Feminist etnoqrafiya ─ sosial antropologiya və sosiologiya üzrə empirik tədqiqatlar praktikasıdır. Feminist etnoqrafiya ənənəvi etnoqrafiyadan fərqli olaraq, yad cəmiyyətə uyğunlaşma ilə bağlı araşdırmaların nəticələrini təsviretmə üsullarından yararlanmağı, uzunmüddətli qarşılıqlı müşahidələr aparmaqla yanaşı, həm də alimlərin diskriminasiyaya qarşı yönəlmiş tədqiqatlarını da nəzərdə tutur. Feminist etnoqrafiya çox vaxt sosial məlumatların toplanmasına və analizinin pozitivist sxemlərinə əsaslanmış elmi təhlildə öz yeri olan sosial, o cümlədən gender və irsi bərabərsizliyin aradan qaldırılmasına istiqamətlənir.
Genderə etnoqrafik mətnlərin təhlili kateqoriyası kimi maraq, ilk dəfə XIX əsrin əvvəllərində yaranıb. Bu dövrə F.Raytın 1821-ci ildə nəşr olunmuş “Bu ölkədən İngiltərədəki dostlara göndərilmiş məktublarda Amerika cəmiyyətinə və adətlərinə baxış (1818, 1819, 1920-ci illər)” əsəri və Amerika cəmiyyətinin X.Martinin “Amerika cəmiyyəti” (1837) əsərində həyata keçirilmiş, etnoqrafik dəlillərə əsaslanmış feminist analizi aid edilir. XIX əsrin 80-ci illərində Siu hindli tayfasına yalnız baş çəkməklə kifayətlənməmiş, həm də uzun müddət onların arasında yaşamış və onların adətləri ilə yaxından tanış olmuş antropoloq A.Fletçerin işləri geniş şöhrət qazanmışdır. Onun Amerikanın kiçik Middltaun şəhərində 1924-cü ildə nəşr olunmuş məşhur etnoqrafik tədqiqatlarında gender aspektinin kifayət qədər geniş təqdim olunması ilə ilk genişmiqyaslı etnoqrafik layihənin əsası qoyuldu.
Britaniyada feminist etnoqrafiya XX əsrin 50-ci illərində Mançester layihəsinin tətbiqi ilə inkişaf etdi. Brandis adına Amerika Hüquq Universitetinin Qadın Tədqiqatlar Mərkəzinin direktoru Şulamit Reynxarts feminist etnoqrafiyadan danışarkən, tədqiqat məqsədləri baxımından fərqlənən üç istiqaməti ayırır:
a) qadınların həyat və fəaliyyətinin sənədlərlə əsaslandırılması;
b) qadın təcrübəsinin onların öz nöqteyi-nəzərindən dərk edilməsi (bu istiqamət Q.Zimmelin işlərinə aiddir);
c) sosial konteksti ifadə edən qadın davranışlarının konseptuallaşdırılması.
Qadınların həyat və fəaliyyətinin sənədlərlə əsaslandırılması ənənəvi etiraz kimi və feminist sosioloqların fikrincə, əksər hallarda androsentrik meylli sosial tədqiqatlara qarşı narazılıq kimi meydana çıxır. Məsələn, belə tədqiqatlar yoxsul qaradərili qadınlara və irlandiyalı yaşlı işçilərə münasibətlərin təhlilində həyata keçirilib.
Tədqiq olunan qrupların həyatını özləri üçün daha məqbul etmək məqsədilə tədqiqatçılar dərin müşahidə praktikasını onların gündəlik həyatında intensiv iştirak etməklə birləşdirdilər. Qadınların, öz maraqları baxımından özlərini dərk etməsi onların fəaliyyətinin və düşüncə tərzinin bəsit olması haqqında (kişilərin qadınlar barədə bir qayda olaraq düşüncələri) qeyri-feminist müşahidənin əsas qüsurunu təshih (korrektə) edir. Üçüncü istiqamətdə feminist etnoqraflar qadın davranışını sosial kontekstdə nəzərdən keçirməyə cəhd göstərirlər və buna anatomiya, mədəniyyət və sinif anlayışlarından ayrılıqda baxılmasından çəkinirlər.
Feminist etnoqrafiyanın, əsasən, qadın məsələlərinin öyrənilməsi üzrə yönəldilməsinə baxmayaraq, genderin insan davranışına təsirinin düzgün başa düşülməsi üçün hər iki cins ilə bağlı tədqiqatlar da aparılır. “İştiraklı müşahidə” etnoqrafiyanın əsas metodudur. İstənilən halda iştiraklı müşahidənin strategiyasını müəyyən edən mülahizələr bir çox cəhətdən etnoqrafik tədqiqatların gedişatını şərtləndirir. Məşhur amerika sosioloqu Arli Hohşildin fikrincə, qadınlar tərəfindən həyata keçirilmiş etnoqrafik müşahidələr (onların feminist olub-olmasından asılı olmayaraq) mahiyyətinə görə kişilərin yaratdığı etnoqrafik baxışlardan fərqlənir. Yaxın dövrlərə kimi ölkəmizdə də feminizmin əleyhdarları bütün vasitələrlə sübut etməyə çalışırdılar ki, onun bizdə tətbiq olunmasına ehtiyac yoxdur, çünki dövlətin yürütdüyü siyasətin nəticəsində bu hərəkatın ali məqsədinə ─ qadınların siyasi və sosial-iqtisadi bərabərliyinə tam nail olunmuşdur. Odur ki, onların qarşılarına qoyduğu məqsədlər üçün mübarizə aparmağa heç bir əsas yoxdur. Lakin beynəlxalq təcrübə onu göstərir ki, feminist konsepsiyaların sosioloqlar və politoloqlar tərəfindən tədqiq olunmasına, alınmış nəticələrin real həyatda tətbiqinə ehtiyac duyulur. Tədqiq olunması vacib olan məsələlər aşağıdakılardır: - siyasi baxışların inkişafı yolu və qadınların cəmiyyətin sosial- siyasi plüralizm şəraitində davranışı; - qadınların iqtisadiyyat haqqında düşüncələri və bazar münasibətləri; - qadın menecmenti, qadınların siyasi liderliyi; - qadınların ictimai rəyi və hakimiyyət institutları: - qadınların seçkilərlə bağlı davranışı və seçki kampaniyaları; - qadın elitası; - bazar münasibətlərinə keçid zamanı qadınların sosial müdafiəsi və sosial zəmanətlər; - sosial gərginlik və qadın kütləsi. Ümumiyyətlə, belə bir sual meydana çıxır: qadınların ictimai fikri öyrənilməlidirmi? Əslində, qadın bir fərd kimi müstəqil subyektdir və ictimai fikrin əsas daşıyıcılarından biridir. Bu fikri Qərb alimləri də öz tədqiqatları ilə dəfələrlə sübuta yetirmişlər. Misal üçün göstərmək olar ki, bir çox inkişaf etmiş Qərb ölkələrində ─ ABŞ, Kanada və s. ölkələrdə cəmiyyətin müxtəlif problemləri ilə bağlı qadınların ictimai fikrini öyrənən xüsusi elmi mərkəzlər mövcuddur. Qadınlar öz ictimai fikirlərində siyasətin subyekti kimi çıxış edirlər. Bir ictimai qrup kimi, onlar cəmiyyətin həyatına təsir göstərir, həm də spesifik qadın maraqlarını qoruyur, nəticə etibarilə öz sosial statuslarının artmasına nail olurlar. Aparılmış tədqiqatlar onu göstərir ki, qadınlar öz mövqelərini ailə, məişət, istehsalat, mədəni və sosial məsələlərdə və yaxud ictimai fikrin müxtəlif sahələrində daha dəqiq və birmənalı şəkildə təyin edirlər. Siyasi proseslərin və onların gündəlik həyatımıza təsirinin qiymətləndirilməsində qadınlar kişilərdən fərqli olaraq, daha mülayim mövqe tuturlar. Qadınların ictimai rəyi kişilərinkindən fərqlənir, daha konstruktiv və pozitivdir. Görünür, belə hallarda qadına xas olan dözümlülük və rəhmlilik kimi xarakterik xüsusiyyətlər özünü göstərir. Qadın ictimai rəyi siyasi və iqtisadi proseslərin inqilabi yolla deyil, evolyusiyalı inkişafına üstünlük verir. Onun tənzimləyicisi sosial tələblər və uzunmüddətli xarakterik maraqlardır: ailənin qorunması, uşaqlar və yaxınları haqqında qayğı, yaşamaq hüququna real təminat, gələcək həyata ümid, sosial sabitlik və ictimai sakitlik marağı.