1. İqtisadi vəziyyətin proqnozlaşdırılması, iqtisadi siyasətin işlənməsi və monitorinqi üçün statistikadan istifadə etməklə iqtisadi
modellərin hazırlanması və təkmilləşdirilməsi
Giriş
İqtisadiyyatın mərkəzləşdirilmiş idarəetmə prinsiplərindən bazar münasibətlərinə keçid dövründə iqtisadi təhlil və proqnozlaşdırmanın yeni metodoloji bazasının yaradılması tələb edilir. Bunun üçün mövcud metodoloji materiallara tənqidi baxışla yeni konsepsiya hazırlamaq lazımdır. Bu konsepsiyanın əsasında Milli hesablar sisteminin və müasir statistikaya əsaslanmış ekonometrik modellər durur. İqtisadi nəzəriyyədə problemlərin makro, mezo, mikro və qalan dünya (xarici sektor) səviyyəsində təhlil edildiyinə görə inkişaf etmiş ölkələrdə modelləşdirmə və proqnozlaşdırma bu səviyyələrdə aparılır.
Ölkənin iqtisadiyyatının dinamik dəyişdiyi halda inkişafın əsas determinantlarının (amillərinin) araşdırılması və roqnozlaşdırılması ücün klassik üsullardan istifadə edilməsi yanlış nəticələrin alınmasına və doğru olmayan siyasətin formalaşmasına səbəb olur ki, nəticədə ekoloji, iqtisadi, maliyyə, əmək kapitalına qoyulmuş sərmayələrin əmərəsi aşağı olur.
Son zamanlar Milli hesablar sisteminin (MHS) göstəricilərinin təhlilində ekonometrik üsullar geniş istifadə olunur. Ekonometrik usulların tətbiqi zamanı tədqiqat obyektinə təsir edən amillər sistemləşdirilir, endogen və ekzogen amillər araşdırılır, onlar arasında bir başa və əks əlaqələr və s. öyrənilir.
Müasir dövrdə makroiqtisadi təhlil və proqnozlaşdırma əsasən ekonometrik modellər vasitəsi ilə MHS, makro statistik göstəricilər (aralıq istehlak, əlavə dəyər, aralıq tələb, son tələb, ilkin, aralıq və son xərclər və s.) əsasında həyata keçirilir. İqtisadiyyatın dinamik inteqrasiyası iqtisadi problemlərin təhlili və proqnozlaşdırılması səviyyələrinə də öz təsirini göstərmişdir. Yəni mikro, mezo, makro səviyyədə iqtisadi inkişafaın təhlilinin aparılmasına zərurət yaranmışdır. Ona görə də hazırlanmış metodoloji material proqnozlaşdırmada statistik göstəricilərdən istifadə edilməsi, əsas makroiqtisadi göstəricilərin proqnozlaşdırılması metodikası, əsas makroiqtisadi modellər və əsas makroiqtisadi modellərdə ekoloji amilin nəzərə alınması məsələlərinə baxılmışdır.
1.1. Proqnozlaşdırmada statistik göstəricilərdən
istifadə edilməsi
İnkişafın istiqamətlərinin düzgün proqnozlaşdırılması və obyektiv qərarların generasiyası dolğun və hərtərəfli informasiya təminatına əsaslanır və yalnız doğru statistik məlumatları ekonometrik təhlil, modellər vasitəsi ilə proznozlaşdırmaq mümkündür. İqtisadi (maliyyə və qeyri-maliyyə) aktivlərə sərmayə qoyuluşu ekoloji, iqtisadi və insan kapitalınin kəmiyyət və keyfiyyətinin düzgün statistikasını tələb edir. Bu məsələlərin vaxtında həll edilməməsi qoyulmuş sərmayələrin effektivliyini və strukturunu müəyyənləşdirmək üçün çətinlik yaradır. Hətta fəaliyyətin son nəticəsi ilə ilkin xərclərin müqayisəsi belə mümkün olmur. Bütün bu problemləri sistemli araşdırmaq ücün beynəlxalq təşkilatlar tərəfindən davamlı (iqtisadi effektiv və sosial ədalətli) inkişaf konsepsiyası irəli sürülmüşdür. Həmin konsepsiyaya əsasən sərmayənin optimal qoyuluşu ölkədə iqtisadi inkişafa və sosial ədalətin bərpa olunmasına yönəndilir. Davamlı inkişaf konsepsiyasının əsas modeli aşağıdakı kimidir.
İqtisadi istehsal
Torpaq
İnvestisiya
Enerji ehtiyyatı
Məhsul ehtiyyatı
Kənd təsərrüfatı ehtiyyatı
Ətraf mühit ehtiyyatları
Sosial xidmət
Keyfiyyətli təhsil
Ölum
Doğum
Əhali
İşçi qüvvəsi
Ətraf mühitin mühafizəsi
Gəlir
İxrac
İdxal
Tədiyə balansı
Mübadilə məzənnəsi
Valyuta ehtiyatı
İstehlak
Maddi həyat səviyyəsi
Modeldən göründüyü kimi, iqtisadi fəaliyyət, o cümlədən istehsal prosesi iqtisadi mahiyyət daşımalı, əlavə dəyər yaratmalıdır. Yəni, gəlirlər xərcləri üstələməli və iqtisadi istehsalın nəticəsi ətraf mühitin mühafizəsinə, ixraca, istehlaka və investisiyaya ayrılmalıdır. İnvestisiya bloku öz növbəsində enerji kapitalına, məhsul kapitalına, kənd təsərrüfatı kapitalına, ətraf mühit kapitalına və sosial xidmət kapitalına ayrılır. Ölkənin inkişafı birbaşa sərmayə qoyuluşundan (investisiya) asılıdır. İnvestisiya ümumi və xalis (təmiz) investisiyaya ayrılır və inkişafı xalis investisiya xarakterizə edir. Onu müəyyənləşdirmək üçün ümumi investisiyadan kapitalın (aktivlərin) köhnəlmə dəyərini (amortizasiyası, mənəvi köhnəlməsi, ətraf mühitin komponentlərinin keyfiyyətinin pisləşməsi, erroziyası və s.) çıxmaq lazımdır. Alınan nəticə müsbət olduqda inkişafı, sıfır olduqda durğunluğu, mənfi olduqda tənəzzülü ifadə edir.
Ölkənin iqtisadi inkişafını dünya səviyyəsində mövcud inkişafla müqayisəli öyrənmək üçün nominal və real effektiv valyuta məzənnəsi göstəricilərindən istifadə edilir. Bu göstəricilər ölkənin rəqabət qabiliyyətinin dəyişməsini əks etdirən əsas göstəricidir və beynəlxalq valyuta fondunun metodiki tövsiyyələrinə əsasən hesablanır. Beynəlxalq valyuta fondunun metodiki materiallarında iqtisadiyyatın rəqabət qabiliyyətini əks etdirən real effektiv mübadilə məzənnəsi göstəricisini müəyyənləşdirən zaman ekoloji məhsul olan neft-qaz idxalı və ixracı nəzərə alınmır. İqtisadiyyatda rəqabət qabiliyyəti əsasən xarici ölkələrin (tərəf-müqabil ölkələrin) valyuta məzənnəsinə, istehlak qiyməti indekslərinə, idxal və ixracın həcminə görə müəyyən edilir.
Nominal və real effektiv mübadilə məzənnələrinin proqnozu və hesablanması neft ixracatçısı olan ölkələr üçün xüsusi əhəmiyyət kəsb edir. İqtisadi nəzəriyyədən məlum olduğu kimi, real effektiv mübadilə məzənnəsi (REMM) ölkənin “Holland Sindromu”na yoluxmasının determinantı kimi çıxış edir. Aparıcı ixracat məhsulunun (məsələn, xam neft) ixracatının həcminin və ya qiymətinin kəskin artması nəticəsində REMM-nin yüksəlməsi ölkənin istehsal etdiyi məhsulların digər ölkələrdə istehsal olunan eyni məhsullarla rəqabət aparmaq qabiliyyətinin müvafiq dərəcədə aşağı düşməsi deməkdir.
Aparıcı sahənin üstün inkişafı ölkə iqtisadiyyatının digər sektorlarında-idxalı əvəz edən və ixrac olunan sənaye və kənd təsərrüfatı məhsulları istehsal edən sahələrdə və habelə, xidmət sahələrində istehsal həcminin və onun səmərəliliyinin dəyişməsinə səbəb olur.
Dövlətin iqtisadi və sosial təhlükəsizliyini, maliyyə və təbii sərvətlərdən səmərəli istifadə edilməsini təmin etmək üçün müvafiq tədbirlər hazırlanır və bütün bu tədbirlər sistemi dövlətin maliyyə və iqtisadi siyasətinin əsasını təşkil edir. Maliyyə siyasətinin hasırlanması zamanı ticari malların, yəni qiymətləri dünya bazarında müəyyən olunan əmtəələrin konyunkturu haqqında informasiya dəyişdiyi üçün önun dinamik öyrənilməsi və gələcək vəziyyətinin proqnozlaşdırılması tələb olunur. Həmin proqnozlar ölkənin büdcəsinin tərtibində və müvafiq iqtisadi siyasətin hazırlanmasında istifadə edilir.
Ticari malların konyunkturunun təhlili və proqnozu üçün istehlak səviyyəsi və qabiliyyəti, iqtisadi agentlərin (fermerlərin, ev təsərrüfatları və s.) pul və digər gəlirləri, xərcləri, yığımı, investisiyası, idxal və ixracın həcmi, valyutanın mübadilə məzənnəsi, malların rəqabət qabiliyyəti və s. göstəricilərdən istifadə edilir. Konyunktur təhlil zamanı məsələyə sistemli yanaşılır, yəni əvvəlcə xarici (ekzogen) təsirlər (dünya səviyyəsində ümumi təlabat, xammalın qiyməti, əsas valyutanın məzənnəsi) öyrənilir və bu əsasda iqtisadiyyatın daxili istiqaməti müşahidə olunur. İdxal və ixrac konyunkturunun təhlili bir tərəfdən dünya üzrə tələbi (ixracı) və daxili tələbi (idxalı), digər tərəfdən isə milli məhsulun rəqabət qabiliyyəti öyrənməyə imkan verir.
İqtisadiyyatın rəqabət qabiliyyətinin təhlili statistik və ekonometrik tədqiqatların köməyi ilə aparılır. Rəqabət qabiliyyəti dedikdə ölkə daxili istehsal qiyməti ilə xarici ölkədəki istehsal qiymətinin müqayisəsi başa düşülür. Beləliklə, iqtisadiyyatın (məhsulun) rəqabət qabiliyyəti göstəricisi tapılır. Həmin indeksin köməyi ilə məhsulun dünya ixracatında yeri təyi olunur. İxracat qabiliyyətinə eyni zamanda milli və xarici valyutaların mübadilə məzənnəsi təsir edir. Praktiki olaraq bu göstəricilərin əlaqələndirilməsi mürəkkəb hesablamalar tələb edir. Xarici ölkələrdə məhsulun istehsal qiyməti haqqında informasiya birjalardan əldə edilir. Ölkə daxilində isə məhsulun istehsal qiyməti statistik müşahidələr əsasında müəyyən edilir.
Milli əmtəələrin rəqabət qabiliyyətinin artırılması menecment, texnologiya, iqtisadi, xarici əlaqələr, vergi və s. sistemlərin uzlaşmasını və beynəlxalq bazarlarda konyunktura dəyişikliklərinə çevik uyğunlaşmanı tələb edir. Əmtəələrin rəqabət qabiliyyəti eyni zamanda münasibətlər sistemindən də asılıdır. Əmtəələrin rəqabət qabiliyyəti, digər amillərin təmin edilməsi və sabit qalması şərti ilə iqtisadi amillərdən asılıdır. Başqa sözlə desək, qiymət əsasında rəqabət həlledici əhəmiyyət kəsb edir.
Əmtəələrin rəqabət qabiliyyətinin artırılması bir tərəfdən yoxsulluğun aradan qaldırılması problemlərinin, digər tərəfdən isə ərzaq təhlükəsizliyi proqramının real təlabat nöqteyi-nəzərindən yerinə yetirilməsi üçün kafi və zəruri şərtdir. Digər tərəfdən ərzaq təhlükəsizliyi proqramının istehsal nöqteyi-nəzərdən yerinə yetirilməsi də kənd təsərrüfatı məhsullarının rəqabət qabiliyyətinin artırılmasını tələb edir. Bu problem kənd təsərrüfatı istehsalının səmərəlilik göstəricisi ilə bağlıdır.
İstehsalın səmərəliliyi isə kənd təsərrüfatı məhsullarının nisbi qiymətlərindən və aralıq istehlak xərclərindən asılıdır. Hər iki göstəricinin səviyyəsinə digər amillər sabit qalmaqla real mübadilə məzənnəsi əsaslı təsir göstərir.
Ərzaq təhlükəsizliyinin təhlili və proqnozlaşdırılması zamanı kənd təsərrüfatı üçün lazım olan sənaye məhsullarının istehsal vəziyyəti və qiymətlərinin dəyişməsi haqqında informasiya nəzərə alınmaqla ərzaq məhsullarının istehsalı üçün aralıq istehlak və əlavə dəyər hesablanır. Belə nəticə çıxarmaq olar ki, istər iqtisadi, istərsə də onun tərkib hissəsi olan ərzaq təhlükəsizliyinə bilavasitə istər ölkədə istehsal olunan, istərsə də başqa ölkələrdən gətirilən sənaye məhsulunun istehsal qiymətləri və sənaye sektorunun inkişaf səviyyəsi də təsir göstərir.
Tələb və təklifin proqnozlaşdırılması üçün balanslar (natural və dəyər) metodundan istifadə edilir. Bu metodun tətbiqi üçün ayrı-ayrı məhsulların istehsalı üzrə aralıq tələb, son tələb, ixrac və idxal, əlavə dəyər, xərclərin (investisiyaların) həcmi proqnozlaşdırılır. Milli hesablar sisteminin xərclər və məhsul buraxılışı (istehsal) cədvəlləri istehlakın proqnozlaşdırılması üçün dünya praktikasında geniş istifadə olunan modellərdir.
Qeyd etmək lazımdır ki, iqtisadiyyatın inkişafına təsir göstərən aşağıdakı amilləri proqnozlaşdırma zamanı nəzərə almaq lazımdır:
- müxtəlif bazarlarda tələb və təklifin müqayisəli təhlili və istehsal qiymətləri arasında fərqlərin aşkar edilməsi;
- təsərrüfat vahidlərinin istehsal ehtiyyatlarının və maliyyə vəsatlərinin davamlılığının öyrənilməsi;
- istehsal və idxalın dəyişməsi ilə əlaqədar daxili bazarın quruluşu;
- real tələbatın artmasının istehsalın artmasına təsiri və ya ehtiyatların azalmasına görə və idxalın artması;
- iqtisadi aktivliyin, məşğulluğun və gəlirlərin dəyişməsi;
- istehsal və istehlak qiymətlərinin dəyişməsinin əhalinin alıcılıq qabiliyyətinə təsiri və müvafiq olaraq konyunktur dəyişikliyi (konyunktur dəyişikliyi əvvəl dünya, sonra ölkə və nəhayət təsərrüfat vahidi səviyyəsində baş verir).
İqtisadi inkişafa təsir edən amillərin intensivliyini müəyyənləşdirmək üçün ekonometrik modellərdən istifadə edilir. Ekonometrik modellər vasitəsi ilə iqtisadiyyatın daxili və xarici amillərdən asılılığını əks etdirən göstəricilər qruplaşdırılır. İstehsal və maliyyə göstəricilərinin qarşılıqlı təsirini müəyyənləşdirmək üçün çoxamilli təhlildən istifadə edilir.
1.2. Əsas makroiqtisadi göstəricilərin proqnozlaşdırılması
metodikası
Əsas makroiqtisadi göstəricilərin dəyişmə təmayülünü proqnozlaşdırmaq üçün riyazi statistikaya əsaslanan aşağıdakı 3 növ modellərdən istifadə edilir:
-
dinamik sıraların trend modelləri;
-
biramilli xətti və qeyri-xətti reqressiya modelləri;
-
çoxamilli xətti və qeyri-xətti reqressiya modelləri (ekonomertik).
Sadə proqnozlaşdırma modelləri dinamika sıralarının ekstrapolyasiya üsulu ilə hazırlanmış modellərdir. Bu zaman, müxtəlif riyazi funksiyalardan istifadə edilir. Çoxamilli (çoxölçülü) reqressiya modellərə ekonometrik modellər də deyilir.
Proqnozlaşdırma üçün modellərin qurulması alqoritmi. İlk növbədə proqnozlaşdırma üçün əsas makroiqtisadi göstəricilər təyin edilir. Bu göstəricilərə ÜDM, sənaye məhsulu istehsalı, kənd təsərrüfatı məhsulu istehsalı, pərakəndə ticarətdə əmtəə dövriyyəsi, əsas kapitala investisiya, idxal və ixrac və s. göstəricilər aid edilə bilər. Sonra isə proqnoz hesablamaq üçün satistik məlumatlar bazası tərtib edilir. Bu məlumatlar aylıq və rüblük göstəricilərdən ibarətdir. Ümumiyyətlə, səbəb və nəticə amillərinin uzunmüddətli dövr üçün dinamikası proqnozların hazırlanmasında əsas götürülür. Ən qısa dinamika sıraları 5 illik (məsələn, 2001-2005-ci illər) dövrü əhatə etməli və model (reqressiya təhlili) üçün aşağıdakı göstəricilər seçilə bilər:
-
ÜDM-in atrım tempinə təsir edən amillər:
- sənaye istehsalının atrım tempi;
- kənd təsərrüfatı istehsalının artım tempi;
- pərakəndə ticarətdə əmtəə dövriyyəsinın artım tempi;
- əhaliyə göstərilən pullu xidmətin artım tempi;
- əsas kapitala investisiyanın artım tempi;
- nəqliyyatda yük dövriyyəsinin artım tempi;
- ixracın artım tempi;
- idxalın artım tempi;
- məşğul əhalinin artım tempi (işlənmiş adam-saatlara görə)
- istehlak qiymətləri indeksi;
- pul kütləsinin (M2 aqreqatının) artım tempi;
- milli valyutanın kursunun artım tempi.
2) Sənaye məhsulunun artım tempinə təsir edən amillər.
- neft hasilatının artım tempi;
- qaz hasilatının artım tempi;
- ölkə üzrə xarakterik əsas məhsulların istehsalının artım tempi;
- əsas kapitala investisiyanın artım tempı;
- idxalın artım tempı;
- ixracın artım tempiı;
- sənaye məhsullarının istehsalçı qiyməti indeksi;
- milli valyutanın kursunun artım tempı.
3) Pərakəndə əmtəə dövriyyəsinın artım tempinə təsir edən amillər:
- əhalinin sərəncamında qalan real pul gəlirlərinin artım tempi;
- istehlak qiyməti indeksi;
- sənaye istehsalı artım tempi;
- kənd təsərrüfatı məhsulları istehsalının artım tempi;
- idxalın artım tempi;
- milli valyutanın kursunun artım tempı;
- əhalinin sayının artım tempı.
4) Kənd təsərrüfatı məhsullarının artım tempinə təsir edən amillər:
- taxıl istehsalının artım tempı;
- iri buynuzlu mal-qaranın artım tempı;
- meyvə, tərəvəz istehsalının artım tempi;
- kənd təsərrüfatı məhsullarının istehsalçı qiymət indeksi.
5) Əsas kapitala investisiyanın artım tempinə təsir edən amillər:
- sənaye istehsalının artım tempi;
- sənaye məhsulları istehsalçı qiymət indeksləri;
- ixracın artım tempi;
- milli valyuta kursunun artım tempı.
6) İxracın artım tempinə təsir edən amillər:
- sənaye istehsalı artım tempi;
- neft hasilatı artım tempi;
- qaz hasilatı artım tempi;
- neft, qaz ixrac qiyməti artım tempı;
- kənd təsərrüfatı məhsullarının istehsalının artım tempı;
- milli valyuta kursunun artım tempı.
7) İdxalın artım tempinə təsir edən amillər:
- milli valyuta kursunun artım tempı;
- əhalinin sərəncamında qalan real pul gəlirlərinın artımı;
- istehlak qiymət indeksləri;
- pərakəndə əmtəə dövriyyəsinın artım tempi;
- sənaye istehsalının artım tempı;
- kənd təsərrüfatı məhsullarının istehsalının artım tempı.
İqtisadi nəzəriyyəyə əsasən ÜDM proqnozlaşdırmaq üçün fondla silahlanma, xarici investisiya və başqa göstəricilərdən istifadə edilir, lakin həmin göstəricilərin aylıq statistikası aparılmadığından trend modellərinə daxil edilmir.
Çoxamilli ekonometrik (reqressiya) modellərin qurulması üçün aşağıdakı işlər yerinə yetirilir:
- məlumatların ilkin təhlili və işlənməsi; xüsusi kompüter proqram paketlərinin tələbinə uyğun məlumatlar kütləsinin hazırlanması; ilkin məlumatların qrafik təsviri; ilkin məlumatların korrelyasiya təhlili; daha əhəmiyyətli korrelyasiya əlaqəsi olan göstəricilərin aşkar edilməsi.
- əsas göstəricilərin dinamikası əsasında (7 və ya 15 illik) ekstrapolyasiya aparmaq: zamana görə xətti trendin göstəricilərinin parametrlərinin hesablanması; xətti trendin hər bir göstərici üzrə tətbiqinin qiymətləndirilməsi; tədqiq olunan ayrı-ayrı göstəricilər üzrə qeyri-xətti trendlərin münasibliyinin yoxlanması; alınmış trend tənliyinin keyfiyyətinin yoxlanılması; qurulmuş model əsasında proqnoz hazırlanması və onun uyğunluğunun qiymətləndirilməsi.
- ÜDM sənaye istehsalı artımından, kənd təsərrüfatı məhsulları istehsalı, əsas kapitala investisiyadan, pərakəndə ticarətdə əmtəə dövriyyəsindən asılılığının reqressiya təhlili ilk mərhələdə aparılır: tədqiq olunan göstəricilərin (zamana görə) xətti (cüt) reqressiya tənliyinin parametrləri hesablanır; hər bir göstəricinin xətti reqressiya tənliyinin tətbiqinin qiymətləndirilməsi; ayrı-ayrı tədqiq olunan göstəricilərin qeyri-xətti reqressiya növünün asılılığı münasibliyi təyin edilir; alınmış reqressiya modelinin keyfiyyətinin yoxlanılması; alınmış reqressiya tənliyinin əsasında ilkin proqnozların verilməsi.
- aylıq və yaxud rüblük makroiqtisadi məlumatların (dinamik sıraların) əsasında qeyri-xətti reqressiya asılılığının ilkin reqressiya təhlili: tədqiq olunan göstəricilərin qeyri-xətti trendinin seçilməsi; alınmış modellərin xətti modelə gətirilməsi və onun parametrlərinin hesablanması; alınmış reqressiya modelinin keyfiyyətinin yoxlanılması; tərtib olunmuş modelə əsasən proznozların hazırlanması və onun uyğunluğunun ekspert qiymətləndirilməsi.
- çoxamilli reqressiya təhlili (aylıq və ya rüblük 5 illik göstəricilərə əsasən aparılır); parametrlərin hesablanması üçün əsas mərhələ olub aşağıdakılardan ibarətdir:
- çoxamilli çoxaddımlı xətti reqressiya;
- çoxamilli qeyri-xətti reqressiya;
- çoxamilli hissəvi-xətti reqressiya;
- bir neçə göstərici üzrə parametrlərin hesablanması
- alınmış reqressiya modelinin qiymətləndirilməsi üçün etibarlılıq intervalının hesablanması; qalıqların dispersiyasının hesablanması, alınmış reqressiya qiymətləndirilməsinin statistik əhəmiyyətinin tapılması; ən kiçik kvadratlar üsulu ilə reqressiya modelinin dəqiqləşdirilməsi;əsas göstəricilərin proqnozlaşdırılması.
Qeyd edilməlidir ki, çoxamilli reqressiya modelinin tərtibi aşağıdakı xüsusiyyətlərdən və problemlərdən asılıdır:
- nəticə göstəricisi ilə amil göstəricisi arasında yaxşı əlaqə olan bir neçə tənlik (model) qurulur və bunlar arasından daha müvafiq model seçilir;
- seçilmiş ilk model təsadüf nəticəsində bu və ya digər xarakteristikasına görə kafi olsa da modelin statistik keyfiyyətini yoxlamaq üçün determinasiya əmsalı (R2) yoxlanılır. Çoxamilli reqressiya üçün determinasiya əmsalı amil əlamətlərinin dəyişənlərinin artma funksiyası adlanır. Yəni modelə yeni dəyişənin əlavə edilməsi determinasiya əmsalını azaltmamalıdır. Bu xətanı neytrallaşdırmaq üçün modeldə determinasiya əmsalları (R2n) korrektə edilir. Məlumdur ki, modelə yeni amil dəyişənini əlavə etdikdə, əgər amil statistik əhəmiyyətlidirsə onda determinasiya əmsalı (R2n) artır. Bu xüsusiyyət modeldə amil dəyişəninin seçilməsində istifadə edilir;
- modelə daxil edilmiş amil dəyişənləri vacib amilə aid edilir. Bu zaman bir neçə yanaşmadan istifadə edilir: birinci, seçmə meyarı təshih edilmiş determinasiya əmsalıdır. Onun artması modelə növbəti amil dəyişəninin daxil edilməsinə əsas verir. Birinci yanaşmada addımlarla (mərhələlərlə) yeni amil dəyişəni modelə əlavə edilir; İkinci yanaşmada bir neçə məlum amil dəyişəni modelə daxil edilir. Sonra isə bütün dəyişənlərin statistik əhəmiyyəti yoxlanılır. Statistik əhəmiyyəti aşağı olan amillər addımlarla (mərhələlərlə) modeldən çıxarılır. Üçüncü yanaşmada, modelə daxil edilmiş amil dəyişənlərindən (X) nəticə dəyişənin (y) iqtisadi cəhətdən asılılığı araşdırılır və qeyri-xətli amil dəyişənləri (hədlərin) modelə daxil edilir. Modelin son variantı onun keyfiyyəti və əhəmiyyəti meyarlarına əsasən seçilir. Bu meyarların tapılması üçün standart proqram paketlərindən (SPSS, SAS və s.) istifadə edilir.
ÜDM fiziki həcm indeksinin proqnozlaşdırılması üçün müxtəlif yanaşmalardan istifadə edilir.
1) digər makroiqtisadi göstəricilər kimi fiziki həcm indeksinin proqnozlaş-dırılması üçün çoxamilli reqresiya modeli tərtib edilir və onun əsasında proqnoz hesablanır.
2) istehsala görə ÜDM-min artımı proqnozlaşdırılır. Bu zaman onun əsas komponentlərinin (çoxamilli reqresiya modeli vasitəsi ilə) artım tempinə təsirini ifadə edən modeli qurulur. Müqayisə dövrü bu komponentlərin ÜDM-də xüsusi çəkisi (payı) müəyyənləşdirilir. İstehsalı görə ÜDM proqnozu ümumi əlavə dəyərin (səhələr üzrə) son dövr üçün (2005) qiymətinin fiziki həcm indeksinin proqnoz (2006/7) qiymətinə vurulması yolu ilə hesablanır. Bu zaman iqtisaiyyatın baza sahələri əsas götürülür. Sənaye üzrə sənaye istehsalı fiziki həcm indeksinə, kənd təsərrüfatı üzrə kənd təsərrüfatı məhsulları fiziki həcm indeksinə, tikinti üzrə əsas kapitala investisiya fiziki həcm indeksinə, nəqliyyat üzrə nəqliyyat xidmətləri yük dövriyyəsi indeksinə, ticarət üzrə pərəkəndə ticarətdə mal dövriyyəsinin fiziki həcm indeksinə, digər sahələr üzrə yuxarıda göstərilmiş əsas beş sahələrin yekun indeksinə vurmaqla ÜDM artımının proqnozu hesablanır.
Son istifadə üzrə ÜDM proqnozu onun istifadə strukturuna (son hesabat dövründə-2005) və onun komponentlərinin fiziki həcm indeksinin proqnoz qiymətinə (2006/7) vurulması yolu ilə tapılır. Yəni, ÜDM son istifadə elementlərinə: son istehlak xərcləri-pərəkəndə ticarət fiziki həcm indeksinə, ümumi yığım-əsas kapitala investisiya fiziki həcm indeksinə, ixrac-ixrac mallarının artımı indeksinə, idxal-idxal mallarının artımı indeksinə vurulur.
Bu proqnoz göstəriciləri çoxamilli reqresiya modelinin proqnoz göstəriciləri ilə müqayisə olunur və orta proqnoz göstəriciləri tapılır ki, bu orta göstəricilər proznozun interval qiyməti hesab olunur.
Əsas makroiqtisadi modellər
İqtisadiyyatın davamlı inkişafı daxili və xarici amillərdən asılıdır. Hər iki faktor bir-birinə qarşılıqlı olaraq rekursiv təsir edir və iqtisadi tarazlığı pozur. Daxili tarazlıq tələb və təklif bərabərliyi ilə, xarici tarazlıq isə başqa ölkələrin inkişafı və valyuta (maliyyə) bazarındakı tarazlıq ilə təyin edilir. Daxili və xarici tarazlıqdan başqa ölkənin ümumi tarazlıq vəziyyəti də mövcuddur. Ümumi tarazlıq vəziyyətinin müsbət və ya mənfi istiqamətdə dəyişməsi iqtisadiyyatın rəqabət qabiliyyəti göstəricisi ilə müəyyən olunur. Bu göstəricilər ölkənin maliyyə və iqtisadi təhlükəsizliyini xarakterizə edərək bilavasitə əhalinin sosial və ərzaq təhlükəsizliyinə təsir göstərir.
Əsas makro iqtisadi göstəricilərdən (əhalinin fərdi istehlakı, yığım, investisiya, tədiyyə balansının cari əməliyyatlar hesabı və s.) istifadə edərək aşağıdakı ekonometrik modellər vasitəsi ilə iqtisadi inkişafın mövcud vəziyyətinin təhlili və proqnozlaşdırılması münkündür.
GDP = C+G+İ+(X-M)
CAB = (X-M)+NY+NCT
GNDİ = GDP +NY +NCT
GNDİ = C+G+İ+(X-M)+NY+NCT
GNDİ = C +G+ İ + CAB
S = GNDİ - C- G = İ+CAB
Burada, C- əhalinin (ev təsərrüfatlarının) fərdi istehlak xərcləri
CAB – tədiyyə (ödəmə) balansının cari əməliyyatlar hesabı
G - dövlət idarələrinin son istehlak xərcləri
GDP – ümumi daxili məhsul
GNDİ – sərəncamda qalan ümumi milli gəlir
İ - investisiya
M – mal və xidmətlərin idxalı
X – mal və xidmətlərin ixracı
NCT – xalis cari transferlər
NY - xarici ölkələrdən xalis gəlirlər
S - yığım
Yığım (S) və investisiya (İ) ayrı-ayrı sektorlar üzrə yığım və investisiyaların cəminə bərabərdir və aşağıdakı modellə tapılır.
İqtisadiyyatın daxilində sektorlar üzrə (i-ci sektor üçün) yığımın istifadəsi aşağıdakı modellərlə xarakterizə olunur.
Dostları ilə paylaş: |