu Əhməd xana qarşı ittifaq bağladı. Müttəfiqlər Təbriz yaxınlığındakı döyüşdə məğlub oldular. Əmiraslan xan Əfşar Urmiyaya hakim təyin edildi, lakin onun xanlığı uzun çəkmədi. Məhəmmədqulu xan yeni hakim təyin olundu. Ağa Məhəmməd xanın hücumundan sonra Uşnu qalasına çəkildi. Qacarın ölümü ilə müstəqilliyini bərpa edən xanlıq, İran taxtına çıxan Fətəli şaha tabe oldu.


Xalxal xanlığı

Mərkəzi Xalxal şəhəri olan Azərbaycan xanlıqlarından biri idi. Xanlığın yaradıcısı Əmirgunə xandır. Əmirgunə xan Əmirli-Avşar Nadir şah Qırxlı-Avşarın ölümündən sonra Gilanın valisi olmuşdu. Sonra Taroma başçılıq etmişdi. Əmirgünə xan Avşar Fətəli xan Araşlı-Avşarla birləşib Kərim xan Zəndə qarşı çıxdı. Sonra Kərim xanın tərəfini tutub Fətəli xanı satdı. Kərim xan onu Şiraza "fəxri qonaqlığa" aparıb ali şuraya daxil etdi.

Kərim xanın vəfatından sonra Əmirgünə xan Taroma qayıdıb özünün xanlığını elan etmişdi. İranı birləşdirməyə başlayan Ağaməhəmməd xanı tanımaq istəmirdi. İlk növbədə Urmiya hakimi Məhəmmədqulu xan Qasımlı-Avşara müraciət etdi. Məhəmmədqulu xan ona etina etmədi.

Əmirgunə xan 1782-ci ildə başqa xanlarla birləşib Mazandarana hücum etdi. Savaşda yaralanıb qaçdı

Xoy xanlığı

Cənubi Azərbaycan ərazisində (indiki İran ərazisində) xanlıq (XVIII yüzilin ortaları - sonları). Mərkəzi Xoy şəhəri idi. Xoy xanlığı Araz çayıNaxçıvanMakuUrmiyaTəbriz xanlıqları və Osmanlı dövləti ilə hüdudlanırdı. Xoy xanlığının əsasını dünbuli tayfa başçıları qoymuşdu. Dünbuli Əhməd xan XVIII əsrin 60-cı illərində Təbrizdə də möhkəmlənmişdi. Xoy xanlığı İrəvan, Naxçıvan və Qaradağ xanlığını da özünə tabe etmişdi. Qarabağ xanlığı ilə müttəfiqlik hakimiyyətinin möhkəmlənməsinə müsbət təsir göstərdi.

1775-ci ildə Xoy xanı Əhməd xandan Çıldır valisi Süleyman paşaya göndərilən məktubda "Şimali Qafqazın istilasından qüvvət alan Rusiyanın və onunla ittifaq yaradan İrakli xanın təcavüzünə imkan verməməsi üçün Azərbaycan və Qafqaz xanlarının "Dövləti-Aliyyə" (Osmanlı imperiyası - Q.G.) ilə birgə mübarizə aparmasının vacib olduğu bildirilirdi".

Xoy xanlığı ilə Kərim xan Zəndin zərbələrindən sonra dirçəlməyə başlayan Urmiya xanlığı arasında ziddiyyət var idi. Əhməd xan Təbriz xanlığı ilə birləşərək 1783-cü ildə Təbriz şəhəri yaxınlığında Urmiya və Sərab xanlıqlarının birləşmiş qoşununu məğlub etdi. Bu qələbə Xoy xanlığının nüfuzunu xeyli artırdı. Kərim xan Zənd Xoy xanlığının güclənməsindən narahat olub, Əhməd xanı sarsıtmaq üçün tədbirlər görməyə başladı. Bu məqsədlə onun qardaşı Şahbaz xanın oğlanlarını əmilərinə qarşı mübarizəyə hazırlayırdı. Kərim xan Zəndin səpdiyi düşmənçilik toxumu onun ölümündən sonra belə özünü göstərdi. Şahbaz xanın oğlanları Əhməd xana qəsd edib, onu öldürdülər. Qəsdçilər hakimiyyəti ələ keçirməyə nail ola bilmədilər. Cəfərqulu xan Xoylu xilas ola bildi, onları cəzalandırdı və qardaşı Hüseynqulu xanı azad edərək hakimiyyətə gətirdi.

Xoy xanlığı yaranmış vəziyyətdə əvvəlki mövqeyini itirdi. İrəvan xanlığı müstəqillik əldə etdi. İrəvan və Qaradağ xanlığı yalnız Qarabağdan asılı oldu. Təbriz də əldən çıxdı. Xanlıqlar arasında yeni çəkişmələr başlandı.




Zəncan xanlığı

Tarixi Azərbaycan torpaqlarında mövcud olmuş Azərbaycan dövlətlərindən biri. Zəncan xanlığın banisi Zülfüqar xan Əmirli-Avşar idi. Avşar elinin Əmirli oymağının Zəncan ətrafında çəkisi ağır idi. "Kitabi-məcməül-sultaniyyə"nin 370-ci səhifəsində yazılır: "Əmirli-Avşar elindən bir tayfa adıdır ki, Xəmsənin (Zəncanın) ətrafında sakindirlər. Zülfüqar xan Əmirli-Avşar (Zəndiyyə dönəmində) Zəncanın valisi və Kərim xan Zəndin siyasi rəqibi idi. Bugünkü Zülfüqarilərin ulu babası olub və Zəncanın Səbzə meydanında yerləşən imarət onunkudur". "Gülşəni-murad", "Rüstəmüttəvarix" və başqa kitablarda da onun haqqında məlumatlar verilib. Kitabların bir neçə yerində onun iqtidarı və qüdrətinə görə, "Alicah Zülfüqar xan", "Sultan Zülfüqar xan Əmirli-Avşar", "Xaqan" ünvanları ilə xatırlanıb. Zülfüqarilərin daxil olduğu əmirlilərin olduqları yer, Qoltuq qalası Zəncanın cənub yörəsində yerləşirdi.

Zülfüqar xan Kərim xan Zəndin ölümündən sonra qoşun çəkib Qəzvini tutdu. Şahlıq iddiasında idi. Əlimurad xanın hücumundan sonra Qəzvini buraxıb Zəncana qayıtdı. Zülfüqar xan Ağaməhəmməd xan Qovanlı-Qacarın qardaşı Cəfərqulu xanla vuruşub məğlub olmuşdu. Zülfüqar xan məğlub olub Xalxala qaçmışdı. Xalxalın hakimi onu tutub Əlimurad xana verdi. Əlimurad xan 1780-ci ildə Zülfüqar xanı öldürdü. Zülfüqar xandan sonra, 1780-ci ildə Zəncanın hakimi Əli xan Avşar oldu. Onun soyu Zayirli adlanırdı. Zayirli soyu Zəncanın ətrafında məskunlaşıblar. "Gülşəni-murad" kitabında bu barədə yazır ki, Əli xan Zayirli-Avşar Xəmsə və Zəncan əyalətinin hakimi və Zülfüqar xanın qohumu idi. 1783-cü ildə Təbriz şəhəri Urmiya qoşunları tərəfindən mühasirəyə alınmışdı. Nəcəfqulu xan Dünbili mühasirənin götürülməsindən sonra oğlu Xudadad xanı yardım üçün Əlimurad xanın yanına göndərdi. Əlimurad xan ona yardım etməyə söz verdi. Urmiya hakimi İmamqulu xan Qasımlı-Avşar bu hadisəni eşidib Əlimurad xanın üstünə qoşun göndərdi. Qoşun Sovucbulaq tərəfdən yola düşdü. Əmənulla xan Ərdəlani də yolda qoşuna qoşuldu. Zəncan hakimi Əli xan bir müddət idi ki, Əlimurad xandan üz döndərmişdi, sevincək halda onlarla birləşdi. Onları ağırlayıb məsləhət gördü ki, əvvəl evin içi, sonra çölü. Bildirdi ki, gəlin Azərbaycanı iç düşmənlərdən təmizləyək, sonra Əlimurad xanın üstünə gedərik. Bu məsləhəti İmamqulu xan Qasımlı-Avşar qəbul edib İraqa getməkdən əl çəkdi. Birləşdiyi Əli xanın sərkərdələrindən olan Vəli bəyi qoşunla Azərbaycana göndərdi. Dost bildiyi Azərbaycan xanlarına məktub yazıb onlara qoşulmağı təklif etdi. Xalxalın hakimi Fərəculla xan Miyanədə ona qoşuldu. Sərab hakimi Əli xan Şəqaqi böyük oğlu Sadıq sultana qoşun götürüb onlara qoşulmasını tapşırdı. Onlar Təbrizin bir ağaclığında toplanıb oturaq etdilər. Qış həmin il soyuq gəldiyindən şəhəri mühasirə etməyə tablamayıb Urmiyaya yollandılar.



Əli xan Avşar Qarabağ hakimi İbrahimxəlil xan Cavanşirlə yazışırdı. 1787-ci ildə Qarabağ xanı Əli xana yazırdı ki, Ağaməhəmməd xanın Azərbaycana girməsi böyük təhlükədir və buna görə də o, Məhəmmədhəsən xanın oğlunu şimala doğru hərəkətinə mane olmalıdır. Bunun üçün lazım gələrsə, ona qoşunla və pulla kömək etməyə hazırdır. İbrahimxəlil xan Cavanşirin məktubu Təbriz xanı tərəfindən ələ keçirildi. Ağaməhəmməd xana göndərildi. Ağaməhəmməd xan Qovanlı-Qacar 50 min qoşunla Zəncana gəldi. Əli xan Zayirli bir məktub vasitəsilə Avşar elinin butün oymaqlarını Tehrana dəvət etdi. Ta Tehranda Avşarlar sülaləsinin şahlığını elan etsin. Bir neçə dəfəlik yüngül qarşılaşmada Əli xan Zayirli-Avşar Ağaməhəmməd xan Qacarın ordusunun nizamını pozmuşdu. Ağaməhəmməd xan da qalib gələndən sonra onu Zəncanın hakimliyindən və qoşun sərkərdəliyindən azad etdi. Əli xan Qacar xanına qarşı mübarizədən əl çəkmirdi. 1788-ci ildə (hicri qəməri 1201-ci ildə) Ağaməhəmməd xan Əli xan Avşarı İsfəhan şəhərinə aparıb gözlərini çıxartdırdı. Onun bütün vəzifələrini Abdulla xan Usanlı-Avşara verdi. Əli xan Zayirli-Avşardan sonra Zəncanın valisi Abdulla xan Usanlı-Avşar oldu. 1797-ci ildə Ağaməhəmməd şah Qovanlı-Qacar onu hakim kimi tanımışdı. Abdulla xan Xəmsəyə yetişəndən sonra şahlıq həvəsinə düşmüşdü. Yar-yoldaşlarından, dost-tanışlarından qoşun toplayıb taxt-tac iddiası edirdi. Sonra iddiasından əl çəkib Zəncanı idarə etməyə başladı. Abdulla xan Usanlı 1797-ci ildə Qacar şahları tərəfindən Xəmsə əyalətinin valisi olmuşdu. Fətəli şah Qovanlı-Qacara xidmət etmişdi. Abdulla xan Hüseynqulu xan Qovanlı-Qacarın oğlu Süleyman xanın qiyamına qarışdığı üçün Fətəli şah tərəfindən kor edildi.

Ədəbiyyat siyahısı:

  1. https://az.m.wikipedia.org/wiki/Az%C9%99rbaycan_xanl%C4%B1qlar%C4%B1

  2. https://www.google.com/search?kgmid=/g/122t1qsh&hl=az-AZ&q=Urmiya+xanl%C4%B1%C4%9F%C4%B1&kgs=afeea080fba5c734&shndl=0&source=sh/x/kp/2&entrypoint=sh/x/kp

  3. https://a-r.az/az/page/42






Yüklə 32,93 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin