Sınıqlar zamanı ilk tibbi yardım: Kəskin hərəkət edərkən, zərbə nəticəsində, hündür yerdən yıxılarkən, avtomobil qəzası və digər qəzalar nəticəsində və yazəlzələ zamanı bədənin sümükləri sına bilər. Sınıqlar qapalı və ya açıq olur. Qapalı sınıq halında dəri örtüyünün bütövlüyü pozulmur, açıq sınıq zamanı isə sınıq yerində dəri zədələnir. Açıq sınıqlar daha təhlükəlidir. Sınıqları hər vaxt tez müəyyən etmək olmur, buna görə də şübhəli hallarda ilk tibbi yardımı sınıq halında oldugu kimi göstərirlər. Sınıqlar zamanı ilk tibbi yardım göstərməyin əsas qaydaları–birinci növbədə, yaralının həyatını xilas edən ilk tibbi yardım tədbirlərini yerinə yetirməkdən, qapalı sınığın açıq sınığa çevrilməsinin qarşısını almaqdan, ətrafları və ya bədənin digər hissələrini immobilizasiya etməklə sınıq yerində sümükləri tərpənməz hala salmaqdan ibarətdir. Qanaxma olan açıq sınıqlar zamanı əvvəlcə qanaxmanı dayandırır, sonra yaranı steril sarğı ilə örtür, yaralıya ağrıkəsən dərman vurur və yalnız bundan sonra tabel vasitələrindən və ya əlaltı vasitələrdən istifadə etməklə sümükləri tərpənməz hala salırlar. Sınıq yerinin tərpənməzliyini təmin edərkən xüsusi şin və ya əlaltı vasitələr elə qoyulmalıdır ki, bunlar sınıq yerinin yaxınlığındakı iki oynağı əhatə etsin. Belə immobilizasiya nəqliyyat immobilizasiyası adlanır.
37. Donvurma zamanı ilk tibbi yardım. Donvurma güclü soyuqdan orqanizm toxumalarının zədələnməsinə deyilir. Ayaqlar və əllər donvurmaya daha tez məruz qalır. Hətta 0°C-dən yuxarı olan temperaturda, tez - tez dəyişən mülayim havada donvurma baş verə bilər. İlk tibbi yardım göstərərkən zədələnmiş şəxsi isti otaqda yerləşdirir, əgər buna imkan yoxdursa, onu çöldə soyuqdan mühafizə edirlər. Əgər hələ toxumalarda dəyişiklik baş verməyibsə, donvurmuş sahələrə spirt və ya ətir çəkir, sonra təmiz quru əllə donmuş yeri dəri qızaranadək ehtiyatla sürtürlər. Zərər çəkmiş adamı isindirmək üçün ona isti çay və ya qəhvə içirdirlər. Əgər imkan varsa, güclü soyuq vurmuş adamı isti su vannasına salırlar. Zərər çəkmiş adamın toxumalarında dəyişmələr baş verən hallarda dərinin zədələnmiş səthinə spirt sürtür və steril sarğı qoyurlar. Donvurma halında dərinin zədələnmiş səthini qarla sürtmək məsləhət görülmür.
Elektrik zədələnmələri – bu cür zədələnmələr mərkəzi sinir sisteminə elektrik cərrəyanı təsir edərkən baş verir. Yüngül zədələnmə qısa müddət özündəngetmə halı ilə xarakterizə olunur. Ağır zədələnmə zamanı adam huşunu itirir, onun nəfəsi və ürək fəaliyyəti zəifləyir. Tibbi yardım göstərərkən ilk tədbir – adama elektrik cərəyanının təsirini kəsməkdir. Yardım göstərən şəxs elektrik cərəyanı mənbəyini şəbəkədən açmalıdır. Əgər bu mümkün olmursa, onda cərəyan altında olan məftili zədələnən adamdan kənar etməlidir. Bu zaman yadda saxlamaq lazımdır ki, elektrik cərəyanı altında olan adamın özü də cərəyan keçiricisinə çevrildiyinə görə, ona çılpaq əllə toxunmaq olmaz. Cərəyanın təsirindən xilas edilməmiş adamı ancaq rezin əlcəklərlə və ya ələ quru əsgi sarıyıb, onun paltarının quru hissəsindən yapışıb, yaxud quru taxta parçası üzərində dayanaraq və belə taxtanı zədələnmiş adamın altına itələməklə cərəyanı məftildən ayırmaq lazımdır. Metal əşyalardan istifadə etmək olmaz. Bundan sonra, huşsuz halda olan adamı arxası üstə uzadır, köynəyinin yaxasını və bel kəmərini açır, ona naşatır spirti iylədirlər. Nəfəsi və ürək fəaliyyəti dayandıqda süni tənəffüs verir və ürəyi xaricdən masaj edirlər. Bədənin elektrik cərəyanından zədələnmiş sahəsinə steril sarğı qoyurlar.
Suda boğulma – tənəffüs yolları maye ilə, adətən, su ilə tutularkən baş verir. Adam suda boğularkən onun ağciyərlərinə su dolur, nəfəsi kəsilir, kəskin oksigen çatışmazlığı baş verir və ürəyin fəaliyyəti dayanır. Boğulan adamı sudan mümkün qədər tez çıxarmaq lazımdır. İlk yardım göstərərkən belə adamı belinə qədər soyundurur, ağız və burnunu lildən, selikdən təmizləyir, hündür mütəkkənin və ya dizin üstünə qarnı üstə uzadır, sonra sinəsindən basmaqla ağciyərlərdən və mədədən suyu kənar edirlər. Bundan sonra süni tənəffüs verməyə və ürəyini masaj etməyə başlayırlar. Bu zaman ən səmərəli üsul ağızdan–ağıza süni tənəffüs verməkdir ki, belə süni tənəffüs zədəli şəxsin nəfəsi bərpa olunanadək davam etdirilir. Əgər nəfəs bərpa olunmursa və zədələnmiş şəxs özünə gəlmirsə, süni tənəffüs və ürəyin masaj edilməsi ancaq ölümün obyektiv əlamətləri meydana çıxarkən dayandırılır. Belə əlamətlər gözlərin bərəlməsi, işığa qarşı heç bir reaksiyanın olmaması, uzun müddət ürək döyüntüsünün olmaması, meyit ləkələrinin aşkara çıxmasıdır. Nəfəs və ürəyin fəaliyyəti bərpa olunduqda isə zədə alan adamaisti çay içdirtmək və onu tibb məntəqəsinə aparmaq lazımdır.