1 Qərbi Avropa



Yüklə 101,8 Kb.
səhifə26/63
tarix02.01.2022
ölçüsü101,8 Kb.
#43784
1   ...   22   23   24   25   26   27   28   29   ...   63
imtahan vavablari FC

5.4. Relyefi.

Asiyanın müasir relyefinin başlıca formaları (böyük morfostrukturlar) əsas tektonik zonalara tam uyğun gəlir. Asiyada geniş yer tutan böyük ovalıq, düzənlik və yaylalar paleozoydan əvvəl və qismən aşağı paleozoyda yaranmış platformalara (Sibir, Çin, Ərəbistan, Hindistan, Qazaxıstan qırışıq təpəliyi və s.) Mərkəzi və Şərqi Asiyanın aktivləşmiş sahələrindəki dağ silsilələri paleozoy və mezozoy qırışıqlığı zonalarına; Alp-Himalay zonası dağları kaynozoy-alp qırışıqlığı sahələrinə,nəhayət Şərqi və Cənub-Şərqi Asiyanın adalar qurşağı isə yuxarı kaynozoy geosinklinalı qalxmalarına uyğun gəlir. Beləliklə, dağlar qırışıqlıq sahələrinə,düzənliklər isə əsasən platformalara və dağarası çökəklərə müvafiqdir. Xarici Asiya relyefinin ən böyük elementlərindən biri Alp-Himalay zonasının dağ silsilələri və yaylalarıdır. Bu zona qərbdə Egey dənizi sahillərindən,cənub-şərqdə İndoneziyaya qədər böyük məsafədə uzanır.

Ön və ya Qərbi Asiya daxilində,alp qırışıqlığı zonası bir-birinə təxminən paralel uzanan üç morfostruktur zona əmələ gətirir:

1) Şimal kənar sıra dağları zonası,

2) Cənub kənar sıra dağları zonası,

3) Daxili yaylalar zonası.

Şimal kənar dağları zonası qərbdə Bosfor sahillərindən başlayıb, şərqdə Hindiquş dağlarına qədər uzanan və bir-birini əvəz edən qövsvari sıra dağ silsilələrindən ibarətdir. Bu zona qərbdə Pont dağları ilə başlayır. Bir neçə paralel sıra əmələ gətirən Pont dağları Anadolu yaylasını şimaldan əhatə edir. Pont dağlarının şərqə davamı Kiçik Qafqaz dağlarına keçir. Bir neçə silsilədən ibarət olan Kiçik Qafqaz (Acar-İmeretiya, Trialet, Samxet,Şahdağ,Murovdağ,Qarabağ, Zəngəzur silsilələri).

Ermənistan vulkanik yaylasını şimaldan əhatə edir. Araz çayından cənub-şərqdə bu dağların davamını Talış, Boqrovdağ, Elbrus silsilələri, bundan şərqdə isə Türkmən –Xorasan dağları, Kopetdağ və Hindiquşun şimal qolları təşkil edir.

Cənub kənar dağlar silsiləsi qərbdə Tavr dağları ilə başlayır və Qərbi,Mərkəzi və Şərqi Tavr dağlarına ayrılır. Şərqi Tavr dağlarından şərqə cənub kənar dağları zonası,istiqamətini cənub-şərqə döndərərək Kürdüstan və Zaqros dağlarına keçir. Bu istiqamətdə də dağlıq zona xeyli genişlənir və 10-12 paralel sıra dağ əmələ gətirir.

Zaqros dağlarının cənub-şərq davamında Məkran dağları yerləşir. Bundan şərqdə yerləşən Kirtxar dağları artıq cənub-qərbdən şimal-şərqə istiqamət alaraq, Süleyman dağlarına,buradan isə Hindiquşun cənub-şərq qollarına və şimal-qərbi Himalaya qədər davam edir.

Qərbi Asiyanın alp qırışıqlığı zonasının şimal və cənub kənar dağları arasında geniş daxili yaylalar vardır; daxili yaylalar üç böyük hissədən ibarətdir. Qərbdə Anadolu yaylası, ortada bir qədər kiçik Ermənistan vulkanik yaylası, şərqdə isə daha geniş ərazi tutan İran yaylası yerləşir.

Ön Asiyanın geniş alp qırışıqlığı zonası Hindiquş və Pamirdə xeyli daralır,dağların yüksəkliyi isə çox artır. Burada alp qırışıqlığı zonası dağlarını daha qədim paleozoy qırışıqlığı dağları əvəz edir.

Mərkəzi Asiyanı şimaldan əhatə edən Tyanşan-Sayan dağlıq zonasını əmələ gətirən silsilələrin əksəriyyəti, Zabaykalyenin dağları,kaledon və hertsin qırışıqlığı mərhələlərində,şimal-şərqi Asiya dağlarının əksəriyyəti isə mezozoy qırışıqlığı zamanı əmələ gəlmişdir. Bu dağların hamısı neogen-dördüncü dövrdə tektonik qalxmaya məruz qalmaqla, xeyli cavanlaşmış faylı-qayma dağlardır. Dağlıq zonada bir çox dağarası çökəklər vardır (Cunqariya, Monqolustanda böyük göllər çökəyi və s.). Dağlıq sahədən qərbdə geniş Turan ovalığı, Qazaxıstan qırışıq təpəliyi, şimalda Qərbi Sibir ovalığı, Orta Sibir yaylası, Verxoyansk dağları və Çersk yaylası, cənubda isə Mərkəzi Asiyanın sabit platforması əsasına müvafiq gələn və neotektonik mərhələdə zəif qalxmış yaylaları yerləşir. Tyan-Şan və Kunlun dağları arasında Təkləməkan səhrası geniş sahəni tutur. Bundan şərqdə Beyşan yaylası, Alaşan, Ordos səhraları vardır. Mərkəzi Asiya yaylalarının geniş bir hissəsi Qobi adlanır. Qobi yaylası şərqdə Böyük Xinqan dağlarına qədər uzanmaqla, cənubda səhra, orta hissədə yarımsəhra, şimalda isə çöl landşaftına malikdir. Mərkəzi Asiya yaylalarının yüksəkliyi 800-1500 m arasında arasında dəyişir. Bəzi dağlıq səhralar daha yüksəkdir. Horst tipli İnşan və Alaşan dağları dik yamaclarla yayla üzərindən 1500-2000m ucalır. Eyni zamanda Mərkəzi Asiyada qurunun ən dərin çökəyi olan Turfan (-154m) çökəyi yerləşir.

Asiyanın şərqində relyefin əsas formalari əsasən şimaldan cənuba uzanan orta yüksəkliyi olan dağlardan, dağarası çökəklərdən və ovalıqlardan ibarətdir. Burada Böyük Xinqan, Kiçik Xinqan, Mancuriya-Koreya dağları, Yunnan, Quycjoy, Nanlin, cənub-şərqi Çin yaylaları, Qırmızı hövzə çökəkliyi, Böyük Çin və Mancuriya ovalıqları relyefin böyük formalarını təşkil edir. Mancuriyadan şimal-şərqdə Zeya və Sixote-Alin dağları, bunlarin arasında isə Amur-Ussuri ovalığı vardır. Şərqi Asiya dağları Yanşan (mezozoy) qırışıqlığı zamanı əmələ gəlmiş faylı-qırışıq dağlar olub ovalıq və dağarası çökəklərdən tektonik qırılmalar zonası ilə ayrılır. Kaynozoyda bu dağlar yenidən şaquli qalxma hərəkətlərinə məruz qalmış,ovalıq və dağarası çökəklər isə əyilməkdə davam etmişdir. Ovalıqlarda çayların dağlardan yuyub gətirdiyi yumşaq allüvi çöküntüləri toplanmışdır.






Yüklə 101,8 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin