Nüfuzedici radiasiya nüvə partlayışında partlayış yerindən ətrafa yayılan, gözə görünməyən qamma şüaları və neytronlar selindən ibarətdir. Nüfuzedeici radiasiyanın təsiri udulan doza ilə qiymətləndirilir və Qrey (Qr), Rentgen(R), rad ölçü vahidləri ilə ölçülür. Belə ki, radiasiya dozasını üstüörtülü xəndək 40 dəfə, mühafizə üçün uyğunlaşdırılmış zirzəmi 400 dəfə zəiflədir.
Radioaktiv zəhərlənmə (çirklənmə).Yerüstü nüvə partlayışı baş verəndən sonrakı ilk anlarda radioaktiv zərrəciklər odlu kürənin tərkibində olur. Odlu kürə tüstüyə və buxara bürünərək hündürə qalxır və bir neçə saniyədən sonra topa buludlara çevrilir. Hündürə qalxan hava axınları yerdən toz-torpağı göyə qaldırıb onları radioaktiv buludla birlikdə aparır. Radioaktiv zəhərlənmənin dərəcəsi partlayışın növündən və gücündən, partlayışdan sonra keçən müddətdən, partlayış mərkəzinə qədər olan məsafədən, meteoroloji şəraitdən və yerin relyefindən asılı olur. Radioaktiv zəhərlənməyə məruz qalmış ərazi formaca ellipsə bənzəyir. Zəhərlənmənin gücünə görə radioaktiv zəhərlənmə zolağını, adətən, 4 zonaya ayırırlar: çox təhlükəli, təhlükəli, güclü və mülayim (zəif) zəhərlənmə (çirklənmə) zonaları. Əgər zəhərlənmə izini en kəsiyi üzrə götürsək, radiasiyanın səviyyəsi izin kənar hüdudundan mərkəzə tərəf artmağa başlayır və izin mərkəzində max. kəmiyyətə çatır.