Psixoloqun etik kodeksinə əsasən “Psixoloqun andı”: Ziyan vurma! Sirri yayma! Təzyiq göstərmə!(Hipokrat) Psixoloji xidmət haqqında qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikasında psixoloji yardım göstərilməsinin hüquqi əsaslarını, psixoloji yardım alan şəxslərin və psixoloqların hüquqlarını və vəzifələrini müəyyən edir, bu sahədə yaranan münasibətləri tənzimləyir (Bakı şəhəri, 7 dekabr 2018-ci il).
Maddə 10. Psixoloji yardımın konfidensiallığı və anonimliyi. 10.1. Şəxsin psixoloji vəziyyəti, psixoloji yardım almaq üçün müraciəti, təyin olunmuş psixoloji testlərin nəticələri və ona göstərilən psixoloji yardım haqqında məlumatlar konfidensial hesab edilir.
10.2. Bu qanunun 10.1-ci maddəsində göstərilən məlumatların psixoloji yardım alan şəxsin və ya onun qanuni nümayəndəsinin razılığı olmadan açıqlanması, bu qanunun 10.3-cü maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, qadağandır.
10.3. Şəxsin və ya onun qanuni nümayəndəsinin razılığı olmadan konfidensial məlumatların açıqlanmasına aşağıdakı hallarda yol verilir:
10.3.1. Cinayət mühakimə icraatı zamanı şəxsin psixoloji vəziyyəti ilə əlaqədar məlumatların alınması zərurəti yarandıqda, təhqiqat və istintaq orqanlarının, prokurorun və ya məhkəmənin sorğusu əsasında;
10.3.2. Yetkinlik yaşına çatmayanların mənafelərinin qorunması məqsədi ilə mülki məhkəmə icraatı zamanı məhkəmənin sorğusu əsasında;
10.3.3. Psixoloqun fəaliyyətində cinayət və ya inzibati xəta tərkibinin əlamətləri aşkar edildikdə;
10.3.4. Psixoloji yardım alan şəxsin və digər şəxslərin həyatı və sağlamlığı üçün bilavasitə təhlükə yarandıqda;
10.3.5. Ağır və xüsusilə ağır cinayətin hazırlanması və ya törədilməsi barədə məlumat olduqda;
10.3.6. «Psixiatriya yardımı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şəxs məcburi və qeyri-könüllü qaydada psixiatriya müəssisəsinə yerləşdirildikdə;
10.3.7. Həqiqi hərbi xidmətə çağırışın və səfərbərliyin təmin olunması məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) sorğusu əsasında.
10.4. Daha uyğun psixoloji yardımın göstərilməsi, psixologiya sahəsində ixtisaslı mütəxəssislərin hazırlanması, fundamental, tətbiqi və eksperimental tədqiqatların aparılması məqsədilə psixoloji yardımın göstərilməsi zamanı üçüncü şəxsin iştirakına və ya məlumatların toplanılmasına yalnız psixoloji yardım alan şəxsin və ya onun qanuni nümayəndəsinin yazılı razılığı ilə yol verilir. Əldə olunan məlumatlardan elmi tədqiqatlarda, nəşrlərdə və kütləvi informasiya vasitələrində istifadəyə bu məlumatların adsızlaşdırılması şərti ilə yol verilir.
10.5. Psixoloji yardım göstərən şəxslər konfidensial məlumatların yayılmasına görə qanunla nəzərdə tutulmuş məsuliyyət daşıyırlar.
10.6. Bu qanunun 6.2-ci maddəsində göstərilən hallar istisna olmaqla, psixoloji yardım alan şəxsin arzusu ilə ona bu yardım anonim göstərilə bilər.
10.7. Anonim psixoloji yardım psixoloji yardım alan şəxsin göstərdiyi məlumatlar (ad, yaş və s.) əsasında onun şəxsiyyətini təsdiq edən sənəd təqdim olunmadan, psixoloji yardım göstərən şəxslə müqavilə bağlanmadan və psixoloji yardımın nəticələri rəsmiləşdirilmədən göstərilir.
Psixoloji xidmətin yeni və perspektivli bir sahəsi – ailə xidməti formalaşmışdır.Ailədə və kollektivdə mənəvi psixoloji iqlimin yaradılması, konfliktlərin aradan qaldırılması kimi məsələlərin həllində psixoloji yardım göstərilir. Bu zaman qeyri-adekvat reaksiyaları və davranış formalarını aradan qaldırmaq məqsədilə psixoloji korreksiya üsullarından da istifadə olunur.Ailə xidmətinin təşkilinin başlıca məqsədi, birinci növbədə, ailənin möhkəmlənməsinə, uğurlu ailə kimi inkişaf etməsinə kömək etməkdən ibarətdir. Sosial-psixoloji tədqiqatlar əsaslı surətdə göstərir ki, ailədaxili münasibətlərin psixoloji cəhətdən pozulması ailədə müxtəlif çətinliklər və konflikt şəraiti yaradır. Bildiyimiz kimi, müasir dövrdə ailə problemləri xüsusi aktuallıq kəsb edir. Hər bir ailə təkrarolunmazdır. Ailə məsləhətxanaları üçün bu fakt prinsipial əhəmiyyətə malikdir. Onlar hər bir konkret ailəyə və onun ayrı-ayrı üzvlərinə fərdi yanaşır – geniş psixoprofilaktik iş aparır, ailənin dağılmasını, ailə üzvləri arasındakı uyğunsuzluğu, ailə üzvlərində alkoqolizmin, əsəb xəstəliklərinin əmələ gəlməsini şərtləndirərkən sosial-psixoloji səbəbləri müəyyən edib aradan qaldırırlar. Ailə məsləhətxanalarının əsas istiqamətlərindən birini də yeniyetmə və gənclərlə aparılan iş təşkil edir. Bu cəhəti ümumi şəkildə nəzərdən keçirsək, onu yeniyetmə və gənclərə uğurlu ailə həyatı üçün zəruri olan psixoloji mədəniyyətin aşılanması kimi xarakterizə edə bilərik.DV.Sisenkonun fikrincə, ailədə ər-arvad arasında hər hansı bir münaqişə maraqların, tələbatların, baxışların və təsəvvürlərin qarşı durmasıdır.
Ailə psixoterapiyası (“terapiya”- yunanca müalicə) ailənin xəstə üzvündə psixoemosional pozğunluqların aradan qaldırılması və şəxsiyyətlərarası münasibətlərin korreksiyasına yönəlmiş psixoterapiyanın xüsusi növüdür.Psixoterapiyanın bu sahəsi XIX əsrin 90-cı illərindən başlayaraq ailədə meydana gələn müxtəlif pozğunluqların öyrənilməsi gedişində “ailə diaqnostikası” və “ailə müalicəsi” kimi sahələrin inkişafı ilə əlaqədar yaranmışdır. Ailə psixoterapiyasının məqsəd və vəzifələrini ilk dəfə 1966-cı ildə görkəmli ABŞ psixiatr və psixoterapevti “ailə psixoterapiyasının atası” adlandırılan N.Akerman (1908-1971) müəyyən etmişdir.
Ailə üzvləri arasında patoloji konfliktlərin, həyəcan yaradan amillərin aradan qaldırılmasına nail olmaq;
Ailənin bütün üzvlərinin bir-birinə mənəvi, iqtisadi və digər tələblərinin başa düşülməsində onlara yardım göstərmək;
Ailə üzvləri (valideynlərlə övladlar, kişi ilə qadın və s.) arasında normal qarşılıqlı münasibətlərin bərpa edilməsinə hər bir ailə üzvünün ailədə öz mövqeyini dərk edib, ona əməl etməsinə şərait yaratmaq;
Ailədə baş qaldıran konfliktlərin ciddi nəticələrə səbəb ola biləcəyini anlatmaqla, hər bir ailə üzvünə onların qarşısının alınması yollarının tapılmasında yardım göstərmək;
Sağlam ruhda, qarşılıqlı hörmət əsasında yaşamaq qabiliyyətinin ən yüksək ailə dəyəri olmasını ailə üzvlərinə anlatmaq.
Ailə psixoterapiyası üzrə terapevtik proseduraların həyata keçirilməsinə bir sıra tələblər verilir. Bu məqsədlə həyata keçirilən tədbirlər həftədə bir dəfə keçirilməli və hər bir seansın müddəti 1,5-2 saatdan az olmamalıdır. Bir çox hallarda ailədə aparılan psixoterapevtik işin məqsədlərinə 2-3 seansdan sonra nail olmaq mümkün olduğu halda, bəzən bunun üçün 6-8 seans tələb olunur.Rusiyada və dünyada bu elmi istiqamətin əsasını İ.V.Malyarevski qoymuşdur. 1882-ci ildə Sankt- Peterburqda İ.V.Malyarevski ruhi xəstə uşaq və yeniyetmələr üçün tibbi-tərbiyə ocağı yaratdı. Burada əsasən diqqət, xəstə uşaqların tərbiyəsində ailənin roluna ayrılmışdı və „ailə tərbiyə”si seansları keçirilirdi.Müasir dövrdə ailə psixoterapiyasının psixodinamik, sistemli və strateji və eklektik kimi əsas istiqamətləri meydana gəlmişdir.
.Ailə psixoterapiyasında meydana gələn ilk istiqamət Qərbdə yaranmış və Z.Freydin psixoanalizdə “kiçik Hans” hadisəsi ilə əlaqələndirilən psixodinamik istiqamətdir. Məlumdur ki, Hansın atası gündəlik yazırdı və Z.Freydə müraciət edərək oğlunun at gördükdə qorxudan əzab çəkdiyini bildirmiş və bununla bağlı kömək göstərməsini xahiş etmişdir. Z.Freyd isə bu fobiya ilə bağlı Hansın atasına öz məsləhətlərini vermişdi.Freydin həyata keçirdiyi psixoterapiyanın vəzifəsi vaxtilə ailədə həll edilməmiş problemlərin ailə üzvlərinin qarşılıqlı münasibətlərində nevrotik simptomların yaranmasına təsirini öyrənməkdən ibarət idi.Müasir dövrdə bu cür psixodinamik yanaşma həm psixoterapevt, həm də ailə üzvləri üçün böyük vaxt itkisinə səbəb olduğuna görə az səmərəli hesab olunur.Bunu psixoterapiya problemlərinə həsr olunmuş beynəlxalq konfransların (Krakov, 1990, Yuqoslaviya 1991, Yerusəlim 1992) iştirakçılarının rəyi də təsdiq edir.Konfrans iştirakçılarının 25%-i “psixodinamik ailə terapiyası”nın, 60%-i isə «sistemli ailə terapiyasının» üstün olduğu qənaətinə gəlmişlər.Eklektik istiqamətin nümayəndələri ailə psixoterapiyası üzrə iş sistemində hipnoz, autogen məşq, meditasiya, davranış modifikasiyası üzrə ev tapşırıqlarına,qarşılıqlı münasibətlərin təhlili və interpretasiyası, qrup diskussiyası və s. kimi müalicə üsullarına istinad edirlər.
Psixoloji ədəbiyyatda ailənin psixokorreksiyasını 4 etapa bölürlər:
Diaqnostik.