Basqa material İctimai-məişət natiqliyi. Bu nitqin geniş istifadə olunan növlərindən biridir. Adamlar həyatda müxtəlif münasibətlə (yubileylərdə, toylarda, bayramlarda, ad günlərində, dəfn mərasimlərində, stol arxasında və s.) başqaları qarşısında çıxış etməli, tost deməli, nitq söyləməli olurlar. Məişət zəminində söylənilən bu nitqlər digərləri ilə müqayisədə müəyyən xüsusiyyətlərinə görə fərqlənir. Burada haqqında danışılan adamlar yalnız təriflənir, onların barəsində xoş sözlər söylənilir, obrazlı ifadələrə, təmtəraqlı cümlələrə daha çox üstünlük verilir.
Natiqliyin bu növündən yubiley tədbirləri, şənliklər keçirilən zaman istifadə olunur. Bu tədbirlər, əsasən, iki formada aparılır. Birincisi, görkəmli adamların – elm, maarif və mədəniyyət xadimlərinin, yazıçı, aktyor, əmək və müharibə veteranları və başqalarının yubileyləri, həmçinin əlamətdar, tarixi günlərin qeyd olunması; ikincisi isə kiçik kollektivlərdə, ailədə dostlarla, yaxınlarla keçirilən yubiley şənlikləri. Yubileylərin forması və keçirilmə şəraiti fərqli olduğu kimi, orada söylənilən nitqlərin, çıxışların ifadə tərzi də müxtəlif olur. Birincidə bu tədbir, adətən, ciddi planda aparılır. Orada əvvəlcə bir nəfərin (müəssisənin rəhbəri və ya orada çalışan mötəbər adamlardan birinin) giriş nitqi dinlənilir. Onun ardınca əvvəlcədən müəyyənləşdirilmiş çıxışlar olur, xatirələr söylənilir. Danışanlar daha çox yubilyarın işindən, əmək fəaliyyətindən söhbət açırlar. Burada söylənilən nitq, işlədilən söz və ifadələr, cümlələr bir qədər nizamlı – düzümlü olur, atmacalara, replikalara, zarafata yol verilmir. Ailədə, kollektivdə dostlar arasında keçirilən yubiley şənliklərində yubilyarın xarakteri, mənəvi keyfiyyətləri, insanlara münasibəti, cəmiyyətdə, ailədə mövqeyi və s. haqda söhbətlər ön planda olur. Bu söhbətlərdə zərif-duzlu atmacalara, incə yumora geniş yer verilir. Orada söylənilən xatirələr, bir növ, ürək nəğmələrini xatırladır, yubiley tədbirlərinin təsirini artırır. Məişət nitqinin çox geniş yayılmış forması toy mərasimlərində tamada – masabəylərin nitqidir. Müxtəlif peşə sahibi olub, həm də tamada kimi fəaliyyət göstərən bu natiqlərin nitqini məclis əhli maraqla dinləyir, ondan eşitdikləri musiqi qədər həzz alır. Lakin həmişə belə olmur. Toy natiqlərinin bir qismi çıxışında münasib söz və ifadələri tapıb işlədə bilmir, fikrini ardıcıl şəkildə ifadə etməkdə çətinlik çəkir, şablon ifadələr işlədir,hamının dəfələrlə eşitdiyi şeirləri söyləyir, əhvalatları danışır, uzunçuluq edir, eşidənləri yorur. Halbuki müasir zövqlə bəzədilmiş toy salonlarında dilimizi yaxşı bilən, onun ifadə vasitələrindən məqamına görə istifadə etməyi bacaran natiqlər çıxış etməlidirlər. Məişət nitqinin digər forması hüzn mərasimində söylənilən vida nitqidir. Bu nitq həcmcə qısa və yığcam olur, çox vaxt almır. Monoton ifadə tərzi bu nitqin əsas əlamətidir. Nitqin bu növü də qədimdir. Vətən, xalq, dövlət qarşısında öz borcunu ləyaqətlə yerinə yetirib həlak olanların, vəfat edənlərin dəfn mərasimində bir qayda olaraq ən məşhur natiqlər, söz ustaları nitq söyləmiş, mərhumun məziyyətlərindən danışmış, onu yüksək qiymətləndirmişlər. Son illərdə erməni işğalçılarına qarşı vuruşlarda şəhid olanların hər birinin dəfn mərasimində vida nitqləri söylənilmiş, onların vətən qarşısında xidmətləri qeyd edilmişdir. Belə nitqlərin gənclərə vətənpərvərlik hisslərinin aşılanmasında təsiri böyükdür. Dəfn mərasimlərində el ağsaqqallarının, ağbirçəklərin, dünyagörmüşlərin, ziyalıların və b. qəbirüstü söylədikləri nitqlər, orada mərhumun fəaliyyətini qiymətləndirmək, onun ideyalarının, işinin, əməllərinin, yaşayacağı haqda söz söyləmək, yas sahibini ovundurmaq, ona təsəlli vermək baxımından əhəmiyyətlidir. Hal-hazırda yas yerlərində ictimaiyyətin bütün təbəqələrindən olan adamlar iştirak edirlər. Belə məclisləri aparanlar (şübhəsiz ki, bunlar daha çox din xadimləri olurlar) söhbət açdıqları mövzular, ifadə tərzi, şərh üsulu, nitqi və s. ilə adamları cəlb etməyi bacarmalıdır. “Burada yabançı, əfsanəvi nitqlər deyil, həyati, insanları düşündürən problemlərdən, qəm və kədəri unutduran məsələlərdən, həyatın doğurduğu problemlərdən, tərbiyə məsələlərindən və ya ölümə səbəb olan xəstəliklərdən, ondan qorunma yollarından söhbətlər aparmaq lazımdır”