Leksik norma hər hansı bir şəxsdən sözün mənasına bələd olmağı, ondan düzgün, yerində yararlanmağı tələb edir.
Hər bir söz tarixi inkişaf prosesi nəticəsində müəyyən məna-məzmun (semantika) qazanır.
Leksik normanın tələbinə əsasən hər bir sözün yerində işlənməsi vacib və zəruridir. Əks halda fikir düzgün ifadə olunmur və nitq mədəniyyətinin tələbi təmin edilmir. Məsələn: “Anam başımın yanında dua edirdi” cümləsində “yanında” sözü yerinə düşmür. Bu sözün yerinə “üstündə” sözü işlənməsi doğru olar. Deməli, burada leksik norma pozulması baş vermişdir. Ədəbi dildə söyüşlərə, loru, yaxud kobud sözlərə yol verilməməsini xatırlamaq yerinə düşər.
Qeyd: Frazeoloji birləşmələr, bədii təsvir və ifadə vasitələri və ümumiyyətlə, məcazilik norma pozuntusu hesab edilmir.
Leksik norma funksional üslublara görə də fərqlənir. Məsələn: Bədii üslubda obrazlı sözlər, ifadələr geniş işləndiyi halda, elmi üslub üçün bu, xarakterik deyil. Elmi üslubda terminlər üstünlük təşkil edir.
Nitq mədəniyyəti sözdən düzgün istifadə ilə yanaşı, həm də onun dəqiq və ifadəli olmasını, yəni məna incəliklərinə diqqət yetirməklə, müvafiq sinonim variantlarından faydalanaraq işlədilməsini tələb edir.
Dostları ilə paylaş: |