16. Böyük Britaniyada II Leyborist və “Milli hökumətin” (1929-1935) hökumətinin daxili və xarici siyasəti 1929-cu ildə ABŞ-da başlanan dünya iqtisadi böhranı İngiltərəyə 1930-cu ilin birinci rübündə öz təsirini göstərdi. Sabitləşmə illərində Britaniya iqtisadiyyatı "çiçəklənmə" mərhələsi keçirmədiyi üçün ABŞ, Almaniya və Fransa ilə müqayisədə ölkədə sənaye istehsalı cüzi azaldı. 1929-cu ildə sənaye istehsalı 1913-cü illə müqayisədə 100,3 %, 1932-ci ildə isə 82,5 % təşkil edirdi. 1929-cu illə müqayisədə 1933-cü ildə kömür çıxarılması, çuqun əridilməsi aşağı endi. Sənayenin ən çox ənənəvi sahələri zərər çəkdi. İxrac iki dəfə azaldı. Leyboristlər daxili siyasət sahəsində özlərinin bir sıra seçkiqabağı vədlərini yerinə yetirmədilər. Əksinə, onlar gəlirin aşağı düşməsini dayandırmaq üçün kapitalistlərə fəhlələrin əmək haqqını azaltmaqda kömək etdilər. Ölkədə hər dörd fəhlədən biri işsiz idi. Hökumət işsizlər üçün vəsaiti kəsdi, mədənlərdə 7 saatlıq iş günü bərpa edilmədi. Leyboristlər həmkarlar ittifaqı əleyhinə olan qanunu saxladılar. İri burjuaziya fəhlələrin həyat səviyyəsini yenidən aşağı salmaq yolu ilə böhrandan çıxmaq istəyirdi. Maliyyə böhranı kəskinləşdi. London banklarından xarici ölkələrin əmanətləri götürülməyə başlandı. Kağız pullar çox buraxılmağa başladı. Ölkənin maliyyə vəziyyəti İngiltərənin hakim dairələrində dərin həyəcan doğurmuşdu.
Maliyyə vəziyyətini öyrənmək və onun yaxşılaşdırılması üçün tədbirlər görməkdən ötrü 1931-ci ilin martında Makdonald hökuməti bankir Corc Mey başda olmaqla xüsusi bir komissiya yaratdı. Komissiya belə bir nəticəyə gəldi ki, əgər sərt iqtisadi siyasətə keçilməzsə, sosial xərclər ixtisar edilməsə, dövlət qulluqçularının əmək haqqları aşağı salınmasa, vergilər artırılmasa, 1932/33-cü təsərrüfat ilində Böyük Britaniya büdcəsinin defisiti (kəsri) 120 milyon funt-sterlinqə çatacaqdır. Hökumət Meyin təkliflərini qismən həyata keçirməyi qərara aldı. İngiltərənin hakim dairələri ABŞ və Fransadan borc almaq vasitəsi ilə vəziyyəti düzəltmək istədilər. 1931-ci il avqustun 1-də amerikan və fransız bankirləri İngiltərəyə 80 milyon funt-sterlinq borc verdilər. Yenidən 50 milyon funtsterlinq borc istədikdə Amerika bankirləri bildirdilər ki, yalnız hökumət Mey komissiyasının təklif etdiyi məsləhətləri qəbul etdiyi təqdirdə yeni borc verilə bilər. Leyboristlər hökuməti «əlavə qənaət haqqında» qərar qəbul etmək istədi, bu isə işsizlərə göstərilən maddi yardımın 10% azaldılması demək idi. Fəhlələrin hiddəti o qədər artdı ki, Makdonald hökumətinin, həmin qərarı bəyənmiş olan bəzi üzvləri tərəddüd etdilər. Kabinetin 10 üzvü bu təklifi müdafiə etməkdən boyun qaçırtdı. Hökumətdə təfriqə əmələ gəldi və Makdonaldın təklifi ilə hökumət istefa verdi. 1931-ci il avqustun 24-də Makdonaldın rəhbərliyi altında mühafizəkarlar, liberallar və leyboristlərin iştirakı ilə «Milli hökumət» təşkil edildi. Yenə də hökumətə Makdonald rəhbərlik etdi. Bu hökumət sosial xərcləri 10% ixtisar etdi.
Böyük Britaniya hökuməti iqtisadi böhrandan yaxa qurtarmaq üçün zəhmətkeşlərin yaşayış səviyyəsini aşağı salmaqla yanaşı, başqa vasitələrdən də istifadə etdi. Bu vasitələrdən biri 1931-ci il sentyabrın 21-də funt-sterlinqin qızıl standartının ləğv edilməsi idi. Bu tədbir dünya bazarında ingilis mallarının rəqabət qabiliyyətini yüksəltdi. İngiltərənin hakim dairələri həmçinin beynəlxalq miqyasda öz maliyyə mövqelərini möhkəmlətmək üçün 1931-ci ildə Böyük Britaniyanın və bir sıra digər kapitalist ölkələrinin (Portuqaliya, Yunanıstan və s.) sterlinq ittifaqı adını almış valyuta qruplaşmasını yaratdılar. Sterlinq ittifaqına daxil olmuş ölkələr öz valyutalarının dəyərini ingilis funt-sterlinqinin dəyərinə uyğunlaşdırdılar, onlar arasında ticarətdə haqq-hesab vahidi funt-sterlinq oldu. İqtisadi böhranı aradan qaldırmaq üçün istifadə edilən digər vasitələrdən biri də proteksionizmin tətbiq edilməsi idi.
1931-ci ildə İngiltərə parlamenti dominionlara xarici və daxili siyasətdə suveren hüquq verən Vestminster statusu qəbul etdi. Bundan sonra Britaniya qanunları onlar üçün məcburi deyildi. 1931-1932-ci illərdə İngiltərədə azad ticarətdən tamamilə əl çəkildi. İngiltərənin daxili bazarı başqa ölkələrin mallarının rəqabətindən qorundu. Bu siyasət 1932-ci ilin iyul-avqust aylarında Ottavada olmuş İmperiya konfransında qəbul edilən tarif sistemi ilə təkmilləşdirildi. Böyük Britaniya, dominionların keçmişdə kömrüksüz gətirilən mallarını yenə də gömrük rüsumu almadan öz bazarına buraxmağı öhdəsinə götürdü. Geniş sosial proqramlar həyata keçirildi. Yeni iş yerləri açıldı. 1931-ci ilin avqustunda işsizlərə yardım haqqında yeni qanun qəbul edildi. Qanuna görə mövsümü fəhlələr, ailəli qadınlar, fasiləsiz iş stajı olmayan şəxslər yardım almaqdan məhrum edildilər. 1932-ci ilin ortalarından etibarən ingilis iqtisadiyyatı yavaş-yavaş böhran vəziyyətindən çıxmağa başladı. 1934-cü ildə sənaye məhsulunun həcmi 1929-cu il səviyyəsinə gəlib çatmışdı. İngiltərə sənayesində baş verən bu canlanmanın başlıca səbəblərindən biri hərbi sənaye sahələrinin sürətlə inkişaf etməsi idi. Kömür, gəmiqayırma və toxuculuq sənayesi 1937-ci ildə də 1929-cu il səviyyəsinə çata bilmədi. «İşsizlər və onların müavinatının yeni ixtisarı haqqında» 1934-1935-ci illərdə verilən qanunlar kütləvi etiraza səbəb oldu.
Xarici siyasətin istiqamətlərindən biri Avropa ölkələri ilə əlaqələri inkişaf etdirmək idi. 1932-ci ildə keçirilən Lozanna konfransında Böyük Britaniya Almaniyadan təzminat alınmasının dayandırılmasına tərəfdar oldu və elə həmin ildə Cenevrədə tərksilaha dair keçirilən konfransda iştirak etdi. 1937-ci ilin ortalarında İngiltərədə başlanmış yeni iqtisadi böhran təzahürlərinin artmasını İkinci dünya müharibəsinin başlanması dayandırdı. Almaniyada faşizmin hakimiyyət başına gəlməsi Böyük Britaniyada da faşist təşkilatların canlanmasına səbəb oldu. 1934-cü ildə müharibə əleyhinə təşviqata görə ağır cəza müəyyən edən "Qiyama təhrik haqqında" qanun qəbul edildi. 30-cu illərin ortalarında iri burjuaziya və torpaq aristokratiyası tərəfindən müdafiə edilən Osvald Moslunun rəhbərliyi altında yaranan Britaniya faşist ittifaqı partiyası fəaliyyətini gücləndirdi. Bu partiya SSRİ-yə qarşı "xaç yürüşü" təşkil etmək çağırışı ilə çıxış etdi. Lakin faşistlər ölkədə kütləvi bazaya malik deyildirlər. Çünki inhisarçı burjuaziyanın əsas qruplaşmaları ölkənin idarə edilməsində ənənəvi parlament sistemindən imtina etməyi və faşistlərin köməyinə əl atmağı lazım bilmirdilər.