Giriş “Mülki müdafiə” fənni Azərbaycan Respublikası DİN-in Polis Akademiyası kursantlarinin peşəkar kadr hazırlığında özünəməxsus yer tutur. Mülki müdafiənin rolu, quruluşu, məqsəd və vəzifələri haqqında danışdıqda, ilk öncə qeyd edək ki, mülki müdafiə (MM) fənni insanın ətraf mühitdə təhlükəsizliyi və sağlamlığının qorunması haqqında elmdir. İnsanların təhlükəsizliyinin təminatı son illərdə kəskin hal almışdır. Bu ona görədir ki, elm və texnikanın sürətlə inkişaf etdiyi son dövrlərdə sənayedə, nəqliyyatda və digər sahələrdə qəzaların, təbii fəlakətlərin sayı xeyli artmışdır. Bütün bunlarla əlaqədar gələcək mütəxəssislərə müasir silahların tətbiqi zamanı istehsalatda və gündəlik həyatda insanların həyat fəaliyyətinin və ətraf mühitin mühafizəsini təmin etmək biliyi, bacarığı vermək günün vacib məsələsidir.
Mülki müdafiə ərazi-istehsalat prinsipi üzrə təşkil edilir. Bu, o deməkdir ki, mülki müdafiənin bütün tədbirləri həm icra hakimiyyəti xətti üzrə, həm də istehsalat və təsərrüfat fəaliyyətinə rəhbərlik edən nazirlik və idarələr xətti üzrə planlaşdırılır və yerinə yetirilir. Mülki müdafiə qüvvələri mülki müdafiənin qoşun hissələrindən, ştatlı qəza-xilasetmə dəstələrindən, hərbiləşməmiş mülki müdafiə dəstələrindən, həmçinin nazirliklərin, baş idarələrin və icra hakimiyyəti başçılarının tabeliyində qalmaqla xüsusi mülki müdafiənin vəzifələrinin yerinə yetirilməsinə cəlb olunan müxtəlif dəstələrdən, təşkilatlardan və idarələrdən ibarətdir.
1.MM, onun vəzifələri və qurulma prinsipləri. Mülki müdafiə — dinc dövrdə və ya müharibə dövründə əhalinin (Azərbaycan Respublikası vətəndaşlarının, Azərbaycan Respublikasının ərazisində olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin) və ərazinin (Azərbaycan Respublikası ərazisinin hüdudları daxilində torpaq, su və hava məkanının, istehsal və sosial təyinatlı obyektlərin, habelə ətraf mühitin) təhlükəsizliyinin təmin edilməsi məqsədilə dövlət hakimiyyəti orqanları, hüquqi və fiziki şəxslər tərəfindən həyata keçirilən tədbirlər sistemidir;
2) mülki müdafiə sistemi — mülki müdafiənin vəzifələrinin yerinə yetirilməsi həvalə edilmiş müvafiq icra hakimiyyəti orqanlarının, qüvvə və vasitələrin, xüsusi fondların, rabitə, xəbərdarlıq və informasiya təminatlı sistemlərinin məcmusudur;
3) fövqəladə hadisə — insan tələfatına, insanların səhhətinə və ya ətraf mühitə ziyan vurulmasına, əhəmiyyətli maddi itkilərə və insanların həyat fəaliyyəti şəraitinin pozulmasına səbəb ola biləcək və ya səbəb olmuş hərbi əməliyyatlar, qəza, təbii və ya digər fəlakət nəticəsində müəyyən ərazidə yaranmış vəziyyətdir;
4) fövqəladə hadisələrin qarşısının alınması — fövqəladə hadisələrin baş verməsi təhlükəsinin maksimum azaldılmasına, belə hadisələr baş verəcəyi hallarda isə insanların və onların sağlamlığının qorunması, ətraf mühitə vurula biləcək ziyanın və maddi itkilərin həcminin azaldılmasına yönəldilən və əvvəlcədən həyata keçirilən tədbirlər sistemidir;
5) fövqəladə hadisələrin və onların nəticələrinin aradan qaldırılması — insanların həyatının xilas edilməsinə və sağlamlığının qorunmasına, ətraf mühitə vurulan ziyanın və maddi itkilərin həcminin azaldılmasına, fövqəladə hadisələrin yayılmasının qarşısının alınmasına yönəldilmiş və fövqəladə hadisələr zamanı həyata keçirilən qəza-xilasetmə tədbirləri və digər təxirəsalınmaz işlərdir.
Mülki müdafiə haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarından və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. Azərbaycan Respublikasında mülki müdafiə ümumdövlət müdafiə sisteminin tərkib hissəsi olmaqla aşağıdakı prinsiplər əsasında təşkil edilir:
1) ərazi prinsipi (mülki müdafiə tədbirlərinin Azərbaycan Respublikasının bütün ərazisində təşkil edilməsi);
2) fərqli və kompleks yanaşma prinsipi (Azərbaycan Respublikasında mülki müdafiə tədbirlərinin ayrı-ayrı bölgələrin, şəhərlərin, istehsal və sosial təyinatlı obyektlərin hərbi-strateji, iqtisadi və digər xüsusiyyətləri nəzərə alınmaqla planlaşdırılması və əlaqələndirmiş şəkildə həyata keçirilməsi);
3) kütləvilik və məcburilik prinsipi (mülki müdafiə tədbirlərinin Azərbaycan Respublikasının bütün əhalisini əhatə etməsi və məcburi xarakter daşıması);
4) daimi hazırlıq prinsipi (Azərbaycan Respublikasının mülki müdafiə sisteminin fövqəladə hadisələr zamanı dərhal və səmərəli fəaliyyətə başlamağa hazır vəziyyətdə olması);
5)dərhal xəbərdarlıq prinsipi (baş verə biləcək və ya baş vermiş fövqəladə hadisələr haqqında Azərbaycan Respublikasının əhalisinə dərhal məlumat verməsi);
6) qarşılıqlı əlaqə prinsipi (mülki müdafiənin təmin edilməsində iştirak edən Azərbaycan Respublikasının dövlət orqanlarının və mülki müdafiə qüvvələrinin sıx və uzlaşdırılmış fəaliyyət göstərməsi).
Mülki müdafiə məsələlərinin həll edilməsi mülki müdafiə tədbirlərinin planlaşdırılması, vaxtında və keyfiyyətlə həyata keçirilməsi ilə təmin olunur.
Mülki müdafiə tədbirləri Azərbaycan Respublikasının ərazisinin, onun ayrı-ayrı bölgələrinin, şəhərlərin, digər yaşayış məntəqələrinin, istehsal və sosial təyinatlı obyektlərin hərbi-strateji və iqtisadi əhəmiyyəti, təbii və digər xüsusiyyətləri nəzərə alınmaqla müvafiq normativ sənədlərdə və planlarda nəzərdə tutulur.
Mülki müdafiə tədbirləri Azərbaycan Respublikasının bütün ərazisində təşkil edilir və bu ərazidə olan bütün insanları əhatə edir.
Mülki müdafiə tədbirlərinin həcmi və məzmunu mövcud qüvvə və vasitələrin yetərli olması, onlardan maksimum və səmərəli istifadə edilməsi əsasında müəyyən edilir.
Mülki müdafiə tədbirlərinin planlaşdırılmasına və həyata keçirilməsinə fərqli yanaşmaq, ərazinin və əhalinin fövqəladə hadisələrdən səmərəli müdafiəsini təmin etmək məqsədilə mülki müdafiə üzrə Azərbaycan Respublikasının ərazisi zonalara, şəhərləri qruplara, təsərrüfat obyektləri isə dərəcələrə bölünür.
Mülki müdafiə tədbirlərinin təşkili və həyata keçirilməsi qaydası, mülki müdafiə üzrə zonalar, şəhərlərin qrupları və təsərrüfat obyektlərinin dərəcələri Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Mülki müdafiənin məqsədi aşağıdakılardır:
1) fövqəladə hadisələrin qarşısının alınması məqsədi ilə profilaktik tədbirlərin həyata keçirilməsi;
2) fövqəladə hadisələr zamanı mümkün olan ziyan və itkilərin həcminin maksimum azaldılması;
3) fövqəladə hadisələrin və onların nəticələrinin aradan qaldırılması.
Mülki müdafiə sahəsində dövlətin aşağıdakı vəzifələri vardır:
1) dövlət siyasətini, o cümlədən vahid elmi-texniki siyasəti müəyyən etmək və onu həyata keçirmək;
2) əhalinin və ərazinin fövqəladə hadisələrdən müdafiəsinin təmin edilməsinə dair hüquqi və iqtisadi normalar müəyyən etmək, zəruri normativ-hüquqi aktlar qəbul etmək və onların icrasına nəzarət etmək;
3) ölkə və onun ərazi vahidləri üzrə müvafiq proqramlar və planlar qəbul etmək və onların icrasının təmin olunması üçün lazımi tədbirlər həyata keçirmək;
4) mülki müdafiə üzrə zonaları, şəhərlərin qruplarını və təsərrüfat obyektlərinin dərəcələrini müəyyən etmək;
5) mülki müdafiə sisteminə rəhbərlik etmək, mülki müdafiə sisteminin strukturunu, tərkibini, onun iştirakçılarının qarşılıqlı əlaqəsi, maliyyə və maddi-texniki təminatı qaydasını müəyyən etmək, habelə onlara dair məsələləri vaxtında həll etmək;
6) mülki müdafiə üçün dövlət büdcəsindən vəsait ayırmaq və bundan əlavə, mülki müdafiə fondları yaratmaq, bu mənbələrin vəsaitlərindən məqsədi və düzgün istifadə olunmasını təmin etmək;
7) fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması üçün maddi və maliyyə vəsaitləri ehtiyatı yaratmaq;
8) əhalinin və ərazinin fövqəladə hadisələrdən müdafiəsi sahəsində dövlət nəzarətini və ekspertizasını həyata keçirmək;
9) mülki müdafiə üçün kadrların hazırlanmasını təşkil etmək və həyata keçirmək;
10) dinc dövrdə və ya müharibə dövründə fövqəladə hadisələrdən müdafiə olunma qaydalarını və vasitələrini əhaliyə öyrətmək;
11) əhaliyə mülki müdafiə tədbirlərinin öyrədilməsini təşkil etmək, əhalini fərdi və kollektiv müdafiə vasitələri ilə təmin etmək;
12) müəssisələrin və digər obyektlərin layihələşdirilməsində, tikintisində, əsaslı təmirində və istismarında mülki müdafiə ilə bağlı tələblərə əməl olunmasını təmin etmək;
13) fövqəladə hadisələr zamanı insanların həyat və sağlamlığının qorunması üçün mülki müdafiə obyektlərini daim hazır vəziyyətdə saxlamaq və həmin obyektləri insan həyatı üçün zəruri ləvazimatı toxunulmaz ehtiyatı ilə təmin etmək;
14) fövqəladə hadisələrin nəticələrini proqnozlaşdırmaq və qiymətləndirmək;
15) insanların həyatı və sağlamlığı üçün təhlükə yarada biləcək fövqəladə hadisələr barəsində əhalini vaxtında xəbərdar etmək, belə hadisələrin nəticələrinə və onların aradan qaldırılması üçün görülmüş tədbirlərə dair əhaliyə tam və obyektiv məlumat vermək;
16) fövqəladə hadisələrin qarşısının alınması və nəticələrinin aradan qaldırılması üçün mülki müdafiə qüvvələrinin və vasitələrinin daim hazır vəziyyətdə saxlanılmasını təmin etmək;
17) həyati əhəmiyyət daşıyan maddi sərvətləri əvvəlcədən tədarük etmək;
18) fövqəladə hadisələr baş vermiş ərazilərdən əhalini köçürmək və onları müvəqqəti yaşayış yerləri ilə təmin etmək, ümdə qəza-xilasetmə işlərini və sanitariya-gigiyena tədbirlərini həyata keçirmək, ictimai asayişin bərpa olunmasına və qorunmasına yardım etmək, bitki və heyvanların xilas edilməsi üçün tədbirlər görmək;
19) fövqəladə hadisələrdən zərər çəkmiş əhalinin sosial müdafiəsi üçün lazımi tədbirlər həyata keçirmək;
20) əhalinin və ərazinin fövqəladə hadisələrdən müdafiəsi sahəsində beynəlxalq əməkdaşlığı həyata keçirmək;
21) mülki müdafiə tələblərini pozan şəxsləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş məsuliyyətə cəlb etmək.
Mülki müdafiə sahəsində Azərbaycan Respublikası vətəndaşlarının aşağıdakı vəzifələri vardır:
1) mülki müdafiə sahəsində Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə əməl etmək;
2) fərdi və kollektiv müdafiə vasitələrindən istifadə etməyi bacarmaq;
3) fövqəladə hadisələrdən əsas müdafiə üsullarını və vasitələrini öyrənmək və bilmək;
4) fövqəladə hadisələr zamanı müəyyən olunmuş davranış qaydalarına əməl etmək;
5) ilk tibbi yardım göstərilməsi qaydalarını öyrənmək və onu tətbiq etməyi bacarmaq;
6) mülki müdafiə işarələrini bilmək və onlara uyğun hərəkət etmək;
7) baş verə biləcək və ya baş vermiş fövqəladə hadisələr barəsində müvafiq dövlət orqanlarına və qonşulara məlumat vermək;
8) mülki müdafiə sahəsində onlara tapşırılmış vəzifələri vicdanla yerinə yetirmək [1].