74. Elmi-kütləvi proqramlar Elmi-kütləvi, mədəni-maarif, təhsil proqamları insanların bilik səviyyəsinin, əhatəsinin genişlənməsində, daha da savadlanmasında, informasiya ilə təmin olunmasında, hətta insanların zövqünün belə formalaşmasında, ümumilikdə, cəmiyyətin həyatında müsbət istiqamətdə mühüm rol oynayır. Əgər həmin proqramlar cəmiyyətin həyatında mühüm rol oynayırsa, deməli, onların inkişaf etdirilməsi, icrası olduqca vacib məsələ hesab olunur və bu proqramlarda əks olunanların icra prosesində gerçəkləşməsi ləngiməməlidir. Sevindirici haldır ki, elmi-kütləvi, mədəni-maarif, təhsil proqamları və onların inkişaf etdirilməsi, təşviqi üçün elmi-texniki tərəqqi, internet şəbəkəsinin mövcudluğu böyük spektrdə imkanlar açır. Bu proqramların daha geniş, daha əhatəli yayılması üçün kifayət qədər böyük imkanlar mövcuddur. İndi internet resursları vasitəsi ilə həmin proqramların daha da geniş şəkldə canlandırılması mümkündür ki, buna xüsusi diqqət ayrılmalıdır. Xatırladığımız kimi, bir zamanlar, daha dəqiq desək, internet resurslarının hələ olmadığı bir dövrdə kitabxanalarda, mədəni-maarif ocaqlarında, klublarda, mədəniyyət və yaradıcılıq evlərində olduqca maraqlı kütləvi tədbirlər, tamaşalar, filmlər təqdim edilirdi, televiziya və radio vasitəsi ilə elmi-kütləvi, mədəni-maarifləndirmə proqramları kifayət qədər çox idi və bu proqramların təsir imkanları da təkzib edilə bilməz. Məsələ burasındadır ki, indi həmin televiziya və radio da öz növbəsində daha geniş imkanlar təklif edir və üstəlik internet resurslarından burada da istifadə mümkündür. Diqqəti çəkən ən vacib məqamlardan biri də ondan ibarətdir ki, kommersiya xarakterli proqramlara televiziya və radiolarda daha geniş diqqət ayrılması əvəzinə, məhz elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarına yer ayrıla bilər və bunun da müsbət nəticəsi təkzib edilə bilməz. Şübhəsiz ki, kitabın, kitabxananın, elmin, mədəniyyətin təbliğinə televiziyalar xüsusi yer ayırmalı, şou xarakterli proqramların əvəzinə kütləvi xarakter daşıyan maarifçilik əhəmiyyətli proqramlar təqdim olunmalıdır. Vətən müharibəsindən, Azərbaycanın qələbəsindən, zəfərindən sonra davamlı olaraq elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması üzərində ciddi şəkildə işlənilməlidir. Cəbhədə döyüşlər bitsə də, informasiya müharibəsində mübarizə hələ də davam edir və edəcək də. Bunun üçün cəmiyyətimiz daha da təkmilləşməli, dünya görüşü artırılmalı, savadlanmalı, istər Azərbaycan cəmiyyəti, istərsə də bütövlükdə dünya ictimaiyyəti hərtərəfli informasiya ilə təmin edilməlidir. Bu məqsədlə də əlbəttə ki, elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının inkişaf etdirilməsinə, hətta yenilərinin belə hazırlanması öz aktuallığını qoruyur. Qələbənin təmin olunmasında, az qala 30 ilə yaxın bir müddətdə işğal altında saxlanılan torpaqlarımızın işğaldan azad olunmasnda, ərazi bütövlüyümüzün bərpa edilməsində, tarixi ədalətin bərpasında Ali Baş Komandanın, cənab Prezident İlham Əliyevin qətiyyəti, uzaqgörənliyi, liderlik keyfiyyətləri, apardığı siyasət, Azərbaycan xalqının oynadığı rol, həmrəyliyi, Azərbaycan Ordusunun rəşadəti, mübariz ruhu və bir çox məsələlər artıq proqram şəkilində universitet və orta məktəblərdə tədris olunmalı, buna çox ciddi şəkildə xüsusi önəm verilməlidir.