Torpağın istilik rejimi
Günəşin şüalanan enerjisi (günəş radiasiyası) – torpaqda istiliyin əsas mənbəyidir. Torpaq az miqdarda da olsa istiliyi Yerin dərin qatlarından (kimyəvi, bioloji və radioaktiv proseslər nəticəsində yaranan istilik) alır. Üzvi maddələrin (peyin, bitki qalıqları, şəhər məişət tullantıları və s.) parçalanması nəticəsində alınmış istilik parnik və örtülü qrunt şəraitində yetişdirilən tərəvəzçilikdə geniș istifadə olunur.
Günəşin şüalanan enerjisi torpağın səthi tərəfindən udularaq, istilik enerjisinə çevrilir və torpağın aşağı horizontlarına verilir. Günəş enerjisinin bir hissəsi torpağın səthindən əks olunur. Əgər torpağın səthində temperatur atmosferin yer səthinə yaxın temperaturundan yüksək olarsa, torpaq günəş radiasiyası hesabına akkumulyasiya etdiyi istiliyi verir. Torpağın səthi tərəfindən udulan və əks olunan istiliyin miqdarı onun bir sıra göstəricilərindən – rəngindən, aqreqatlığından, nəmliyindən və s. asılıdır.
Torpağın səthinə axıb gələn günəş radiasiyasının miqdarı ərazinin coğrafi mövqeyindən və relyef şəraitindən, həmçinin ilin və sutkanın vaxtından və atmosfer vəziyyətindən (buludluluqdan, havanın açıqlığından və s.) asılıdır. Şimal yarımkürəsində şimaldan cənuba hərəkət etdikcə günəş radiasiyasının miqdarı artır.
Torpağın səthinin xüsusiyyətləri ilə yanaşı, torpağın istilik xassələri də onun temperatur vəziyyətinə, qızmasına və soyumasına təsir göstərir.
Torpağın istilik rejimi atmosfer iqliminin (günəş radiasiyası, rütubətlənmə və kontinentallıq şəraiti və s.), həmçinin relyef şəraitinin, bitki və qar örtüyünün təsiri altında formalaşır. Torpağın istilik rejiminin əsas göstəricisi torpağın temperaturudur.
Torpağın temperaturu günəş radiasiyasının miqdarından və torpağın öz fiziki xassələrindən asılıdır. İqlimlə yanaşı o, relyefdən, torpağın xassələrindən, bitki və qar örtüyündən də asılıdır.
Relyefin təsiri hamar və müxtəlif baxarlığa və meylliyə malik səthlərə radiasiyanın qeyri-bərabər düşməsində özünü göstərir. Cənub yamacları ən isti, qərb və şərq yamacları az isti, şimal yamacı bir qədər soyuq hesab olunur. Yamacın meylliyi artdıqca, müxtəlif yamaclardakı torpaqların temperaturunda daha böyük fərqlər yaranacaqdır. Qar örtüyü torpağı istilik itkisindən və mənfi temperaturların təsirindən qoruyur. Bitki örtüyü torpağın səthinə düşən günəş radiasiyasını azaldır və bununla da yay dövründə onun səth temperaturunu aşağı salır, qış dövründə isə qarın toplanmasına və istiliyin saxlanmasına yardım edir. Qar altında torpağın temperaturunun 0°C-dən aşağı düşməsi gec başlayır və az dərinliyi əhatə edir.
Yazda böyük nəmlik ehtiyatına malik gilli torpaqlar buxarlanmaya istilik sərf edərək, yüngül torpaqlarla müqayisədə tədricən qızır. Payızda yüngül torpaqlar ağır torpaqlardan soyuq olur.
Torpağın temperaturuna onun rəngi də təsir göstərir: tünd torpaqlar yüksək temperatura malik olub, açıq torpaqlardan fərqli olaraq tez qızır.
Dostları ilə paylaş: |