1. Feminizm Feminizm (ingiliscə-feminism) sözü latın sözü femina (qadın) əsasında yaradılıb. Feminizm - burjua quruluşu çərçivəsində qadınlara kişilərlə bərabər hüquqlar verilməsi uğrunda mübarizə aparan ictimai hərəkatdır. Qeyd edək ki, “feminizm” terminini ilk dəfə işlədən və “Qadının sosial vəziyyəti ictimai tərəqqinin meyarıdır” kəlamının müəllifi utopik sosializmin nümayəndəsi Şarl Furyedir. Daha sonra bu termin 1895-ci ildə Elis Rossi tərəfindən istifadə olunmuşdur.
Ənənəvi olaraq hesab edilirdi ki, femininlik bioloji xüsusiyyətlə şərtlənir və ona passivlik, mülayimlik, özünü analığa həsr etmək, qayğıkeşlik, emosionallıq və s. kimi keyfiyyətlər aiddir. Bu təsəvvürlər qadınların ictimai deyil, xüsusi sferaya aid edilməsinə müvafiq gəlirdi. Lakin feminist tədqiqatlar sosiomədəni xarakteristika və proseslərin bioloji fərqlərlə şərtlənməsi fikrini tənqid edirdi.
Qadın tədqiqatları, qadın tarixi və feminizmin əsas nəzəriyyələrini təhlil edərkən, qadın hərəkatının – “femin etirazı”nın üç mərhələsi seçilir.
Feminizmin ilk dalğası XIX əsr və XX əsrin birinci yarısına təsadüf edir və onun əsas mahiyyəti cinslərin hüquq bərabərliyinə nail olmaq uğrunda mübarizədən ibarətdir.
XX əsrin ortalarından etibarən feminizmin ikinci dalğası başladı və onun da əsasında qadınlarla kişilərin faktiki bərabərliyi uğrunda mübarizə dururdu. 70-ci illərin ortalarında və sonunda Qərbdə, xüsusilə ABŞ-da hərəkat daha kütləvi xarakter almışdı və müxtəlif çoxsaylı aksiyalarla, bir sıra təşkilatların və nisbətən kiçik olan çoxsaylı qrupların yaradılması ilə müşayiət olunurdu.
80-ci illərin ortalarında feminizmin təsiri bir qədər azalmağa başladı. Tədqiqatçılar bunu Qərb ölkələrində neokonservativ istiqamətin möhkəmlənməsi, həmçinin feminizmin öz daxilində yaranan kəskin özünütənqidlə izah edirlər. Postmodernizm feminizminin tərəfdarları subyekt anlayışını bütövlükdə rədd edirlər. Onlar dəqiq müəyyən edilmiş keyfiyyətlərə mənsub olan sabit, universal subyektin özünü belə tənqid edirlər. Nəticədə feminizmin nəzəriyyəçiləri və praktikləri (icraçılar) arasında ziddiyyətlər artır. Beləliklə, feminizm ideyaları ictimai psixologiyaya çox böyük təsir göstərir. Çoxları qadının cəmiyyətdə roluna yeni nəzər salır, öz ailə üzvlərinə münasibəti dəyişirlər.
Təqribən XX əsrin 60-70-ci illərində dövründə feminizm ideyalarının təsiri altında elmi biliklər sistemində yeni bir cərəyan – feminizm tədqiqatları meydana gəldi.
Butövlükdə bu tədqiqatlar, humanitar elmlərin bütün sahələrinə yönələrək, ənənəvi intellektual və mədəni təsəvvürlərin tənqidi təhlili halını aldı. Belə tənqidin nəticəsində “subyekt-obyekt”, “insan-təbiət”, “kişilik”-“qadınlıq”, “mən”-“qeyri-mən” kimi təsəvvürlər yenidən öyrənilib nəzərdən keçirilibdi. Nəticədə tədqiqatçıların qarşısında əvvəllər mümkün olmayan yeni araşdırma perspektivi açıldı. Qeyd edilməlidir ki, feminizm tədqiqatçıları apardıqları araşdırma prosesində siyasiləşməni ifrat dərəcəsinə çatdırdılar.
Feminizm tədqiqatlarına xas olan tənqidi mövqe onları sonradan formalaşan qadın, bir də gender tədqiqatlarından fərqləndirir. Feminizm bioloji-anatomik deyil, mədəni-psixoloji xarakter daşıyır. Buraya əmək bölgüsünün müəyyən tiplərini, tabeliliyin iyerarxik prinsiplərini, elmin, fəlsəfənin, tərəqqinin mücərrəd texnoloji anlamını aid etmək olar.
Feminizmin bir sıra istiqamətləri mövcuddur, onlardan bir qismi az tanınmış (məsələn, anarxofeminizm, konservativ feminizm, humanist feminizm), bəziləri isə kifayət qədər geniş müzakirə olunandır (burjua feminizmi, radikal feminizm, “qara feminizm”). Mübahisəli hesab edilməsinə baxmayaraq, bu bölgünü hələ də bəziləri qəbul edir. Bundan əlavə, qadınlar arasında həmrəylik və qarşılıqlı əlaqə bir termin kimi bacэlэq (sisterhood) adlandırılırdı. Bu, feminizmin ikinci dalğası tərəfindən qəbul olunmuş konsepsiyadır. Qadın cəmiyyətlərində qarşılıqlı dəstək, qayğı, can yandırma hər zaman mövcud olduğu üçün feminist hərəkatı qadınların bu münasibətlər sistemini siyasi termin kimi formalaşdırdı. Qərbdə erkən feminizmin şüarlarından biri “Güc bacılıqdadır!” (“Sisterhood is powerful!”) fikri ilə ifadə olunub. Burada həmçinin feminist genezisini də nəzərdən keçirmək lazımdır. Genezis- yunan sözü olub mənşə, mənbə, yaranma mənalarında işlədilir. Bu termin etnoqrafiyada müəyyən bir xalqın, etnik birliyin mənşəyini öyrənən zaman qarşıya çıxır.