Bəşəriyyətin inkişaf tarixi mərhələləri boyunca qadınlar kişilərlə bərabər eyni hüquqlar qazanmaq uğrunda mübarizə aparmışlar. Sözügedən mübarizənin özünəməxsus inkişaf yolu və böyük tarixi vardır.
“Qadın hərəkatı” anlayışının mənası qadınların öz hüquqları və maraqları uğrunda mübarizə formalarının müxtəlifliyini göstərir. Sosioloqlar əsasən, qadın hərəkatını sosial hərəkatın bir forması kimi öyrənirlər. Qadın hərəkatı özlüyündə bir məqsəd ətrafında birləşmiş, ümumi mənəvi dəyərlərə, normalar sisteminə və qadın mənafelərinə malik olan müxtəlif sosial, demoqrafik, etnik və milli qadın qruplarının birgə fəaliyyət istiqamətidir.
Bu hərəkatın kökləri hələ XVII əsrə aparıb çıxarır. O dövrdə feminizmi qadınların bərabərliyinin əsas məqsədləri kimi bəyan etmiş inqilabi ruhlu burjuaziya sinfinin mütərəqqi fikirlərindən bəhrələnən əks cins üçün ideologiyaya çevrilmişdi. XVII əsrin feminist qadınları öz siniflərinin, zəmanələrinin nümayəndələri idilər. Lakin onlar feodalizmin kapitalizmə keçməsi nəticəsində cəmiyyəti əhatə etmiş dəyişikliklərin qadınların vəziyyətinə təsiri ilə heç cür barışa bilmirdilər. XVIII əsrin uğurlarına qədər qadınların siyasi, ictimai haqları demək olar ki, yox idi. İstər dini məzhəblər, istərsə də qanunlar qadınları bir çox haqlardan məhrum edirdı. Qadınlar özləri mülkiyyət sahibi ola, heç bir işə qatıla bilmirdilər. XVIII əsrin axırlarında feminist qadın hərəkatına qatılanlar özlərinin ideoloqu kimi Böyük Fransa inqilabının tərəfdarı, ingilis jurnalisti, xanım M.Uolstonkraftı irəli çəkirlər. Onun kəskin məzmunlu ifşaedici çıxışları və məqalələri, qadını alçaldan ictimai quruluşun dəyişdirilməsinə yönələn çağırışları, sanki barıt partlayışına bənzəyirdi.
Bu ideyalar uzun müddət yaşadı və sonradan qadınların bərabərhüquqluluğu uğrunda mübarizənin tərəfdarları olan sufrajist qadınlar tərəfindən daha da inkişaf etdirildi.
“Sufrajizm” ─ İngiltərədə XIX əsrin ikinci yarısında yaranıb. Sufrajizm iki, sağ və sol qollara ayrılır. Sağ qolda birləşən liberal hərəkatın nümayəndələri mübarizənin konstitusion üsullarla aparılmasının tərəfdarları kimi çıxış edirdilər. Sol ─ radikal Britaniya sufrajizminin “Militant” adlanan nümayəndələri sağ qolun sufraistlərindən yalnız taktikaları ilə fərqlənirdilər. Onlar əzmli, qeyri-konstitusion vasitələrdən istifadə edirdilər. Liberal və radikalların seçki mitinqlərini pozmağa çalışır, ictimai yerlərdə nümayişlər təşkil edir, icazəsiz paradlar və yürüşlər keçirirdilər. Sufrajist qadınların əsas tələbi onlara seçmək hüququnun verilməsi idi. Bu qadınlar səmimiyyətlə inanırdılar ki, seçmək hüququ qadınların kişilərlə bərabər hüquqluluğunu təmin edəcək, əmək sahəsində bərabər ödənişin aparılmasına imkan yaradacaq, məktəblərə, kolleclərə və müxtəlif ixtisaslı peşələrə yiyələnməyə yol açacaqdır. Eyni zamanda bu vasitə ilə cəmiyyətdə qadınlara qarşı zorakılıq və cinayətlər dalğasının qarşısı alınacaqdır.
XX əsr sosial transformasiya, elmi-texniki yüksəliş və inkişaf dövrü olmaqla yanaşı, “qadın inqilabı” dövrüdür. Dünya tarixindən məlumdur ki, bir sira iri siyasi sosial-iqtisadi böhranlar dövründə qadınlar ictimai hərəkatların yaranmasının ilkin təşəbbüskarı və bəzən də liderləri rolunda iştirak etmişlər. Bu zaman onlar nəinki “güclü cinsi” təkrar etmir, hətta kişilərə, onların əxlaqına, dünyagörüşünə və s. nüfuz edirdilər. Qadınlar dövrün nəbzini tutaraq, həm də siyasətin subyekti kimi, qadınlar özlərinin güclü olmayan strukturlu özünütəşkil formalarını yaradırlar. Bu təşkilatlarda ümumi maraq dairəsi olan qadınlar qısa və ya uzun müddətə birləşirlər.
Qadınların Azadlığı Uğrunda Hərəkatın (QAUH) iştirakçıları -neofeminist qadınlar da fəallıq göstərirlər. Bu hərəkat öz-özünə yaranmamışdı, qadınların cəmiyyət tərəfindən alçaldılmasına qarşı etirazının təşkilatlanmış formada təsdiqi idi. QAUH əsrimizin 60-cı illərində ABŞ-da iqtisadi və siyasi həyatda, ailədə hüquqların tapdanmasına, qadın mənliyinin alçaldılmasına, mənəvi zorakılığa qarşı mübarizədə meydana gəlmişdir. Feminist qadınların ideyaları kütlə arasında canlı əks-sədaya səbəb olmuşdur. Bir çox tədqiqatçıların fikrincə, bu illərdə ABŞ-ın qadın hərəkatını məhz feminist qadınlar idarə edirdilər. Bu hərəkat tezliklə Böyük Britaniya, Kanada, Avstraliya, Yeni Zelandiya və Skandinaviya ölkələrində geniş vüsət tapdı.
XX əsrin əvvəllərində həmçinin “qadınların azad olmasının humanist yolları” ideyası da ortaya çıxmışdı. Bu fikrin müəllifi, feminist utopiyanın banisi Ş.P.Kilman belə hesab edirdi ki, mübarizənin əsasında qadınların ictimai prosesləri dərk etməsinin inkişafı durmalıdır. Qadınların azad olmasının bütün əvvəlki ideyalarına qarşı müəllif tamamilə yeni, humanist nəzəriyyəni “sosializm uğrunda qadınların dinc kollektiv çıxışları” ideyasını qoyurdu.
XX əsrin əvvəllərində bir çox ölkələrdə qadınlar arzu etdikləri siyasi hüquqlara nail ola bildilər, lakin bu, onların həyatında heç bir əhəmiyyətli, nəzərəçarpacaq dəyişikliklərə gətirib çıxarmadı və qadınlar bunu çox sonralar dərk edə bildilər.
İkinci Dünya Müharibəsindən sonra, sufrajist qadın hərəkatının başında dayanmış, əhalinin orta təbəqəsindən olan amerikalı və ingilis qadınlar, uzun müddət demokratik hüquqlar uğrunda gedən mübarizədən kənarda qalmışdılar. Onların mübarizəyə qoşulmasına və aktivləşməsinə 1963-cü ildə işıq üzü görmüş “Qadınlığın mistikası” kitabı (müəllifi xanım B.Fridandır) qüvvətli təkan verdi. Bu kitabın əsasını sosioloji tədqiqatlar təşkil edirdi. Kitab təbliğat maşını tərəfindən yaradılmış ideal burjua ailəsini, amerikansayağı qadın xoşbəxtliyini və istehlakçı-qadın stereotipini tamamilə ifşa edir, kollec qadınların özlərinə ər tapa biləcəyi yer kimi səciyyələndirilirdi. Qadın cinsindən olan tələbələr həddindən artıq “düşünən” görünməmək üçün öz biliklərini nümayiş etdirməməliydilər. Müəllif etiraz etməyə çağırır və belə nəticəyə gəlmişdi ki, “Yalnız xəstə cəmiyyət öz problemlərini görmək istəmir, öz üzvlərinə bərabər imkanlar yaratmır və qadınlarının bacarıqlarına biganə qalır”. Tənqidçilərin və mətbuatın etiraf etdiyinə görə, xanım B.Fridanın kitabı əhalinin orta təbəqəsinə mənsub qadınlar üçün ensiklopediyaya çevrilmişdi.
Elə bu dövrdə xanım B.Fridanın həmfikirləri Qadınlar Milli Təşkilatını (QMT) təsis etdilər. Təşkilatın əsas tələblərini, əməyin ödənilməsində qadınlara qarşı hüquq pozuntularının ləğv edilməsi və qadınların imkanlarına biganə qalan qanunvericiliyə yenidən baxılması idi. Bu təşkilat liberal feminizmin əhval-ruhiyyəsini əks etdirirdi, bir çox ölkələri bürümüş qadın azadlığı uğrunda hərəkatın tərkib hissəsi idi.
1970-ci ildə Nyu-York şəhərində “Qadınların birliyi hər şeyə qadirdir” adlı antologiya işıq üzü gördü. Toplunun 50 müəllifinin hamısı (yazıçılar, jurnalistlər, müəllimlər, həkimlər, hüquqşünaslar, rəssamlar və b.), müxtəlif millətlərin və siniflərin nümayəndələri, radikal feminizm ideyalarının tərəfdarları idi. Onların əksəriyyəti tələbələrin kütləvi etiraz çıxışlarının iştirakçısı olmuşdu və solçu hərəkatın sıralarında birləşirdi. QMT-nin bəzi iştirakçıları belə hesab edirdilər ki, qadınların bu vəziyyətinin kökünü dövlətin siyasi sistemində axtarmaq lazımdır və onların fikrincə, belə sistemi yaradan kişilərdir. Nəticədə, kişilərə qarşı mübarizə aparmaq lazımdır. Lakin hərəkatın başında duran kişilərin qadınların tələblərinə biganə qalmaları QMT-nin yalnız qadınlardan ibarət müstəqil hərəkat yaratmasına səbəb oldu.
Qeyd etdiyimiz kimi, Qadınların Azadlığı Uğrunda Hərəkat əsrimizin 60-cı illərinin ortalarında ABŞ-da yaranmışdı. İlk vaxtlar ölkənin bir neçə iri şəhərində fəaliyyət göstərdiyi halda, artıq 70-ci illərdə bu hərəkat dalğası ABŞ-ın bütün şəhərlərini bürümüşdü. Bundan əlavə, tibb bacıları və silahlı qüvvələrdə xidmət göstərən qadınlar qruplar şəklində hərəkata qoşulurdular. Eyni zamanda yaşlı qadınların da bu hərəkatda ayrıca qrupu yarandı. Katolik kilsələrində xidmət göstərən rahibə qadınlar bütünlükdə kişilərdən ibarət olan klerikal iyerarxiyadan özləri üçün daha çox müstəqillik tələb etməyə başladılar. Qadın əməyinin qiymətləndirilməsindəki haqsızlığa və abortun qadağa olunması ilə bağlı qanuna etiraz əlaməti olaraq çox sayda nümayişlər və marşlar keçirilirdi. Feminist qadınlar (hərəkatın əvvəlində iştirakçılar tamamilə ağ irqə mənsub qadınlardan ibarət idi) ABŞ-ın qara dərili qadınlarına da müəyyən təsir göstərirdilər. Əvvəllər bu qadınlar vətəndaşlıq hüquqları uğrunda öz irqlərinə mənsub kişilərlə bərabər mübarizə apardıqları halda, sonralar ayrılaraq qaradərili qadınların azad olunması uğrunda müstəqil hərəkat yaratdılar. Amerikalı neofeminist qadınların hərəkatı digər ölkələrdə də geniş vüsət aldı. Tezliklə Qadınların Milli Təşkilatının ardıcılları Kanadada, Fransada, Avstraliyada, İsveçdə, Yaponiyada, Almaniyada, Hollandiyada, Finlandiyada və Böyük Britaniyada meydana çıxdı. Bu hərəkatın əsas tələbləri:
əməyə görə bərabər ödənişlər;
bərabər təhsil və imkanlar haqqı;
sutka ərzində ödənişsiz körpələr evi;
abort etmək haqqı və hamiləliyin qarşısını almaq üçün ödənişsiz vasitələr;
ailə vəziyyətindən asılı olmayaraq, bütün qadınların təcavüzə məruzqalma qorxusundan azad olmaları;
kişilərin üstünlüyünü və qadınlara qarşı güc tətbiq olunmasını müdafiə edən bütün institutların ləğv edilməsi və s.
80-ci illərin əvvəllərində İngiltərə, Şotlandiya, Uels və Şimali İrlandiyanın müxtəlif guşələrində kişilərin təcavüzündən qorunan qadınlar üçün 100-dən artıq sığınacaq yaradılmışdı. Burada onların özləri və övladları üçün kişilərdən iqtisadi cəhətdən asılı olmamaq uğrunda mübarizə yolları öyrədilirdi. Feminist qadınlar etiraz yürüşləri təşkil edir, qadınların özlərini küçələrdə təhlükəsiz hiss etmələri uğrundakı mübarizəsinə ictimaiyyətin diqqətini cəlb etməyə çalışırdılar. Zor işlətməyə qarşı keçirilən etiraz həftələri zamanı feminist qadınlar müvafiq ədəbiyyat və vərəqələr yayır, teatrlaşdırılmış tamaşalar göstərirdilər. Bundan əlavə, QAUH-un iştirakçıları öz qrupları nəzdində uşaq bağçaları və körpələr evləri təşkil etmiş, boşanan qadınlar üçün qadın evləri və məsləhətxanaları açmışdılar. Eyni zamanda onlar həbsdə olan qadınların azad edilməsi məqsədilə xüsusi fondlar yaratmışlar.
Qarşıya qoyulmuş tələblərin hamılıqla qəbul olunması, konkret fəaliyyət istiqamətləri, aktiv iş metodları, qarşılıqlı anlaşma və yardım mühitinin yaradılması üçün edilən səylər, neofeminist qadın hərəkatını güclü və hesablaşmalı qüvvəyə çevirmişdi. “Sırf qadın problemləri”nin dar çərçivəsindən tədricən çıxaraq, daha geniş spektrə malik qlobal problemlərə müdaxilə etdikcə, QAUH-un nümayəndələri demokratik və mütərəqqi qüvvələrin ümumi mübarizəsinə qoşulmağa başladılar.
Feminist qadınların müharibə əleyhinə aparılan hərəkatda da öz yerləri olmuşdur. Müdafiə Nazirliyinin qarşısında piketlər keçirilməsi və hərbi bazaların ətrafında sülh düşərgələrinin yaradılması ilə bağlı tələblər səslənirdi. Feminist qadınların və sosialist ölkələri qadınlarının kütləvi nüvə qırğın silahlarının tamamilə ləğv olunmasına çağırış tələbi BMT-nin Baş Assambleyasının II xüsusi sessiyasına ünvanlanmış və birgə petisiya hazırlanmışdır. Bu sənəd kütləvi nüvə qırğın silahlarının tamamilə ləğv olunmasına çağırış tələbi idi. Nəhayət, 1982-ci ildə Qərb və Şərq ölkələrindən keçməklə, birgə sülh yürüşünün təşkili ideyası gerçəkləşdi. Danimarkanın Kopenhagen şəhərindən başlanğıcını götürmüş bu yürüş Finlandiya, sovet şəhərləri olan Leninqrad (indiki Sankt-Peterburq) və Minskdən keçərək Belarusdakı Xatın memorial-xatirə kompleksində sona yetdi. Bu yürüşün İsveçdən, Danimarkadan, Norveçdən, Finlandiyadan, keçmiş Sovetlər İttifaqından olan iştirakçılarını eyni şüarlar və tələblər birləşdirirdi. Beləliklə, altı illik mübarizənin nəticəsi olaraq, nüvə silahlarının qarşılıqlı ləğv olunması haqda Sovet-Amerika Müqaviləsi imzalandı.
Dünya qadın hərəkatının inkişaf mərhələlərini nəzərdən keçirərkən qeyd olunmalıdır ki, son onilliklər beynəlxalq qadın hərəkatının ciddi bir siyasi qüvvəyə çevrilməsi ilə əlamətdardır. Son dövrlər ideoloji baxımdan fərqli baxış tərzlərinə baxmayaraq, bütün səylərin birləşdirilməsi üçün qarşılıqlı addımların atılması istəyi aydın nəzərə çarpır. Beynəlxalq forumlar, konfranslar miqyasında görüşlər təşkil olunaraq, ümumi qərarlar qəbul edilməsi üçün platformalar müəyyən edilir. Qadınlar “soyuq müharibə” nəticəsində uzunmüddətli fasilələrə səbəb olmuş və arası kəsilmiş qarşılıqlı əlaqələri ya bərpa etmiş, ya da daha da möhkəmləndirmişlər. Onlar xalq diplomatiyasının təşəbbüskar və fədakar nümayəndələrinə çevrilmiş, mübarizləşmişlər. Bu bir faktdır ki, XX əsr qadınların cəmiyyətdə statusunu dəyişdirmiş, onların dövlət quruculuğuna cəlb edilməsi, idarəçilik və idarəetmə sahəsində qadın və kişilərin bir-birini tamamlamasına zəmin yaratmışdır.