Plank sabiti adlanır). Bu hipotezə əsaslanaraq, Plank mütləq qara cismin şüalanması nəzəriyyəsini yaratmış və şüalanmanın spektral sıxlığı üçün aldığı nəzəri ifadə təcrübi faktlarla tamamilə üst-üstə düşmüşdür.
Məlum olduğu kimi, klassik fizika qanunları ilə izah oluna bilməyən hadisələrdən biri də fotoelektrik effektidir. Fotoeffektlə bağlı təcrübi faktları izah etmək üçün 1905-ci ildə A.Eynşteyn aşağıdakı hipotezi irəl sürmüşdür: cisimlər elektromaqnit dalğasını (işığı) porsiyalarla buraxdıqları kimi, porsiyalarla da udurlar, həm də, cisimlər işığı ona görə yalnız porsiyalarla udur və buraxırlar ki, işığın özü diskret porsiyalardan-korpuskullardan ibarətdir(!). ω tezlikli və k dalğa vektorlu işığa müvafiq korpuskullar
ε=ħω (16)
kimi təyin olunan enerjiyə (Plank hipotezində deyildiyi kimi),
q=ħk (17)
kimi təyin olunan impulsa malikdir. İşığı təşkil edən bu zərrəciklər işıq kvantları adlanır.
Bu hipotezdən sonra Eynşteyn fotoeffekt hadisəsinin qanununu yazmış (bu qanun, faktiki olaraq, enerjinin saxlanması qanunundan başqa bir şey deyildir) və fotoeffektin bütün təcrübi nəticələrini tamamilə izah etmişdir.
Qeyd edək ki, Plank hipotezindən Eynşteyn hipotezinin fərqi ondan ibarətdir ki, Plank «diskretlik» xassəsini (enerjinin porsiyalarla buraxılmasını kvantlanmasını) cismə şamil etdiyi halda, başqa sözlə, cismin ossilyator kimi baxılan atom və molekullarınınin xassəsi hesab etdiyi halda, Eynşteyn bu xassəni bilavasitə şüalanmanın özünə şamil etmiş, nəzəri olaraq, işıq kvantını kəşf etmiş (onun real mövcudluq ideyasını irəli sürmüş) və bununla da işığin müasir kvant nəzəriyyəsinin əsasını yaratmışdır.
Qeyd edək ki, foton terminini 1926-cı ildə amerikalı fizik-kimyaçı Hilbert Lyüis daxil etmişdir. Foton elektrikcə neytraldır (qγ=0), sükunət kütləsi sıfra bərabərdir (mγ= 0).
Təcrübələrdən fotonun kütləsi üçün
mγ<10-52kq (18)
məhdudiyyət alınır.
Foton bozondur, Boze-Eynşteyn statistikasına tabedir. Fotonun spini vahidə bərabərdir. sz=0 halı (spinin istiqamətinin fotonun Oz oxu boyunca hərəkət istiqamətinə perpendikulyar olduğu hal) reallaşmır. mγ=0 olduğu üçün foton yalnız iki spin halında ola bilər: spinin fotonun hərəkət istiqamətində proyeksiyasının sz=+1 və sz=-1 olduğu hallarda. Klassik fizikada bu elektromaqnit dalğasının eninə polyarizasiyasina uyğundur. Sərbəst foton mütləq stabildir (τγ=∞).