Torpaqların eroziyadan mühafizəsinə aşağıdakı eroziya əleyhinə tədbirlər sistemi daxildir: təşkilati təsərrüfat, aqrotexniki, meşə meliorativ və hidrotexniki.
Təşkilati-təsərrüfat tədbirləri eroziya əleyhinə tədbirlər planının əsaslandırılmasını, tərtibini və onun həyata keçirilməsinin təmin edilməsini nəzərdə tutur. Burada ən əhəmiyyətli iş torpaq xəritələrinin və eroziya kartoqramlarının, relyef və süxur xəritələrinin hazırlanmasıdır. Bu materialların ümumiləşdirilməsi əsasında ərazinin eroziya əleyhinə təşkili planı hazırlanır.
Əkinçilikdə intensiv istifadə olunan torpaqlar: 1-ci kateqoriya – eroziyaya məruz qalmamış torpaqlar; 2-ci kateqoriya – eroziyaya zəif məruz qalmış; 3-cü kateqoriya – eroziyaya orta dərəcədə məruz qalmış; 4-cü kateqoriya – eroziyaya şiddətli dərəcədə məruz qalmış torpaqlar. 5-ci kateqoriya – çox şiddətli eroziyaya məruz qalmış torpaqlar; biçənək, örüş və ya torpaqqoruyucu əkin dövriyyəsi altında istifadəyə verilir.
Becərilməyə yaramayan torpaqlar (qobu-yarğan şəbəkəsi): 6 və 7-ci kateqoriyalar – torpaqqoruyucu əkin dövriyyəsində istifadəyə yararsızdır; məhdud otarma şəraitində biçənək və örüş altında istifadə olunur, səthi yaxşılaşdırma tədbirləri tələb olunur. 8-ci kateqoriya - əkinçilikdə istifadəyə yararsız, lakin meşələşdirmə işlərində yararlı torpaqlar. 9-cu kateqoriya – “yararsız” torpaqlar – qaya, daş yığınları, sıldırım dərələr və s.