73. Kütləvi televiziya proqramları və onların əhəmiyyəti XX əsrin ən böyük icadlarından olan televiziya və burda təqdim olunan proqramlar istər böyüklərə, istər uşaqlara bir çox tərəfdən təsir etmə gücünə sahibdir.
Ekran tamaşaçını məlumatlandırmalı, onu ətrafda baş verənlərdən agah etməli, maarifləndirməli və zövqünü formalaşdırmalıdır.bu gün televiziya adi məişət cihazı deyil, həyatımızın ayrılmaz hissəsi, əsas məlumat mənbəyimiz, həmsöhbətimizdir. Televiziya həm də insanın düşüncə baxımından genişlənməsi, dünya ilə təması, yaşadığı cəmiyyəti yaxından görməsi, ətrafında gedən prosesləri duyması və ən başlıcası özünü dərk etməsidir. Deməli, televiziya, onun kommunikativliyi və verdiyi məhsul o dərəcədə mükəmməl olmalıdır ki, tamaşaçının qavrayışı təhrif olunmasın, insanın psixikasında və davranışında yanlışlıqlar yaranmasın.Ekranları işıqlandığı gündən televiziya insanların həyatına, cəmiyyətə, vizual sənət sahələrinə, bəşəriyyətin mövcud dəyərlər sisteminə ağlasığmaz yeniliklər gətirdi. İlk növbədə kütləvi informasiya vasitələri sisteminin müstəqil bir sahəsinə çevrilən televiziya jurnalistikanın təsirini və miqyasını genişləndirdi. Adamlar qəzetdə oxuyub, radioda etdiklərini ekranda seyr etməklə “yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır” məsəlinin doğruluğuna bir daha əmin oldular. Dünya mavi ekranda özünü gördü: bütün gözəlliyi və eybəcərlikləri ilə. Qlobal dünyanı xəbər süzgəcindən keçirən televiziya, məhz bu eybəcərliklərin zaman-zaman aradan qaldırılması üçün öz səfərbəredici gücünü də göstərdi.Elmi-kütləvi, mədəni-maarif, təhsil proqamları insanların bilik səviyyəsinin, əhatəsinin genişlənməsində, daha da savadlanmasında, informasiya ilə təmin olunmasında, hətta insanların zövqünün belə formalaşmasında, ümumilikdə, cəmiyyətin həyatında müsbət istiqamətdə mühüm rol oynayır. Əgər həmin proqramlar cəmiyyətin həyatında mühüm rol oynayırsa, deməli, onların inkişaf etdirilməsi, icrası olduqca vacib məsələ hesab olunur və bu proqramlarda əks olunanların icra prosesində gerçəkləşməsi ləngiməməlidir
Sevindirici haldır ki, elmi-kütləvi, mədəni-maarif, təhsil proqamları və onların inkişaf etdirilməsi, təşviqi üçün elmi-texniki tərəqqi, ələlxüsus internet şəbəkəsinin mövcudluğu böyük spektrdə imkanlar açır. Bu proqramların daha geniş, daha əhatəli yayılması üçün kifayət qədər böyük imkanlar mövcuddur. İndi internet resursları vasitəsi ilə həmin proqramların daha da geniş şəkldə canlandırılması mümkündür ki, buna xüsusi diqqət ayrılmalıdır. Xatırladığımız kimi, bir zamanlar, daha dəqiq desək, internet resurslarının hələ olmadığı bir dövrdə kitabxanalarda, mədəni-maarif ocaqlarında, klublarda, mədəniyyət və yaradıcılıq evlərində olduqca maraqlı kütləvi tədbirlər, tamaşalar, filmlər təqdim edilirdi, televiziya və radio vasitəsi ilə elmi-kütləvi, mədəni-maarifləndirmə proqramları kifayət qədər çox idi və bu proqramların təsir imkanları da təkzib edilə bilməz. Vətən müharibəsindən, Azərbaycanın qələbəsindən, zəfərindən sonra davamlı olaraq elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması üzərində ciddi şəkildə işlənilməlidir. Cəbhədə döyüşlər bitsə də, informasiya müharibəsində mübarizə hələ də davam edir və edəcək də. Bunun üçün cəmiyyətimiz daha da təkmilləşməli, dünya görüşü artırılmalı, savadlanmalı, istər Azərbaycan cəmiyyəti, istərsə də bütövlükdə dünya ictimaiyyəti hərtərəfli informasiya ilə təmin edilməlidir. Bu məqsədlə də əlbəttə ki, elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının inkişaf etdirilməsinə, hətta yenilərinin belə hazırlanması öz aktuallığını qoruyur. Nəzərə almaq lazımdır ki, mədəniyyətimizin də inkişafını xüsusi konsepsiya ilə təsdiq etməli, ölkəmizin bütün mədəni dəyərləri dünya ictimaiyyətinə çatdırmalıdır. Bir xalq olaraq tarixi və milli-mədəni irsimizə sahib çıxmalı, bu irsi qorumalı, onu inkişaf etdirməliyik.