15.Kiçik yaş qrupunda kəmiyyətlər haqqında təsəvvürlərin formalaşmas Körpə yaşlılar qrupunda proqram tələbinin yerinə yetirilməsi üçün didaktik material kimi müxtəlif rəngdə və ölçüdə yastı həndəsi fiqurlardan (dairə, kvadrat) istifadə edilir. Başlanğıcda uşaqlar onlara məlum olmayan həndəsi fiqurları adi əşya kimi dərk edir və onları həmin əşyaların adı ilə adlandırıdılar. Məs. kürə-top, alma; boşqab, nəlbəki, təkər-dairə; yaylıq, salfet-kvadrat və s.
Sistematik məşğələyə başlamamışdan əvvəl tərbiyəçi uşaqlarla tikinti materialları, həndəsi fiqurlar dəsti və həndəsi mozaikalarla oyunlar təşkil edir. Bu zaman uşaqların həndəsi fiqurlar haqqında təsəvvürləri genişlənir, onların düzgün adlarını eşidirlər.
Məşğələdə uşaqlara həndəsi fiqurları fərqləndirmək və adlarını düzgün demək (dairə, kvadrat) öyrədilir. Hər bir fiqur bir-birilə müqayisə nəticəsində tanınır.
İlk məşğələdə tərbiyəçi fiqurları nümayiş etdirib, onların adını deyir və uşaqlara da həmin fiqurları götürməyi təklif edir. Sonra o stolun üstündə , əlləri arasında dairəni diyirlədir. Həmin işlərin gedişi prosesində o danışır: “Dairə diyirlənir. Mən dairəni bir əlimdən o birinə diyirlətdim”. Uşaqların hər birinə təklif edir ki, dairə götürüb onunla bu cür işləri yerinə yetirsinlər. Sonra həmin işi kvadratla da edir, lakin kvadrat diyirlənmir. Analoji tapşırığı müxtəlif rəngdə və ölçüdə həndəsi fiqurlarla edirlər.
Sonda fiqurları adlandırmaq və tanımaq üzrə 2-3 tapşırıq verilir. (“Mən sağ əlimdə nə tutmuşam, bəs sol əlimdə”;”Ayıya dairə, dovşana isə kvadrat ver”; “Yuxarı zolağa bir kvadrat, aşağı zolağa çox dairə qoyun” və s.)
Növbəti məşğələlərdə uşaqlara həndəsi fiqurları ayırmaq və düzgün adlandırmağı öyrətmək məqsədilə onlara silsilə tapşırıqlar verilir: a) nümunəyə görə seçmək tapşırığı: “Beləsini ver (gətir, göstər, qoy)” Bu tapşırığın yerinə yetirilməsi müxtəlif cür ola bilər: Uşaq formanın rəngini və ölçüsünü nəzərə almır, fiquru seçərkən nümunənin rənginə və ölçüsünə uyğun olmalıdır; b) tərbiyəçinin sözünə görə seçmək tapşırığı: “Dairələri ver (gətir,göstər, qoy)”və s. Belə tapşırıqlarda fiqurun rəngi və ölçüsü göstərilə bilər; c)didaktik oyun və hərəkətli oyunlar formasında tapşırıq: (“Avtomobillər və qarajlar”, “ öz evini tap”, “Qəribə torba”, “Vaqon (maşın) üçün təkərlər seç” ) və s.
Formanın görmə və toxunma-hərəkət hisslərilə qavranılmasının təşkili , onun xassələrini təşkil edən cürbəcür hərəkətlərdən istifadə edilməsi, fiqurların adları, onların xassələri hərəkət üsulları fiqurlar haqqında uşaqların təsəvvürlərini dəqiqləşdirməyə imkan verir.
Uşaqlarda formanı tədqiq etmək vərdişlərinin inkişaf etdirilməsi və uyğun təsəvvürlərin toplanması üçün taxta ilə oyunlar təşkil edilir; taxtanın yarıqlarına yastı fiqurların – kvadratın, dairənin , üçbucağın modelləri taxılır; Uşaqlara göstərir və izah edirlər ki, hər bir fiqur öz formasında olan yarığa yerləşir.
Tərbiyəçi şəhadət barmağını modelin və ya deşiyin konturu boyunca gəzdirərək, uşaqlara əşyaların formasının toxunma-hərəkət hisslərilə tədqiqi priyomunu öyrədir.
Toplanmış hissetmə təcrübəsi əsasında xüsusi məşğələlərdə uşaqlara dairələri, kvadratları, üçbucaqları fərqləndirməyi və adlarını deməyi öyrədirlər.
Həndəsi fiqurların modelləri cüt-cüt müqayisə edilir: dairə və kvadrat, kvadrat və üçbucaq, üçbucaq və dairə.
Körpələrə barmağı həndəsi fiqurların modellərinin konturları ilə gəzdirmək və əlin hərəkətini gözlə izləmək priyomlarının öyrədilməsinə böyük əhəmiyyət verilir.
Tərbiyəçi fiquru göstərir, onun adını deyir, uşaqlardan xahiş edir ki, onlar da həmin fiquru göstərsinlər. Sonra isə şəhadət barmağını fiqurun konturu boyunca təkrar-təkrar gəzdirir və uşaqları da “havada” birgə hərəkətə cəlb edir. Uşaqlar tərbiyəçinin əlinin hərəkətini izləyirlər, sonra isə özləri əllərini fiqurun modeli üzrə gəzdirir və onun adını deyirlər.
Uşaqlara bu və ya başqa işi görməyi təklif etməklə formanın xassələrini aşkar edirlər.
Nəticədə təlim ilinin sonunda uşaqlar cürbəcür fiqurların içərisindən müxtəlif rəngdə və ölçüdə modellərlə verilməsinə baxmayaraq dairələri, kvadratları, üçbucaqları tapmağı bacarırlar.