6.3. Heyvanları.
Səth quruluşu, iqlim və torpaq örtüyündə olduğu kimi Asiyanın heyvanlar aləmində də istər növcə və istərsə də ərazi cəhətindən yayılmasında böyük müxtəliflik müşahidə edilir. Bu xüsusiyyət hər şeydən əvvəl Asiyanın uzun müddət başqa qitələrlə əlaqədar olması ilə izah edilə bilər.
Xarici Asiyanın ərazisində əsas etibarı ilə iki: Palearktika və Hind-Malay zoocoğrafi vilayətləri yerləşir. Ərəbistan yarımadasının çox hissəsi, Ön Asiya yaylaları və kənar dağları, Mərkəzi Asiya və Şərqi Asiyanın çox hissəsi Palearktika vilayətinə, Hindistan və Hind- Çin dağları, Haynan, Tayvan, Böyük Zond, Filippin və Kalimantan adaları isə Hind- Malay vilayətinə daxildir. Ərəbistan yarımadasının cənubkənarı Afrikanın şimal ərazisi ilə birlikdə Efiopiya zoocoğrafi vilayətinə, Kiçik Zond adaları və Malay arxipelaqının cənub- şərq hissəsini isə mütəxəssislərin çoxu Avstraliya zoocoğrafi vilayətinə daxil edirlər.
Başqa vilayətlərdən fərqli olaraq, Palearktika zoocoğrafi vilayətinin heyvanat aləmi çox da zəngin deyildir. Bu vilayət Mancuriya- Çin, Mərkəzi Asiya və Aralıq dənizyanı yarımvilayətlərinə ayrılır. Mancuriya – Çin yarımvilayətləri başqa sahələrdən fərqli olaraq heyvan növlərinin zənginliyi ilə seçilir. Burada əsas etibarı ilə hələ üçüncü dövrdən məskən salmış dağ- meşə heyvanları yaşamışdır. Dördüncü dövrün buzlaşmasına məruz qalmayan bu ərazidə isti sahələrdə yaşamağa uyğunlaşan heyvan növləri daha çox yayılmışdır. Bunlara qara Himalay ayısını, bambuk ayısını, pələngi, bəbiri, yenot itini, meşə pişiyini, xallı maralları, makak meymununu, quş və sürünənlərin bir çox növlərini misal göstərmək olar.
Mancuriya-Çin yarımvilayətinə nisbətən Mərkəzi Asiya yarımvilayətində heyvan növləri bir qədər azdır. Bu yarımvilayətin bitkidən kasıb olan səhra, yayla və s. hissələrində əsasən gəmiricilər və dırnaqlı heyvanların bir sıra növləri yayılmışdır. Tibet yaylasında yak ( Tibet öküzü) , antilopun bir çox növləri, dağ qoyunu ( arxar) , dağ keçisi, qonur ayı, Mərkəzi Asiya səhralarında ikihürgüclü dəvə, vəhşi uzunqulaq (kulak), tülkü, çaqqal, qaplan, gəmiricilərdəndovşan, sünbülqıran və sürünənlərin bir çox növlərinə rast gəlinir.
Palearktika vilayətinin digər yarımvilayətlərindən fərqli olaraq Aralıq dənizi yanı yarımvilayətlərində Mərkəzi Asiya, Efiopiya vilayəti və Afrikaya xas olan heyvan növlərinə də təsadüf edilir. Bunların içərisində ceyran, dağ qoyunu, dağ keçisi, vəhşi uzunqulaq, canavar, kaftar, bəbir, vəhşi pişik, oxlu kirpi, coxlu sürünənlər (ilan, əqrəb və s.) gəmiricilər, böyük çəyirtgə dəstələriəsas yer tutur.
Hind-Malay zoocoğrafi vilayətinin heyvanlar aləmi Palearktika vilayətinə nisbətən daha qədim və çox zəngindir.
malakka yarımadasının çox hissəsini, Filippin və Böyük Zond adalarını, eləcə də Kalimantan adasını əhatə edən bu yarımvilaytdə məməlilərdən tapir, bir də iki buynuzlu kərgədan, vəhşi öküz (bantenq), Hindistan kəli, nazik tüklü ayı, pələng, insanabənzər oranqutan meymunu, timsah, quşlardan tovuz və cənnət quşlarının bir çox növləri, gözlüklü ilan və s. yayılmışdır. Kiçik Zond adaları Sulavesi adasını əhatə edən yarımvilayətlərdə yuxarıda adları çəkilən heyvanlardan başqa babirussa vəhşi donuzu, qara makaka, kisəli kuskus və s. yaşayır.
Hindistan yarımvilayətinə eyni adlı yarımadadan başqa Seylon adası və Hind- Çin yarımadası da daxildir. İstər iqlimi və istərsə də təbiətinə görə Malay arxipelağından fərqlənən bu zoocoğrafi yarımvilayətlərdə özünün faunasından başqa Palearktika və Efiopiya vilayətlərinə xas olan tropik qurşağın faunası da geniş yayılmışdır. Hindistan yarımadası bu cəhətdən yarımvilayətin qalan hissəsindən bir qədər fərqlənir. Dini etiqada görə bir heyvan növünün öldürülməsi qadağan edildiyi Hindistan yarımadası fauna cəhətdən daha çox zəngindir. Bu yarımvilayətdə, əhalinin seyrək yaşadığı sahələrdə vəhşi öküzə, vəhşi Hindistan kəlinə indi də rast gəlmək olar. Bunlardan əlavə antilopun, bəbirin, maralın, pələngin, meymunların bir çox növləri bu yarımvilayət üçün səciyyəvi sayılır. Hind, Qanq və Brahmaputra çaylarında on metr uzunluğunda timsahlara rast gəlinir. Hindistan yarımadasının meşəli savannaları üçün ev arısının əcdadı sayılan vəhşi arılar səciyyəvidir.
Dostları ilə paylaş: |